YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

MÜSAHİBƏLƏR

İlk Avropa Oyunları Azərbaycanın qüdrətini nümayiş etdirəcək

Müsahibimiz Bakı Ali Neft Məktəbinin rektoru, Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü Elmar Qasımov

- Elmar müəllim, qarşıdan 28 May Respublika Günü gəlir. Azərbaycan tarixinin şanlı səhifələrindən birini təşkil edən Azərbaycan Xalq Cümhuriyyətinin dövlətçilik tariximizdə əhəmiyyəti nədən ibarətdir?

- 28 May 1918-ci il tarixdə Şərqin ilk demokratik respublikası olan Azərbaycan Xalq Cümhuriyyəti (AXC) yarandı. Azərbaycan tarixinin şanlı səhifələrindən olan, xalqımızın milli azadlıq mücadiləsinin məntiqi nəticəsi sayılan və müasir dövlətçilik tariximizdə önəmli yerə malik olan Azərbaycan Xalq Cümhuriyyəti XX əsrin Şərqi üçün milli dövlətçilik ənənələri baxımından perspektiv inkişafın əsasına çevrildi. Məhz Xalq Cümhuriyyəti özünün dövlətçilik əsasları və demokratik islahatları ilə müsəlman Şərqinin mayakı rolun oynamağı bacardı. 23 ay mövcud olmasına baxmayaraq, Azərbaycan Xalq Cümhuriyyəti böyük bir coğrafiyanın siyasi həyatında mühüm rol oynadı, Cümhuriyyətin fəaliyyəti sayəsində dövlətçilik tariximizin əsasları daha da zənginləşdi.

Məlumdur ki, Azərbaycan Xalq Cümhuriyyəti o zaman çox ağır bir tarixi şəraitdə və həssas geosiyasi məkanda yaranmışdı. Məhz bu və digər səbəblərdən Azərbaycan Xalq Cümhuriyyətinin müstəqilliyinin əbədiliyi təmin edilə bilmədi. 23 ay yaşayan Xalq Cümhuriyyəti tərəfindən tarixi əhəmiyyət kəsb edən çoxsaylı işlər görüldü, mühüm islahatlar həyata keçirildi. Qeyd etdiyim kimi, əsas məqam dövlətçilik tariximizin əsasları daha da zənginləşməsi oldu Xalqımızın Ümummilli lideri, Ulu öndər Heydər Əliyev bildirmişdir ki, müasir Azərbaycan dövləti məhz 1918-ci ildə yaranmış Azərbaycan Xalq Cümhuriyyətinin varisidir. Bu nöqteyi-nəzərdən, müasir Azərbaycanın hər bir uğuru tariximizin parlaq səhifəsinə çevrilmiş Azərbaycan Xalq Cümhuriyyətinin əsasını qoyduğu ənənələri özündə yaşadır və bununla da dövlətçilik ənənələri müasir dəyərlərlə sintez olunaraq inkişaf etdirilir.

Azərbaycan Xalq Cümhuriyyəti dövründə həyata keçirilən tədbirlərin əhəmiyyətini anlamaq üçün bir sıra məqamlara diqqət yetirmək istəyirəm. Bu dövrdə Azərbaycanda qadınlara seçki (seçmək və seçilmək) hüququ verildi ki, bu, çox mütərəqqi hadisə idi. Bundan başqa, Cümhuriyyət Parlamentinin 1919-cu ilin sentyabr ayının 1-də Bakı Dövlət Universitetinin təsis olunması haqqında qəbul etdiyi qanun xüsusi əhəmiyyətə malikdir. Milli universitetin açılması Cümhuriyyət xadimlərinin xalqımız qarşısında çox mühüm tarixi xidməti idi. Digər tərəfdən, Azərbaycan dilinə dövlət dili statusu verildi və digər dövlət orqanları ilə yanaşı, məhkəmə sisteminin də dövlət dilində fəaliyyət göstərməsi haqqında qərar qəbul olundu.  1918-ci il iyunun 26-da Xalq Cümhuriyyətinin hökuməti Azərbaycanın ilk Milli Ordu hissəsinin - əlahiddə diviziyanın yaradılması barədə qərar qəbul etdi. Sadalananlarla yanaşı, 1918-ci ilin dekabr ayının 7-də Azərbaycan Parlamentinin təntənəli açılışı oldu. Bu, bütün müsəlman Şərqində o dövrün ən demokratik prinsipləri əsasında formalaşdırılan ilk parlament idi. Əlimərdan bəy Topçubaşov parlamentin sədri, Həsən bəy Ağayev isə onun birinci müavini seçildi. Parlament qəbul etdiyi qərarlarla milli dövlətçiliyin əsaslarının formalaşması və gücləndirilməsinə tarixi töhfələr vermiş oldu.

- Azərbaycan Xalq Cümhuriyyətinin varisi olan müasir müstəqil Azərbaycanın dinamik inkişafı və əldə edilən çoxsaylı nailiyyətlər barədə nə deyə bilərsiniz?

- Şübhəsiz, müstəqil Azərbaycan hazırkı inkişaf mərhələsinə asan yolla çatmayıb. Azərbaycan Xalq Cümhuriyyətinin varisi olan Azərbaycan  Respublikası müstəqillik əldə etdikdən sonra olduqca ciddi problemlərlə qarşı-qarşıya idi. Daha dəqiq desək, 1991-1993-cü illər Azərbaycan üçün çox mürəkkəb bir dönəm kimi tarixə düşdü və ölkəmiz çoxsaylı problemlərlə (vətəndaş qarşıdurması, iqtisadi və siyasi böhran, beynəlxalq aləmdən təcrid olunma, Ermənistanın təcavüzü və s.) üzləşdi.  O zaman bir tərəfdən ermənilərin ölkəmizə qarşı təcavüzü müşahidə olunurdu, digər tərəfdən isə ölkə daxilindəki bəzi qüvvələrin anti-milli fəaliyyəti davam edirdi və beləliklə, Azərbaycan hətta öz müstəqilliyini itirmək təhlükəsi ilə qarşı-qarşıya idi.  Həmin dövrdə ölkəyə rəhbərlik edən qüvvələrin siyasi səriştəsizliyi Azərbaycanı çıxılmaz vəziyyətə salmışdı.

Nə yaxşı ki, Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyev xalqın təkidli tələbləri ilə ikinci dəfə hakimiyyətə gəldi və Onun yorulmaz fəaliyyəti sayəsində ölkəmiz tənəzzüldən xilas olaraq tərəqqi yoluna qədəm qoydu. Azərbaycanın milli inkiaf strategiyası müəyyən edildi, qtisadi inkişafın əsası qoyuldu, regional və beynəlxalq miqyasda ölkəmizin yeri və rolu gücləndirildi. Bu gün Ümummilli liderimizi xatırlayarkən belə bir yekun qənaət ifadə edirik ki, Ulu öndər Heydər Əliyev fəaliyyətinin hər bir məqamı ilə xalqın, dövlətin, cəmiyyətin və onun üzvlərinin mənafeyinə xidmət etmiş, Azərbaycan dövlətinin və xalqının bütövlüyü uğrunda fədakarlıqla çalışmış, müstəqilliyimizin möhkəmləndirilməsi, dövlətçiliyimizin inkişafı, xalqın rifah halının daha da yaxşılaşdırılması üçün tarixi işlər görmüşdür. Ümummilli lider Heydər Əliyevin müəllifi olduğu dövlət quruculuğu siyasətinin fonunda əldə edilən nailiyyətlərin sayını istənilən qədər artırmaq olar. Reallıq budur ki, Ulu öndər Heydər Əliyev Azərbaycanı, sözün əsl mənasında, müstəqil ölkəyə çevirdi, müstəqilliyimizi daimi və dönməz etdi.

Ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu siyasət hazırda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam və inkişaf etdirilir. Ümummilli liderimizin layiqli davamçısı olan Prezident İlham Əliyev tərəfindən həyata keçirilən uğurlu daxili və xarici siyasət kursu Heydər Əliyev ideyalarına söykənir və əldə edilən dinamik inkişaf göstərir ki, müasir müstəqil Azərbaycanın seçdiyi strateji yol milli maraqlara və xalqın iradəsinə əsaslanır. Qeyd etmək istəyirəm ki, Azərbaycanın daxili və xarici siyasəti müstəqillik və suverenlik prinsiplərinə əsaslanır. Respublikamız xarici siyasi əlaqələrini, siyasi, iqtisadi, hərbi, humanitar və digər sahələrdə müttəfiqlərini, əməkdaşlıq etdiyi ölkə və beynəlxalq təşkilatları özü seçir. Azərbaycan öz təbii sərvətlərinin sahibi kimi enerji sahəsində əməkdaşlıq əlaqələrini dövlət maraqları və qarşılıqlı faydalılıq prinsipləri əsasında reallaşdırır. Eyni zamanda, ölkəmizin iqtisadi gücü elə bir səviyyəyə çatıb ki, dünya bazarlarında baş verən kəskin dəyişikliklərin, böhranların təsir gücü ən aşağı həddədir. Cənubi Qafqaz iqtisadiyyatının 80 faizdən çoxunu təşkil edən Azərbaycan iqtisadiyyatı gücünə görə regionda liderdir. Ölkədə, həmçinin əhalinin gəlirlərinin stabil artımı, sosial-siyasi sabitlik təmin olunub. Beləliklə, bütün bunlar sayəsində Azərbaycan tərəqqi yolunda uğur və inamla irəliləyir.

- Elmar müəllim, Azərbaycan mötəbər beynəlxalq tədbirə - ilk Avropa Oyunlarına ev sahibliyi etməyə hazırlaşır. “Bakı-2015” ilk Avropa Oyunlarının əhəmiyyəti və gətirəcəyi dividendlər barədə fikirlərinizi bilmək istərdik...

- Beynəlxalq dialoq və əməkdaşlıq məkanı olan Azərbaycan dəfələrlə mötəbər siyasi, iqtisadi, humanitar tədbirlərə uğurla ev sahibliyi edib. Ümumiyyətlə, Azərbaycana beynəlxalq miqyasda çox böyük maraq var. Bu maraq həm də ölkəmizin yerləşdiyi coğrafi mövqenin əhəmiyyəti və Şərqlə Qərb sivilizasiyalarının qovuşduğu məkan olması ilə əlaqədardır. Eyni zamanda, Azərbaycanda mövcud olan sabitlik, inkişaf, demokratiya mühiti ölkəmizin beynəlxalq səviyyədə siyasi, iqtisadi, humanitar sahələrdə dialoqun aparılmasında daha təşəbbüskar mövqedən çıxış etməsinə imkan verir və ötən zaman Azərbaycanın dünyada vacib mədəni, humanitar dialoq mərkəzlərindən birinə çevrilməsi baxımından çox uğurlu olub.

Azərbaycanın həqiqi mənada müstəqil dövlət olması beynəlxalq münasibətlər sisteminin müstəqil subyektləri tərəfindən mütləq surətdə qəbul edilir, əldə edilən uğurlar təqdir olunur. 2011-ci ildə Azərbaycanın 155 ölkənin dəstəyi ilə BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsi, quruma 2 dəfə uğurla sədrlik etməsi, həmçinin Avropa Şurası Nazirlər Kabinetinə sədrlik müddətini müvəffəqiyyətlə başa vurması ölkəmizin artan siyasi nüfuzundan xəbər verir. Bu gün Bakı, sözün əsl mənasında, Qafqazın siyasi, iqtisadi, mədəni paytaxtına çevrilib.

Digər tərəfdən, ölkəmizdə mövcud olan zəngin infrastruktur mötəbər beynəlxalq tədbirlərin Azərbaycanda keçirilməsinə imkan verir. Məhz “Bakı-2015” ilk Avropa Oyunlarının da Azərbaycana etibar edilməsi ilk növbədə bu məqamdan xəbər verir. Başqa sözlə, ölkəmizin I Avropa Oyunları kimi planetin bir nömrəli idman yarışına ev sahibliyi etmək iddiasını ortaya qoyması və namizədliyini rəsmi şəkildə irəli sürməsinin arxasında da məhz Azərbaycanın inkişafı, müasir infrastrukturu və təhlükəsizliyin təmin olunduğu sabit ölkə olması amili dayanır. Eyni zamanda, ilk Avropa Oyunlarının Bakıda keçirilməsi Azərbaycanın Avropa ailəsinin nüfuzlu və bərabərhüquqlu üzvü olmasını göstərir.

Bunlarla yanaşı, bu gün dünyada qısa müddətdə güclü idman infrastrukturu yaratmağın, Olimpiya Hərəkatının öncül ölkələrindən birinə çevrilməyin sayəsində bu kontekstdə inkişafın Azərbaycan modeli formalaşdırılmışdır. Ümumilikdə, Azərbaycan Avropanın müasir infrastruktura malik lider idman ölkələrindən biridir və aparılan dövlət siyasəti sayəsində ölkəmiz bu mövqeyini bundan sonra da qoruyacaq. Məhz bunların fonunda birinci Avropa Oyunlarının ölkəmizə etibar edilməsi təsadüfi xarakter daşımır. Qeyd edim ki, ölkəmiz bu mötəbər beynəlxalq idman yarışının yüksək səviyyədə keçirilməsi üçün müvafiq hazırlıq işlərini intensiv şəkildə uğurla aparıb və əminliklə qeyd edilə bilər ki, Azərbaycan birinci Avropa Oyunlarına tam hazırdır.

Qeyd etdiyim kimi, ötən zaman müddətində birinci Avropa Oyunlarına hazırlıqla bağlı respublikamızda genişmiqyaslı işlər həyata keçirilib. Bütün hazırlıq işləri isə Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyevanın rəhbərlik etdiyi “Bakı-2015” birinci Avropa Oyunları Təşkilat Komitəsi tərəfindən həyata keçirilir. Avropanın idman ictimaiyyətinin nümayəndələri də iyun ayında Bakının ev sahibliyi edəcəyi birinci Avropa Oyunlarının əhəmiyyətini vurğulamaqla yanaşı, ölkəmizin birinci xanımı Mehriban Əliyevanın rəhbərliyi ilə çalışan Təşkilat Komitəsi tərəfindən aparılan hazırlıq işlərini yüksək qiymətləndirirlər.

Ümumiyyətlə, “Bakı-2015” ilk Avropa Oyunlarının əhəmiyyətini, gətirəcəyi dividendləri diqqətə çatdırmaq üçün bir sıra məqamlara toxunmaq istəyirəm. İlk növbədə, birinci Avropa Oyunları Azərbaycanın malik olduğu yüksək dəyərlərin dünyada təbliği baxımından müstəsna əhəmiyyət kəsb etməklə yanaşı, yarışların iqtisadi baxımdan ölkəmizə böyük dividendlər gətirəcəyi də şəksizdir. Bu baxımdan, birinci Avropa Oyunlarına hazırlıq məqsədilə yaradılan idman və digər infrastruktur obyektlərinin uzun illər bundan sonra da xalqımıza xidmət edəcəyini xüsusi vurğulamaq gərəkdir.

Bununla yanaşı, birinci Avropa Oyunlarının Azərbaycanın turizm imkanlarının təbliği baxımından əhəmiyyəti isə daha böyükdür. Ölkəmiz geniş turizm potensialına malikdir, respublikamızda turizmin müxtəlif növləri sürətlə inkişaf edir, paytaxt Bakıda və bölgələrdə çoxlu sayda yüksək səviyyəli turistyerləşdirmə obyektləri istifadəyə verilib. Yarışlar zamanı ölkəmizə gələn turistlərin sayının çox olacağı proqnozlaşdırılır. Güman olunur ki, birinci Avropa Oyunları keçirilən dövrdə yayımlardan və ölkəmizə gələn tursitlərin xərclərindən böyük məbləğdə vəsait əldə etmək mümkün olacaq. Yarışların gəlirləri yalnız yarış ərəfəsində ölkəyə gələn turistlərin xərcləyəcəyi vəsaitlə məhdudlaşmayacaq. Yarışlar zamanı ölkəmizin turizm potensialı ilə tanış olan qonaqlar, təbii ki, sonrakı illərdə də respublikamıza gəlməyə can atacaqlar. Birinci Avropa Oyunları Azərbaycan üçün gəlirli layihə hesab oluna bilər.

Beləliklə, birinci Avropa Oyunları Azərbaycanın və Avropanın idman tarixində əlamətdar hadisə olacaq. Eyni zamanda, bu Oyunlar Azərbaycan dövlətinin qüdrətini  nümayiş etdirəcək.

- İlk Avropa Oyunları ərəfəsində anti-Azərbaycan və ermənipərəst dairələr, o cümlədən ölkəmizdəki “beşinci kolon” nümayəndələri Azərbaycana qarşı “qara piar” kampaniyası aparırlar...

- Dinamik inkişafa, əsaslı ictimai-siyasi sabitliyə, yüksək beynəlxalq nüfuza malik olan Azərbaycana qarşı “qara piar” kampaniyasına bundan öncə də dəfələrlə rast gəlmişik. Xüsusilə də, Azərbaycanın uğurlarını qəbul edə bilməyən qüvvələr, ermənipərəst dairələr ölkəmizin beynəlxalq nüfuzuna xələl gətirmək, yanlış beynəlxalq ictimai rəy formalaşdırmaq üçün “qara piar” kampaniyası aparır, həqiqətə uyğun olmayan fikir və bəyanatlarla çıxış edirlər. Xatırlayırsınızsa, “Eurovision-2012” mahnı müsabiqəsi zamanı da biz bu cür hallara rast gəldik və o zaman istər anti-Azərbaycan dairələr, istərsə də ölkə daxilindəki “beşinci kolon” nümayəndələri yüksək canfəşanlıq edirdilər. Bu, olduqca təəssüf doğursa da, əslində, heç də təəccüblü deyil.

Ümumiyyətlə, Azərbaycana qarşı təzyiq cəhdləri ölkəmizin müstəqil siyasətini – siyasi iradəsini qəbul edə bilməmək səbəbindən irəli gəlir. Bir məqamı xatırlatmaq istəyirəm: hələ 1994-cü ildə “Əsrin müqaviləsi”nin imzalanması ərəfəsində bəzi xarici dairələr ölkəmizə təzyiq etmək, hərc-mərclik yaratmaq üçün çevriliş cəhdləri etdilər, amma Ümummilli liderimiz Heydər Əliyevin titanik, yorulmaz fəaliyyəti, səyləri sayəsində bütün bu dağıdıcı aktların qarşısı alındı, ölkəmiz uğurla beynəlxalq birliyə inteqrasiya edərək tərəqqi yolunda inamla irəlilədi. Məhz o zaman da, bu gün də  ermənilər, ermənipərəst qüvvələr və anti-Azərbaycan dairələri ölkəmizin müstəqil siyasətinə mane olmaq üçün bütün vasitələrə istinad edirdilər. Ermənilər o zaman deyirdilər ki, Bakını Beyruta, Azərbaycanı isə Livana çevirəcəyik. Bu istiqamətdə də təxribatçı fəaliyyət göstərir, əllərindən gələni edirdilər. Amma qeyd etdiyim kimi, Ulu öndər Heydər Əliyevin uzaqgörən, uğurlu siyasəti sayəsində Azərbaycan bu cür dağıdıcı ssenarilərin təsirinə məruz qalmadan inkişaf yoluna çıxdı, ölkədə əmin-amanlıq, sabitlik təmin olundu.

Məhz bu gün Azərbaycana qarşı bu cür dağıdıcı aktlarla təzyiq etmək mümkün olmadığı üçün anti-Azərbaycan və ermənipərəst dairələr təblğat və “qara piar” kampaniyası kimi vasitələrlə ölkəmizə təzyiq mexanizmi formalaşdırmağa çalışırlar. İlk Avropa Oyunları ərəfəsində bu kampaniyanın elementləri aşkar hiss edilir, amma əminliklə deyə bilərəm ki, bu cür cəhdlər birmənalı olaraq heç bir nəticə verməyəcək.

Çox təəssüf və təəccüb hissi ilə demək istəyirəm ki, bu kampaniyada “sapı özümüzdən olan baltalar” fəallıq etməyə çalışırlar. Amma təbii ki, bu cür cılız səylərin heç bir əhəmiyyəti, təsir imkanları yoxdur. Azərbaycan Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə müstəqillik yolunda inamlı irəliləyir, ölkəmizin dinamik inkişafı davam edir və beynəlxalq mövqeyimiz davamlı olaraq möhkəmlənir!

DİGƏR MÜSAHİBƏLƏR Arxiv