MÜSAHİBƏLƏR
Azərbaycanın yüksək beynəlxalq nüfuzu regionda sülhyaratma prosesinin əsas amilidir
44 günlük Vətən müharibəsinin ən mühüm nəticələrindən biri postmünaqişə dövründə bölgədə yeni geosiyasi reallığın formalaşmasıdır. Hər kəsə aydındır ki, 30 il kağız üzərində qalmış BMT Təhlükəsizlik Şurasının məlum 4 qətnaməsinin icrasını Azərbaycan təkbaşına, hərbi-siyasi yolla təmin edərək tarixi ədalətin bərpasına müvəffəq oldu, işğal faktoruna son qoydu. Bu, dünya tarixinin son mərhələsində misli görünməyən bir hadisə oldu və məhz bu baxımdan bir tərəfdən beynəlxalq aləmdə yeni düzənin formalaşmasına, digər tərəfdən də Azərbaycanın güclü dövlət kimi nüfuzunun və mövqeyinin möhkəmlənməsinə təkan verdi. Qalib ölkə olmasına baxmayaraq, ardıcıl sülh çağırışlarını səsləndirən rəsmi Bakı bölgədə əmin-amanlığın və dinc qonşuluq şəraitində birgəyaşayışın tərəfdarı olduğunu nümayiş etdirir. Lakin regionda və onun ətrafında baş verən son hadisələr dayanıqlı sülhün və davamlı inkişafın təmin olunmasına ciddi təsir göstərir. Bütün bu məsələlərlə əlaqədar sualları Milli Məclisin deputatı Əli Hüseynli cavablandırır:
-Əli müəllim, regionda sülhün təmin edilməsi prosesinin indiki mərhələsində Azərbaycanın beynəlxalq siyasətinin yol xəritəsinin, xüsusilə də Avropa İttifaqı ilə münasibətlərin hansı cəhətləri diqqəti cəlb edir?
- Əvvəla, qeyd edim ki postkonflikt dövrünün ən ümdə məsələsi kimi Azərbaycan qarşısına ilk növbədə bölgədə sülhə və sabitliyə nail olmaq vəzifəsini qoyub. 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatının imzalanmasından və ərazi bütövlüyümüz bərpa edildikdən sonra Avropa İttifaqının təşəbbüsü və vasitəçiliyi ilə Ermənistanla Azərbaycan arasında sülhyaratma prosesinə start verilib. Bu istiqamətdə çox vacib addımlar atılıb. Brüssel, Praqa və Soçi görüşlərinin nəticələri iki ölkə arasında münasibətlərinin normallaşması üçün yarnmış tarixi fürsətin detallarını açmağa imkan verir. Sadəcə əlavə etməyi zəruri sayıram ki, Prezident İlham Əliyevin diplomatik səyləri bu məsələdə Azərbaycanın üstün mövqeyini qoruyub saxlanmasını, proseslərin maksimum dərəcədə sürətləndirilməsini şərtləndirən ən vacib amillərdəndir.
Proseslərin gedişi göstərir ki, Avropa İttifaqı bölgədə sülhün bərqərar olunmasında səylərini getdikcə artırmaqdadır və bu istəyində tam səmimi görünür. Onun vasitəçiliyi ilə intensiv şəkildə üçtərəfli formatda və müzakirələrə bəzən daha çox maraqlı tərəfin cəlb olunması ilə keçirilən görüşlərin ruhu bunun təsdiqidir. Noyabrın 17-də Avropa İttifaqının Şərq Tərəfdaşlığı üzrə xüsusi elçisi Dirk Şuebel Azərbaycan Prezidenti ilə görüşdə təmsil etdiyi qurumun bu mövqeyə sadiq olduğunu bir daha xüsusi vurğuladı. Lakin sadə məntiqlə, hər bir maraq hansısa bir arqumentə söykənir. Bu baxımdan aysberqin görünməyən tərəflərini təhlil etməkdə fayda var. Düşünürəm ki, əslində Aİ-nı sülh təşəbbüslərinə sövq edən əsas məsələ bir qədər fərqlidir. Belə ki, Rusiya-Ukrayna müharibəsi fonunda etibarlı bir tərəfdaş kimi Azərbaycanın Avropanın enerji təhlükəsizliyinə verdiyi töhfə daha mühüm əhəmiyyət kəsb etməyə başlayıb. İkinci bir tərəfdən, Şərqlə Qərb arasında mühüm coğrafi və geosiyasi mövqeyə malik Azərbaycanın bu iki qitə arasında inteqrasiya proseslərinə müstəsna təsir imkanları sürətlə genişlənməkdədir. Məlum olduğu kimi, Azərbaycan 2027-ci ilə kimi Avropaya təbii qaz nəqlini azı 2 dəfə artıraraq 20 milyard kubmetrə çatdırmağı nəzərdə tutub və bu, real hədəfdir. Artıq bu istiqamətdə yeni boru xətlərinin çəkilməsi və transmilli nəqliyyat infrastrukturunun əhəmiyyətli dərəcədə şaxələndirilməsi məsələsi də gündəmdədir.Cənab İlham Əliyev bu günlərdə Albaniya prezidenti ilə görüşündə bununla bağlı öz təşəbbüsünü bir daha səsləndirdi. Ölkə başçısının bu günlərdə Serbiyaya rəsmi səfəri onun Avropa məkanında necə böyük nüfuza malik olduğunu bir daha göstərdi və sözlə əməlin vəhdətinə söykənən bu məqam getdikcə beynəlxalq müstəvidə qarşıya qoyulan hədəflərə nail olunmasında həlledici amilə çevrilməkdədir.
Digər tərəfdən, Çin və Avropanı birləşdirən və Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu kimi tanınan “Orta Dəhliz” in bir hissəsinə çevriləcək Zəngəzur xəttinin açılması Avropanın iqtisadi yüksəlişi üçün yeni və daha rentabelli pəncərə rolunu oynaya bilər. Bütün bu vəzifələrin həyata keçirilməsi isə Cənubi Qafqaz bölgəsində, həmçinin Xəzər hövzəsi regionunda sabitlik olmadan mümkün deyil və Avropada da bunu çox yaxşı bilirlər. Bir sözlə, bu günün fövqündən baxarkən, bəzi nüansları nəzərə almasaq, Avropa-Azərbaycanın hazırkı qarşılıqlı münasibətləri əsas məqsədimizə nail olmaq üçün bizə hər hansı maneə yaratmır. Və ölkəmiz Avropanın müasir inkişaf meyilləri ilə Şərqin mənəvi və multikultural dəyərlərinin unukal sintezi üzərində dinamik inkişaf edən yeni nəsil müstəqil dövlətlər sırasında özünəməxsus çox yüksək nfuzlu yerini qoruyub saxlamaqda davam edir və buna böyük uğurla nail olur.
-Sülhyaratma prosesinə mane olan bəzi amillərin mövcudluğuna işarə etdiniz. Bunlardan biri ictimaiyyəti narahat edən Fransanın qeyri-konstruktiv mövqeyidir...
- Prosesə mane olmaq istəyən təkcə Fransa deyil, bu sırada bir neçə Avropa ölkəsi var. Niderland, Belçika, Yunanıstan və digərləri də buraya daxildir. Sadəcə, Fransanın səyləri fonunda onların çabaları o qədər də nəzərə çarpmır və ümumi duruma təsir göstərmək gücündə deyil. Ümumilikdə götürsək, bütün bu qeyri-konstruktiv davranışların əsas səbəbi Azərbaycanın tarixi uğurlarının bəzi Qərb siyasi dairələrinin qısqanclığına tuş gəlməsi ilə izah olunur. Xatırlayırsınızsa, Vətən müharibəsinin gedişində Fransanın ali hakimiyyət dairələri Azərbaycana qarşı bütün müstəvilərdə və istiqamətlərdə, bütün mövcud üsullarla, beynəlxalq hüquqi və diplomatik norma və prinsiplərə məhəl qoymayaraq mənəviyyatsız addımlar atdılar. Lakin nəticəsi nə oldu? Azərbaycan öz məqsədinə nail oldu, dünyanın siyasi arenasında nüfuzu sarsılmış rəsmi Paris və onun lideri president Makron isə öz “bacısı” ilə Ermənistanın açı məğlubiyyətinin nətiucələrini bölüşməli oldu. 15 noyabr 2022-ci il tarixində Fransa Senatında Azərbaycana qarşı qəbul edilmiş ermənipərəst yalan və iftira dolu müddəalar da, təbii ki, açıq təxribat xarakteri daşıyır və son nəticədə əks effekt verərək Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması prosesinə xələl gətirilməsinə xidmət edir. Təəssüf doğuran odur ki, bu sənəd hüquqi qüvvəyə malik olmasa da, Fransa ilə Azərbaycan arasında ikitərəfli öhdəlikləri, xüsusilə də Azərbaycan Respublikası ilə Fransa Respublikası arasında 1993-cü il dekabrın 20-də imzalanmış “Dostluq, qarşılıqlı anlaşma və əməkdaşlıq haqqında” Müqavilənin müddəaları ilə ziddiyət təşkil edir. Bildiyiniz kimi, bununla bağlı Milli Məclis də etiraz bəyanati qəbul etmişdir.
Elə bunun ardınca noyabrın 18-də Frankofoniya üzv dövlətlərinin Zirvə Görüşündə qəbul edilmək üçün Fransanın birbaşa dəstəyi ilə hazırlanmış və birbaşa Azərbaycana qarşı qərəzli müddəaları özündə əks etdirən sənədlər təqdim edildi. Lakin bu layihəni siyasi cəhətdən əhəmiyyətsiz hesab edən bir əksər üzv dövlətlərin məsələyə münasibəti İrəvanı və Parisi məyus etdi. Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyasının yaradılmasının 30 illiyi münasibətilə tədbirdə bu ibrətamiz hadisəyə münasibətini açıqlayaraq bildirib ki, bu təxribatın müəllifi Ermənistana himayədarlıq edən Fransadır, lakin ölkəmizin beynəlxalq nüfuzu qarçısında onun bu cəhdləri əbəsdir: “…Frankofoniya təşkilatında olan dostlarımızın səyi nəticəsində bütün anti-Azərbaycan tezisləri oradan çıxarıldı. Fransa-Ermənistan tandemi bu imkandan da istifadə edə bilməmişdir. Yəni, bu, onu göstərir ki, bizim beynəlxalq təşkilatlardakı nüfuzumuz və beynəlxalq müstəvidə apardığımız siyasət təqdir edilir”.
Qəribə görünən məqam odur ki, Praqa görüşündə müzakirələrdə Azərbaycanıqane edən mövqe nümayiş etdirən president Makron cəmi iki ay sonra tamamilə əks mövqeyə keçərək yenidən ermənipərəst davranışlarına rəvac vermişdir. Beynəlxalq erməni mafiyasının təkidi ilə Parisin bölgəyə müşahidə missiyası adı altında siyasi (hətta ola bilsin ki, hərbi) diversantlar göndərmək qərarı da sıradan bir məsələ deyil. Bu, onu göstərir ki, Fransanın siyasi isteblişmenti hansısa xidmətlər qarşılığında erməni lobbisinin əlində alətə çevrilib. Və artıq Avropa ictimaiyyəti də getdikcə bu mənfi tendensiyanın fərqindədir. Görünən isə odur ki, daim güclənən və beynəlxaq nüfuzu artan Azərbaycanın qalib lideri cənab İlham Əliyevin bu proseslərdə bütün parametrlər üzrə üstünlüyə nail olması özlərini demokratik, Avropanın aparıcı qüvvəsi və s. sayan Fransanın cəhdlərini rahatlıqla neytrallaşdırır. Ermənistan da bir tərəfdən Fransaya yamaq kimi onun siyasi reputasiyasına və reytinqinə güclü zərbə vurur. Hər yerdən əli üzülən Paşinyan dekabrın 7-də Aİ-nın təşəbbüsü ilə Brüsseldə nəzərdə tutulan görüşdə Fransa prezidentinin də iştirakını tələb edib. Dünən - noyabrın 15-də ADA Universitetində “Orta Dəhliz boyunca: geopolitika, təhlükəsizlik və iqtisadiyyat” mövzusunda beynəlxalq konfransda çıxış edərkən bu məsələyə cevik reaksiya verən cənab İlham Əliyev ermənipərəst mövqeyinə görə Makronun vasitəçiliyini qəbul etmədiyini və əks halda liderlərin görüşünün alınmayacağını bəyan edib: “…Bildirilib ki, Ermənistanın Baş naziri həmin görüşə yalnız orada Fransa Prezidenti Emmanuel Makronun iştirak edəcəyi təqdirdə razılıq verə bilər. Bu isə o deməkdir ki, həmin görüş baş tutmayacaq”.
Ona görə də nüvə dövləti və BMT Təhlükəsizlik Şurasının 5 daimi üzvündən biri olmasına baxmayaraq, Fransanın sözünün kəsəri getdikcə azalır və rəsmi Paris dünya siyasətinə təsir imkanlarını itirməkdə davam edir. Avropada da bunu anlamamış və hiss etməmiş deyillər.
Sualınızın sonuncu hissəsi ilə bağlı isə demək istəyirəm ki, Qərbin ölkəmizlə qarşılıqlı münasibətləri heç də Fransanın Azərbaycana münasibəti kontekstində formalaşmır. Lakin bu, o demək deyil ki, beynəlxalq ictimaiyyət Parisin destruktiv, qeyri-praqmatik davranışlarına biganədir. Təsadüfi deyil ki, artıq müxtəlif mötəbər mənbələrdən dünya KİV-də Fransanın bu hərəkətlərinə qarşı ədalətli etiraz səsləri eşidilməkdədir.
-Son zamanlar İranın davranışları ictimaiyyət tərəfindən ciddi narazılıq və etirazla qarşılanır. Nə baş verir?
-Əlbəttə, ictimaiyyətin narahatlığı anlayışla qarşılanmalıdır, çünki son nəticədə bölgədə gedən geosiyasi proseslər burada yaşayan bütün xalqların, o cümlədən də bizim gələcək taleyimizi müəyyənləşdirir. Bu baxımdan cənub qonşumuz olan İran İslam Respublikasının bəzən sözdə bir, əməldə isə əks mövqe sərgiləməsi, əlbəttə, xoşagələn deyil. İkinci Qarabağ savaşı isə bu münasibətlərin marker rolunu oynadı. İran rejimi ermənilərə dəstək verməklə, əslində çətin gündə Azərbaycanla bir olmadığını əməldə sübut etmişdi. İndi isə eyni tarix, din və mənəvi dəyərləri bölüşməyimizə rəğmən rəsmi Tehran sərhədlərimiz yaxınlığında hərbi təlimlər keçirir, ermənilərlə birləşib Azərbaycan xalqının sülh arzularının qaşısına sipər çəkməyə çalışır, tələm-tələsik Qafanda İranın, Təbrizdə isə Ermənistanın konsulluqları açılır. Azərbaycan hökuməti bununla bağlı öz mövqeyini rəsmi şəkildə lazımi ünvanlara çatdırıb və bölgədəki geosiyasi şəraitə uyğun çox vacib siyasi gedişlər edib. Məhz bundan sonra indi artıq zaman keçdikcə erməni fitnəsinə uyaraq yanlış addımlar atan cənub qonşumuzun bizə qarşı qeyri adekvat münasibətin sonda onun üçün heç də yaxşı nəsə vəd vermədiyini anlayacağına ümidlər hələ tükənməyib. Heç də təsadüfi deyil ki, bu günlərdə İran-Azərbaycan münasibətlərinin son durumu ilə bağlı KİV-lərdə formalaşan neqativ meyillərdən narahatlığını ifadə edən İranın Ali Rəhbərinin beynəlxalq məsələlər üzrə müşaviri, keçmiş xarici işlər naziri Əli Əkbər Vilayəti öz açıqlamasında ölkəsinin Azərbaycana hücum və ya qonşu ölkədə hakimiyyəti ələ keçirməyi planlaşdırdığına dair ittihamları və şayiələri təkzib edib. O, Azərbaycan xalqının İran tarixindəki əsas rolunu etriraf edərək onun ölkənin qorunmasında, İranın qüdrətinin və regional əhəmiyyətinin gücləndirilməsində mühüm addımlarını yüksək qiymətləndirib.
Digər tərəfdən, Azərbaycan İranın start verdiyi proseslərin bu şəkildə inkişafına sadə müşahidəci kimi baxmaq fikrindən uzaqdır. Azərbaycan Prezidenti cənab İlham Əliyev dünənki beynəlxalq tədbirdə çıxışında bu məsələyə də yer ayıraraq siyasi iradəsini və qətiyyətli mövqeyini ifadə edib: “Mən İranın üç prezidenti – Hatəmi, Əhmədinejad və Ruhani ilə işləmişəm. Bütün bu illər ərzində bugünkünə bənzər vəziyyət yaranmamışdı. Heç vaxt İran bizim sərhədimizdə bir neçə ay müddətində iki hərbi təlim keçirməmişdi. Heç zaman Azərbaycana qarşı bu qədər nifrət və hədə-qorxu ilə dolu bəyanat verilməmişdi... Biz hər zaman istənilən anti-Azərbaycan bəyanatına və hərəkətinə cavab vermişik və verəcəyik. Bu səbəbdən biz İran ilə sərhəddə hərbi təlimlər keçirməli olduq ki, onlardan qorxmadığımızı nümayiş etdirək. Biz həyat tərzimizin, Azərbaycanın dünyəvi inkişaf vektorunun və azərbaycanlıların, o cümlədən İranda yaşayan azərbaycanlıların müdafiəsi üçün əlimizdən gələni edəcəyik. Onlar xalqımızın bir hissəsidir”. Ona görə də hesablamaq çətin deyil ki, rəsmi Tehran Azərbaycandan üz döndərməklə beynəlxalq səviyyədə ölkəmizin və xüsusilə də onun islam aləmindəki dostlarının dəstəyindən məhrum olmaq təhlükəsi qarşılaşa bilər. Biz isə hər zaman olduğu kimi, bu gün də regionda dinc qonşuluq, sülh və birgəyaşayış prinsiplərinə sadiqik.
-Bölgədə sülhün təmin olunmasında Moskvanın rolu da cəmiyyətdə müzakirə olunan məsələlərdəndir…
- Əlbəttə, burada bəzi narahat məqamların yer almasına baxmayaraq, Prezident İlham Əliyevin ciddi siyasi gedişləri və diplomatik səyləri nəticəsində, əminliklə söyləmək olar ki, son günlər nikbin fikirlər və pozitivlər bu məsələdə tərəzinin digər gözünü xeyli üstələyir. Və zaman keçdikcə, Azərbaycanın və onun liderinin beynəlxalq nüfuzu və qüdrəti artdıqca bu tendensiya daha da güclənir. Elə bu günlərdə rəsmi İrəvanın təşəbbüsü ilə təşkil edilmiş Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) sammitinin nəticələri və təşkilatı Azərbaycan əleyhinə yönləndirmək arzusunda olan Nikol Paşinyanın tam fiaskosu ölkəmizin artan nüfuzunun bariz nümunəsidir. Təsəvvür edin ki, təşkilatın sədri Ermənistan, tədbir keçirilir İrəvanda, lakin üzv ölkələr 10 noyabr Moskva bəyannaməsinə istinadla Paşinyanın təkliflərini rədd edərək bu blokda təmsil olunmayan Azərbaycanı açıqca dəstəkləyirlər. Bu, həm də Rusiya-Azərbaycan münasibətlərini səciyyələndirən hadisədir. Çünki KTMT-də ən güclü üzvün Rusiya olduğu heç kim üçün sirr deyil.
Avropa İttifaqı ilə rəqabətdə olan Rusiya Ermənistanla Azərbaycan arasında münasibətlərin tənzimlənməsində aparıcı mövqeyə sahib olmaq istəyindədir, çünki o, uzun illər bu prosesin içində olan və məsələni daha yaxından izləmək imkanına malik qonşu dövlətdir. Və bu reallıq nəzərə alınmalıdır.
Bu yaxınlarda cənab İlham Əliyevin Rusiya hökumətinin başçısı Mixail Mişustinlə görüşündə ölkələrimiz arasında sıx dostluq əlaqələrinin olduğu, bu il iki ölkə arasında Müttəfiqlik Qarşılıqlı Fəaliyyəti barədə Bəyannamə imzalandığı və il ərzində iqtisadi-ticari əməkdaşlığın gündəliyinin xeyli genişləndiyi barədə fikirlər yer almışdır. Beləliklə, sülh prosesinə mane ola biləcək neqativlərin aradan qaldırılması üçün birgə səylərin birləşdirilməsi ilə bağlı ortaq mövqeyin bölüşdürülməsi burada Azərbaycan tərəfini qane edən siyasi məqsədlərin konturlarını cızmış olur. Bir çox rusialı deputatların dilindən Bakı-İrəvan münasibətlərinin normallaşması ilə bağlı Azərbaycanın konstruktiv təşəbbüslərini dəstəkləyən bəyanatların səslənməsi də bu prosesə vacib siyasi töhfə verən amildir.