YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

MÜSAHİBƏLƏR

İki qardaş ölkə öz potensialını birləşdirərək bölgəyə sülh, təhlükəsizlik gətirmək istəyini ortaya qoyur

Müsahibimiz Milli Məclisin deputatı Ramil Həsən

- Ramil müəllim, bu gün dünyanın diqqət yönəltdiyi  əsas məsələlərdən biri dostluğu, qardaşlığı nümunə, örnək olan Azərbaycan-Türkiyə münasibətləridir. Bu sarsılmaz dostluq dünya ölkələri tərəfindən necə qarşılanır?

- Şübhəsiz, bu gün dünyada baş verən qloballaşma prosesi   çərçivəsində  Azərbaycan-Türkiyə münasibətləri,  iki dost  ölkə arasında  qardaşlıq  əlaqələri   böyük   imkanlara malikdir. Əlbəttə ki,  burada ən önəmli faktor   budur ki, iki dövlətin   liderləri bilavasitə  Azərbaycan-Türkiyə  münasibətlərini sarsılmaz dostluq və  bundan  daha  yüksək səviyyəyə döğru inkişaf etdirərək  qardaşlıq münasibətlərinə  çatdırmaq üçün    misilsiz xidmətlər göstəriblər və bu gün də davam edir.  Dünyada oxşar tarixə, mədəniyyətə, etnik köklərə malik olan ölkələr çoxdur. Amma baxın, görün, bu ölkələr arasında əlaqələr necədir? Onlar arasında gərginliklər mövcuddur.  Liderlərin oynadıqları rol,  dövlətini idarə edən, millətinə, ölkəsinə  rəhbərlik  edən şəxs olaraq bilavasitə şəxsi dostluq və qardaşlıq münasibətləri fonunda  dövlətlərarası münasibətlərin də yaxşılaşdırılması  Azərbaycan-Türkiyə münasibətlərində  mükəmməl bir örnəkdir. Eyni kökə, tarixi əlaqələrə, qədim mədəniyyətə sahib olan iki qardaş  dövlətin, bir  millətin övladları olaraq   Azərbaycan Prezidenti İlham Əliyevə və  Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana  minnətdar olmalıyıq.

Əlbəttə, bu sarsılmaz dostluq münasibətlərinin strateji tərəfdaşlıq çərçivəsinə keçirilməsi  və bu istiqamətdə atılan addımlar, həyata keçirilən müxtəlif formullu, müxtəlif çoxşaxəli  layihələr və əldə olunan   nəticələr bəzi dost,  qardaş ölkələr tərəfindən rəğbətlə  qarşılanmaqla bərabər,   regionda marağı, regionla bağlı öz planları, layihələri olan digər dövlətləri, qurumları, dünyada cərəyan edən proseslərdə  öz  mövqeyini ortaya qoymağa çalışan  daiərələri ciddi  şəkildə narahat etməkdədir. Bunlara baxmayaraq Azərbaycan-Türkiyə münasibətləri  istər tarixi Zəfərimizdən öncə, istər Vətən müharibəsi, istərsə də postmünaqişə dövründə çox uğurla inkişaf etməkdədir. Parlamentarilər də, qeyri-hökumət təşkilatları da, jurnalistlər də,  ümumiyyətlə,  Azərbaycanın və  Türkiyənin gələcəyini  daha güclü, qüdrətli görmək istəyən hər bir vətəndaşımız bu istiqamətdə  dövlət başçılarımızın, liderlərimizin  həyata keçirdikləri  siyasətə  dəstək verməli,  öz üzərilərinə düşən  məsuliyyəti dərk edərək əllərindən gələni əsirgəməməli,  müsbət   addımlar atmalıdırlar.

- Ölkələr arasında əlaqələrin inkişafında parlamentlərarası əməkdaşlıq formatı gündəmdədir. Azərbaycanın təşəbbüsü ilə Azərbaycan-Türkiyə-Pakistan parlament sədrlərinin paytaxt Bakıda bir araya gəlməsini necə dəyərləndirirsiniz?

- Ölkələrimiz arasındakı əlaqələrin inkişafında, əlbəttə ki, parlamentlərarası əməkdaşlıq, bu əməkdaşlığın yeni  üçtərəfli və çoxtərəfli formatları da mühüm  rol oynamaqdadır. Bilirsiniz ki, ümumiyyətlə,  Azərbaycan parlamenti dünyanın bir çox beynəlxalq  parlament təşkilatlarının üzvüdür  və bu proseslərdə aktiv şəkildə iştirak etməkdədir. VI çağırış Milli Məclisin  formalaşdırılmasından sonra  Milli Məclisin Sədri hörmətli Sahibə xanım Qafarovanın  rəhbərliyi ilə həm  Azərbaycan-Türkiyə, həm Azərbaycan-Pakistan,  həm Azərbaycan-Türkiyə-Pakistan, həm də  bundan əlavə bir çox  strukturlarla, təşkilatlarla  əlaqələr dövlətimizin maraqları əsas götürülərək  yeni formatda  inkişaf etdirilir və bu istiqamətdə konkret addımlar atılır. Azərbaycan-Türkiyə-Pakistan parlament  sədrlərinin Bakıda tarixi üçtərəfli görüşünün keçirilməsi və Bakı Bəyannaməsinin imzalanması da parlamentlərarası əlaqələrin dövlətlərarası münasibətlərin inkişaf strategiyasında  xüsusi önəmli rol oynadığını  və bu münasibətlərə özəl    töhfə verdiyinin  bariz  nümunəsidir. Əlbəttə ki, üç  qardaş ölkənin  parlament sədrlərinin  birgə aktiv fəaliyyəti və bunun Bakı Bəyannaməsi ilə nəticələnməsi , bu sənədin müddəalarına uyğun olaraq gələcəkdə də   prosesin inkişaf etdirilməsi, parlamentlərin  milli maraqlarımıza uyğun məsələlərdə bir-birlərini həm beynəlxalq təşkilatlarda, həm də dünya ictimaiyyəti qarşısında dəstəkləmələri  parlament diplomatiyasının bu gün dünyada  oynadığı  mühüm rolu göstərməkdədir. Üçlü tərəfdaşlığın  fəaliyyəti şübhəsiz ki, ölkələrimizin milli maraqlarının qorunması ilə bağlı atılan addımlarla  bərabər, üçtərəfli dövlətlərarası münasibətlərə, parlamentlərarası əlaqələrə də mühüm  töhfə verəcəkdir.

- Dünyaya səs salan Şuşa Bəyannaməsinin ardınca Bakı Bəyannaməsinin imzalanması hansı perspektivləri vəd edir?

- Əlbəttə,  İkinci Qarabağ savaşından sonra ən böyük tarixi  hadisə  qardaş Türkiynin Prezidentinin Qarabağın ürəyi Şuşaya səfəri idi ki, bu da  Şuşa Bəyannaməsinin imzalanması ilə yadda qaldı. Ümumiyyətlə, xarici siyasət strategiyasında  bir şey aydındır ki, Bəyannamələr ondan sonra imzalanacaq hökumətlərarası müqavilələrin əslində  dünyaya çatdırılmasıdır. Bəyannamələr hökumətlərarası sazişlərin, imzalanacaq  müqavilələrin təməl daşıdır. Şübhəsiz ki, Şuşa Bəyannaməsinin müddəalarına baxdığımız zaman görürük ki,   iki qardaş dövlətin var olan münasibətlərinin artıq rəsmi şəkildə ən yüksək səviyyədə  ehtiva olunub bütün dünyaya elan  edilməsi, qardaşın qardaşın yanında olması,  qardaşlığın  rəsmi şəkildə  ifadə olunması  iki  dost ölkə  arasında Təhlükəsizlik Şuralarının  birgə və bərabər əməkdaşlığı, Azərbaycanın Türkiyə ordu modelinə uyğun  modeli qurması ilə bağlı keçid   prosesini sürətləndirməsi,  Azərbaycanın hərb, müdafiə sənayesinin  daha da gücləndirilməsi ilə bağlı  iki qardaş dövlət arasında birgə layihələrin həyata keçirilməsi, BMT-nin müvafiq  müddəalarına uyğun olaraq  hər iki qardaş ölkənin  birinə müdaxilə aktı təsbit olunarsa o birinin beynəlxalq hüquq çəçivəsində köməyə gəlməsi və sair kimi mühüm məqamlar sənəddə  öz əksini tapmışdır.  Şuşa Bəyannaməsi bir çox dövlətləri də  qıcıqlandırmaqdan yan keçməmişdir.   Amma Azərbaycan başqa ölkələrdən, Ermənistandan fərqli olaraq hər hansı bir ölkənin, dövlətin, qurumun forpostu deyildir, olmamışdır, olmayacaqdır. Dahi şəxsiyyət Heydər Əliyev müstəqil siyasəti ilə Azərbaycanı bu nöqtələrə gətirib çıxardıqdan sonra 2003-cü ildən etibarən   Prezident cənab   İlham Əliyevin  bu siyasətin layiqli davamçısı kimi bütün  tarixi missiyanı öz üzərinə götürməsi  və 30 illik həsrətimizə  son qoyaraq dədə-baba torpaqlarımızı düşmən tapdağından azad etməsi,   Ali Baş Komandan, mükəmməl  Sərkərdə, güclü  dövlət xadimi kimi   Azərbaycan tarixində, türk dünyasının tarixində mühüm rol oynaması, əlbəttə ki,  belə mövqeyə sahib olması  bir çox dairələri narahat  edir.   Amma qeyd etdiyimiz kimi, Azərbaycan müstəqil siyasət yürütdüyü üçün  heç kimsənin fikir və mövqeyinə deyil,  öz dövlətinin, xalqının maraqlarını qoruyan bir  Prezidentə sahibdir.  Biz bununla fəxr edir, qürur duyur, cənab Prezidentimizin ətrafında sıx birləşmişik. Xalqımız tam əmindir ki,  qardaş ölkə ilə birgə  bundan sonra da ölkəmizdə əmin-amanlığın qorunması, təhlükəsizliyin təmin edilməsi, bölgədə sülhün, qarşılıqlı anlayışın  yenidən bərqərar olması ilə bağlı  atılan addımlar yaxın gələcəkdə öz bəhrəsini verəcək. Həmçinin bir məqamı da yaddan çıxarmaq lazım deyil ki,  Şuşa Bəyannaməsinin imzalanması  iki qardaş dövlətin birlik və bərabərlik, müttəfiqlik münasibətlərini yeni bir mərhələyə  gətirsə də,  Azərbaycan Prezidenti İlham Əliyevin, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın vermiş olduğu byanatlarda da  göstərildiyi kimi, hər hansı dövlətə, quruma qarşı  yönəlməmişdir. İki qardaş  dövlətin birlik və bərabərlik   prinsipləri hər hansı dövlətə  təhlükə mənbəyi deyildir.  Əksinə regionda barışın, sülhün, qarşılıqlı anlayışın yaranması   altılıq platforma olaraq Azərbaycanın  və Türkiyə Prezidentlərinin təklif etmiş olduqları  regional və beynəlxalq qlobal  miqyaslı enerji, iqtisadi layihələrin həyata keçirilməsi üçün  mühüm  töhfədir.  İnanırıq ki, Azərbaycan və Türkiyənin xoş niyyətlə atmış olduğu bu addımlar region ölkələri tərəfindən də müsbət qarşılanacaqdır.  Altılıq platforma  Azərbaycanın tarixi torpağı olan Zəngəzur koridoru ilə bağlı da 10 noyabr Bəyanatında göstərilmiş   müddəalar ən qısa zamanda reallığa  çevriləcək və bölgə artıq xaosdan, müharibələrdən,  bir çox iğtişaşlardan  xilas olacaq,  çiçəklənən, güclənən bir platformaya çevriləcəkdir ki,  bu platformanın da   uğurlu şəkildə davam etməsi  Azərbaycan və Türkiyənin ortaya qoymuş olduğu  altılıq platformanın həyata keçirilməsidir ki, bununla bağlı   Şuşa Bəyannaməsi ilə əlaqədar mətbuata bəyanatda  dünyaya birlikdə mesaj ünvanlanmışdır.

- Ramil müəllim, ümumiyyətlə, tarixi Zəfərimiz Azərbaycanın beynəlxalq münasibətlər sistemində yeri və roluna hansı əlavələri edib? Azərbaycanın yaratdığı yeni reallıqlar fonunda dünyanın ikili siyasətinə son qoyduğunu düşünə bilərikmi?

- Azərbaycan tarixi Zəfəri ilə dünyada yeni reallıqlar yaratmışdır.  Yeni reallıqlardan biri də  bir çox beynəlxalq təşkilatların, ümumiyyətlə, bölgə üçün  nə dərəcədə lazım olub  və olmaması ilə bağlı  ciddi müzakirə predmetini  ortaya atmışdır.  Misal üçün,  yaddan çıxarmaq lazım deyil ki,  30 ilə yaxın dövrdə ATƏT-in Minsk qrupu və onun həmsədrlər institutu Azərbaycana, Ermənistana turist səfərləri edərək sadəcə “tərəflər öz aralarında ortaq fikrə gəlsinlər və biz onu təsdiq edəcəyik”  deyə reallıqlarla səsləşməyən bəyanatlar verməklə öz işlərini yekunlaşmış hesab etmişdilər. Əlbəttə, cənab İlham Əliyevin qeyd etdiyi kimi,  BMT Təhlükəsizlik Şurasının  4 qətnaəsində  beynəlxalq hüququn təsbit olunması, Azərbaycanla bağlı ədalətin bərpası  ilə bağlı  bir çox beynəlxalq təşkilatların da  atması gərəkən addımları  Azərbaycan dövləti, xalqı  beynəlxalq hüququn  norma və prinsiplərinə söykənərək  özü atdı.  Azərbaycan Ordusu beynəlxalq hüquq  çərçivəsində torpaqlarımızı düşmən tapdağından xilas edərək  yeni reallıqların yaranmasının təməlini qoymuşdur ki,  bunun da banisi  Prezident İlham Əliyevdir.  Amma bir reallığı  yaddan çıxarmaq lazım deyil ki, dünya  ikili siyasətin icərisində  fəaliyyət göstərməkdədir. Türkiyə Prezidenti cənab  Rəcəb Tayyib Ərdoğanın bu fikrini qeyd etmək istərdik – Dünya beşdən böyükdür.  BMT Təhlükəsizlik Şurasında 70 ildən artıqdır   oturan, o stulları özünə  daimi iqamətgah olaraq  seçən ölkələr  bu gün öz maraqları çərçivəsindən xaricə çıxan məsələlərdə təəssüf ki,  ikili standartlara yol verməkdədirlər.   Düşünün,  İkinci Qarabağ savaşı çərçivəsində  müharibə ilə heç bir əlaqəsi olmayan  mülki əhalinin  raket atəşinə tutulması, Tərtərin Stalinqrada, Bərdənin qan gölünə çevrilməsi, Gəncənin  bir çox məhlələrinin darmadağın edilib  gözüyaşlı körpələrin yetim qalması, əlbəttə ki, böyük faciə olmaqla bərabər,  bir reallığı göz önünə gətirmişdir ki,  əgər bu hadisəni Azərbaycan  tərəfi etmiş olsaydı, bütün  dünya barbar bağıracaqdı.  Amma Azərbaycanın başına gələn  bu müharibə çərçivəsindəki  törədilmiş qətliamlar dünyada ikili standartların mövcud olduğunu bir daha  təsdiqlədi,   məsələ Azərbaycan və Türkiyə olduqda susmağın,  başqa ölkələrə gəlincə  geniş bir ajiotaj yaratmağın  vacibliyini vurğulayan  güclərin var olduğunu  bir daha ortaya çıxarmışdır. Bütün bu çətinliklərə baxmayaraq  Azərbaycan dövləti cənab İlham Əliyevin rəhbərliyi ilə  yeni reallıqları yaradan və bölgədə həyata keçirən  ölkə olaraq  hücum taktikasının təməlini qoymuşdur. Dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin İkinci Qarabağ müharibəsində  30-dan artıq xarici mətbuata müsahibələr verməsi, hətta,  qərəzli yanaşan jurnalisti konkret faktlarla  yerində oturtması  Prezidentin unikal bacarıq və qabiliyyətini  ortaya qoydu.

Azərbaycan və Türkiyə  arasında media sahəsində əhəmiyyətli addımlar atılaraq  Media Platformasının yaradılması  həm Azərbaycan, həm də  Türkiyə üçün əhəmiyyətlidir. Azərbaycan-Türkiyə  dosluq, qardaşlıq əlaqələrini hansı tərəfdən  xarakterizə etsək, deyə bilərik ki, bölgədə güclü iki dövlət yan-yana inkişaf etməkdədir.  İki qardaş ölkə öz potensialını birləşdirərək bölgəyə sülh,  təhlükəsizlik gətirmək istəyini ortaya qoyur. Bölgə xalqları üçün  mükəmməl  örnək olan  Azərbaycan-Türkiyə  birliyinin şahidiyik. İki dövlət bu gün dünyada söz sahibi olan, sülh, barış üçün çalışan, eyni zamanda, milli təhlükəsizliyindən  və ölkəmizin milli maraqlarından əsla və əsla  keçməyən, dövlət maraqlarını hər şeydən üstün tutan  dövlət rəhbərlərinə sahibdir.   Ona görə də biz bir daha mesaj vermək istəyirik ki,  yeni qurulan düzən sistemində, yeni reallıqlar çərçivəsində  bölgəmizdə sülhün ən  yüksək səviyyədə bəqərar olunması  və revanşist qüvvələrin  bir an öncə ağıllarını başlarına toplayaraq artıq bölgə ilə bağlı xam xəyallardan yan keçmələri onlar üçün  ən mükəmməl bir yol olardı.  Əks təqdirdə Qarabağla bağlı  bu günə qədər  Ali Baş Komandanın rəhbərliyi ilə necə  dəmir yumruq kimi  birləşərək, bütün həmrəyliyi ortaya qoyub düşmənin başını əzmikdisə,  bundan sonra  dövlətimizin ərazi bütövlüyünün pozulması  və yenidən hər hansı  iğtişaşın yaradılması ilə      cəhdlər olarsa  güclü şəkildə həmin dəmir yumruq yerində olacaq.  Azərbaycan bölgədə sülh, yaxşı gələcək istəyən,  bu istiqamətdə Türkiyə ilə birgə addımlar atan dövlətdir. Xalqımız dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşərək yeni reaallıqların həyata keçirilməsinə töhfələrini verir, gələcəyə böyük inamla addımlayır.