MÜSAHİBƏLƏR
Beynəlxalq Qadınlar Gününü işğaldan azad olunmuş torpaqlarımızla birgə qalibiyyət ruhu ilə qeyd edirik
-Bahar xanım, 8 Mart- Beynəlxalq Qadınlar Gününü qeyd edirik. Hər bir bayram bir hesabat xarakteri daşıyır. Deyə bilərsinizmi, Azərbaycan qadınları beynəlxalq səviyyədə qeyd olunan bu günü hansı əhval-ruhiyyə ilə qeyd edirlər?
-Düşünmürəm ki, beynəlxalq aləmdə bütün qadınların eyni əhval-ruhiyyə ilə bu günü qeyd etmək imkanları var. Çox təəssüflər olsun ki, bəzi ölkələrdə, dünyanın müxtəlif regionlarında bu günün hansı gün olduğunu unudan çoxsaylı qadınlar vardır. Elə zamanında biz də bu əhval-ruhiyyədə idik. Doğrudur, yalnız 8 Mart- Beynəlxalq Qadınlar Günü deyil, bütün bayramlar ərəfəsində onların haqqında danışırdıq, niyyətlər tuturduq, arzularımız olurdu, o bayramı sanki qeyd edirdik. Amma həm də elə bir müqəddəs günü gözləyirdik ki, torpaqlarımız işğaldan azad edilsin, bayramları həmin ərazilərimizdə qeyd edək. Bu gün artıq o arzumuza çatmışıq. Azərbaycan Ordusu ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə xalqımızın bütün təbəqələrinin birliyinə və həmrəyliyinə söykənərək 30 ilə yaxın dövrdə işğal altında qalan torpaqlarımızı düşmən tapdağından azad etdi. Hazırda o ərazilər yenidən qurulur və sanki onlara yeni bir nəfəs, yeni bir dirçəliş ruhu gəlir.
Əlbəttə ki, ən güclü dirçəliş ruhu bizim daxilimizdədir. Bu gün 8 Mart-Beynəlxalq Qadınlar Gününü, bu gözəllik bayramını işğaldan azad olunmuş torpaqlarımızla birgə qələbə və qalibiyyət ruhu ilə qeyd edirik. Bu bayramı qarşıda dayanan vəzifələrimizin yerinə yetiriləcəyinə böyük inam və güvən hissi ilə qarşılayırıq.
-Bayram əksər insanlar tərəfindən bir-birinə sevginin ifadəsi kimi qəbul olunur. Ümumilikdə 8 Mart- Beynəlxalq Qadınlar Gününün hansı önəmi var?
- Əgər onun tarixinə nəzər salsaq, görərik ki, bu tarix qadın hüquqlarının təminatı istiqamətində başlanan bir hərəkatın başlanğıc günüdür. Dünyanın bir çox ölkələri bu günü məhz belə də qəbul edir. Əlbəttə ki, qadınlar bu hüquqların bəyan edildiyi vaxtdan keçən müddət ərzində onların təminatı üçün çox böyük yol keçmiş və əldə edilən nəticələr onların həyatını ciddi şəkildə dəyişmişdir. Onlar hüquqlarından istifadə edərək daha yaxşı cəmiyyət, daha gözəl həyat, daha yüksək rifah, daha təhlükəsiz dünya yaratmaq uğrunda səy göstərirlər. Ona görə düşünürəm ki, bu gün kifayət qədər əhəmiyyətli tarixdir. Bu tarix keçmişə, eyni zamanda, gələcəyə baxıb düşünmək və növbəti vəzifələri icra etmək üçün özündə güc tapmağa təkan verən bir gündür.
- Qadınlara diqqət Azərbaycanda dövlət siyasətinin prioritetləri sırasındadır. Əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan dövlət qadın siyasəti son 18 ildən artıq dövrdə Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Rəhbərlik etdiyiniz Komitənin fəaliyyətinin təkmilləşdirilməsi istiqamətində atılan addımlar da bunun bariz nümunəsidir. Elə deyilmi?..
- Bəli, elədir. Azərbaycanda dövlət qadın siyasəti bu gün Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin fəaliyyətinin bir istiqaməti kimi müəyyən olunub. Amma, əlbəttə ki, Azərbaycan dövlətinin qadınlarla bağlı hədəfləri bəlli, mahiyyəti, məzmunu hər kəsə aydın olan siyasəti var. Hansı ki, bünövrəsi ulu öndər Heydər Əliyev tərəfindən qoyulub. Prezident İlham Əliyev ölkəyə rəhbərlik etdiyi son 18 ildə keçilən bu yolun davamı olaraq, xüsusilə Heydər Əliyev siyasətinin bütün sahələrdə olduğu kimi, bu istiqamətdə də davam etdirilməsi üçün lazım olan bütün addımları atıb. Bildiyiniz kimi, ümummilli lider Heydər Əliyevin Fərmanı ilə Qadın Problemləri üzrə Dövlət Komitəsi yaradılmışdı. Sonrakı dövrlərdə ailə və uşaq problemlərinin qadın problemləri ilə əlaqəli surətdə kompleks həlli zərurəti vahid dövlət idarəetmə orqanının təşkilini şərtləndirdiyi üçün dövlət başçısı İlham Əliyevin Fərmanı ilə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi yaradıldı.
Bütün bu illər ərzində ölkədə bu sahədə xeyli işlər görülüb. Həm qanunvericilik bazası təkmilləşdirilib, həm də ölkəmizin qoşulduğu beynəlxalq konvensiyaların nəzərdə tutduğu müddəalar və öhdəliklər Azərbaycan milli qanunvericiliyinin tərkib hissəsinə çevrilib. Bu sahəni tənzimləyən ayrı-ayrı qanunlar da qəbul olunub. Bu sırada “Uşaq hüquqları haqqında”, “Məişət zorakılığının qarşısının alınması haqqında”, “Gender bərabərliyinin təminatları haqqında” Qanunlar xüsusilə böyük əhəmiyyət kəsb edir. Bunlar hüquqi çərçivələri müəyyən edir. Amma bu qanunlarda nəzərdə tutulan müddəaların yerinə yetirilməsi və verilmiş hüquqların təminatları üçün dövlət başçısının sərəncamları ilə müvafiq Dövlət proqramları, Fəaliyyət planları təsdiqlənib və aidiyyəti dövlət orqanlarının bu sahədə vəzifələri müəyyənləşdirilib.
Hazırda Komitə bu sahədəki siyasətin həyata keçirilməsi, Dövlət proqramlarında, Fəaliyyət planlarında nəzərdə tutulan məqsədlərə nail olmaq üçün fəaliyyətin əlaqələndirilməsi ilə məşğul olur, digər qurumlarla birgə bu istiqamətdə effektiv icra mexanizmlərinin müəyyənləşdirilməsi üçün müəyyən addımlar atır. Təbii ki, yenə də bəzi dəyişikliklərə ehtiyac yaranır. Çünki cəmiyyət bir yerdə dayanmır. Nəzərə alsaq ki, Azərbaycan son dövrlər çox yüksək sürətli, dinamik bir inkişaf dövrünü yaşayır, belə bir məqamda yaranmış reallıqlar yeni dəyişiklikləri, yaxud yeni qanunların qəbulunu diktə edir. Bu sahədə çatışmazlıqları aradan qaldırmaq və qanunvericilik aktlarındakı boşluqları nəzərə almaq üçün müvafiq təşəbbüslərlə çıxış edirik. Dövlət başçısı İlham Əliyevin Sərəncamı ilə “Azərbaycan Respublikasında məişət zorakılığı ilə mübarizəyə dair 2020–2023-cü illər üçün Milli Fəaliyyət Planı” təsdiq edilib. Artıq onun icrasının müəyyən dövrünə yekun vurulub. Sözügedən Fəaliyyət planı, eyni zamanda, bu sahədə qanunvericilik təşəbbüslərinin irəli sürülməsini nəzərdə tutur. Artıq müvafiq layihələr tərtib olunub, aidiyyəti qurumlarla razılaşdırılıb və Nazirlər Kabinetinə, Milli Məclisə təqdim edilməsi üçün göndərilib. Nəzərdə tutulan dəyişikliklər qanunvericilikdə öz əksini tapacağı təqdirdə fəaliyyətimizi günün tələbləri səviyyəsinə daha yaxşı və çevik qurmaq imkanı əldə edəcəyik.
Əlbəttə, cəmiyyətdə aparılan iş, xüsusilə gender bərabərliyi mədəniyyətinin təbliği, qadınlara kişilərlə bərabər səviyyədə verilən hüquqların bərabər təminatları və nəticələrinin olması üçün bu sahədəki vəzifələrin yerinə yetirilməsi çox vacibdir. Bu bərabərliyi təmin etmək istiqamətində praktiki işlər genişlənir. “Gender bərabərliyinin təminatları haqqında” Qanunun icrası ilə bağlı artıq 2019-cu və 2020-ci illərə dair iki hesabatı Milli Məclisə təqdim etmişik. Həm Milli Məclisin üzvlərinin, həm də ictimaiyyətin iştirakı ilə müzakirələr keçirilib. Bu müzakirələr kifayət qədər faydalıdır. Digər istiqamətlərdə də fəaliyyətimiz davam edir və Komitə gündəlik işini ictimaiyyət nümayəndələri, mətbuat, hüquq-mühafizə orqanları, təhsil, səhiyyə, sosial sahəyə cavabdeh olan dövlət qurumları, bu sahədə fəaliyyət göstərən qeyri-hökumət təşkilatları, beynəlxalq təşkilatlarla əlaqəli şəkildə qurur, həm milli, həm də beynəlxalq səviyyədə layihələr reallaşdırılır.
Bütün bu fəaliyyətlərin həyata keçirilməsində ən böyük dəstəkçimiz Azərbaycan dövlətidir. Çünki qadın siyasəti dövlətin prioritet istiqamətlərindən biridir. Dövlət başçısı İlham Əliyev və Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva bu siyasətin reallaşması üçün bütün zəruri addımları atır, yüksək nəticələrin əldə olunması üçün müvafiq təminatları yaradırlar.
- Qadınlarımızın ictimai-siyasi fəallığını necə dəyərləndirirsiniz? Bir mühüm məqamı xüsusi qeyd etmək istərdik ki, müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, ümummilli lider Heydər Əliyevin çağırışlarında ölkənin ictimai-siyasi həyatında aparıcı rol oynayan Yeni Azərbaycan Partiyasında qadınların çoxluq təşkil etməsi prioritet istiqamət olub...
-Qadınlarımız kifayət qədər fəaldırlar. Elə bir fərd olaraq öz həyatımıza geriyə dönüb baxsaq böyük inkişafın şahidi olarıq. Bir qayda olaraq bunu hər kəs vurğulayır ki, ailə milli-mənəvi dəyərlərin ən ciddi qoruyucusu və ötürücüsüdür. Həmçinin dövlət olaraq böyük ailəmiz də dəyərlərimizin qorunmasının prioritetliyini qeyd edir. Biz həm milli-mənəvi dəyərlərimizə, həm də qanunlarımıza söykənərək ailə institutunun qorunaraq gələcək nəsillərə ötürülməsinə töhfə verir, eyni zamanda, fərdlər olaraq ictimai-siyasi proseslərə qatılırıq. Biz qadınlar ana, vətəndaş, hansısa bir sahənin peşəkarı, yaxud ictimaiyyətçi kimi öz təşəbbüslərimizi reallaşdırır, həm də bu və ya digər proqramların, layihələrin iştirakçısına, tərkib hissəsinə çevrilirik, qərar qəbul etmək səviyyəsində öz sözümüzü deyirik. Seçkili orqanlarda təmsil olunur, beynəlxalq aləmdə proseslərə qatılırıq. Deməli, bütün siyasətlərin müəyyənləşməsinə, o siyasətlər əsasında proqramların hazırlanmasına, Fəaliyyət planlarının reallaşdırılmasına töhfə veririk, onun iştirakçısı oluruq. Ona görə bu gün bizi qadınların ictimai-siyasi fəallığı bəlkə də say, keyfiyyət baxımından qane etməyə bilər, amma məsələyə müqayisəli şəkildə diqqət yetirdikdə Azərbaycan qadınının öz sosial statusunu getdikcə daha artıq möhkəmləndirməkdə olduğunu görərik. Daha böyük inkişafa, nəticələrə nail olmaq üçün də xeyli potensialımız var. Əlbəttə ki, problemlərimiz də mövcuddur.
Bu gün Azərbaycan cəmiyyətində qadınlar çoxsaylı siyasi partiyaların üzvləri kimi fəaliyyət göstərirlər. Onlar öz peşə, ictimai fəaliyyətlərindən əlavə, həm də siyasi proseslərin iştirakçıları, fəal aktorudurlar. Hesab edirəm ki, bunun ən bariz nümunəsi qadınlarımızın Yeni Azərbaycan Partiyasının sıralarında təmsil olunmalarıdır. Onlar kəmiyyət və keyfiyyət, verdiyi töhfələr, iştirakçılığın səviyyəsi, məzmunu baxımından bu sahədə çox böyük rola malikdirlər. Həm də məsuliyyətlə bugünkü müstəqil Azərbaycanın, yeni Azərbaycanın quruculuğunda yaxından iştirak edirlər. Əgər Yeni Azərbaycan Partiyasının yaranması ölkəmizin çox ağır bir dönəminə təsadüf edirdisə və o zaman müstəqilliyin qorunması günün əsas mövzusu idisə, bu gün Azərbaycan artıq dünyada tanınan bir ölkə, siyasi proseslərin fəal aktorudur. Eyni zamanda, bir sıra ölkələr üçün yalnız qlobal güclərin əli ilə həll olunması mümkün hesab edilən bir çox ciddi proseslərin öhdəsindən öz gücü ilə gəlməyi bacaran bir ölkəyə çevrilib. Və əminəm ki, bu nəticələrin əldə olunmasında Azərbaycan qadınlarının, xüsusilə Yeni Azərbaycan Partiyasında təmsil olunan qadınların çox böyük rolu vardır. Çünki onlar Azərbaycanın müstəqilliyini, dövlətçiliyini, Azərbaycanın təhlükəsiz həyatını, ərazi bütövlüyünü, suverenliyini hər şeydən üstün tutaraq ən çətin məqamlarda lazımi mövqe göstəriblər. Xatırlayaq, Azərbaycanda çevrilişlərə cəhdlər ediləndə, qarşıdurmalar, ziddiyyətlər yaşananda onu bir dövlət olaraq yer üzündən silmək istəyən siyasətlərin qarşısında dayanan qadınların əksəriyyəti də məhz elə Yeni Azərbaycan Partiyasının üzvləri idi. Bu sırada getdikcə daha çox gənc yaşda olanların təmsilçiliyini görürük. Bu gün partiya getdikcə gəncləşir. Yeni Azərbaycan Partiyasının üzvü olan qadınlar fəaliyyətləri ilə digər Azərbaycan qadınlarına örnək olaraq konstruktiv əsasda, qanunlar çərçivəsində, dövlətçiliyimizi və milli-mənəvi dəyərlərimizi qorumaqla ölkəmizə xidmətin nümunəsini ortaya qoyurlar. Bu, həm Azərbaycanın, həm də Yeni Azərbaycan Partiyasının böyük uğurudur və bununla fəxr edirik.
-Bahar xanım, Azərbaycan qadınlarının bu gün cəmiyyətdə rolundan bəhs edərkən ilk olaraq göz önünə Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın çoxşaxəli fəaliyyəti gəlir. Sizcə, bu fəaliyyət qadınlarımıza hansı çağırışları edir?
- Elə bir istiqamət yoxdur ki, Mehriban xanım Əliyevanın fəaliyyəti o sahədə örnək və sözün əsl mənasında çağırış olmasın. Çağırışlar bəzi hallarda problemlər kimi də qəbul edilir. Amma burada problemli sayılan sahələrdə uğur qazanmağın mümkünlüyündən bəhs olunur. Ehtiyacı olanlara diqqət, dəstək və qayğı, onların himayəyə götürülməsi sahəsində biri-birindən əhəmiyyətli irimiqyaslı layihələrin uğurla həyata keçirilməsi Mehriban xanımın fəaliyyətində əsas istiqamətlərdəndir.
Mehriban xanım Əliyeva Azərbaycan xalqının xarakterində olan mərhəməti, insana qayğı və sevgini cəmiyyətin aparıcı trendlərinə çevirə bildi. Onun rəhbərliyi ilə həyata keçirilən layihələrə qoşulmaq, bu işə öz töhfələrini vermək çağırışına indi daha çox insanlar qoşulmaqdadır.
Mehriban xanım Əliyeva Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, Yeni Azərbaycan Partiyası Sədrinin Birinci müavini, nəhayət, birinci xanım kimi titanik fəaliyyətlər həyata keçirir. Mehriban xanım hər biri ayrılıqda böyük bir fəaliyyət sahəsini əhatə edən prosesləri özünün rəhbərliyi altında birləşdirməyi və onun da müsbət nümunəsini yaratmağı bacardı. Onu da nəzərə alaq ki, bu fəaliyyətlər yalnız Azərbaycanla məhdudlaşmır, dünyanın müxtəlif bölgələrində Mehriban xanımın layihələrinin gözəl nəticələri var. İndi dünyada qadınlar, siyasətçilər, millət vəkilləri, həm də birinci xanımlar Mehriban xanım Əliyevanın fəaliyyətindən örnək götürürlər. Xüsusilə UNESCO-nun və ICESCO-nun xoşməramlı səfiri kimi də fəaliyyət göstərməyin nümunəsini yaradır. Bu gün isə onun Ali Baş Komandanın silahdaşı fəaliyyəti xüsusilə diqqət çəkir. Uyğun məqamlarda Ali Baş Komandanın yanında olması, şəhid ailələrinin dərdinə şərik olaraq onlarla görüşməsi, bütün bunlar yeni ənənə yaradır. Tarixən formalaşmış dəyərlərimizə yeni bir çalar, ruh və məzmun gətirir. Bu, birmənalı şəkildə hər zaman vurğulanacaq ki, cənab İlham Əliyevin Prezidentliyi dövründə formalaşan gənc nəsil, onların şüuru, həyata baxışı, torpağa, Vətənə sevgisi, ailəyə, milli dəyərlərə münasibəti, eyni zamanda, müasirliklə səsləşməsi məhz dövlət başçısının və Mehriban xanım Əliyevanın birgə fəaliyyətlərinin nəticəsidir. Düşünürəm ki, bizim xoşbəxtliyimiz həm də ondadır ki, Heydər Əliyev kimi Ulu Öndərimiz, İlham Əliyev kimi Ali Baş Komandanımız, Mehriban xanım Əliyeva kimi bütün cəmiyyətin himayədarı var.
-Bu gün hər bir Azərbaycan qadını, anası xoşbəxtdir, qürurludur. Yetişdirdikləri övladlar 30 ilə yaxın işğal altında olan torpaqlarımızı azad etdilər, xalqımızın torpaq həsrətinə son qoydular, vaxtilə itirilmiş qürurumuzu özümüzə qaytardılar...
- Bəli, elədir. Dünənə kimi biz torpaq itkisindən yaranan kədərimizi, nisgilimizi, yaxud da mübarizə əzmimizi, inamımızı hər bir fəaliyyət sahəmizin məzmununa çevirirdiksə, bu gün də tarixi Zəfərimizdən yaranan hisslərimizi nümayiş etdiririk. Bu gün perspektivlərə qalib xalq kimi baxırıq. Həyata keçirdiyimiz layihələrdə bu ruh mütləq şəkildə olmalıdır. Bu, bizim hədəflərimizə, mesajlarımıza yaxşı mənada təsir göstərməkdədir. Bu, təkcə bizə yox, bizi müşahidə edən qonşu və dünya ölkələrinə, bizimlə eyni acı taleyi yaşayan digər xalqların, dövlətlərin nümayəndələrinə də təsir göstərir. İkinci Dünya müharibəsindən sonra dünyadakı nizamın dəyişəcəyinə ümidsizliyin ortada olduğu, bu kimi münaqişələrin azsaylı xalqların və coğrafi cəhətdən, ərazi baxımından məhdud ölkələrin gücü daxilində olmadığını düşünənlər bu gün möhkəm iradə və həmrəylik nümayiş etdirərkən bir dövlətin gücü ilə də belə problemi həll etməyin mümkünlüyünə inanıblar. Bunu birmənalı şəkildə hər kəs qəbul edir. Bu gün Azərbaycan xalqı qalib xalq, Azərbaycan Ordusu dünyanın ən güclü ordularından biri, Azərbaycanın Ali Baş Komandanı Müzəffər Ali Baş Komandan, birinci xanım el anası kimi qəbul olunur.
Reallıqlardan biri də budur ki, bütöv bir cəmiyyət, xalq, dövlət bir ailə kimi yaşaya, bugünkü qlobal təhdidlərdən özünü qoruya bilər. Bütün bunlar olduğu təqdirdə ən böyük təhlükənin qarşısında vahid mövqedə dayanmaq, dəmir yumruq kimi birləşmək münkündür. Düşünürəm ki, bu proseslər bizim həyata, gələcəyə baxışımızı dəyişir. Bunlar bizi pozitiv düşünməyə vadar edir. Azərbaycanın tarixi Zəfəri təkcə bizim yox, regionun həyatını və gələcəyini dəyişməyə xidmət edir. Ona görə bu şansı dəyərləndirmək və bu sürətli transformasiyanı uğurla keçmək lazımdır. Dünya həm də sürprizlərlə, gözlənilməzliklərlə doludur. Belə bir reallıqda əldə etdiyimiz Qələbəni möhkəmləndirmək istiqamətində işlərimizi düzgün qurmalı, bir-birimizə dayaq olmalı, gələcəyimizə sahib çıxmağı baçarmalıyıq. İnanıram ki, bunu da bacaracağıq.