MÜSAHİBƏLƏR
Prezident İlham Əliyevin adı Ali Baş Komandan olaraq torpaqlarımızın xilaskarı kimi tarixə qızıl hərflərlə əbədi yazıldı
- Rəşad müəllim, ulu öndər Heydər Əliyevin müasir Azərbaycanın qurucusu, dahi şəxsiyyətin layiqli davamçısı Prezident İlham Əliyevin isə torpaqlarımızın xilaskarı kimi adları tarixə qızıl hərflərlə yazılıb. Keçilən yola nəzər salsaq, bununla bağlı nə deyə bilərsiniz?
- Ümummilli lider Heydər Əliyev 1993-cü ilin iyununda xalqın təkidli tələbi ilə yenidən respublika rəhbərliyinə gələndə Azərbaycanda siyasi, sosial-iqtisadi böhran yaşanırdı. Təcrübəsiz idarəçilərin yanlışları üzündən Azərbaycan xaosa sürüklənmiş, vətəndaş müharibəsi təhlükəsinin bir addımlığına gəlib çatmışdı. Ermənistanın qəsbkarlıq siyasəti geniş miqyas almışdı. Ölkəmiz yenicə əldə etdiyi müstəqilliyi itirmək qorxusu ilə üzləşmişdi. Dahi şəxsiyyət Azərbaycana rəhbərliyinin ilk günlərindən etibarən hər zaman olduğu kimi, uzaqgörənliyi ilə mövcud acınacaqlı durumu obyektiv qiymətləndirdi. Bu təhlükəli şəraitdən xilas olmaq üçün əvvəlcə atəşkəsin əldə edilməsini gerçəkləşdirdi və bundan sonra əsas diqqəti, mövcud resursları daxili problemlərin həllinə yönəltdi.
Beləliklə, ulu öndər müharibədə lüzumsuz yerə gənclərimizin həyatlarını itirməsinin qarşısını aldı. Azərbaycanda demokratik islahatlara, hüquqi dövlət quruculuğu proseslərinə, sosial-iqtisadi inkişaf tədbirlərinə və ordu quruculuğuna başlanıldı. Bütün bunlarla paralel olaraq beynəlxalq ictimai rəyi dəyişmək, bölgə reallıqlarını, haqq səsimizi dünyaya çatdırmaq, beynəlxalq ictimaiyyətin düşüncəsində haqqa-ədalətə doğru dönüş yaratmaq qarşıya taleyüklü vəzifə kimi qoyuldu. Beləliklə, ümummilli liderimizin müdrik siyasəti ilə Azərbaycan müstəqilliyini itirmək təhlükəsindən xilas olundu, bununla da dahi şəxsiyyət adını müasir müstəqil Azərbaycanın yaradıcısı, qurucusu kimi tarixə yazdırdı.
Cənab İlham Əliyevin torpaqlarımızın xilaskarı kimi tarixə düşməsi ilə bağlı isə onu qeyd edə bilərəm ki, ulu öndərimiz 2003-cü ilin oktyabrın 15-də keçirilən prezident seçkiləri ərəfəsində, oktyabr ayının 1-də xalqımıza tarixi müraciətində siyasi varisinin namizədliyini dəstəkləməyi tövsiyə edərkən, Qarabağ azadlığı kimi müqəddəs bir istəyin də gələcək dövlət başçımız tərəfindən uğurla yerinə yetiriləcəyinə inanırdı, belə bir çətin vəzifənin reallaşacağını irəlicədən görürdü. Ümumiyyətlə, dahi şəxsiyyət hələ o zaman cənab İlham Əliyevin rəhbərliyi ilə tək Qarabağ probleminin deyil, digər taleyüklü məsələlərin də öz həllini tapacağına əmin idi.
Azərbaycan Prezidenti kimi andiçmə mərasimində “Mən hər bir Azərbaycan vətəndaşının Prezidenti olacağam”, - deyə bəyan edən cənab İlham Əliyev ötən illər ərzində dahi rəhbərin ölkəmizin inkişafı, xalqın rifahı ilə bağlı bütün arzularını reallığa çevirdi, möhkəm təməllər üzərində formalaşdırdığı dövlətimizi yüksək inkişaf səviyyəsinə qaldırdı, respublikamızın beynəlxalq nüfuzunu gücləndirdi.
Prezident İlham Əliyev Vətən müharibəsi başlanana kimi, ölkənin sosial-iqtisadi inkişafı ilə bərabər, Qarabağ münaqişəsinin aradan qaldırılması məsələsini də bir an olsa belə diqqətdən kənar saxlamadı. Mötəbər kürsülərdən xalqımızın üzləşdiyi tarixi ədalətsizlik, erməni faşizminin torpaqlarımızın 20 faizinin işğal altında saxlaması barədə beynəlxalq aləmi məlumatlandırdı, bu yöndə xarici siyasi fəaliyyəti gücləndirdi. Erməni lobbisinin informasiya blokadasını dağıdıb Qarabağ həqiqətlərini beynəlxalq ictimaiyyətə çatdırdı. Apardığı müdrik, uzaqgörən siyasətlə xalq-iqtidar birliyini möhkəmləndirdi, Silahlı Qüvvələrimizi respublikamızın iqtisadi gücündən bəhrələnərək, həm də dünyanın kifayət qədər möhkəm ordularından birinə çevirdi.
Bax, bütün bunlardan sonra ulu öndər Heydər Əliyevin ən müqəddəs vəsiyyətini yerinə yetirmək zamanı gəldi. Bu, 2020-ci il sentyabrın 27-də baş verdi: Həmin gün Ermənistan ordusu təxribat törədərək, ölkəmizə hücuma keçdi. Azərbaycan Ordusu isə əks-həmlə əməliyyatları ilə 44 gün ərzində döyüş meydanında misilsiz qəhrəmanlıqlar nümayiş etdirərək, düşmən üzərində tarixi Zəfər qazandı, Azərbaycanın ərazi bütövlüyünü reallaşdırdı.
Bu tarixi qələbə dövlətimizin başçısının “Qarabağ Azərbaycandır və nida” ifadəsinin müəllifi kimi xalqa verdiyi vədə sadiqliyini göstərdi. Bununla da Prezident İlham Əliyevin adı siyasətdə, diplomatiyada və hərbi strategiyada, ən əsası isə Ali Baş Komandan olaraq torpaqlarımızın xilaskarı kimi tarixə qızıl hərflərlə əbədi yazıldı.
- Tarixi Zəfərimiz Azərbaycanın beynəlxalq imicinə hansı əlavələri etdi?
- Sualınızla bağlı əvvəlcə onu qeyd edim ki, Ermənistan torpaqlarımızın 20 faizini 30 ilə yaxın bir dövrdə işğal altında saxlayarkən, münaqişənin həllinin uzanmasına bəzi dövlətlərin, bir sıra güc birliklərinin məsələyə ikili standartlarla yanaşmaları öz mənfi təsirini göstərdi. Ən əsası isə münaqişənin həlli istiqamətində ATƏT-in Minsk qrupu vəzifəsinin öhdəsindən gələ bilmədi. Bununla da işğalçının cəzasız qalması bölgəni böyük təhlükə ilə üz-üzə qoydu. Nəticəsiz danışıqlar, vasitəçilərin əhəmiyyətsiz, əksər hallarda isə ikili standartlara söykənən bəyanatları prosesi ölü nöqtədən tərpətməyə imkan vermədi. Bu cür şərait isə işğalçını qane etdi. Azərbaycan isə təbii ki, Qarabağ münaqişəsi ətrafında hökm sürən bu cür vəziyyətlə barışmadı və bir az əvvəl bildirdiyim kimi, ordumuzun əks-həmlə əməliyyatları ilə başladığı Vətən müharibəsində möhtəşəm zəfərə imza atdı.
İkinci Qarabağ müharibəsində Azərbaycan erməni faşizmini rüsvayçı məğlubiyyətə uğratmaqla, düşmənə öz yerini göstərməklə bərabər, xalqımızın qürurunu, ləyaqətini bərpa etdi, eyni zamanda, dünyaya haq-ədalət uğrunda mübarizədə dönməzliyini, hansı güc-qüdrətə sahib olduğunu göstərdi, nəhayət, bundan sonra yalnız qalib xalq, yenilməz ölkə kimi yaşayacağını bildirdi.
- Rəşad müəllim, COVID-19-la mübarizədə dövlətimizin başçısının təşəbbüslərinin beynəlxalq səviyyədə necə dəstək qazanması barədə fikirlərinizi də bilmək istərdik...
- Bu gün bütün dünyada Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi ilə COVİD-19 pandemiyasına, peyvənd millətçiliyinə qarşı qlobal mübarizənin önündə gedən ölkələrdən biri kimi dəyərləndirilir, bu istiqamətdə irəli sürdüyü təşəbbüslər dəstəklənir.
Dövlətimizin başçısı dəfələrlə beynəlxalq səviyyəli görüşlərində açıq şəkildə peyvəndlərin zəngin ölkələr tərəfindən öz ehtiyaclarından daha artıq miqdarda alınması ilə bağlı öz narazılığını bildirib. Məsələn, Prezident İlham Əliyev BMT Baş Assambleyasının 76-cı sessiyasındakı çıxışında “peyvənd millətçiliyi” və peyvəndlərə çıxışla əlaqədar inkişaf etmiş və inkişaf etməkdə olan dövlətlər arasında dərinləşən qeyri-bərabərliklə bağlı narahatlığını vurğulayıb.
Azərbaycan hazırda Qoşulmama Hərəkatının sədri olaraq COVID-19 pandemiyasına qarşı mübarizə naminə beynəlxalq səylərin birləşdirilməsi sahəsində qlobal liderliyini uğurla davam etdirir. Həmçinin bu amil əksər dünya ölkələrinin özünə qapandığı bir dövrdə Azərbaycanın pandemiyanın öhdəsindən gəlmək üçün beynəlxalq həmrəyliyi və əməkdaşlığı təbliğ edən ilk ölkələrdən biri olmasını təsdiqləyir.
Ümumiyyətlə, cənab İlham Əliyev Qoşulmama Hərəkatına sədrliyi dövründə bir sıra qlobal təşəbbüslərin müəllifi kimi böyük nüfuz qazanıb. Dövlətimizin başçısının təşəbbüsü ilə gerçəkləşən Qoşulmama Hərəkatının 2020-ci ilin may ayında Zirvə toplantısı, dekabr ayında 150-dən artıq dövlətin dəstəyi ilə reallaşan BMT Baş Assambleyasının dövlət və hökumət başçıları səviyyəsində Xüsusi Sessiyası, Azərbaycan Qoşulmama Hərəkatı adından BMT-nin İnsan Hüquqları Şurasında irəli sürdüyü “Bütün ölkələrin peyvəndlərə bərabər və universal çıxışının təmin edilməsi” adlı qətnamənin bu ilin mart ayında yekdilliklə qəbul olunması, nəhayət, sentyabrın 24-də BMT Baş Assambleyasının 76-cı sessiyasının illik ümumi müzakirələrində Azərbaycan tərəfindən, eləcə də Qoşulmama Hərəkatı adından peyvəndlərə universal çıxışın reallaşdırılması barədə BMT Baş Assambleyasında müvafiq qətnamənin irəli sürülməsi və nəhayət, noyabr ayının 18-də isə Assambleyanın 3-cü komitəsi tərəfindən sözügedən qətnamə layihəsinin müzakirə olunaraq, səsvermə ilə qəbulu bunun bariz ifadəsidir.
Azərbaycan yuxarıda vurğulananlarla bərabər, pandemiya ilə mübarizə çərçivəsində özünün maliyyə resursları hesabına beynəlxalq səviyyədə verdiyi töhfələr-ölkəmizin Ümumdünya Səhiyyə Təşkilatına 10 milyon ABŞ dolları həcmində könüllü maliyyə yardımı, 30-dan artıq ölkəyə koronavirusla mübarizənin dəstəklənməsi üçün humanitar və maliyyə köməyi, dörd ölkəyə təmənnasız olaraq 150 min doza vaksin göndərməsi ilə də pandemiyanın öhdəsindən gəlmək üçün beynəlxalq həmrəyliyə və əməkdaşlığa dəyər verən ilk ölkələrdən biri olduğunu təsdiqləyib.
- Bəs səhiyyəmizin pandemiya ilə mübarizəsi barədə nə deyə bilərsiniz?
- Bütün dünyada olduğu kimi, Azərbaycanda da pandemiya həm ölkə iqtisadiyyatına, həm də insanların sosial vəziyyətinə mənfi təsir göstərdi. Respublikamızda bu təsirin fəsadlarını azaltmaq üçün vaxtında praktiki addımlar atıldı. Beş milyona yaxın insan geniş sosial paketlə əhatə olundu. Həm dövlət, həm də özəl sektorda işləyənlər, həmçinin aztəminatlı təbəqəyə aid olan insanlar dövlət tərəfindən maddi dəstəklə təmin edildi. Bu, bir daha onu göstərdi ki, insanların rifahı, onların sosial vəziyyəti və əlbəttə ki, sağlamlığı dövlətimiz üçün əsas məsələdir.
Eyni zamanda xəstəliyə yoluxanların müalicəsi də diqqət mərkəzində saxlanıldı. Ölkədə 46 xəstəxana COVID xəstələrinin ixtiyarına verildi. Xatırladım ki, həmin xəstəxanaların 41-i son 18 il ərzində inşa edilib.
COVID ilə mübarizədə Azərbaycanın səhiyyə sisteminin güclü maddi-texniki bazası da xüsusi rol oynadı. Bundan başqa laboratoriyaların sayı bir neçə dəfə artırıldı. Belə ki, pandemiyanın ilk vaxtlarında ölkədə cəmi 6 laboratoriya fəaliyyət göstərirdisə, az bir müddətdə onların sayı 45-ə çatdırıldı. Bununla bərabər, testlərin keçirilməsi diqqətdə saxlanıldı. Elə bunun nəticəsidir ki, hazırda adambaşına düşən testlərin sayına görə Azərbaycan dünya miqyasında qabaqcıl yerdə qərarlaşıb. Bu da təsadüfi deyil. Çünki test prosesinin diqqət mərkəzində saxlanılması, onun keçirilməsinə xüsusi önəm verilməsi yoluxma hallarını aşkarlanması prosesini şərtləndirir. COVID ilə mübarizədə əsas vəzifələrdən biri də məhz elə budur: Bütün yoluxanların müayinəsi gerçəkləşdirilməli və onlara vaxtında tibbi xidmət göstərilməlidir.
COVID ilə mübarizədə bir Azərbaycan nümunəsi var. Vətəndaş, insan amilinin əsas götürülməsi, peyvəndlənmə prosesin yüksək səviyyədə təşkili bunun bariz nümunəsidir. Bu, həm də onu sübut etdi ki, dövlətimiz vətəndaşına biganə deyil, onun siyasətinin mərkəzində insan amili dayanır.