YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

                                                                                                                                                                                                                               Yeni Azərbaycan Partiyasının
                                                                                                                                                                                                                               İdarə Heyətinin qərarı ilə təsdiq edilmişdir
                                                                                                                                                                                                                               (Protokol №3, 10.09.2021-ci il)

 

Yeni Azərbaycan Partiyası
Veteranlar Şurasının

ƏSASNAMƏSİ

 

1. Ümumi müddəalar

1.1. Yeni Azərbaycan Partiyasının Veteranlar Şurası (bundan sonra - Veteranlar Şurası) Partiyanın strukturuna daxil olan və bu Əsasnamə ilə müəyyən edilmiş istiqamətlər üzrə ictimai (ödənişsiz) əsaslarla fəaliyyət göstərən məşvərətçi kollegial qurumdur.

1.2. Veteranlar Şurası qanunvericilik, Yeni Azərbaycan Partiyasının (bundan sonra - YAP) Nizamnaməsi, orqanlarının qərarları və bu Əsasnamə əsasında fəaliyyət göstərir.

1.3. Veteranlar Şurası öz fəaliyyətini qanunçuluq, şəffaflıq və kollegiallıq prinsipləri əsasında qurur.

1.4. Veteranlar Şurası öz fəaliyyətini YAP-ın orqanları (qurumları) ilə əlaqəli şəkildə həyata keçirir.

 

2. Veteranlar Şurasının fəaliyyət istiqamətləri

2.1. Veteranlar Şurasının fəaliyyət istiqamətləri aşağıdakılardır:

2.1.1. YAP-ın verdiyi tapşırıq və tövsiyələri icra etmək;

2.1.2. Azərbaycanın ümummilli lideri, YAP-ın qurucusu Heydər Əliyevin irsinin təbliği və təşviqini həyata keçirmək;

2.1.3. azərbaycançılıq, dövlətçilik, suverenlik, xalqın vahidliyi, birlik və həmrəylik, vətənpərvərlik, multikulturalizm, ailə dəyərləri, gender bərabərliyi və milli maraqlara xidmət edən digər yüksək milli-mənəvi və ümumbəşəri dəyərləri əks etdirən məsələlərdə maarifləndirmə üzrə icra olunmalı layihə və tədbirlər barədə təklif vermək;

2.1.4. YAP-ın rəhbər orqanlarının siyasi fəaliyyətinə aid strateji məqsəd daşıyan vəzifələrin icrasını təmin etmək üçün konkret tədbirlərə, həmçinin milli dövlətçilik sahəsində əldə olunmuş müsbət təcrübənin tətbiqinə dair təkliflər hazırlamaq;

2.1.5. ölkədə fəaliyyət göstərən ağsaqqallar və ziyalılar təşkilatları ilə sıx əməkdaşlıq əlaqələrinin qurulması barədə təkliflər hazırlamaq;

2.1.6. təqaüd yaşında olan Azərbaycan vətəndaşlarının maraqlarının müdafiə olunması istiqamətində təkliflər hazırlamaq;

2.1.7. nəsillər arasında varislik və faydalı əməkdaşlıq prinsiplərinin qorunub saxlanılması istiqamətində təkliflər vermək;

2.1.8. əhali arasında fəal vətəndaşlıq mövqeyinin aşılanması istiqamətində icra olunmalı layihə və tədbirlər barədə təkliflər vermək;

2.1.9. dövlətin qarşısında duran strateji vəzifələrin icrasına ölkənin elmi potensialının cəlb olunması üçün zəruri tədbirlərlə bağlı təkliflər vermək;

2.1.10. konkret istiqamətlər üzrə dövlətin gördüyü işlər ilə bağlı ictimai rəyin öyrənilməsi və reallaşan dövlət siyasətinə ictimai dəstəyin artırılmasına dair təkliflər vermək;

2.1.11. Azərbaycana qarşı aparılan informasiya təxribatları ilə mübarizədə ölkə ziyalılarının potensialının səfərbər olunmasına dair təkliflər vermək;

2.1.12. ölkənin digər siyasi partiyaları ilə siyasi dialoqun təşkili istiqamətində icra olunmalı layihə və tədbirlər barədə təklif vermək;

2.1.13. YAP-ın beynəlxalq və xarici əməkdaşlıq sahəsində fəaliyyətini təşkil etmək məqsədi ilə icra olunmalı layihə və tədbirlər barədə təklif vermək;

2.1.14. şəhid ailələrinin və qazilərin cəmiyyətdə tanıdılması, onların xatirəsinin əbədiləşdirilməsi istiqamətində icra olunmalı layihə və tədbirlər barədə təklif vermək;

2.1.15. YAP-ın fəaliyyətinin təşkilində uğurlu beynəlxalq təcrübədən faydalanmasına xidmət edəcək layihə və tədbirlər barədə təklif vermək;

2.1.16. Veteranlar Şurasının qəbul etdiyi qərarlarla bağlı izah vermək; 

2.1.17. qanunvericiliyin təkmilləşdirilməsinə dair təkliflər vermək;

2.1.18. YAP-ın orqanlarına (qurumlarına), həmçinin dövlət və yerli özünüidarəetmə orqanlarına, qeyri-hökumət təşkilatlarına, digər hüquqi və fiziki şəxslərə şifahi və ya yazılı, o cümlədən elektron sorğular vermək;

2.1.19. Veteranlar Şurasının fəaliyyətinə ekspert, mütəxəssis və məsləhətçilər cəlb etmək;

2.1.20. fəaliyyət istiqamətləri üzrə təhlillər və ümumiləşdirmələr aparmaq;

2.1.21. Veteranlar Şurasının fəaliyyətinin səmərəliliyinin artırılması üçün təkliflər vermək;

2.1.22. YAP tərəfindən müəyyən edilən digər istiqamətlərdə fəaliyyət göstərmək.

2.2. Veteranlar Şurası fəaliyyətini YAP-ın Mərkəzi Aparatı vasitəsi ilə həyata keçirir.

 

3. Veteranlar Şurasının fəaliyyətinin təşkili

3.1. Veteranlar Şurasının say tərkibi YAP-ın Qurultayı tərəfindən müəyyənləşdirilir.

3.2. Veteranlar Şurasının üzvləri, həmçinin sədri və sədr müavini YAP Sədrinin təqdimatı əsasında Qurultayın qərarı ilə beş il müddətinə seçilir və vaxtından əvvəl vəzifələrindən azad olunurlar. 

3.3. Veteranlar Şurasını üzvlərdən tərk edən olarsa, YAP-ın İdarə Heyəti özü onun tərkibinə yeni üzvlər daxil etmək (kooptasiya) hüququna malikdir. İdarə Heyətinin Veteranlar Şurası üzvlüyünə yeni üzvlərin daxil edilməsi barədə qərarı YAP-ın növbəti Qurultayında təsdiq edilməlidir.

3.4. Veteranlar Şurası üzvünün vəfat etdiyi və ya YAP-da üzvlüyünə xitam verildiyi halda, o Veteranlar Şurasının üzvlüyündən çıxarılmış hesab olunur.

3.5. Veteranlar Şurasının fəaliyyətinə sədr rəhbərlik edir. Sədrin bir müavini vardır.

3.6. Veteranlar Şurasının sədri:

3.6.1. Veteranlar Şurasının işini təşkil edir və onun fəaliyyətinə rəhbərlik edir;

3.6.2. Veteranlar Şurasını təmsil edir;

3.6.3. Veteranlar Şurasının iclaslarının gündəliyini müəyyənləşdirir, iclaslar çağırır və keçirilən iclaslarda sədrlik edir;

3.6.4. Veteranlar Şurasının səlahiyyətlərinə aid məsələləri baxılmaq üçün Veteranlar Şurasının iclaslarına çıxarır;

3.6.5. öz təşəbbüsü ilə, habelə Veteranlar Şurasının hər hansı digər üzvünün xahişi əsasında digər şəxsləri Veteranlar Şurasının iclasında iştirak etməyə dəvət edir;

3.6.6. Veteranlar Şurasının adından çıxarılan qərarları, məktubları və Veteranlar Şurasının fəaliyyəti ilə bağlı digər sənədləri imzalayır; 

3.6.7. Veteranlar Şurasının fəaliyyətinin təşkili ilə bağlı digər tədbirlər görür.

3.7. Veteranlar Şurasının sədr müavini bu Əsasnamənin 3.8-ci bəndində nəzərdə tutulmuş hüquq və vəzifələri həyata keçirməklə yanaşı, Veteranlar Şurasının sədri olmadıqda onu əvəz edir.

3.8. Veteranlar Şurasının üzvləri:

3.8.1. Veteranlar Şurasının iclaslarında və digər fəaliyyətində iştirak edirlər;

3.8.2. Veteranlar Şurasının səlahiyyətlərinə aid təşkilati məsələlər barədə təkliflər verirlər;

3.8.3. Veteranlar Şurasının iclasının gündəliyi ilə və baxılması nəzərdə tutulan materiallarla əvvəlcədən tanış olurlar;

3.8.4. Veteranlar Şurasının iclasında baxılan məsələlər ilə əlaqədar münasibət bildirirlər, rəy və təkliflər verirlər;

3.8.5. Veteranlar Şurasının səlahiyyətlərinə aid məsələlərə Veteranlar Şurasının iclasında baxılması üçün təkliflər verirlər; 

3.8.6. Veteranlar Şurasının iclasında baxılan məsələlər ilə əlaqədar qərarların qəbul edilməsi ilə bağlı səsvermədə iştirak edirlər;

3.8.7. Veteranlar Şurasının qəbul etdiyi qərarla razılaşmadıqda bu barədə özlərinin əsaslandırılmış xüsusi rəyini yazılı şəkildə təqdim edirlər;

3.8.8. Veteranlar Şurasının protokolları, qərarları və digər sənədləri ilə tanış olurlar, protokola daxil edilməli qeydlər təklif edirlər;

3.8.9. icra intizamına ciddi əməl edirlər.

3.9. Veteranlar Şurasının cari fəaliyyətinin təşkili katib tərəfindən həyata keçirilir. Katibin funksiyasını yerinə yetirəcək şəxs YAP-ın Mərkəzi Aparatının rəhbəri tərəfindən müəyyən olunur.

3.10. Katib:

3.10.1. Veteranlar Şurasına daxil olan sənədlərlə əlaqədar təşkilati tədbirləri həyata keçirir, o cümlədən baxmaq üçün onları Veteranlar Şurasının üzvlərinə göndərir;

3.10.2. Veteranlar Şurasının üzvlərinə və Şuranın iclasına dəvət olunan digər şəxslərə Veteranlar Şurasının iclasının keçiriləcəyi yer və vaxt, habelə gündəliyə daxil edilmiş məsələlər barədə iclasa azı üç iş günü (növbədənkənar iclas zamanı isə azı bir iş günü) qalmış, zəruri sənədlər əlavə edilməklə yazılı məlumat verir;

3.10.3. Veteranlar Şurasının iclaslarının protokolunu tərtib edir və imzalanması üçün Veteranlar Şurasının sədrinə təqdim edir; 

3.10.4. Veteranlar Şurasının qərarlarının (məktublarının, digər sənədlərinin) layihələrini hazırlayır, baxılması və imzalanması üçün Veteranlar Şurasının sədrinə təqdim edir;

3.10.5. Veteranlar Şurasının qərarlarının (məktublarının, digər sənədlərinin) aidiyyəti üzrə təqdim olunmasını təmin edir;

3.10.6. Veteranlar Şurasının protokollarının və qərarlarının əsillərini saxlayır.

 

4. Veteranlar Şurasının iclasının keçirilməsi qaydası

4.1. Veteranlar Şurasının iclasları Veteranlar Şurasının müəyyən etdiyi müddətdə (lakin 6 ayda bir dəfədən az olmayaraq) keçirilir.

4.2. Veteranlar Şurasının növbədənkənar iclasları YAP Sədrinin qərarı, İdarə Heyəti və ya Veteranlar Şurası üzvlərinin azı üçdə bir hissəsinin müraciəti ilə keçirilir.  

4.3. Veteranlar Şurasının iclası üzvlərin ümumi sayının yarıdan çoxu iştirak etdikdə səlahiyyətli sayılır. Səsvermə forması (açıq və ya gizli səsvermə) Veteranlar Şurası tərəfindən müəyyən edilir. 

4.4. Veteranlar Şurasının iclaslarını Şuranın sədri və ya onun göstərişi ilə sədr müavini aparır. Veteranlar Şurasının sədri və onun müavini üzürlü səbəblərlə əlaqədar (məzuniyyət, ezamiyyət, xəstəlik və s.) iclasda iştirak edə bilmədikdə, Veteranlar Şurası sədrinin səlahiyyətləri sədr və ya onu müavini tərəfindən Veteranlar Şurasının digər üzvünə həvalə edilir. 

4.5. Gündəliyə daxil edilmiş məsələlər barədə Veteranlar Şurasının sədri, sədr müavini, digər üzvlərindən biri və ya katib məruzə edir.

4.6. İclasa dəvət olunan şəxslər təkliflər vermək və müvafiq məsələlərə münasibət bildirmək hüququna malikdirlər.

4.7. Qərarlar iclasda iştirak edən Veteranlar Şurası üzvlərinin sadə səs çoxluğu ilə qəbul edilir. Səslər bərabər olduqda, iclasa sədrlik edənin səsi həlledici sayılır.

4.8. Veteranlar Şurasının iclasının nəticəsi Veteranlar Şurasının sədri və katib tərəfindən imzalanmış iclas protokolunda əks olunmaqla rəsmiləşdirilir.

4.9. Veteranlar Şurasının iclas protokolunda aşağıdakılar göstərilməlidir:

4.9.1. iclasın keçirildiyi tarix və yer;

4.9.2. iclasa sədrlik edən və iştirak edən Veteranlar Şurası üzvlərinin, katibinin, dəvət edilmiş digər şəxslərin adları, soyadları və ata adları;

4.9.3. gündəliyə daxil edilmiş məsələlər;

4.9.4. müzakirə edilən məsələlər ətrafında çıxışların qısa məzmunu;

4.9.5. səsə qoyulan təkliflər, səsvermənin nəticəsi və Veteranlar Şurası tərəfindən qəbul edilmiş qərar.

 

5. Veteranlar Şurasının fəaliyyətinə nəzarət

5.1. Veteranlar Şurasının fəaliyyətinə nəzarəti YAP-ın İdarə Heyəti həyata keçirir.

5.2. Veteranlar Şurası bu Əsasnamənin 1.2-ci bəndində göstərilmiş tələblərə zidd fəaliyyət həyata keçirdikdə YAP Təftiş Komissiyasının rəyi əsasında Qurultay Veteranlar Şurasının yenidən təşkili məsələsinə baxır, İdarə Heyəti isə həmin tələblərə zidd olan Veteranlar Şurasının qərarlarını ləğv edir.   

5.3. YAP-ın Təftiş Komissiyası Veteranlar Şurasının qərarlarının qanunvericiliyə və bu Əsasnaməyə uyğunluğunu bilavasitə nəzarət formasında yoxlayır, həmçinin onların hərəkət və ya hərəkətsizliyindən verilən şikayətlərə baxır.