MÜSAHİBƏLƏR
Xalq qətiyyətlə Heydər Əliyevi Azərbaycanın Prezidenti görmək istəyirdi
- Əjdər müəllim, hər bir hadisənin baş verməsi üçün zərurət olmalıdır. Ölkəmizin ictimai-siyasi həyatında aparıcı rol oynayan, 29 illik tarixə malik Yeni Azərbaycan Partiyasının yaradılmasını zərurətə çevirən amillər hansılar idi? Müstəqilliyimizin ilk illərində Azərbaycanın yaşadığı çətinliklər, faciələr, xalqın sabaha itən ümidləri nəyə çağırış edirdi?
- Yeni Azərbaycan Partiyasının yaranması 1988-ci ildən başlayaraq ölkəmizdə cərəyan edən hadisələrin yekunu və mövcud olan ictimai-siyasi şəraitin məntiqi nəticəsi idi.
Dağlıq Qarabağla başlayan müsibətlərimiz Azərbaycan coğrafiyasını yanar odlu çənbərə saldı. Belə bir ağır gündə Vətəndə vətənsiz olan bəzi yüksək vəzifəli ünsürlər və onların tərəfdarları azadlıq uğrunda ayağa qalxmış xalqa sahib çıxmadılar. Əksinə ictimai-siyası həyatda təxribatlar törətdilər, ölkədə xaos yaratdılar, xüsusən Sovet ordusu sıralarında sayılan-seçilən vətənpərvər generalları ordu komandanlığından uzaqlaşdırdılar, Vətənin müdafiəsini özlərini guya xalqın səlahiyyətli “vəkilləri” kimi göstərən bir dəstə başıpozuq silahlı güruhun əli ilə heç bir hərbi təcrübələri olmayan, xalqın tanımadığı mənsəbpərəst təsadüfi adamlara tapşırdılar. Bununla da Vətənində bu vətənsizlər, bu satqınlar qanlı cəbhədə ayrı-ayrı dəstələrdən ibarət olan qeyri- mütəşəkkil ordunun arasında çaxnaşma saldılar və təkəbbürlülük, mənəm-mənəmlik hissi ilə yaşayan bəzi dəstə başçıları arasında düşmənçilik toxumu səpməyə nail oldular. Vətənin xilası naminə düşmənə tərəf çevrilməli olan hərbi texnikanı ələ keçirmiş məlum satqın dəstə başçıları ölkəmizi parçalayıb, düşməni yaddan çıxartdılar, bir-birinin qəniminə çevrildilər, ayrı-ayrı dərəbəy hakimiyyətləri yaratmaq iddiasına düşdülər. Tarixin lənətlədiyi ünsürlər və onların tərəfdarları Vətəni çox ciddi şəkildə parçalanmaq təhlükəsi qarşısında qoydular. Bununla da Moskvanın göstərişlərini yerinə yetirən görünməz əllər dinc əhalini qanına qəltan edən rus-erməni bandasının Qarabağda tarixdə görünməyən müdhiş vəhşiliklər törətməsinə şərait yaratmış oldular.
Azərbaycanın qarşısında dayanan belə bir “Olum, ya ölüm” günlərində M.Qorbaçovun ölüm hədələrindən qorxmayan, tarix qarşısında “Həyatımı xalqıma qurban verməyə hazıram” deyə, başsız, havadarsız qalmış candan əziz tutduğu xalqını birliyə, mübarizəyə səsləyən Heydər Əliyev xəstəliyinə baxmayaraq, Vətəni düşmənlərin qanlı caynağından xilas etmək üçün Moskvadan doğulduğu Naxçıvana pənah gətirdi. Mərkəzdən ayrı düşmüş Naxçıvanın vəziyyəti həmin günlərdə daha təhlükəli idi. Çünkü müstəqillik və azadlıq eşqi ilə mübarizəyə qalxmış əhali tərəfindən Araz boyu tikanlı sərhəddin bir neçə gün ərzində darmadağın edilməsinə şərait yaradan Moskvanın hiyləgər, məkrli siyasəti məlum idi. Belə ki, hərb-müharibə görməyən dinc əhaliyə qəfildən 1918-1920-ci illərdə basqın edib, Arazın o sahilinə qaçmağa, ata-baba yurdunu boşaltmağa məcbur edən ermənilər arxada ingilis işğalçıları və əldə onların silahı ilə vilayətdə qanlı tarix yazdıqları kimi, 1990-cı illərədək qurd səbri ilə fürsət gözləyən daşnaqlar yaranmış yeni siyasi şəraitdə arxada ehtiyatda dayanmış rus imperiya ordusuna söykənərək, əhalini çayın o biri tərəfinə qovmağa, qanlı tarixi təzələməyə çalışırdılar. Buna baxmayaraq, erməni silahlı bandası tərəfindən əhatə olunduğu dağ silsiləsi boyu gecə-gündüz atəş altında saxlanan Naxçıvan əhalisi bir qarış torpaq verməmək üçün düşmənlə mərdliklə döyüşürdü.
Belə bir ağır şəraitdə Heydər Əliyevin Naxçıvana gəlişi Moskvanı və Azərbaycan rəhbərliyini, onun ətrafında “birləşmiş” respublikanın mənsəb və sərvət hərislərini bərk təşvişə salmışdı.
Dağ silsiləsi boyu ermənilərin Naxçıvana od yağdırdığı günlərdə Yusif Məmmədəliyev adına Naxçıvan Dövlət Universitetində müəllim işləyirdim. Xalqımın fəryadına bir Vətən oğlu kimi biganə qala bilməzdim. Xalqımın xilası naminə həyatından keçən əsgər inamı ilə tarixi borcumu yerinə yetirirdim. M.Qorbaçovun atalıq himayəsində olan altmış minlik erməni-daşnaq bandasının qabağını Naxçıvanın qapısı olan Sədərəkdə saxlayıb, ellikcə vuruşurduq.
- 1992-ci ilin oktyabrın 16-da xalqın böyük əksəriyyətinin istəyini özündə ifadə edən 91 nəfər görkəmli elm, mədəniyyət, incəsənət xadiminin və siyasi fəalların partiyanın yaradılması ilə bağlı ulu öndər Heydər Əliyevə ünvanladığı “Azərbaycan Sizin sözünüzü gözləyir” müraciətini imzalayanlardan biri də sizsiniz. O dövrlə bağlı hansı məqamları xüsusi qeyd etmək istərdiniz?
- Müstəqil Azərbaycan uğrunda mübarizəmizin ölümlü və fəlakətli günlərində müdriklər müdriki, müstəsna dövlət adamı olan Heydər Əliyevin ən yaxın silahdaşı və siyasi sirdaşı olduğum hadisələrin bir neçə məqamını xatırlatmaq istərdim. 1992-ci ilin 22 aprel tarixində Naxçıvan televiziyasının lentə aldığı Şərur rayonunun mədəniyyət sarayında təşkil etdiyim rayon əhalisinin geniş toplantısında Heydər Əliyevin qarşıdan gələn prezident seçkilərində namizədliyini irəli sürdük. Bu, Heydər Əliyevi hakimiyyətə gətirən xalqın ilk tarixi addımı idi.
Mən toplantının çıxardığı qərarı 23 aprel tarixində Bakıda naxçıvanlıları birləşdirən “Əlincə” cəmiyyətinə çatdırdım. Bir neçə ziyalının təşkilatçılığı ilə keçmiş Ali Sovetin qarşısında Heydər Əliyevin hakimiyyətə gəlməsinin qarşısını alan maneəni – “yaş senzi”ni aradan qaldırmaq üçün sessiyanın çağrılmasını tələb edən 24 aprel tarixindən mitinqlərə başladıq. Mitinqlərdən sonra Naxçıvana qayıtdım, Heydər Əliyevin dəvəti ilə onun yanında oldum. Müdrik bir siyasət adamı ilə üz-üzə oturub, onun xalqın düşdüyü bəladan xilası ətrafında verdiyi suallara cavab vermək cəsarət və məsuliyyət tələb edirdi. Hiss edirdim ki, Ulu Öndərin özü mənə sərbəstlik verirdi. Aramızda ətraflı, səmimi söhbət xeyli çəkdi. Sonda dedim: Heydər bəy, biz hər gün təşkil etdiyimiz toplantılarda “Heydər bəy siyasətə qayıdır” desək də bu çağırış toplantıdan o tərəfə çıxmayacaq. Heydər Əliyev «Fikrin nədi?” deyə, maraqla soruşdu. Mən dedim ki, xalqı Sizin ətrafınızda birləşdirmək üçün partya yaratmaq günün zərurətidir. Heydər Əliyev mahir siyasət adamı kimi söhbətin istiqamətini dəyişərək, nə hə dedi, nə yox. El atasından qəti cavab ala bilmədim. Buna baxmayaraq, yaşadığım Şərur rayonunda tanınmış ziyalılardan ibarət “Heydər Əliyevin tərəfdarları” adında təşəbbüs qrupu təşkil etdim. Bundan sonra tərəfdarları siyahıya almaq üçün rayon qəzetinin mətbəəsində partiyanın yaradılmasında tələb olunan kriteriyaları əhatə edən kifayət sayda blank hazırladıq. Qısa müddətdə otuz iki mindən artıq tərəfdarı siyahıya aldıq.
Yeni Azərbaycan Partiyasını yaratmaq təşəbbüsü sonra bütün Azərbaycana yayıldı. Bakıdan vətənsevən ziyalılar dəstə-dəstə Naxçıvana gəlirdilər. Beləliklə, məşhur “91-lər” hərəkatı yarandı. Və biz Yeni Azərbaycan Partiyasının təməlini qoyduq.
1992- ci ilin 21 noyabrında Naxçıvanda Cəlil Məmmədquluzadə adına Dövlət Teatrının binasında YAP-ın təsis konfransı keçirildi. Mənim yazdığım “Partiyamızın lideri xalqdır” Bəyanatı 9 dekabr 1992-ci ildə “Səs” qəzetində çap edildi. Bu bəyanat YAP-ın Heydər Əliyevin ətrafında birləşən naxçıvanlıların timsalında müstəqillik uğrunda 70 illik rus imperiyasından xilas olmaq üçün ölüm-dirim mübarizəsinə qalxmış bütün Azərbaycan xalqının bəyanatı idi.
- Əjdər müəllim, “91-lər” hərəkatının fəal iştirakçısı kimi sonrakı prosesləri necə şərh edərdiniz?
- 1992-ci ilin dekabrında YAP-ın Naxçıvan şəhər özəyini yaratmaq üçün bütün idarə və təşkilatlarda ziyalılardan ibarət imza toplayan “Heydər Əliyev tərəfdarları” təşəbbüs qrupunu təşkil etdim. İş aparmaq üçün şəhər təşəbbüs qrupunda birləşən heydərsevərlər arasında bölündü.
Mən Heydər Əliyevi hakimiyyətdən salmağa çalışan Naxçıvan şəhər Xalq Çəbhəsi üzvünün böyük bir qismini təşkil edən həkim və tibb bacısının işlədiyi Şəhər Mərkəzi Xəstəxanasında və Respublika Döğum Evində siyahıya almağı öz üzərimə götürdüm. Biz bilirdik ki, bu yerlərdə imza toplamaq heç də asan olmayacaqdı. Özünü itirmiş bəzi həkimlərin ciddi kobud hərəkətləri ilə üz-üzə gəldim. Ancaq Heydər Əliyev tərəfdarları yoldaşlarının basqılarına baxmayaraq, imza atmaqda çox fəal iştirak etdilər.
Sonralar Naxçıvanda Ulu Öndərin həyata keçirdiyi cahanşümul işlər başladı. Azərbaycan Xalq Cümhuriyyətinin dövlət atributları bərpa edildi. 1918-ci ildə yaranmış dövlət himni əbədi ömrünə qoşuldu. Səkkizguşəli ulduzumuz ilk dəfə Naxçıvanda bərq vurmağa başladı. «Sovet, sosialisti» sözləri Muxtar Respublikanın adından çıxarıldı. Qanlı 20 Yanvar hadisələrinə ilk dəfə hüquqi-siyasi qiymət verildi. Artıq Naxçıvana gəlib-gedən Azərbaycan ziyalılarının ardı-arası kəsilmirdi. Xalq qətiyyətlə Ümummilli Liderini Azərbaycanın Prezidenti görmək istəyirdi. O illəri bu gün bax beləcə qürur hissləri ilə xatırlayırıq.
- Ulu öndər Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı Azərbaycanın xilası oldu...
- Xalqımın, Vətənimin fəlakətli günlərində daşnakların “Böyük Ermənistan” yaratmaq istəyinin, düşmənlərimizin Azərbaycanı parçalamaq və Qafqazın siyasi xəritəsindən silmək planlarının reallaşmasının qarşısını ala biləcək yeganə şəxsiyyət Heydər Əliyev idi. Azərbaycanı məhz Heydər Əliyev xilas edə bilərdi və etdi.
Azərbaycanda siyasi proseslər sürətlə inkişaf etdi. Heydər Əliyev 1993-cü ilin iyunun 9-da Naxçıvandan Bakıya gələrək əvvəlcə Azərbaycan Respublikası Ali Sovetinin sədri, 1993-cü ilin oktyabrında isə Azərbaycan Respublikasının Prezidenti seçildi. YAP iqtidar partiyasına çevrildi. Azərbaycanın müasir tarixinin həlledici dönüş nöqtəsi hesab edilən 1993-cü ildə ulu öndər Heydər Əliyev xalqın təkidli tələbi ilə hakimiyyətə qayıtmasaydı, bugünkü möhtəşəm, qalib Azərbaycan nəinki olmazdı, ümumiyyətlə, onun mövcudluğu şübhə altında olardı. Bütün həyatı boyu Vətəninin, xalqının gələcəyini düşünən Ümummilli Lider düşünülmüş və məqsədyönlü siyasəti ilə Azərbaycanın müstəqilliyini əbədi və dönməz etdi. Heydər Əliyev bildirirdi ki, müstəqilliyin əldə olunması nə qədər çətindirsə, onun saxlanılması, daimi, əbədi olması bundan da çətindir. Bugünkü Azərbaycanı 29 il bundan öncəki Azərbaycanla müqayisə etmək kifayətdir.
- Əjdər müəllim, ulu öndər Heydər Əliyevin şah əsəri olan müasir müstəqil Azərbaycanın 2003-cü ildən sonrakı dövrünü necə xarakterizə edərdiniz? Azərbaycanın tarixi Zəfəri sizdə hansı hissləri yaratdı?
- Heydər Əliyev yolunun layiqli davamçısı cənab İlham Əliyev Azərbaycana uğurla rəhbərlik edir. Bütün dünya tərəfindən qəbul olunan görkəmli və müasir dövlət xadimidir və Dünya azərbaycanlılarının Lideridir. İlham Əliyev müəllifi Heydər Əliyev olan neft strategiyasının hazırlanmasında, bu siyasətin dünyada uğur qazanmasında, bir çox layihələrin gerçəkləşməsində, çətin diplomatik görüşlərdə fəal iştirak edərək Azərbaycanın dünyaya inteqrasiyasında mühüm xidmətlər göstərib. Bir sözlə, bu gün xalqımızın bütün təbəqələrinin hörmətini qazanmış, hər an onların yanında olan, bütün sahələrə diqqət ayıran, Yeni Azərbaycan Partiyasının layiqli Lideri, bütün Dünya azərbaycanlılarının Prezidenti İlham Əliyev ulu öndər Heydər Əliyevin axıra çatdıra bilmədiyi taleyüklü məsələləri, planları, işləri həyata keçirir.
Möhtərəm İlham Əliyev ilk Prezident seçiləndə geniş məzmunda teleqram vuraraq onu təbrik etdim və Heydər Əliyevin siyasətini davam etdirməkdə “köhnə qvardiya”nın həmişə onunla olduğunu dedim. Bu gün də biz möhtərəm Prezidentimizin yanındayıq.
Əbədiyaşar Heydər Əliyevin qurub-yaratdığı müasir müstəqil Azərbaycan dövlətinin bu gün müzəffər, yenilməz, Prezidentimiz İlham Əliyevin rəhbərliyi altında qazandığı bütün qələbələr, 44 günlük tarixi hərbi uğurlarımız artıq dünya şöhrəti qazanmışdır. İqtisadi, sosial sahələrdə cənab İlham Əliyevin həyata keçirdiyi bütün işlər və beynəlxalq arenada əldə etdiyi siyasi uğurlar bu gün bizə əsas verir deyək ki, Ulu Öndərimizin ruhu şaddır və dövlət sükanı ehtibarlı əllərdədir. Onun davamçısı, xalqımızın sevimlisi, Ali Baş Komandan İlham Əliyev bütün ümidləri döğruldaraq xalqımıza şərəf yaşadaraq torpaqlarımızı öz taktiki gedişi ilə işğaldan azad etdi. Bu, Ali Baş Komandanımız İlham Heydər oğlunun Ona atasından miras qalmış səbr, təmkin və zamanı qabaqlayacaq böyük müdrikliklə tarixən yarıdilənçi olmuş köçkün ermənilərə deyil, onların simasında 1990-cı illərdə “Qanlı Qarabağ tarixi”ni yazan, ermənilərə güclü hərbi texnika ilə yardım göstərən, torpaqlarımızı 30 il işğal altında saxlayan rus imperiyasına, saman altından su yeridən bəzi “dost və qardaş” dövlətlərə vurulan zərbədir. Zəngəzur dəhlizi bizi böyük Turan ellərinə aparacaq, “Naxçıvan -Türk İpək Yolu” bu gün reallaşmaqdadır.
Vətən savaşımızda şəhid olan övladlarımızın ruhu qarşısında baş əyir, qazilərimizə Allahdan şəfa diləyirəm.