MÜSAHİBƏLƏR
Azərbaycan xalqı Prezidentimizin siyasətinə – inkişafa, sabitliyə səs verdi
- Milli Məclisə keçirilmiş seçkilər barədə nə deyə bilərsiniz?
- Noyabr ayının 1-də Milli Məclisə keçirilən seçkilər azad, ədalətli və demokratik şəraitdə, əhalinin fəallığı ilə baş tutdu. Yeni Azərbaycan Partiyasından irəli sürülmüş namizədlər böyük uğur qazanıblar. Azərbaycan xalqı Prezidentimiz cənab İlham Əliyevin siyasətinə - inkişafa, sabitliyə, Yeni Azərbaycan Partiyasının seçki proqramında irəli sürülmüş “Yeni hədəflərə doğru” müddəalara səs verdi. Bir məsələni qeyd etmək istərdim ki, bəzi bədxahların cəhdlərinə baxmayaraq, seçki prosesində seçicilər daha monolit və mütəşəkkil iştirak etdilər.
- Bu gün Azərbaycan tolerantlıq məkanı kimi dünya dövlətləri tərəfindən qəbul olunur. Azərbaycanda dövlət-din münasibətləri necə tənzimlənir?
- Azərbaycan dünyəvi, hüquqi və demokratik dövlətdir. Ölkəmizdə dövlət-din münasibətləri hüquqi baxımdan mövcud qanunvericilik əsasında yüksək səviyyədə tənzimlənir. Vətəndaşların vicdan azadlığı təmin olunur, dini icmaların fəaliyyəti dəstəklənir, onlara dövlət tərəfindən maliyyə yardımı göstərilir.
Bununla yanaşı, ictimai münasibətlərin tənzimlənməsində xalqımızın zəngin milli-mənəvi dəyərləri əhəmiyyətli yer tutur. Bu özünü din sahəsində daha çox büruzə verir. Azərbaycan əhalisinin böyük əksəriyyəti İslam dininə etiqad edir. Bu mənada milli-mənəvi dəyərlərimizin, adət-ənənələrimizin bir hissəsi dinimizdən qaynaqlanır. Zəngin dəyərlərimiz tarixən nəsildən-nəslə ötürülür və bu dəyərləri biz də qorumalı və yaşatmalıyıq.
Azərbaycan xalqını digər xalqlardan fərqləndirən əsas cəhət ondan ibarətdir ki, multikultural dəyərlər, tolerantlıq xalqımızın xarakterik xüsusiyyətidir. Buna görə də, hazırda Prezident İlham Əliyevin rəhbərliyi ilə multikulturalizm Azərbaycanın dövlət siyasətinin əsas elementlərindən birinə çevrilib. Belə demək mümkündürsə, etnik müxtəliflik və çoxmədəniyyətlilik şəraitində birgə, yanaşı yaşamağın zəruri şərtlərindən olan dözümlülük tarixən xalqımızın ən gözəl xüsusiyyətlərindən olub və bu gözəl ənənə hazırda dövlət siyasəti ilə dəstəklənir. Azərbaycan dövləti, onun başçısı cənab İlham Əliyev bu dəyərləri qorumaq üçün çox böyük işlər həyata keçirir.
- Siz Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri kimi regionlarda da çoxsaylı tədbirlər keçirmisiniz. Tədbirlərin əsas hədəfləri nədən ibarətdir?
- Bildiyiniz kimi, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi dini etiqad azadlığının təmin edilməsi, dövlət-din münasibətlərinin yüksək səviyyədə tənzimlənməsi, ölkəmizdəki tolerantlıq ənənələrinin daha da zənginləşməsi, konfessiyalararası münasibətlərin mehriban və əməkdaşlıq şəraitində davam etdirilməsi istiqamətində müxtəlif formatlı tədbirlər həyata keçirir. Bu istiqamətdə müvafiq dövlət strukturları, qeyri-hökumət təşkilatları ilə yaxından əməkdaşlıq edirik. Lakin təəssüf ki, dünyada dini radikalizm meyilləri artır və müqəddəs mahiyyət daşıyan dindən məkrli məqsədlər naminə sui-istifadə edilməsi günümüzün acı gerçəyidir. Sözügedən problemlər bizim cəmiyyətimizdən də yan keçməyib. Təbii ki, bu sahədə Azərbaycanda vəziyyət başqa ölkələrlə müqayisədə xeyli qənaətbəxşdir, amma qloballaşan və sürətlə dəyişən dünyada baş verə biləcək təhlükələrin qarşısının vaxtında alınması üçün çevik addımların atılması çox vacibdir.
Bu baxımdan, Dövlət Komitəsinin regionlarda həyata keçirdiyi maarifləndirmə tədbirləri dini radikalizm girdabına yuvarlanmış vətəndaşlarımızın bu bəladan xilasına, eyni zamanda dini ehtiyaclarını ödəmək istəyən vətəndaşlarımızın, xüsusilə gənclərin dini radikalizmə qarşı immunitetinin gücləndirilməsinə, həmçinin, müvafiq dövlət qurumlarının bu sahədə fəaliyyətinin effektivliyinin artırılmasına xidmət edir.
- Dini icmalara maarifləndirmə ilə bağlı verilən layihələrdə əsas istiqamətlər barədə nə demək olar?
- Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev ölkəmizdə dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədilə dini icmalara maliyyə yardımı göstərilməsi üçün 27 noyabr 2014-cü ildə Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə 2,5 milyon manat vəsait ayrılması barədə Sərəncam imzalamışdır.
Hazırda qeyd olunan Sərəncamın icrası çərçivəsində dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədilə dini icmalar tərəfindən layihələr hazırlanır və Dövlət Komitəsinə təqdim olunur. Bu layihələrdə əsas istiqamətlər Sərəncamda göstərildiyi kimi, dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliğidir. Eyni zamanda, layihələr tərtib olunarkən bölgələrin xüsusiyyətləri, mənəviyyat sahəsindəki bəzi problemlər nəzərə alınır. Ölkəmizin müharibə şəraitində olduğunu əsas alaraq, xüsusən gənc nəsil arasında dinimizdə şəhidlik anlayışı, Vətəni sevməyin və onu qorumağın vacibliyi barədə təbliğata geniş yer verilir. Bütün bunlarla yanaşı, gənclərin narkomaniya və zərərli vərdişlərdən qorunması üçün İslam dininin geniş potensialı var və layihələr çərçivəsində bu potensialdan da istifadə edilir.
- Bir sıra müsəlman ölkələrində dini zəmində problemlərin davam etdiyini müşahidə edirik. Bunun əsas səbəbləri nədən ibarətdir?
- Müsəlman ölkələrində dini zəmində baş verən proseslərin görünən və görünməyən xeyli tərəfləri var. Burada beynəlxalq hüququn pozulması, ikili standartlar, sosial amillər, müxtəlif maraqların toqquşması, düzgün aparılmayan siyasət, xarici dairələrin pozuculuq fəaliyyəti kimi müxtəlif səbəbləri göstərmək olar. Ümumiyyətlə, dindən onun təyinatından fərqli məqsədlər üçün istifadə olunması həmişə mənfi nəticələrə səbəb olmuş, bu gün də olmaqdadır. Məhz buna görə də din siyasiləşdirilməməli, yalnız mənəviyyat sahəsini əhatə etməli, onun müqəddəsliyinə kölgə sala biləcək tendensiyalardan uzaq tutulmalıdır.
- Azərbaycan xalqının dini dünyagörüşünü necə xarakterizə etmək olar? Sizcə, İslam dininin mahiyyətini yaxşı bilməmək hansı fəsadlar yarada bilər?
- Azərbaycan təkcə Şərqlə Qərb deyil, həm də Cənubla Şimal arasında körpü olub. Bu coğrafiya mədəniyyətlərin sərhədi və vəhdətidir. Xalqımızın dini dünyagörüşünün formalaşmasında bu amil müstəsna yer tutub.
Eyni zamanda, Azərbaycan qədimdən müxtəlif dini konfessiyaların, xalqların birgə yaşadığı ölkədir. Bu torpaqlarda müxtəlif etiqad və inanclara malik etnosların yüz illərlə əmin-amanlıq şəraitində yaşamasında humanizm dəyərləri əhəmiyyətli rol oynayıb. Başqa sözlə, xalqımız həmişə bütün dinlərə və inanclara humanizm prinsipləri ilə yanaşıb.
Azərbaycan cəmiyyətində həmişə ziyalılar aparıcı yer tutublar. Onlar dinlərə əsl ziyalı gözü ilə, mənəviyyat mənbəyi kimi baxıblar. Buna görə də dini radikalizm, xurafat heç zaman Azərbaycan cəmiyyətində ciddi kök sala bilməyib.
Təbii ki, dinin düzgün şəkildə, mahiyyətinə uyğun təbliğ və tətbiq olunması çox mühümdür. Bu gün İslam coğrafiyasında dinimizin mahiyyətinin düzgün dərk edilməməsinin və doğru təbliğ olunmamasının hansı fəsadlara yol açması hər kəsə bəllidir. Radikal, ekstremist fikirlərin yayılması, xurafatın təbliği məhz İslam dininin mahiyyətinin düzgün dərk edilməməsinin nəticəsidir.