MÜSAHİBƏLƏR
Azərbaycan qarşısında dayanan yeni hədəfləri də uğurla reallaşdıracaq
- Hikmət müəllim, hazırda parlament seçkiləri kampaniyasının təbliğat-təşviqat mərhələsi davam edir. Bu seçki kampaniyasında Yeni Azərbaycan Partiyası ilə yanaşı digər partiyalar da iştirak edir. Amma seçki kampaniyasının favoriti bizim partiyamızdır. Bu faktı hansı amillərlə izah edərdiniz?
- Yeni Azərbaycan Partiyası bu gün təkcə Azərbaycanın deyil, regionun ən güclü siyasi təşkilatıdır. YAP yarandığı vaxtdan bu günə qədər göstərdiyi fəaliyyət sayəsində ümumxalq partiyası adını qazanmağı bacarmışdır. Biz bilirik ki, hər hansı partiyanın ümumxalq partiyası kimi səciyyələndirilməsinin özünəməxsus şərtləri var. Bu şərtlər yerinə yetirilməyənə qədər heç bir siyasi təşkilat haqqında bu sözü demək mümkün deyil. YAP-ın ümumxalq partiyasına çevrilməsi heç şübhəsiz ki, ilk növbədə onun qurucusu, Ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Çünki partiyamız yaranan zaman onun proqram və nizamnaməsini Ulu öndərimizin Özü yazmışdı. Əslində, bu proqram və nizamnamə Azərbaycan xalqının siyasi, iqtisadi maraqlarını, mədəni, milli-mənəvi dəyərlərini, bütövlükdə dövlətçilik maraqlarını qorumağı özündə ehtiva edən sənədlərdir. Məhz bu sənədlərdən irəli gələn tələblərin yerinə yetirilməsi zaman-zaman YAP-ı ümumxalq partiyası kimi səciyyələndirməyə gətirib çıxardı.
YAP elə bir siyasi təşkilatdır ki, burada Azərbaycan cəmiyyətinin bütün sferalarını təmsil edən üzvləri tapmaq olar. Azərbaycanın sosial iyerarxiyasının bütün təbəqələrinin nümayəndələrini YAP-da görmək olar. Hesab edirəm ki, bu partologiya tarixində mühüm bir hadisədir. Çünki müxtəlif partiyalar, əslində, müxtəlif ideologiyaların ətrafında cəmləşən insanların birliyidir. Amma məsələ ondadır ki, YAP-ın rəqiblərinin heç biri onun üzvlərini birləşdirəcək ideologiyaya sahib deyil. YAP isə bu mənada istisnadır, çünki siyasi terminlə onun səciyyəvi xüsusiyyətini izah etməyə çalışsaq, biz YAP-ı neokonservativ partiya kimi səciyyələndirə bilərik. Yəni yeni mühafizəkar partiyadır. Çünki yenilikçi ideyalar partiyanın proqram və nizamnaməsindən irəli gəlir, partiyamızın Sədri, möhtərəm Prezidentimiz İlham Əliyevin çıxışlarında irəli sürülən tezislərdən irəli gəlir. Mühafizəkarlıq isə onun xalqa, millətə bağlılığından qaynaqlanır. Azərbaycan xalqının mədəniyyətinin, mənəviyyatının qorunmasından, onlara sahib çıxmasından irəli gəlir, eyni zamanda, Azərbaycanda tarixən formalaşmış milli mədəni mühitin qorunmasından irəli gəlir. Ona görə də YAP-ı siyasi partiya kimi təsnifatlandırmağa çalışsaq, onu Azərbaycanda neokonservatizmin təmsilçisi kimi xarakterizə edə bilərik.
Bildiyimiz kimi, neokonservatizm liberallığın və mühafizəkarlığın cəmidir. Biz dedik ki, yenilik elə YAP-ın adında da ehtiva olunur. Ulu öndər bu partiyanın adını müəyyənləşdirərkən məhz Yeni Azərbaycan üzərində dayanıb. Bu söz birləşməsi, əslində, YAP-ın mahiyyətini özündə əks etdirir. Və yarandığı vaxtdan bu günə qədər YAP öz adının mahiyyətinə, öz proqram və nizamnaməsinin prinsiplərinə əsaslanan, eyni zamanda, zamanın tələblərinə uyğun olaraq vaxtaşırı Sədrimizin ideoloji tezislərini əldə rəhbər tutan siyasi təşkilatdır. Ən əsası isə YAP sıralarında birləşən insanlar məhz bu dəyərləri, azərbaycançılıq dəyərlərini mənimsəmiş insanlardır. Vəzifəsindən, peşəsindən, sosial statusundan asılı olmayaraq YAP-ın proqram və nizamnaməsində əks olunan müddəaları, milli maraqlarımızı qorumağa hazır olan insanlardır. Eyni zamanda, azərbaycançılıq ideologiyasının daşıyıcılarıdırlar. Bu amillər də partiyamızın hazırkı fəaliyyətini təşkil edən baza prinsiplər rolunu oynayır. Məhz buna görə YAP güclü partiyadır. Ona rəqib olacaq partiya Azərbaycanın siyasi sistemində yoxdur. Çünki bu gün müasir geosiyasi vəziyyətdə neokonservatizm ən məqbul, ən optimal bir siyasi cərəyan kimi səciyyələndirilir. Və Azərbaycanın dövlət və milli maraqlarını qorumaq baxımından da məhz neokonservatizm məqbul hesab edilir. Ancaq ölkəmizdə digər siyasi təşkilatların əksəriyyəti partiyalaşma mərhələsinə qədəm qoya bilmədilər. Onların əksəriyyəti dağınıq, pərakəndə, ayrı-ayrı şəxsi və korporativ maraqlar üzərində qurulmuş təşkilatlanmalardır. Ona görə də onların heç biri YAP-a rəqib ola bilmir. 2015-ci ilin parlament seçkiləri də Azərbaycanın siyasi sistemindəki bu reallıq fonunda baş tutur.
YAP seçkilərdə 116 seçki dairəsində namizədi ilə mübarizə aparır. Bu namizədlərin tərkibi də YAP-ın bir partiya kimi daxili strukturunun göstəricisidir. Yəni burada ilk növbədə ziyalılar, qadınlar, gənclər və sosial mənsubiyyət etibarı ilə bütün kateqoriyalara mənsub olan insanlar namizəd kimi öz əksini tapıb. Bunun özü YAP-i cəlbedici etməklə bərabər, seçkidə uğur qazanmasına əsas yaradan səbəblərdən biridir. Amma bütün bunlarla bərabər, YAP-ın qələbə qazanmasını şərtləndirən ən birinci amil onun Sədrinin, Prezidentimiz cənab İlham Əliyevin fəaliyyətidir. Cənab İlham Əliyev bütün fəaliyyəti dövründə Azərbaycanın milli və dövlət maraqlarını qorumaqla yanaşı, ölkənin ən ciddi problemlərinin həlli üçün bütün resursları səfərbər etməyi bacaran uğurlu bir lider kimi tanınıb. O, ən mürəkkəb vəziyyətlərdə belə bir neçə siyasi gedişi öncədən hesablayan unikal siyasətçi keyfiyyətlərinə sahib olan bir liderdir.
Əlbəttə, Azərbaycanın problemləri dedikdə, ilk növbədə, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi hər bir azərbaycanlının gözünün önünə gəlir. Ötən illər ərzində də Yeni Azərbaycan Partiyasının Sədri, Prezidentimiz İlham Əliyev bütün məsələlərdə bu problemin həllini prioritet kimi irəli sürüb. Bunun nəticəsidir ki, bu gün ölkəmizdə bu münaqişəni həll edəcək hərbi – iqtisadi resurslar, eyni zamanda, intellektual-informativ resurslar formalaşdırılıb. Bunların ikisi də çox vacibdir. Çünki hərbi – iqtisadi resurslar bizə ərazi bütövlüyümüzü bərpa etmək üçün hərbi-fiziki güc verir. İntellektual-informativ resurslar isə bu hərbi-iqtisadi gücü idarə edən beyin kimi fəaliyyət göstərir. Eyni zamanda, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında müstəsna rol oynayır. Hər iki istiqamət üzrə ölkəmizin nə qədər güclü olmasını təmas xəttində baş verən hadisələr zamanı bir daha gördük.
Azərbaycan ordusunun qüdrəti və gücü hər bir azərbaycanlını məmnun edir. Bu gün ölkə vətəndaşlarının daxili inamı belədir ki, əgər regionda münbit geosiyasi vəziyyət yaranarsa, Azərbaycan ordusu cəmi bir neçə gün ərzində torpaqlarımızı azad etməyə qadirdir. Bunu düşmənlərimiz də, regiondakı güc mərkəzləri də bilirlər. Bu da Azərbaycan cəmiyyətində daxili psixoloji rahatlıq yaradır. Məhz bu ictimai-siyasi ovqatla da biz seçkiyə gedirik. Ona görə də dediyimiz şərtlər - sosial-iqtisadi inkişaf, vətəndaşların rifahının təmin olunması, sosialyönümlü dövlət siyasətinin həyata keçirilməsi, XXI əsrin ən qlobal problemi hesab olunan su probleminin həll olunması, qeyri-neft sektorunun inkişafı, Azərbaycanda ərzaq təhlükəsizliyinin təmin edilməsi hər bir azərbaycanlının arzusudur. Və bunların təmin olunması cəmiyyətdə YAP-ın nüfuzunu daha da artırır. Bircə cümlə ilə ifadə etsək, Prezidentimiz vurğulayıb ki, Azərbaycan özü özünü təmin edən ölkə olmalıdır. Yəni bu gün dünyada çox nadir ölkələr özü özünü təmin edir. Bizim də hədəfimiz bundan ibarətdir. Ona görə də hesab edirik ki, bu seçkilərdə YAP-ın namizədlərinə rəqib ola biləcək namizədlər yoxdur.
- Yeni Azərbaycan Partiyası parlament seçkilərinə "Yeni hədəflərə doğru" şüarı ilə gedir. Bu hədəflərin mahiyyəti haqqında fikirlərinizi bilmək istərdik...
- Bəli, partiyamizin rəhbərliyi əsas şüar kimi bu şüarı irəli sürüb. Yeni hədəflər dedikdə, bu bir növ xalq qarşısında hesabatdır. Bu o deməkdir ki, bundan öncə də hədəflər müəyyənləşdirilib və Azərbaycan öz hədəflərinin, məqsədlərinin bir hissəsinə çatıb. Yəni bir inkişaf mərhələsi artıq arxada qalıb, önümüzdə yeni bir inkişaf mərhələsi dayanır və bu bizdən yeni hədəflər tələb edir. Bu, doğrudan da belədir. Biz bilirik ki, Azərbaycanın intellektual inkişafı, hərbi inkişafı, iqtisadi inkişafı, tariximizin öyrənilməsi, mənəviyyatımızın gücləndirilməsi, milli ailə modelinin qorunması və təbliğ olunması, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması bir növ bizim müstəqilliyimizi əldə etdikdən sonra qarşıya qoyduğumuz hədəflərin bir hissəsi idi. Bunlar əldə olunub - Azərbaycan iqtisadiyyatı güclüdür, güclü ordu yaradılıb, intellektual əsaslarda yeni cəmiyyət formalaşıb, bu gün Azərbaycan həqiqətləri dünyaya çatdırılıb, informasiya müharibəsində Azərbaycan Ermənistanı iki dəfə qabaqlayır, Azərbaycanın dostları adlandırılan beynəlxalq şəbəkə formalaşıb, nəhayət, bu gün Azərbaycan sözün həqiqi mənasında müstəqil dövlət olmağı bacarıb.
Ona görə də Azərbaycanın bugünkü beynəlxalq münasibətlərin diktə etdiyi şərtlər içərisində milli aktor kimi müstəqil olmağı bacarması çox böyük nailiyyətdir. Biz bilirik ki, Azərbaycandan qat-qat güclü ölkələr bəzən müstəqil ola bilmirlər. Öz milli maraqlarını, müstəqilliklərini qoruya bilmədikləri üçün onlar imperialist mərkəzlərin poliqonuna, istismar obyektinə çevrilirlər. Onların ölkələri dağıdılır, dövlətləri əllərindən alınır, milli iqtisadi, yeraltı və yerustü resursları talan edilir.
Belə bir şəraitdə Azərbaycan ilkin hədəfinə çataraq müstəqilliyini qoruya bilib. Cənab Prezident bu amili fəxarətlə qeyd edir. Biz o dövrdən keçib gəlmişik ki, Ulu öndər belə bir tezis səsləndirmisdı ki, müstəqilliyi əldə etmək nə qədər çətindirsə, onu qoruyub saxlamaq ondan da çətindir. Yəni 1993-cü ildə deyilən bu fikrin üstündən illər keçəndən sonra böyük dövlət xadimi Heydər Əliyevin dövlət quruculuğu istiqamətindəki məqsədyönlü fəaliyyəti bu tezisin öz aktuallığını itirməsinə səbəb oldu. Bundan sonra Ulu öndər Heydər Əliyev qeyd etdi ki, Azərbaycanın müstəqilliyi dönməzdir, daimidir, əbədidir. Prezident İlham Əliyevin vurğuladığı kimi, bu gün Azərbaycan öz müstəqilliyini tam təmin edib. Yəni bu gün Azərbaycan sözün həqiqi mənasında müstəqil dövlətdir və bu, hər bir azərbaycanlının daxilində bir qürur hissi yaradır.
Amma təbii ki, bütün bunlar əldə etdiyimiz uğurlardır və bu uğurların üzərində gələcək Azərbaycanı qurmaq, inkişaf etdirmək üçün yeni hədəflər müəyyənləşdirilməlidir. Yeni hədəflər deyəndə, bundan sonrakı, növbəti mərhələdə müəyyənləşdirilən hədəflər nəzərdə tutulur. YAP da məhz bunu düşünərək "Yeni hədəflərə doğru!" şüarı ilə seçkilərə gedir. Bu hədəflər ilk növbədə, Azərbaycanın ərazi bütövlüyünün təmin olunmasıdır, ikincisi Azərbaycan iqtisadiyyatının neftdən asılılığının tamamilə aradan qaldırılmasıdır, üçüncüsü, Azərbaycanın ərzaq təhlükəsizliyinin tam təmin olunmasıdır, dördüncüsü, Azərbaycanda regionların sosial-iqtisadi inkişafına tam nail olunmasıdır, beşincisi, Azərbaycanın sənaye ölkəsinə çevrilməsidir. Eyni zamanda, yeni düşüncə tərzinə, milli maraqlarımızı qoruyacaq gücə sahib gənc nəslin yetişdirilməsi və s. ölkəmizin yeni hədəfləri sırasına daxildir. Yəni bütün bunlar əvvəlcədən qarşıya qoyulmuş hədəflərin davamıdır. Yeni hədəflər deyəndə, partiyamız bu məqamları, xüsusilə, milli və dövlət maraqlarımızın tələb etdiyi bütün hədəfləri nəzərdə tutur. Ona görə də YAP artıq yeni inkişaf mərhələsində "Yeni hədəflərə doğru" şüarını yeni Azərbaycanımızın ən yeni tezisi kimi müəyyənləşdirib. Bir sözlə, Azərbaycan qarşısında dayanan yeni hədəfləri də uğurla reallaşdıracaq.
- Yeni Azərbaycan Partiyası 19 saylı Nərimanov birinci seçki dairəsindən sizin deputatlığa namizədliyinizi irəli sürüb. Millət vəkili seçiləcəyiniz təqdirdə, parlamentdə ilk olaraq hansı məsələlərlə bağlı çıxış etməyi nəzərdə tutursunuz? Yəni belə bir məsələni indidən özünüz üçün müəyyənləşdirmisinizmi?
- Bilirsiniz ki, deputatlığa namizədliyim şəxsi təşəbbüsümlə irəli sürülməyib. Mənim namizədliyim YAP tərəfindən irəli sürülüb. Buna görə də əgər millət vəkili seçilərəmsə, ilk gündən bütün fəaliyyətim partiyamızın tapşırıq və tövsiyələri, hədəflədiyi istiqamətlər üzrə olacaq.
Əlbəttə ki, seçicilərimizin arzuları, istəkləri, müraciətləri də olacaq. Millət vəkili seçiləcəyim təqdirdə, onların da fikirlərinin parlamentdə səsləndirilməsi, problemlərinin həll olunması istiqamətində fəaliyyət göstərəcəyəm.
Hesab edirəm ki, seçicilərin qaldırdıqları problemləri həll edə biləcək ən uğurlu namizəd mənəm. Çünki mən YAP-ın nümayəndəsiyəm, mənım arxamda 700 minə yaxın üzvü olan partiyanın siyasi iradəsi dayanır. Eyni zamanda, partiyanın intellektual resursları, siyasi nüfuzu və s. dayanır. Hesab edirəm ki, seçicilər mənə səs verərlərsə, onları şanslı seçicilər adlandırmaq olar. Səs verərlərsə, partiyanın imkanlarından istifadə edə bilərlər.
- Hazırda təblığat kampaniyası çərçivəsində seçicilərinizlə görüşləriniz davam edir. Onlara nə vəd edirsiniz?
- Azərbaycan hüquqi dövlətdir, hakimiyyət bölgüsü mövcuddur. Ali qanunverici hakimiyyət, icraedici hakimiyyət və məhkəmə hakimiyyəti mövcuddur. Əgər seçicilər mənə etimad göstərərlərsə, qanunverici orqanın təmsilçisi olacağam və seçicilərim əmin olsunlar ki, onların görmək istədikləri qanunların qəbul olunmasında bütün səy və bacarığımı səfərbər edəcəm. Çünki bəzi hallarda seçicilərlə namizədlər arasında anlaşılmazlıq olur. Bəzən seçicilər qanunverici orqanın nümayəndəsi ilə icra orqanlarının nümayəndələrini dəyişik salırlar və hesab edirlər ki, qanunverici orqanda təmsil olunan şəxs icraedici orqanın da səlahiyyətlərini həyata keçirə bilər. Azərbaycanın oturuşmuş hüquqi sistemi var, çox optimal idarəetmə məktəbi var və hesab edirəm ki, vətəndaşların problemlərinin böyük əksəriyyəti həll olunur. Millət vəkilləri seçicilərinin probleminin həlli ilə bağlı müvafiq icra qurumlarına müraciət edir. Bu baxımdan, seçicilərim əmin olsunlar, mənə etimad göstərsələr, bu məsələdə də partiyamıza güvənərək onların yanında olacağam. Əmin olsunlar ki, onların həlli mümkün olan problemlərini həll edəcək yeganə namizəd YAP-ın namizədi ola bilər. Çünki bu gün YAP həm ictimai nüfuz baxımından, həm də idarəetmə orqanları ilə ünsiyyət baxımından ən nüfuzlu partiyadır.
- Hikmət müəllim, rəqibləriniz haqqında nə deyə bilərsiniz? Belə aydın olur ki, onların heç bir şansı yoxdur?
- Azərbaycanda parlament seçkiləri kampaniyasında çox ciddi yarış mühiti var. Mənim də rəqiblərim var və onları ciddi rəqib hesab edirəm. Yarış mühitinin bu qədər fəal olmasının kökündə isə Azərbaycan vətəndaşlarının ölkənin hüquq və siyasi sisteminə inamı dayanır. Yəni vətəndaşlar hesab edirlər ki, Azərbaycanda elə bir hüquq sistemi, elə bir sosial ədalət sistemi var ki, bu sistem onları sosial-siyasi iyerarxiyanın istənilən pilləsinə qaldıra bilər. Ədalətli rəqabət mühiti və hüququn üstünlüyü vətəndaşlarımızda bu inamı yaradır. Mənim 8 rəqibim var və onların keçirdiyi hissləri mən yaxşı başa düşürəm. Hamı istəyir ki, Azərbaycanda hüquq sisteminin insanlara verdiyi töhfələrdən bəhrələnsin. Bu da çox normaldır. Əlbəttə ki, rəqabətin özü, seçicinin kimə səs verəcəyi başqa bir mərhələdir. Ona görə də bu, ilk növbədə namizədin öz təbliğatını qurmasından və seçicilərin kimə səs verməsindən asılıdır.
Mən isə qeyd etdiyim kimi YAP-ın nüfuzuna söykənərək deyə bilərəm ki, bu rəqiblərin YAP-ın namizədi ilə mübarizə aparması çətin olacaq. Çünki bu namizədin arxasında 700 minə yaxın üzvü olan bir partiyanın intellektual, ictimai-siyasi nüfuzu dayanır. Əgər namizəd mən yox, başqa YAP üzvü olsaydı, yenə belə olacaqdı. Mən də fərd olaraq, partiyanın etimad göstərdiyi namizəd olaraq özümün bütün intellektual, əqli resurslarımı səfərbər etmişəm ki, partiyamıza layiq şəkildə təbliğatımı qura bilim. Əlbəttə ki, bu bir marafondur, nəticənin nədən ibarət olacağını isə noyabrın 1-də seçki qutuları açılanda biləcəyik. Siyasi əqidədaşlarım olan bütün namizədlərə uğurlar diləyir, onların hamısının parlamentdə təmsil olunmasını arzulayıram.