MÜSAHİBƏLƏR
Azərbaycan reallıqları: Möhkəm təmələ əsaslanan siyasətin təntənəsi
- Siyavuş müəllim, 15 iyun Milli Qurtuluş Günü ərəfəsindəyik. Bu tarixin ölkəmizin, xalqımızın həyatında önəmini necə şərh edərdiniz?
- 1993-cü il 15 iyun tarixindən bizləri 22 illik zaman fasiləsi ayırır. Zaman baş verən hadisələrin düzgün dəyərləndirilməsi baxımından yaddaş rolunu oynayır. İllər biri-birini əvəzlədikcə həmin tarixi günün əhəmiyyətini daha dərindən dərk edir, uğurlarımızın fonunda dəyərləndirmənin obyektiv aparılmasının bir zərurət olduğu aydın görünür.
Belə ki, Azərbaycan xalqı 1991-ci il 18 oktyabrda tarixi uğur qazanaraq dövlət müstəqilliyini yenidən bərpa etdi. Lakin həmin dövrdə ölkəyə səriştəsiz, idarəçilik qabiliyyəti olmayan, ən əsası şəxsi ambisiyalarını dövlətin maraqlarından üstün tutan şəxslərin rəhbərlik etməsi Azərbaycanı böyük uçurum qarşısında qoymuşdu. Daxili çəkişmələr, silahlı qüvvələrin torpaqlarımızın deyil, ayrı-ayrı qrupların maraqlarının müdafiəsinə xidmət etməsi, Ermənistanın təcavüzü böyük çətinliklər yaratmış, xalqın sabaha inamı itirmişdi. 90-cı illərin həmin çətin anlarında məhz ulu öndər Heydər Əliyev Azərbaycanı dağılmaqdan xilas etdi. Dahi şəxsiyyətin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı Azərbaycanın dövlət müstəqilliyinin möhkəmləndirilməsində, beynəlxalq aləmdə yeri və rolunun artmasında, ən əsası iqtisadi böhrandan xilas olub dinamik inkişaf yoluna çıxmasında misilsiz və müstəsna rol oynadı.
Müstəqiliyimizin ilk illərinə qısa baxış və dahi şəxsiyyət Heydər Əliyevin düşünülmüş və məqsədyönlü siyasətinin Azərbaycana qazandırdığı uğurlar bir daha bu reallığı ortaya qoyur ki, hər bir ölkənin inkişafında onun lideri əhəmiyyətli rol oynayır. Liderin həyat təcrübəsi, dünyagörüşü, siyasi iradəsi inkişaf strategiyasının düzgün müəyyənləşdirilməsinə stimul verir, ən çətin məqamlarda düzgün yol seçməyə imkan yaradır.
Dahi şəxsiyyət Heydər Əliyevin xidmətlərini dəyərləndirmək üçün tarixə qısa baxış keçirmək hər zaman bir zərurətdir. Onun uzun illər Azərbaycana rəhbərlik etməsi faktı özlüyündə Heydər Əliyev şəxsiyyətində ifadəsini tapan, müstəqilliyə və xalqına sədaqət, millilik və vətənə məhəbbət hisslərinə olan sarsılmaz ümumxalq inamının təzahürüdür. Sovetlər birliyi dövründə Azərbaycana rəhbərlik edən görkəmli dövlət xadimi Heydər Əliyev ölkəmizi qabaqcıl respublikalar sırasına çıxardığı kimi 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyət qayıdışı ilə dövlətçilik tariximizin yeni mərhələsinin başlanğıcını qoydu. Müstəqil, iqtisadi cəhətdən qüdrətli, dünya birliyinin layiqli üzvü olan Azərbaycanı yaratmaqla xalqla hər zaman bir olduğunu, Vətənini, torpağını canından çox sevdiyini bir daha nümayiş etdirdi.
1993-cü ilin 3 oktyabrında yüksək etimad qazanan və 11 oktyabr 1998-ci ildə qələbəsini yenidən təsdiqləyən ümummilli lider Heydər Əliyev milyonların ürəyindən keçən istəkləri reallaşdırdı. Dahi şəxsiyyət Heydər Əliyev 1993-cü ilin oktyabrında keçirilən andiçmə mərasimində bildirmişdir: «Belə yüksək və məsuliyyətli vəzifəni üzərimə götürərkən birinci növbədə Azərbaycan xalqının zəkasına, müdrikliyinə, qüdrətinə güvənirəm, arxalanıram. Azərbaycan xalqının mənə bəslədiyi ümidlər məni bu vəzifəni üzərimə götürməyə məcbur edibdir. Əmin etmək istəyirəm ki, bu ümidləri doğrultmaq üçün əlimdən gələni əsirgəməyəcəyəm.”»
Prezidentliyinin ilk mərhələsində həyata keçirdiyi islahatlar, böhran içərisində qalan Azərbaycanın iqtisadiyyatının gücləndirilməsi istiqamətində həyata keçirdiyi genişmiqyaslı quruculuq işləri xalqın gələcəyə olan inamını artırmaqla ölkəmizin dünya birliyinə açılan yoluna «yaşıl işıq»” yandırdı. Bu baxımdan ikitərəfli və beynəlxalq təşkilatlar çərçivəsində əlaqələrin qurulması vacib amil kimi önə çəkilirdi. Daxili siyasətin uğurları Azərbaycanın beynəlxalq aləmdə yeri və roluna da öz müsbət təsirini göstərdi. Bir əsas məqamı xüsusi qeyd etməliyik ki, ulu öndər Heydər Əliyevin səyləri nəticəsində 1994-cü il 12 mayda atəşkəs sazişinin imzalanması ölkədə sabitliyin möhkəmləndirilməsinə, digər sahələr üzrə əhəmiyyətli addımların atılmasına stimul verdi. Malik olduğu təbii resurslardan səmərəli istifadə etmək, Azərbaycanın dünya iqtisadi sisteminə inteqrasiyasını sürətləndirmək, ən əsası birgə səylər, qarşılıqlı təcrübə mübadiləsi sayəsində qarşıya qoyulan məqsədlərə nail olmaq üçün 1994-cü ilin 20 sentyabrında ümummilli lider Heydər Əliyevin rəhbərliyi altında «Əsrin müqaviləsi» imzalandı. Bununla Azərbaycan öz iqtisadi imkanlarını dünyaya təqdim edərək, növbəti sazişlərin imzalanmasına zəmin yaratdı.
İllər keçdikcə, Azərbaycan yeni-yeni dostlar qazandı, səsi bir çox beynəlxalq təşkilatların tribunasından eşidildi, diplomatik uğurları diqqət çəkdi. Dünya siyasətində dəst-xətti ilə seçilən, dövlət başçıları arasında fenomen istedadı və hazırlığı ilə fərqlənən Heydər Əliyev şəxsiyyəti müdriklik simvolu kimi nümunə göstərildi. Bu, cəsarət və qətiyyət, liderlərə məxsus dönməzlik və məğrurluq müasir Azərbaycanın qurucusu olan bu dahi şəxsiyyətin həyat amalının gerçəkləşməsinin parlaq ifadəsi kimi Azərbaycanın imicini, nüfuzunu yüksəltdi. Ulu öndər Heydər Əliyevin irəli sürdüyü bütün prioritetlərin əsasında qüdrətli respublikanın inkişaf perspektivləri- düşünülmüş, dünya siyasətinə uyğunlaşdırılan balanslaşdırılmış xarici siyasət, ölkə daxilində sabitliyin təminatı, dövlətçiliyin möhkəmlənməsi, bazar iqtisadiyyatı yolunu seçməklə malik olduğumuz təbii ehtiyatlardan xalqın mənafeyi və rifah halının yaxşılaşdırılması naminə səmərəli istifadə, insan hüquq və azadlıqlarının qorunması, Azərbaycanın tolerant dövlət kimi bütün azərbaycanlılar üçün vətən olması və digər biri-birindən məsuliyyətli vəzifələr dayanırdı. Bu gün qürur hissi ilə deyə bilərik ki, bu vəzifələrin öhdəsindən layiqincə gəlinmişdir.
Dahi şəxsiyyət Heydər Əliyevin Azərbaycan üçün göstərdiyi xidmətlərin çəkisi və əhəmiyyəti ölçüyəgəlməz dərəcədə çoxdur. Məhz onun təşəbbüsü ilə dünyanin müxtəlif ölkələrinə səpələnmiş soydaşlarımızın bir amal-azərbaycançılıq ideyası ətrafında sıx birləşməsi vacib amil kimi önə çəkildi. 2001-ci ilin noyabrında Dünya Azərbaycanlılarının I qurultayını keçirməklə, soydaşlarımızın həmrəyliyini təmin etməklə Azərbaycan həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılmasında əsas amil olan diasporunun təşkilatlanması üçün hüquqi bazanın əsası qoyuldu, görüləcək işlərin bir mərkəzdən idarə olunması üçün müvafiq dövlət komitəsi yaradıldı. Bu gün böyük fəxr və inam hissi ilə qeyd edirik ki, dünyanın müxətlif ölkələrinə səpələnmiş soydaşlarımız Azərbaycanın daha da qüdrətlənməsinə, çiçəklənməsinə öz töhfələrini verir, yaşadıqları ölkələrdə həqiqətlərimizin təbiliği istiqamətində biri-birindən əhəmiyyətli uğurlara imza atırlar. Erməni yalanlarının ifşa olunmasında, Qarabağ həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında birgə səylərin göstərilməsi mütləqdir. Möhtərəm Prezidentimiz İlham Əliyevin Dünya azərbaycanlılarının III qurultayında səsləndiridyi bu fikri bir daha qeyd etmək istərdik: «Güclü, qüdrətli Azərbaycan hər birimizin qürur mənbəyidir.»
Bu gün Azərbaycanın dünya miqyasında enerji təhlükəsizliyinin təminatçısı kimi tanınmasının əsasında ulu öndərin hazırladığı neft strategiyası, ölkənin enerji siyasətinin uğurlu həlli dayanır. Artıq dünya bu gün «Cənub» qaz Dəhlizindən bəhs edir. Azərbaycanın artan önəmi, yeri və rolu təşəbbüsləri gerçəkliyə çevirməsindən irəli gəlir. Bir sözlə, dövlət siyasətinin əsas prioritetləri kimi böyük əhəmiyyətə malik, Avropa və dünya birliyi dövlətlərinin enerji təhlükəsizliyinin təminatında etibarlı tərəfdaş sayılan Azərbaycanın lider dövlət kimi tanınmasının təməlində də ulu öndər tərəfindən qoyulan daxili və xarici siyasətin uğurlu həlli dayanır. Bütün xalqlar və dövlətlərlə qarşılıqlı anlaşma və əməkdaşlıq siyasətini yeridən, Azərbaycanın ən tanınmış beynəlxalq təşkilatlarda təmsil olunub, söz sahibi nüfuzu qazanması müdrik bir siyasətin məntiqi nəticəsi kimi bu gün də özünü doğruldur.
Təbii ki, tarixə Milli Qurtuluş Günü kimi daxil olan 15 iyun tarixinin Azərbaycan dövlətinə, xalqına qazandırdığı uğurları bir sual çərçivəsində qeyd etmək qeyri-mümkündür. Bugünkü Azərbaycan reallıqları həmin tarixin, Heydər Əliyev siyasətinin təntənəsidir. Azərbaycanın dünəninin, bu gününün və gələcəyinin əsası kimi dəyərləndirən Heydər Əliyev ideyaları ölkəmizin qarşısında yeni-yeni imkanlar açır, yeni-yeni uğurlara aparır.
- Bütün fəaliyyəti ilə Heydər Əliyev siyasi kursunun, ulu öndərin zəngin dövlətçilik məktəbinin layiqli davamçısı olduğunu təsdiqləyən cənab İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın bugünkü reallıqları gələcək barədə hansı təəssüratı yaradır?
- Dövlət başçısı İlham Əliyevin Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 20-ci ildönümünə həsr olunmuş tədbirdə söylədiyi bu fikirləri xatırlatmaq istərdik: «Bu gün Heydər Əliyev siyasəti bütövlükdə bütün sahələrdə davam etdirilir. 2003-cü ildə Azərbaycan xalqı mənə böyük etimad göstərərək Prezident vəzifəsinə seçdiyi gündən bu günə qədər bu siyasətə sadiqəm. Mən 2003-cü ildə bu barədə sözümü demişəm. Mən bu siyasətə sadiq qalacağam və 2003-cü ildən bu günə qədər Azərbaycanda gedən uğurlu inkişaf Heydər Əliyev siyasətinin təntənəsidir, müstəqil Azərbaycanın təntənəsidir.»
Son 11 ildə Azərbaycanın qazandığı uğurlar göz qabağındadır. Möhtərəm Prezidentimiz İlham Əliyevin 2013-cü ildə keçirilən andiçmə mərasimində söylədiyi bu fikir son illərdə əldə olunan uğurların ümumiləşdirilmiş ifadəsi olmaqla yanaşı, qarşıdakı illər üçün Azərbaycanın aydın mənzərəsini yaradır. Dövlət başçısı bildirmişdir: «Gələcəyə nikbinliklə baxmaq üçün kifayət qədər amil vardır. Son on ilin təcrübəsi onu göstərir ki, «xalq», «millət» anlayışları ön planda olanda istənilən problem öz həllini tapa bilər. Bizim siyasətimiz milli maraqlar üzərində qurulub. Bizim siyasətimiz müstəqilliyin möhkəmlənməsinə istiqamətləndirilibdir. Bu gün Azərbaycan müstəqil dövlət kimi dünya miqyasında özünə layiq yerini tuta bilibdir. Azərbaycan daha da güclü ölkə olmalıdır. Biz qüdrətli Azərbaycan dövləti qururuq və əminəm ki, quracağıq. Bütün hədəflərə çatmaq üçün bizim müstəqil siyasətimiz davam etməlidir. Xalq bu siyasəti dəstəkləyir. Xalq bu siyasətə öz səsini vermişdir. Xalqın inamı və mənə on ildən sonra yenidən böyük etimad göstərməsi, əlbəttə ki, məni həm ruhlandırır, həm məsuliyyətimi artırır, həm də yeni təşəbbüslərin irəli sürülməsi üçün mənə bir siqnal verir.» Qarşıdakı illər üçün əsas hədəf Azərbaycanı inkişaf etmiş ölkələr sırasında görmək, yüksək gəlirli ölkəyə çevirmək, bu günə qədər 3 dəfədən çox artan ümumili daxili məhsulun daha iki dəfə artırılmasına nail olmaqdır. Dövlət başçısı İlham Əliyevin sərəncamı əsasında Azərbaycanın müstəqillik tarixində qazandığı uğurların fonunda işlənib hazırlanan və təsdiq olunan «Azərbaycan 2020: gələcəyə baxış» İnkişaf Konsepsiyasında əsas hədəflər və onlara çatmağın yolları öz əksini tapıb.
Ölkənin hərtərəfli inkişafı dövlət siyasətinin əsasını təşkil edir. Hər sahə üzrə konkret Dövlət Proqramlarının qəbulu və uğurlu icrası qarşıya qoyulan bu məqsədə yüksək səviyyədə nail olmağa əsas yaradır. O da məlumdur ki, hər il konkret bir sahənin adı ilə bağlanaraq, bu istiqamətdə tədbirlər planı həyata keçirilir.
İqtisadi tərəqqi demokratikləşmə prosesinin sürətləndirilməsində mühüm rol oynayır. Azərbaycanın demokratiya təcrübəsinin digər ölkələrə nümunə göstərilməsi uğurlu islahatların nəticəsidir. 2001-ci ildə Avropa Şurasına tamhüquqlu üzv qəbul olunan Azərbaycan demokratik dəyərlərə sadiq olduğunu bir daha dünyaya nümayiş etdirdi. Ötən bu dövr ərzində qurumla ölkəmiz arasında əlaqələrin yüksələn xətt üzrə inkişafı yüksək dəyərləndirilir. Azərbaycan atdığı hər addımında bu reallığı ortaya qoyur ki, demokratikləşmə prosesi sadəcə bir şüar, niyyət deyil, ölkənin hərtərəfli inkişafı üçün əsasdır. O da məlumdur ki, qəbul olunan qanunlar, o cümlədən Milli Konstitusiyamız dövrün tələblərinə uyğun olaraq təkmilləşdirilir, yenilikləri özündə əks etdirir. Konstitusiyanın maddələrinin böyük əksəriyyəti insan hüquq və azadlıqlarının qorunmasına xidmət edir. Azərbaycan dövləti siyasətində insan amilinə veridyi dəyəri atdığı addımları ilə təsdiqləyir.
Demokratiyanın vacib amillərindən biri kimi siyasi partiyaların, ictimai birliklərin fəaliyyətini tənzimləyən qanunvericilik bazası daim təkmilləşdirilir. «Siyasi partiyalar haqqında» yeni qanunun qəbul edilməsi də bu təkmilləşmənin, yeniləşmənin təsdiqidir. Azad mətbuatın inkişafına yönələn addımlar davamlılığı ilə diqqət çəkir. Məhz bu diqqət və qayğının nəticəsidir ki, ölkə Prezidenti İlham Əliyev iki dəfə «Jurnalistlərin dostu» mükafatına layiq görülüb.
Siyasi və iqtisadi islahatların vəhdətliyi fonunda Azərbaycanın uğurları biri-birini əvəzləməkdədir. Dünyanın enerji təhlükəsizliyinin təminatında əhəmiyyətli rolunu günbəgün artıran Azərbaycan sabitlik diyarı kimi də diqqət çəkməkdədir. Təbii ki, son 11 ildə ölkə iqtisadiyyatına 180 milyard dollara yaxın investisiyanın qoyulması Azərbaycanın bu gününə və gələcəyinə inamdan irəli gəlir. Azərbaycan beynəlxalq maliyyə qurumlarının hesabatlarında da öz liderliyini qorumaqdadır. Bütün bunlar təbii ki, dövlətimizin uğurlu siyasətinə əsaslanır.
Ölkəmizin hər gün, hər həftə müxtəlif mövzularda beynəlxalq əhəmiyyətli tədbirlər üçün əsas məkan seçilməsi beynəlxalq münasibətlər sistemində artan rolunun göstəricisidir. Azərbaycanın 2011-ci ildə BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsi onun beynəlxalq nüfuzunu. siyasi çəkisini bir daha dünyaya nümayiş etdirdi. Təbii ki, bu uğurlarımız ən böyük problemimiz olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllini yaxınlaşdırır. Dövlət başçısı İlham Əliyevin bəyan etdiyi kimi, hər gün bizi qələbəyə yaxınlaşdırır. Azərbaycanla heç bir sahədə rəqabət aparmaq imkanında olmayan Ermənistan işğalçılıq siyasəti ucbatından bütün enerji layihələrindən kənarda qalmaqla iqtisadi böhran içərisində çabalayır. Azərbaycanın hərbi xərcləri Ermənistanın ümumi büdcəsindən artıqdır. Bu gün böyük inamla qeyd edə bilərik ki, sülh danışıqları səmərə vermədiyi təqdirdə Azərbaycan işğal altında olan torpaqlarını hərb yolu ilə azad etmək gücündədir.
Son 11 ilə qısa baxış etməklə reallıqlarımız fonunda gələcəyə daha böyük inamla irəliləməyə böyük əsaslar olduğunu aydın görmüş oluruq. 1993-cü il 15 iyundan başlanan inkişaf, tərəqqi bu gün davamlılığı ilə diqqət çəkir, gələcəyə işıq salır. Azərbaycanı inkişaf etmiş ölkələr sırasında görmək istəyimiz artıq reallıqdır.
- Siyavuş müəllim, birinci Avropa Oyunları ilə bağlı fikirlərinizi bilmək istərdik. Gələcək yarışlar üçün uğur hekayəsi kimi dəyərləndirilən bu Oyunlar Azərbaycana hansı baxışı formalaşdırır?
- Qeyd etdiyimiz kimi, artıq Bakı hər gün, hər ay müxtəlif sahələri və mövzuları əhatə edən beynəlxalq səviyyəli tədbirlər üçün əsas məkan seçilməklə malik olduğu imkanların dünyaya təqdimatı üçün növbəti tribuna əldə edir. Müasir dövrün informasiya-kommunikasiya texnologiyaları əsri olduğunu nəzərə alsaq, artıq dünyanın hansı ölkəsində yaşamasından asılı olmayaraq hər kəs bu və ya digər dövlətin reallıqları barədə məlumat əldə etmək imkanındadır. Lakin gerçəkliklərin birbaşa şahidi olmaq tamamilə fərqli bir düşüncənin formalaşmasına stimul verir. Birinci Avropa Oyunlarında təkcə 6 min idmançının təmsil olunduğunu qeyd etmək kifayətdir ki, bu mühüm hadisənin ölkəmiz üçün əhəmiyyəti aydın şəkildə özünü təsdiqləsin. Daim yeniliyi, müasirliyi, modernləşməni həyata keçirdiyi siyasətin önündə saxlayan dövlətimizin biri-birindən əhəmiyyətli addımları hərtərəfli inkişafı sürətləndirməklə yanaşı, beynəlxalq baxışın yüksək səviyyədə formalaşmasına stimul verir. Azərbaycan bu gün idman bayramına hazırlaşmaqla yanaşı, bir daha reallıqlarının dünyaya təbliğində geniş imkan qazanmış olur. Bir məqamı da qeyd edək ki, uğurlarımız, artan mövqeyimiz dostlarımızı sevindirir, bizi istəməyən qüvvələri narahat edir. Təbii ki, bu kimi cəhdlər hər zaman dövlətimizin uğurlu siyasəti qarşısında boşa çıxır, nə qədər əsassız, yersiz olduğu həmin dairələrin özünə də bəlli olur. 2012-ci ildə ölkəmizin ev sahibliyi etdiyi «Evrovision» mahnı yarışması ərəfəsində, eyni zamanda sonra yaşanan durumu xatırlamaq kifayətdir. Azərbaycanın guya belə tədbirlərə ev sahibliyi etməyə hazır olmadığını bildirən daxili və xarici bədxahlarımız sonda bu reallığı qəbul etməli oldular ki, ölkəmiz hər bir tədbiri yüksək səviyyədə təşkil etmək və keçirmək gücündədir, qüdrətindədir. Xatırlasaq, «Evrovision» mahnı müsabiqəsində iştirak edənlər, paytaxtımızın ecazkar gözəlliyindən, möcüzə kimi dəyərləndirilən iqtisadi inkişafından heyrətlərini gizlədə bilmirdilər. «Dostluq və sülh» yarışması adlandırılan Birinci Avropa Oyunları ərəfəsində Avropanın bir çox ölkələrinin tanınmış televiziya kanallarında və aparıcı mətbu orqanlarında dünya birliyinə inamla inteqrasiya edən Azərbaycanın iqtisadi inkişafı, təbiəti, insanları, geostrateji əhəmiyyətindən bəhs edən veriliş və yazılar ölkəmizə yönələn marağın artdığını bir daha ortaya qoyur. Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoş məramlı səfiri, Birinci Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban Əliyevanın iştirakı ilə müxtəlif ölkələrdə keçirilən «Bakı-2015»in təqdimat mərasimləri ölkəmiz haqqında reallıqları dünya xalqlarına çatdırmaqla, Azərbaycana yönələn məkrli, böhtan xarakterli kampaniyalara tutarlı cavabdır. Əsrlər boyu mədəniyyətlərin, sivilizasiyaların mərkəzi kimi tanınan Azərbaycan daim təşəbbüsçüsü və iştirakçısı olduğu layihələrlə, tədbirlərlə ölkələr, xalqlar arasında dostluq körpüsünü daha da möhkəmləndirir. «Biz əlbəttə iqtisadi müstəvidə də transformasiyaya çox böyük önəm vermişik və veririk. Ona görə də iqtisadi sahəni inkişaf etdirmədən və güclü iqtisadiyyat qurmadan siyasi islahatlar mümkün deyildir. Ona görə də biz islahatları paralel olaraq həm siyasi, həm iqtisadi müstəvidə apardıq. Siyasi və iqtisadi islahatlar biri- birini dəstəkləmişdir və bugünkü Azərbaycan onu göstərir ki, biz düzgün yolu seçdik və düzgün işlər görürük» söyləyən Prezident İlham Əliyevin bildirdiyi kimi son on bir ildə ölkəmizdə inkişaf yüksələn xətlə davam edir. Bu dinamika beynəlxalq tədbirlərə ev sahibliyi edən ölkəmizin gücünü, qüdrətini göstərir. Avropa Oyunlarının keçiriləcəyi idman komplekslərinin beynəlxalq standartlara uyğun inşası və yenidənqurulması, yarışların təşkili üçün lazımi şəraitin yaradılması da ölkəmizin iqtisadi imkanlarının göstəricisidir. Oyunlar bizə imkan verəcək ki, Azərbaycanı olduğu kimi dünyaya təqdim edək və bir daha göstərək ki, gənc müstəqil Azərbaycan böyük uğurlara imza atır, dünyaya açıqdır, ölkəmiz müasirdir, eyni zamanda, öz tarixinə, mədəni köklərinə bağlıdır, ölkəmizdə təhlükəsizlik tədbirləri yüksək səviyyədə təmin edilir.
- Siyavuş müəllim, bu il eyni zamanda ölkəmiz üçün seçki ilidir. Yeni Azərbaycan Partiyasının parlament seçkilərinə hazırlığı hansı səviyyədədir?
- Müstəqil, müasir Azərbaycan dövlətinin qurucusu, Yeni Azərbaycan Partiyasının yaradıcısı ulu öndər Heydər Əliyevin «Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır» tezisi partiyamızın fəaliyyətinin bələdçisidir. YAP yarandığı gündən tutduğu yola sadiqlik nümayiş etdirməklə milyonların dəstəyini qazanıb. Bu gün sıralarında 650 mindən artıq üzvü birləşdirən Yeni Azərbaycan Partiyası daim inkişafa, yeniliyə maraq göstərib, fəaliyyətinin önündə dövlətə, xalqa xidmət əsas yer tutur. Dövlətimizin daha da qüdrətlənməsi, insanların daha da yaxşı yaşaması üçün səylərini artıran partiyanın gələcəyinə inam böyükdür. Yeni Azərbaycan Partiyası bütün seçki proseslərinə yeni şüarla qatılır, davamlı inkişafın prioritet məsələ olduğunu devizində əks etdirir. Ölkədə keçirilən butün seçki proseslərindən qələbə ilə çıxan YAP-ın qarşıdan gələn parlament seçkilərində də uğur qazanacağı şəksizdir. Azərbaycanın bugünkü reallıqları, Prezident İlham Əliyevin gördüyü işlər bu qələbəyə böyük əsas yaradır. Lakin hər zaman olduğu kimi, bu seçki prosesində də partiya özündə arxayınlıq yaratmayaraq, hazırlıq işlərini yüksək səviyyədə həyata keçirməyə çalışır. Nəzərə alsaq ki, hazırlıq işlərinin yüksək təşkili qələbə üçün uğurlu başlanğıcdır, bu halda səylərin daha da artırılması mütləqdir. Məlum olduğu kimi, Yeni Azərbaycan Partiyasının şəhər və rayon təşkilatları sədrlərinin ümumrespublika müşavirəsi keçirildi, müvafiq tapşırıq və tövsiyələr verildi. Məqsəd mütəşəkkil şəkildə hazırlıq işlərini həyata keçirmək, seçkilərdə fəal iştirak etmək, Yeni Azərbaycan Partiyasının qələbələr partiyası imicini daha da möhkəmləndirmək, uğur səhifələrimizə yenilərini artırmaqdır. Dövlət başçısı İlham Əliyevin qeyd etdiyi kimi, “Yeni Azərbaycan Partiyası Azərbaycan xalqının bir parçasıdır. Bütün Azərbaycan xalqının xoşbəxt gələcəyi üçün bizim partiyamız əlindən gələni əsirgəmir və biz bundan sonra da bunu edəcəyik”. Biz inanırıq ki, Yeni Azərbaycan Partiyası parlament seçkilərində növbəti qələbəsini təmin etməklə qarşıdakı illər üçün nəzərdə tutulan hədəflərin gerçəkləşdirilməsinə dəstək olacaq. Azərbaycanı qarşıdakı illərdə daha möhtəşəm uğurlar gözləyir.