MÜSAHİBƏLƏR
Azərbaycan-Türkiyə münasibətləri müttəfiqlik səviyyəsinə yüksələrək uğurla inkişaf edir
-Kamran müəllim, tarixi Zəfərimizin yaratdığı reallıqlar fonunda Azərbaycanın hazırkı dövrdə beynəlxalq münasibətlər sistemində yeri və rolunu necə şərh edərdiniz? Qalib Azərbaycan dünya siyasətində hansı dəyişikliklərin edilməsinə nail olub?
-Ümummilli lider Heydər Əliyevin siyasi kursunu uğurla inkişaf etdirən Azərbaycan Respubliksasının Prezidenti cənab İlham Əliyevin yüksək siyasi və diplomatik istedadı sayəsində son illər ərzində ölkəmizin dünyanın aparıcı dövlətləri və beynəlxalq təşkilatlar ilə münasibətləri daha da inkişaf edib. Bunun nəticəsində Azərbaycan təkcə regionda deyil, eyni zamanda, beynəlxalq aləmdə söz sahibinə çevrilib, dünyada cərəyan edən proseslərə təsir göstərmək imkanı qazanıb.
Əminliklə deyə bilərik ki, Azərbaycanın İkinci Qarabağ müharibəsində müzəffər Ali Baş Komandanımızın rəhbərliyi və qüdrətli Ordumuzun gücü ilə əldə etdiyi şanlı Qələbə geniş geosiyasi məkanda da ciddi dəyişikliklərə səbəb olub.
Bu gün Azərbaycan regionun yeni geosiyasi mənzərəsini formalaşdırmaqla yanaşı, yeni diplomatik münasibətlər modellərini və platformalarını yaradır. Belə ki, Azərbaycan-Türkiyə-Pakistan, Azərbaycan-Gürcüstan-Türkiyə, Azərbaycan-Rusiya-İran, Azərbaycan-İran-Türkiyə kimi üçtərəfli əməkdaşlıq platformaları ölkəmizin beynəlxalq münasibətlər sistemində nüfuzunun artırılması ilə yanaşı, region ölkələri üçün yeni siyasi və iqtisadi perspektivlər yaradır. Bu cür formatlar müttəfiq və tərəfdaş dövlətlərlə daha etibarlı əlaqələrin qurulmasına, əməkdaşlığın keyfiyyətcə yeni səviyyəyə yüksəlməsinə, regionun bütün dünya üçün daha böyük maraq kəsb etməsinə şərait yaradır.
Eyni zamanda, ölkəmizin uğurlu xarici siyasətində nüfuzlu beynəlxalq təşkilatlarla məhsuldar əməkdaşlığı xüsusi yer tutmaqdadır. Belə ki, Azərbaycan BMT, ATƏT, Avropa İttifaqı, Avropa Şurası, Türk Dövlətlər Birliyi, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı və digər beynəlxalq platformalarda öz mövqeyini daha da möhkəmləndirib, eyni zamanda üzvü olduğu bu təşkilatların dünyada nüfuzunun daha da artırılmasına əvəzsiz töhfələr verib.
Bu gün Azərbaycan siyasi, iqtisadi və hərbi cəhətdən o qədər güclü dövlətə çevrilib ki, regionun gündəliyini diktə edir. Ölkəmizin qlobal təşəbbüsləri beynəlxalq aləmdə qəbul olunur və dəstəklənir. Məsələn, COVID-19 pandemiyasının tüğyan etdiyi dövrdə Prezident İlham Əliyevin təşəbüssü ilə nüfuzlu beynəlxalq təşkilatların zirvə görüşlərinin keçirilməsi də bunun əyani sübutudur.
-Dövlət başçısı İlham Əliyev BMT-nin Məskunlaşma Proqramının icraçı direktoru Maimuna Mohd Şərif ilə görüşündə beynəlxalq təşkilatların, fondların bərpa və quruculuq işlərinə etinasızlığından bəhs edərək BMT-nin öz qurumları və kommunikasiya kanalları vasitəsilə ölkəmizə dəstək verəcəyinə ümidvar olduğunu bildirmişdir...
-Cənab Prezidentin işğaldan azad edilmiş ərazilərdə dağıntılardan, ermənilərin 30 ilə yaxın müddət ərzindəki işğalı zamanı hökm sürmüş vandalizmi və barbarlığı, həmin torpaqlarda Azərbaycanın mədəni, tarixi və dini abidələrinin qəsdən məhv edilməsi siyasəti barədə bəhs etdi. Çox təəssüf ki, bu müddət ərzində heç bir beynəlxalq təşkilat bu cinayətlərlə bağlı qısa olsa da belə bir bəyanat yaymadı, işğalçıların bu cür hərəkətlərinə qiymət vermədi, Ermənistana heç bir təzyiq göstərmədi, sanksiya tətbiq etmədi. Və cənab Prezidentin hiddəti anlaşılandır. Dünyada sülhün və təhlükəsizliyin təşviqini özündə təcəssüm etdirən BMT kənara çəkilərək, Azərbaycanın müraciətlərinə cavab olaraq öz fəaliyyətsizliyini və səmərəsizliyini sübut etmiş ATƏT-in Minsk Qrupuna istinad edirdi. Lakin, ədalət zəfər çaldı, Azərbaycan tarixi Qələbəni qazandı, torpaqlarımız işğaldan azad edildi. Bu gün də, həmin ərazilərdə bərpa-quruculuq işlərinin aparılması və Böyük Qayıdışın təmin edilməsi qarşımızda duran ən başlıca vəzifədir və bu vəzifənin öhdəsindən ölkəmiz cənab Prezidentin rəhbərliyi ilə layiqincə gəlməkdədir, halbuki hal-hazıra qədər heç bir beynəlxalq təşkilatdan, dünyanın heç bir ölkəsindən yardım almamışıq. Hər zaman yüksək dəyərlərdən danışan dünya birliyinin bu cür münasibəti və biganəliyi sözün əsl mənasında təəssüf doğurur. Hesab edirəm ki, cənab Prezidentin həmin görüşdə səsləndirdiyi sözlər və verdiyi mesajlar BMT qurumlarının işğaldan azad olunmuş ərazilərin bərpasına dəstək göstərəcəyinə təkan verəcəkdir.
-Bu gün müttəfiqlik səviyyəsinə yüksələn Azərbaycan-Türkiyə münasibətləri dünyaya hansı mesajları ünvanlayır?
-Azərbaycan 1991-ci ildə müstəqilliyini bərpa etdikdən sonra dost və qardaş Türkiyə ilə bütün sahələrdə əlaqələr davamlı olaraq yüksələn xətt üzrə inkişaf edir. 1992-ci il yanvarın 14-də Türkiyə ilə diplomatik əlaqələrin yaradılması Azərbaycan tarixinə əlamətdar hadisə kimi yazılıb. Bu il isə qürur hissi ilə qardaşlığımızın 30 illik yubileyini qeyd edirik. Müstəqilliyini bərpa etmiş Azərbaycanın ilk olaraq Türkiyə tərəfindən tanınması və sonra da diplomatik münasibətlərin qurulması əsl birlik və həmrəylik nümunəsi adlandırılır.
Azərbaycan-Türkiyə münasibətləri bu gün müttəfiqlik səviyyəsinə yüksələrək uğurla inkişaf edir, bütün dünyaya müttəfiqliyin nümunəsi kimi təqdim olunur. İki qardaş ölkə hər zaman bir-birinə dəstək olub, beynəlxalq platformalarda istənilən məsələlərlə bağlı vahid mövqedən çıxış edib, öz xarici siyasətlərində beynəlxalq hüquqa sadiqliyini dünyaya nümayiş etdirib.
Prezident İlham Əliyev və Prezident Rəcəb Tayyib Ərdoğan tərəfindən Azərbaycan-Türkiyə qardaşlığı və əməkdaşlığının bütün sahələr üzrə davamlı inkişafı üçün ciddi addımlar atılıb, şəxsi münasibətləri ilə isə əsl qardaşlıq nümayiş etdirmələri müttəfiqliyimizə xüsusi çəki verməkdədir. Azərbaycan-Türkiyə müttəfiqliyi, Əliyev-Ərdoğan birliyi və həmrəyliyi xalqlarımız üçün də, dünya birliyi üçün də əsl nümunədir.
-Kamran müəllim, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın tarixi Zəfərimizdən sonra ölkəmizə səfəri zamanı imzalanan sənədlərə söykənərək səsləndirdiyi “Atılacaq daha çox imzalar var” çağırışı Şuşa Bəyannaməsində özünü necə ehtiva edir? Hər iki ölkənin parlamentində təsdiqlənən bu sənədəlaqələrimizingələcək inkişafı üçün hansı imkanları yaradacaq?
Tarix boyu ölkə rəhbərlərinin görüşləri, rəsmi səfərləri hər iki ölkədə böyük rəğbətlə və maraqla qarşılanır və bu səfərlərin hər birində iki qardaş ölkə arasında bütün sahələr üzrə sıx əməkdaşlıq və tərəfdaşlıq daha da möhkəmlənir.
Ötən il Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfərləri və xüsusilə də Qarabağa ilk Türkiyə lideri kimi səfəri Azərbaycan-Türkiyə qardaşlığı tarixinə yeni səhifə kimi yazıldı.
Keçən il tarixi bir gündə, 15 iyun - Milli Qurtuluş Günündə Azərbaycan və Türkiyə Prezidentləri Füzulidə oldular, Şuşaya səfər etdilər, əsl dostluq və qardaşlığın nümunəsi olan “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi” imzaladılar, bununla da dünyaya Azərbaycan-Türkiyə qardaşlığının Şuşa zirvəsindən mesajlar verdilər - sarsılmaz birlik, əbədi qardaşlıq, daimi mütəffiqlik!
Şuşa Bəyannaməsi əlaqələrimizin inkişafının konseptual istiqamətlərini müəyyən edərək, gələcək müştərək müvəffəqiyyətlərimizə yol açan yeni mərhələnin əsasını qoymuşdur. Bu tarixi sənəd iki qardaş ölkənin ümumi maraqlarının qorunmasına, ortaq maraq kəsb edən regional və beynəlxalq strateji məsələlərdə fəaliyyətlərin qarşılıqlı şəkildə əlaqələndirilməsinə xidmət etməklə ölkələrimizin regional və beynəlxalq rolunu, çəkisini daha da artıracaqdır.
Şuşa Bəyannaməsi müstəqillik, suverenlik, ərazi bütövlüyü, beynəlxalq səviyyədə tanınmış sərhədlərin toxunulmazlığı, dövlətlərin daxili işlərinə qarışmamaq prinsiplərini rəhbər tutan, milli maraq və mənafelərini müdafiə və təmin etməyə yönəlmiş müstəqil xarici siyasət həyata keçirən hər iki ölkə tərəfindən müttəfiqlik münasibətlərinin qurulmasının siyasi və hüquqi mexanizmlərini müəyyənləşdirmək baxımından mühüm əhəmiyyət kəsb edir.
-Kamran müəllim, Azərbaycan və Türkiyə prezidentlərinin görüşündə diqqət yönəldilən məsələlərdən biri Zəngəzur dəhlizinin açılması, Qars-Naxçıvan dəmir yolu xəttinin çəkilməsi oldu. Perspektivlər barədə fikirlərinizi bilmək istərdik...
Hesab edirəm ki, martın 10-da Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Türkiyəyə işgüzar səfəri ölkələrimizin müttəfiqlik əlaqələrinin inkişafında növbəti bir addım kimi dəyərləndirilə bilər. Prezidentlərin görüşünün 4 saatdan artıq davam etməsi isə Rəcəb Tayyib Ərdoğanın vaxtı ilə dediyi “Atılacaq daha çox imzalar var” sözlərini reallığa çevirməkdədir. Görüşdə müzakirə olunan məsələlərin Şuşa Bəyannaməsi prizmasından reallaşdırılması, şübhəsiz ki, müttəfiqliyimizin daha da gücləndirilməsinə, xüsusilə də postmünaqişə dövrünü yaşayan regionumuzda davamlı sülhün və təhlükəsizliyin bərqərar olunmasına xidmət edəcəkdir.
Eyni zamanda, görüş zamanı Azərbaycan və Ermənistan arasında əlaqələrin normallaşdırılması, habelə Zəngəzur dəhlizinin açılması, Qars-Naxçıvan dəmir yolu xəttinin çəkilməsi perspektivlərinin müzakirəsi və gələcəkdə reallaşdırılması həm Azərbaycan və Türkiyə arasında iqtisadi-ticarət əlaqələrinin daha da genişləndirilməsinə, həm də regionun nəqliyyat-kommunikasiya əlaqələrinin bərpasına, beynəlxalq nəqliyyat dəhlizlərinin inkişafına öz töhfəsini verəcəkdir.