MÜSAHİBƏLƏR
Azərbaycan xalqı 44 günlük Vətən müharibəsində ona qarşı törədilən bütün cinayətlərin qisasını aldı
-Cəbi müəllim, 31 Mart-Azərbaycanlıların Soyqırımı Gününü qeyd edirik. Tarixi faktlar bu reallığı təsdiqləyir ki, son iki yüz ildə Azərbaycan tarixinə bir çox şanlı səhifələrlə yanaşı, faciələr və soyqırımıları da yazılıb. 1918-ci ilin mart soyqırımıları öz amansızlığına və miqyasına görə təkcə Azərbaycan deyil, bəşər tarixində ən qanlı faciələrdən biridir. Tarixi faktlara nəzər salaq…
-Artıq 24 ildir Azərbaycan xalqı dövlət səviyyəsində 31 Mart tarixini Azərbaycanlıların Soyqırımı Günü kimi qeyd edir. 1918-ci ilin mart qırğınından 104 il keçir. Azərbaycan xalqına qarşı kütləvi şəkildə soyqırımı cinayəti törədilib. Heç bir günahı olmayan bir xalqa qarşı çox ağır cinayət törədildi. Səbəb nə idi? İlk növbədə onu qeyd edim ki, ilk dəfə “soyqırımı” beynəlxalq hüquqi termininin mahiyyəti 1948-ci ildə BMT Baş Assambleyasının qəbul etdiyi 264 saylı Konvensiyaya uyğun olaraq müəyyən edilib. Həmin Konvensiyada belə bir addım atılarsa, bu addım bir millətin, bir xalqın, bir etnik qrupun qəsdən məhv edilməsi məqsədini güdürsə, o soyqırımının qarşısının alınması və onu törədənlərin cəzalandırılması nəzərdə tutulur. Buna görə də bu məsələdə hadisənin nə zaman baş verməsi nəzərə alınmır. Cinayət cinayətdir. Ona görə də 1998-ci il mart ayının 26-da bütün bu məsələləri dərindən öyrənən ulu öndər Heydər Əliyev Sərəncam imzaladı. Bu, bizim üçün bir hüquqi əsasdır. Yəni, tarixçi alimlər üçün xalqımıza qarşı törədilən bu cinayətin tarixi və hüquqi nöqteyi-nəzərdən araşdırılması üçün bu Sərəncamın çox böyük əhəmiyyatı vardır.
Qeyd etməliyəm ki, XIX əsrin sonu XX əsrin əvvəlləri Bakı dünya neftçıxarma işinin mərkəzi idi. 1902-ci ilə qədər Azərbaycan dünya neftinin 52 faizini və Rusiya hasil edilən neftin 95 faizini verirdi. Dünyanın ən güclü dövlətlərinin neft şirkətləri Bakıda təmsil olunmuşdu. Məsələnin maraqlı tərəfi ondan ibarətdir ki, Azərbaycan xalqının o zaman müstəqil dövləti yox idi. Çünki onun əraziləri 1828-ci il Türkmənçay müqaviləsinə əsasən çar Rusiyası və Qacarlar İranı arasında bölüşdürülmüşdür. Amma əsas məsələ XX əsrin əvvəllərində sənayeləşmə posesinin sürətlənməsi ilə bağlı baş verən siyasi hadisələrdir. Buna görə də Qərb ölkələri dünyanı yenidən bölüşdürmək üçün hələ XIX əsrin ikinci yarısında, daha dəqiq desək, 1879-cu ildən başlayaraq hərbi-siyasi bloklar yaratmağa başladı. Çünki iki hərbi-siyasi blok formalaşmışdır ki, bunun birinə əvvəllər Üçlər ittifaqı deyirdilər. Sonradan Dördlər ittifaqı oldu. Ondan da əvvəl dünyanın artıq böyük hissəsi- Rusiya, Böyük Britaniya, bir sıra Avropa ölkələri Portuqaliya, İspaniya və ABŞ tərəfindən bölüşdürülüb qurtarmışdır. Hətta 1899-1903-cü illərdə Amerika-İspaniya müharibələri baş vermişdir. Bu, müstəmləkələr arasında gedirdi. Amma bu müstəmləkələr içərisində enerji resursları ilə ən zəngini Bakı neft rayonu, İran ərazisi, o cümlədən Cənubi Azərbaycan ərazisi və Osmanlı imperiyasının şərq əraziləri. Bax bu əraziləri ələ keçirmək, enerji resurslarına sahib olmaq üçün Avropada iki hərbi-siyasi blok formalaşdı. Birinə Antanta İttifaqı adı verildi. Onun formalaşıb başa çatması 1907-ci ilə aiddir. Bura çar Rusiyası, Böyük Britaniya və Fransa daxil idi. Hərçənd ki, onların da arasında çox böyük ixtilaflar mövcud idi. Amma bunları birləşdirən bu ərazilərin onların nəzarətindən çıxmaması idi. Digər bir tərəfi isə Birləşmiş Alman Dövləti idi. Hansı ki, bunun birləşmə prosesi 1871-ci ildə başa çatmışdı. Onun müttəfiqi rolunda Avstriya, Macarıstan çıxış edirdi. Sonradan onlara Türkiyə qoşuldu. Amma əvvəl İtaliya da bunların tərkibində idi. Antanta ölkələrinin təzyiqi ilə İtaliya 1901-ci ildə həmin ittifaqdan çıxmışdı. Onlara sonuncu qoşulan Osmanlı Türkiyəsi və Bolqarıstan oldu. Məsələnin maraqlı tərəfi budur ki, o vaxtı, söhbət 1912-ci ildən gedir, alman hökumətinin Aralıq dənizinə çox böyük gəmilər, hərbi-dəniz donanması yeritməsi ingilisləri çox narahat etdi. O illərdə İngəltərənin hərbi-dəniz donanmasının komandanı olan və sonradan baş nazir seçilən Uinston Çörçill İngiltərə parlamentində çıxış edərək bütün texnikanın, bütün nəqliyyatın kömürdən neftə keçməsi haqqında təkliflə çıxış etdi və bu qəbul olundu. Bundan sonra isə söhbət ondan gedirdi ki, istər Fransa, istərsə də Böyük Britaniya, o cümlədən çar Rusiyası almanların Aralıq dənizinin şərqində möhkəmlənməsinə razı olmaq istəmirdilər. Çünki Suriya, İraq, İordaniya, Səudiyyə Ərəbistanı, o cümlədən İran əraziləri ingilis, o cümlədən alman geoloqları tərəfindən öyrənilmişdir. Bunlar sözün əsl mənasında bir növ dünyanın “yanacaqdoldurma məntəqəsini” xatırladırdı. Bu “yanacaqdoldurma məntəqəsi” kimin əlində olacaq, o dünyaya diktəsini edəcək. Bu nöqteyi-nəzərdən çıxış edərək ingilislər artıq 1912-ci ildən bilavasitə Aralıq dənizinə öz hərbi-dəniz donanmasını yeritdi.
İndiki BP şirkətinin əvvəlki adı İngilis-İran neft şirkəti idi. Onun əsası 1909-cu ildə qoyulmuşdu. O zaman Azərbaycan dünya neftinin 52 faizini və Rusiya da hasil olunan neftin 95 faizini verirdisə, burada kim təmsil olunmuşdur? Əvvəldə də qeyd etdiyim kimi, XX əsrin əvvəlində Avropa dövlətlərinin, Rusiyanın Ön Asiyaya, xüsusilə Osmanlı Türkiyəsi ərazilərinə, o cümlədən Cənubi Qafqaza marağı getdikcə artırdı. Artıq buraya Rotşildlərin və Nobellərin, ingilislərin kapitalı gəlmişdi. Bundan başqa, dünyaya hökmranlıq etmək ideyasını ortaya atan Rokfellerin “Standart oyl” şirkəti Azərbaycana gəlmək istəyirdi. Bu, təbii ki, Bakı nefti ilə bağlı olan məsələ idi. Ona görə də XIX əsrin II yarısı-XX əsrin əvvəllərində artıq formalaşan iki hərbi siyasi blok, yəni Üçlər İttifaqı sonradan Dördlər İttifaqı oldu. Bilirik ki, Antantaya Rusiya, İngiltərə və Fransa daxil idi. Dünyanı bölüşdürmək üçün güclü rəqabət başlamışdı. Onu da qeyd edim ki, Birinci Dünya müharibəsinin başlanmasının səbəblərindən biri də Bakı nefti idi. O da təsadüfi deyildi ki, Birinci Dünya müharibəsində ingilislərin istifadə etdiyi yanacağın 72 faizi Bakı nefti idi.
Yəqin ki, sual edilir-Cümhuriyyəti niyə tanımadılar? Bəli, həmin neft şirkətlərinin öz hökumətlərinə etdiyi təzyiqə görə beynəlxalq aləmdə Azərbaycan Xalq Cümhuriyyəti deyilən milli dövlətimiz de-yure tanınmadı. Soyqırımının sifarişini də verən həmin dövlətlərin rəhbərləri idi.
1918-ci ilin fevral ayında Cənubi Azərbaycanda bir həftədə 77 min insanı məhv etdilər. Nə idi onların günahı? Sual verən yoxdur axı. Ermənilərin o zaman dövləti yox idi. Bu silahı, maliyyə yardımını onlara kim verirdi? Yuxarıda xatırlatdığım dövlətlərin arxivlərindən gətirdiyimiz sənədlərdə birmənalı şəkildə sübut olunub ki, erməni daşnak dəstələrinə-Andranikə, Hamazaspa, Droya, Njdeyə maliyyə yardımını Rusiya, ABŞ, İngiltərə, Fransa verirdilər. Məsələn, 1917-ci ilin dekabrın 16-da Leninin imzaladığı sərəncama əsasən, bura fövqəladə və səlahiyyətli komissar təyin edilən Şaumyanın hesabına 500.000 rubl qızıl pul ayrılır. Sənədlər onu da sübut edir ki, Şaumyan “Daşnaksutyun” partiyasının üzvü olmaqla yanaşı, həm də bolşeviklər partiyasının üzvü idi. Bunların adları başqa olsa da, niyyətləri bir idi. Ulu Tanrı tərəfindən Azərbaycan xalqına verilən sərvəti - Bakı neftini ələ keçirmək üçün belə cinayətkar planlar qurulurdu. 1918-ci ilin əvvəlindən bütün Azərbaycan ərazisində, istər Cənubi, istər Şimali Azərbaycanda kütləvi şəkildə müsəlman əhaliyə qarşı soyqırımı cinayəti törədilib. Cənubi Azərbaycanın Urmiya şəhəri və onun ətrafındakı ərazilərdə ən azı 176 min nəfər qətlə yetirilib. Bakıda qətlə yetirilənlərin sayı 30 mindən, Qubada isə 16 mindən çoxdur. Zəngəzurda qətlə yetirilənlərin sayı 10068 nəfərdir. İrəvan quberniyasında qətlə yetirilənlərin sayı 57 mindən çoxdur. Apardığımız hesablamalara görə qətlə yetirilənlərin sayı ən azı 700 min nəfərdir. Bunun xəritəsini tərtib etmişik. Bu statistikanı da qeyd edək ki, Azərbaycan Xalq Cümhuriyyəti süquta yetirildi və 1920-ci ilin aprel ayının 29-dan 1921-ci ilin avqust ayının 1-ə qədər Azərbaycanda 48 min nəfəri güllələyiblər. Onların günahı nə idi? Məqsədyönlü şəkildə Azərbaycan xalqına qarşı cinayət törədilib. Bunu təsdiq edən hüquqi sənədlər var. Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci ilin iyununda təşkil olunan komissiyanın əsas məqsədi törədilən cinayətin bütün təfərrüatını vermək idi. Təxminən 8 min səhifəlik, 36 cildlik sənəddə açıq şəkildə nə qədər cinayət törədildiyi öz əksini tapıb.
44 günlük İkinci Qarabağ müharibəsində Azərbaycan xalqı ona qarşı törədilən bütün cinayətlərin qisasını aldı. Amma bir qismi qalır. Möhtərəm Prezidentimiz İlham Əliyev bütün çıxışlarında xüsusi olaraq qeyd edir ki, İrəvan, Zəngəzur, Göyçə tarixi Azərbaycan torpaqlarıdır. Biz azərbaycanlılar o torpaqlara qayıdacağıq! Xalqımız Prezidentinə inanır və onun ətrafında sıx birləşib. Mən onun ideoloji cəbhədə əsgəri kimi həmişə yanındayam. Müzəffər Ali Baş Komandan xalqına Zəfər sevincini yaşatdı. Bu sevincin əvəzi yoxdur.
-Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra xalqımızın tarixi keçmişinin obyektiv mənzərəsini təqdim etmək imkanı yarandı. Müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, ulu öndər Heydər Əliyevin “Azərbaycanlıların soyqırımı haqqında” 1998-ci il 26 mart tarixli Fərmanı bu sahədə tədqiqatların genişləndirilməsinə, həqiqətlərin üzə çıxarılmasına yönələn səylərin artırılmasına necə təsir göstərdi?
-Ulu öndər Heydər Əliyev o qədər Vətənin sevən insan idi ki, tarixçi alimlərdən tələb edirdi ki, bu məsələlərin kökünü açın. Fəxr edirəm ki, Azərbaycan vətəndaşıyam. Azərbaycan tarixinin bir sıra məsələlərinin tədqiqi ilə məşğul olan tarixçi olaraq soyqırımı faktlarının araşdırılmasında az da olsa əməyim var. Biz soyqırımı cinayətinin xəritəsini, sənədlərini, bununla bağlı monoqrafiyaların yazılmasını təmin etmişik.
Ulu Öndərin qeyd edilən Fərmanı bizim üçün hüquqi əsas oldu. Həmin sənəddə ilk dəfə olaraq azərbaycanlılara qarşı törədilən bu cinayətə hüquqi və siyasi qiymət verilib. Əlbəttə ki, bizim üçün çox böyük imkanlar yaratdı. Dünyanın 10 ölkəsindən Azərbaycan tarixinə, o cümlədən soyqırımı tarixinə dair çoxsaylı sənədlər gətirdik. Bu sənədləri Rusiyanın, Gürcüstanın, qardaş Türkiyənin, Almaniyanın, Fransanın, Hindistanın, Türkmənistanın, İranın arxivlərindən gətirmişik. Ulu öndər Heydər Əliyevin məlum Fərmanına söykənərək faktları, sənədləri ortaya qoyduq. Qeyd etdiyim sənədləri həmin arxivlərdən tam şəkildə götürə bilməmişik, amma işlər davam etdirilir. Çoxlu sənədlərlə rastlaşdıq. Bunlardan da biri soyqırımı təşkil edən Şaumyanın güllələnməməsi məsələsi ortaya çıxdı. Bütün detalları araşdırarkən bir çox məqamlara rast gəldik. Onları araşdırmaqda məqsəd ondan ibarətdir ki. xalqımız bilsin ki, onun dostu kimdir, düşməni kimdir. Ona qarşı cinayət törədən kimdir. Xalqımız öz tarixini bütün təfərrüatı ilə bilməlidir.
Bu sənəd gələcək nəsillərin bu tarixi hadisələri unutmaması, keçmişimizin xatırlanması üçün çox mühüm əhəmiyyət kəsb edir.
-Cəbi müəllim, tarixi Zəfərimiz ilə işğalçı Ermənistana və ona havadarlıq edərək azərbaycanlılara və türklərə qarşı soyqırımı siyasətinin həyata keçirilməsinə yardımçı olan dövlətlərə hansı mesajlar ünvanlandı?
-Tarixi Zəfərimizdən iki ilə yaxın vaxt keçir. Ermənilər və onların havadarları hələ də şokdadır. Ermənilər çox böyük dərs aldılar. 44 gündə 17 min kv.km ərazini azad etmək asan iş deyil. Azərbaycan ordusunun gücünə, qüdrətinə baxın. Ermənilərə havadarlıq edən ölkənin dövlət başçısı da bu torpaqların Azərbaycana məxsus olduğunu etiraf etdi. Ermənilər torpaqlarımızı 30 ilə yaxın işğal altında saxlasalar da onları azad etdik. Zəngəzur dəhlizi açılır. Qələbə bizimdir. Azərbaycanın təcrübəsini NATO-nun ən ali strukturları öyrənirlər. Şuşa əməliyyatı dünyaya səs saldı. Bu gün hər bir azərbaycanlı qalib ölkənin vətəndaşı olduğu üçün qürurludur. Artıq dünya gördü ki, bu xalqı məhv etmək qeyri-mümkündür, olmaz. Azərbaycan xalqı zəngin bir mədəniyyətin, tarixin yaradıcısı olan xalqdır. Azərbaycan bütün sahələrdə nümunədir.