YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

MÜSAHİBƏLƏR

Cənubi Qafqazın təhlükəsizliyinin təmin olunmasında aparıcı rol Azərbaycana məxsusdur

Müsahibimiz Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini Sevinc Fətəliyeva

-Sevinc xanım, bir neçə gün öncə Almaniyada Münxen Təhlükəsizlik Konfransı keçirildi. Ümumiyyətlə, bu beynəlxalq platformanın əhəmiyyəti haqqında nə deyə bilərsiniz?

- Münxen Təhlükəsizlik Konfransı (MTK) beynəlxalq təhlükəsizlik məsələlərinin müzakirə olunduğu dünyanın ən aparıcı forumu hesab edilir, qlobal səviyyədə ən vacib və aktual problemlər üzrə diplomatik təşəbbüslər üçün platforma rolunu oynayır. Platformanın missiyası dövlət və hökumət başçıları, siyasətçilər, parlamentarilər, araşdırma mərkəzləri, özəl sektor, QHT-lər, media və beynəlxalq təhlükəsizlik sahəsində ixtisaslaşan təşkilat və mütəxəssislər arasında davamlı və qeyri-rəsmi dialoq yaratmaqla etimad qurmaq, qlobal və regional problemlərin, münaqişələrin həllinə töhfə verməkdir. MTK əsas konfransla yanaşı, həm tədbir çərçivəsində, həm də il ərzində müxtəlif mövzularda və fərqli regionlarda müzakirə görüşləri təşkil edir. Bir sözlə, Münxen Təhlükəsizlik Konfransı hərtərəfli təhlükəsizlik konsepsiyasını ehtiva edir. Yəni, ənənəvi milli və hərbi təhlükəsizlik anlayışları ilə məhdudlaşmayaraq, digər əhəmiyyət kəsb edən iqtisadi, ətraf mühit, humanitar sahələrə də yer ayırır.

1963-cü ildən keçirilən Münxen Təhlükəsizlik Konfransının əsas şüarı “Dialoq vasitəsilə sülh”dür. İlk onilliklərdə MTK əsasən alman siyasətçiləri və hərbçilərinin ABŞ və NATO üzv ölkələrindən olan həmkarları ilə fikir mübadiləsinin aparıldığı məkan idi. Soyuq müharibənin başa çatması ilə Münxen Təhlükəsizlik Konfransı coğrafi əhatəsini genişləndirərək və ənənəvi Qərb dünyası”ndan kənara çıxaraq Mərkəzi və Şərqi Avropa, Rusiya, daha sonra isə Azərbaycan da daxil olmaqla yeni müstəqillik qazanmış, Latın Amerikası, Asiya, Yaxın Şərq ölkələrini də öz dairəsinə cəlb etməyə başladı.

Münxen Təhlükəsizlik Konfransının builki - sayca 59-cu görüşündə də ənənəvi olaraq müasir xarici siyasət və beynəlxalq təhlükəsizliyin ən aktual məsələləri müzakirə edilib. Konfransda 40 dövlətin lideri və müxtəlif ölkələri təmsil edən xeyli sayda hökumət nümayəndələri iştirak edib.

- Bu mühüm beynəlxalq platformada Azərbaycanın iştirakının önəmi nədən ibarətdir?

-Azərbaycan Prezidenti İlham Əliyevin Münxen Təhlükəsizlik Konfransına dəvət alması və konfrans çərçivəsində müxtəlif tədbirlərdə iştirakı, önəmli görüşlər keçirməsi dövlətimizin başçısının dünya miqyasında yüksək nüfuzunun göstəricisidir. Prezident İlham Əliyev builki MTK-da iştiraka dəvət olunan və iştirakı diqqət mərkəzində olan az sayda dövlət başçılarından biridir.

Dövlətimizin başçısının Konfransın əsas proqramındakı iki iclasda iştiraka dəvət edilməsi onun şəxsiyyətinə böyük hörmətin göstəricisi, habelə ölkəmizin enerji təhlükəsizliyi kimi qlobal miqyaslı aktual mövzu üzrə və Cənubi Qafqazın təhlükəsizliyinin təmin olunmasında aparıcı rolunun qəbul edilməsidir. Avropanın enerji təhlükəsizliyinin təmin olunması, enerji marşrutlarının şaxələndirilməsi, yaşıl enerji, regional kommunikasiya xətlərinin açılması, Orta Dəhliz kimi məsələlərdə ölkəmizin təşəbbüsləri və apardığı uğurlu siyasət, qurduğu səmərəli əməkdaşlıq əlaqələri, Cənubi Qafqazda fəal şəkildə təşviq etdiyi sülh gündəliyi Münxen Təhlükəsizlik Konfransı kimi mötəbər forumun maraq dairəsindədir.

Konfrans çərçivəsində Azərbaycan Prezidentinin bir sıra dövlət və hökumət başçıları, beynəlxalq təşkilat rəhbərləri, rəsmi şəxslər, şirkət rəhbərləri ilə ikitərəfli görüşləri keçirildi ki, bu da xarici siyasətimizin, beynəlxalq əlaqələrimizin inkişafı baxımından önəmli amillərdir.

-Azərbaycan ictimaiyyəti Münxendə "Dağları aşmaq? Cənubi Qafqazda təhlükəsizliyin qurulması" mövzusunda keçirilən plenar iclası diqqətlə izlədi. Bu məsələ medianın gündəm mövzularından biridir. Panel iclasla bağlı sizin fikirlərinizi də bilmək istərdik...

- Prezident İlham Əliyevin dediyi kimi, bu tarixi görüşdür. Çünki ilk dəfədir ki, Cənubi Qafqazın üç ölkəsinin lideri ilk dəfədir ki, görüşürdü. Plenar iclasda dövlətimizin başçısı Vətən müharibəsindən sonrakı vəziyyət, Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması, sülh prosesi haqqında fikirlərini ifadə etdi. Cənab Prezident plenar iclasda Azərbaycanda Dağlıq Qarabağ” adlı inzibati ərazi vahidinin olmadığını bəyan edərək hamıdan ölkəmizin suverenliyinə və Konstitusiyasına hörmətlə yanaşmasını tələb etdi. Dövlətimizin başçısı Azərbaycanın Qarabağ bölgəsinin mövcud olduğunu və orada məskunlaşan ermənilərin ölkəmizdə yaşayan digər milli azlıqlar kimi bərabər hüquq və imtiyazlara malik olduqlarını, onların təhlükəsizliyinin də tam təmin edildiyini bir daha bəyan etdi.

Xatırlayırıq ki, 2020-ci ilin fevral ayında Münxendə Azərbaycan və Ermənistan liderləri arasında keçirilən debatda Nikol Paşinyan dövlətimizin başçısının arqumentləri, səlis məntiqi qarşısında aciz qalmışdı. Həmin debatdan bir neçə ay sonra Vətən müharibəsi nəticəsində Azərbaycan torpaqlarını işğaldan azad etdi. Budəfəki panel iclasında da cənab Prezident əsaslı arqumentlər və faktlarla erməni tərəfini susdurdu. Torpaqlarımızı BMT Nizamnaməsinin 51-ci fəslinə əsasən azad etdiyimizi deyən dövlətimizin başçısı vurğulayıb: Biz də bu haqqımızdan istifadə etdik. Biz öz ərazimizdə döyüşmüşük. Bizim apardığımız müharibə torpaqların azadlığı uğrunda müharibə idi. Ona görə də o, ədalətli müharibə idi. Apardığımız müharibənin məqsədi torpaq işğal etmək deyildi. Ona görə də bir nəfər əsgərimiz belə döyüş meydanını tərk etmədi. 44 gün ərzində şəhər və kəndlərimiz “İsgəndər” raketləri ilə atəşə tutulduğunda belə heç kəs döyüş meydanını tərk etmədi. Ermənistanda isə fərarilərin sayı 11 minə çatmışdı. Niyə? Ona görə yox ki, onlar döyüş meydanında uduzurdular. Ona görə ki, onların apardığı müharibə işğalçı müharibə idi”.

Panel iclasında Prezident İlham Əliyev Qarabağın erməni əhalisi ilə təmasların yalnız bu torpaqda doğulmuş ermənilərlə olacağını bəyan etdi. Kənardan göndərilmiş hansısa erməni ilə heç vaxt ünsiyyət qurulmayacaq. Bütövükdə, bu platforma çərçivəsində dövlətimizin başçısı milli maraqlarımızı yüksək səviyyədə qorudu.

- Sevinc xanım, ABŞ-ın Dövlət katibi Antoni Blinkenin təşəbbüsü ilə Münxendə üçtərəfli görüş baş tutdu. Bu görüşün əhəmiyyəti nədən ibarətdir?

- Azərbaycan Cənubi Qafqazda sülh, təhlükəsizlik və əməkdaşlığın təmin olunması istiqamətində bütün beynəlxalq təşəbbüsləri dəstəkləyir. ABŞ-da belə bir təşəbbüslərlə çıxış edən dövlətdir. Prezident İlham Əliyev ABŞ Dövlət katibi Antoni Blinken və Ermənistanın baş naziri Nikol Paşinyan ilə birgə görüşdən sonra televiziya kanallarına müsahibəsində bu görüş haqqında məlumat verib. Dövlətimizin başçısı sülh sazişində Qarabağ haqqında hər hansısa müddəanın olmasının qəbuledilməz olduğunu, sülh müqaviləsinin beynəlxalq norma və prinsiplər əsasında tərtib edilməsinin vacibliyini şərt kimi diqqətə çatdırdı. Laçın-Xankəndi yolundakı ekofəalların aksiyasını şərh edən Prezident İlham Əliyev bunun blokada olmadığını, sərvətlərimizin qanunsuz istismarının dayandırıılmasına xidmət etdiyini və buna nail olunmayana qədər ictimai fəallarımız şərəfli missiyasından əl çəkməyəcəklərini söylədi.

Eyni zamanda, görüşdə cənab Prezident Laçın rayonunda Ermənistanla sərhəddə nəzarət-buraxılış məntəqəsinin yaradılması barədə rəsmən təklif irəli sürdüyünü bəyan etdi. Əlbəttə ki, sərhəddə nəzarət-buraxılış məntəqəsinin yaradılması Ermənistandan Qarabağ iqtiqamətində qanunsuz hərəkətlərin qarşısını alacaq. Bu çox vacib məsələdir. Bundan əlavə, tərəflər sülh sazişi üzərində də işləri davam etdirir. Əgər Ermənistan konstruktiv mövqe nümayiş etdirərsə, tezliklə bölgədə sülh dövrü başlaya bilər. Amma sülhə qarşı çıxmaq ilk növbədə ermənilərə ziyan verəcək. Rəsmi İrəvan bu reallığı nə qədər tez anlasa, bir o qədər yaxşıdır.