YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

2013-cü ilin prezident seçkilərində Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin namizədliyinin irəli sürülməsi barədə YAP-ın V Qurultayının qərar layihəsi
 

2013-cü ilin prezident seçkilərində Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin namizədliyinin irəli sürülməsi barədə YAP-ın V Qurultayının qərar layihəsini YAP-ın Sədr müavini-icra katibi Əli Əhmədov təqdim etmişdir. 
Qərar layihəsində deyilir: “Bu gün bütün xalqımızın nəzərləri Yeni Azərbaycan Partiyasının V qurultayının keçirildiyi “Buta” sarayına yönəlibdir. Qarşımızdakı beş ilin taleyini həll edəcək tarixi qərar məhz bu sarayda bu gün çıxarılmalıdır. Yeni Azərbaycan Partiyasının 600 min üzvünü təmsil edən qurultay nümayəndələrini bu sıraya toplayan, onların növbəti qələbələrə köklənmiş ovqatını formalaşdıran bir səbəb vardır - Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyevin 2013-cü ilin prezident seçkilərində namizədliyinin irəli sürülməsi. 
Əslində Yeni Azərbaycan Partiyasının rəsmən bu gün qəbul edəcəyi qərarı xalq çoxdan çıxarıbdır. Azərbaycan xalqının mütləq əksəriyyətinin seçkiqabağı ovqatı bütünlüklə cənab İlham Əliyevin namizədliyinin dəstəklənməsi üzərində köklənib. İlham Əliyevin şəxsində xalqımız Azərbaycanın müasir gücünün və qüdrətinin həlledici ifadəsini görməkdədir. Xalq İlham Əliyevi müasir inkişafın arxitektoru sayır. İnsanlarımız tək bu günümüzü deyil, eyni zamanda, Azərbaycanın gələcəyini Prezident İlham Əliyevin adı ilə bağlayır, ona güvənir və etibar edir. Onu da vurğulamaq tamamilə yerinə düşər ki, İlham Əliyevin növbəti prezident seçkilərində namizədliyinin irəli sürülməsi hər şeydən əvvəl vətəndaşlarımızın daxili inamına əsaslanır, xalqın özünə layiqli rəhbər seçmək haqqını ifadə edir və bu səbəbdən yüksək ictimai dəyərə və gücə malikdir. 
Xalqın öz iradəsini sərbəst şəkildə ifadə etməsi, ölkəyə layiqli rəhbər seçmək haqqına sahib olması nəinki demokratiyanın, bəlkə də xüsusilə müstəqil dövlətçilik məfkurəsinin əsas göstəricisidir. 2013-cü ilin prezident seçkiləri ərəfəsində seçicilərin əksəriyyətinin birmənalı olaraq İlham Əliyevin namizədliyini qətiyyətlə dəstəkləməsi əslində xalqın öz taleyinə sahib olmaq istəyinin aydın ifadəsi hesab olunmalıdır. Xalq o zaman güclüdür ki, iradəsini açıq şəkildə ifadə etməyi bacarır və bu gün Azərbaycan xalqı İlham Əliyevin namizədliyini qətiyyətlə dəstəkləməklə dövlətimizin gücünü, qüdrətini və əzəmətini bir daha nümayiş etdirmiş olur”. 
Qərar layihəsində daha sonra qeyd olunur ki, cəmiyyətimizin Prezident İlham Əliyevə və onun həyata keçirdiyi siyasətə dərin inamının 10 illik uğur, nailiyyətlər və milli yüksəliş kimi etibarlı sınaq təcrübəsi vardır. Bu illərin təcrübəsi yetərlidir ki, xalq öz taleyini inamla, hər hansı riskə getmədən yenidən cənab İlham Əliyevə etibar etsin. İlham Əliyevli 10 ilin inkişaf, sabitlik və əmin-amanlıq təcrübəsi elə bir etibarlı əsasdır ki, insan növbəti 5 ildə özünü və ailəsini daha gözəl həyatın gözlədiyinə dərindən inanır. 
“Yeni Azərbaycan Partiyasının V qurultayı 10 ilin inkişaf tarixinə nəzər salaraq xüsusi iftixar hissi ilə vurğulayır ki, Prezident İlham Əliyevin rəhbərliyi altında və onun fəaliyyəti nəticəsində Azərbaycanın son illərin dünyanın ən uğurlu dövlətlərindən birinə çevrilməsi, ölkəmizin ən dinamik iqtisadiyyat kimi mövqelərə sahib olması və bu günə qədər həmin mövqeyini qoruyub saxlaya bilməsi, 10 il ərzində Azərbaycanın iqtisadiyyatının 3 dəfə, dövlət büdcəsinin isə təxminən 20 dəfə artmasının təmin edilməsi, Azərbaycanın kosmik ölkələr sırasına qoşulması, bir milyondan artıq yeni iş yerinin açılması və yoxsulluq səviyyəsinin 50 faizdən təxminən 5 faizə qədər endirilməsi kimi möhtəşəm sosial vəzifələrin yerinə yetirilməsi, erməni təcavüzünün acı nəticəsi olan çadır şəhərciklərinin birdəfəlik müasir yaşayış məskənləri ilə əvəz olunması, möhtəşəm infrastruktur layihələri sayəsində Azərbaycanın simasının kökündən dəyişdirilməsi və müasirləşdirilməsi, ölkəmizin beynəlxalq nüfuzunun və əhəmiyyətinin durmadan artmasını təmin edən xarici siyasət konsepsiyasının uğurla həyata keçirilməsi, Azərbaycanın dünyanın ən mötəbər beynəlxalq qurumu olan Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasına üzv seçilməsi, paytaxt Bakının dünyanın siyasi, mədəni və idman yarışları arenası kimi tanıdılması, 2012-ci ilin “Eurovision” mahnı müsabiqəsinə ev sahibliyi edilməsi və 2015-ci ildə ilk Avropa Oyunlarının keçirilməsi haqqının qazanılması, ölkənin gündən-günə artan iqtisadi gücünün hərbi, siyasi və diplomatik amilə çevrilməsi nəticəsində Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində Azərbaycanın haqlı mövqelərinin əhəmiyyətli dərəcədə möhkəmlənməsi və bütün bunların birbaşa nəticəsi olaraq Prezident İlham Əliyevin şəxsi nüfuzunun yüksəlməsi, regional və beynəlxalq proseslərə təsir göstərmək imkanlarının artması Prezident İlham Əliyevə ümumxalq etimadını əhəmiyyətli dərəcədə gücləndirmişdir. Heç şübhəsiz, bu etimad 2013-cü ilin seçki kampaniyasının başlıca seçki resursunu təşkil edir. 
Prezident İlham Əliyevin qurultaydakı proqram xarakterli çıxışı inkişafımızın növbəti hədəflərini müəyyən etməklə ölkəmizi qarşıdakı beş ildə gözləyən yeni, daha əzəmətli uğurlara hamımızın inamını artırır. Prezidentin qarşıya qoyulan vəzifələr və onların yerinə yetirilməsi ilə əlaqədar konkret proqramı əks etdirən nitqi onun bariz ifadəsidir ki, İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən Heydər Əliyev siyasəti təkcə artıq tarixə çevrilmiş nailiyyətlərimizin deyil, həm də gələcək uğurların həlledici əsasıdır. Bu səbəbdən Yeni Azərbaycan Partiyasının V qurultayının nümayəndələri cənab İlham Əliyevin növbəti prezident seçkilərində iştirakını xalqın qəlbinin dərinliyindən qopub gələn sosial sifariş hesab edir və həmişə olduğu kimi, xalqın səsinə səs verməyi özünün şərəfli borcu sayır”. Qərar layihəsində belə deyilir. . 
Qurultay: 
- Azərbaycan xalqının və 600 minlik Yeni Azərbaycan Partiyasının üzvlərinin iradəsini ifadə edərək; 
- Prezident İlham Əliyevin rəhbərliyi altında ölkəmizin iqtisadi, sosial, siyasi, mədəni və beynəlxalq inkişafının yüksək sürətini qeyd edərək; - son 10 il ərzində həyatımızın bütün sahələrində köklü dəyişikliklərin baş verdiyini vurğulayaraq; 
- Prezident İlham Əliyevin rəhbərliyi altında növbəti beş ildə Azərbaycanın hərtərəfli inkişafına, ölkəmizin güclü, qüdrətli dövlətə çevrilməsinə daha əzəmətli töhfələr verəcəyinə dərin inamını bəyan edərək Azərbaycan Respublikasının Seçki Məcəlləsinin 54-cü maddəsinə əsasən qərara alır: 
Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri İlham Heydər oğlu Əliyev 2013-cü ilin prezident seçkilərində Yeni Azərbaycan Partiyası tərəfindən Azərbaycan Respublikasının prezidentliyinə namizəd irəli sürülsün! 
Hörmətli qurultay nümayəndələri, icazə verin sizin bu sürəkli və hərarətli alqışlarınızı cənab İlham Əliyevin 2013-cü ilin prezident seçkilərində Azərbaycan Respublikasının prezidentliyinə namizəd irəli sürülməsi haqqında Yeni Azərbaycan Partiyasının V qurultayının qərarının qətiyyətlə və yekdil səslə dəstəklənməsi hesab edək. 
Beləliklə, cənab İlham Əliyevin 2013-cü ilin prezident seçkilərində Yeni Azərbaycan Partiyası tərəfindən namizəd irəli sürülməsi haqqında partiyanın qərarı yekdilliklə qəbul olunur. 
Cənab Prezident, sizi təbrik edirik. Hörmətli qurultay nümayəndələri sizi təbrik edirik. Güman edirəm ki, ən çox təbriklərin yönələcəyi ünvan Azərbaycan xalqıdır. Çünki İlham Əliyevin rəhbərliyi altında on il ərzində Azərbaycanda qazanılmış uğurlar xalqımızın həyatını dəyişib, gözəlləşdirib. Bizim həyatımıza yeni məna gəlibdir. Biz gələcəyə daha inamla baxırıq. Çünki İlham Əliyevin rəhbərliyi altında növbəti beş ildə Azərbaycanı daha böyük nailiyyətlər, daha böyük qələbələr gözləyir. 
Cənab Prezident, güclü lider güclü Azərbaycan deməkdir! İlham Əliyev güclü Azərbaycan deməkdir! Azərbaycan xalqı bunu dərk edir, dəyərləndirir və özünün növbəti taleyini, növbəti illərini İlham Əliyevlə, onun prezidentliyi ilə bağlayır. Bizim hər birimiz qəti şəkildə inanırıq ki, keçiriləcək prezident seçkilərində Azərbaycan seçiciləri, bütün Azərbaycan xalqı bir daha İlham Əliyevə dərin inamını, etibarını və etimadını öz səsləri ilə ifadə edəcəklər. 
Eşq olsun İlham Əliyevə! Eşq olsun Azərbaycanın qüdrətli, güclü liderinə!