MÜSAHİBƏLƏR
Azərbaycan yeni zəfərlərə doğru inamla irəliləyir
- Jalə xanım, Novruz bayramı ərəfəsində Azərbaycan Prezidenti cənab İlham Əliyev növbəti əfv Sərəncamı imzalayıb. Bu sərəncamın əhəmiyyəti nədən ibarətdir?
- Hər bir günümüz, hər bir həftəmiz tarixi, yaddaşlara həkk olunacaq hadisələrlə doludur. Hər gün, hər həftə demək olar ki, Tarix, Zəfər yazılır. Zəfər üstünə Zəfər, Qələbə üstünə Qələbə gəlir, əlavə olunur. Yaradan da, yazan da, yazdıran da yenə də Azərbaycan dövləti, yenə də onun Qalib, Müzəffər Ali Baş Komandanıdır! Bəli, ötən 10 günümüz, son bir həftəmiz də xalqımız, millətimiz, dövlətimiz üçün tarixi, əlamətdar hadisələrlə zəngin, bol oldu. Hər biri haqqında da ayrıca danışmaq, qeyd etmək lazımdır.
Birinci hadisə növbəti əfv sərəncamı ilə sevinclərə sevinc qatılmasıdır. Ötən həftənin ən yaddaqalan, ən əlamətdar hadisələrindən biri təbii və heç şübhəsiz ki, ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən növbəti Əfv Sərəncamının imzalanmasıdır. Bu, Ali Baş Komandanın imzasını atdığı-sayca 36-cı əfv Sərəncamıdır. Bu Sərəncamla üst-üstə məhbusluq, məhkumluq həyatını yaşayan 625 insanımız, vətəndaşımız əfv olundu, bağışlanıldı, onlara cəmiyyətə yenidən inteqrasiya olunmaları ikinci bir fürsət, şans tanındı. Ümumiyyətlə, daim fəaliyyətində humanizm, ədalət prinsiplərini rəhbər tutan Ulu Öndərimiz Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıdışından və 2003-cü ilin payızında onun kursunun layiqli davamçısı cənab İlham Əliyevin hakimiyyətə gəlməsindən sonra bu və ya digər cinayət əməllərinə yol vermiş və öz əməllərindən səmimi şəkildə peşman olmuş insanlar bağışlanıldı, əfv edildi. İstər amnistiya aktları, istərsə də əfv sərəncamları ilə onlarla, yüzlərlə, minlərlə insan azadlığa buraxıldı, ailələrinə qovuşdu, həm özlərinin, həm də ailələrinin sevinclərinə sevinc qatıldı. Amnistiya aktları nəticəsində azadlığına qovuşanların sayı bəlkə də on minlərlə, yüz minlərlədir, sayca 36-cı Əfv Sərəncamı ilə bağışlanılan, əvf edilənlərin sayı isə aşağı-yuxarı 6 minə yaxındır. Bu, minlərlə, on minlərlə ailənin, yüz minlərlə ölkə vətəndaşının sevinci, sevincinə sevinc qatılması deməkdir. Bu, humanizmin, ədalətin, humanistliyin ən zirvə nöqtəsidir. Əfv etmək, bağışlamaq da hər kəsə nəsib və xas olan yüksək keyfiyyətlər, ali dəyərlər deyil. Bu, son dərəcədə müdrik, humanist, adil və aqil insanlara, dövlət adamlarına, Liderlərə xas olan xüsusiyyətlər, keyfiyyətlərdir. Yalnız Heydər Əliyev kimi, İlham Əliyev kimi, Mehriban Əliyeva kimi insanlar, dövlət və siyasət adamları bu dəyərlərin, bu keyfiyyətlərin daşıyıcıları ola bilər. Bəli, məhz onların humanistliyi, ədalətliliyi, insanpərvərliyi, xeyirxahlığı sayəsində minlər, on minlər, yüz minlər öz azadlığına, ailəsinə qovuşub, qovuşdurulub. Bəli, Novruz bayramı günlərində növbəti Əfv Sərəncamını imzalamaqla ölkə Prezidenti bir daha özünəməxsusluğunu, böyüklüyünü, ucalığını, müdrikliyin nümayiş etdirdi, məhbus ailələlərin sevincinə, bayramlarına bayram qatdı.
- Daha bir əlamətdar hadisə isə Qarabağda, Şuşada bayram tonqalının yandırılması idi. Bu barədə nə deyə bilərsiniz?
- 27-28 ildən sonra işğaldan azad edilən torpaqlarımızda, yurd yerlərimizdə, can Qarabağımızda yenə də Qələbələr, Zəfərlər, tarixlər yazılır, qazanılır. Bir deyil, iki deyil, beş deyil, on deyil. Bəli, növbəti Qələbə, növbəti Zəfər, növbəti Tarix yazılır və yazıldı, özü də xalqımız, dövlətimiz üçün ən əlamətdar günlərdə, İlaxır çərşənbə, Novruz bayramı günlərində. Qarabağımıza, Füzulimizə, Hadrutumuza, Şuşamıza növbəti səfərini gerçəkləşdirən Müzəffər Ali Baş Komandanımız ailə üzvləri-Birinci xanım, Birinci vitse-prezident Mehriban xanım Əliyeva və qızları Leyla xanım Əliyeva ilə birlikdə son 28 ildə Şuşamızda, bütövlükdə Qarabağmızda ilk bayram, Novruz tonqalını yandırdılar, qaladılar. Bu, adi bayram tonqalı deyildi, bu, qəlblərdə, könüllərdə yenidən alovlandırılan yurd, Vətən sevgisi, düşmənin və onun havadarlarının kinli köksünə basılan, damğalanan növbəti dağ idi. Bu, düşmənə növbəti zərbə, növbəti gözdağı, növbəti Qələbənin, növbəti Zəfərin elanı, müjdəsi, təntənəsi, nümayiş idi. Hər kəsə və hər kəsə Qarabağın Azərbaycana aid olduğunun, ondan ayrılmazlığın, ondan qopmağın və qoparılmağın qeyri-mümkünlüyünün bəyanı, xəbərdarlığı idi.
Bəli, biz Qarabağlıyıq, biz Qarabağdayıq, biz dağlı-aranlı Qarabağlı-vahid Azərbaycanlıyıq. Kimsə bir daha murdar əlləri ilə bizi Qarabağımızdan ayıra, qopara bilməz və bilməyəcək. 44 gündə olduğu kimi, “Dəmir Yumruq” yenə də öz yerində, öz gücündədir, “Domokl qılıncı” tək cəmi düşmənlərin başı üzərindədir. Ali Baş Komandanın dediyi kimi, biz bu il Novruz bayramını Şuşada, Cıdır düzündə qeyd edirik. Bu, tarixi hadisədir. “2004-cü ildən başlayaraq, hər il mən Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edərkən deyirdim ki, biz öz doğma torpaqlarımıza qayıdacağıq. Deyirdim ki, biz ölkəmizin ərazi bütövlüyünü bərpa edəcəyik. Deyirdim ki, biz Novruz bayramını torpaqlarımız işğaldan azad olunandan sonra Qarabağda qeyd edəcəyik və bu gün gəldi”-deyən Ali Baş Komandanımız bir daha bəyan etdi ki, bu gün biz Novruz bayramını qədim şəhərimizdə, Azərbaycanın mədəniyyət paytaxtı Şuşada qeyd edirik. Bu, tarixi hadisədir. Bu, böyük xoşbəxtlikdir. Allah Azərbaycan xalqının dualarını eşitdi. Bəli, hər il Novruz bayramı ərəfəsində hamımız fikirləşirdik, bir-birimizə deyirdik, inşallah, gələn il Novruz bayramını Qarabağda qeyd edək, gələn il Novruz bayramını Şuşada qeyd edək və bu gün gəldi. 28 ildən sonra biz Şuşaya qayıtdıq. Novruz bayramını Cıdır düzündə qeyd edirik, tarixi ədaləti bərpa etmişik. Biz Şuşanı, digər yurd yerlərimizi bərpa edəcəyik, mütləq bərpa edəcəyik.
Artıq bərpa işlərinə də start verilib. Quruculuq işləri başlayıb, infrastruktur layihələrinə start verilib. Ziyanın hesablanması aparılır, şəhərlərin baş planları hazırlanır. Birinci növbədə, Ağdam şəhərinin və Ağdam rayonunun bütövlükdə baş planı hazırlanır. Ölkə Prezidentinin tapşırıqlarını nəzərə almaq şərtilə indi bunun üzərində iş gedir və yaxın gələcəkdə baş plan təsdiq olunacaq. Ondan sonra bərpa işləri azad edilmiş bütün torpaqlarda başlanacaq. Ermənilər 30 il bizim torpaqlarımızı dağıdıblar. Biz isə bu torpaqları bərpa edəcəyik, çünki bu torpaqların sahibləri bizik - Azərbaycan xalqıdır. Eyni zamanda, bizim müharibəmiz - İkinci Qarabağ müharibəsi bu gün dünyanın aparıcı ölkələrinin hərbi məktəblərində öyrənilir. Biz XXI əsrin müharibəsini aparmışıq, düşməni məhv etmişik. Erməni ordusu yoxdur, biz onu məhv etmişik. Və qürur hissi ilə deyirik: “Şuşa sən azadsan!”, “Şuşa Azərbaycandır!”, “Qarabağ Azərbaycandır!” Azadlığın, bayramın mübarək, can Azərbaycanım! Səninik, səninləyik, səndən ayrı bir günümüz ola bilməz!
- Ölkəmizin daha bir uğuru BMT-nin İnsan Hüquqları Şurasının 46-cı sessiyası çərçivəsində Qoşulmama Hərəkatının sədri qismində Azərbaycanın təşəbbüsü ilə “COVID-19 əleyhinə peyvəndlərə bərabər, məqbul qiymətə, vaxtında və universal əlçatanlığın təmin edilməsi” adlı qətnamə qəbul edilməsidir…
- Düz bir ildir ki, dünyamızın başı üzərini növbəti qara buludlar alıb, insanlıq, bəşəriyyət növbəti imtahanla sınanılır. Koronavirus adlı bəla “çağırılmamış qonaq” kimi, qapımızı, qapılarımızı kəsdirib. Bütün önləyici, qabaqlayıcı addımlara rəğmən, ölkəmiz, dövlətimiz, xalqımız da koronavirus adlı bəla ilə mübarizəyə səfərbər olunub, “gizli düşmən”lə mübarizədədir və bu məsələdə, bu savaşda da Tarix yazıb, yenə və bir daha nümunə, təcrübə, örnək olub. Dünyanın aparıcı ölkələrinin qarşısında az qala aciz qaldığı bəla ilə mübarizədə Azərbaycan dövləti ölkə Prezidentinin son dərəcədə müdrik və uzaqgörən siyasəti ilə bir çox uğurlara imza atıb, pandemiyanın önlənməsində, fəsadlarının qarşısının alınmasında böyük yol, məsafə qət edib. Eyni zamanda, dünyaya, bəşəriyyətə bu bəla ilə mübarizədə əl uzadıb, növbəti maddi və mənəvi yardımını göstərib.
Ümumdünya Səhiyyət Təşkilatına, Türk Şurası və Qoşulmama Hərəkatına üzv olan dövlətlərə, digər beynəlxalq qurumlara maddi yardım edib, öz xeyirxahlığını bir daha nümayiş etdirib. Ölkə Prezidentinin BMT Baş Assambleyasının xüsusi sessiyasının cağırılması təşəbbüsünə 130-dan çox ölkə dəstək verib və son 8-9 ayda bir neçə dəfə bu istiqamətdə dünyanın bir saylı qurumunun iclasları, sessiyaları, toplantıları keçilirilib, bir daha Azərbaycana minnətdarlıq ifadə olunub. Bəli, elə bu günlərdə, 23 mart 2021-ci il tarixində BMT-nin İnsan Hüquqları Şurasının 46-cı sessiyası çərçivəsində Qoşulmama Hərəkatının sədri qismində Azərbaycanın təşəbbüsü ilə “COVID-19 əleyhinə peyvəndlərə bərabər, məqbul qiymətə, vaxtında və universal əlçatanlığın təmin edilməsi” adlı qətnamə qəbul edilib. Belə ki, qətnamə inkişaf etmiş və inkişaf etməkdə olan dövlətlər arasında COVID-19 əleyhinə peyvəndlərin ədalətsiz və qeyri-bərabər bölüşdürülməsi məsələsinin insan hüquqlarından istifadəyə mənfi təsiri məsələsinə diqqəti çəkir və bunun pandemiyanın tamamilə aradan qaldırılmasında, eləcə də BMT-nin Dayanıqlı İnkişaf Gündəliyində nəzərdə tutulan məqsədlərə nail olunmasında başlıca əngəllərdən biri olduğunu vurğulayır. Eyni zamanda, qətnamə pandemiyanın aradan qaldırılmasında qlobal həmrəyliyin və çoxtərəfli əməkdaşlığın əhəmiyyətinə xüsusi vurğu edən qətnamə, bu xüsusda, Qoşulmama Hərəkatının sədri qismində Azərbaycan Respublikası Prezidentinin təşəbbüsü ilə 3-4 dekabr 2020-ci il tarixində keçirilmiş BMT Baş Assambleyasının COVID-19 pandemiyasına həsr olunan xüsusi sessiyasının əhəmiyyətini qeyd edir.
Həmçinin, adıçəkilən qətnamə BMT üzv dövlətlərinə və digər əlaqədar qurumlara (beynəlxalq təşkilatlar, özəl sektor təmsilçiləri, vətəndaş cəmiyyəti üzvləri və s.) COVID-19 əleyhinə peyvəndlərin bütün dövlətlər arasında ədalətli bölüşdürülməsini təmin etmək istiqamətində müvafiq tədbirlər görməyə çağırış edir. Bununla yanaşı, peyvəndlərin ədalətli bölüşdürülməsini dəstəkləmək məqsədilə yaradılmış beynəlxalq təşəbbüslərə, o cümlədən COVAX təşəbbüsünə dəstək ifadə edən qətnamə, bütün dövlətlərdən peyvəndlərin digər ölkələrə ixracı ilə bağlı mövcud olan lazımsız əngəlləri aradan qaldırmağa çağırır. Qətnaməyə ümumilikdə 133 dövlət həmmüəlliflik edib ki, bu da BMT-nin İnsan Hüquqları Şurasında qəbul edilən qətnamələr üçün olduqca yüksək göstəricidir. Həmmüəlliflər sırasında dünyanın fərqli regionlarında yerləşən, iqtisadi göstəriciləri kəskin fərqlənən və fərqli siyasi qruplaşmalara məxsus olan ölkələr təmsil edilir. Onu da qeyd edək ki, qətnamənin ərsəyə gəlməsində konsensusa nail olunması üçün uzun müddətdir ki, Cenevrədə BMT-nin İnsan Hüquqları Şurası çərçivəsində danışıqlar aparılırdı. Bu yerdə onu da xusüsi şəkildə qeyd edək ki, sözügedən qətnamə ölkə başçısının 1 fevral tarixində Azərbaycan Dövlət Televiziyasına verdiyi müsahibəsində Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyinin COVID əleyhinə peyvəndlərin dünya miqyasında ədalətsiz və qeyri-bərabər bölüşdürülməsinə laqeyd qalmayacağı ilə bağlı ifadə etdiyi mövqeyə uyğun olaraq irəli sürülmüşdü və əldə edilmiş nəticəyə əsasən demək olar ki, ölkə başçısının pandemiya ilə bağlı əvvəlki təşəbbüsləri kimi, bu təşəbbüs də qısa müddət ərzində qlobal dəstək qazandı. Həmçinin, ölkə başçısının təşəbbüsünə uyğun olaraq, bəhs olunan qətnamədən əvvəl 5 mart 2021-ci il tarixində Qoşulmama Hərəkatının Nyu-York şəhərində fəaliyyət göstərən Əlaqələndirmə Bürosu tərəfindən də müvafiq mövzuda Komünike qəbul edilmişdi.
Bəli, daha bir uğur, daha bir İlham Əliyev Zəfəri, daha bir İlham Əliyev Qələbəsi! Bəli, cənab İlham Əliyevin müdrik və uzaqgörən siyasəti nəticəsində Azərbaycanın sözü eşidilir, fikri, iradəsi, əzmi, mövqeyi nəzərə alınır, onunla hesablaşılır. Bəli, artıq diktə edən bizik-Müstəqil, Hürr, Qalib, Müzəffər Azərbaycan! Yol da bizimdir, iz də bizimdir, Qələbələr də, Zəfərlər də bizimdir! Bizim olanı da kimsə bizdən ala bilməz!