MÜSAHİBƏLƏR
Soçi görüşü Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın növbəti diplomatik qələbəsidir
-Cavid müəllim, noyabrın 26-da Rusiyanın vasitəçiliyi ilə Azərbaycan Prezidentinin və Ermənistan baş nazirinin Soçi görüşünü necə qiymətləndirirsiniz? Bu görüşdə 10 noyabr 2020-ci il Bəyanatının imzalanmasından ötən bir ildə həllini tapmayan məsələlərlə bağlı hansı qərarlar qəbul olundu?
-Xüsusu qeyd etmək lazımdır ki, Ermənistan tərəfinin nə qədər təxribatlar törətməsinə baxmayaraq üçtərəfli görüş baş tutdu. Çünki bildiyiniz kmi, üçtərəfli görüş noyabrın 9-na planlaşdırılmışdır. Nikol Paşinyan Ermənistanın bundan boyun qaçırdığını açıq şəkildə etiraf etdi. Nəhayət ki, Soçidə Rusiyanın təşəbbüsü ilə üçtərəfli görüş baş tutdu. Ümumilikdə bu görüşü üç hissəyə bölmək olar: Rusiya-Azərbaycan əlaqələri; üçtərəfli görüş və nəhayət, görüşdə qəbul olunan sənəd. Əlbəttə, onu xüsusi qeyd etmək lazımdır ki, cənab İlham Əliyev qətiyyətlə, qalib xalqın, qalib ordunun Lideri, bununla paralel olaraq haqlı tərəfin rəhbəri kimi bu görüşə qatılmışdır. Rusiya Prezidenti Vladimir Putinin görüşdən öncə Azərbaycan Prezidentini qəbul etməsi bir daha göstərdi ki, Vladimir Putinin azərbaycanlı həmkarına çox böyük hörməti və etimadı var. Rusiya və Azərbaycan Prezidentlərinin baş tutan ikitərəfli görüşündə iki ölkənin münasibətlərindən geniş bəhs olundu. Qeyd olundu ki, Rusiya və Azərbaycan strateji tərəfdaşdılar. Strateji tərəfdaşlığı bütün sahələr üzrə daha da inkişaf etdirmək üçün bu gün bir sıra istiqamətlər üzrə 7 yol xəritəsi icra edilməkdədir. Təkcə bir faktı qeyd etmək kifayətdir ki, pandemiya dövrünün olmasına baxmayaraq cari ilin 9 ayında Rusiya ilə Azərbaycan arasında əmtəə dövriyyəsi 11 faiz artmışdır. Bu bir daha onu göstərir ki, Rusiya ilə Azərbaycan arasında münasibətlər yüksələn xətlə inkişaf edir. Əlbəttə, Azərbaycan- Rusiya münasibətlərinin belə yüksək səviyyədə inkişaf etməsində hər iki ölkənin liderlərinin rolu böyükdür.
Əlbəttə, bizi narahat edən Rusiya, Azərbaycan Prezidentlərinin və Ermənistan baş nazirinin üçtərəfli görüşü idi. Üçtərəfli görüşün yekununu qiymətləndirsək qeyd edə bilərik ki, Azərbaycanın konstruktiv mövqeyi bu görüşün nəticələrində ifadə olundu. Xüsusi qeyd edə bilərik ki, üçtərəfli görüş Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın növbəti diplomatik qələbəsi ilə yekunlaşdı. Üçtərəfli görüşdə Azərbaycan Prezidentinin konstruktiv mövqe nümayiş etdirməsi və Rusiyanın mövqeyinin də bir çox məsələlərdə Azərbaycanın mövqeyi ilə üst-üstə düşməsi, Ermənistan baş nazirinin çox aciz durumda olması və sanki məktəbli uşaq kimi şikayətlə çıxış etməsi açıq şəkildə görünürdü. Ermənistanın hazırkı vəziyyəti Nikol Paşinyanın görüşə hansı formada qatılacağından xəbər verirdi. Birincisi, Ermənistanın baş naziri çalışırdı ki, üçtərəfli görüş baş tutmasın. O, daha çox Qərb görüşünə maraq göstərirdi. Artıq qeyd etdiyimiz kimi, işğalçı dövlət təxribatlar törətməklə bu görüşün baş tutmasında maraqlı olmadığını göstərmişdi. 9 noyabr 2020-ci il Ermənistan üçün çox ağır bir gündür. Bu baxımdan Nikol Paşinyanın çıxışında 30 ildə fəaliyyətində heç bir nəticə ortaya qoymayan Minsk qrupunun dirçəldilməsi ilə bağlı ifadə işlətməsi, qondarma hərbi əsir və girov məsələsini gündəmə gətirməsi və sair kimi məqamlar Ermənistanın hansı vəziyyətdə olmasının və bu açıqlamaların nəyə hesablandığının göstəricisidir. Üçtərəfli görüşün yekunu olaraq mətbuata bəyanatda səsləndirilən fikirlər bir daha göstərdi ki, Azərbaycan üçtərəfli görüşdə masa üzərində hansı məsələləri zəruri hesab edirdisə, bütün bunların hamısını ardıcıllıqla, qətiyyətlə həyata keçirdi. Üçtərəfli görüşdən sonra səsləndirilən bəyanatlara diqqət yetirək. Birincisi, Rusiya Prezidentinin, ümumiyyətlə, “Dağlıq Qarabağ münaqişəsi” ifadəsini işlətməməsi bir daha təsdiqlədi ki, Azərbaycanın 44 günlük Vətən müharibəsində əldə etdiyi tarixi Zəfərdən sonra yeni yaratdığı reallıqlar artıq dünya ölkələri, o cümlədən bölgəmizin ən böyük ölkələrindən olan və bu məsələdə vasitəçilik rolunu həyata keçirən Rusiya tərəfindən birmənalı olaraq qəbul edilir. İkincisi, Rusiya Prezidenti Vladimir Putinin məhz dəhlizlərin açılması məsələsini dəfələrlə ifadə etməsi bir daha göstərdi ki, Azərbaycan qədər də Rusiyanın Zəngəzur dəhlizinin açılmasında çox böyük istəkləri var. Soçi görüşü Zəngəzur dəhlizinin açılması istəqmətində çox əhəmiyyətli rol oynadı. Digər bir tərəfdən Azərbaycan dəfələrlə ifadə edirdi ki, biz artıq sərhədlərin delimitasiyası və demarkasiyasına başlamağa, bölgədə sülhün, əmin-amanlığın bərqərar olması üçün kommunikasiyaların açılmasına, sülh sazişinin imzalanmasına hazırıq. Bütün bunlar Soçi görüşündə müzakirə predmeti olub. Qısa zamanda, bu ilin sonuna qədər mexanizmi işlənib hazırlanacaq. Bunun üçün növbəti həftə üçtərəfli İşçi Qrupu, yəni Azərbaycan, Rusiya və Ermənistanın baş nazirlərinin müavinləri çərçivəsində görüş keçiriləcək. Qısa zamanda sərhədlərin delimitasiyası və demarkasiyası ilə bağlı işlərə başlanacaq ki, bu da Azərbaycan tərəfinin son bir ildə dəfələrlə ifadə etdiyi bir mövqedir. Bütün bunlar sülh müqaviləsinin imzalanmasına aparan yoldur. Üçtərəfli görüşdə əsas müzakirə predmetlərindən biri bu oldu. Qeyd edildi ki, artıq sülh müqaviləsinin imzalanması istiqamətində də çox zaman keçmədən işləmək lazımdır. Bir sözlə, Azərbaycanın prioritet qəbul etdiyi və Vətən müharibəsi başa çatdıqdan sonra dəfələrlə açıqladığı və qarşıya qoyduğu hədəflərin hamısı Soçi görüşündə Azərbaycanın istədiyi kimi artıq öz əksini tapmış oldu.
- Bu konteksdə Ermənistanın mövqeyini necə qiymətləndirirsiniz? Son bir ildə, həmçinin Soçi görüşündə Ermənistanın ikibaşlı oyununu gördük. Nikol Paşinyanın açıqlamalarından hansı qənaət yaranır-Sülhə hazırdılar, ya yox?
- Əlbəttə, Ermənistanın baş nazirinin yenə də ikibaşlı oyun oynadığını gördük. Ermənistan maksimum dərəcədə Rusiyaya arxa çevirib, özünə müəyyən Qərb dairələrində yeni arxa axtarmaqla bütün məsələləri Qərb məkanına yönəltmək istədi. Amma bu, alınmadı. Çünki Soçi görüşü bu məsələlərin konkret təməlini qoydu. Digər bir tərəfdən, Ermənistan çalışır ki, Nikol Paşinyanın ifadə etdiyi kimi, Minsk qrupunu dirçəltsin. Bu, əlbəttə, qəbuledilməzdir. Vətən müharibəsi başa çatdıqdan sonra Minsk qrupunun hər hansı təşəbbüslə çıxış etdiyini, təkliflər verdiyini görmədik. Vətən müharibəsindən öncə də münaqişənin həllində heç bir irəliləyiş olmamışdır. Əlbəttə, burada Nikol Paşinyanın ən çox istədiyi ondan ibarətdir ki, Fransanın vasitəçiliyini təmin etsin. Fransa açıq şəkildə istər Vətən müharibəsində, istərsə də postmünaqişə dövründə ermənipərəst mövqe nümayiş etdirdi. Ermənistan da bütün gücü ilə çalışır ki, artıq ölmüş Minsk qrupunu yenidən canlandırsın.
-Cavid müəllim, Ermənistan bununla nəyə nail olmaq istəyir? Artıq yenidən Minsk qrupunun dirçəldilməsini masa üzərinə gətirməyə ehtiyac varmı?
- Vətən müharibəsi dövründə Fransanın bəyanatları birmənalı olaraq Azərbaycana qarşı idi. Azərbaycanın işğaldan azad etdiyi torpaqlarını yenidən Ermənistana qaytarmaq kimi cəfəngiyat fikirlər söyləyirdilər. Fransa İkinci Qarabağ savaşı bitdikdən sonra saxta bir qətnamə qəbul etdi. Fransaya baxıb bir sıra ölkələr də həmin qətnamələri qəbul etdilər. Əlbəttə, Ermənistan çalışır ki, məhz 10 noyabr Bəyanatında əksini tapan müddəaların icrasına əngəl törətsin, öhdəlikləri yerinə yetirməsin. Söhbət Zəngəzur dəhlizindən, sərhədlərin delimitasiyası və demarkasiyasından gedir. Bu baxımdan hələ də tarixə qovuşmuş münaqişənin bitməməsi kimi xəyallarla yaşayırlar. Ermənistanın son təxribatlarının qarşısının Azərbaycan Silahlı Qüvvələri tərəfindən qətiyyətlə alınması və növbəti dəfə işğalçı dövlətə vurulan zərbə göstərir ki, revanş ritorikası Ermənistanı daha rəzil duruma gətirib çıxaracaq. Bu baxımdan Ermənistan çalışırdı ki, yenə də dekonstruktiv mövqe nümayiş etdirməklə bu məsələnin müzakirəsini üçtərəfli formatda yox, müəyyən Qərb dairələri formatında həyata keçirsin. Baş tutan üçtərəfli görüş Ermənistanın həm vaxt qazanmaq, öhdəlikləri yerinə yetirməmək kimi niyyətlətini açıqladı. Artıq 15 dekabrda Brüsseldə Azərbaycan Prezidentinin və Ermənistanın baş nazirinin baş tutacaq görüşü adi bir görüş deyil. Şərq Tərəfdaşlığı Sammiti çərçivəsində keçiriləcək görüşdə Soçi görüşünün hər hansı bir məsələsi müzakirə predmeti ola bilər. Düşünürəm ki, bütövlükdə 10 noyabr 2020-ci il tarixli Bəyanat, 11 yanvar 2021-ci il tarixdə Moskva, həmçinin 26 noyabr 2021-ci ildə Soçi görüşləri Ermənistanla Azərbaycan arasında münasibətlərin tənzimlənməsinin təməlidir. Bütün proseslər bu təməl əsasında inkişaf edəcəkdir.
-Ümumiyyətlə, Brüssel görüşündə hər hansı məsələ ilə bağlı qərarın qəbul olunması gözlənilirmi? Yenə də Ermənistanın Soçi görüşündə gündəmə gətirdiyi məsələlərin qaldırılacağı gözləniləndir. Ermənistanın Brüssel görüşünə qədər hər hansı təxribata əl atacağını düşünmək olarmı? Brüssel görüşü nə vəd edir?
- Ermənistan son bir il ərzində bir necə dəfə təxribatlar törədib. Bu təxribatların qarşısı Azərbaycan tərəfindən qətiyyətlə alınıb və Ermənistan növbəti uğursuzluğa düçar olub. Heç şübhəsiz ki, bundan sonra da Ermənistan tərəfindən hər hansı təxribatın törədilməyəcəyinə real baxa bilmərik. Çünki erməni xislətidir. Onlar öz məkrli niyyətlərinə nail olmaq üçün müəyyən təxribatlar törədə bilərlər. Yəni, müxtəlif platformalarda təxribatları inkar edilmir. Amma istənilən halda Brüssel görüşündə hansısa məsələnin böyük mənada müzakirəsini düşünmürəm. Qeyd etdiyim kimi, bütün məsələlər Soşi görüşündə müzakirə olundu. Müzakirədən kənar hər hansı məsələ qalmadı. Ermənistanın Soçi görüşündə olduğu kimi, Brüssel görüşündə də müəyyən ifadələrdən istifadə edəcəyi qaçılmazdır. Burada qondarma hərbi əsirlər və girovlar məsələsi yenə gündəmə gətirilə bilər. Baxmayaraq ki, Nikol Paşinyan Soçi görüşündə də bu məsələni gündəmə gətiridi, amma yekun sənəddə öz əksini tapmadı. Tarixə qovuşmuş Dğlıq Qarabağ münaqişəsi, status ifadələrindən istifadə edəcək ki, bunlar da Soçi Bəyanatında öz əksini tapmadı. Nikol Paşinyan sərhədlərin delimitasiyası və demarkasiyasını dilə gətirir və hətta bir qədər də irəli gedərək bildirir ki, guya Azərbaycan Ermənistanın ərazisinə daxil olub. Bunlar absurd fikirlərdir. Azərbaycan Ermənistan ərazisinə daxil olmaq istəsəydi 2020-ci ilin yay aylarında işğalçı dövlət Tovuz istiqamətində təxribatlar törədərkən sərhədi keçərdi. Azərbaycan istəsəydi 44 günlük Vətən müharibəsi zamanı sərhədi keçərdi. Buna bizim gücümüz və hüquqi əsasımız var idi. Ermənistanın baş nazirinin Brüsseldə status məsələsini gündəmə gətirmək ehtimalı var. Bütün bunlar Ermənistanın növbəti dəfə iflası ilə nəticələnəcək. Çünki Soçi görüşü bütün bu kimi məsələlərə aydınlıq gətirdi. Ölkə Prezidenti İlham Əliyev Soçi görüşündə olduğu kimi, eyni prinsipiallıqla, qətiyyətlə Brüssel görüşünə qatılacaq, Azərbaycanın beynəlxalq dəstək qazanan, ədalətə və beynəlxalq hüquqa əsaslanan mövqeyini bir daha nümayiş etdirəcək.