YAP-ın V Qurultayında partiyanın Səbail rayon təşkilatının sədri Zahid Qaralovun çıxışı
- Yeni Azərbaycan Partiyasının sədri, Azərbaycan Respublikasının Prezidenti möhtərəm İlham Heydər oğlu!
Hörmətli qurultay nümayəndələri!
Partiyamızın V qurultayının işə başlaması münasibətilə sizi və təmsil etdiyiniz 600 mindən yuxarı partiya üzvünü təbrik edir, qurultayın işinə uğurlar arzulayıram. Əziz siyasi həmkarlar!
V qurultayla 21 il əvvəl blokada şəraitində olan Naxçıvanda ulu öndərimiz Heydər Əliyevin rəhbərliyi ilə keçirdiyimiz təsis konfransı dövrünü müqayisə edəndə bəlli olur ki, son 20 ildə Azərbaycanda müsbət istiqamətdə çox böyük dəyişikliklər baş verib. Xatırladım ki, təsis konfransı dövründə ölkədə vəziyyət çox ağır idi. Ölkəni qanunlar yox, ayrı-ayrı başıpozuq, səriştəsiz qruplar idarə edirdilər. Dövlətə və dövlət rəhbərinə inam itmişdi, insan haqları və hüquqları tanınmırdı, demokratiyadan əsər-əlamət yox idi. Vəzifə uğrunda didişmə gedirdi, hər şey dağıdılır, talan edilirdi. Xarici təcavüzlə paralel olaraq, vətəndaş müharibəsi başlamışdı. Bu vəziyyəti cəbhəçilər yaratmışdı. O şəxslər ki, bu gün demokratiyanın azlığından gileylənir, özlərini xalqın xilaskarı kimi təqdim edir, yenidən hakimiyyətə gəlməyə can atırlar.Onlar unudurlar ki, XX əsrin ikinci yarısında Azərbaycanın bir müdrik xilaskarı olub: Heydər Əlirza oğlu Əliyev. O, 1969-cu ildə Azərbaycanı gerilikdən xilas etdi, respublikanı birincilər sırasına çıxardı. 1993-cü ildə isə suverenliyini itirmək üzrə olan müstəqil Azərbaycanı xilas etdi. Müasir tipli partiya yaratmaqla ölkəyə yeni siyasi mədəniyyət gətirdi, ölkəni xaosdan qurtardı. Milli mənəvi və ümumbəşəri dəyərlərə əsaslanan azərbaycançılıq, milli birlik ideologiyasını formalaşdırdı. İctimai-siyasi quruluşun istiqamətini dəyişdi, ölkəni bazar iqtisadiyyatı sisteminə keçirdi. Mükəmməl daxili və xarici siyasət proqramı hazırlayıb həyata keçirdi. İnsan haqlarını, dövlətə inamı özünə qaytardı. Güclü dövlət qurdu. İnsan fəaliyyətinin bütün sahələrində əsaslı islahatlar apardı. Cəbhə hakimiyyətinin dünyadan təcrid etdiyi Azərbaycanı dünyaya açdı. Dünya birliyinə inteqrasiya üçün əməli tədbirlər gördü. Xalqı birləşdirdi. Böyüklərə hörmət, uşaqlara qayğı mühiti yaratdı. İnsanların hüquqi, demokratik, dünyəvi dövlət şəraitində firavan yaşamaq haqlarının təmin olunması üçün böyük işlər gördü.
Partiyamızın Heydər Əliyevin rəhbərliyi ilə keçirilmiş I və II qurultayları ölkədə siyasi mühitin sağlamlaşdırılması üçün çox dəyərli proqramlar, tövsiyələr verdi, digər partiyalara nümunə göstərdi. Partiyamızın və hakimiyyətin sağlam əqidəli, millətsevər şəxslər tərəfindən idarə edilməsi zərurətini irəli sürdü. 2003-cü ildən etibarən partiyamıza güclü şəxsiyyət, yüksək liderlik keyfiyyətinə malik olan müasir təfəkkürlü, dünya liderləri arasında özünün qətiyyəti, işgüzarlığı, yüksək nüfuzu ilə seçilən hörmətli İlham Heydər oğlu Əliyev rəhbərlik edir. O, eyni zamanda, həmin illərdən başlayaraq ölkənin ağıllı, andına sadiq Prezidentidir.
Heydər Əliyevin dediyi kimi, onun axıra çatdıra bilmədiyi quruculuq işlərini davamlı surətdə həyata keçirən İlham Əliyev Azərbaycanı dünya dövlətləri içərisində sayılan, təcrübəsinə istinad olunan, dinamik inkişaf edən ölkə səviyyəsinə çatdıra bildi.
İlham Əliyevin rəhbərliyi ilə keçirilmiş III və IV qurultaylarımızda nəzərdə tutulmuş proqramlar bütövlükdə yerinə yetirilib. Biz, yeni azərbaycançılar fəxr edirik ki, partiyamız 20 ildir hakim partiyadır. Onun liderləri Heydər Əlirza oğlu və İlham Heydər oğlu dövlət başçısı kimi xalqa ləyaqətlə xidmət etmişlər. Əziz həmkarlar, qarşıdan yeni prezident seçkiləri gəlir. Bu gün biz prezidentliyə namizədimizi rəsmi təsdiq etməliyik. Mən rayon və şəhər partiya təşkilatlarının konfranslarında səsləndirilmiş fikirləri, eləcə də, son 10 ildə Azərbaycanda güclü quruculuq işlərinin görüldüyünü, indiyə qədər vəzifəsini ləyaqətlə yerinə yetirdiyini nəzərə alaraq, ölkə prezidentliyinə partiyamızın lideri İlham Heydər oğlu Əliyevin namizədliyini irəli sürürəm. İlham Heydər oğlu Əliyev bu il partiyamızın ən ləyaqətli yeganə namizədi olacaqdır. Onun böyük və faydalı təcrübəsi, regionda və dünyada dərin nüfuzu ölkəmizə yeni uğurlar gətirəcəkdir.
Bu təklifi qurultaya çatdırmağı Yeni Azərbaycan Partiyası Səbail rayonunda qeydiyyatda olan 24 min partiya üzvü, eləcə də Heydər Əliyevin rəhbərliyi ilə yeni tipli partiya yaratmaq təşəbbüsünü irəli sürmüş, Ulu Öndərimizin partiyanın “Qızıl fondu” adlandırdığı “91-lər” tapşırmışlar.
Təklif bütün partiya üzvləri tərəfindən bəyəniləcəkdir. Bunun səbəbi ulu öndər Heydər Əliyevin Azərbaycanın inkişafı, xalqımızın güzəranının daim yüksəldilməsi, İlham Əliyevin son on ildə davam etdirdiyi yolun düzgün, uğurlu, ədalət, demokratiya, tərəqqi yolu olmasıdır. Qətiyyətlə deyə bilərik ki, xalqımız partiyamızın namizədinin tərəfində olacaqdır.
Cənab Prezident, xalq sizə inanır, daxili və xarici siyasətinizi bəyənir, müdafiə edir. Bu inamla da biz seçkidə növbəti qələbəmizi təmin edə biləcəyik. Sizdən xahişimiz budur ki, təklifimizi qəbul edəsiniz, Azərbaycan Respublikasının Prezidentliyinə partiyamızın namizədi olmağa razılıq verəsiniz. Ulu Öndərimiz partiyanın I qurultayında belə demişdi: “Yeni Azərbaycan Partiyası yarandığı dövrdən indiyə qədər Azərbaycanın ictimai-siyasi həyatında özünün dəyərli yerini tutubdur və bu yeri heç kəsə verməyəcək və get-gedə öz yerini möhkəmləndirəcəkdir”.
Bu fikir bu gün də qüvvəsini saxlayır, ona əməl etmək isə partiyamızın, xalqımızın borcudur. Diqqətinizə görə təşəkkür edirəm.