YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

YAP-ın V Qurultayında Milli Məclisin deputatı Yevda Abaramovun çıxışı 
 

- Möhtərəm cənab Prezident!

Dəyərli həmfikirlər! 

Hörmətli qurultay iştirakçıları! 

Mən də sizləri bu gözəl bayram münasibətilə təbrik edirəm. Partiyanın bir sədaqətli əsgəri, Milli Məclisin deputatı kimi və Azərbaycan vətəndaşlığını uca tutan və onunla qürur duyan çoxminli Azərbaycan yəhudiləri adından mənə bu yüksək tribunadan söz verdiyinizə görə, cənab Prezident, bir daha Sizə minnətdarlığımı bildirirəm. 
Ürəyimdə o qədər sözlər vardır ki, cənab Prezident, danışmaq üçün mənə beş saat da bəs etməz. 
Müstəqil Azərbaycanın tarixi Ulu Öndərin ikinci dəfə hakimiyyətə gəlməsi ilə bir vaxta təsadüf edir. Bizim qurultayımız da bu həftədən sonra qarşılayacağımız ən böyük və müqəddəs günlərimizin bayramı ilə çulğaşır. Ulu Öndər xalqın təkidli tələbi ilə Azərbaycanda ikinci dəfə hakimiyyətə gəldi. Ölkə xaosdan, hərc-mərclikdən, vətəndaş qarşıdurmasından, qardaş qanı tökülməsindən xilas oldu. Bəlkə də bunun arxasında bir sirr də var idi ki, çoxlarına bəlli deyildi. Əslində, Azərbaycan millət kimi qala bilərdi, amma dövlət kimi qalması şübhə altında idi. Azərbaycan çoxmillətli ola bilməzdi. Artıq millətlər bu respublikada yaşamağa qorxurdular. Mən öz millətimin timsalında bilirdim ki, yüzlərlə insan bu nankorların birillik hakimiyyəti dövründə doğma vətəni tərk etdi. Nə yaxşı ki, Heydər Əliyev gəldi, xalq yerində qaldı, xalqın ümid çırağı yandı.
Ulu Öndər çox qısa müddət ərzində özünün geniş təcrübəsindən istifadə edərək sabit, güclü bir dövlət yaratdı. Ölkəmiz separatizmdən xilas oldu. Ölkədə demokratiya bərqərar oldu. Ən ali qanun, insana hörmət, hər şey insan naminə - Ulu Öndər ölkədə çox böyük şərait yaratdı. Heydər Əliyev özünün 10 illik hakimiyyəti dövründə Azərbaycanın gələcək inkişafı üçün çox möhkəm, monolit bir bünövrə qoydu. Bu bünövrənin üzərində Siz, cənab Prezident, möhtəşəm bir saray tikdiniz. 
1993-2003-cü illər Azərbaycan tarixinin dirçəliş illəri hesab olunur. Amma onun geniş mənada inkişafı dövrü isə 20 illiyin ikinci on ili olan İlham Əliyev dövrünə təsadüf etdi. 
Cənab Prezident, Siz dünyada analoqu olmayan bir iş gördünüz. İrs-varis prinsiplərinə sədaqətinizi göstərdiniz. Siz dünyaya sübut etdiniz ki, cahanşümul cahangirin, fateh sələfin cəngavər xələfisiniz. 
Bu on ildə Sizin rəhbərliyiniz altında Azərbaycan çox böyük, iri addımlarla inkişaf etdi. Ulu Öndərin müəyyənləşdirdiyi yolla gedərək güclü, inkişaf etmiş, analoqu olmayan bir Azərbaycan dövləti yaratdınız. Bunu Siz yeni azərbaycançılarla, Azərbaycan xalqı ilə bir yerdə etdiniz. Siz xarizmatik lidersiniz. Bəlkə çoxlarının mühafizəkar adlandırdığı partnomenklaturanı yeni fikirli, yeni azərbaycanlıları və herentokratiya adlandırılan elektoratı birləşdirərək gözəl idarəçilik sistemi və komandanızı yaratdınız, bu cahanşümul qələbələrimizi təmin etdiniz. Bizim isə borcumuz bundan sonra bunu qorumaqdır. Bunu biz Sizinlə bir yerdə qoruyacağıq. 
Sizin on illik fəaliyyətinizin uğurlarından danışmaq üçün mənə ən azı üç saat vaxt lazımdır. Amma bunu etməyəcəyəm. Konkret olaraq üç tezis üzərində dayanmaq istəyirəm ki, biz Sizinlə nəyə nail olduq: güclü Azərbaycan qurduq, çox gözəl iqtisadi təmələ malik olduq və biz beynəlxalq, regional layihələrdə gücümüzü göstərdik. Bir sıra layihələrin də müəllifi Siz oldunuz, Azərbaycan oldu. Güclü xarici siyasət yeritdiniz. Bayaq məcburi köçkün qardaşımız çox gözəl dedi. Böyük dəyanət, iradə, əzm göstərdiniz, heç kimdən çəkinmədiniz, dövlətin böyüklüyündən və kiçikliyindən asılı olmayaraq heç kəsin qarşısında sınmadınız. Azərbaycanın sözünü, gücünü göstərə bildiniz. Biz Sizinlə fəxr edirik, biz Sizinlə qürur duyuruq. 
Siz sübut etdiniz ki, Heydər Əliyev məktəbinin ən layiqli müdavimisiniz. Bu məktəbin ikinci müdavimi yoxdur. Bir daha sübut olundu ki, getdiyiniz yol Heydər Əliyev yoludur. Bəli, bizim yolumuz Heydər Əliyev yoludur. Bu yolu biz Sizinlə gedəcəyik. Sonucumuz isə güclü Azərbaycan olacaqdır. Güclü Azərbaycana isə biz güclü liderimizlə qovuşacağıq. 
Cənab Prezident, mən 2008-ci ildə respublikamızın şimal bölgəsində Sizin vəkiliniz olmuşam. Bütün xalq Sizi sevir. Bütün qubalılar konfrans vaxtı xahiş ediblər ki, nəyin bahasına olursa-olsun, cənab Prezident bu qurultayda öz namizədliyinin irəli sürülməsinə razılıq verməlidir. Mən də, mənim mənsub olduğum millət də, yəhudilər də Sizi çox sevir. Onlar da xahiş ediblər ki, ölkədə milli birliyi qoruyub saxlamaqdan, bu xoş güzəranımızın əlimizdən çıxmamasından ötrü Siz prezidentliyə razılığınızı verməlisiniz. 
Siz bir çox layihələrin müəllifisiniz. Hələ Sizin qəlbinizdə bizlərə məlum olmayan çox böyük layihələr vardır. Biz istəyirik ki, bunları Sizinlə bir yerdə həll edək. Ona görə mən də xahiş edirəm ki, Siz partiyamızın mənə qədər çıxış edən üzvləri və məndən sonra çıxış edəcək üzvlərinin xahişini, yalnız Yeni Azərbaycan Partiyası üzvlərinin deyil, bütün Azərbaycan xalqının, Azərbaycanda yaşayan bütün etnosların, xalqların və millətlərin xahişini yerinə yetirəsiniz, Siz buna razılıq verəsiniz. Allah Sizi ailəniz üçün, xalqımız üçün, əlli milyonluq Azərbaycan dünyası üçün qorusun. 
Son fikrimi deyib sizlərdən ayrılmaq istəyirəm. Sizin atanıza da paxıllıq edirdilər. Onun coğrafiyası Kremlin divarlarına qədər gedib çıxırdı. Amma mən xaricdə çox oluram. Sizə olan paxıllıq coğrafiyası isə artıq Kremldən çıxıb dünyaya yayılıbdır. Avropa böhran içərisində olmasına baxmayaraq, nadürüstlər ölkələrinin ayrı-ayrı jurnallarında böyük pullar xərcləyərək, cənab Prezident, Sizə iftiralar yağdırırlar. Bunlar keçməz, rəngli maykalarla, rəngli qalstuklarla prezident olmaq olmaz. Səfirliklərin qapılarında yalvarmaqla Prezident olmaq olmaz. Prezidentlik belə olur, alqışlarla və xalqın ümumi rəyi ilə. 
Sağ olun, cənab Prezident! 
Yaşayın, yaradın! Bizlərdən muğayat olun, biz Sizi sevirik, bundan sonra da sevəcəyik.