YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

MÜSAHİBƏLƏR

YAP ötən 23 il ərzində böyük bir inkişaf yolu keçib və bu gün partiyamız Prezident İlham Əliyevin rəhbərliyi ilə inkişafının yeni mərhələsini yaşayır

Müsahibimiz YAP İdarə Heyətinin üzvü Arif Rəhimzadə

- Arif müəllim, Yeni Azərbaycan Partiyasının yaradılmasının 23 ili tamam olur. 23 il öncə bu partiyanın yaradılması ərəfəsində ölkəmizin mənzərəsi necə idi? Hansı  amillər YAP-ın yaranmasını zərurətə çevirmişdi? 

- Müstəqilliyimizin ilk illərində bu partiyanın yaranması üçün ciddi əsaslar var idi. 1980-ci illərin sonlarında Azərbaycanda hakimiyyət boşluğu var idi. Nə Əbdürrəhman Vəzirov, nə də Ayaz Mütəllibov sözün əsl mənasında respublikaya rəhbərlik etmək iqtidarında deyildilər. 1992-ci ilin may ayında AXC-Müsavat cütlüyü hakimiyyətə gələndən sonra vəziyyət daha da pisləşdi. Qısa müddət ərzində özbaşınalıq, silahlı dəstələrin yaradılması, soyğunçuluq «vüsət» aldı. Ölkədə hərc-mərclik baş alıb gedirdi, dövlət strukturları iflic vəziyyətə gətirilmişdi. İnsanlar adi tələbatlarını ödəyə bilmirdilər, cəmiyyət çaşqınlıq içərisində idi. Azərbaycan dövlətçiliyi məhv olmaq təhlükəsi ilə üz-üzə qalmışdı. 1992-1993-cü illərdə hakimiyyət vəziyyətdən neçə çıxmağın yollarını bilmirdi.

Xalq isə çıxış yolunu Ümummilli lider Heydər Əliyevin hakimiyyətə gəlməsində görürdü. Həm parlamentdə bəzi deputatlar, həm də cəmiyyətin müxtəlif təbəqələrinin nümayəndələri Heydər Əliyevin hakimiyətə gəlməsi məsələsini qaldırırdılar. Bu səbəbdən Naxçıvana müraciətlər olunur, minlərlə insan böyük şəxsiyyəti ziyarət etməyə gedirdilər. Xahiş edirdilər ki, O, hakimiyyətə qayıtsın. Elə vaxt gəlib çatdı ki, bu reallığı o zamankı hakimiyyət də anladı. Elə bir şəraitdə, 1992-ci ilin payızında Ulu öndər Heydər Əliyevlə mənim də görüşüm olub və o, partiya yaratmaq və hakimiyyətə gəlmək fikrində olmadığını deyirdi. Ancaq Azərbaycan ağır vəziyyəti Heydər Əliyevin hakimiyyətə gəlməsini zəruri edirdi. Nəhayət, «91-lər»in müraciətindən sonra Ulu öndər Heydər Əliyev bu partiyanın yaradılmasına və ona rəhbərlik etməsinə razılıq verdi. 21 noyabr 1992-ci il tarixində Naxçıvan şəhərində Yeni Azərbaycan Partiyasının təsis konfransı keçirildi. Heydər Əliyevə xalqın böyük inamı olduğu üçün partiyamız qısa müddətdə təşkilatlandı və ölkəmizin ən nüfuzlu siyasi qüvvəsinə çevrildi.

- Hər hansı siyasi partiyanın yarandığı vaxtdan qısa müddət ərzində hakimiyyətə gəlməsinə tarixdə çox nadir hallarda rast gəlinir. YAP da yarandıqdan cəmi altı ay sonra hakimiyyətə gəldi. Bu faktı hansı amillələrlə izah edərdiniz? 

- Qeyd etdiyim kimi AXC-Müsavat cütlüyünün hakimiyyəti dövlətçiliyi uçuruma doğru aparırdı. Həmin hakimiyyətin bəslədiyi, yüksək vəzifələr verdiyi Surət Hüseynov iqtidara tabe olmadı və bu səbəbdən də onların arasında ciddi qarşıdurma yarandı, o, vətəndaş müharibəsi təhlükəsinə çevrildi. İqtidar 1993-cü ilin 4 iyununda S.Hüseynovu  zərərsizləşdirmək üçün Gəncəyə silahlı qüvvə göndərdi, amma hakimiyyətin planı baş tutmadı. S.Hüseynovun silahlı dəstələri paytaxta doğru irəliləməyə başladı. O, dövlət rəhbərləri üçün dar ağacı quracağı ilə hədələyirdi. Belə bir ərəfədə, cənub bölgəsində separatçı Əlikram Hümbətov tərəfindən «Talış-Muğan  Respublikası» elan olundu.

Bütün bunlardan çıxış yolunu insanlar Heydər Əliyevin hakimiyyətə gəlməsində görürdülər. Məhz belə bir şəraitdə Heydər Əliyev hakimiyyətə gələrək xalqı və dövləti xilas etdi.

YAP-ın təsis konfransı keçirildikdən sonra ölkədə partiya quruculuğu sürətlə getdi. Partiyanın yüksək sürətlə təşkilatlanması, bütün Azərbaycanı əhatə etməsi ilk növbədə, Heydər Əliyevin adı ilə bağlı idi və bu faktor  partiyanın yaradılmasında, inkişafında və qısa müddətdə hakimiyyətə gəlməsində həlledici amil oldu.

- Yeni Azərbaycan Partiyasının 23 il ərzində keçdiyi yol, qazandığı uğurlar barədə də fikirlərinizi bilmək istərdik... 

- YAP Azərbaycanın ən güclü siyasi təşkilatı kimi ölkəmizin ictimai-siyasi həyatında fəal rol oynayır. 660 min nəfərdən çox üzvü olan partiyamız ötən 23 ildə şərəfli yol keçib. Azərbaycanın yeni tarixində YAP qədər böyük, güclü partiya olmayıb.

Hər bir partiya siyasi mübarizə aparır və bu mübarizəni seçki yolu ilə həyata keçirir. Amma seçki kampaniyası qısa müddəti əhatə edir. Fikrimcə, əsas şərt partiyanın xalq arasında nüfuzunun olmasıdır. Əgər bu olmasa seçki kampaniyası dövründə kim olur olsun, güclü seçki texnologiyalarından istifadə edilsə də, heç nə edə bilməyəcəklər. Bu baxımdan, Yeni Azərbaycan Partiyasının cəmiyyətdə nüfuzu çox yüksəkdir. Partiyamızın məqsədi insanlara aydındır. YAP bu gün mütəşəkkil siyasi qüvvədir və ölkəmizdə bütün ictimai-siyasi proseslərdə fəal iştirak edir, müasir çağırışlara cavab verir.  

Partiya işinin gücləndirilməsində 1-ci qurultayda İcra Katibliyinin yaradılması mühüm hadisə oldu. O zamandan indiyə qədər İcra Katibliyi çox səmərəli fəaliyyət göstərməkdədir. Ümumiyyətlə, partiyamız öz gücünü Heydər Əliyev ideyalarından alır. Biz bu ideyalar ətrafında birləşərək mütəşəkkil siyasi qüvvəyə çevrilmişik. Ötən 23 il ərzində YAP böyük bir inkişaf yolu keçib və bu gün partiyamız Prezident İlham Əliyevin rəhbərliyi ilə inkişafının yeni mərhələsini yaşayır. Bizim partiyamız döyüşkən və mübariz partiyadır. YAP üzvləri bütün strukturlarda təmsil olunur və Azərbaycanın inkişafı prosesində fəal rol oynayırlar.

Eyni zamanda, partiyamızın yerli strukturları da bu gün öz işlərini yüksək səviyyədə qurublar. Son parlament seçkilərində bu reallıq bir daha özünü təsdiqlədi.

- Siz, həmçinin, YAP-ın Regional inkişaf və yerli özünüidarə komissiyanın sədrisiniz. Ümumiyyətlə, ölkəmizin bölgələrinin sosial-iqtisadi inkişafı haqqında fikirlərinizi bilmək istərdik...

- YAP İdarə Heyətinin qərarı ilə müxtəlif sahələrlə əlaqədar komissiyalar yaradılıb. Komissiyaların yaradılması insanları maraqlandıran, narahat edən məsələlərin müzakirəsi və lazımi tədbirlərin görülməsi baxımından  vacib addımdır. Bunun üçün partiyamızın böyük potensialı var. Biz komissiyanın iclasında bir sıra məsələlərlə bağlı qərarlar qəbul etmişik. Yuxarıda qeyd etdiyim kimi partiya üzvləri bütün dövlət strukturlarında təmsil olunublar. Hesab edirəm ki, komissiyaların qərarları müvafiq strukturlarda çalışan partiya üzvlərinə çatdırılmalı və onların vasitəsi ilə icra olunması istiqamətində lazımi addımlar atılmalıdır.   

- Arif müəllim, partiyamıza gənclərin böyük axını var. Necə düşünürsüz, bu fakt partiyamızın perspektivləri üçün nələr vəd edir?

- Əlbəttə, gənclərin partiyamıza axını çox sevindiricidir. Mən bu faktı  yüksək qiymətləndirirəm. Hər bir cəmiyyətin, dövlətin, eləcə də siyasi partiyanın gələcəyi möhkəm təməllər üzərində qurulmasından çox asılıdır. Təbii ki, burada yüksək intellektli gəncliyin imkanlarından istifadə olunması da vacib şərtdir. Bilirsiniz ki, hazırda YAP sıralarında gənclərin təmsilçiyi 40 faizə qədərdir. Əlbəttə ki, bizim gələcəyimiz də bu yeni nəsil ilə əlaqədardır. Yaşlı nəsillə gənc nəsil arasında rabitə olmasa, partiyanın gələcəyi müəmmalı olardı. Amma partiyamızda bütün bu işlər dəqiqliklə nəzərə alınır və düzgün qurulub. Bu baxımdan, partiyamızın fəaliyyəti  təqdirəlayiqdir. YAP gəncliyin inkişafına xüsüsi diqqət yetirir və onların bilik və bacarıqlarını ifadə etmək üçün hər cür şərait yaradır. Məhz bu səbəbdəndir ki, Azərbaycanın gəncliyi öz siyasi taleyini partiyamızla bağlayaraq sıralarımıza qoşulurlar. 

Ümumiyyətlə, YAP-ın 23 illik fəaliyyətinə nəzər saldıqda, bu partiyanın yenilikçi və avanqard siyasi təşkilat olduğunu əminliklə söyləmək olar. Partiyamızın Sədri, Prezident İlham Əliyevin qeyd etdiyi kimi Yeni Azərbaycan Partiyası nəinki Azərbaycanda, bütövlükdə Cənubi Qafqaz regionunda ən böyük siyasi qüvvədir. Əminik ki, paritiyamız ölkəmizin avanqard, yenilikçi siyasi qüvvəsi olaraq bu mövqeyini qoruyacaq və daha da gücləndirəcək.