YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

MÜSAHİBƏLƏR

Aprel döyüşləri bizi şanlı Zəfərə aparan tarixi qələbəmizdir

Müsahibimiz Milli Məclisin deputatı Nurlan Həsənov
  • Nurlan müəllim, şanlı Zəfərimizin müjdəsi kimi dəyərləndirilən  Aprel döyüşlərindən 6 il ötür. Aprel qələbəsi xalqımızda torpaqlarımızın işğaldan azad ediləcəyinə inamı artırdı, işğalçı Ermənistana və ona havadarlıq edən dövlətlərə mesajlar çatdırdı. Tarixi Zəfərimizin reallıqları fonunda o tarixə nəzər salaq...
  • Azərbaycan Ordusunun parlaq tarixi qələbələrindən olan şanlı Aprel döyüşlərindən - tarixi zəfərə gedən yolda böyük qələbədən - artıq 6 il ötür. 2016-cı il 2-5 aprel döyüşləri zamanı düşmənin təxribatının qarşısı uğurla alındı, uzun illərdir düşmən nəzarətində olan Tərtər rayonunun Talış kəndi ətrafındakı yüksəkliklər və Seysulan kəndi, Cəbrayıl rayonunun Lələ təpə yüksəkliyi və Cocuq Mərcanlı, Goranboy rayonunun Gülüstan kəndi, Tərtər rayonunun Qazaxlar kəndi və Tərtər rayonunun Madaqiz kəndi istiqamətində yollar azad olundu, ümumilikdə işğal altındakı ərazilərin 2000 hektardan çox hissəsi düşməndən təmizləndi. Bu qələbə Ermənistan ordusununun məğlubedilməzlik mifini darmadağın edən və bizi şanlı zəfərə aparan tarixi qələbə kimi tarixə keçdi.
  • Qələbəmizin yaratdığı reallıqların qəbul etdirilməsi mərhələsi kimi dəyərləndirilən hazırkı dövrdə Azərbaycanın beynəlxalq münasibətlər sistemində yeri və rolunu necə dəyərləndirirsiniz?
  • Əvvəla qeyd etmək lazımdır ki, Azərbaycan xarici siyasətində multilateralizmə, qlobal həmrəyliyə və beynəlxalq əməkdaşlığa mühüm əhəmiyyət verir. Azərbaycanın BMT-dən sonra ikinci ən böyük siyasi təsisat olan Qoşulmama Hərəkatına hazırkı sədrliyi dövründə irəli sürdüyü təşəbbüslər və atdığı praktiki addımlar bunu təsdiq edir. Bununla yanaşı, qonşu ölkələrlə yüksək səviyyəli münasibətlərin qurulması da Prezident İlham Əliyevin prioritet hesab etdiyi sahələrdəndir. Vətən müharibəsində tarixi Zəfər qazanılmasında bu amil böyük rol oynayıb. Bütün bunları nəzərə alaraq əminliklə deyə bilərəm ki,  Azərbaycan öz milli maraqlarına uyğun çoxşaxəli müstəqil xarici siyasət yürüdür və hal-hazırda da bu kursu uğurla davam etdirir.
  • Cari ildə soydaşlarımızın Böyük Qayıdışı başlanacaq. “Ağıllı kənd” layihəsi çərçivəsində bərpa və yenidənqurmadan sonra Zəngilan rayonunun Ağalı kəndləri sakinlərini qarşılayacaq. Ümumilikdə, Böyük Qayıdış Azərbaycanın gələcəyi barədə hansı inkişaf modelini formalaşdırır?
  • İşğaldan azad olunmuş torpaqlarda hərtərəfli təhlükəsiz və əlverişli həyat şəraitinin yaradılması vətəndaşların əbədi məskunlaşması üçün böyük əhəmiyyət daşıyır. Bunun üçün yeni ərazilərdə layiqli yaşayış, rahat həyat tərzi və müasir xidmətlərə əlçatanlıq təmin edilir, müasir infrastruktur qurulur. Bütün bunlar “Ağıllı kənd” layihəsi çərçivəsində yenidən qurulan Zəngilan rayonunun Ağalı kəndi timsalında bütün işğaldan azad olunmuş torpaqlarda uğurla davam etdirilir. Böyük Qayıdış çox yaxın gələcəkdə vətəndaşlarımızın əzəli torpaqlarımızda dayanıqlı məskunlaşması və bu ərazilərin ölkə iqtisadiyyatına reinteqrasiyasında əlaqələndirici vasitə kimi çıxış edəcək.
  • Nurlan müəllim, Qarabağın tacı, Azərbaycanın döyünən ürəyi Şuşa şəhəri 2023-cü il üçün “Türk dünyasının  mədəniyyət paytaxtı” seçilib. Bu mühüm qərar hansı çağırışları özündə ehtiva edir?
  • Şuşa işğaldan azad edildikdən dərhal sonra dövlətimiz infrastruktur layihələrinin icrasına başladı. Şəhərdə erməni vandalları tərəfindən dağıdılmış və ya ziyan görmüş tarixi, mədəniyyət abidələrimizi bərpa etdi. Dünyaşöhrətli bəstəkar, görkəmli musiqişünas alim Üzeyir Hacıbəylinin, görkəmli şairə Xurşidbanu Natavanın büstləri əvvəlki yerlərinə qaytarıldı, opera müğənnisi, mahir təsnif ifaçısı Bülbülün ev-muzeyi bərpa edilərək qapılarını ziyarətçilərə açdı. Paralel olaraq, görkəmli Azərbaycan şairi Molla Pənah Vaqifin büstü və muzey-məqbərə kompleksi bərpa olundu. Şuşada işğaldan əvvəl keçirilən Vaqif Poeziya Günləri yenidən təşkil olundu. Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva da Vaqif Poeziya Günlərinin rəsmi açılışında iştirak etdilər. Həmçinin Şuşada Qarabağın, Qələbəmizin rəmzi olan “Xarıbülbül” musiqi festivalı keçirildi. Şuşada təşkil olunan tədbirlər, musiqi festivalları xalqımızın birliyini, bərabərliyini nümayiş etdirməklə yanaşı, ölkəmizdə yaşayan millətlərə verilən dəyərin təcəssümüdür. Beynəlxalq Türk Mədəniyyəti Təşkilatına (TÜRKSOY) Bursa şəhərində keçirilən iclasında qəbul olunan bu qərar Şuşa şəhərini Azərbaycanla yanaşı “Türk dünyasının mədəniyyət paytaxtı” elan etdi. Bütün bunlar gələcəkdə Şuşamızda, mədəniyyət paytaxtımızda keçiriləcək yerli və beynəlxalq tədbirlərin başlanğıcıdır.
  • Postmünaqişə dövrünün əsas məsələlərindən biri bölgədə dayanıqlı sülhün və təhlükəsizliyin təmin edilməsi,  Azərbaycanla Ermənistan arasında münasibətlərin nizamlanmasıdır. Azərbaycan hər zaman sülhün tərəfdarı olub və təkmil sülh modelini təklif edib. Ermənistanın  bu məsələyə yanaşmasını necə şərh edərdiniz?
  • Bütövlükdə Qafqaz regionunda sabitlik və təhlükəsizlik Cənubi Qafqazda sülh, sabitlik və əməkdaşlıqdan asılıdır. Sabitliyin və əməkdaşlığın təmin olunması isə regionun daha güclü olmasına təkan verən amil kimi qiymətləndirilir. Qısa müddət öncə Azərbaycan tərəfindən münasibətlərin normallaşması üçün 5 maddəlik təklif irəli sürülüb. Sərhədlərin tanınmasını əsas götürərək hazırlanmış bu sənəd beynəlxalq hüquq normaları çərçivəsində olan bir təklifdir və özündə qeyri-adi hər hansı bir istək ehtiva etmir. Ermənistan tərəfi də öz açıqlamalarında bunu məqbul hesab etsə də əməldə də bunu tanımalıdır. Bu baxımdan Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyan arasında 2022-ci il aprelin 6-da Brüsseldə keçiriləcək danışıqlar həlledici əhəmiyyət kəsb edəcək.