YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

YAP-ın V Qurultayında Laçın Rayon Ağsaqqallar Şurasının sədr müavini Əmirxan Zeynalovun çıxışı 
 

- Möhtərəm cənab Prezident İlham Əliyev! 

Hörmətli qurultay nümayəndələri! 

İcazə verin, sizi bir milyonluq qaçqın və məcburi köçkün adından salamlayım və qurultayın işinə uğurlar, müvəffəqiyyətlər arzulayım. Bu gün bizim hər birimizin həyatında ən uğurlu, ən tarixi bir gündür. Çünki biz Yeni Azərbaycan Partiyasının qurultayında iştirak edirik. 
Müstəqilliyimizin ilk illəri hamımızın gözləri qarşısında keçmişdir. Xaos, hərc-mərclik, hakimiyyətsizlik… Ölkədə demək olar ki, dövlət, dövlətçilik məsələsinə fikir verən yox idi. Bu ağrıları ən çox biz - qaçqınlar və məcburi köçkünlər hiss edirdik. Çünki doğma torpaqlarımızdan didərgin düşmüşdük və o vaxtkı hakimiyyətdən bir nəfər də olsun irəli çıxıb bizə ürək-dirək verən olmadı.
Ancaq bütün xalqımız kimi biz də ümidimizi itirməmişdik. Bizim ümidimiz Azərbaycanı sevən, ona ürəkdən bağlanan, onu çiçəkləndirən, bu müasir gözəl Azərbaycanın bugünkü inkişafında böyük rolu olan ulu öndər Heydər Əliyev idi və diqqətimiz ona cəlb olunmuşdu. Bütün xalqımız kimi, biz məcburi köçkünlər də təkidlə Ulu Öndərin yenidən Azərbaycanda hakimiyyətə qayıtmasını xahiş edirdik. O, bu xahişi yerinə yetirməyə bilməzdi, çünki xalqını, Azərbaycanı sevirdi, Azərbaycanın müstəqilliyini istəyirdi. Ona görə də, bu xahişi qəbul etdi və 1993-cü ildə yenidən siyasi hakimiyyətə qayıtdı. 
Ulu öndər Heydər Əliyev işlərinin ağırlığına, çoxluğuna baxmayaraq, bizə qarşı çox diqqətli idi. Vaxtının azlığına baxmayaraq, biz qaçqın və məcburi köçkünlərlə tez-tez görüşür və bizim vəziyyətimizlə maraqlanırdı. Bu qayğı son on ildə qətiyyətlə, inamla, çox müdrikliklə, cəsarətlə, indiki Prezidentimiz, Yeni Azərbaycan Partiyasının sədri, Heydər Əliyevin xalqa əmanəti cənab İlham Əliyev tərəfindən ləyaqətlə davam etdirilmişdir. 
Mən inanmıram ki, dünyanın heç bir ölkəsində on ildə bu qədər tərəqqiyə nail olunsun - istər sosial-iqtisadi cəhətdən, istərsə də xarici siyasətdə. Prezident İlham Əliyev çox uğurlu siyasət aparır. Buna görə də heç bir dövlət bizim daxili işlərimizə qarışa bilmir. Bu, ən böyük uğurdur. Çünki, açıq deyək, bizi istəməyən qüvvələr vardır. O qüvvələr heç cür istəmirlər ki, bu gözəl Azərbaycan, bu müstəqil Azərbaycan, bu azad xalq firavan yaşasın. Amma yenə o fikrə qayıdıram ki, doğrudan da cənab İlham Əliyev qətiyyətlidir, iradəlidir, bütün təzyiqlər qarşısında mərd-mərdanə dayanır və heç kəsə Azərbaycanın daxili işlərinə qarışmağa imkan vermir. 
Nəzərinizə bir şeyi çatdırmaq istəyirəm ki, indi dövlət təkcə neftdən gələn gəlirlərlə qane olmur. O, neftdən gələn kapitalı insan kapitalına çevirir. O, neftdən gələn kapitalı regionların sosial-iqtisadi inkişafına sərf edir. Qısaca bir kəlmə deyəcəyəm. Yevlax rayonu 70 illik sovet dönəmində elə bir vəziyyətdə idi ki, orada beş dəqiqə dayanmaq olmurdu. Amma İlham Əliyevin rəhbərliyi altında indi orada elə bir şərait yaradılıb ki, hər tərəf gül-çiçəkdir. Bax, bircə bu rayonu misal gətirməklə demək istəyirəm ki, Prezident İlham Əliyev tərəfindən aparılan istər sosial-iqtisadi, istər xarici siyasətimiz nəticəsində dünyanın ən qabaqcıl dövlətləri səviyyəsinə çatmışıq. 
Qaçqın və məcburi köçkünlərin ən böyük inamı cənab İlham Əliyevədir. O, hər bir vaxt bizimlə görüşə gəlir. Onun göstərişi ilə çadır düşərgələri ləğv olunub. Məcburi köçkünlər üçün 78 müasir qəsəbə salınıb. Artıq bu günə qədər 31 min ailə, 140 min qaçqın və məcburi köçkün rahat, gözəl mənzil şəraitində yaşayır. Demək olar ki, məcburi köçkünlər üçün salınmış bütün qəsəbələrin açılışında çox hörmətli, xalqını sevən Prezidentimiz iştirak edib. 
Bir tarixi yadınıza salmaq istəyirəm. 2011-ci il 24 dekabr. İnanın mənə, elə bir dövlət rəhbəri tanımıram ki, özünün yubileyini qaçqın və məcburi köçkünlərlə keçirsin. Bu, yalnız Ulu Öndərin həyat məktəbini keçən, xalqını, Vətənini, onun müstəqilliyini sevən, bayrağını uca tutan, bütün dünyada tanıtdıran İlham Əliyev cənablarına xasdır. 
Səmimi deyirəm, həmin gün o görüşə toplaşanlar, inanın ki, 21 ildə daxilən bu qədər sevinib, bu qədər şad olmamışdılar. Axı, cənab Prezident özünün ən mötəbər, ən yaddaqalan, ən sevimli anlarını - ad gününü bizimlə keçirirdi və orada o, öz xanımı ilə, hamının sevimlisi, Azərbaycanın birinci xanımı və Azərbaycanın mədəniyyətini, incəsənətini, musiqisini, tarixini bütün dünyaya tanıtdıran Mehriban xanımla bir yerdə keçirirdi. Orada sevimli rəhbərimiz İlham Əliyev bir söz işlətdi. Dedi, bu gün mən çox xoşbəxtəm. Bu gün mənim ən sevincli günümdür. Çünki mən bu gün ailəmlə birlikdə, sizlərlə birlikdə ad günümü keçirirəm. Bu sözlər təkcə bizim üçün yox, bütün Qarabağ camaatını, bütün Azərbaycan xalqını sevindirdi və hamıya böyük nümunə göstərdi. 
Biz inanırıq ki, doğma torpaqlarımıza qayıdacağıq. Çünki burada bizim üçün nə qədər gözəl şərait yaradılsa, nə qədər maddi durumumuz yaxşı olsa, o torpaqları unudan deyilik və cənab Prezident ilə birlikdə oraya qayıdıb bayrağımızı Şuşada ucaldacağıq. 
Qarşıdan prezident seçkiləri gəlir. Birmənalı şəkildə, qətiyyətlə deyirəm, - mən xalqın içərisindəyəm, vətəndaşlarla görüşürəm və bütün vətəndaşların seçimi bəllidir, - qarşıdan gələn prezident seçkiləri yenə də Yeni Azərbaycan Partiyasının, onun rəhbərliyinin qələbəsi ilə başa çatacaqdır. 
Bütün qaçqın və məcburi köçkünlər adından Yeni Azərbaycan Partiyasının sədri, xalqını, Vətənini sevən və təkcə bu gününü yox, gələcəyini fikirləşən, dönməz, iradəli, mətin şəxs olan cənab İlham Əliyevin namizədliyini irəli sürürəm və sizdən də bu namizədliyi dəstəkləməyi xahiş edirəm. Çox sağ olun. Cənab Prezident, Sizin səmimiyyətinizə, mehribançılığınıza, bizə bəxş etdiyiniz ümidə, şəraitimizi yaxşılaşdırdığınıza, bizimlə bir yerdə olduğunuza görə bir daha Sizə təşəkkür edir, uğurlar, qələbələr arzulayıram. Çox sağ olun.