YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

MÜSAHİBƏLƏR

Çoxəsrlik dövlətçiliyimiz tarixində Ümummilli lider Heydər Əliyevin müstəsna yeri vardır

Müsahibimiz Azərbaycan Respublikasının Rabitə və Yüksək Texnologiyalar naziri, YAP Siyasi Şurasının üzvü Əli Abbasov

- Əli müəllim, may ayının 10-da Ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü tamam olur. Ulu öndərimizin dövlətçiliyimiz tarixində yeri və rolunu necə qiymətləndirirsiniz?

- Çoxəsrlik dövlətçiliyimiz tarixində Ümummilli lider Heydər Əliyevin müstəsna yeri vardır. Tarixin yetirdiyi ən böyük və görkəmli şəxsiyyətlərdən olan Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi, iki tamamilə fərqli və olduqca mürəkkəb ictimai-siyasi mühitdə ölkəmiz yüksək zirvələrə qalxa bilmişdir. Heydər Əliyev birinci dəfə hakimiyyətə gələndə iqtisadi və mədəni tənəzzül dövrünü yaşayan Azərbaycan sovet məkanında ən geridə qalmış respublikalardan biri idi.

Məhz Heydər Əliyevin rəhbərliyi ilə aparılan böyük quruculuq işləri nəticəsində Azərbaycan SSRİ-də ən qabaqcıl yerlərə çıxmış, aqrar respublikadan sənaye respublikasına çevrilmişdir. O illərdə xüsusilə neft-qaz sənayesi, kənd təsərrüfatı, elm və texnologiya sahələrində yaradılmış potensial Azərbaycan üçün böyük imkanlar açmış və o potensial bu gün də müstəqil dövlətimizə xidmət göstərir. Bu illəri xatırlayan insanlar deyə bilərlər ki, Azərbaycan tarixinin sovet dövrünün ən parlaq səhifəsi məhz ulu öndər Heydər Əliyevin fəaliyyəti ilə bağlıdır. Heydər Əliyevin qətiyyəti, cəsarəti, təcrübəsi, dünyagörüşü və düşünülmüş siyasəti sayəsində Azərbaycanda sürətli yüksəliş dövrü başlamış və 1969-1982-ci illər ölkə tarixində Heydər Əliyevin rəhbərliyi ilə inkişaf illəri kimi qalacaqdır. Heydər Əliyev 1982-1987-ci illərdə Sovet İttifaqının ali rəhbərliyində təmsil olunduğu vaxtlarda da öz qayğısını Azərbaycandan əsirgəməmiş və Onun ürəyi doğma xalqının xoşbəxtliyi üçün çırpınmışdır.

- Azərbaycanda telekommunikasiya və informasiya texnologiyaları sahəsinin inkişaf istiqamətlərinin müəyyənləşməsində başlıca amil nədən ibarət olmuşdur?

- Azərbaycanda telekommunikasiya və informasiya texnologiyaları sahəsinin inkişaf strategiyası da Ümummilli liderimiz Heydər Əliyev tərəfindən müəyyənləşdirilmişdir. Hələ Sovet İttifaqının tərkibində olarkən respublikanın inkişaf perspektivlərinin elmtutumlu sahələrin genişləndirilməsi ilə birbaşa bağlı olduğunu görən Heydər Əliyev İKT sahəsinə diqqət yetirmiş və bugünkü inkişafının təməlini qoymuşdur. Ulu öndər Heydər Əliyevin səyləri nəticəsində 1970-80-ci illərdə Azərbaycan Elmlər Akademiyasında, ali məktəblərdə və sahə institutlarında elektron avadanlıqlar və telekommunikasiya texnologiyaları üzrə kadr hazırlığı genişləndirilmiş, istedadlı alimlər və təcrübəli mütəxəssislər yetişdirilmişdir. Dinamik inkişaf edən bu sahəni yüksək ixtisaslı kadrlarla təmin etmək üçün hər il Moskvanın, eləcə də keçmiş SSRİ-nin digər şəhərlərinin aparıcı elm və təhsil ocaqlarına gənclərin göndərilməsi həmin illərdə gözəl ənənə halını almışdır. İndiki Bakı Dövlət Universiteti, Dövlət Neft Akademiyası, Azərbaycan Texniki Universiteti, Dövlət İqtisad Universiteti, Sumqayıt Dövlət Universiteti, Lənkəran Dövlət Universiteti, Naxçıvan Dövlət Universiteti kimi ali təhsil müəssisələrində İKT ixtisasları üzrə mütəxəssislərin hazırlanmasına xidmət edən maddi-texniki bazalar yaradılmışdır.

Kibernetika İnstitutu, Kosmik Tədqiqatlar Mərkəzi, İnformasiya Telekommunikasiya Elmi Mərkəzi, “Neftqazavtomatika” və s. kimi mühüm elmi tədqiqat müəssisələri yaradılmış, “AZON”, “NORD” elm istehsalat birlikləri, radio, elektron hesablama maşınları zavodları, “Peyk”, “Ulduz” kimi nəhəng istehsalat kompleksləri tikilib istifadəyə verilmişdir. Təqdirəlayiq haldır ki, ümumən 30-dan artıq belə müəssisə təkcə Bakıda deyil, həmçinin Naxçıvanda, Mingəçevirdə, Gəncədə, Sumqayıtda, indiki Tərtər və Şirvanda da işə salınmışdır.

Ulu öndər Heydər Əliyevin birbaşa köməyi ilə Azərbaycana ilk böyük elektron hesablama maşını-BESM-6 gətirilmiş və bu hadisə idarəetmədə ilk tətbiqlərdən olan respublika avtomatlaşdırılmış idarəetmə sistemi –“RASU Azərbaycan”ı yaratmağa və respublika iqtisadiyyatı üçün ciddi hesablamalar tələb edən müxtəlif məsələlərin avtomatlaşdırılmış həllinə imkan vermişdir. Daha sonra respublika kompüter şəbəkəsi, akademşəbəkə, bütün SSRİ-də tanınan və istifadə olunan avtomatlaşdırılmış neftçıxarma idarəetmə sistemləri və kompleksləri yaradılmışdır.

Beləliklə, respublikada yeni və son dərəcə perspektivli bir sənaye sahəsi təşkil olunmuş və onun elmi potensialı formalaşdırılmışdır. Elmi tədqiqat işlərinin səmərəliliyini artırmaq və nəticələrini əyani olaraq sınaqdan keçirmək üçün elmi tədqiqat institutlarının nəzdində “Kristal”, “Registr”, “Tellur”, “Kibernetika”, “Biotex”, “Mikroelektronika”, “Kaskad” xüsusi konstruktor büroları fəaliyyət göstərməyə başlamışdır.

- Ulu öndər Heydər Əliyev müstəqil Azərbaycana rəhbərlik etdiyi dövrdə həyatımızın bütün sahələrində olduğu kimi, müasir rabitə sisteminin qurulması və inkişafında da müstəsna xidmətlər göstərib. Bu haqda nə deyə bilərsiniz?

- Ümummilli lider Heydər Əliyevin Azərbaycana rəhbərliyinin ikinci dövründə ölkənin ictimai-siyasi, sosial, iqtisadi, elmi-mədəni həyatında dönüş yaranmış, beynəlxalq norma və prinsiplərə uyğun müstəqil dövlət quruculuğu prosesi başlanmışdır. Azərbaycan dövlətinin xarici siyasəti, dünyanın aparıcı dövlətləri və beynəlxalq təşkilatları ilə əlaqələri milli maraqlara və uzaqgörən siyasi perspektivlərə əsaslanan xətlə inkişaf etmişdir. Ölkəmizin müstəqilliyinin möhkəmlənməsi, dinamik iqtisadi inkişaf yolu ilə inamla irəliləməsi, beynəlxalq nüfuzunun sürətlə artması Heydər Əliyevin yorulmaz fəaliyyəti sayəsində mümkün olmuşdur.

Azərbaycanın iri beynəlxalq layihələrdə iştirakı, Böyük İpək yolunun bərpası, nəqliyyat dəhlizlərinin Azərbaycan ərazisindən keçməsi Heydər Əliyevin inkişaf strategiyasının həyata keçirilməsinin bəhrəsidir. Bütün həyatını xalqa sədaqətlə xidmətə həsr etmiş ümummilli liderimizin 2001-ci ilin noyabr ayında keçirilən Dünya Azərbaycanlılarının I qurultayında söylədiyi “Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam” kəlamı onun bütün ömrünü Azərbaycan xalqının inkişafına sərf etdiyinin bariz nümunəsidir.

Heydər Əliyev müstəqil Azərbaycana rəhbərlik etdiyi dövrdə həyatımızın bütün sahələrində olduğu kimi, müasir rabitə sisteminin qurulması və inkişafında da sözün həqiqi mənasında inqilab baş vermişdir. Onun əvəzsiz xidmətləri, birbaşa köməyi və qayğısı sayəsində ölkəmiz rabitə sahəsi üzrə dünyada özünəməxsus yer tutmuşdur.   

Müstəqilliyin ilk illərində ölkəmizin düçar olduğu gərgin vəziyyətdə belə Ümummilli lider Heydər Əliyev İKT-nin inkişafına xüsusi diqqət verir və bu sahədə yüksəlişə nail olmaq üçün səy göstərirdi. 1993-cü ilin avqustunda Heydər Əliyev Azərbaycanla Amerika qitəsi arasında birbaşa rabitənin yaradılmasına imkan verən peyk rabitə sisteminin açılışını etmişdir. Nəticədə ölkə iqtisadiyyatında ilk xarici investisiyalar məhz telekommunikasiya sahəsinə yatırılmışdır. 1994-cü ildə “Baksell” və 1996-cı ildə “Azərsell” birgə müəssisələri yaradılmış və beləliklə Azərbaycanda mobil rabitənin əsası qoyulmuşdur. 1996-cı ildən başlayaraq “AzEvroTel” və “Ultel” birgə müəssisələri lokal telekommunikasiya şəbəkəsi üzrə xidmət göstərməyə başlamışdır. Hal-hazırda informasiya texnologiyaları bazarında aparıcı mövqelərə malik olan “AZEL”, “Azerin”, “Sinam”, “R.İ.S.K.”, “Ultra”, “BestComp” və s. özəl şirkətlərin yaradılması da həmin dövrlərə təsadüf edir.

Azərbaycanda internetin təşəkkül taparaq inkişaf etməsində Ulu öndərin İKT sahəsinə müstəsna əhəmiyyət verməsinin nəticəsidir. 1994-cü ildə Azərbaycan Elmlər Akademiyasının (AEA) Avtomatlaşdırılmış İdarəetmə Sistemləri (AİS) şöbəsində (indiki İnformasiya Texnologiyaları İnstitutu) internetin ilk qovşağı yaradılmış və “Türksat” süni peyki vasitəsilə Türkiyənin Orta Doğu Texniki Universitetinin İnternet mərkəzi ilə əlaqə kanalı qurularaq Azərbaycanın internetə çıxışı təmin olunmuşdur. 1993-cü ilin avqustunda “.az” domeni rəsmi olaraq Azərbaycanın yüksək domen adı kimi İCANN-də (İnternetdə domen adların və ünvanların verilməsi üzrə Təşkilat) qeydiyyata alınmışdır.

1995-ci ildə Bakı şəhərində Azərbaycanda ilk beynəlxalq telefon stansiyasının, habelə yenidən qurulmuş Şəhərlərarası Telefon Stansiyasının açılışı olmuşdur. Azərbaycanda İKT infrastrukturunun modernləşdirilməsinə yeni texnologiyaların tətbiqinə start verilmiş, ilk elektron ATS-lər qurulmuşdur. Bu fəaliyyətin nəticəsi olaraq ölkəmiz bir çox beynəlxalq təşkilatlara, o cümlədən Beynəlxalq Telekommunikasiya İttifaqına və Ümumdünya Poçt İttifaqına üzv qəbul edilmişdir.

Azərbaycanda radio-televiziya yayımının dünya standartları səviyyəsinə yüksəlməsi və bu sahədəki uğurlar da məhz ümummilli lider Heydər Əliyevin xidmətləridir.  Müstəqil Azərbaycanın reallıqlarını dünya ictimaiyyətinə çatdırmaq, həmçinin blokada şəraitində olan Naxçıvan Muxtar Respublikasının əhalisinin milli televiziya proqlamlarını seyr edə bilməsini təmin etmək məqsədilə 1996-cı ildə AzTV 1 milli televiziya proqramı “Türksat” süni peyki vasitəsilə yayımlanmağa başlamışdır. Əsası 1981-ci ildə Heydər Əliyev tərəfindən qoyulan Teleqüllə məhz onun səyləri ilə 1996-cı ildə istifadəyə verilmişdir.

- İKT-nin inkişafında Ulu öndərin təsdiq etdiyi “Azərbaycan Respublikasının inkişafı naminə informasiya-kommunikasiya texnologiyaları üzrə Milli Strategiya (2003-2012-ci illər)”nın əhəmiyyəti nədən ibarət olmuşdur?

- Ulu öndərin 2003-cü ildə təsdiq etdiyi “Azərbaycan Respublikasının inkişafı naminə informasiya-kommunikasiya texnologiyaları üzrə Milli Strategiya (2003-2012-ci illər)” İKT sahəsində dövlət siyasətini, məqsəd və vəzifələri, prioritetləri və fəaliyyət istiqamətlərini müəyyən edən əsas sənəd olmuşdur. Bununla ölkəmiz 2000-ci ildə BMT-nin keçirdiyi Minilliyin Sammitinin qərarına müvafiq olaraq İKT sahəsi üzrə Milli Strategiya qəbul etmiş ilk ölkələr sırasında, Cənubi Qafqazda isə birinci olmuşdur. Bu sənəd Azərbaycan dövlətinin İKT sahəsinə diqqətini cəmiyyətimizə və bütün dünyaya bəyan etmişdir. Heydər Əliyevin müəyyən etdiyi strateji istiqamətlər hələ uzun illər müstəqil Azərbaycan dövlətinin çiçəklənməsi, iqtisadi qüdrətinin artırılması, xalqımızın layiq olduğu xoşbəxt həyata qovuşması işinə xidmət edəcəkdir.

Bu gün Azərbaycan dünyada ən sürətli iqtisadi inkişaf tempinə malik dövlətlər sırasındadır. Ölkənin iqtisadi potensialının hərtərəfli inkişafının təmin edilməsi, əhalinin həyat səviyyəsinin yüksəldilməsi, yeni iş yerlərinin açılması, əmək haqlarının və pensiyaların dəfələrlə artırılması, regionların sosial-iqtisadi inkişafının sürətləndirilməsi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müəllifi olduğu inkişaf konsepsiyasının həyata keçirilməsinin parlaq təzahürləridir. Bir tərəfdən düşünülmüş siyasət və uğurlu sosial-iqtisadi strategiya, digər tərəfdən isə xarici tərəfdaşlarla səmərəli əməkdaşlıq regionda genişmiqyaslı enerji, nəqliyyat və informasiya dəhlizlərinin formalaşmasında Azərbaycanın rolunu artırmışdır.

Azərbaycanda gələcəyə istiqamətlənmiş, iqtisadiyyatın hər bir sektorunun davamlı inkişafına, zəngin təbii sərvətlərin insan kapitalına çevrilməsinə və cəmiyyətin hər bir üzvünün rifahına xidmət edən dövlət siyasəti həyata keçirilir. Təsadüfi deyildir ki, qloballaşan dünyada sosial-iqtisadi yüksəlişin lokomotivi sayılan İKT-nin inkişafı bu siyasi kursun prioritet istiqamətidir. Gələcək inkişafımızın əsas qayəsinin şaxələndirmə və modernləşmə, iqtisadiyyatın enerji sahəsindən asılılığının azaldılması ilə bağlı olduğunu vurğulayan  Prezident İlham Əliyev demişdir: “...İnkişaf etmiş ölkələrin təcrübəsinə nəzər salsaq görərik ki, onlarda uğurun əsas səbəbi neft-qaz deyil, bilikdir, savaddır, müasirlikdir.....”. Cənab Prezident 2003-cü il dekabrın 12-də Cenevrədə keçirilən və bəşəriyyətin gələcək inkişafı baxımından mühüm hadisə olan İnformasiya Cəmiyyəti üzrə Dünya Sammitində “Qara qızılı insan qızılına çevirək” tezisini səsləndirməklə ölkəmizdə yeni inkişaf mərhələsinin əsasının qoyulduğunu dünyaya bəyan etmişdir.

Ümummilli liderin imzaladığı Milli Strategiyadan irəli gələn vəzifələrin həyata keçirilməsi üçün şərti olaraq “Elektron Azərbaycan” adlandırılmış Dövlət Proqramları (2005-2008-cil illər və 2010-2012-ci illər) qəbul edilmiş və onların yerinə yetirilməsi nəticəsində İKT sektorunun infrastrukturu müasir texnologiya və avadanlıqların tətbiqi ilə təkmilləşdirilmiş, güclü qanunvericilik bazası formalaşdırılmış, davamlı və dayanıqlı inkişaf üçün etibarlı zəmin yaradılmışdır.

Ölkəmizdə İKT sektoru hal-hazırda aparıcı iqtisadiyyat sahəsi kimi dinamik inkişaf edir, eyni zamanda, digər sosial-iqtisadi sahələrin inkişafında və ümumilikdə cəmiyyətin həyatında fəal rol oynayır. Son 10 il ərzində sektorun həcmi təqribən 20-25% orta illik artım tempi ilə artaraq 2.0 milyard ABŞ dollarını ötmüşdür. Bu müddətdə sektora 3.0 milyard ABŞ dolları investisiya qoyuluşu həyata keçirilmiş və bunun da 80%-ə yaxını yerli və xarici biznes strukturları tərəfindən yatırılmışdır. Cəmiyyətdə İKT-dən istifadəyə əlverişli şəraitin yaradılması, əhaliyə yüksək keyfiyyətli xidmətlərin göstərilməsi, biznes fəaliyyətinin müasir tələblərə uyğun qurulması üçün məqsədyönlü işlər görülmüşdür.

Azərbaycan İKT sahəsinin inkişafı üzrə əldə edilmiş bir çox nailiyyətlərə görə MDB məkanında liderlər sırasındadır. Məsələn, MDB ölkələri arasında ilk dəfə Azərbaycanda sabit telefon şəbəkəsi tam elektronlaşdırılmış, bütün yaşayış məntəqələri telefonlaşdırılmış və bölgə mərkəzləri magistral fiber-optik şəbəkə ilə birləşdirilmişdir. Ölkənin əhali yaşayan ərazisi tamlıqla çoxproqramlı radio və televiziya yayımı ilə əhatə edilmişdir. Cənubi Qafqaz və Mərkəzi Asiya ölkələri arasında rəqəmli televiziya yayımı ilk dəfə Azərbaycanda tətbiq olunmağa başlanmış və hazırda bu yayım texnologiyası əhalinin 99%-nin yaşadığı əraziləri əhatə edir.

Ölkədə ən qabaqcıl texnologiyalar tətbiq edilir, onların sırasında sabit şəbəkədə “Yeni nəsil” (NGN), mobil rabitədə 3 və 4-cü nəsil (3G, 4G) texnologiyalarını qeyd edilməlidir. İnternetə bütün müasir vasitəsilə çıxış imkanları yaradılmışdır. İndi əhalinin 73%-i internet, 55%-i isə genişzolaqlı internet istifadəçisidir, hər 100 nəfərə düşən mobil telefonların sayı 110-a çatmışdır. Ölkəmiz İnternet istifadəçilərinin və mobil abunəçilərin sayına görə dünya orta göstəricisini müvafiq olaraq 2 dəfə və 14,3% qabaqlayır. Bütün ev təsərrüfatlarının 53,2%-nin kompüteri, 71,6%-nin isə internetə çıxışı mövcuddur.

- Əli müəllim, ölkəmizin İKT-nin inkişafı sahəsində apardığı siyasət müvafiq beynəlxalq təşkilatlar tərəfindən necə dəyərləndirilir?

- Azərbaycanda İKT-nin inkişafı sahəsində aparılan fəaliyyət nüfuzlu beynəlxalq təşkilatlar tərəfindən də yüksək qiymətləndirilir. Dünya İqtisadi Forumunun “Qlobal İnformasiya Texnologiyaları-2014” hesabatında ölkəmizin “Şəbəkələşmə hazırlığı indeksi” üzrə 144 ölkə arasında 49-cu yeri tutması, eləcə də “İKT-yə dəstəkdə hökumətin uğurları” və “Hökumətin gələcək baxışlarında İKT-yə verilən əhəmiyyət” indekslərinə görə dünya üzrə ilk onluqda yer alması bunun əyani təzahürüdür.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev ölkədə kosmik sənayenin inkişaf etdirilməsinə, peyk texnologiyaları və xidmətlərinin geniş tətbiqinin təmin edilməsinə xüsusi önəm verərək “Azərbaycan Respublikasında kosmik sənayenin yaradılması və inkişafı üzrə Dövlət Proqramı”nı təsdiq etmişdir. Bu Proqram əsasında həyata keçirilən kompleks tədbirlər nəticəsində 2013-cü ildə Azərbaycanın ilk telekommunikasiya peyki “Azerspace-1” orbitə çıxarılmış və bu ölkəmizin əldə etdiyi ən yüksək texniki nailiyyətlərdən olmuşdur.

Bu gün “Azərspace-1” peyki Avropa, Yaxın Şərq, Orta Asiya və Afrika regionları üzrə ümumilikdə 50-dən artıq ölkəyə yüksək keyfiyyətli peyk xidmətləri göstərir və onun vasitəsilə 60-dan çox yerli və xarici teleradio kanallarının yayımı və müxtəlif rabitə kanallarının təşkili həyata keçirilir. Peykdən qəbul edilən məlumatlar həm Azərbaycanda inşa edilmiş Əsas və Ehtiyat Yerüstü Peyk İdarəetmə Mərkəzlərindən, həm də dünya üzrə bir neçə stansiyadan izlənilir. Möhtərəm cənab Prezidentimizin də qeyd etdiyi kimi ilk peykin orbitə buraxılması müstəqillik dövründə imza atdığımız ən böyük uğurlardan biridir, dövlətimizin qələbəsidir və hər bir Azərbaycan vətəndaşı bununla fəxr edə bilər.

Azərbaycanın dünya kosmik ailəsinin üzvünə çevrilməsi istiqamətində həyata keçirilən fəaliyyətin davamı olaraq ölkəmizlə Fransa arasında kosmik sənaye üzrə strateji əməkdaşlıq çərçivəsində 2014-cü ilin iyun ayında Spot 7 yüksək ayırdetməli Yer səthinin məsafədən müşahidə peyki uğurla orbitə çıxarılmışdır. Bu peyk ötən ilin dekabrında milli peyk operatoru “Azərkosmos” ASC və Fransanın “AirbusDefence and Space” şirkəti arasında imzalanmış müqaviləyə əsasən “Azərkosmos” ASC-yə təhvil verilmiş və “Azersky” adlandırılmışdır. Müqavilənin imzalanması mərasimində iştirak edən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev peykdən ilk simvolik görüntünü əldə etməklə “Azersky”ın fəaliyyətinə start vermişdir. Peykin xidmətlərindən müdafiə, təhlükəsizlik, fövqəladə hallar, təbii ehtiyatların tədqiqi, ətraf mühitin mühafizəsi, şəhərsalma, xəritəçəkmə, kənd təsərrüfatı, turizm və s. sahələrdə geniş istifadə ediləcəkdir.

Ölkəmiz 2017-ci ildə isə ikinci telekommunikasiya peykini orbitə çıxarmağı planlaşdırır. Bu hadisələr onu göstərir ki, müstəqil Azərbaycan dövləti cənab Prezident İlham Əliyevin səyləri və uzaqgörən rəhbərliyi ilə sürətlə, hərtərəfli inkişaf edir, böyük uğurlar qazanır.

Azərbaycan Respublikası regionda iqtisadi inkişafa, informasiya tranziti imkanlarının artırılmasına, ölkələr arasında sosial-iqtisadi və texnoloji inteqrasiyaya yönəlmiş “Trans-Avrasiya Super İnformasiya Magistralı” və “Avropa-Yaxın Şərq informasiya magistralı” kimi nəhəng layihələrin təşəbbüskarı və fəal iştirakçısıdır.

- Əli müəllim, ötən il ölkə Prezidentinin Sərəncamı ilə “Azərbaycan Respublikasında informasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiya” təsdiq edilmişdir. Bu sənədin icrası hansı perspektivlər vəd edir?

- Ölkəmizdə qarşıya qoyulmuş mühüm vəzifələrdən biri “elektron hökumət”in formalaşdırılmasıdır. Azərbaycan Respublikası Prezidentinin bu məsələyə müstəsna əhəmiyyət verməsi və onun icrasını bilavasitə nəzarətdə saxlaması dövlət idarəçiliyi və ictimai həyatın bütün sahələrində “elektron hökumət” həllərinin tətbiqi ilə vətəndaş-məmur münasibətlərin yeni müstəvidə qurulmasına, şəffaflığın təmin olunmasına, informasiya tələbatının dolğun ödənilməsinə şərait yaratmışdır. Ölkədə “elektron hökumət”in zəruri infrastrukturları yaradılmış, elektron imzanın tətbiqi genişləndirilmiş və dövlət orqanları tərəfindən “elektron hökumət” portalı vasitəsilə mərkəzləşdirilmiş qaydada elektron xidmətlərin göstərilməsinə başlanılmışdır. Hazırda dövlət orqanlarının ümumilikdə 400-dən artıq elektron xidməti “elektron hökumət” portalında əhaliyə təqdim olunur, bu xidmətlərdən istifadə üçün müraciət edənlərin sayı 1 milyon nəfəri keçmişdir, dövlət qurumlarının əməkdaşlarına, hüquqi və fiziki şəxslərə 30000-ə yaxın elektron imza verilmişdir. Dövlət qulluqçularının elektron idarəçilik üzrə bilik və bacarıqlarının artırılması, onlara zəruri metodiki köməkliyin göstərilməsi üçün Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyinin dəstəyi ilə Bakı şəhəri və 15 bölgədə fəaliyyət göstərən “Elektron Hökumət” təlim-tədris mərkəzləri yaradılmışdır.

Azərbaycan Respublikası Prezidentinin 2012-ci ildə təsdiq etdiyi “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyası ölkədə uzunmüddətli, uğurlu və dayanıqlı inkişafın təmin edilməsi üçün informasiya və biliklərə əsaslanan rəqabətə davamlı iqtisadiyyatın qurulmasını əsas vəzifə olaraq müəyyənləşdirmişdir. Belə bir hədəfdən irəli gələrək ölkədə müasir dəyərlərə və prinsiplərə söykənən informasiya cəmiyyətinin inkişaf etdirilməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə “Azərbaycan Respublikasında informasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiya” təsdiq edilmişdir. Qəbul olunmuş Milli Strategiya Azərbaycan hökumətinin informasiya cəmiyyəti siyasətinin ardıcıl olduğunu, onun daha da inkişaf etdirilməsində əzmini nümayiş etdirir və bu sahədə görülən fəaliyyətin ölkənin gündəlik həyatı, gələcəyi, beynəlxalq əlaqələri və imici baxımından əhəmiyyətini önə çəkir.

Ölkəmizdə biliklər iqtisadiyyatına keçidin təmin edilməsində yüksək texnologiyaların inkişafına xüsusi əhəmiyyət verilir. Bu baxımdan Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 7 mart tarixli Sərəncamı ilə yaradılmış Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin qarşısında duran əsas vəzifələr ölkədə rəqabət qabiliyyətli yüksək texnologiyalar sektorunun formalaşdırılması, bu sahədə dövlət, elm, təhsil və biznes arasında tərəfdaşlığın möhkəmləndirilməsi, elmtutumlu və yüksək texnoloji məhsulların yaradılması və xarici bazarlara çıxarılmasıdır.

Azərbaycan Respublikası Prezidentinin müvafiq Fərmanı və Sərəncamı ilə İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun və “Yüksək Texnologiyalar Parkı”nın yaradılması qeyri-neft sektorunda İKT-nin qabaqcıl və aparıcı sahə kimi rolunun artırılmasına, müasir elmi və texnoloji nailiyyətlərə əsaslanan İKT sahələrinin genişləndirilməsinə, elmi tədqiqatların aparılmasına, innovasiyaların tətbiqinə xidmət edir. Bu yeni qurumlar iqtisadiyyatın güclənməsinə, xarici investisiyaların cəlb edilməsinə, yeni yaranan şirkətlərin fəaliyyətinə və innovativ təşəbbüslərə (“start-up”lara) maliyyə və təşkilati dəstəyi təmin edirlər.

Ölkəmizdə nüvə texnologiyalarının müasir dövrün tələblərinə və milli mənafelərə uyğun dinc məqsədlərlə istifadəsi, bu sahənin maddi-texniki bazasının yaxşılaşdırılması, yüksəkixtisaslı kadr potensialının gücləndirilməsi və tədqiqatların genişləndirilməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 8 may tarixli 442 nömrəli Sərəncamı ilə Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində “Milli Nüvə Tədqiqatları Mərkəzi” Qapalı Səhmdar Cəmiyyəti yaradılmışdır. Bütün bunların təmin edilməsi üçün Cəmiyyətin qarşısında duran əsas vəzifə müasir tələblərə cavab verən Tədqiqat Nüvə Reaktorunun qurulmasıdır.

Ümummilli lider Heydər Əliyevin və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin İKT sahəsinə verdikləri  önəm və diqqət, onun cəmiyyətin  bütün sahələrində tətbiqinə yönəlmiş məqsədyönlü, müdrik və uzaqgörən siyasətləri ölkədə böyük İKT potensialı yaratmışdır. İndi bu potensial möhkəmləndirilir və dünyada gedən ən qabaqcıl təcrübəni nəzərə alınmaqla yeni istiqamətlərin inkişafına yönəldilir.