YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Yeni Azərbaycan Partiyasının Sədri, Prezident İlham Əliyevin YAP-ın V Qurultayında yekun nitqi 
 

Əziz dostlar, qurultayımız öz işini yekunlaşdırır. İlk növbədə, partiyamızın rəhbər orqanlarına seçilmiş partiya yoldaşlarımı ürəkdən təbrik edirəm.
Əminəm ki, həm Siyasi Şura, partiyamızın İdarə Heyəti, partiya sədrinin yeni seçilmiş müavinləri partiyamızın işinə öz töhfələrini verəcəklər. Biz hamımız bundan sonra da çalışmalıyıq ki, partiyamız daim güclənsin və Yeni Azərbaycan Partiyası qarşıda duran bütün vəzifələri bundan sonra da uğurla yerinə yetirsin, onları icra etsin. 
Mənə göstərilən böyük etimada görə qurultaya minnətdaram. Bu, böyük etimaddır, böyük məsuliyyətdir. Mən bunu dərk edirəm və son 10 il ərzində çalışmışam ki, bu etimadı doğruldum. Çalışmışam ki, öz işimlə, öz fəaliyyətimlə ulu öndər Heydər Əliyevin qoyduğu siyasətə öz töhfəmi verim. Mənim bir məqsədim, bir amalım vardır. Bu, güclü Azərbaycan dövlətidir. Ulu Öndərin bizə miras qoyduğu dövlətçiliyi möhkəmləndirmək, iqtisadiyyatı inkişaf etdirmək, Azərbaycanın beynəlxalq mövqelərini möhkəmləndirmək mənim əsas vəzifələrimdir və son 10 il ərzində çalışmışam ki, bütün istiqamətlər üzrə ölkəmizin uğurlu inkişafını təmin edim. 
Bu gün səslənən çıxışlarda görülən işlərin bir hissəsi diqqətə çatdırıldı. Doğrudan da, son illər ərzində görülmüş bütün işləri sadalamaq üçün bir neçə gün vaxt lazım olacaqdı. Kərim müəllim çox maraqlı statistikanı diqqətimizə çatdırdı. Mən, sözün düzü, bölgələrə etdiyim səfərləri saymıram. Amma şadam ki, bu statistika da artıq diqqətdən kənarda qalmayıbdır. Əlbəttə ki, bölgələrə göstərdiyim diqqət bölgələrin inkişafına çox böyük təkan vermişdir. Çünki bizim birinci qəbul etdiyimiz ciddi proqramımız, əsas proqramımız regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı olmuşdur. 2004-2008-ci illəri əhatə edən proqram artıqlaması ilə icra edilmişdir və proqramın əsas məqsədi məhz kəndlərlə şəhərlər arasındakı fərqi azaltmaqdan ibarət idi, təbii ki, kəndlərin inkişafı hesabına. Bu proqramın və ondan sonra qəbul edilmiş ikinci Dövlət Proqramının uğurlu icrası demək olar ki, Azərbaycanın hərtərəfli inkişafına həlledici töhfə vermişdir. Bu gün Azərbaycan iqtisadiyyatının çoxşaxəli iqtisadiyyat kimi inkişafı məhz bu proqramların hesabına mümkün olmuşdur. Bu gün regionlarda gedən canlanma, inkişaf, abadlıq, quruculuq işləri göz oxşayır. Hər bir vətənpərvər vətəndaş qürur hissi ilə bunu görür. Hər bir vətəndaş, bölgələrdə yaşayan sakinlər öz işi ilə bu ümumi işimizə dəstək olurlar. 
Ancaq görülən bu işlər və müstəqillik dövründəki işlər sovet dövrü ilə müqayisədə təkcə mənim fəaliyyətimlə bağlı deyildir. Bu, müstəqilliyin təzahürüdür. Bu, bir daha onu göstərir ki, müstəqillik öz əlimizdə olan zaman, Azərbaycan xalqı öz taleyinin sahibi olduğu bir halda böyük işlər görmək mümkündür. Biz uzun illər – onilliklər, əsrlər boyu müstəqillikdən məhrum idik. Biz başqa dövlətlərin tərkibində yaşamışıq. Xalqımız inkişaf edibdir. Baxmayaraq ki, müstəqil olmamışıq, Azərbaycan xalqı öz milli mənəvi dəyərlərini qoruyub saxlaya bilmişdir, öz Azərbaycan dəyərlərini hər şeydən üstün tutmuşdur və bu dəyərlər üzərində bu gün müstəqil dövlət qurulmuşdur. Ancaq bu müstəqillik dövrü və ondan əvvəlki dövrlərlə müqayisə açıq-aydın göstərir ki, müstəqilliyin nə qədər böyük üstünlükləri vardır. Biz bunu real işlərdə, tikilən infrastruktur layihələrində, abadlaşan şəhərlərdə, artan imkanlarımızda hiss edirik, görürük. Bizim təbii sərvətlərimiz də nəhayət, Azərbaycan xalqının maraqlarına xidmət göstərir. Müstəqillik ən böyük sərvətdir, ən böyük dəyərdir və 20 il ərzində - 1993-cü ildən başlayaraq bu günə qədər müstəqilliyimiz möhkəmlənir. 
Ancaq 1993-cü ilə qədər müstəqillik şərti xarakter daşıyırdı, təhlükə altında idi və Ulu Öndərin xalq, millət, tarix qarşısında gördüyü işlər çox böyük qiymətə layiqdir. Azərbaycan xalqı Heydər Əliyevin əziz xatirəsini qəlbində yaşadaraq bu hörmət və ehtiramını onun xatirəsinə ifadə edir. 
Biz müstəqil ölkə kimi inkişaf edirik. Biz bundan sonra əbədi müstəqil olacağıq. Azərbaycan xalqı dünyaya sübut edib ki, müstəqil dövlətdə yaşaya, müstəqil dövləti qura, müstəqilliyi qoruyub saxlaya bilər. Son 10 il ərzində biz bu yolda böyük uğurlara imza atmışıq. Bu yolda təzyiqlər də, təxribatlar da, təhdidlər də oldu. Azərbaycanın dostları çoxdur, Azərbaycan ilə dostluq, əməkdaşlıq etmək istəyən ölkələrin sayı durmadan artır. Bu da təbiidir. Çünki Azərbaycan güclü dövlət, etibarlı tərəfdaş kimi, ədalətli mövqeyinə görə dünya miqyasında böyük şöhrət qazana bilmişdir. Ancaq buna baxmayaraq, - bu gün çıxışlarda da bu, səsləndi, biz də bunu görürük və bilirik, - elə dairələr var ki, Azərbaycanın uğurlu inkişafını həzm edə, qəbul edə bilmirlər, uğurlarımıza qısqanclıqla, paxıllıqla yanaşırlar. Azərbaycanın hətta dünyanı bürümüş böhran illərində də uğurlu inkişafını qəbul edə bilmirlər. Biz onları tanıyırıq, bilirik. 
Son 10 il ərzində bütün təxribatlara, təzyiqlərə, böhtan kampaniyalarına baxmayaraq, biz yolumuzdan dönməmişik və dönməyəcəyik. Əgər hər bir insan haqlı olduğunu bilirsə, buna əmindirsə, o yoldan dönməməlidir. Azərbaycan öz inkişafı, öz qətiyyəti ilə, bölgədə gedən proseslərə öz münasibətilə sübut edib ki, biz müstəqil dövlətik və biz öz maraqlarımızı qoruya bilərik. Ölkə daxilində və ölkəmizin xaricində bu bölgədə gedən proseslərə təsir imkanlarımız artır və biz öz milli maraqlarımızı istənilən yolla müdafiə edirik, bunu bacarırıq və bunu sübut etmişik. Milli maraqlarımız bizim üçün hər şeydən üstündür. Bizim bütün ideologiyamız, bütün səylərimiz milli maraqların qorunmasına yönəldilibdir. Əlbəttə, gənc, müstəqil dövlət üçün bu, təbiidir. Çünki bu salonda əyləşənlərin böyük əksəriyyətinin ömrünün bir hissəsi, yarısı, yaxud da ki, böyük hissəsi sovet dövrünə təsadüf edir. Ancaq biz xoşbəxtik ki, müstəqil Azərbaycanı gördük. Bizdən əvvəlki, nəsillər müstəqillik arzuları ilə, müstəqillik eşqi ilə yaşamışlar. Ancaq müstəqilliyi görə bilməmişlər. Bizim xoşbəxtliyimiz ondadır ki, müstəqil Azərbaycan dövlətində yaşayırıq. Bizim məsuliyyətimiz ondadır ki, biz – bax, burada toplaşan cəmiyyətimizin əsas siyasi fəalları bu müstəqilliyi möhkəmləndiririk, qoruyuruq, əbədi, dönməz edirik, uzunmüddətli inkişaf strategiyamızı müəyyən edirik, Azərbaycanın uzunmüddətli dayanıqlı inkişafını təmin edirik. 
Bizim tərəfimizdən irəli sürülmüş layihələr – enerji layihələri, iqtisadi layihələr, siyasi təşəbbüslər ölkəmizin uzun illər, onilliklər bundan sonra da uğurlu inkişafını təmin edəcəkdir. Təki siyasi xətt dəyişməz olaraq qalsın və mən heç şübhə etmirəm ki, bundan sonrakı illərdə də, onilliklər bundan sonra da siyasi xəttimiz dəyişməz olaraq qalacaqdır. Çünki son 20 il ərzində görülən işlər və müstəqilliyimizin tarixi sübut edib ki, bu, yeganə düzgün siyasətdir, yeganə düzgün yoldur. 
Mən çox şadam ki, son 10 il ərzində çalışmışam ki, bu böyük məsuliyyəti öz çiynimdə aparım. Çalışmışam ki, Ulu Öndərin siyasətinə layiq olum. Çalışmışam ki, onun siyasi xəttini sizinlə bərabər, Azərbaycan xalqının dəstəyi ilə yaşadım. Qürur hissi ilə deyə bilərəm ki, bugünkü Azərbaycan Ulu Öndərin görmək istədiyi kimi inkişaf edir, onun qoyduğu yolla gedir, güclənir, möhkəmlənir və çox güclü regional amilə çevrilibdir. 
Bu gün biz - ulu öndər Heydər Əliyevin siyasi varisləri, davamçıları onun ölməz xatirəsi qarşısında bir daha söz verir və and içirik ki, bu yolla gedəcəyik, bu yoldan dönməyəcəyik, Azərbaycan xalqının xoşbəxt gələcəyini təmin edəcəyik!