MÜSAHİBƏLƏR
YAP-ın hər bir seçki prosesi üçün müəyyənləşdirdiyi deviz onun növbəti illər üçün məqsəd və məramına işıq salır
- Ağalar müəllim, zaman keçilən yola düzgün dəyər vermək baxımından ən böyük yaddaşdır. Ötən parlament seçkilərindən keçən dövrü, 2010-1015-ci illəri necə xarakterizə edərdiniz?
- Hər günü tarixinə mühüm hadisələrlə yazan Azərbaycanın ötən beş ildə əldə etdiyi uğurların miqyası genişdir. Ulu öndər Heydər Əliyevin düzgün müəyyənləşdirdiyi siyasətin möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində ölkəmiz ən yüksək zirvələri fəth etməkdədir. Bu fakt inkaredilməzdir ki, ölkəmiz malik olduğu təbii ehtiyat və resurslardan, xarici ölkələrlə əməkdaşlıq imkanlarından səmərəli, xalqın və dövlətin milli mənafeyi baxımından istifadə etməklə ölkə iqtisadiyyatının inkişaf dinamikasını sürətləndirən, respublikaya investisiya axınını artıran islahatlar nəticəsində inkişafın Azərbaycan modeli formalaşdı. Son 12 ildə qazanılan uğurların davamı olan cari ilin 9 ayında qazanılan müsbət göstəricilər isə gələcək nailiyyətlərin təməlidir. Belə ki, 2015-ci ilin 9 ayında ÜDM-in 3,7 faiz artması ölkəmizin dinamik inkişafının göstəricisidir. Ölkə iqisadiyyatının 80 faizdən artığını təşkil edən qeyri-neft sektorunun 6 faiz artımı da aparılan islahatların nəticəsidir. Müvafiq dövrdə sənaye istehsalı təxminən 2,1, qeyri-neft sənayesi 10 faizdən çox artmışdır. Bu da son illərdə sənayeləşmə, yeni sənaye zonalarının yaradılması ilə bağlı görülmüş işlər, tədbirlər sayəsində mümkün olmuşdur. Regional inkişaf proqramlarının uğurlu icrası əldə olunan nəticələrdə özünü qabarıq şəkildə büruzə verir. Dövlətimizin başçısı İlham Əliyevin vurğuladığı kimi, Azərbaycanda inflyasiyanın aşağı səviyyədə olması, inflyasiyanı üstələyən əhalinin pul gəlirlərinin 5,8 faiz artımı iqtisadi islahtların sosial islahatlarla nəticələnməsinin məntiqi ifadəsidir. Kənd təsərrüfatında müşahidə olunan 6,7 faizdən çox artım isə fermer təsərrüfatlarına göstərilən dövlət qayğısından, sahibkarlar üçün yaradılan əlverişli biznes mühitindən irəli gəlir. O da məlumdur ki, ölkənin hərtərəfli inkişafının daha da sürətləndirilməsi məqsədilə hər il konkret bir sahənin adı ilə bağlanır, bu istiqamətdə mühüm tədbirlər həyata keçirilir. Ölkə Prezidentinin sərəncamı ilə cari ilin “Kənd təsərrüfatı” ili elan edilməsi bu sahədə ciddi dönüşə səbəb olmuşdur.
Azərbaycan ötən dövr ərzində investisiya cəlbediciliyini də qorumuşdur. Belə ki ki, son illərdə ölkə iqtisadiyyatına 180 milyard dollardan artıq sərmayə qoyulub. Bu göstərici cari ilin 9 ayı üçün 16 milyard dollar təşkil edir. Möhtərəm Prezidentimiz İlham Əliyev bildirir: «İqtisadi sahədə şaxələndirmə siyasəti aparılır, aparılacaqdır. Çalışmalıyıq ki, növbəti on il ərzində qeyri-neft iqtisadiyyatımız iki dəfə artsın. Bu hədəf artıq bir il bundan əvvəl qarşıya qoyulmuşdur. Hesab edirəm ki, buna nail olmaq üçün kifayət qədər imkanlar vardır.» Dövlətimizin başçısı inkişafın əsas istiqamətlərindən birini sənayeləşmə ilə bağlı siyasətin daha geniş sferada davamında görür. Hər il yüzlərlə sənaye, emal müəssisələrinin açıldığı ölkəmizdə ağır sənayenin inkişafı üçün də gözəl imkanlar, texnoparklar, sənaye zonaları yaradılır. Bölgələrin inkişafına daha çox diqqət göstərilməsində məqsəd kəndlə şəhər arasında fərqin aradan qaldırılması, regionlarda yaşayan əhalinin ehtiyaclarının məskunlaşdıqları ərazilərə yaxınlıqda yerləşən istehsal obyektlərin hesabına ödənilməsidir. Daxili bazarın yerli, daha keyfiyyətli kənd təsərrüfatı məhsulları ilə təmin olunması qarşıya qoyulan başlıca məqsədlərdəndir. Bunun üçün böyük suvarma layihələri icra edilir, əkinə yararlı torpaqlardan səmərəli istifadə üçün təkliflər nəzərdən keçirilir , fermerlər üçün daha da gözəl şərait yaradılır. Ölkədə yol- nəqliyyat, infrastruktur layihələrinin tətbiqinə göstərilən dövlət dəstəyi demək olar ki, bütün bölgələri əhatə edir. Magistral və kəndarası yolların çəkilməsi, bərpası, təbii qaz və içməli su ilə təminatı istiqamətində görülən işlər barədəki informasiyalar gündəlik həyatımızda müşahidə olunan yeniliklərdir. Sənayenin bütün sahələrində hiss olunan inkişaf bütünlükdə ölkə iqtisadiyyatının davamlı, dinamik inkişafına yönəldilir. İnformasiya-kommunikasiya texnologiyaları istiqamətində aparılan siyasət, istehsalatda tətbiq olunan ən müasir texnologiyalar inkişafın davamlılığına stimul verir. «Elektron hökumət» layihəsi demək olar ki, həyatımızın bütün sahələrini əhatə edir. Azərbaycan brendi olan «ASAN xidmət»in xarici qonaqlar tərəfindən yüksək dəyərləndirilməsi ölkəmizə marağı daha da artırmışdır. Bu layihənin tətbiqi ilə məmur-vətəndaş münasibətlərinin sağlam zəmində qurulması təmin olunur, korrupsiya və rüşvətxorluq halları aradan qaldırılır.
İqtisadi tərəqqinin hər bir inkişafın əsası olduğunu nəzərə alsaq, Azərbaycan uğurlu sosial-iqtisadi islahatları ilə dünyanın diqqət mərkəzindədir. Ən əsası ölkəmiz yeni sosial-iqtisadi çağırışların müzakirəsi üçün ideal məkan kimi qəbul olunur.
- Ötən illərin uğurları gələcək üçün hansı prioritetlərin müəyyənləşdirilməsinə əsas verir?
- Qeyd etdiyim kimi, qarşıdakı illər üçün əsas hədəf Azərbaycanı inkişaf etmiş ölkələr sırasında görmək, bu günə qədər 3 dəfədən çox artan ümumi daxili məhsulun daha iki dəfə artmasına nail olmaq, eyni zamanda Azərbaycanı yüksək gəlirli ölkəyə çevirməkdir. Məlum olduğu kimi, bu günlərdə Beynəlxalq Valyuta Fondu «Dünya İqtisadi Proqnozları» adlı hesabatatını açıqladı. Qurum Azərbaycan iqtisadiyyatına dair proqnozlarını dəyişib. Hesabatda qeyd olunmuşdur ki, Beynəlxalq Valyuta Fondu Azərbaycan iqtisadiyyatının cari ildə 4 faiz artacağını gözləyir. Apreldə yayılan hesabatda isə qurumun proqnozu 0,6 faiz idi. BVF gələn il Azərbaycanda ümumi daxili məhsulun 2,5 faiz artacağını gözləyir. Bu ilin sonunda ölkədə inflyasiyanın 5 faiz, 2016-cı ildə isə 4,2 faiz təşkil edəcəyini proqnozlaşdırır. Azərbaycanın iqtisadi artım proqnozunun yüksəldilməsi uğurlu sosial-iqtisadi islahatlara, bu günün reallıqları əsasında yeni-yeni hədəflərə əsaslanır. Məhz bu uğurların əsasında işlənib hazırlanan və təsdiqlənən «Azərbaycan 2020: gələcəyə baxış» İnkişaf Konsepsiyası qarşıdakı illər üçün müəyyənləşdirilən hədəflərin məcmusu və icra mexanizmi kimi dəyərləndirilir. Konsepsiyanın başlıca strateji məqsədi mövcud imkan və resursları nəzərə almaqla, Azərbaycanda davamlı iqtisadi artım və yüksək sosial rifah, səmərəli dövlət idarəetməsi və qanunun aliliyi, insanların bütün hüquq və azadlıqlarının tam təmin olunması və vətəndaş cəmiyyətinin ölkənin ictimai həyatında fəal statusu ilə səciyyələnən inkişaf mərhələsinə nail olmaqdır. 2020-ci ildə Azərbaycan iqtisadi və siyasi cəhətdən inkişaf etmiş, rəqabətqabiliyyətli ölkə olacaq. Azərbaycanın ən ucqar kəndlərində belə, vətəndaşların rahat gündəlik həyatı üçün lazım olan bütün kommunikasiyalar, səhiyyə və təhsil xidmətləri təmin ediləcək. Azərbaycan əhalinin gəlirlərinin yüksək, işsizlik səviyyəsinin minimum həddə olduğu, inkişaf etmiş insan kapitalına və hər bir vətəndaşı üçün geniş imkanlara malik məkan olacaq. 2020-ci ilədək Azərbaycanın Dünya Bankının adambaşına düşən Ümumi Milli Gəlir təsnifatına görə «yuxarı orta gəlirli ölkələr»” arasında tamhüquqlu ölkə olması və hazırda bu qrup ölkələr sırasında yer almanın əsas səbəbi olan karbohidrogen ixracından asılılığın aradan qaldırılması, habelə BMT-nin İnkişaf Proqramının İnsan İnkişafı ilə bağlı təsnifatına əsasən «yüksək insan inkişafı” ölkələri» qrupunda yuxarı sıralara yüksəlməsi hədəflənir. Azərbaycanın iqtisadi inkişaf baxımından regionun lider dövlətindən beynəlxalq iqtisadi münasibətlər sistemində yüksək rəqabətqabiliyyətli iştirakçı statusuna yüksəlməsi reallaşdırılacaq. Hazırkı mərhələdə qarşıda duran əsas vəzifə iqtisadiyyatın şaxələndirilməsini sürətləndirmək, neft gəlirlərinin səviyyəsindən asılı olmayaraq qeyri-neft sektorunun yüksək inkişaf tempini gələcək illərdə də qoruyub saxlamaq və onun ixrac imkanlarını genişləndirməkdir.
Göründüyü kimi, möhkəm təmələ əsaslanan siyasətin fonunda hər ilin əvvəlki ildən daha möhtəşəm uğurlarla yadda qalması reallıqdır. İqtisadi məsələlərə və 2016-cı ilin dövlət büdcəsinin hazırlığı işlərinə həsr edilmiş müşavirədə dövlətimizin başçısı İlham Əliyev bu fikri xüsusi qeyd etmişdir ki, çalışmalıyıq 2016-cı ildə də iqtisadi inkişafı təmin edək. Cari ilin birinci 9 ayının yekunları əsas verir ki, ili yüksək nəticələrlə başa vuraq. Möhtərəm Prezidentimiz İlham Əliyevin qeyd etdiyi kimi, dünya miqyasında buna bənzər yüksək nəticələr görmək çox çətindir. Cənab İlham Əliyev bunu belə əsaslandırır: «Yenə də nəyə görə? İlk növbədə, bizim güclü siyasi iradəmiz var. Biz öz siyasətimizi ancaq Azərbaycan xalqının maraqları üzərində qurmuşuq. İkincisi, düşünülmüş iqtisadi siyasət və uzun illər aparılan islahatlardır ki, bu islahatlar bu gün beynəlxalq maliyyə qurumları tərəfindən də yüksək dəyərləndirilir.»
Milli Məclisin İqtisadi siyasət komitəsi olaraq ölkədə həyata keçirilən davamlı sosial-iqtisadi inkişaf strateqiyasının hüquqi əsaslarının təkmilləşdirilməsinə yönələn bir sıra qanunların, o cümlədən 2011-2015-ci illərin «Azərbaycan Respublikasının dövlət büdcəsi haqqında», «Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi haqqında», «Rəqabət Məcəlləsi haqqında», «Sahibkarlıq fəaliyyəti haqqında», «Qiymətləndirmə fəaliyyəti haqqında», «Sığorta fəaliyyəti haqqında», «Patent haqqında» və digər önəmli iqtisadi qanunların hazırlanmasında fəal iştirak etmiş, qanunların qəbulunda nəzərə alınan təkliflər vermişik. «Azərbaycan 2020: gələcəyə baxış» İnkişaf Konsepsiyasından irəli gələn məqsədlərə nail olmaq üçün üzərimizə düşən vəzifənin layiqincə yerinə yetirməyə səy göstəririk.
- Ağalar müəllim, ATƏT-in Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin üzvü, eyni zamanda Azərbaycan-Sloveniya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri kimi bu gün ölkəmizə beynəlxalq baxışı necə şərh edərdiniz?
- İqtisadi uğurları ilə dünya birliyində söz sahibi olan Azərbaycanın beynəlxalq münasibətlər sistemində əldə etdiyi uğurlar da saysız-hesabsızdır. BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvlüyünə 155 səs üstünlüyü ilə seçilməsi Azərbaycanın növbəti diplomatik uğuru kimi tarixə yazılıb. Azərbaycan müxtəlif sahələri əhatə edən beynəlxalq səviyyəli tədbirlər üçün ideal məkan kimi qəbul olunur. «Eurovision-2012» mahnı müsabiqəsi ölkəmizin artan nüfuzuna əlavə dəyərlər qazandırdığı kimi cari ilin iyununda ev sahibliyi etdiyi ilk Avropa Oyunları isə ölkəmizin növbəti uğuru olmaqla Azərbaycanın dünyada artan nüfuzunun, geniş imkanlarının beynəlxalq birlik tərəfindən qəbul edilməsinin əyani göstərici oldu. Azərbaycan hazırda Afrika və Latın Amerikası ölkələri ilə də əməkdaşlığı genişləndirir, yeni əlaqələr qurur. Beynəlxalq tədbirlər isə ölkəmizin beynəlxalq səviyyədə nüfuzunu artırmaqla müstəqil ölkə olduğunu təsdiqləyir. İqtisadi müstəqilliyini möhkəmləndirməklə beynəlxalq hadisələrə təsiretmə imkanları genişlənən Azərbaycanla bütün səviyyələrdə hesablaşırlar. Dünya birliyində qazanılan bu etimad da liderlik fəlsəfənin incəliklərinə qədər mənimsəyən, siyasətində tətbiq edən cənab İlham Əliyevin bacarıq, qətiyyət və siyasi iradəsinin nəticəsidir.
ATƏT-in Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin üzvü kimi Avropanın müxtəlif ölkələrində keçirilən qış və yaz sessiyalarında, o cümlədən Assambleyanın cari ilin iyul ayında Finlandiyanın paytaxtı Helsinki şəhərində təşkil olunan və ATƏT-in yaradılmasının 40 illik yubileyinə həsr olunmuş 24-cü illik sessiyasında iştirakım zamanı bir daha ölkəmizə olan diqqət və marağın, Azərbaycanın mövqeyinin beynəlxalq aləmdə günbəgün möhkəmlənməsinin şahidi olmuşam. Azərbaycan-Sloveniya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri kimi iki ölkə arasında müxtəlif sahələrdə əməkdaşlığın möhkəmləndirilməsi, dövlətlərimizin, parlamentlərimizin və xalqlarımızın mənafelərinə uyğun münasibətlərin formalaşdırılması üçün bir sıra zəruri işlərə imza atmışıq. Ölkələrin qarşılıqlı əməkdaşlığının, eləcə də parlamentlərin və dostluq qruplarının birgə səmərəli fəaliyyətinin nəticəsidir ki, 22 dekabr 2014-cü il tarixində Sloveniya Parlamentinin Milli Şurasında Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Azərbaycanın maraqlarına uyğun qərar qəbul olunub. Sloveniya Respublikasının Milli Şurasının sədri cənab Mitya Bervarın rəhbərlik etdiyi parlament nümayəndə heyətinin 2015-ci ilin 2-5 mart tarixlərində Azərbaycana rəsmi səfəri zamanı keçirilən görüşlər və əldə olunan razılaşmalar Azərbaycan-Sloveniya münasibətlərinin daha da inkişaf etdirilməsinə xidmət edəcək.
Möhtərəm Prezidentimiz İlham Əliyevin bütün çıxışlarının əsasında dayanan bu fikri bir daha qeyd etmək istərdim ki, iqtisadi müstəqillik siyasi müstəqillik üçün əsasdır. Azərbaycanın iqtisadi qüdrətinin artması fonunda beynəlxalq münasibətlər sistemində yeri və rolu daha da möhkəmlənir, dünya birliyinin fəal üzvü kimi nüfuzunu artırır.
- Parlament seçkilərinin təbliğat-təşviqat mərhələsi başa çatmaq üzrədir. Seçkilərə hazırlıq, ən əsası təbliğat-təşviqat kampaniyası dövründə seçicilərlə görüşləriniz ölkənin aparıcı siyasi təşkilatı olan Yeni Azərbaycan Partiyası ilə bağlı hansı rəyi formalaşdırır?
- Bütün fəaliyyəti boyu özünə inamı, etimadı günbəgün artıran Yeni Azərbaycan Partiyasına xalqın dəstəyi inkaredilməzdir. Ölkədə keçirilən hər bir seçki prosesi partiyaya dəstəyin günbəgün artdığını bir daha nümayiş etdirir. Bu da ondan irəli gəlir ki, Yeni Azərbaycan Partiyası populizmdən uzaqdır, hər bir vədini konkret əməli işi ilə təsdiqləyir. Dövlətə, xalqa xidməti fəaliyyətinin əsası kimi qəbul edən Yeni Azərbaycan Partiyasının hər bir seçki prosesi üçün müəyyənləşdirdiyi deviz onun növbəti illər üçün məqsəd və məramına işıq salır. Xatırlasaq, ötən parlament seçkilərində partiyanın devizi «Güclü dövlət, yüksək rifah» idi. Bu gün isə Yeni Azərbaycan Partiyası yeni hədəflərə doğru addımlayır, bu deviz əsasında seçkilərə qatılır. Hər dövrün çağırışına yüksək səviyyədə cavab verən Yeni Azərbaycan Partiyasına milyonların sevgisi şəksizdir.
Bir əsas məqamı da unutmayaq ki, Yeni Azərbaycan Partiyasının Sədri ölkə Prezidenti İlham Əliyevdir. Cənab İlham Əliyevin gördüyü işlər, Azərbaycanın bu gün ən yüksək zirvələri fəth etməsinə əsas yaradan siyasəti sözsüz ki, xalqın partiyaya dəstəyinə də öz müsbət təsirini göstərir. Təbliğat-təşviqat mərhəsində seçicilərlə keçirilən görüşlərdə ümumi qənaətim bir daha bu oldu ki, xalq-iqtidar birliyi möhkəmdir, sarsılmazdır, Yeni Azərbaycan Partiyasına inam və etimad böyükdür. Partiyanın namizədlərinə dəstək olmaqla yeni hədəflərin gerçəkləşməsi istiqamətində atılan addımlara töhfə vermiş olacaqlarını xüsusi qeyd edən seçicilər bu seçkilərdə də fəallıq nümayiş etdirəcəklərin, seçki hüququndan səmərəli istifadə edəcəklərini bildirirlər. Yeni Azərbaycan Partiyası qələbələr partiyasıdır. 1 noyabr parlament seçkiləri bu qələbəni bir daha nümayiş etdirəcək.