MÜSAHİBƏLƏR
Azərbaycan demokratik inkişaf yolunda ciddi nailiyyətlər əldə edib
- Sevinc xanım, bu günlərdə Malayziyada səfərdə olmusunuz və beynəlxalq tədbirdə iştirak etmisiniz. Səfər haqqında məlumat verməyinizi xahiş edirik..
- Məlumat üçün bildirim ki, 24-25 noyabr tarixində Malayziyanın Kuala Lumpur şəhərində bu ölkənin hakim siyasi partiyası olan Birləşmiş Malaziya Milli Təşkilatının təşəbbüsü ilə «Hiperbirləşmiş dünya: milli quruculuq çağırışları» mövzusunda beynəlxalq forum keçirilib. Forumda 20-dən çox ölkənin siyasi partiyalarının nümayəndələri iştirak edirdi. Yəni bu forumda əsasən Asiya dövlətləri təmsil olunurdular. Mən də ölkəmizin ən böyük siyasi qüvvəsi olan Yeni Azərbaycan Partiyasının təmsilçisi olaraq bu tədbirdə iştirak etdim.
Qeyd edim ki, beynəlxalq forumun açılışında Malayziyanın baş naziri çıxış edərək qonaqları salamladı və mövzunun əhəmiyyətindən bəhs etdi. İki gün davam edən forumda bir sıra məsələlər, o cümlədən hiperbağlılıq və milli quruculuq, hiperbağlılıq və sosial media, dünyada güc balansında dəyişikliklər və s. məsələlər müzakirə olundu. Mən də bu forumda “Xalqın artan səs potensialınn reallaşması“ mövzusunda çıxış etdim və dövlətimizin öz vətəndaşlarının maraqlarının təmin olunması istiqamətində atdığı adımlarla bağlı fikirlərimi bildirib. Bu baxımdan, elektron hökumətin yaradılması, dövlət qurumlarının elektoron xidmətləri, məmur-vətəndaş münasibətləri haqqında fikirlərimi bildirdim. Ümumiyyətlə, ölkəmizin son 10 ildə əldə etdiyi nəaliyyətlərindən, QHT-lərə dövlət dəstəyindən, KİV-lərinə yaradılan şəraitdən, insan haqları sahəsində Milli Fəaliyyət Proqramından, dövlət gənclər və gender siyasətindən söhbət açdıb.
- Necə hesab edirsiniz, Azərbaycanın əldə etdiyi nailiyyətlər beynəlxalq müstəvidə necə qarşılanır?
- Bu gün Azərbaycan dünyanın bir çox ölkələri üçün uğurlu inkişaf formulu kimi təqdim edilir. Müstəqillik illərində ölkəmizdə bir çox yeniliklər baş verib. Azərbaycan 10 il ərzində iqtisadi islahatların aparılması ilə dünyanın ən sürətli iqtisadi inkişafına nail olub. İqtisadi sahədə xeyli irəliləyərək dünyanın inkişaf etmiş ölkələri sırasına daxil olmaqla yanaşı, həm də vətəndaş cəmiyyətinin qurulması istiqamətində bir çox nailiyyətlər əldə edib. Müstəqillik əldə etdikdən sonra Azərbaycanda da vətəndaş cəmiyyəti institunun inkişaf dövrü başlayıb. Azərbaycan dövləti ölkədə vətəndaş cəmiyyəti institutlarının formalaşmasında hüquqi dövlət quruculuğuna xüsusi önəm verir. Demokratik dəyərlərin və təsisatların təşəkkül tapması, mütəmadi surətdə yenilənərək inkişaf etdirilməsi, insan və vətəndaş hüquq və azadlıqlarının təmin və müdafiə edilməsi, vətəndaş cəmiyyəti quruculuğunun sürətləndirilməsi kimi təməli strateji istiqamətlər müstəqil Azərbaycan dövlətinin milli siyasət kursunun əsasını təşkil etməkdədir. Həyata keçirilən rasional və praqmatik siyasi kursun fonunda insan və vətəndaş hüquq və azadlıqlarının təminatının daha da gücləndirilməsi, qanunvericilik bazasının zənginləşdirilməsi, ictimai-siyasi təsisatların fəaliyyət mexanizminin artırılmasına yardım edən hüquqi islahatların həyata keçirilməsi, həmçinin, diğər bu kimi tədbirlər demokratikləşmə prosesinin daha da sürətlənməsini şərtləndirib.
- Azərbaycanda həyata keçirilən hüquqi-demokratik islahatlar nə kimi nəticələr verməkdədir?
- Əlbəttə ki, bu sahədə çox böyük nailiyyətlərimiz var. Demokratik quruluşun, vətəndaş cəmiyyətinin formalaşması prosesinin ayrılmaz tərkib hissələrindən biri söz və vicdan azadlığının təmin olunmasından ibarətdir. Azərbaycan Konstitusiyasında fikir, söz və vicdan azadlığına geniş təminat verilib. Belə ki, mətbuat üzərindən senzura götürülüb, KİV-ə tam sərbəstlik verilib. Hər bir demokratik, plüralistik cəmiyyətdə olduğu kimi Azərbaycanda da siyasi partiyalar mühüm ictimai institutlardır. Bu institutların inkişafını dəstəkləmək güclü dövlət quruculuğunun istiqamətlərindən biridir.
Bu gün Azərbaycanda siyasi partiyaların, qeyri-hökumət təşkilatlarının və eləcə də kütləvi informasiya vasitələrinin dövlət tərəfindən maliyyələşdirilməsi prosesi həyata keçirilir. Müstəqillik əldə edildikdən sonra demokratik institutların inkişafı ölkə vətəndaşlarının ictimai-siyasi fəaliyyətə qoşulmasına, bu fəaliyyətdə aktiv iştirak etməsinə şərait yaradıb. Bu özünü siyasi partiyaların yaradılmasında, qeyri-hökumət təşkilatlarının təsis edilməsində, başqaları ilə birləşməkdə, kütləvi toplantıların keçirilməsində, hüquq və azadlıqların məhkəmə təminatında və digər hüquqların əldə olunmasında büruzə verib. Bununla yanaşı həyata keçirilən sosial siyasət, əhalinin rifahının yüksəldilməsinə, sosial müdafiəsinə xidmət etmək ölkəmizdə dövlət quruculuğu prosesinin əsas istiqamətlərindən birini təşkil edir. Azərbaycanda milli inkişaf modelinin əsaslarını sosial dövlət prinsipləri təşkil edir. Bu prinsiplər hər bir vətəndaşın yüksək sosial rifahının təmin ediləməsi kimi ümdə məsələləri əhatə edir. Bu gün tam cəsarətlə demək olar ki, ölkəmizdə aparılan müstəqil dövlət quruculuğu prosesində iqtisadi islahatların və inkişafın Azərbaycan modeli yaranıb. Bu model əsasında uğurla həyata keçirilən və yeni çalarlarla zənginləşdirilən sosial-iqtisadi siyasətin nəticələri Azərbaycanın həm də beynəlxalq imicinin və dövlət müstəqilliyinin daha da möhkəmləndirilməsinə gətirib çıxarıb. Hər sahə üzrə proqramların mövcudluğu, həyata keçiriləcək layihələrin xalq tərəfindən dəstəklənməsi, birgə addımların atılması gələcəyə daha böyük inamla irəliləməyə stimul verir.
Yeri gəlmişkən qeyd edim ki, mən bu fikirlərimi Malayziyada keçirilən beynəlxalq forumda da səsləndirdim və bu məlumatlar iştirakçılar təərfindən maraqla qarşılanıb.
- Sevinc xanım, Azərbaycanın başlıca problemi olan Ermənistanın ölkəmizə qarşı hərbi təcavüzü də daim beynəlxalq aləmin diqqət mərkəzindədir. Bu problemlə bağlı mövcud vəziyyət bölgədə təhlükəsizliyə ciddi təhdid yaradır. Bu fakt bölgədə əməkdaşlıq imkanlarına nə kimi ziyanlar vurur?
- Azərbaycan dövlətinin siyasətində başlıca məqam Ermənistanın işğalının aradan qaldırılması və ölkəmizin ərazi bütövlüyünün təmin olunmasıdır. Azərbaycan Prezidenti İlham Əliyev bu istiqamətdə qətiyyətli mövqe nümayiş etdirir. Amma mövcud vəziyyət regional təhlükəsizliyə ciddi təhdid yaratmaqla bərabər, eyni zamanda, bölgədə yeni əməkdaşlıq platformalarının formalaşdırılmasına əngəl yaradır. Beləliklə, Dağlıq Qarabağ münaqişəsi nə qədər ki, ədalətli şəkildə həll edilməyib, regionda tam mənada sülh və sabitlikdən bəhs etməyə dəyməz. Çünki ərazi iddialarının, təcavüz faktının və separatizmin mövcud olduğu məkan və şəraitdə qarşılıqlı maraqlara söykənən əməkdaşlıq niyyətlərini istənilən səviyyədə reallaşdırmaq qeyri-mümkündür. Onun üçün zərurətdir ki, münaqişənin həlli prosesində vasitəçilik missiyasını həyata keçirən ATƏT-in Minsk qrupu da fəaliyyət mexanizminin səmərəlilik səviyyəsini artırmalı və problemin həlli istiqamətində hüquqi norma və qaydalarla təsbit edilmiş effektiv metodlara baş vurmalıdır. Əks təqdirdə, Cənubi Qafqaz yeni qarşıdurmalar meydanına çevrilə bilər. Şübhəsiz, ATƏT-in Minsk qrupu Ermənistana qarşı xüsusi təzyiq mexanizmi və vasitələrindən istifadə etməlidir. Bu, danışıqlar prosesində pozitiv dinamikanın yaranmasına səbəb ola bilər.
Əlbəttə, diplomatik vasitələrin səmərə vermədiyi son məqamda beynəlxalq hüquq normalarında təsbit edildiyi kimi, Azərbaycan öz ərazi bütövlüyünü və təhlükəsizliyini təmin etmək üçün hərbi metoda əl atacaq. Bu, Azərbaycanın beynəlxalq hüquq normaları ilə təsbit edilmiş ali siyasi hüququdur. Ordunun döyüş və müdafiə qabiliyyətinin artırılması Azərbaycanın öz torpaqlarını qısa müddətdə işğaldan azad edə biləcəyinə tam əminlik yaradır.
- Yeri gəlmişkən, son vaxtlar Türkiyə-Ermənistan sərhədlərinin açılması məsələsi gündəmə gətirilir. Bununla bağlı Türkiyədə beynəlxalq konfrans da keçirilib. Bu məsələyə münasibətiniz necədir?
- Bu məsələ vaxtaşırı olaraq gündəmə gətirilir. Bilirik ik, müəyyən beynəlxalq qüvvələr Türkiyənin işğalçı Ermənistanla sərhədlərinin açılmasına çalışır. Amma Azərbaycanın ədalətli mövqeyi həmişə qardaş Türkiyə dövləti tərəfindən dəstəklənir. Hər iki dövlət beynəlxalq müstəvidə bir birilərini fəal surətdə dəstəkləyirlər. Azərbaycanla Türkiyənin münasibətləri digər ölkələr üçün də nümunə ola bilər. Belə bir şəraitdə Türkiyənin Ermənistanla sərhədlərinin açılması məsələsinin gündəmə gətirilməsi məqsədli xarakter daşıyır. Amma inanırıq ki, bu dəfə də Türkiyə hakimiyyəti öz prinsipial mövqeyini ortaya qoyacaq və işğalçı ölkə ilə sərhədlərini açmayacaq.
Azərbaycan cəmiyyəti bu prosesi diqqətlə izləyir. Və belə bir tədbirlərin keçirilməsi ciddi narahatlıq doğurur. Biz başa düşürük ki, işğalçı Ermənistanı himayə edən qüvvələr sərhədlərin açılmasına çalışır. Amma hesab edirəm ki, nə qədər ki, Ermənistan öz işğalçılıq siyasətinə son qoymayıb. Türkiyə dövləti sərhədləri açmayacaq.