YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

MÜSAHİBƏLƏR

Yeni Azərbaycan Partiyası beynəlxalq əlaqələr sahəsində də onun yaradıcısı olan Ümummilli lider Heydər Əliyevin ideyalarına sadiqliyini qoruyub saxlayır

Müsahibimiz Yeni Azərbaycan Partiyasının Siyasi Şurasının üzvü, Partiyanın Beynəlxalq əlaqələr şöbəsinin müdiri, Milli Məclisin deputatı Asəf Hacıyev

- Asəf müəllim, bildiyimiz kimi, noyabrın 21-də Yeni Azərbaycan Partiyasının yaranmasının 22-ci ildönümü tamamolur. Bununla bağlı partiyanın bugünədək beynəlxalq əlaqələr sahəsindəki fəaliyyəti, nailiyyətləri barədə nə deyərdiniz?

- Artıq 22 ildir ki, fəaliyyət göstərən Yeni Azərbaycan Partiyası hər bir sahədə olduğu kimi, beynəlxalq əlaqələrində də onun yaradıcısı olan Ümummilli lider Heydər Əliyevin ideyalarına sadiqliyini qoruyub saxlayır. Məlum olduğu kimi, yarandığı dövrdən etibarən YAP beynəlxalq əlaqələrə böyük önəm verir. YAP bir sıra dövlətlərin istər iqtidar, istərsə də müxalifət partiyaları ilə sıx münasibətlər yaradıb, həmçinin, Rusiyanın “Vahid Rusiya”, Qazaxıstanın “Nur Otan” partiyaları, eləcə də Tacikistan Xalq Demokrat Partiyası, Kamboca Xalq Partiyası, Vyetnam Kommunist Partiyası və digər ölkələrin siyasi partiyaları ilə əməkdaşlıq haqqında sazişlər, memorandumlar imzalayıb. Son illərdə Yeni Azərbaycan Partiyasının təşkilatçılığı ilə ölkəmizdə bir sıra beynəlxalq konfranslar keçirilib. Belə ki, 2007-ci ilsentyabrın 27-də "Sivilizasiyaların dialoqu: siyasi partiyaların rolu", 2008-ci il mayın 8-də "Demokratiya və sabitlik naminə: əməkdaşlığın yeni imkanları", 2011-ci il dekabrın 21-də “Modernləşmə siyasəti: yeni iqtisadi və sosial çağırışlar” mövzularında beynəlxalq konfransları qeyd etmək olar.

Həm Asiya, həm də Avropa ölkələrinin siyasi partiyaları ilə əməkdaşlıq edən, hər iki qitədə fəal olan YAP-ın beynəlxalq aləmdə nüfuzlu bir siyasi partiyaya çevrilməsi danılmaz həqiqətdir. YAP Avropa Xalqları Partiyası (AXP) ilə əməkdaşlığı davam etdirir. Digər tərəfdən, Mərkəzçi Beynəlxalq Demokratlar (MBD) təşkilatı da çox nüfuzludur. YAP bu təşkilatla da sıx əməkdaşlıq edir. Hətta 2014-cü ilin iyul ayında Mərkəzçi Beynəlxalq Demokratların və Avropa Xalqları Partiyasının baş katibi Antonio-Lopez İzturizin başçılıq etdiyi faktaraşdırıcı missiya YAP-ın fəaliyyəti ilə tanış olmaq üçün Azərbaycana gəlib. Onlar partiyamızın Sədri, cənab Prezident İlham Əliyevlə, YAP Sədrinin müavini-İcra katibi, Baş nazirin müavini Əli Əhmədovla, Milli Məclisin Spikeri Oqtay Əsədovla görüşüblər. Missiyanın üzvləri YAP və Azərbaycan barədə çox müsbət təəssüratlarla ayrılıblar. İnanırıq ki, Mərkəzçi Beynəlxalq Demokratların gələcək toplantılarının birində YAP-ın bu təşkilata qəbul olunması məsələsi öz həllini tapacaqdır. Bu təşkilata üzvlük AXP-yə üzvlüyü də asanlaşdıracaq, çünki AXP MBD-nin tərkibinə daxildir. AXP yalnız Avropa qitəsindən olan sağ-mərkəzçi siyasi partiyaları bir araya gətirirsə, MBD-nin tərkibinə Avropa, Asiya, Afrika və Latın Amerikasından olan sağ-mərkəzçi siyasi partiyalar daxildir. Biz bu təşkilata üzvlüyə dünyada gedən proseslərə yaxından inteqrasiya kimi də baxırıq.

YAP-ın, həmçinin, AXP gəncləri ilə əməkdaşlığının qurulması prosesi gedir. YAP gəncləri AXP-nin tərkibində olan Avropa Tədqiqatları Mərkəzinin iclaslarında dəfələrlə iştirak edib və birgə layihələrin həyata keçirilməsi nəzərdə tutulub. AXP keçirdiyi bütün toplantılara YAP-ın nümayəndələrini dəvət edir. Qurumun cari ilin martında İrlandiyanın paytaxtı Dublində keçirilən sonuncu konqresində də YAP öz nümayəndələri ilə təmsil olunub.

Asiya qitəsinə gəlincə, bölgənin nüfuzlu siyasi qurumu olan Asiya Siyasi Partiyalarının Beynəlxalq Konfransına (İCAPP) rəhbərlik edən 23 siyasi partiyadan ibarət Daimi Komitədə YAP da yer alır. Daimi Komitə təşkilata daxil olan 350-yə yaxın iqtidar və müxalifətyönlü siyasi partiyaya rəhbərlik edir. Bu cəhətdən İCAPP unikal bir təşkilatdır. YAP-ın təşəbbüsü ilə İCAPP-ın iki daimi komitə və bir Baş Assambleya toplantısı Bakıda keçirilib. Bunlar İCAPP Daimi Komitəsinin 2012-ci il 21-24 iyun tarixli 17-ci iclası, 21-24 noyabr 2012-ci ildə VII Baş Assambleyası və 4-6 aprel 2013-cü ildə keçirilən Qadın Qolunun 1-ci iclasıdır. Təkcə Baş Assambleyaya 200-dən artıq qonaq gəlmişdi. Təşkilatın Qadın Qolunun yaradılmasında isə YAP-ın təşəbbüsü xüsusi rol oynayıb. Bu da YAP-ın beynəlxalq səviyyədə nüfuzlu bir siyasi partiyaya çevrildiyini təsdiq edir. Bundan əlavə, İCAPP BMT-də müşahidəçi statusu almaq üçün quruma müraciət edib. 2012-ci ildə İCAPP-ın altı rəhbər şəxsdən ibarət nümayəndə heyəti Nyu Yorkda BMT-nin baş katibi Pan Gi Munla görüş keçirib. YAP da həmin görüşdə öz nümayəndəsi ilə təmsil olunmuşdu. İCAPP həm də Azərbaycanda keçirilən 2013-cü il 9 oktyabr prezident seçkilərində müşahidəçi qismində böyük bir nümayəndə heyəti ilə iştirak edib.

Həmçinin, bu yaxınlarda, yəni noyabrın 2-5-də Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının (QDİƏT) Parlament Assambleyasının QDİƏT-in nazirlər qolu ilə birgə İstanbulda görüşü təşkil olunub. Mən orada həm Azərbaycan Milli Məclisini, həm də YAP-ı təmsil edirdim. YAP burada Qara Dəniz ölkələrinin gəncləri səviyyəsində bir forumun təşkil olunması və Avropanın tanınmış siyasətçilərinin iştirakı ilə ilk gənclər forumunun Azərbaycanda keçirilməsi təklifini irəli sürüb. Bu təklif təşkilata üzv ölkələr tərəfindən çox müsbət qarşılandı. Hesab edirəm ki, 2015-ci ildə belə bir toplantının ölkəmizdə keçirilməsinə nail olacağıq.

Əvvəlki illərdə olduğu kimi, bu ildə də YAP Sədrinin müavini-İcra katibi Əli Əhmədov ölkəmizdə səfərdə olan bir sıra xarici ölkələrdən, o cümlədən Çin, Seyşel Adaları, Vyetnamdan olan nümayəndələr ilə bir sıra görüşlər keçirib, qarşılıqlı maraq doğuran məsələlərlə bağlı fikir mübadiləsi aparıb.

Ümumilikdə, ötən dövrdə YAP-ın beynəlxalq əlaqələr sahəsində uğurları çox əlamətdar olub.

- Yaxın gələcəkdə YAP-ın hansı beynəlxalq tədbir və ya görüşlərdə iştirakı gözlənilir?

- Noyabrın sonlarında Meksikada Latın Amerikası Siyai Partiyaları təşkilatı olan COPPPAL ilə İCAPP-ın birgə 5-ci iclası keçiriləcək. YAP da bu tədbirdə öz nümayəndəsi ilə təmsil olunacaq. Qeyd edim ki, belə iclaslardan biri artıq Azərbaycanda keçirilib. Ümumiyyətlə isə İCAPP, COPPPAL və Afrika Siyasi Partiyaları Konfransı olan CAPP-ın birlikdə böyük bir toplantısının keçirilməsi ideyası mövcuddur. Burada məqsəd üç müxtəlif qitədən olan siyasi partiyalar arasında münasibətlərin yaradılmasıdır. Bununla əlaqədar təşəbbüs qrupu yaradılıb və YAP da bu təşəbbüs qrupunun üzvüdür. Meksikada keçiriləcək toplantıdan sonra İCAPP-ın yaradıcısı, həmsədri Xose de Venesiya, İCAPP-ın həmsədri, baş katibi Eu Yonq Çunq, Pakistandan olan senator Muşahid Hüseyn və YAP-ın nümayəndəsinin Latın Amerikası ölkələri olan Venesuela, Kuba və Panamaya səfəri və regiondakı siyasi partiyaların nümayəndələri ilə görüşlər keçirərək İCAPP ilə  COPPPAL arasında əməkdaşlığı daha da gücləndirməsi nəzərdə tutulur.

- YAP beynəlxalq əlaqələrində hansı prinsiplərə önəm verir və hansı məsələlərə daha çox diqqət yetirir?

- Əlbəttə ki, ilk növbədə demokratiyanın inkişafı, insan haqlarının qorunması prinsipləri əsas götürülür. Çünki demokratiya əvvəli və sonu olmayan transformasiya prosesidir. Demokratiyanı ölçmək mümkün deyil, lakin onun dinamikasını artırmaq mümkündür. Bu sahədə uzun yol keçmiş Avropa ölkələrinin aparıcı siyasi partiyalarının fəaliyyətinə nəzər salınır, onlarla fikir mübadiləsi aparılır. Bununla yanaşı, YAP hər zaman beynəlxalq tribunalardan istifadə edərək ölkəmizdə partiyamızın daxilində gedən proseslər barədə beynəlxalq ictimaiyyəti məlumatlandırır. Toplantılarda iştirak etməkdə məqsəd partiyamızın beynəlxalq siyasi arenadakı mövqelərini möhkəmləndirməkdir. Hər bir siyasi partiyanın məqsədi iqtidar partiyası olub, ölkəni inkişafa, firavan gələcəyə aparmaqdır. Bu baxımdan, YAP-ın fəaliyyəti cəlbedicidir. Təqribən 20 ildir ki, Azərbaycanda YAP-ın hakim partiya olduğu müddətdə ölkə iqtisadiyyatında böyük uğurlar əldə olunub. Təkcə son on ilin göstəricilərinə nəzər salsaq görərik ki, bu müddətdə Azərbaycanda yoxsulluq 49 faizdən 5 faizə enib, ÜDM 3 dəfə, büdcə gəlirləri 20 dəfə artıb.

Buna baxmayaraq, Azərbaycanın heç bir probleminin olmadığını da söyləmək olmaz. Azərbaycanın ən böyük problemi Ermənistan tərəfindən ərazisinin 20 faizinin işğal edilməsidir. YAP hər zaman Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə həqiqətləri dünya ictimaiyyətinin, xarici ölkələrin siyasi partiyalarının nəzərinə çatdırır. BMT Təhlükəsizlik Şurasının, Avropa Şurasının, Avropa Şurası Parlament Assambleyasının, İslam Əməkdaşlıq Təşkilatının, Qoşulmama hərəkatının və digər aparıcı beynəlxalq təşkilatların Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən qərar və qətnamələri mövcuddur. Hesab edirəm ki, YAP bu istiqamətdə də çox fəaldır. İCAPP-ın bir neçə tədbirinin yekun bəyannaməsində Dağlıq Qarabağ münaqişəsinin BMT TŞ-nin qətnamələrinin əsasında həllinin vacibliyi xüsusi qeyd olunub. 2012-ci ildə Asiya və Sakit okean regionunun Mərkəzçi Beynəlxalq Demokratlarının (CAPDİ) Şərqi Timorda İCAPP ilə birgə toplantısının bəyannaməsində də Azərbaycanın ərazi bütövlüyü dəstəklənib, BMT qərarlarının icrasına çağırılıb. İCAPP-ın daimi komitələrinin və Baş Assambleyasının Azərbaycanda keçirilən toplantılarında qəbul olunan bəyannamələrdə də bu məsələ öz əksini tapıb. 2014-cü il sentyabrın 18-20-də Şri-Lankada keçirilən İCAPP-ın 8-ci Baş Assambleyasının bəyannaməsində Cənubi Qafqazda olan konfliktlərlə yanaşı, Dağlıq Qarabağ münaqişəsi ayrıca qeyd olunaraq onun BMT və digər beynəlxlaq təşkilatların qətnamələri əsasında həlli tövsiyə olunur. Sənəddə o da qeyd edilir ki, bir ölkənin digər dövlətin ərazisinə iddiaları bütün regionda vəziyyəti gərginləşdirə bilər. Ona görə də bu cür əməllərin həyata keçirilməsi yolverilməzdir.

Bunlarla yanaşı, YAP gənclər sahəsində də beynəlxalq miqyasda fəallıq nümayiş etdirir. Ümumiyyətlə, hər bir ölkənin gələcəyi gənclərdən asılıdır. Ona görə də gəncləri intellektual, mənəvi və fiziki cəhətdən gələcəyə hazırlamaq lazımdır. Bildiyimiz kimi, Azərbaycanda Prezident İlham Əliyevin rəhbərliyi ilə dövlətin hərtərəfli gənclər siyasəti həyata keçirilir. 2007-2015-ci illərdə Azərbaycan Gənclərinin Xaricdə Təhsili üzrə Dövlət Proqramı çərçivəsində minlərlə Azərbaycan gənci dünyanın aparıcı universitetlərində təhsil alırlar. Aparıcı universitetdə tələbənin 1 illik təhsil xərclərinin 50-100 min dollar arasında dəyişdiyini nəzərə alsaq, bu dövlətin təhsilə, ölkənin gələcəyinə verdiyi qiymətin bariz göstəricisidir. Bu, Azərbaycanın gələcəyinə yatırılan böyük investisiyadır və yaxın gələcəkdə özünü doğruldacaq. YAP-ın beynəlxalq əlaqələri Azərbaycanın gənclər siyasəti sahəsində təcrübəsini bölüşməsinə imkan verir.

Digər tərəfdən, YAP-ın iqtidarda olmasının nəticələrini nəinki Bakıda, bütün ölkədə görmək mümkündür. Azərbaycanın istənilən rayonunda böyük inkişaf prosesi gedir. Regionların sosial-iqtisadi inkişaf üzrə Dövlət Proqramları uğurla icra olunur. Bəzən xarici qonaqlar Bakıya gəldiklərində burada gördükləri gözəlliyin, təmizliyin, abadlığın bölgələrdə də olduğunu düşünmürlər. Lakin əksər hallarda qonaqları Azərbaycanın müxtəlif rayonlarına da aparırıq. Bu zaman onlar öz gözləri ilə görürlər ki, bəzi ölkələrdən fərqli olaraq, Azərbaycanda inkişaf yalnız paytaxtda deyil, bütün bölgələrdə müşahidə olunmaqdadır. Hesab edirəm ki, YAP-ın beynəlxalq əlaqələrinin bundan sonra da genişlənməsi Azərbaycanın beynəlxalq əlamdə daha yaxşı tanınmasına və nüfuzunun artmasına xidmət göstərəcəkdir.