YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

MÜSAHİBƏLƏR

Xocalı soyqırımı Azərbaycan tarixinin ən dəhşətli və faciəli səhifələrindən biridir

Müsahibimiz YAP Veteranlar Şurasının üzvü, Milli Məclisin deputatı Elman Məmmədov

- Elman müəllim, XX əsrin ən dəhşətli faciəsi olan Xocalı soyqırımının 30 illiyini qeyd edirik. Dövlət başçısı İlham Əliyevin bununla bağlı imzaladığı Sərəncam faciənin törədilmə səbəblərini açıqlamaqla yanaşı, bir sıra mühüm çağırışları özündə ehtiva edir. Bununla bağlı fikirlərinizi bilmək istərdik...

- Dövlət başçısı İlham Əliyevin Xocalı soyqırımının 30 illiyi ilə bağlı Sərəncamı kifayət qədər əhatəli və genişdir. Sənəddə faciə ilə bağlı nələr olub,  nələr edilməlidir, ermənilər hansı vəhşilikləri törədiblər, bütün bunlar öz əksini tapıb. Sərəncamda verilən tapşırığa əsasən Prezident Administrasiyası Xocalı soyqırımının 30 illiyinin qeyd olunması ilə bağlı müvafiq Tədbirlər Planı  hazırlayıb. Tədbirlər Planında keçiriləcək tədbirlər qeyd olunub.

Ötən 30 ildə respublikanın ictimai-siyasi həyatında bu məsələ ilə bağlı hansı  fikirlər olub, hansı dəyişikliklər var, bunlara nəzər salaq. Soyqırımının birinci ildönümü 1993-cü ilə təsadüf edirdi. Bu gün, 2022-ci ildə 30-cu ildönümünü qeyd edirik. O dövrdə Azərbaycan məğlub durumda idi. Ərazilərimiz biri-birinin ardınca işğal olunmaqda davam edirdi. Xocalılılar o dövrdə çox acınacaqlı bir həyat keçirirdilər. Onların yerləşdirilməsi, təminat məsələləri, ölkədə sabitliyin olmaması, müharibə vəziyyəti, iqtisadi çətinliklər, özbaşınalıqlar, bunların hamısı gözümüzün qarşısında yaşanıb. Ulu Öndər Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra ölkənin həyatı tamamilə dəyişdi. 1994-cü il fevral ayının 24-də ilk dəfə olaraq ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə, onun tapşırığı və göstərişi əsasında  Xocalı soyqırımına siyasi qiymət verildi. Milli Məclis qərar qəbul etdi. Xocalı faciəsi soyqırımı kimi qəbul olundu. Bundan sonra hər il  Xocalı soyqırımı dövlət səviyyəsində qeyd olundu. Ulu Öndər Heydər Əliyevin Xocalıdan olan bir qrup ictimaiyyət nümayəndələri, şəhid ailələri ilə görüşləri keçirildi. Həmçinin Ümummilli Liderin tapşırığı ilə Xocalı soyqırımının başvermə səbəbləri, günahkarlarla bağlı istintaq tədbirləri həyata keçirildi və uzunmüddətli məhkəmə prosesi getdi. Hadisənin başvermə səbəbləri, günahkarlar və onların cəzalandırılması məhkəmə qərarında öz əksini tapdı. Ancaq çox təəssüflər olsun ki, Xocalı soyqırımını törədən, bu soyqırımının  törədilməsinə rəhbərlik edən hərbi canilər, qatillər və cinayətkarlar hələ də cəzalarını almayıblar. Koçaryan, Sarkisyan kimilər soyqırımın törədilməsinə başçılıq edənlərdir. Bəli, 44 günlük Vətən müharibəsində Xocalıda və digər yerlərdə baş verən soyqırımlarda şəhid olanların intiqamını aldıq. Ancaq soyqırımın törədilməsinə o dövrdə başçılıq edən, adlarını çəkdiyim cinayətkarlar cəzalarını almayıblar. Onların bir çoxu dünyasını dəyişib. Ümid edirik ki, digərləri həyatda olduqları vaxtda məhkəmə qarşısına çıxacaq, cəzalarını alacaqlar. Biz böyük ümidlə gözləyirik ki, cənab Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu necə ki, ərazilərimizi düşməndən azad edib, ərazi bütövlüyümüz bərpa olunub, yaxın zamanlarda Xocalımız da, Xankəndimiz də, Xocavəndimiz də, keçmiş Ağdərəmiz də separatçılardan, cinayətkarlardan, terrorçulardan təmizlənəcək və biz xocalılılar da doğma yurd-yuvamıza qayıda biləcəyik.

- Azərbaycanlılara qarşı etnik təmizləmə siyasəti həyata keçirən ermənilərin ötən əsrdə törətdikləri qırğınların hər biri xalımızın milli faciəsidir. Onların arasında Xocalı soyqırımı dəhşətləri ilə fərqlənir…

- Məlumat üçün bildirim ki, XX əsrdə Xocalıda ermənilər 3 dəfə etnik təmizləmə aparmaqla soyqırımı törədiblər. Bu, birinci dəfə 1905-1906-cı illər  erməni-müsəlman müharibəsi zamanı olub. İkinci dəfə 1918-1920-ci illərdə   ermənilərin yenidən Azərbaycan xalqına qarşı törətdiyi vəhşiliklər zamanı olub.  Üçüncü dəfə isə 1992-ci il fevralın 25-dən 26-na keçən gecə törədilən soyqırımıdır. Bəli, bu, miqyasına və soyqırımına məruz qalmış şəxslərin  tərkibinə, kimliyinə görə çox dəhşətli bir qanlı hadisə idi. Soyqırımında qətlə yetirilənlər kimlərdir? Dinc insanlar, körpə uşaqlar, qocalar, xəstələr, qadınlar. Statistikaya baxaq. 613 nəfər öldürülüb. Bunların 106 nəfəri qadınlardır. Qadınlar arasında  mənim 62 yaşında anam və yaşı səksəndən yuxarı iki nənəm də var. Bütün analar mənim anamdır. 63 nəfər körpə uşaqlardır. Yəni, bu vəhşiliyi, erməni amansızlığını, qəddarlığını dünyaya yaymaq üçün bu illər ərzində çox işlər görülübdür. 20-dən artıq dövlət Xocalı soyqırımının tanınması ilə bağlı qərar qəbul edib. ABŞ-ın xeyli sayda ştatı bu faciəni soyqırım kimi tanıyıb. Bir çox dövlətlər parlament səviyyəsində faciənin soyqırımı kimi tanınması barədə qərar qəbul edib. Beynəlxalq qurumlar tanıyıb. Biz bu  vəhşiliyin, amansızlığın, qəddarlığın şahidləriyik. Bu soyqırımı ilə bağlı kifayət qədər şahid ifadələri var. Təkcə Azərbaycan jurnalistlərinin deyil, o dövrdə xarici ölkələrdən gəlmiş mətbuat nümayəndələrinin çəkdikləri fotoşəkillər, videogörüntülər, yazdıqları yazılar var. Bunların hamısı faktdır. Amma təəssüflər olsun ki, bu günə qədər Xocalı soyqırımı ilə bağlı hələ beynəlxalq səviyyəli hərbi tribunal yaradılmayıb. Bu da məsələyə ikili standartlardan yanaşmağın nəticəsidir. Bu da dünyanın idarə olunmasında haqsızlıqların, ədalətsizliklərin nəticəsidir. Ermənilər nə qədər faciələr törədiblər. Xocalı  soyqırımından əvvəl Xocavənd rayonunun Qaradağlı kəndində törədilmiş  soyqırımını da qeyd etməliyik. 100-dən çox dinc insan kütləvi şəkildə qətlə yetirildi. Ondan öncə Xocalının Meşəli kəndində, Ağdabanda törədilənləri yada salaq. Bunların hamısına beynəlxalq səviyyədə qiymət verilməlidir. Cinayətkarların adları məlumdur. Gözləyirlər ki, bu cinayətkarların hamısı dünyadan köçsün sonra desinlər ki, onlar həyatda yoxdur. Nəyə görə bu 30 il ərzində onlara qarşı cəza tədbirləri görülməyib? Əksinə, görün nə olub. Bu soyqırımların törədilməsində hərbi səhra komandirləri, siyasi rəhbərlər kimi iştirak edən Robert Koçaryan, Serjik Sarkisyan və başqaları hansısa dövlətlər tərəfindən mükafatlandırılıb, onlara vəzifələr verilib, Ermənistan dövlətinin prezidentliyinə, Azərbaycanda yaratdıqları separatçı cinayətkar “artsax” deyilən qurumun rəhbərliklərinə gətiriliblər. Onlar nəyə görə mükafatlandırılırdılar? Demək ki, hansısa xarici qüvvələrin tapşırıqlarını yüksək səviyyədə yerinə yetiriblər və mükafatlarını alırlar. Ölüm cəzasını almalı olanlar vəzifələrə gətiriliblər. Bu, bir çox məqamlardan xəbər verir.

- Elman müəllim, xalqımıza qarşı törədilən qırğınlara, faciələrə  baxmayaraq multikultural, tolerant dövlət kimi həmişə ədalətin tərəfdarı olan Azərbaycan bu gün də sülh tərəfdarı olduğunu Ermənistana etdiyi təklifləri ilə təsdiqləyir…

- Biz sülh tərəfdarı, multikultural, tolerant dövlət, eyni zamanda, humanist mövqedə olduğumuzu bütün əməllərimizlə sübut etmişik. Biz ölkəmizdə yaşayan xalqlara münasibətdə dilinə, dininə, irqinə görə heç bir ayrı-seçkiliyə yol vermirik. Bunu bütün dünya dövlətləri, beynəlxalq qurumlar bilir. Ədalətli olanlar etiraf edir, ədalətsiz olanlar da belə olduğunu bilərəkdən ya susur, ya da əksini deyir. Torpaqlarımızı işğaldan azad etmək üçün 44 günlük Vətən müharibəsi dövründə müharibənin bütün qayda-qanunlarına riayət etdik.  Baxmayaraq ki, ermənilər bizim cəbhə bölgəsindən, döyüşlərin getdiyi  ərazilərimizdən xeyli uzaqlarda olan şəhərlərimizi, kəndlərimizi çox güclü dağıdıcı silahlardan atəşə tutdular. Yüzlərlə dinc sakinimiz qətlə yetirildi. Nə qədər insanların, dövlətin malına, mülkünə ziyanlar vuruldu. Azərbaycan tərəfi buna cavab olaraq hansısa addımı atmadı. Baxmayaraq ki, ermənilər qəsdən atəş nöqtələrini Ermənistan ərazisində dinc əhalinin yaşadığı yerlərdə yerləşdirirdilər ki, Azərbaycan həmin əraziləri vursun. Azərbaycan bunu etmədi. Biz faktlarımızı ortaya qoyuruq. Hansı ərazilərimiz atəşə tutulub, nə qədər dinc insan şəhid olub. Yəni, Azərbaycan bütün addımlarında, hərəkətlərində, hətta müharibədə ədalətli mövqe tutub. Müharibə qaunlarına əməl etmişik. Ermənilər  kimi yaramaz mövqe nümayiş etdirməmişik. Bütün bunlar dünyanın gözü qarşısında olub. Ona görə hətta, Azərbaycanı istəməyən dövlətlər də ölkəmizin  ədalətli, haqlı müharibəsini qəbul etməli oldular. Bu, faktdır, reallıqdır. Bu, bizim siyasətimizdir. Biz bu gün də, müharibədən sonrakı dövrdə də  Ermənistana sülh, əməkdaşlıq, mehriban qonşuluq təkliflərimizi veririk. Onlar da boğazdan yuxarı nəsə deyirlər. Guya razılaşırlar. Amma faktiki əməlləri, mövqeləri nədən ibarətdir? Bu da göz qabağındadır ki, onlar yalnız xəyanətkarlıqla,  xəbisliklə,  riyakarlıqla məşğuldurlar. Ermənistanın baş naziri  deyir ki, biz də sülh sazişinin imzalanmasına razıyıq. Amma dünən, o biri gün nə bəyanat verirdi? “artsax” yaralanıb, amma hələ sınmayıbdır. Biz  “artsax”ın tanınması, onun gələcəyi üçün tədbirlər görməliyik. Bu da müharibəyə çağırışdır. Yəni, onların heç bir sözünə, hərəkətinə etibar etmək olmaz.

Bizim yolumuz məlumdur. Biz sülh yolunu tutmuşuq. Tərəfdaşlıq yolunu tutmuşuq. Bizə qarşı kim səmimidirsə, biz də ona qarşı səmimiyik. Bizə qarşı silah qaldıranın başında öz silahı partlayacaq. “Dəmir yumruq” həmişə onların başı üzərində hazır vəziyyətdədir.

- Xocalı soyqırımının beynəlxalq aləmdə tanıdılması istiqamətində görülən işləri necə şərh edərdiniz? Heydər Əliyev Fondunun “Xocalıya ədalət!” beynəlxalq kampaniyası hansı nəticələrə yol açıb?

- Xocalı soyqırımının beynəlxalq səviyyədə tanıdılması istiqamətində əsas  işlərin bünövrəsi ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra yaradılıb. Cənab İlham Əliyevin 2003-cü ildə Prezident seçilməsindən sonra bu işlər daha geniş miqyasda davam etdirilir. Bütün qurumlar bu işlərə öz töhfəsini verməlidirlər. Heydər Əliyev Fondunun gördüyü işləri xüsusilə qeyd etmək lazımdır. Fondun prezidenti Mehriban xanım Əliyevanın, vitse-prezidenti Leyla  Əliyevanın gördükləri işlər, xüsusilə də “Xocalıya ədalət!” kampaniyası adı altında keçirilən tədbirlər öz müsbət nəticələrini verir. Xocalı soyqırımının tanıdılması istiqamətində Heydər Əliyev Fondunun tədbirləri davam edir və ilbəil də genişlənir.

Hesab edirəm ki, tutduğu vəzifəsindən, siyasi mövqeyindən, kimliyindən asılı olmayaraq hər bir azərbaycanlı, hətta, Azərbaycan vətəndaşı olmayanlar, dost, qardaş Türkiyənin ictimaiyyəti Xocalı soyqırımının tanıdılması, erməni vəhşiliyinin ifşa olunması üçün əllərindən gələni etməlidirlər.

- Elman müəllim, ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qeyd etdiyi kimi, 44 günlük İkinci Qarabağ müharibəsində erməni faşizmi məğlub edildi, amma tamamilə məhv etməmişik. Dövlət başçısı  erməni faşizminin tamamilə məhvi üçün dünya birliyinə yenidən birlik, həmrəylik çağırışını ünvanlayır. Dünyanın bu çağırışa münasibətini necə şərh edərdiniz?

- Əvvəla, dünyada birlik yoxdur. Dünyada müəyyən güc mərkəzləri var. O güc mərkəzləri ətrafında birləşən müxtəlif sayda dövlətlər var. Hərəsi də öz birliyini yaradıbdır. Dövlət başçısı İlham Əliyev beynəlxalq səviyyəli tədbirlərin birində  erməni faşizminin dirçəldilməsi, ona haqq qazandırılması ilə bağlı real faktlara söykənən fikirlərini çatdırdı. Bu, faşist cəlladı və satqın Qaragen Njde ilə bağlı idi. Dövlət başçısı bildirdi ki, o, faşistdir, faşist ideologiyasına xidmət edib. O azərbaycanlılara, türklərə qarşı soyqırımı törədib. İkinci Dünya müharibəsi zamanı faşizmə xidmət edib və sovet ordusuna qarşı vuruşub. Ermənistanda isə ona 6 metr hündürlüyündə heykəl qoyulub və onun ideyaları dirçəldilir, bayraq edib əllərində tuturlar. Biz buna qarşı çıxmalıyıq. Bu, bir çağırışdır. O heykəlin  sökülməsi ilə bağlı Azərbaycandan başqa hansısa dövlət Ermənistana söz dedimi? Xeyr. Əksinə, bu gün gəlib ərazimizdə yerləşən, adlarını sülhməramlı qoyub, amma özləri erməniməramlı olan rus hərbçilərinin himayəsi, onların nəzarəti altında Azərbaycanın Qarabağ ərazisində, Xocavənd rayonunda  Njdenin yenidən heykəlini qoyublar. Yəni, dünyada bu məsələlərə baxışlar başqa cürdür. Hərə öz marağı çərçivəsində öz baxış prizmasından yanaşır. Biz  fikirləşsək ki, hamı bu məsələlərdə ədalətli, haqlı mövqe tutur, səhv etmiş olarıq. Hər kəsin öz maraq dairəsi var. Fransa kimi dövlət bilmirmi ki, Ermənistan faşist ideologiyası ilə yanaşır. Faşizm Fransaya nə qədər zərbə vurmuşdur, nə qədər insanı öldürüb, nə qədər dağıntılar edib. Ancaq Fransa Ermənistanla qardaşlıq edir. Burada çoxlarını qeyd edə bilərik. Biz öz  sözümüzü deyirik, öz yolumuzla gedirik, öz siyasətimizi aparırıq və siyasətimizdə haqlıyıq. Biz deyirik ki, faşizm dirçəlməməlidir, baş qaldırmamalıdır. Ancaq erməni faşizmi uzun illərdir davam edən bir prosesdir. Bu gün də mövcuddur, yenidən dirçəlməyə çalışır. Ancaq cənab Prezidentimiz dəfələrlə xəbərdarlıq edib ki, əgər belə hal olarsa, Ermənistanda revanşist qüvvələr yenidən baş qaldırarlarsa, bu dəfə cavabımız çox sərt olacaq.