MÜSAHİBƏLƏR
İKT son illər sürətlə inkişaf edərək iqtisadiyyatın aparıcı sahələrindən birinə çevrilmişdir
- Əli müəllim, Azərbaycan xalqı bugünlərdə Ümummilli liderimiz Heydər Əliyevin anadan olmasının 91-ci ildönümünü böyük təntənə ilə qeyd etdi. Ulu öndərimizin dövlətimiz və xalqımız qarşısındaki xidmətləri haqda fikirlərinizi bilmək istərdik...
- Heydər Əliyev müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, xalqımızın ümummilli lideridir. O, bütün bu illərdə Azərbaycanın məsuliyyətini öz çiyinlərində daşımış, onu bir dövlət və xalqımızı bir millət kimi tarixin ağır və sərt sınaqlarından çıxarmış, müasir Azərbaycan adlandırdığımız müstəqil məmləkəti, onun bugünkü həqiqətlərini, işıqlı sabahının etibarlı bünövrəsini yaratmışdır. Bu illər ərzində Azərbaycan xalqının ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatının bütün sahələrində dirçəliş Onun adı ilə bağlıdır.
XX əsrin 60-cı illərinin sonundan başlanan Heydər Əliyev idarəetmə fəlsəfəsinin başlıca ideya-siyasi istiqaməti xalqın milli özünüifadəsinin bütün forma və vasitələrinin geniş vüsət alması, milli qürur hissinin güclənməsi və milli şüurun yüksəlişinə təkan verən sürətli inkişaf strategiyasının gerçəkləşdirilməsi ilə səciyyəllənmişdir. Heydər Əliyevin təməli həmin dövrdə qoyulmuş azərbaycançılıq ideologiyası Azərbaycanın müasir dünyada yerini müəyyən etmiş, milli dövlətçiliyimizin ideya əsasını təşkil edərək, dünya azərbaycanlılarının həmrəyliyi üçün möhkəm zəmin yaratmışdır. O, şərəfli həyat və fəaliyyəti ilə tarixi min illərlə hesablanan, dünyanın zəfər salnaməsinə şanlı səhifələr yazmış qədim bir xalqın simvolu səviyyəsinə yüksəlmişdir. Bu gün qədirbilən hər bir Azərbaycan vətəndaşının qəlbində Ulu öndərin ölməz işıqlı obrazı yaşayır.
Xilaskarlıq missiyası Ümummilli liderimizin genişmiqyaslı fəaliyyətinin birmənalı olaraq əsasını təşkil etmişdir. Heyrətamiz idarəçilik istedadına, mətin iradəyə və misilsiz əzmkarlığa malik Ulu Öndər Azərbaycanda siyasi hakimiyyətə ilk gəlişində ölkəmizi tənəzzül burulğanından çıxararaq qısa vaxt ərzində qabaqcıl və nüfuzlu ölkə səviyyəsinə yüksəldə bilmişdir.
1969-cu ildə Heydər Əliyevin Azərbaycana rəhbərliyə gəlməsindən sonra respublikada köklü dəyişikliklər baş vermişdir. Onun təşəbbüsü ilə həyata keçirilmiş layihələr, tikilmiş müəssisələr bu gün də xalqımıza, dövlətimizə xidmət göstərir. Heydər Əliyevin rəhbərliyi ilə o illərdə sosial-iqtisadi həyatın bütün sahələrində sürətli inkişaf və yüksəliş dövrü başlamış, güclü sənaye potensialı yaradılmışdır. Müasir mərhələdə Azərbaycan Respublikasının dinamik inkişafı məhz həmin illərdə təməli qoyulmuş möhkəm zəminə əsaslanır. Respublikada digər sahələrdə olduğu kimi, informasiya və kommunikasiya texnologiyaları sahəsinin müasir dövrün tələblərinə uyğun qurulması da Ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır.
Ötən əsrin 70-ci illərində Heydər Əliyev respublikamızın inkişaf perspektivlərinin sənaye potensialının gücləndirilməsi, xüsusən də elmtutumlu sahələrin genişləndirilməsi ilə birbaşa bağlı olduğu qənaətinə gələrək, bu sahəyə böyük diqqət göstərmiş və bugünkü inkişafın təməlini qoymuşdur.
- Ümummilli liderimiz Heydər Əliyevin hakimiyyətdə olduğu illərdə Azərbaycan rabitə və informasiya texnologiyaları sahəsində nə kimi nailiyyətlər qazanmışdır?
- Heydər Əliyevin səyi nəticəsində respublikamızda rabitə, elektronika sənayesi, informasiya texnologiyaları, kosmik tədqiqatlar sahəsi formalaşdırılmışdır. "Nord", "Ulduz", EHM kimi elm-istehsalat birlikləri, "Azon", "Büllur", "Peyk" və s. elektron və cihazqayırma zavodları işə salınmışdır. Müxtəlif elmi-tədqiqat institutlarının nəzdində "Kristal", "Registr", "Tellur", "Kibernetika", "Biotex", "Mikroelektronika", "Kaskad" xüsusi konstruktor büroları fəaliyyət göstərməyə başlamışdır. Qeyd edilməlidir ki, belə innovativ müəssislər təkcə Bakıda deyil, həmçinin Naxçıvanda, Mingəçevirdə, Gəncədə, Sumqayıtda, indiki Tərtər və Şirvanda da yaradılmışdır.
Ulu öndərin birbaşa köməyi ilə Azərbaycana ilk böyük elektron hesablama maşını - BESM-6 gətirilmiş və bu hadisə idarəetmədə ilk tətbiqlərdən olan respublika avtomatlaşdırılmış idarəetmə sistemi - "RASU Azərbaycan"ı yaratmağa və respublika iqtisadiyyatı üçün ciddi hesablamalar tələb edən müxtəlif məsələlərin avtomatlaşdırılmış həllinə imkan vermişdir.
Heydər Əliyev həmçinin, bu sahədə çalışacaq kadrların yetişdirilməsinə xüsusi diqqət göstərmişdir. İndiki Bakı Dövlət Universiteti, Dövlət Neft Akademiyası, Azərbaycan Texniki Universiteti, Dövlət İqtisad Universiteti, Sumqayıt Dövlət Universiteti, Lənkəran Dövlət Universiteti, Naxçıvan Dövlət Universiteti kimi ali təhsil müəssisələrində İKT ixtisasları üzrə mütəxəssislərin hazırlanması üçün maddi-texniki baza yaradılmış, respublikadan kənarda kadrların hazırlanması geniş vüsət almışdır.
Azərbaycan xalqının çoxəsrlik tarixində ən böyük nailiyyəti, sözsüz ki, müstəqillik yolundan dönməməsidir. Lakin müstəqilliyimizin bərpasından sonrakı ilk illər ölkəmiz üçün çox ağır olmuş, müstəqil inkişafımız şübhə altına alınmışdır. Əgər xalqın iradəsi ilə 1993-cü ildə Heydər Əliyev müstəqil Azərbaycanın Prezidenti kimi hakimiyyətə gəlməsəydi, ölkəmiz böyük fəlakətlərlə üzləşəcəkdi. Bu çətin, ağır şəraitdə atılmış cəsarətli və müdrik addım Azərbaycanın bugünkü uğurlu inkişafının əsasını qoymuşdur. O ildən Azərbaycan böyük və şərəfli yol keçmişdir. Ölkədə dövlət quruculuğu prosesi başlamış, köklü siyasi və iqtisadi islahatlar ardıcıl qaydada həyata keçirilmiş, qanunvericilik bazası zənginləşdirilmiş, vətəndaş cəmiyyəti formalaşdırılmış, Azərbaycan dünya miqyasında özünü tanıtdıra bilmiş və nüfuzlu beynəlxalq təşkilatlara üzv olmuşdur. Sosial, iqtisadi, siyasi, mədəni, bir sözlə, bütün sahələrdə yüksək göstəricilər və nəticələr əldə edilmişdir. Məhz Heydər Əliyevin demokratik dəyərlərə, bazar iqtisadiyyatı prinsiplərinə söykənən islahatları sayəsində Azərbaycana böyük həcmdə investisiyaların gətirilməsinə nail olunmuşdur. Ovaxtkı ağır şəraitdə Heydər Əliyev tərəfindən neft strategiyasının reallaşdırılmağa başlanılması Azərbaycanın iqtisadi müstəqilliyinin və xoşbəxt gələcəyinin qarantı olmuşdur. Onun fəaliyyəti, səyləri nəticəsində bu gün Azərbaycan inkişafda olan, müasir, dünyəvi, demokratik ölkədir.
Müstəqilliyin bərpasından sonrakı ilk illərdə Ümummilli lider Heydər Əliyev İKT sahəsində də inkişafa nail olmaq üçün böyük işlər görmüşdür. Ulu öndər Azərbaycanla Amerika qitəsi arasında birbaşa rabitənin yaradılmasına imkan verən peyk rabitə sisteminin açılışını etmiş, Onun səyi ilə ölkədə "Baksell", "Azərsell", "AzEvroTel", "Ultel" birgə müəssisələrinin fəaliyyətə başlaması ilk xarici investisiyaların məhz telekommunikasiya sahəsinə yatırılmasına səbəb olmuşdur.
Azərbaycanda internetin inkişafı da Heydər Əliyevin İKT siyasətinin əsas istiqamətlərindən biri olmuşdur. 1993-cü ildə Azərbaycanın yüksək domen adı - ".az" domeni ICANN-da (İnternetdə domen adların və ünvanların verilməsi üzrə təşkilat) qeydiyyata alınmış və bir il sonra ölkənin internetə çıxışı təmin olunmuşdur. Azərbaycanda telekommunikasiya, poçt infrastrukturu modernləşdirilmiş, yeni texnologiyalar tətbiq edilmiş, radio-televiziya yayımı dünya standartları səviyyəsinə çatdırılmış, ilk beynəlxalq telefon stansiyası və elektron ATS-lər qurulmuşdur. Bu fəaliyyətin nəticəsi olaraq ölkəmiz bir çox sahəvi beynəlxalq təşkilatlara, o cümlədən Beynəlxalq Telekommunikasiya İttifaqına və Ümumdünya Poçt İttifaqına üzv qəbul edilmişdir. Bir sözlə, 1993-2003-cü illərdə Azərbaycanda İKT davamlı yüksəliş dövrünü yaşamışdır.
- Əli müəllim, Ulu öndər Heydər Əliyevin bu sahədə müəyyənləşdirdiyi strateji kurs hazırda hansı səviyyədə davam etdirilir?
- Ulu öndər Heydər Əliyevin İKT siyasəti uzun müddətə hesablanmışdır. Ümummilli lider 2003-cü il 17 fevral tarixində "Azərbaycan Respublikasının inkişafı naminə informasiya-kommunikasiya texnologiyaları üzrə Milli Strategiya (2003-2012-ci illər)"nı təsdiq etməklə ölkəmiz BMT-nin keçirdiyi Minilliyin sammitinin qərarına müvafiq olaraq İKT sahəsi üzrə Milli Strategiya qəbul etmiş ilk ölkələr sırasında qərarlaşmışdır, Cənubi Qafqazda isə birinci olmuşdur. İlk dəfə olaraq bu sənəddə innovasiyayönlü inkişaf və biliklər iqtisadiyyatının formalaşdırılması zərurəti önə çəkilmişdir. Bu strategiya son 10 ildə İKT sahəsində həyata keçirilən fəaliyyətin əsas istiqamətlərini müəyyən etmiş və onun həyata keçirilməsi ölkədə informasiya cəmiyyətinin bərqərar olmasına əlverişli zəmin yaratmışdır.
Ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi strateji kursu uğurla davam etdirən ölkə rəhbəri cənab İlham Əliyevin başçılığı ilə Azərbaycan bu gün sürətlə inkişaf edən müasir dövlətdir və iqtisadi inkişaf templərinə görə dünya miqyasında lider ölkədir. Son 10 ildə iqtisadiyyatımız üç dəfə artmışdır və rəqabətqabiliyyətliyinə görə Davos İqtisadi Forumu tərəfindən dünyada 39-cu, Şərqi Avropa və MDB məkanında isə 1-ci yerlə qiymətləndirilir. Ölkədə infrastrukturun müasirləşdirilməsi, qeyri-neft sektorunun gücləndirilməsi, neft amilindən asılılığın azaldılması, regionların sosial-iqtisadi inkişafı, sahibkarlığın dəstəklənməsi və biznes imkanlarının yaxşılaşdırılması, güclü insan kapitalının formalaşdırılması istiqamətində mühüm addımlar atılmışdır. Beynəlxalq kredit agentlikləri əksər ölkələrin kredit reytinqlərini aşağı saldığı bir vaxtda Azərbaycanın kredit reytinqləri qalxmışdır. Ölkədə rəqabətqabiliyyətli şirkətlərin sayı artır və hazırda iqtisadiyyatımızın 80 faizi özəl sektorda formalaşır. Azərbaycanın ildən-ilə artan iqtisadi qüdrəti ölkəmizə olan marağı yüksəltməklə yanaşı, beynəlxalq və regional əməkdaşlıq sahəsində mövqelərimizi möhkəmləndirmişdir. Artıq Azərbaycanın dünyanın bir çox ölkəsinə nümunə ola biləcək milli iqtisadi inkişaf modeli tanınır. Bütün bu uğurlar Ümummilli lider Heydər Əliyevin düşünülmüş, millətin, dövlətin mənafeyinə cavab verən və elmi əsaslara söykənən inkişaf konsepsiyasının Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilməsi nəticəsində mümkün olmuşdur.
Dövlət başçısının rəhbərliyi altında iqtisadi və sosial sahələrin bütün istiqamətlərində davamlı artım tempinə nail olan ölkəmiz İKT sahəsində də dünyanın sürətlə inkişaf edən ölkələri sırasına yüksəlmişdir.
- Azərbaycanda İKT sahəsinin qeyri-neft sektorunda yerini necə qiymətləndirirsiniz? Bu sahədə əldə olunan nəticələr beynəlxalq hesabatlarda necə əksini tapır?
- İKT son illər sürətlə inkişaf edərək iqtisadiyyatın aparıcı sahələrindən birinə çevrilmiş, respublikanın iqtisadi, sosial və mədəni inkişafına, dövlət idarəçiliyinin təkmilləşdirilməsinə və bütövlükdə ictimai həyatın demokratikləşməsinə mühüm töhfələr vermişdir. İKT cəmiyyətimizin həyatına fəal nüfuz edir, əhalinin 70%-i internet, onların yarısı isə genişzolaqlı internet istifadəçisinə çevrilmişdir və bu göstəricilərə görə Azərbaycan MDB və Mərkəzi Asiyada liderdir. Ölkə əhalisinin 98%-nin yaşadığı ərazilər rəqəmli televiziya ilə əhatə olunmuşdur və Azərbaycan indi rəqəmsal efirə keçməyə tam hazırdır. Respublikada internet mediasının inkişafı və müasir texnologiyalardan istifadə geniş vüsət alır, ən yeni 3G, 4G xidmətləri təqdim edilir və nəticədə hazırda hər 100 nəfərə 110 mobil abunəçi düşür. İKT sahəsində əlverişli biznes, investisiya mühiti mövcuddur və həyata keçirilən liberal iqtisadi islahatlar sayəsində özəl sektorun fəaliyyəti ildən-ilə genişlənməkdədir. Bunun təzahürüdür ki, bir çox beynəlxalq hesabatlarda, o cümlədən Dünya İqtisadi Forumu (DİF) tərəfindən hazırlanmış “Qlobal informasiya texnologiyaları hesabatı 2014” (“The Global Information Technology Report 2014”) adlı illik hesabatda ölkələrin informasiya texnologiyaları sahəsində inkişafını əks etdirən “Şəbəkələşmə hazırlığı indeksi” göstəricisinə görə Azərbaycan ötənilki mövqeyindən 7 pillə irəliləyərək 148 ölkə arasında 56-cı yerdən 49-cu yerə yüksəlib.
Hər zaman MDB ölkələri arasında yüksək mövqelərdə yer alan Azərbaycan bu reytinq cədvəlinə əsasən bir çox aparıcı ölkələri də qabaqlayıb. Sevindirici haldır ki, Azərbaycan “Ölkənin əhali yaşayan ərazisində mobil telefon şəbəkəsinin əhatəsi” reytinqinə görə dünyada 1-ci yerdə qərarlaşıb. Bu da ölkənin tamamilə mobil şəbəkə siqnalı ilə təmin olunması deməkdir.
Eyni zamanda “Şəbəkələşmə hazırlığı indeksi”nin formalaşmasına təsir edən İKT-nin əsas komponentlərinə görə Azərbaycan hər 100 nəfər arasında internet istifadəçilərinin sayına görə 148 ölkə arasında 59-cu, genişzolaqlı internet abunəçilərinin sayına görə isə 46-cı yeri tutmaqla MDB-də liderlik mövqeyini qoruyub saxlayır. Bundan əlavə, şirkətlərin innovasiya qabiliyyətinə görə ölkəmiz MDB-də ən yüksək, ümumən dünyada isə 35-ci pilləni tutur.
Hesabatda diqqət çəkən məqamlardan biri də odur ki, yuxarı orta gəlirli ölkələrlə müqayisədə Azərbaycan orta göstəricidən daha yaxşı nəticə qazanmış və hökumətin gələcəklə bağlı İKT sektoruna yanaşması üzrə 6-cı yeri tutmuşdur. MDB-də lider olmaqla, ölkəmiz İKT sektorunun təbliğində hökumətin uğuruna görə 8-ci, hökumətin xidmətlərinin səmərəliliyində İKT-dən istifadə üzrə isə 11-ci yeri tutur.
Hesabata əsasən, Azərbaycan Avropada İtaliya (58-ci yer), Polşa (54), Slovakiya (59) və Monteneqronu (52), eləcə də qonşu ölkələrdən Türkiyə (51), Gürcüstan (60) və İranı (104) qabaqlamışdır. Həmçinin, Azərbaycan dünya nəhənglərindən Çin (62), Braziliya (69) və Meksikanı (79) da arxada qoyub.
- 2013-cü il Azərbaycan Respublikasında "İnformasiya-kommunikasiya texnologiyaları ili" elan edilmişdi. Həmin il ölkəmizin ilk telekommunikasiya peykini orbitə buraxıldı. Bu prosesin davamı olaraq hazırda nə kimi işlər görülür?
- Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev məhz İKT sahəsinin ölkənin hazırkı və perspektiv inkişafındakı rolunu və qeyri-neft sektorunun gücləndirilməsi baxımından əhəmiyyətini nəzərə alaraq, "2013-cü ilin Azərbaycan Respublikasında "İnformasiya-kommunikasiya texnologiyaları ili" elan edilməsi haqqında" sərəncam imzalamışdır. "İKT ili" uğurlu nəticələrlə yadda qalmış və bütövlükdə ölkənin inkişafı baxımından mühüm dövr olmuşdur. Ölkə rəbbərinin 2013-cü il 29 mart tarixli sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında 2013-cü ilin "İnformasiya-kommunikasiya texnologiyaları ili" elan edilməsi ilə bağlı Tədbirlər Planı" çərçivəsində cəmiyyətin İKT-dən istifadə imkanlarının genişləndirilməsi, təhsildən səhiyyəyə, idarəetmədən biznesə, iqtisadiyyatdan sənayeyə qədər bir çox sahədə İKT-nin ən yeni nailiyyətlərinin tətbiqi və inkişafı istiqamətində mühüm tədbirlər görülmüşdür.
"İKT ili"ndə müstəqil Azərbaycan dövləti ilk telekommunikasiya peykini orbitə qaldırmaqla tarixi uğurlarından birinə nail olmuşdur. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu hadisəni xalqımızın, dövlətimizin böyük nailiyyəti adlandırmışdır. Dövlət başçısı demişdir: "Bu, doğrudan da tarixi bir gündür, böyük nailiyyətdir, dövlətimizin böyük qələbəsidir. Bu hadisə onu göstərir ki, müstəqil Azərbaycan dövləti sürətlə, hərtərəfli inkişaf edir və biz artıq kosmik klubun üzvüyük".
Bu gün "Azərspace - 1" peyki Avropa, Afrika, Mərkəzi Asiya və Yaxın Şərq regionlarında 50-dən artıq ölkəyə yüksək keyfiyyətli peyk xidmətlərini uğurla göstərir. Onun vasitəsilə 60-dan çox yerli və xarici teleradio kanallarının yayımı və müxtəlif rabitə kanallarının təşkili həyata keçirilir. Peykin yerüstü idarəetmə əsas və ehtiyat mərkəzləri yaradılmışdır və azərbaycanlı mütəxəssislər tərəfindən müvəffəqiyyətlə idarə olunur. "Azərspace - 1" respublikada kosmik sənayenin inkişaf etdirilməsinə, peyk texnologiyalarının geniş tətbiqinə, telekommunikasiya, internet, televiziya-radio yayımı xidmətlərinə olan tələbatın ödənilməsinə şərait yaradacaq, iqtisadi, sosial, elmi, mədəni, təhlükəsizlik və s. sahələrdə inkişafa təkan verəcəkdir. 2016-cı ilə Yer səthinin monitorinqi peykinin, 2017-ci ildə ikinci telekommunikasiya peykinin orbitə çıxarılması planlaşdırılır. Bütün bunlar respublikamıza İKT sahəsində daha böyük infrastruktur layihələrini gerçəkləşdirməyə möhkəm zəmin yaradır.
Azərbaycan İKT sahəsində təkcə region üçün deyil, həm də beynəlxalq aləm üçün əhəmiyyətli olan tədbirlərin fəal iştirakçısı və təşkilatçısıdır. Buna misal olaraq ölkəmizdə hər il keçirilən "Bakutel" beynəlxalq sərgi və konfransı Xəzəryanı və Qafqaz regionlarında ən iri telekommunikasiya və informasiya texnologiyaları sərgilərindən birinə çevrilmişdir və ildən-ilə onun əhatə dairəsi və iştirakçılarının tərkibi genişlənir. "BakuTel-2013" sərgi və konfransının ölkəmizdə elan edilmiş "İKT ili" çərçvəsində keçirilməsi onun əhəmiyyətini daha da artırmışdır. Bu sərgi və konfransın gedişində dövlət başçısının iştirak etdiyi Dünya Azərbaycanlılarının I Virtual Konfransının, həmçinin Kibertəhlükəsizlik üzrə konfransın, Azərbaycan-ABŞ İKT Forumunun və digər mötəbər tədbirlərin keçirilməsi İKT üzrə beynəlxalq əlaqələrin genişlənməsinə və təşəbbüskarı olduğumuz layihələrin həyata keçirilməsinə yeni təkan vermişdir.
"İKT ili"ndə keçirilmiş və Ümummilli lider Heydər Əliyevin anadan olmasının 90 illiyinə həsr olunmuş "Mən azərbaycanlıyam" onlayn bilik yarışması cəmiyyətdə xüsusi maraqla qarşılanmışdır. 6 ay davam edən bu onlayn yarışmada 230 mindən çox insan iştirak etmiş və intellektual oyunlara 8 milyondan çox müraciət olunmuşdur.
- Əli müəllim, "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyasında 2020-ci ilədək əsasən qeyri-neft sektorunun inkişafı hesabına ümumi daxili məhsulun iki dəfə artırılması mühüm hədəf kimi müəyyənləşdirilmişdir. Bu müddətdə İKT sahəsi üzrə əsas vəzifələr nədən ibarətdir?
- Azərbaycanda həyata keçirilən yeni inkişaf strategiyasının başlıca istiqamətləri ölkədə davamlı və yüksək iqtisadi artıma, sosial rifaha nail olunması və iqtisadiyyatın şaxələndirilməsidir. Bunun üçün hazırkı mərhələdə təbii ehtiyatlar amilinin azaldılması, qeyri-neft sektorunun yüksək inkişaf tempinin təmin olunması, iqtisadiyyatda innovasiyaların tətbiqinin genişləndirilməsi, bir sözlə, vətəndaşların gündəlik rahat həyatı üçün lazım olan bütün imkanların yaradılması qarşımızda duran əsas vəzifələrdir.
Azərbaycan Respublikası Prezidentinin 29 dekabr 2012-ci il tarixli sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyasında 2020-ci ilədək əsasən qeyri-neft sektorunun inkişafı hesabına ümumi daxili məhsulun iki dəfə artırılması mühüm hədəf kimi müəyyənləşdirilmiş və bu hədəfin reallaşdırılmasında İKT sektorunun rolu və potensialı önə çəkilmişdir. Ölkə rəhbəri bu konsepsiya ilə respublikada innovasiyayönümlü və biliyə əsaslanan iqtisadiyyatın qurulması hesabına davamlı iqtisadi artıma və tərəqqiyə nail olunması üçün İKT sahəsinin üzərinə yeni vəzifələr qoymuşdur.
Konsepsiyada müəyyən edilmiş əsas hədəfə çatmaq üçün növbəti 10 ildə İKT sektorunun həcminin 4-4,5 dəfə genişləndirilməsi və orta illik artım tempinin təqribən 15-20 faiz həddində olması nəzərdə tutulur. Bu dövrdə ölkənin İKT sahəsinə 4 milyard dollara yaxın investisiya qoyulması gözlənilir.
Azərbaycanın uzunmüddətli inkişafının, milli məhsulların dünya bazarlarında layiqli yer tutmasının təmin edilməsi üçün innovasiyalı iqtisadiyyatın yaradılması istiqamətində elm, təhsil və informasiya-kommunikasiya texnologiyalarının qarşılıqlı surətdə inkişaf etdirilməsi mühümdür. Ölkədə rəqabətədavamlı və yüksək ixrac potensiallı, innovativ İKT sənayesinin yaradılması məqsədilə Azərbaycan Respublikası Prezidentinin müvafiq fərmanları ilə Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin tabeliyində İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondu və Yüksək Texnologiyalar Parkı yaradılmışdır.
İnformasiya Texnologiyalarının İnkişafı Fondu İKT sektorunda fəaliyyətin stimullaşdırılmasına, innovativ sahibkarlığın inkişaf etdirilməsinə, yerli və xarici investisiyaların cəlb olunmasına, tətbiqi elmi-tədqiqat işlərinin genişləndirilməsinə xidmət edir. Yola saldığımız "İKT ili"ndə Azərbaycan Respublikası Prezidentinin fərmanı ilə fondun əsasnaməsi təsdiq edilmiş və onun fəaliyyətinin təşkili ilə bağlı bütün işlər başa çatdırılmışdır. Bu fond İKT üzrə yeni innovasiya şirkətlərinin yaradılmasına, rəqabətqabiliyyətli İKT məhsul və xidmətlərinin istehsalı və onların dünya bazarlarına çıxışına maliyyə və təşkilati dəstək verəcək, innovativ təşəbbüsləri qrantlar, kreditlər və investisiyalarla təmin edəcəkdir.
Azərbaycanda İKT sənayesinin, məhsul və xidmətlərinin rəqabət və ixrac imkanlarının artırılmasına yönəlmiş Yüksək Texnologiyalar Parkı bu sahədə iqtisadi potensialın gücləndirilməsi, elm, təhsil və biznesin səylərinin birləşdirilməsi baxımından olduqca əhəmiyyətlidir. Yüksək Texnologiyalar Parkı İKT iqtisadiyyatının inkişafı naminə elm və istehsal arasındakı əlaqələri gücləndirəcək, elmtutumlu məhsulların, informasiya cəmiyyətinin tələblərinə uyğun yeni bilik və texnologiyaların yaradılmasını genişləndirəcəkdir.
Ölkəmizin regional informasiya xidmətləri mərkəzinə çevrilməsi və tranzit informasiya xidmətləri imkanlarının genişləndirilməsi istiqamətində mühüm addımlar atılır. Bu gün Azərbaycan "Trans-Avrasiya Super İnformasiya Magistralı" (TASİM) kimi nəhəng bir layihənin təşəbbüskarı və koordinatoru olaraq dünyanın diqqətini özünə cəlb edir. Avropa ilə Asiyanı birləşdirəcək və ümumi uzunluğu 11 000 kilometr təşkil edəcək TASİM-in yaradılması ideyası BMT-nin bir neçə qətnaməsi ilə dəstəklənmişdir. Bunlardan 2013-ci il sentyabrın 4-də, BMT Baş Assambleyasının 67-ci sessiyasında Azərbaycan Respublikası tərəfindən irəli sürülmüş Avrasiya Rabitə Alyansının yaradılmasına dair qətnamənin yekdilliklə qəbul olunması bu layihənin həyata keçirilməsinə dünya ölkələrinin artan dəstəyinin bariz təzahürüdür.
TASİM layihəsinin reallaşdırılması regionda informasiya cəmiyyətinin inkişafı, yüksəksürətli internetin və onunla bağlı olan xidmətlərin yayılması, İKT ilə bağlı və elmtutumlu sənayelərin qurulması, ticarətin və iqtisadi diversifikasiyanın genişlənməsi və sair müsbət effektlər verəcəkdir. Azərbaycanın digər beynəlxalq İKT təşəbbüsü - Avropa-Fars İnformasiya Magistralı (EPEG) keçən ildən gerçəkləşdirilmişdir.
Bu ildən bütün ölkə ərazisi üzrə genişzolaqlı internetin inkişafını nəzərdə tutan böyük bir layihənin həyata keçirilməsinə başlanılır. Dövlət Neft Fondunun dəstəyi ilə start götürəcək bu layihənin başlıca məqsədi Azərbaycanın bütün yaşayış məntəqələrini yüksəksürətli internetlə təmin etməkdir. Layihə üç il müddətində reallaşdırılacaqdır və layihənin həyata keçirilməsindən əsas gözləntilər ölkə ərazisində 30-100 Mbit/s genişzolaqlı xidmətlərə çıxış imkanı yaratmaq və genişzolaqlı internet istifadəçilərinin sayını 85 faizə çatdırmaqdır ki, bu da Azərbaycana bu göstərici üzrə də dünyanın inkişaf etmiş ölkələrinin səviyyəsinə çatmağa imkan verəcəkdir.
Azərbaycanda "Elektron hökumət"in formalaşdırılması Ümummilli lider Heydər Əliyevin təsdiq etdiyi Milli Strategiya ilə müəyyənləşdirilmiş mühüm vəzifələrdən biridir. Bu sahədə görülən işlər nəticəsində dövlət idarəçiliyinin müasir prinsiplər əsasında həyata keçirilməsinə, vətəndaş-məmur münasibətlərinin yeni müstəvidə qurulmasına, şəffaflığın təmin olunmasına, informasiya tələbatının dolğun ödənilməsinə şərait yaranmışdır. Bu gün Avropa Birliyi ölkələrində əhaliyə və biznes sektoruna göstərilən əsas elektron xidmət növləri Azərbaycanda da həyata keçirilməkdədir. Ölkəmizdə elektron vergi və gömrük bəyannamələri təqdim olunur, sahibkarlıq fəaliyyəti onlayn qeydiyyata alınır, daşınmaz əmlakla bağlı sənədlərin verilməsi, müxtəlif fəaliyyət növlərinə lisenziyaların alınması, pensiya və sosial yardımların təyinatı və s. üzrə tələb olunan sənədlərin elektron formada qəbulu həyata keçirilir və bu say gündən-günə artır. Dövlət orqanlarının informasiya sistemləri arasında informasiya mübadiləsinin aparılması və onların elektron xidmətlərindən "bir pəncərə" prinsipi əsasında istifadənin təşkili məqsədilə www.e-gov.az "Elektron hökumət" portalı fəaliyyət göstərir və hazırda burada 45 dövlət orqanının 320-dək elektron xidməti istifadəçilərə təqdim olunur. Ölkədə elektron imzanın tətbiqi uğurla həyata keçirilir. Dövlət orqanlarının hüquqi və fiziki şəxslərin elektron imza ilə təmin edilməsi üçün Açıq Açar İnfrastrukturu və Milli Sertifikat Xidmətləri Mərkəzi yaradılmışdır və indiyədək 20 000-ə yaxın elektron imza verilmişdir.
Azərbaycan hökuməti tərəfindən ölkədə informasiya təhlükəsizliyinin təmin edilməsi məsələsi diqqət mərkəzində saxlanılır. Bu sahədə fəaliyyətin təkmilləşdirilməsi, dövlət orqanlarının informasiya resursları və sistemlərinin mümkün təhdidlərdən qorunması, kibertəhlükəsizlik üzrə ümummilli hazırlığın və maarifləndirmənin yüksəldilməsi məqsədilə ölkədə Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Agentliyi və Elektron Təhlükəsizlik Mərkəzi fəaliyyət göstərir.
Bütün bunlardan göründüyü kimi, Ulu öndər Heydər Əliyevin və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin konkret hədəflərə hesablanmış məqsədyönlü siyasətlərinin həyata keçirilməsi ölkəmizin İKT sahəsində də öncül mövqelərə çıxmasını və müasir dövlətə çevrilməsini təmin etmişdir. Bu isə öz növbəsində aydın şəkildə göstərir ki, müstəqil Azərbaycan dövlətinin gələcək tarixi də İKT-nin davamlı inkişafı ilə əlamətdar olacaq və ölkəmiz bu sahədə daha möhtəşəm uğurlara imza atacaqdır.