MÜSAHİBƏLƏR
Ölkəmizdə rabitənin, kommunikasiya texnologiyalarının inkişafı ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır
- Məhəmməd müəllim, müstəqil Azərbaycanın qurucusu ulu öndər Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü ərəfəsindəyik. 23 ilə yaxın müstəqillik tarixinə malik olan ölkəmizin bugünkü uğurları ötən illərə baxış keçirməyi bir tələb kimi qarşıya qoyur...
- Bu fikri hər zaman böyük qətiyyətlə və qürur hissi ilə qeyd edirik ki, Azərbaycanın davamlı inkişaf konsepsiyası ulu öndər Heydər Əliyevin irsindən qaynaqlanır. Dahi şəxsiyyətin Azərbaycana rəhbərliyinin hər iki dövrünə nəzər salsaq, görərik ki, Azərbaycanı qüdrətli, zəngin dövlətə çevirmək, xalqın rifahını daha da yaxşılaşdırmaq ümummilli liderin ən böyük arzusu, amalı olub. Hakimiyyətinin birinci dövründə Azərbaycanı qısa müddətdə keçmiş ittifaqın geridə qalmış əyalətindən qabaqcıl respublikalarından birinə çevirən ulu öndər Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı ölkəni parçalanmaq, bir dövlət olaraq dünyanın siyasi xəritəsindən silinmək təhlükəsindən xilas etdi, inkişaf, tərəqqi yoluna çıxardı. Bu tarixi paralelliyi apardıqda dahi şəxsiyyətin xidmətlərinin miqyası daha aydın görünür. Keçilən yolun təhlili fonunda bu reallıq da öz təsdqini tapır ki, tarix yalnız dahi şəxsiyyətlərin gördüyü işlərin, gələcəyə xidmət edən ideyalarının sayəsində nəsillərin yaddaşına həkk olunur. İllər ötdükcə ulu öndər Heydər Əliyevin təkrarsız həyat yolu, tarixi xidmətləri daha aydın görünür, fəaliyyətinin hər bir istiqaməti tədqiqat obyekti olaraq öyrənilir. Dahi şəxsiyyətin 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonrakı dövrün qısa xarakteristikası belədir: ölkənin ictimai-siyasi, sosial-iqtisadi, elmi-mədəni həyatında, beynəlxalq əlaqələrində dönüş yarandı, elmi əsaslara, beynəlxalq hüquq norma və prinsiplərinə uyğun müstəqil dövlət quruculuğu prosesi başlandı, Azərbaycan dövlətçiliyinin varlığı üçün böyük təhlükə olan 1994- cü il oktyabr və 1995- ci il mart dövlət çevrilişi cəhdlərinin qarşısı alındı, dövlət müstəqilliyimizin əbədiliyi təmin olundu, əsas qayəsini azərbaycançılıq, dövlətçilik, ədalət, demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu, ümumbəşəri dəyərlər təşkil edən yeni bir ideologiyanın, milli təfəkkürün əsası qoyuldu. 1994-cü il 20 sentyabrda "Əsrin müqaviləsi"nin imzalanması ilə Azərbaycanın malik olduğu iqtisadi imkanlar dünyaya «Üç dəniz əfsanəsi» kimi təqdim olundu, dünya iqtisadi sisteminə, inteqrasiyanın əsası qoyuldu. İqtisadi qüdrətini möhkəmləndirən Azərbaycan beynəlxalq münasibətlər sisteminin fəal üzvünə çevrildi.
Müasirləşən, modernləşən Azərbaycan iqtisadi qüdrəti ilə seçildiyi kimi innovativ texnologiyalardan istifadə imkanları ilə də fərqlənməli idi. Müstəqil dövlətin qarşısında duran mühüm vəzifələrdən biri də qlobal informasiya məkanında Azərbaycanın layiqli yer tutması və inteqrasiyası idi. Bu amilin ölkəmiz haqqında dünyaya dolğun məlumatların çatdırılmasında böyük roluna diqqətlə yanaşan ulu öndər Heydər Əliyevin bu istiqamətdə gördüyü işlərin miqyası böyükdür. Məhz dahi şəxsiyyətin sərəncamı ilə təsdiqlənən "İnformasiya və Kommunikasiya Texnologiyaları üzrə Milli Strategiya" qarşıya qoyulan məqsədlərə çatmaq üçün geniş yol açdı. İqtisadi tərəqqi hər bir sahənin inkişafına stimul oldu. Ulu öndər Heydər Əliyevin "İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir" tezisi dövlət siyasətinin əsasında dayanır. Ölkədə rabitənin, kommunikasiya texnologiyalarının inkişafı ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır.
- Böyük yolun davamı kimi dəyərləndirilən 2003- cü ildən sonrakı dövrü necə şərh edırdiniz?
- Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu inkişaf strategiyasının ölkəmizin gələcək tərəqqisinin etibarlı təminatı olması 2003- cü il prezident seçkilərindən sonra Azərbaycanın dinamik inkişafında öz təsdiqini tapdı. "Azərbaycanı daha qüdrətli, zəngin dövlətə çevirmək üçün Heydər Əliyev siyasəti davam etdirilməlidir" söyləyən möhtərəm prezidentimiz İlham Əliyev son 10 ildə atdığı addımları ilə bu vədinə sadiqliyini təsdiqlədi. Bu gün Azərbaycan beynəlxalq aləmdə iqtisadi möcüzələr ölkəsi kimi tanınır və nüfuz qazanır. Ölkə prezidentinin qeyd etdiyi kimi, 2003-cü ildən bu günə kimi Azərabcyanın əldə etdiyi uğurlar Heydər Əliyev siyasətinin təntənəsidir. İqtisadiyyatın inkişafında zəngin potensiala malik neft amilinə xüsusi önəm verən ulu öndər Heydər Əliyev neft gəlirlərindən səmərəli istifadəni qarşıya mühüm vəzifə kimi qoymuşdur. Bu məqsədlə yaradılan və fəaliyyətini şəffaflıq prinsipləri əsasında fomalaşdıran Azərbaycan Dövlət Neft Fondunda toplanılan vəsaitlər ən mühüm islahat və layihələrin reallaşmasına yönəldildi. Bu gün qeyri-neft sektorunun uğurlu inkişafı neft siyasətinin məntiqi davamıdır. Möhtərəm Prezidentimiz İlham Əliyev iqtisadiyyatın şaxələndirilməsini prioritet məsələ kimi önə çəkir. Təkcə cari ilin ötən dövründə əldə olunan sosial-iqtisadi göstəricilərə diqqət yetirmək kifayətdir ki, Azərbaycanın bugünkü iqtisadi inkişafı barədə aydın təsəvvür yaransın. İqtisadiyyat 2,5 faiz, qeyri-neft sektoru 8,8 faiz artıb. Ölkəmizin valyuta ehtiyatları 53 milyard dollar təşkil edir. Adambaşına düşən valyuta ehtiyatlarına görə Azərbaycan dünyada qabaqcıl ölkələr sırasındadır. Bu gün ölkənin davamlı və dayanıqlı inkişafının təmin edilməsi, intellektual potensialının gücləndirilməsi, biznes mühitinin təkmilləşməsi və inkişafı, yoxsulluq və işsizliyin azaldılması, cəmiyyətdə şəffaflığın və demokratiyanın inkişaf etdirilməsi üçün yeni texnologiyaların tətbiqi əsasdır. Bu gerçəklik dövlət başçısı İlham Əliyevin 2 aprel 2014-cü il tarixli sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında informasiya cəmiyyətinin inkişafına dair 2014-2020- ci illər üçün Milli Strategiya"da da öz əksini tapıb. Məlum olduğu kimi qarşıdakı on il üçün əsas hədəflərdən biri Azərbaycanı inkişaf etmiş ölkələr sırasında görməkdir. Möhtərəm Prezidentimiz İlham Əliyevin fərmanı ilə təsdiqlənən "Azərbaycan 2020: gələcəyə baxış " İnkişaf Konsepsiyasında əsas hədəflər və onlara çatmaq yolları qeyd olunub. Növbəti on ildə İKT sektorunun həcminin 4- 4,5 dəfə genişləndirilməsi, İKT-nin iqtisadi potensialının gücləndirilməsi, cəmiyyətin İKT ehtiyaclarının ödənilməsi də əsas tələb kimi irəli sürülüb. Bunlara nail olmaq üçün innovativ, rəqabətqabiliyyətli və ixracyönümlü İKT potensialının formalaşdırılması, ölkənin regional informasiya xidmətləri mərkəzinə çevrilməsi, kosmik sənayenin inkişaf etdirilməsi və peyk texnologiyalarının geniş tətbiqi, cəmiyyətin İKT biliklərinin, bacarıqlarının və hazırlığının yüksəldilməsi,"elektorn hökumət"in inkişaf etdirilməsi, İKT istifadəçilərinin informasiya təhlükəsizliyinin təmin edilməsi və s. kimi amillərin vacibliyi vurğulanır.
Danılmaz faktdır ki, cəmiyyətin inkişafı informasiya texnologiyalarının, konkret olaraq internetin imkanlarına əsaslanır. Prezident İlham Əliyevin rəhbərliyi altında ölkəmizdə informasiya-kommunikasiya texnologiyalarının sahəsinin prioritet elan olunması, 2013- cü ilin"İKT ili" elan edilməsi də bu sahənin inkişafının dövlət siyasətinin əsasında dayandığını təsdiqləyir. "İKT ili"ndə Azərbaycanın ilk süni peyki «Azerspase-1»in orbitə çıxarılması da ölkəmizin iqtisadi inkişafına əsaslanan addımlardandır. "Bu, doğrudan da tarixi bir gündür, böyük nailiyyətdir, dövlətimizin böyük qələbəsidir. Bu hadisə onu göstərir ki, müstəqil Azərbaycan dövləti sürətlə, hərtərəfli inkişaf edir və biz artıq kosmik klubun üzvüyük" söyləyən dövlət başçısı İlham Əliyev bu uğurların birbaşa iqtisadi göstəricilərlə əlaqəli olduğunu diqqətə çatdıraraq tövsiyələrini inamla ifadə edir: "Biz gələcəkdə də yeni peyklərin orbitə çıxarılması istiqamətində fəal işləyirik və buna nail olacağıq. 2015- ci, 2016-cı illərdə əlavə iki peyk orbitə buraxılacaq və artıq Azərbaycanda kosmik sənayenin inkişafı üçün çox gözəl imkanlar yaranacaqdır. İnformasiya-kommunikasiya texnologiyalarının inkişafı bizim uğurlu gələcəyimizi müəyyən edəcək, təmin edəcəkdir."
Müasir dövrümüzün başlıca tələbi olan İKT-nin inkişafı bilik, zəka, intellektin inkişafı ilə yanaşı eyni zamanda biznes sahəsidir. Ölkəmizdə bu sahənin inkişafı ilə bağlı bir-birindən əhəmiyyətli addımlar atılır. Məqsəd qeyd etdiyimiz kimi Azərbaycanı daha da gücləndirmək, müasir dövlətə çevirməkdir. Dövlət başçısı İlham Əliyevin sərəncamı əsasında İnformasiya Texnologiyaları Universitetinin yaradılması da yüksək inkişafa xidmət edən addımlardandır. Yüksək ixtisaslı mütəxəssislərin və elmi kadrların hazırlanması, görülən işlərə elmi dəstək verilməsi prioritet məsələlərdəndir. Göründüyü kimi, uğurlarımızın təməlində düşünülmüş və məqsədyönlü siyasət dayanır. Azərbaycan dahi şəxsiyyət Heydər Əliyevin düzgün müəyyənləşdirdiyi siyasətin uğurlarını yaşayır.
- Məhəmməd müəllim, bu günümüzdən dünənimizə nəzər saldıqda əhatə dairəsi geniş olan uğurları görürük. Bu günümüzün tərəqqisi gələcəyimiz barədə hansı təsəvvürü yaradır?
- Ölkə nə zaman inkişaf yolunda inamla irəliləyir? Əlbəttə ki, siyasət düzgün qurulanda, hədəflər düzgün müəyyənləşdirilib onlara çatmaq üçün zəruri imkanlar yaradılanda. Bu gün böyük fəxr hissi ilə qeyd etdiyimiz "Azərbaycan o ölkələrdəndir ki, öz iqtisadi gücünə, imkanlarına söykənir" fikri də inkişafın Azərbaycan modelinin mövcudluğuna qaynaqlanır. Məlum olduğu kimi, ölkəmizin gələcək inkişaf strategiyasının əsas istiqamətləri qeyri-neft sektorunun inkişafı hesabına davamlı iqtisadi artıma və tərəqqiyə nail olunması, iqtisadiyyatın şaxələndirilməsidir. Mövcud resusrlardan və coğrafi mövqelərdən istifadə olunmaqla bütün bölgələrin sosial-iqtisadi inkişafının müasir tələblər səviyyəsində təmin edilməsi və iqtisadiyyatımızın rəqabət qabiliyyətinin yüksəldilməsi milli məhsulların dünya bazarında layiqli yer tutmasına şərait yaradacaq. Bu inkişafın əsas dayaqlarından biri kimi informasiya-kommunikasiya texnologiyaları önə çəkilir. Nazirlər Kabinetinin 2014- cü ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında dövlət başçısı İlham Əliyev bu inamı ifadə etdi ki, Azərbaycan özünü dünyaya müasir, dinamik inkişaf edən, güclü dövlət kimi təqdim edəcək. Təbii ki, bu inama əsas verən amil bu günümüzün reallıqlarıdır.
- Məhəmməd müəllim, sürətli yüksəliş yolunda inamla irəliəyən Azərbaycanın inkişaf fonunda "Aztelekom" İB-nin fəaliyyəti necə qiymətləndirilir?
Azərbaycanda ən qabaqcıl texnologiyaların tətbiq edilməsi, əhaliyə yüksək keyfiyyətli xidmətlərin göstərilməsi, biznes fəaliyyətinin müasir tələblərə uyğun qurulması, cəmiyyətdə informasiya texnologiyalarından istifadəyə əlverişli şəraitin yaradılması üçün məqsədyönlü işlər görülməkdədir. Ölkəmizdə MDB regionunda ilk dəfə bütün yaşayış məntəqələri telefonlaşdırılmış və sabit telefon şəbəkəsi tam elektronlaşdırılmış, ölkə üzrə 7 rəqəmli nömrələmə sisteminə keçid təmin olunmuşdur.
2013-cü ildə Prezident seçkiləri zamanı regionlarda rabitənin dayanıqlılığı və Məntəqə Seçki Komissiyalarında quraşdırılmış veb kameraların görüntülərinin izlənilməsi, həmçinin, həmin görüntülərin internet üzərindən canlı yayımı tam təmin edildi. Birliyin xidmət ərazisində yerləşən bütün seçki dairələrinin binalarına (86 dairə) ümumilikdə 124 km uzunluğunda fiber-optik kabellər çəkilmiş, montaj olunaraq istismara verilmişdir. “Aztelekom” İstehsalat Birliyinin xidmət ərazisi 86 Seçki Dairəsi üzrə 3910 Seçki Məntəqəsini əhatə edir. Bu məntəqələr tam telefonlaşdırılmışdır. “Aztelekom” İB-nin 57 Telekommunikasiya Qovşağının (TKQ) şəbəkəsində olan Seçki Dairələri üzrə 669 Seçki Məntəqəsində veb kameralar quraşdırılmışdı. 2008-ci ildə keçirilmiş Prezident seçkilərində “Aztelekom” İstehsalat Birliyinin cəmi 286 veb kamera quraşdırılmışdı. Son seçkilərdə isə xidmət ərazisində kamera quraşdırılmış seçki məntəqələrinin sayı artıq 669 oldu. MSK-da veb kameraların işi ilə yaxından tanış olan beynəlxalq müşahidəçilər kameralardan izlənilən görüntülərin keyfiyyətini yüksək qiymətləndirdilər.
İqtisadiyyatın daha da inkişaf etdirilməsi regionların inkişafının sürətləndirilməsini, regionlarda müasir infrastrukturun yaradılmasını tələb edir. Müasir infrastrukturun əsasını isə informasiya-kommunikasiya texnologiyaları təşkil edir. Yalnız ötən bir il ərzində həyata keçirilmiş investisiya layihələri çərçivəsində EATS-lərinin birləşdirici xətlərinin optik kabellərlə təşkili məqsədilə ümumilikdə 1000 kilometrdən artıq məsafədə fiber-optik kabel xətləri çəkilməklə 100-dən artıq kənd EATS-inin şəbəkəyə rəqəmsal bağlantısı təmin edilmişdir. Bu layihə çərçivəsində eyni zamanda Gəncə-Daşkəsən optik kabel magistralının tikintisi başa çatdırılmışdır.
Rayon telekommunikasiya qovşaqlarının xidmət ərazilərində, xüsusilə qaçqın və məcburi köçkünlərin məskunlaşdıqları 30-dan artıq yaşayış məntəqəsində yeni EATS-lər tikilmiş, 12 EATS-in tutumu artırılmış, ümumilikdə 10 000-ə yaxın nömrə və kanal tutumu istifadəyə verilmiş, 7 000-ə yaxin abunəçi xətti tikilmişdir.
Abşeron, Şamaxı, Qusar, Lerik, Cəlilabad, Ağdam, Zaqatala, Ağstafa, Ağcabədi, Şəmkir, Ucar, Gəncə, Şəki, Füzuli, Bərdə, Tər-Tər, Göygöl, Şabran, Quba və Hacıqabul telekommunikasiya qovşaqlarının xidmət ərazilərində ümumilikdə 63 yaşayış məntəqəsində NGN texnologiyalı MSAN, ONU avadanlıqlarının alınıb quraşdırılması üçün satınalma prosedurlarına başlanılmışdır.
Göygöl rayonunun Türklər və Köşkü yaşayış məntəqələrində, eləcə də Hacıqabul rayon mərkəzində müasir NGN texnologiyalı stansiya avadanlıqları quraşdırılaraq dövrəyə alınmışdır. Sumqayıt şəhərində və Abşeron rayonunun Masazır qəsəbəsində isə GPON texnologiyası tətbiq edilmiş, bu texnologiya əsasında abunəçilərə xidmət göstərilməyə başlanılmışdır.
TAE magistralının idarəetmə mərkəzində “Fujikura” şirkətinin istehsalı olan “Fimo” avadanlığı quraşdırılaraq istifadəyə verilmişdir. Avadanlıq magistralın Bakı-Mərəzə-Şamaxı-Ağsu (154 km), Bakı-Sahil-Ələt (75 km), Bakı-Sumqayıt-Xırdalan-Bakı (70 km) ərazilərində baş verən zədələnmələri dərhal qeydiyyata alır və 8 dəqiqədən gec olmayaraq elektron poçtla həm aiddiyyəti xidmət sahələrini, həm də rəhbər işçiləri bu haqda xəbərdar edir.
Ayrı-ayrı TKQ-lərin xidmət ərazilərində 65 EATS-in transmissiyası optik multipleksor, 52 EATS-in transmissiyası rəqəmli radio-rele avadanlıqları vasitəsilə təşkil olunmuş (117 EATS), informasiya texnologiyalarının inkişafı üçün zəruri infrastruktur yaradılmışdır.
Rabitə və Yüksək Texnologiyalar Naziri cənab Əli Abbasovun il ərzində ayrı-ayrı rayonlarda bölgə sakinləri ilə keçirdiyi qəbullar zamanı yeni EATS-lərin tikintisi və telefonlaşma ilə əlaqədar daxil olmuş müraciətlərə əsasən Şəmkir, Bərdə, Tər-Tər, Quba, Şabran rayonlarının ümumilikdə 7 yaşayış məntəqəsində yeni EATS-lər quraşdırılaraq fiber-optik kabellərlə dövrəyə alınmış, İsmayıllı TKQ-nin mərkəzi EATS-i ilə Lahıc kənd EATS-i arasında 20 km-dən artıq məsafədə fiber-optik kabel xətti çəkilərək istifadəyə verilmişdir.
Birliyin xidmət ərazisinə daxil olan rayon mərkəzlərində, qəsəbə və kəndlərdə stasionar telefona olan təlabatın ödənilməsi, bu sahədə vətəndaşlardan daxil olan müraciətlərin qısa müddətdə həll edilməsi və EATS-lərdə olan boş nömrələrin səmərəli istifadəsi məqsədilə yeni texnologiyaların tətbiqi nəzərə alınmaqla kabel materiallarına, digər köməkçi materiallara və avadanlıqlara olan təlabat barədə təkliflər işlənib hazırlanmışdır. Təkliflərdə cənab Nazir tərəfindən bölgələrdə vətəndaşların qəbulu zamanı RYTN-ə olan müraciətlər ilk növbədə nəzərə alınmışdır. “Aztelekom” İstehsalat Birliyinin rayon Telekommunikasiya qovşaqlarının ayrı-ayrı EATS-lərində olan boş tutumların istifadəyə verilməsi məqsədilə xətt şəbəkəsinin genişləndirilməsi, yeni salınmış yaşayış məntəqələrinin telefonlaşdırılması, əhalidən, yerli icra hakimiyyəti orqanlarından daxil olmuş müraciətlərin icrası məqsədilə ilkin mərhələdə 38 TKQ-nin xidmət ərazisində 205 obyektdə tikinti işlərinin aparılması müzakirə olunmuşdur. RYTN-in yaxından qayğısı və dəstəyi sayəsində kabel materialları alınmış və tikinti işlərinin aparılması üçün ayrılmışdır. Ümumilikdə 196 obyektdə xətt şəbəkəsinin genişləndirilməsi və tikintisi işlərinə başlanılmış, 1 aprel 2014-cü il tarixədək 162 obyektdə işlər artıq başa çatmışdır.
Vətəndaşlardan telefon və internetlə bağlı təklif, sifariş, və şikayətlərin internet və mobil telefondan SMS vasitəsi ilə qəbulu xidməti yaradılaraq istismara verilmişdir. Gənclərin internetdən səmərəli istifadə etmələri məqsədilə mart ayında Quba, Qusar, Siyəzən, Xaçmaz rayonlarının orta məktəblərinin yuxarı sinif şagirdlərinə “İnternetin cəmiyyətdə rolu” mövzusunda istiqamətləndirici (maarifləndirici) seminarlar keçirilmişdir. Digər bölgələrdə də belə seminarların keçirilməsi nəzərdə tutulmuşdur. Sosial şəbəkələrdə reklam, təbliğat və maarifləndirici məqalələr dərc olunaraq istifadəçilərlə müzakirə olunmuş, istifadəçilərin ən çox maraqlandığı sahələrlə əlaqədar bir sıra sorğular keçirilmişdir.
Müxtəlif müəssisə, təşkilat, sahibkar və fiziki şəxslərdən göstərdikləri xidmətlərin reklamı, tanıtımı işinin təşkili, lazımi məlumatların müvafiq ünvanlara çatdırılması, “Aztelekom” İB-nin xidmətləri ilə bağlı həm reklam, həm də məlumatların istifadəçilərə çatdırılması xidməti - “Toplu SMS xidməti” təşkil olunaraq istifadəyə verilmişdir.
“Aztelekom” İB-nin genişzolaqlı və rabitə xidməti avadanlıqlarının, birləşdirici və magistral kabellərinin vəziyyəti haqqında operativ məlumat alınması, hər bir TKQ-də rabitə və genişzolaqlı xidmətlərin təşkili sxemlərində aparılan istənilən dəyişikliklərə nəzarətin həyata keçirilməsi, şəbəkənin müxtəlif dövrlər üzrə arxiv bazasının yaradılması, şəbəkəyə qoşulmuş hər bir avadanlıq və xətlər haqqında dolğun texnoloji və statistik informasiyanın əldə olunması, bütün avadanlıqların boş tutumları haqda məlumatların operativ əldə edilməsi üçün “Operativ məlumat və Nəzarət sistemi”nin yaradılmasına başlanılmışdır.
İKT sahəsində yüksək biliyə və bacarığa malik olan kadrların seçilməsi məqsədilə 23 rayonda müsabiqə keçirilmiş, daha yaxşı nəticə göstərən 5 nəfər Mingəçevir, Tovuz, Zaqatala, Lerik, Balakən TKQ-lərdə müvafiq işlə təmin edilmişdir.
-"Aztelekom" İB-nin fəaliyyət dairəsinin böyük bir qisminin əhatə olunduğu regionlarda İKT-nin tətbiqi hansı səviyyədədir?
- Ölkədə, xüsusən də regionlarda sürətli internetdən istifadənin genişləndirilməsi və keyfiyyətin yüksəldilməsi məqsədilə “Aztelekom” İstehsalat Birliyinin rayonTelekommunikasiya Qovşaqlarının xidmət ərazilərində “Genişzolaqlı internetin inkişafı” layihəsi işlənib hazırlanmış və icrasına başlanılmışdır. Əsas hədəf ucqar kəndlər də daxil olmaqla, yüksəksürətli genişzolaqlı internetə çıxışı təmin etmək və istifadəçilərin sayını inkişaf etmiş ölkələrin səviyyəsinə çatdırmaq, habelə elektron xidmətlərin, distant-təhsil, elektron ticarət və digər fəaliyyət formalarının geniş tətbiqinə nail olmaqdır. “Aztelekom” İstehsalat Birliyi tərəfindən yeni nəsil informasiya-kommunikasiya texnologiyalarının regionlarda aktiv tətbiqinə təkan vermək məqsədi ilə yaradılmış “Aztelekom.NET” İnternet Provayderinin əsas vəzifəsi müasir texnologiyalardan istifadə etməklə yüksək keyfiyyətli və sürətli internetə qoşulmanı təmin etməkdir. Şəbəkəsinin qurulmasında dünyanın İKT sahəsi üzrə ixtisaslaşmış aparıcı istehsalçılarının yüksək keyfiyyətli, sertifikatlaşdırılmış və tələb olunan bütün lisenziyalara malik avadanlıqlarından istifadə olunan “Aztelekom.NET” İnternet Provayderi hazırda Azərbaycanda bu sahədə fəaliyyət göstərən provayderlər arasında dəyişməz liderlərdən biridir.
2013-cü ilin sonlarına doğru “Aztelekom.net” internet provayderinin istifadəçilərin sayı 100 mini, qlobal internet şəbkəsinə (BGP– Border Gateway Protocol) bağlantı kanalının tutumu 20 Gb/saniyəni keçdi. Bu həddin aşılmasından sonra qarşıya çıxa biləcək problemlərin əvvəlcədən həlli məqsədi ilə NAT (Network Address Translation – şəbəkə ünvanlarının çevrilməsi) funksiyalarını özündə birləşdirən, xidmət ərazisi üzrə 128.000 genişzolaqlı internet istifadəçilərinin 2x10 Gb/san sürətlə Qlobal internet şəbəkəsinə qoşulmasını təmin edə biləcək avadanlıqların tədarükü üçün hazırlıq işlərinə başlandı. İstismarda olan “Aztelekom.net” platformasının alternativliyinin təmin edilməsi funksiyasını özündə cəmləşdirən və regionlarda İKT-nin inkişafınatəkan verəcək yeni mərkəz Yevlax rayonunda yaradıldı. İP-MPLS şəbəkəsi üzərindən 10 Gb/san sürətlə qlobal internet şəbəkəsinə qoşulmuş bu sistem, Yeni Azərbaycan Partiyasının yaradılmasının 21-ci ildönümü günündə, yəni 21 noyabr 2013-cü il tarixdə istismara verildi.“Aztelekom.net” provayderinin alternativi olaraq yaradılmış yeni sistemin fəaliyyəti nəticəsində həm qərb regionunda xidmət keyfiyyəti dəfələrlə artdı, eyni zamanda, digər bölgələrin genişzolaqlı internet istifadəçiləri üçün də pik saatlar da daxil olmaqla günün istənilən vaxtı daha yüksək keyfiyyətli xidmət təmin olundu. Bundan əlavə, əsas və alternativ provayder mərkəzləri fors-major hallarda bir-birinin funksiyalarını icra etməklə daha dayanıqlı xidməti də təmin etmiş oldu.
Birliyin xidmət ərazisində genişzolaqlı internet xidmətləri istifadəçilərinin sayı son bir il ərzində 87700 istifadəçi və ya 50 % artaraq 200 mini keçmişdir (o cümlədən, “Aztelekom.net” şəbəkəsində artım 60 min, istifadəçilərin sayı 116 min). Hazırda hər 100 ailədən 17,4-ü, hər 100 abunəçidən 29,4-ü genişzolaqlı xidmətlərin istifadəçisidir.
2014-cü ilin mart ayında genişzolaqlı xidmətlərdən əldə edilən gəlirlərin ümumi gəlirdə xüsusi çəkisi 33,5%-ə çatmışdır (2013-cü ilin əvvəlində 21,2%). Genişzolaqlı internetdən istifadənin stimullaşdırılması məqsədilə “Birinci ay qoşul, ikinci ay pulsuz”, “3 ay əvvəlcədən ödə, 4 cü ay pulsuz”, “sürətin iki dəfə artırılması”, “4096 kbit/san sürətli internetə qoşulan hər istifadəçiyə əvvəlcədən ödəniş kartı (TAC kart) hədiyyə”, “Tələbələrə yay sevinci”, “Gözləmə tarifi” və s. kimi kampaniyalar keçirilmişdir.
Ölkənin bütün bölgələrində stasionar telefon xidmətləri borclarının internet və elektron köşklər vasitəsilə ödənilməsi imkanı yaradılmışdır.
Qobustan TKQ və Ağdam TKQ üçün (Quzanlı qəsəbəsində) yeni inzibati və texnoloji binanın tikintisi başa çatdırılmış, Beyləqan, Qazax, Abşeron, Kürdəmir, Neftçala, Zərdab, Şirvan TKQ-lərin mərkəzi EATS binalarında təmir işləri davam etdirilmişdir. Zaqatala TKQ-nin inzibati binası və 11 TKQ-də ümumilikdə 92 kənd EATS-inin binası əsaslı təmir olunmuş, Zaqatala, Balakən, Ağstafa və Cəlilabadın 6 kəndində yeni EATS binaları tikilmişdir.
Birliyin xidmət ərazisində abunəçilərin sayı 682 mini keçmiş, hər 100 nəfərə düşən telefonların sayı 12,4-ə, hər 100 ailəyə düşən telefonların sayı 59,1-ə çatmışdır. Son bir il ərzində 50 yaşayış məntəqəsinin fiziki xətlərlə telefonlaşması ilə bu məntəqələrdə istismar olunan, ümumi tutumu 200 nömrə təşkil edən peyk terminalları istismardan çıxarılmışdır.
Sabit şəbəkə telefonlarından istifadəyə görə aylıq abunə haqları, şəhərlərarası, beynəlxalq telefon danışıqları və igər xidmət tariflərinin qüvvəyə minməsi haqqına RYTN-in müvafiq əmrinin icrası məqsədilə tarif dəyişikliyi ilə əlaqədar gəlirlərin artırılması istiqamətində müvafiq tədbirlər görülmüş, eyni zamanda daha çox abunəçinin cəlb edilməsi məqsədilə reklam və digər zəruri tədbirlər həyata keçirilmişdir