YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

MÜSAHİBƏLƏR

İdeoloji təxribatlara qarşı ən etibarlı sipər xalqın birliyidir

Müsahibimiz Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli

- Prezident İlham Əliyev VII çağırış Milli Məclisin ilk iclasında bir çox mühüm məsələlərə, o cümlədən ölkəmizə qarşı ideoloji təxribatlara da toxunaraq önəmli mesajlar verdi, konkret vəzifələri nəzərə çatdırdı. Heç şübhəsiz, bu cür təxribatların yönəldiyi hədəflər sırasında gənclərimiz və milli-mənəvi dəyərlərimiz dayanır. Bu barədə nə deyə bilərsiniz?

- Dünyanı təhdid edən hibrid müharibələr və yeni ideoloji mübarizə üsullarının geniş formada tətbiq edildiyi indiki şəraitdə ölkələr və xalqlar qarşısında duran mühüm vəzifələrdən biri ideoloji təhlükəsizliyin təmin edilməsi ilə bağldır. Azərbaycan da zaman-zaman ideoloji təxribatlarla üzləşib. İdeoloji amillər istər müharibədə, istərsə sülh dövründə geosiyasi mübarizənin əsas komponentlərindən biri olub.

44 günlük Vətən müharibəsində əldə etdiyimiz tarixi Zəfərdən və Qarabağda keçirilmiş bir günlük antiterror tədbirlərindən sonra Azərbaycanın ərazi bütövlüyünün bərpası və dövlət suverenliyinin tam təmin edilməsi ilə bütövlükdə Cənubi Qafqaz bölgəsində yaranmış yeni geosiyasi reallıqlar fonunda bu nailiyyətləri gözü götürməyən müəyyən Qərb dairələri tərəfindən ölkəmizə qarşı ideoloji təxribatlar daha da güclənmişdir. BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının, yəni COP29-un ölkəmizdə keçirilməsi barədə qərardan sonra anti-Azərbaycan qüvvələr daha da fəallaşıblar. Prezident İlham Əliyevin yeddinci çağırış Milli Məclisin ilk iclasında söylədiyi proqram xarakterli tarixi nitqində diqqətçəkən əsas tezislərdən biri də məhz ölkəmizə qarşı davam edən ideoloji təxribatlara qarşı mübarizənin yeni çağırışlara uyğun formalaşdırılması ilə bağlıdır.

Hazırkı dövrdə saxta, yəni “fake news” adlandırılan xəbərlər, özündə hüquqi vasitələrdən “silah” kimi istifadəni ehtiva edən “lawfare” adlı hibrid təhdid növü geniş vüsət alır. İstənilən yalan xəbər çox böyük fəsadlara gətirib çıxara bilər. Azərbaycan bu qara piar kampaniyaları ilə daim üz-üzədir. Cənab İlham Əliyev qarşıda dayanan prioritetləri açıqlayarkən bizə qarşı informasiya müharibəsinin aparıldığını diqqətə çatdırır və Azərbaycanın milli maraqlarını müdafiə etməyin nümunəsini ortaya qoyur.

Müşahidələr, tarixi və siyasi təhlillər onu göstərir ki, dövlət müstəqilliyinin bərpasından sonra Azərbaycanın qarşılaşdığı ideoloji təxribatlar xüsusilə iki istiqamətdə baş verib. Bunlardan biri Ermənistan və dünya erməniliyinin ərazi iddiaları və millətçilik mərəzi üzərində nail olmaq istədiyi hədəflərə yönəlib. Digəri isə xaricdən maliyyələşən anti-Azərbaycan qüvvələrin və radikal ünsürlərin ölkə daxilində milli-mənəvi ideologiyanı zədələmək, ictimai şüuru öz maraqlarına uyğun formalaşdırmaq kimi mənfur niyyətə xidmət edən xəyanətkar planlarıdır. Tarix isə artıq sübut edir ki, indiyə qədər belə cəhdlər nəticə verməyib. Prezident İlham Əliyev də çıxışında bunu xüsusi qeyd edərək bildirdi ki, xalqın həmrəyliyi, xalq-iqtidar birliyi şəraitində istənilən ideoloji təxribatın burada kök salması qeyri-mümkündür. Dövlətimizin başçısı onu da əlavə edib ki, bu, bizi heç də arxayın salmamalıdır: “Biz buna daim hazır olmalıyıq və bizə qarşı aparılan çirkin oyunları ifşa etməliyik, necə ki, edirik, həm rəsmi surətdə, həm ictimai məkanda, həm də media məkanında. Hesab edirəm ki, Azərbaycan xalqı bu gün hər şeyi yaxşı görür, hər şeyi yaxşı bilir - bizim dostumuz kimdir, düşmənimiz kimdir. Əsas meyar ölkələrin bizim suverenliyimizin bərpasına olan münasibətidir, daha başqa uzağa getmək lazım deyil... Ona görə ideoloji təhlükəsizlik məsələləri də daim diqqət mərkəzində olmalıdır, həm dövlət qurumlarının, həm qanunvericilik orqanının, həm də ictimai fəalların. Biz bu məsələ ilə əlaqədar əlbəttə ki, öz addımlarımızı atırıq və atacağıq”.

Dövlət başçısı bu işdə Azərbaycanın gələcək inkişafının əsas təminatçısı kimi gənc nəslin milli ruhda böyüməsini ilkin şərtlərdən biri kimi dəyərləndirmişdir: “... Elə gənc nəsil yetişdirilməlidir ki, həm bilikli, savadlı olmalıdır, həm də Vətənə bağlı olmalıdır. Xarici təsirə boyun əyməməlidir, qürurlu olmalıdır. Zatən qürurlu olmaq üçün bizim şanlı müharibələrimizdən sonra, İkinci Qarabağ müharibəsindən və antiterror əməliyyatından sonra əgər biz qürurlu olmasaq, onda hansı xalq olmalıdır?!... Yəni, öz ölkəmizlə, xalqımızla fəxr etmək üçün ən çox haqlı olan xalq Azərbaycan xalqıdır”. Başqa sözlə, ideoloji təxribatlara qarşı ən etibarlı sipər xalqın birliyidir.

Bu mövqe Ulu Öndər Heydər Əliyev dühasının məhsulu olaraq ölkədə milli yüksəlişi təmin edən dəyərlər sistemini formalaşdıran, nəticədə Azərbaycanın bugünkü uğurlarını şərtləndirən meyara çevrilmiş və hər zaman aktuallığını qoruyub saxlayan azərbaycançılıq ideologiyasının mahiyyətindən doğur.

- Azərbaycan işğaldan azad olunmuş ərazilərdə genişmiqyaslı bərpa-quruculuq işləri apararaq müasir şəhərsalma nümunəsi ortaya qoyur. Qarabağ və Şərqi Zəngəzuru cənnət məkana çevirən bu məqsədyönlü fəaliyyət həm də dövlətimizin gücünun göstəricisidir. Bu məsələ ilə əlaqədar fikirlərinizi bilmək istərdik…

- Erməni işğalı dövründə Azərbaycanın Qarabağ və Şərqi Zəngəzur bölgələrinə vurulmuş və həcmi yüz milyadlarla ABŞ dolları ilə ölçülən ziyanın fonunda 44 günlük Vətən müharibəsində əldə edilən tarixi Zəfərdən ötən 4 il ərzində azad edilmiş ərazilərimizdə həyata keçirilmiş nəhəng tikinti-quruculuq işləri Azərbaycan dövlətinin gücünün və potensialının bariz göstəricisinə çevrilib.

Hazırda bu ərazilər tamamilə yenidən qurulur, sıfırdan ən müasir infrastruktur yaradılır, yeni yollar, hava limanları, elektrik stansiyaları, kəndlər, qəsəbələr tikilir. Hər il dövlət büdcəsindən bu məqsədlə milyardlarla manat vəsait ayrılır, böyük həcmdə investisiyalar cəlb olunur. Əsas məqam isə ondan ibarətdir ki, bütün bu işlər yalnız dövlətimizin öz gücü hesabına, kənardan kömək almadan yerinə yetirilir. Ən qısa müddət ərzində Füzuli, Zəngilan və Laçında ən müasir beynəlxalq standartlara cavab verən hava limanlarının tikintisi, “ağıllı şəhər” və “ağıllı kənd” nümunələrinin dünyaya təqdim edilməsi, min kilometrlərlə rahat yol şəbəkəsinin və ən müasir infrastrukturun yaradılması, böyük enerji layihələrinin reallaşdırılması, yeni texnologiyalar əsasında iri sənaye və istehsal sahələrinin təməlinin qoyulması xalqımıza qürur yaşadan hadisələrdir. Dövlətimizin möhkəm təməllər üzərində dayanması, Azərbaycanın dünyadakı yüksək nüfuzu, ölkəmizə olan yüksək inam və etimad, regionda xüsusi söz və güc sahibi olması bu uğur  formulunu şərtləndirən əsas amillərdir.  

Bir sözlə, Azərbaycan bölgədə yeni reallıqlar yaradır. Qalib xalqın qalib Lideri Qarabağ və Şərqi Zəngəzuru nəinki regionun, hətta bütün dünyanın müasir, əsrarəngiz və təhlükəsiz bölgəsinə çevirməkdə qərarlıdır. Cənab İlham Əliyevin fəaliyyəti dövründə Azərbaycan dövləti bütün hədəflərə yüksək səviyyədə nail olub. Odur ki, işğaldan azad edilmiş ərazilərimizin tezliklə cənnət məkana çevriləcəyinə heç kimin zərrə qədər də şübhəsi yoxdur. Dövlət başçısı yeddinci çağırış Milli Məclisin ilk iclasındakı çıxışında görülən işlərə qiymət verərkən  demişdir: “Qarabağın və Şərqi Zəngəzurun bərpası təbii olaraq bizim hər birimizin önəmli vəzifəsidir. Əgər mən İkinci Qarabağ müharibəsindən sonra görülmüş işləri sadalamağa başlasam, onda gərək bir neçə saat sizin qarşınızda çıxış edim. Sadəcə olaraq, bir neçə rəqəmi sizin və ictimaiyyətin diqqətinə çatdırmaq istərdim. Müharibədən sonra bu ilin sonuna qədər xərclənməyə nəzərdə tutulan vəsait 19 milyard manatdır. Vəsaitin mütləq əksəriyyəti infrastruktur layihələrinə xərclənib. Eyni zamanda, keçmiş köçkünlərin qaytarılması üçün də işlər görülür və səkkiz mindən çox keçmiş köçkün artıq Qarabağa və Şərqi Zəngəzura yerləşib və hər ay, hər il onların sayı artacaqdır”.

İşğaldan azad edilmiş ərazilərimizdə görülən işlər regionun inkişafına böyük təkan verməklə bərabər, investisiya cəlbediciliyini də xeyli dərəcədə artırmaqdadır. Dövlətimiz həmin əraziləri yenidən quraraq dünyanın ən gözəl guşələrindən birinə çevirməyi qarşısına məqsəd qoyub və bu istiqamətdə inamla irəliləyir. Bu gün Azərbaycanın həyata keçirdiyi hər bir layihə dünyada xüsusi maraqla qarşılanır. Çünki son illər dünyada baş verən iqtisadi geriləmələr fonunda Azərbaycan heç bir layihəni təxirə salmır, nəzərdə tutulan bütün planlar uğurla icra olunur. Azərbaycanı fərqləndirən, dünyada önə çıxaran məhz bu amillərdir. 

- Azərbaycan dünya miqyasında ən mühüm və mötəbər beynəlxalq tədbirlərdən birinin keçirilməsi ərəfəsindədir. COP29-a ev sahibliyi etmək iqlim dəyişmələrinə qarşı mübarizədə, “yaşıl enerji”yə keçid prosesində fəal mövqe nümayiş edirən ölkəmizin beynəlxalq nüfuzuna necə təsir edəcək?

- Bu, bir reallıqdır ki, beynəlxalq ictimaiyyətin etibarlı və nüfuzlu üzvü olan Azərbaycan iqlim dəyişmələrinin fəsadlarının aradan qaldırılması işinə hər zaman öz layiqli töhfəsini verir. Azərbaycanın bərpaolunan enerji istehsalı siyasətinin strateji əsasını Prezident İlham Əliyevin 2021-ci il 2 fevral tarixli Sərəncamı ilə təsdiq edilən “Azərbaycan 2030: Sosial-iqtisadi inkişafın Milli Prioritetlər”i təşkil edir. Beş milli prioritetdən biri olan təmiz ətraf mühit və “yaşıl artım” ölkəsi faktoru qarşıya yeni hədəflər qoyur. Dövlət başçısının müvafiq Sərəncamı ilə Azərbaycanda 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi də təsadüfi deyil. Qarabağ və Şərqi Zəngəzur, eləcə də Naxçıvan Muxtar Respublikası “yaşıl enerji” zonası elan olunub. Azad edilmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı bərpa və yenidənqurma prosesində ətraf mühitin qorunması öncül məsələlər sırasındadır. Həmin ərazilərdə “ağıllı şəhər”, “ağıllı kənd” kimi innovativ yanaşmalar tətbiq edilir, ekosistem bərpa olunur. Azərbaycan dünyada “yaşıl enerji”nin inkişaf etməsinə birbaşa töhfələr verir, bunun üçün mühüm təşəbbüslərlə çıxış edir.

Dünyanın ən mötəbər tədbirlərindən olan COP29-un ölkəmizdə keçirilməsi barədə qərar isə xüsusi etimad təzahürü kimi Azərbaycanın nüfuzlu dövlətə çevrildiyini sübut edir. Bu, həmçinin Azərbaycanın iqlim dəyişmələrinin qarşısının alınması işinə verdiyi töhfələrin qlobal səviyyədə təqdir olunması deməkdir. Gələn ay bütün dünya ölkələrinin və beynəlxalq təşkilatların ümumilikdə 80 minədək təmsilçisini ətrafına toplayacaq COP29 Azərbaycanı dünyanın diqqət mərkəzinə çevirən ən böyük beynəlxalq tədbirlərdən biridir.

Respublikamız çoxsaylı mötəbər beynəlxalq siyasi-iqtisadi, mədəni və idman tədbirlərinin keçirildiyi məkana çevrilib. Bununla Azərbaycan həm də aktual problemləri qaldıraraq onların həlli üçün mühüm təşəbbüslərlə çıxış edir. Nümunə üçün deyək ki, Qoşulmama Hərəkatına sədrliyi dönəmində məhz dövlətimiz bu istiqamətdə atdığı tarixi addımlarla onun qlobal siyasətə verdiyi töhfəni əhəmiyyətli dərəcədə zənginləşdirdiyini təsdiq edir. Bu kontekstdə COP29-un qlobal miqyaslı çağırışlarla zəngin olacağı şübhəsizdir.

“Yaşıl dünya” naminə bütün səylərini səfərbər edən Azərbaycanın hədəfi həm də dünyada sülh və sabitliyə nail olmaqdır. Bu baxımdan, COP29 sülh çağırışı tədbiri kimi də xarakterizə edilməlidir. Yeri gəlmişkən qeyd edək ki, cari il ərzində sülh prosesi istiqamətində Azərbaycanla Ermənistan arasında bir çox müsbət addımlar atılıb. İkitərəfli danışıqlar aparılıb, sərhədlərin delimitasiya və demarkasiyasına start verilib. 

Rəsmi İrəvanın prosesdən yayınmaq üçün vaxtaşırı destruktiv addımlarına baxmayaraq, Azərbaycan bölgədə sülh və inkişafa doğru fəaliyyətini böyük əzmlə davam etdirməkdədir. Prezident İlham Əliyev COP29-un ölkəmizdə keçirilməsi ilə əlaqədar əldə olunan razılaşmaları məhz sülh gündəliyi əsasında meydana çıxan mühüm məqam kimi dəyərləndirmişdir. Başqa sözlə, bu qlobal tədbir iqlim dəyişmələrinin qarşısının alınması üçün beynəlxalq səylərin birləşdirilməsinə böyük töhfə verməklə yanaşı, həm də Azərbaycanın sülhpərvər dövlət olduğunu bir daha dünyaya bəyan edəcək.