YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

YAP-ın V Qurultayında Bakı Dövlət Universitetinin tələbəsi Yavər Məmmədovanın çıxışı 
 

- Möhtərəm cənab Prezident! 

Hörmətli sədrimiz! 

Əziz qurultay nümayəndələri! 

Yeni Azərbaycan Partiyasının V qurultayında Azərbaycan gəncləri adından hamınızı səmimi qəlbdən salamlayır və qurultayımızın işinə uğurlar arzulayıram. 
Belə bir ali məclisdə, xüsusilə də cənab Prezident, Sizin qarşınızda çıxış etmək hər bir Azərbaycan gənci kimi, mənim üçün də sözlə ifadə edilməyəcək böyük bir şərəfdir. 
Hörmətli qurultay nümayəndələri, bugünkü Azərbaycan gəncliyi ümummilli liderimiz Heydər Əliyevin Vətənimiz qarşısındakı nəhəng xidmətlərini taleyüklü misilsiz işlər kimi dəyərləndirir, onun xalqımıza bəxş etdiyi minlərlə əvəzsiz nemətlər içərisində Azərbaycanın müstəqilliyini, elmin, təhsilin inkişafını, iqtisadi yüksəlişi, gəncliyə açılan yolları və nəhayət, bu gün qurultayına toplaşdığımız Yeni Azərbaycan Partiyasını dahi siyasətçi Heydər Əliyevin şah əsəri hesab edirik.
Ulu öndərimiz Heydər Əliyevin bünövrəsini qoyduğu siyasətin, cənab Prezident, Sizin tərəfinizdən uğurla davam etdirilməsinin nəticəsidir ki, bu gün gənclərimiz ölkənin ictimai həyatında fəal iştirak etməklə yanaşı, beynəlxalq miqyasda da ardıcıl uğurlar qazanırlar. Gənclərimiz fəxr edirlər ki, bu gün dövlətimiz inkişafın Azərbaycan modelini yaradaraq yüksək və dinamik sosial-iqtisadi sıçrayışa nail olmuş, geniş beynəlxalq müqavilələr sisteminə qoşulmuş, nüfuzlu beynəlxalq təşkilatların üzvü olmuş, özünün demokratik, hüquqi dövlət imicini beynəlxalq aləmdə tam formalaşdırmışdır. Nəhayət, Azərbaycanın ən ali qurum olan BMT Təhlükəsizlik Şurasının üzvü seçilməsi, cənab Prezident, şəxsən Sizin və gənc dövlətimizin tarixi qələbəsidir. 
Fürsətdən istifadə edərək, dövlətin gənclər siyasətinin uğurla həyata keçirilməsində Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı, Azərbaycan Respublikasının birinci xanımı hörmətli Mehriban Əliyevanın əvəzsiz xidmətlərini xüsusi qeyd etmək istərdim. Məhz Mehriban xanımın yüksək təşkilatçılıq bacarığı nəticəsində Bakıda keçirilən “Eurovision” musiqi yarışması bu gün də digər dövlətlərə nümunə göstərilir. Təsadüfi deyil ki, məhz bu uğurları rəhbər tutaraq beynəlxalq idman cəmiyyəti ilk Avropa Oyunlarının Bakıda keçirilməsinə qərar verib. 

Möhtərəm sədrimiz! 

Dəyərli qurultay nümayəndələri! 

Təxminən bir həftə sonra ulu öndər Heydər Əliyev tərəfindən Vətənin xilasının növbəti ildönümünün – Qurtuluş Gününün 20 illiyini təntənə ilə qeyd edəcəyik. Bundan iki ay sonra isə mənim və bəlkə mənim kimi minlərlə gəncin 20 yaşı olacaqdır. Biz Qurtuluş Günü ilə həmyaşıdıq. Bəli, biz Qurtuluşun övladlarıyıq! Biz bununla fəxr edirik, məsuliyyətini isə qürurla daşıyırıq! Bu dövlət, bu Vətən Ulu Öndər tərəfindən bizlərə əmanət qoyulub və onun müstəqilliyi, tərəqqisi naminə, cənab Prezident, Sizin rəhbərliyiniz altında canımızdan da keçməyə hazırıq! 
Möhtərəm, cənab Prezident, Azərbaycan xalqı və onun avanqard təbəqəsi olan gəncliyin ümumi qənaətini ifadə edərək Yeni Azərbaycan Partiyasının V qurultayından və şəxsən Sizdən növbəti müddətə prezidentliyə namizədliyinizin irəli sürülməsini xahiş edirik. Yalnız Siz böyük, zəngin və qüdrətli Azərbaycanın təminatçısı və rəhbəri ola bilərsiniz. Yalnız Sizin rəhbərliyiniz altında ölkəmiz tarixi nailiyyətlərinin davamlılığını təmin edə bilər. Yalnız Sizin simanızda Azərbaycan xalqı öz firavan gələcəyinin qarantını və qüdrətli dövlət xadimini görür. 
Yaşasın müstəqil Azərbaycan! 
Yaşasın Yeni Azərbaycan Partiyası! 
Yaşasın dövlətini, millətini yeni-yeni zəfərlərə aparan Prezidentimiz İlham Əliyev!