YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

YAP-ın V Qurultayında Masallıdan müəllimə Mehparə Məmmədovanın çıxışı 
 

- Möhtərəm cənab Prezident!

Hörmətli qurultay nümayəndələri! 

Bu günlər Azərbaycan dövlətinin qurucusu, xalqımızın ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyi ilə əlaqədar bütün dünya azərbaycanlıları bayram təntənəsi yaşayır. Azərbaycan xalqı müstəqilliyinin əbədi və dönməzliyi, siyasi və milli varlığı, ictimai birliyi və həmrəyliyinə görə hər zaman Heydər Əliyevə minnətdardır. 
Ulu Öndərin müəyyən etdiyi fəaliyyət proqramı bu gün onun layiqli siyasi varisi, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Azərbaycan dövləti, Azərbaycan xalqı cənab Prezidentin rəhbərliyi altında gələcəyə, inkişafa doğru məhz Heydər Əliyevin təməlini qoyduğu yolla inamla irəliləyir və hər bir azərbaycanlının fəxr edəcəyi, qürur duya biləcəyi bir məkana çevrilir. 
Bu inkişafın nəticəsi olaraq şəhər və rayonlarımız, o cümlədən Masallımız da tanınmaz dərəcədə dəyişir və gözəlləşir. Rayonumuzun sakinləri möhtərəm Prezidentimizin Masallıya səfərlərini çox gözəl xatırlayırlar. Çünki bu səfərlərin hər biri masallılılar üçün əlamətdar hadisələrlə yadda qalır və inkişafın yeni istiqamətlərini müəyyənləşdirir. 
Prezidentimizin müəyyən etdiyi regionların sosial-iqtisadi inkişafı Dövlət proqramlarına uyğun olaraq hazırda Masallıda tikinti-quruculuq işləri sürətlə davam etdirilir. Parklar, meydanlar, xiyabanlar, yaşıllıq zolaqları salınır, kəndlərə yol çəkilir, küçələr genişləndirilir, yeni, müasir işıq sistemləri quraşdırılır və yaşayış massivləri abadlaşdırılır. 
Masallı Azərbaycanın yeganə rayon mərkəzi idi ki, orada heç vaxt mərkəzləşdirilmiş içməli su xətti olmamışdı. Cənab Prezident, məhz Sizin diqqət və qayğınız nəticəsində indi Masallı şəhərində su sistemi yenidən qurulur. Bu da əhali tərəfindən böyük razılıqla qarşılanır. 
Rayonumuzun Muğan zonası deyilən ərazisində yaşayan 110 mindən çox əhali yüz illər boyudur ki, içməli sudan əziyyət çəkir və suyu maşınlar vasitəsilə daşıyıb alırlar. Bu problemin həlli məqsədilə möhtərəm Prezidentimiz tərəfindən tapşırıq verilmiş və artıq iki gün bundan əvvəl bu su xəttinin çəkilişinə başlanmışdır. İnanın ki, bu xətdən istifadə edəcək 38 kəndin əhalisinin sevincini sözlə ifadə etməkdə çətinlik çəkirəm. 
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev təhsil sahəsinə xüsusi diqqət göstərir. Təsadüfi deyildir ki, son illərdə Masallı rayonunda 40-a yaxın yeni məktəb binası və uşaq bağçası tikilmiş və ya əsaslı təmir olunmuşdur. Bu məktəblərdən 9-u Heydər Əliyev Fondunun təşəbbüsü ilə tikilmişdir ki, bu işdə ölkənin birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın böyük əməyi vardır. Mehriban xanım öz fəaliyyəti ilə bütün dünyaya sübut edir ki, bu xalqın qadınları da kişiləri qədər igid, vətənpərvər, ağıllı və savadlıdırlar.
Hörmətli Prezidentimizin gənclərə və idmançılara göstərdiyi xüsusi diqqətin nəticəsidir ki, Masallıda Olimpiya İdman Kompleksi ilə yanaşı, son bir il ərzində üç böyük idman mərkəzinin tikintisi artıq başa çatdırılmışdır. 
Möhtərəm Prezidentimizin tapşırığı, tövsiyəsi və Mehriban xanımın bilavasitə iştirakı ilə doğma Vətənimizin milli mənəvi dəyərlərinin dünya miqyasında tanıdılması və təbliği üçün çox böyük işlər görülür. İndi beynəlxalq əhəmiyyətli müxtəlif tədbirlər paytaxtımız Bakı şəhəri ilə bərabər regionlarda da keçirilməkdədir. 
Yeri gəlmişkən demək istərdim ki, Masallı Azərbaycanın folklor mərkəzlərindən biridir və burada dünya şöhrətli “Halay” başda olmaqla dörd folklor ansamblı fəaliyyət göstərir. Keçən il Azərbaycanın folklor paytaxtı elan olunan Masallıda bir çox tədbirlərlə bərabər ilk dəfə Beynəlxalq Folklor Festivalı keçirilmişdir. 
Kənd təsərrüfatı rayonu olan Masallıda əhalimizin əsas gəlir mənbəyi torpaqdır. Bu sahənin inkişafı məqsədilə atılan addımlar və daha gəlirli sahələrə keçid prosesinin sürətlə aparılması qısa vaxt ərzində əhalinin gəlirlərinin əhəmiyyətli dərəcədə artmasına təsir göstərmişdir. 
Hörmətli qurultay nümayəndələri! Masallı sakinləri dövlətə və möhtərəm Prezidentimizin sədri olduğu Yeni Azərbaycan Partiyasına hər zaman sədaqətli olmuşlar. Qətiyyətlə deyə bilərəm ki, bu gün Masallıda hamı cənab Prezidentin ətrafında sıx birləşmişdir. 
Azərbaycanımız sürətlə, əzmlə irəliləyir, yüksəlir, inkişaf edir. Nə qədər ki, xalqla Prezident bir yerdədir heç kim, heç bir qüvvə Azərbaycanı bu inkişaf yolundan döndərə bilməz. Fürsətdən istifadə edib böyükdən kiçiyə bütün masallılıların yekdil qərarını qurultay nümayəndələrinə çatdırmağı özümə şərəf bilirəm. Biz masallılılar qarşıdan gələn prezident seçkilərində öz seçimimizi artıq etmişik. Bu seçim Yeni Azərbaycan Partiyasının namizədi, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevdir. Cənab İlham Əliyev Azərbaycan xalqının yeganə lideri, onun döyünən ürəyidir. 
Diqqətinizə görə minnətdaram.