MÜSAHİBƏLƏR
Ermənistanın sülhdən başqa alternativi olmayacaq
– Elman müəllim, hazırda regionda sülh və etimad quruculuğu diqqət mərkəzindədir. Eyni zamanda, Ermənistanda daxili vəziyyət olduqca gərgindir. Ekspertlər məğlub ölkənin siyasi xaosa sürükləndiyini bildirirlər. Proseslərin gedişatı barədə nə söyləmək olar?
– Son günlər Ermənistanda daxili vəziyyət getdikcə pisləşir, siyasi böhran dərinləşir. 2020-ci il noyabrın 10-dan sonra İrəvanda vəziyyət daha da gərginləşib. Ermənistanın acınacaqlı məğlubiyyətindən sonra erməni xalqı Nikol Paşinyanın və komandasının istefasını tələb edir. Xüsusilə, müharibədə həlak olmuş və itkin düşmüş hərbçilərin valideynləri aksiyalar keçirir, mənasız müharibəyə son qoyulmasını tələb edirlər. İkinci Qarabağ müharibəsindəki acınacaqlı məğlubiyyətdən ibrət götürmək əvəzinə, sərhədboyu ərazilərdə tez-tez təxribatlar törədən erməni silahlı birləşmələrinin Azərbaycan Ordusu tərəfindən aldığı zərbələrdən sonra İrəvanda yenidən aksiyalara start verilib. Bu dəfə 2020-ci il müharibəsində ölmüş erməni hərbçilərinin yaxınları və müxalifət nümayəndələri də parlamentin ətrafına toplaşıblar. Onlar baş nazir Nikol Paşinyanın istefası tələbiylə aksiya keçirirlər. Aksiya iştirakçıları Azərbaycanla başlanan növbəti gərginliyin günahkarının Paşinyan olduğunu sübut etməyə çalışırlar.
Məlum olduğu kimi, sentyabrın 12-dən 13-nə keçən gecə Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan–Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər və Laçın istiqamətlərində genişmiqyaslı təxribat törətmişdi. Qarşı tərəfin Basarkeçər, İstisu, Qarakilsə və Gorus yaşayış məntəqələri istiqamətində yerləşən bölmələri tərəfindən Azərbaycan Ordusunun Daşkəsən, Kəlbəcər və Laçın rayonları ərazisindəki bəzi mövqeləri, sığınacaqlar və dayaq məntəqələri müxtəlif çaplı silahlar, o cümlədən, minaatanlardan intensiv atəşə tutuldu. Nəticədə, şəxsi heyət arasında itkilər oldu, hərbi infrastruktura ziyan dəydi. Azərbaycan Ordusu bu dəfə də Ermənistan silahlı qüvvələrinə ciddi zərbələr endirdi. Erməni silahlı birləşmələrinin çoxlu sayda canlı qüvvəsi məhv edildi və strateji əhəmiyyətli yüksəkliklər qəhrəman ordumuzun nəzarətinə keçdi.
Silahlı Qüvvələrimizin gücü erməniləri ciddi təşvişə salıb. Ona görə də müharibənin dərhal dayandırılması və Paşinyanın istefası tələbi ilə aksiyalara başlayıblar. Son hadisələr fonunda Ermənistanda vəziyyət gərginləşib. Müxalifət mövcud durumdan istifadə edərək, bu dəfə Paşinyanın istefasına nail olmağa çalışır. Amma keçirilən aksiya onu göstərir ki, bu dəfə erməni xalqı hansısa hakimiyyət davası deyil, əksinə, mənasız müharibəyə son qoymağı tələb edir. Çünki rəsmilərdən və müxalif siyasilərdən fərqli olaraq, artıq erməni xalqı bu müharibənin onlara xeyir gətirməyəcəyi, əksinə yaxınlarına, doğmalarına, o cümlədən əzizlərinə mənasız ölüm və əzablar gətirəcəyini gözəl bilirlər. Aksiya iştirakçıları Azərbaycanla başlanan növbəti gərginliyin günahkarının Paşinyan və onun komandasının olduğunu iddia edirlər.
Düzdür, xalqın bu istəyindən sui-istifadə edərək, hakimiyyətə gəlməyə cəhd edənlər də var. Onlar bütün vasitələrlə çalışırlar ki, xalqın müharibəyə son qoymaq tələbini öz maraqlarına uyğunlaşdırsınlar. Amma bütün hallarla yanaşı, keçirilən aksiya onu göstərir ki, erməni xalqı artıq müharibədən, övladlarının başqa torpaqda yersiz ölümündən bezib.
– Bəs belə bir mürəkkəb vəziyyətdə Ermənistan hərbi təxribatlar törətməklə, siyasi sabotajlara yol verməklə nəyə nail olmağa çalışır?
Sonuncu təxribat da əvvəlkilərtək fiaskoya uğradı. Bu dəfə də ermənilərin atəş nöqtələri darmadağın edildi. Söz yox ki, Paşinyan və komandası itkilər barəsində əhaliyə dəqiq məlumat vermirlər. Canlı qüvvə ilə yanaşı, Ermənistanın strateji hərbi obyektləri də məhv edilib. İrəvandan Gorusa gedən nəqliyyat yoluna nəzarət üçün Azərbaycan Ordusu strateji mövqe əldə edib. Nəticədə, Paşinyana qarşı revanşistlərin növbəti etiraz dalğası üçün stimul yaranıb. Amma 44 günlük müharibədə biabırçı məğlubiyyətə uğrayan Paşinyan yenə də hakimiyyətini qoruyub saxladı. Bunun əsas səbəbi isə odur ki, onu devirmək istəyənlər erməni xalqının gözündə çoxdan nüfuzdan düşmüş revanşist qüvvələrdir.
Əslində, erməni xalqı yaxşı bilir ki, müharibə Ermənistan üçün növbəti faciə, fəlakət olacaq. Buna baxmayarq, hakimiyyətə gəlmək istəyən revanşistlər də Azərbaycanı müharibə ilə hədələyirlər. Ancaq revanşistlər içərisindən, “Qarabağ klanı”ndan kimlərinsə hakimiyyətə gəlmək ehtimalı sıfıra bərabərdir. Belə olan halda, müharibədə iştirak etməyən, xalqı müharibə aparmağa çağırmayan, Qarabağ münaqişəsi ilə birbaşa bağlı olmayan adamlar Paşinyan üçün daha ciddi rəqibə çevriləcək. Hesab edirəm ki, bu baxımdan milyarder Vardanyan əsas fiqurlardan biri kimi nəzərdən keçirilir. Amma bu gün Ermənistanda çıxış yolu haqqında heç kimdə konkret təsəvvür yoxdur. Güclü Azərbaycan Ordusu bu ölkənin bütün sütunlarını sarsıdıb, indi diktə etdiyimiz şərtlərdən başqa, heç bir sağlam çıxış yolları qalmayıb.
- Heç şübhəsiz, istənilən təxribat cəhdinin qarşısı alınacaq və Ermənistanın yeni reallıqlardan, üzərinə götürdüyü öhdəliklərdən, siyasi-hüquqi məsuliyyətdən yayınmaq şansı yoxdur...
– Son bir ay ərzində Ermənistan tərəfinin silahlanması və sərhədboyu ərazilərə qoşun toplaması yaxın vaxtlarda genişmiqyaslı təxribatların baş verəcəyinə işarə idi. Yəni sentyabrın 12–14-də baş verənlər, əslində, gözlənilən idi. Ermənistanın hərbi-siyasi rəhbərliyinin təhriki ilə belə genişmiqyaslı təxribatlar törədən işğalçı ordu hər vəchlə beynəlxalq ictimaiyyətə çatdırmaq istəyir ki, münaqişə hələ bitməyib. İrəvan hələ Qarabağın statusunun müəyyənləşmədiyini və bunun üçün ATƏT-in Minsk qrupuna ehtiyac olduğunu sübut etməyə çalışır. Amma bizim sözügedən məsələ ilə bağlı qətiyyətli mövqeyimiz ortadadır: daha nə status var, nə Minsk qrupu.
Artıq beynəlxalq ictimaiyyətə də bəllidir ki, Minsk qrupu tarixin arxivinə atılıb. Əslində, bu qrupu məhv edənlər həmsədrlərin özləri oldu. İyirmi səkkiz il ərzində bir addım belə irəliləməyən qrupun faliyyətsizliyi göz qabağında idi. Minsk qrupu ötən 30 ildə nəinki problemi həll etmədi, hətta münaqişənin nizamlanmasına mane oldu. Hesab edirəm ki, son təxribatlarda erməni lobbisi və diasporunun xüsusi rolu var. Çünki onların Qarabağ probleminə həmişə ehtiyacları var. Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin imzalanması erməni diaspor və lobbisinə sərf etmir. Amma bütün hallarda yenilməz ordumuz təcavüzkara bu dəfə də öz gücünü göstərdi. Əslində rəşadətli ordumuz Ermənistanın hərbi-siyasi təxribatına məruz qalaraq cavab vermək və öz təhlükəsizliyinin təmin olunması üçün adekvat addımlar atmaq məcburiyyətində qaldı.
Düşmən çox hiyləgərdir. Ancaq öz məkrli niyyətini həyata keçirə bilmir. Ermənistan cidd-cəhdlə çalışır ki, bir sıra beynəlxalq təşkilatları Azərbaycana qarşı qaldırsın. Əsas məqsəd Azərbaycanın atacağı adekvat addımlar nəticəsində Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını (KTMT) münaqişəyə cəlb etmək idi. Hətta KTMT-nin onlayn toplantısı keçirildi. Amma bu cəhdlər mənasızdır. Biz bütün addımlarımızı beynəlxalq hüquq çərçivəsində atırıq. BMT nizamnaməsinin 51-ci maddəsində göstərilib ki, ərazisi təcavüzə məruz qalmış dövlətin fərdi və kollektiv müdafiə hüququ var. Biz də bu hüququmuzdan istifadə etdik. Ona görə də heç bir təşkilatın və ya dövlətin ölkəmizin daxili işlərinə qarışmaq hüququ yoxdur. Əslində, hər dəfə uduzan tərəf təcavüzkar ölkə olur. Ermənistan silahlı qüvvələrinin son hərbi təxribatı indiyədək aparılan danışıqlar prosesini, xüsusilə də Moskvada, Soçidə və Brüsseldə keçirilən bütün danışıqların mahiyyətini alt-üst etdi. Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin vasitəçiliyi ilə aparılan son danışıqlarda Ermənistan həm sülh müqaviləsini imzalamağa hazır olduğunu bildirdi, həm də qəbul etdiyi bəyanatda qeyd etmişdi ki, noyabrın ortalarına qədər sülh müqaviləsinin iki versiyası da hazır ola bilər. İstisna deyildi ki, ilin sonuna qədər sülh müqaviləsinin imzalanması baş tuta bilərdi. Ancaq ilk dəfə deyil ki, Nikol Paşinyanın riyakar, ikiüzlü siyasətinin şahidi oluruq.
Əslində, Ermənistan belə təxribatlarla sülh müqaviləsinin imzalanmasını əngəlləmək istəyir. Bunu istəməsinə səbəb dünyadakı erməni lobbisi və diasporudur. Onlar çox ciddi təzyiq göstərirlər ki, belə bir sülh müqaviləsi imzalanmasın. Ermənistanın baş naziri isə baxmayaraq ki, 5 baza prinsipini qəbul edib, amma hər zaman deyir ki, Qarabağdakı ermənilərin hüquq və təhlükəsizliyi məsələsi açıq qalıb. Bu kontekstlə ermənilərin status məsələsi aydınlaşmalıdır, bunu isə guya ATƏT-in Minsk qrupu tənzimləməlidir. Bunlar yalnız xülyadır və xülya olaraq qalacaq. Ermənistanın sonuncu irimiqyaslı hərbi təxribatı, ilk növbədə, ona yönəlmişdi ki, sülh müqaviləsinin imzalanması prosesinin önünə keçsinlər. Hesab edirəm ki, bu əməliyyatdan sonra Ermənistanın sülhdən başqa alternativi olmayacaq. Çünki müharibə olsa, bu Ermənistan dövlətinin sonunun başlanğıcı olar.