YAP-ın V Qurultayında Naxçıvan Muxtar Respublikası Heydər Əliyev adına Gənclər Birliyinin üzvü Aytən İsmayılovanın çıxışı
- Möhtərəm cənab Prezident!
Yeni Azərbaycan Partiyasının V qurultayı çox əlamətdar bir vaxtda və taleyüklü bir dövrdə - növbəti prezident seçkiləri ərəfəsində keçirilir və təkcə partiyamızın deyil, bütövlükdə ölkəmizin siyasi həyatında böyük əhəmiyyətə malikdir.
21 il əvvəl – 1992-ci il noyabrın 21-də Naxçıvan şəhərində təsis edilən Yeni Azərbaycan Partiyası ümummilli liderimiz Heydər Əliyevin rəhbərliyi altında elə bir tarixi yol keçmişdir ki, bu yol həm də müstəqil Azərbaycanın müqəddəratını təyin edən mühüm bir tarixi mərhələ olmuşdur. Bu zaman Naxçıvanda gedən mütərəqqi proseslərin bilavasitə müəllifi olan Ümummilli Liderimizin Azərbaycanda siyasi hakimiyyətə qayıdışı bir tərəfdən, bütövlükdə xalqımızın yekdil arzusuna çevrilmişdisə, digər tərəfdən əlahəzrət tarixin diktə etdiyi qaçılmaz obyektiv tarixi zərurət idi.
Beləliklə, milli dövlətçiliyin sabahının tamamilə qaranlıq göründüyü bir dövrdə Azərbaycanı böhran girdabından çıxararaq işıqlı gələcəyə aparan bir siyasi gücün – Yeni Azərbaycan Partiyasının yaradılması хаlqımızı səfərbər edərək ümummilli problemlərin həll olunmasında iştirak etmək, bu istiqamətdə öz zəruri xidmətlərini göstərmək məqsədi daşıyırdı.
Ümummilli Liderimizin müstəqil Azərbaycana rəhbərlik etdiyi 1993-2003-cü illər dünyanın siyasi xəritəsində Azərbaycan Respublikasının öz strateji mövqeyini təmin etməsi, müstəqilliyimizin möhkəmləndirilməsi və əbədi varlığı üçün bütün zəruri siyasi addımların atıldığı, müstəqil Azərbaycanın dövlətçilik konsepsiyasının nəzəri əsaslarının formalaşdırıldığı və bu əsasda möhkəm bünövrənin qoyulduğu taleyüklü bir mərhələ oldu. Ulu öndər Heydər Əliyev özünün dərin siyasi zəkasının, zəngin və mükəmməl dövlətçilik təcrübəsinin məhsulu və şah əsəri olan müstəqil Azərbaycan Respublikasını gələcək nəsillərə miras qoydu.
Cənab Prezident, ölkəmizdə ulu öndər Heydər Əliyevin dövlətçilik siyasətinin uğurla davam etdirilməsi xalqımızın ürəyindən xəbər verir. 2003-cü və 2008-ci illərdə xalqın böyük dəstəyi ilə Sizin Prezident vəzifəsinə, 2005-ci ilin martında isə partiyamızın III qurultayında Yeni Azərbaycan Partiyasının sədri vəzifəsinə seçilməyiniz Ümummilli Liderimizin varisi, onun siyasi kursunun layiqli davamçısı kimi Sizə bəslənilən sonsuz inam və məhəbbətin parlaq təzahürü idi.
Vətənini, xalqını sevən hər bir şəxs, Yeni Azərbaycan Partiyasının hər bir üzvü kimi, Naxçıvan Muxtar Respublikasının əhalisi adından Sizin yeritdiyiniz uğurlu daxili və xarici siyasəti ürəkdən bəyənir, müdafiə edir və bu siyasətin ölkəmizə böyük nailiyyətlər gətirdiyini ifadə edirik. Ölkə rəhbəri kimi Sizin Naxçıvana səfərləriniz, verdiyiniz qiymətli tövsiyə və tapşırıqlar, muxtar respublikadakı inkişaf və tərəqqini yüksək dəyərləndirməyiniz bizi daha əzmlə çalışmağa ruhlandırır. Bütün ölkədə olduğu kimi, Naxçıvan Muxtar Respublikasında da həyata keçirilən çoxşaxəli quruculuq tədbirləri, sürətli yüksəliş məhz ulu öndər Heydər Əliyevin dövlətçilik siyasətinin davam etdirilməsi sayəsində gerçəkləşmişdir.
Möhtərəm cənab Prezident, Sizin qayğınızla reallaşan möhtəşəm quruculuq tədbirləri Azərbaycanın bu qədim torpağını əsl intibaha qovuşdurmuşdur. Naxçıvan Muxtar Respublikasının hərtərəfli inkişafına göstərdiyiniz ardıcıl diqqət və qayğıya görə bütün muxtar respublika əhalisi adından Sizə dərin minnətdarlığımızı, səmimi ehtiramımızı bildiririk.
Hörmətli qurultay iştirakçıları, Ümummilli Liderimizin “Yeni Azərbaycan Partiyasına xidmət etmək Vətənə, millətə, müstəqil Azərbaycan dövlətinə xidmət etmək deməkdir” sözləri partiyamızın bütün üzvləri kimi, Naxçıvan Muxtar Respublika təşkilatı ətrafında birləşən siyasi həmfikirlər üçün də dönməz əqidə və fəaliyyət devizidir. Biz bu yüksək amala xidmət edənlər sırasında olmağımızla fəxr edirik. Çox hörmətli Prezidentimiz cənab İlham Əliyevin 2003-cü ildə dediyi sözləri xatırlatmaq istərdim: “Mən hər bir Azərbaycan vətəndaşı üçün Prezident olacağam. Milliyyətindən, dinindən, siyasi əqidəsindən asılı olmayaraq, hər bir Azərbaycan vətəndaşının Prezidenti olacağam və Azərbaycan xalqının etimadını doğruldacağam!”
Ötən 10 il aşkar şəkildə göstərdi ki, cənab İlham Əliyev öz fəaliyyət dövrünü bu amalın reallaşmasına həsr etmiş, Ulu Öndərimizin müstəqillik və azadlıq ideyalarını dönmədən həyata keçirmiş, Azərbaycanı sosial-iqtisadi inkişaf, demokratik hüquqi dövlət quruculuğu və siyasi sabitlik baxımından dünyanın sayılıb-seçilən dövlətlərindən birinə çevirmişdir.
Məhz buna görə möhtərəm İlham Əliyevin namizədliyi yenə də Azərbaycan cəmiyyətinin alternativsiz sosial-siyasi sifarişidir. Azərbaycan xalqı indiyədək olduğu kimi, qarşıdan gələn prezident seçkilərində də yekdil şəkildə öz taleyini yenidən Yeni Azərbaycan Partiyasının sarsılmaz liderinə həvalə edəcəkdir!
Naxçıvan Muxtar Respublikasının bütün əhalisi, o cümlədən partiyamızın bu regiondakı çoxminli üzvləri də xalqımızla yekdil mövqedədirlər. Muxtar respublikanın 430 minlik əhalisi, Yeni Azərbaycan Partiyasının burada yaşayıb fəaliyyət göstərən 49 min üzvü adından 2013-cü ilin oktyabrında keçiriləcək prezident seçkilərində partiyamızın sədri cənab İlham Heydər oğlu Əliyevin Azərbaycan Respublikasının Prezidentliyinə namizədliyinin irəli sürülməsi təklifini ürəkdən dəstəkləyir və müdafiə edirik!
Möhtərəm Prezident, Sizi bir daha əmin edirik ki, müstəqil Azərbaycanın daha da tərəqqisi naminə həyata keçirdiyiniz cahanşümul tədbirlərdə, qətiyyətli mübarizədə daim Sizinləyik! Sizin və rəhbərlik etdiyiniz dövlətimizin, partiyamızın hər bir tapşırığını bundan sonra da layiqincə yerinə yetirməyə hazırıq! 2003-cü və 2008-ci illərdə olduğu kimi, bu il keçiriləcək prezident seçkilərində də Naxçıvan Sizə – ulu öndər Heydər Əliyevin layiqli davamçısına səs verəcəkdir!