MÜSAHİBƏLƏR
Laçın rayonunun işğaldan azad olunması ilə ölkəmizin bu gözəl guşəsində həyat yenidən canlanacaq
-Mahir müəllim, dekabrın 1-də Laçın rayonu işğaldan azad edildi. Laçın seçicilərini təmsil edən millət vəkili kimi bu barədə sizin düşüncələrinizi bilmək istərdik...
-Bildiyiniz kimi Azərbaycan Prezidenti, Rusiya Prezidenti və Ermənistanın baş nazirinin noyabrın 10-da imzaladıqları birgə bəyanata uyğun olaraq, Ermənistan tərəfindən ərazilərin boşaldılması qrafik üzrə həyata keçirilib. Həmin qrafikə əsasən, dekabrın 1-də Laçın rayonu da erməni işğalından azad edilib. Laçın Dağlıq Qarabağın ətrafında yerləşən 7 rayondan biridir. Şuşa şəhərinin azad edilməsinin ardınca noyabrın 9-da Azərbaycan Ordusu Laçının da Güləbird, Səfiyan, Türklər kəndlərini işğalçılardan təmizlədi. Müzəffər Azərbaycan Ordusunun Laçın rayonunun bir hissəsinə və digər mühüm strateji mövqelərə daxil olmasından, xüsusilə Şuşa şəhəri və onun ardınca 70-dən artıq kəndin azad olunmasından az sonra Ermənistan ağ bayraq qaldırdı. Noyabrın 10-da Azərbaycan və Rusiya prezidentlərinin, Ermənistanın baş nazirinin imzaladıqları birgə Bəyanata əsasən, Ermənistan silahlı qüvvələri Laçını da Ağdam və Kəlbəcər rayonları kimi Azərbaycana təhvil verməli oldu. Laçının azad edilməsi ilə Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması prosesi başa çatdı.
Torpaqlarımıızn işğaldan azad olunması münasibətilə bütün xalqımızı təbrik edirəm. Bu qələbə Müzəffər Ali Baş Komandanımız İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuzun qəhrəmanlığı sayəsində qazanıldı. Təbii ki, qələbəmizdə xalqımızın Prezidentimizə, ordumuza güclü dəstəyi, cəmiyyətimizdə yüksək vətənpərvərlik ruhu və milli birliyimiz, həmrəyliyimiz mühüm rol oynadı.
44 günlük Vətən müharibəsinin nəticəsində işğal altında olan bütün torpaqlarımız, o cümlədən Laçın rayonu azad edildi. Torpaqlarımızın azadlığı ilə döyüşən hərbçilərimiz əsl qəhrəmanlıq nümunələri göstərdilər. Bu müqəddəs mübarizədə canını qurban verən şəhidlərimizin ruhu qarşısında baş əyirik.
Xatırladım ki, Laçın rayonu 1992-ci il mayın 18-də işğal olunmuşdu. Bu hadisə Şuşa şəhərinin işğal edilməsindən 10 gün sonra baş verdi. Laçının işğal edilməsi ilə ölkəmiz üçün yeni faciələrin, torpaq itkilərinin əsası qoyuldu. Çünki Laçın rayonu böyük strateji əhəmiyyət kəsb edir. Belə ki, Ermənistanı Dağlıq Qarabağla birləşdirən yol məhz buradan keçir. Laçının işğalından sonra Ermənistan üçün bu yol açıldı. İndi də Şuşa işğaldan azad edildikdən qısa müddət sonra Laçın da azadlığına qovuşdu. Bununla da, hazırda respublikamızın 58 rayonunda məskunlaşmış 80 minlik Laçın əhalisinin torpaq həsrətinə son qoyuldu.
-Ermənilər Laçını da tərk edərkən vəhşiliklər törətdilər. Buna münasibətiniz necədir?
-Düşmənlərimiz əsrlər boyu xalqımıza, torpaqlarımıza, tarixi, dini-mənəvi abidələrimizə və təbiətimizə qarşı törətdikləri vandallığı son günlər bir daha təkrarladılar. Belə ki, Ağdamda və Kəlbəcərdə olduğu kimi, Laçında da oranı tərk edən ermənilərin vandallığından bütün dünya xəbər tutdu. Bir neçə gün öncə Laçını tərk edən erməni əhalisi 1992-ci ildə rayonun Ermənistan tərəfindən işğalından sonra orada qeyri-qanuni məskunlaşmışdı.
Ağdam və Kəlbəcərdə olduğu kimi, qeyri-qanuni yaşadıqları əraziləri - Azərbaycan torpaqlarını tərk edən ermənilər Laçından da təhlükəsiz şəkildə, atəşə məruz qalmadan rahatlıqla bütün əşyalarını götürüblər. Azərbaycan Ordusu onlara ərazini tərk etmək üçün bütün şəraiti yaradıb. Bunun müqabilində isə, Laçından çıxan ermənilər qaldıqları evləri yandırıb, vandallıq edib, meşələrə od vuraraq, suları çirkləndirərək ekoloji fəlakət törədiblər. Halbuki bu gün təhlükəsiz şəkildə ərazini tərk edən erməni əhalisindən fərqli olaraq, 1992-ci ildə rayonun azərbaycanlı əhalisi oradan zorakılıqla qovulub. Onların bir çoxu qırğına məruz qalıb, atəşə tutulub, meyitləri belə təhqir edilib. İşğalı dövründə Laçın rayonu yüzlərlə şəhid verib, onlarla dinc insan Laçında girov götürülüb. Rayondan köçkün düşən Azərbaycan əhalisi özü ilə heç nə götürə bilməyib, sakinlərin bütün əmlakı işğalçı Ermənistan ordusu tərəfindən qarət olunub. Bir sözlə, bu gün baş verənlər həm də Azərbaycan və Ermənistan arasındakı fərqi anlamaq üçün növbəti əyani nümunədir.
-Laçın rayonunun iqtisadi potensialını necə qiymətləndirirsiniz?
-Bilirsiniz ki, Laçın rayonu respublikamızın cənub-qərbində, Qarabağ silsiləsində yerləşir. Rayonun reylefi dağlar və dağlıq yaylalardan ibarətdir. Ən hündür nöqtəsi isə 3594 metr olan Qızılboğaz dağıdır. Rayon ərazisindən Həkəri çayı və onun qolları keçir.
Rayonun meşə fondunun əhəmiyyətli hissəsi işğal dövründə Ermənistan tərəfindən məhv edilib. Rayon ərazisində ümumi sahəsi 1092 ha olan üçüncü dövrün relikt növlərinə aid “Ardıc meşəsi” dövlət təbiət abidələri kimi xüsusi qiymətli meşə sahələrinin siyahısına daxil edilib.
Eyni zamanda, Laçında 2 xüsusi mühafizə olunan təbiət ərazisi - Qaragöl Dövlət Təbiət Qoruğu və Laçın Dövlət Təbiət Yasaqlığı yerləşir. Qaragöl Dövlət Təbiət Qoruğu Laçın rayonu ilə Gorus rayonu sərhədində dəniz səviyyəsindən 2658 m hündürlükdə, Həkəri çayının sağ qolu olan Ağoğlan çayının mənbəyinə yaxın 240 hektar ərazidə yaradılıb. Laçın Dövlət Təbiət Yasaqlığı isə 1961-ci ilin noyabr ayında Laçın rayonu ərazisində 20000 hektar ərazidə yaradılıb.
Qeyd edim ki, Laçın rayonu zəngin faydalı qazıntılarla, o cümlədən civə, vermikulit, əlvan və üzlük daşları, sement xammalı və tikinti daşı yataqları ilə zəngindir. Burada sənaye əhəmiyyətli Gilgəzçay, Sarıbulaq, Narzanlı civə, Ahnəzər əlvan daşı, Qarabəyli, Dəlikdaş, Çorman və Narzanlı kimi vermikulit yataqları daha böyük ehtiyatlara malikdir.
Onu da bildirim ki, Laçın rayonunda 73 tarix-mədəniyyət abidəsi dövlət qeydiyyatına alınıb. Onlardan 3-ü ölkə əhəmiyyətli memarlıq, 8-i ölkə əhəmiyyətli arxeoloji, 47-si yerli əhəmiyyətli memarlıq, 3-ü yerli əhəmiyyətli bağ-park, monumental və xatirə abidəsi, 3-ü yerli əhəmiyyətli arxeoloji, 9-u dekorativ-tətbiqi sənət nümunələri abidələridir. Rayon ərazisində yerləşən Ağoğlan məbədi, Məlikəjdər türbəsi, Sarı Aşığın xatirə muzeyi, Həmzə Soltan sarayı və Dəmirovlu Pir məbədi Azərbaycan Respublikası ərazisində mövcud olan tarix-mədəniyyət abidələri içərisində xüsusi önəmə malikdir.
Ümumilikdə, Laçının işğaldan azad olunması ilə ölkəmizin bu gözəl guşəsində həyat yenidən canlanacaq, insanlar öz yurdlarına qayıdacaq və böyük quruculuq işləri həyata keçiriləcək.
Beləliklə, sonda bir daha vurğulamaq istərdim ki, Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin qətiyyəti, hərbi qələbəni siyasi qələbəyə çevirən diplomatik məharəti nəticəsində Ağdam və Kəlbəcər kimi Laçın rayonunun da qan tökülmədən, şəhid verilmədən geri qaytarılması tarixi hadisədir.