Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin Nitqi
-Əziz Yeni Azərbaycan Partiyasının üzvləri, əziz dostlar!
Bu gün partiyamızın növbəti qurultayıdır. Yeni Azərbaycan Partiyasının qurultayı Azərbaycanın ictimai-siyasi həyatında çox mühüm bir hadisədir. Bizim partiyamız ölkəmizin aparıcı siyasi qüvvəsidir və öz sıralarında 450 mindən çox insanı birləşdirir. Bu, nəinki Azərbaycanda, eyni zamanda, bölgədə çox böyük siyasi qüvvədir. Partiyamızın bütün proseslərə təsir imkanları çox genişdir və bu imkanlar getdikcə daha da artır. Çox sevindirici haldır ki, partiyaya axın müşahidə olunur, partiyaya üzv olmaq istəyənlərin sayı getdikcə artır və bu onu göstərir ki, partiyanın ideyaları və partiyanın fəaliyyəti həm çox cəlbedicidir, həm də yüksək qiymətləndirilir.
Yeni Azərbaycan Partiyasının yaradılması tarixi zərurət idi. Bildiyiniz kimi, Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra ölkədə gedən proseslər çox mənfi istiqamətdə inkişaf edirdi. Azərbaycan öz dövlət müstəqilliyini itirə bilərdi. 1920-ci ilin tarixi, demək olar ki, təkrarlanırdı. Azərbaycan xalqı əsrlər boyu müstəqillik arzusu ilə yaşamışdır və əlbəttə, müstəqillik əldə olunanda ümid edirdi ki, Azərbaycan öz dövlət müstəqilliyini möhkəmləndirəcək, Azərbaycanda güclü dövlət yaranacaq, Azərbaycanda insanların həyat səviyyəsi yaxşılaşacaq, sabitlik, inkişaf olacaqdır. Hamımız yaxşı xatırlayırıq ki, bunların heç biri baş vermədi. Müstəqilliyə qovuşanda Azərbaycanda gedən proseslər, faktik olaraq, ölkəmizin parçalanmasına təkan vermişdi. İqtisadi böhran müşahidə olunurdu, sənaye istehsalı tamamilə iflic vəziyyətinə düşmüşdü, sabitlik pozulmuşdu. Müxtəlif qeyri-qanuni silahlı birləşmələr Azərbaycanda çox böyük imkanlara malik idilər. Azərbaycan dünya miqyasında özünü təqdim edə bilməmişdi və yaxşı xatırlayırsınız ki, 1991-93-cü illərdə dünyada Azərbaycan haqqında çox mənfi rəy formalaşdırılmışdı.
Biz sözlə, ölkədə gedən proseslər və hadisələr Azərbaycan xalqının ümidlərinə uyğun deyildi. Azərbaycan xalqı müstəqillikdən başqa şeylər gözləyirdi və təbii ki, o illərdə onu Azərbaycanın gələcəyi, Azərbaycanın müstəqil ölkə kimi yaşaması çox düşündürürdü. O vaxt ölkəyə rəhbərlik edən şəxslər, sadəcə olaraq, müstəqil idarəetmə üsullarına hazır deyildilər. Onlar öyrəşmişdilər ki, göstərişləri başqa yerlərdən, başqa ölkələrdən alsınlar və müstəqil şəkildə idarəçilik qabiliyyətləri yox idi. Əfsuslar olsun ki, son 15-16 il ərzində bu sahədə böyük dəyişikliklər baş verməmişdir və yenə də biz görürük ki, özünü siyasi qüvvə kimi təqdim etməyə çalışan, lakin bir çox hallarda başqa yerlərdən idarə olunan qruplar faktik olaraq, Azərbaycanın müstəqilliyinə zərbə vurmağa çalışırlar.
Düzdür, bu zərbələrin heç bir əhəmiyyəti yoxdur. Azərbaycan dövləti, Azərbaycan cəmiyyəti bunu hiss etmir. Amma, sadəcə olaraq, qeyd etmək istəyirəm ki, bu proseslər, bu meyillər bu gün də davam edir.
Belə olan vəziyyətdə, belə olan halda, əlbəttə ki, Azərbaycan xalqı yeganə ümid yerini, yeganə nicat yolunu Heydər Əliyevin siyasi hakimiyyətə qayıtmasında görürdü. Bir daha demək istəyirəm ki, 1992-ci ilin noyabr ayında Yeni Azərbaycan Partiyasının yaradılması bütün bu amillərin nəticəsində baş vermişdir. Əlbəttə, Heydər Əliyevin 1970-80-ci illərin əvvəllərində Azərbaycanda gördüyü böyük quruculuq işləri, abadlıq işləri, Azərbaycanın inkişafı və bütün sahələrdəki irəliləyişi Azərbaycan xalqında belə bir düzgün fikir yaratmışdı ki, yalnız Heydər Əliyevin hakimiyyətə qayıtması nəticəsində ölkəmiz bu ağır, çətin vəziyyətdən çıxa biləcəkdir. Belə də oldu. 1992-ci ildə Naxçıvanda Yeni Azərbaycan Partiyasının yaradılması, demək olar ki, Azərbaycanın inkişafı üçün çox önəmli addım olmuşdur. Bildiyiniz kimi, o vaxt Heydər Əliyevin siyasi nüfuzu, xalq arasında olan hörməti burada, Bakıda rəhbərlikdə olanları bərk narahat edirdi və bütün səylər göstərilirdi ki, onun siyasi fəaliyyəti məhdudlaşdırılsın. Belə olan halda, onu açıq dəstəkləyən, öz sözünü açıq deyən ziyalılar, cəmiyyətimizin, müxtəlif təbəqələrdən olan üzvləri Heydər Əliyevin ətrafında birləşməklə yeni vəziyyət yaratmışdılar. Mən o insanların fəaliyyətini çox yüksək qiymətləndirirəm, hesab edirəm ki, bu, onların tərəfindən qəhrəmanlıq nümunəsi idi. Çünki hamımız yaxşı xatırlayırıq ki, bu gün özünü demokrat adlandıran siyasi qüvvələr o vaxt müxtəlif təxribatlarla, müxtəlif qanunsuz yollarla o insanlara qarşı təzyiqlər edirdilər. Onlar işdən qovulurdu, döyülürdü, həbs olunurdu. Bir daha demək istəyirəm ki, onların şüurlu seçimi, cəsarətli addımları yüksək qiymətləndirilməlidir.
Yeni Azərbaycan Partiyası yarananda, əlbəttə ki, müxalifət partiyası kimi yaranmışdı. Ancaq özünü müxalifət adlandıran indiki qruplardan fərqli olaraq, Yeni Azərbaycan Partiyası heç vaxt Azərbaycan dövlətçiliyinə müxalifətdə olmamışdır. Yeni Azərbaycan Partiyası o vaxtkı antimilli və satqın iqtidara qarşı müxalifətdə idi və bu müxalifətdə tək deyildi. Bütün Azərbaycan xalqı o iqtidara müxalifətdə idi. Çünki hakimiyyətdə olanların səriştəsizliyi, bacarıqsızlığı, satqınlığı, milli xəyanət nümunələri, əlbəttə ki, bütün Azərbaycan xalqında onlara qarşı çox mənfi rəy formalaşdırmışdı.
Müstəqilliyimizin ilk illərində Azərbaycanın üzləşdiyi o dəhşətli hadisələr, əlbəttə ki, ciddi dəyişikliklər tələb edirdi və Azərbaycan xalqı öz müdrikliyini göstərərək, 1993-cü ildə Heydər Əliyevi Prezident vəzifəsinə seçdi. Beləliklə, Azərbaycanın inkişaf dövrü başlandı. O vaxt, əlbəttə ki, əsas vəzifə ölkədə vəziyyəti sabitləşdirmək, qeyri-qanuni silahlı birləşmələri tərksilah etmək, ölkədə asayişi, qanunun aliliyini bərpa etmək idi.
Bununla bərabər, vətəndaş müharibəsinin dayandırılması və Ermənistanla Azərbaycan arasında gedən müharibənin dayandırılması məsələləri də çox böyük əhəmiyyət kəsb edirdi və bütün istiqamətlərdə qarşıya qoyulmuş məqsədlər həyatda öz əksini tapmışdır. Əgər biz atəşkəs rejiminin yaranmasına nəzər salsaq görərik ki, o vaxtdan bu günə qədər Azərbaycan çox böyük və uğurlu bir yol keçmişdir. Bu gün Ermənistanla Azərbaycan arasında fərq getdikcə böyüyür. Baxmayaraq ki, 1994-cü ildə bu fərq o qədər də böyük deyildi və bəzi hallarda Azərbaycanın imkanları daha da məhdud idi. Ancaq bu gün Ermənistan bizimlə mübarizə apara bilməz, rəqabət apara bilməz. Bunu bizim artan iqtisadi imkanlarımızda, siyasi çəkimizdə, diplomatik uğurlarımızda, ölkədə gedən müsbət proseslərdə, ordu quruculuğunda - bütün sahələrdə görürük. Bu gün, sadəcə olaraq, təsəvvür etmək mümkün deyil ki, indiki şəraitdə Azərbaycanın torpaqları işğal altına düşə bilər. Bu, mümkün deyil, Azərbaycan hər cəhətdən Ermənistandan üstündür. Atəşkəs müddəti ərzində biz müstəqilliyimizi möhkəmləndirmişik, güclü iqtisadiyyat yaratmışıq. Biz dünya birliyinin çox önəmli üzvünə çevrilmişik və bu gün Azərbaycanın iştirakı olmadan bölgədə heç bir proses mümkün deyildir. Azərbaycan bir çox hallarda çox mühüm proseslərin təşəbbüskarıdır və bütün hallarda bölgədə gedən bütün layihələrin iştirakçısıdır. Biz öz siyasətimizlə, öz məqsədyönlü addımlarımızla buna nail ola bilmişik. Baxmayaraq ki, bu, o qədər də asan məsələ olmamışdır. Yəni mən bir daha demək istəyirəm ki, o vaxt qəbul olunmuş qərarlar, cəsarətli addımlar bugünkü Azərbaycanın müstəqil həyatını təmin edir.
Atəşkəs rejimi əldə olunandan sonra keçən dövrə nəzər salsaq görərik ki, bu gün danışıqlar masasında Azərbaycana sərf edən məsələlər durur. Azərbaycanın işğal olunmuş bütün torpaqları azad olunmalıdır, azərbaycanlılar eyni zamanda Dağlıq Qarabağa da qayıtmalıdırlar və bölgənin təhlükəsizliyi üçün əlavə tədbirlər görülməlidir. Budur danışıqlar mövzusu olan əsas prinsiplər və Ermənistan tərəfi bu prinsiplərə şifahi qaydada öz razılığını vermişdir. O ki qaldı, Dağlıq Qarabağın gələcək statusuna - bu status yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində mümkündür. Bunun xaricində Azərbaycan dövləti heç bir varianta razı olmayacaq və heç vaxt Dağlıq Qarabağa müstəqillik verilməyəcəkdir. Bütün dünya birliyi Azərbaycanın ərazi bütövlüyünü tanıyır, Azərbaycanın ərazi bütövlüyünə hörmətlə yanaşır. Bu, həm beynəlxalq təşkilatların qərarlarında, həm də ikitərəfli formatda keçirilən danışıqlarda və imzalanan sənədlərdə öz əksini tapıbdır. Münaqişə yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll oluna bilər.
Yəni, onu demək istəyirəm ki, bütün bunlar Azərbaycanın artan imkanları nəticəsində baş vermişdir. Hələ ki danışıqlar davam edir, bunu bilirsiniz. Nə üçün Ermənistan tərəfi on il bundan əvvəl bu şərtlərə razı olmurdu, bu gün buna şifahi qaydada razılığını vermişdir. Mən tam əminəm ki, bunun əsas səbəbi Azərbaycanın uğurlu siyasətidir, bizim siyasi və diplomatik qələbələrimizdir, uğurlu enerji siyasətimizdir, Azərbaycanın artan iqtisadi və hərbi potensialıdır və dünya birliyinin Azərbaycanın mövqeyinə göstərdiyi dəstəyin nəticəsidir.
Bugünkü reallığı əks etdirən bütün vəziyyəti təhlil etmək üçün biz əlbəttə ki, 1990-cı illərin ortalarına qayıtmalıyıq. Məhz o vaxt ölkəmizin müstəqilliyi üçün, dövlətçiliyin möhkəmlənməsi, Azərbaycanın müasir dövlətə çevrilməsi üçün çox lazımlı, müdrik və cəsarətli addımlar atılmışdır. O vaxt başlanmış və bu gün uğurla davam etdirilən siyasi və iqtisadi islahatlar Azərbaycanın hərtərəfli inkişafı üçün çox mühüm rol oynayır. Biz siyasi islahatlara da sadiqik. Azərbaycanda qanunun aliliyi üçün lazımi tədbirlər görülür. Demokratik proses çox müsbət istiqamətdə inkişaf edir. İnsan haqları lazımi səviyyədə qorunur və mən tam əminliklə deyə bilərəm ki, demokratik inkişaf baxımından Azərbaycan heç kimdən geridə deyildir. Biz bir çox hallarda digər ölkələr üçün, bölgədə yerləşən başqa ölkələr üçün nümunə ola bilərik. Çünki demokratiya xalqın iradəsi deməkdir və Azərbaycanda nə baş verirsə, nə həll olunursa, xalqın iradəsi ilə olur. Əgər xalqın dəstəyi, bizim bütün təşəbbüslərimizə müsbət münasibəti olmasaydı, bunların heç birini etmək mümkün olmazdı və bəzi ölkələrin keçmiş və yaxın tarixi bunu göstərir. Harada ki, xalq tərəfindən iqtidarın siyasəti dəstəklənmir, orada xoşagəlməz proseslər baş verir, xaos, daxili qarşıdurma yaranır və beləliklə ölkələr əziyyət çəkir. Belə ölkələr daim münaqişə şəraitində yaşayır və belə şəraitdə, əlbəttə ki, heç bir inkişafdan söhbət gedə bilməz.
Azərbaycanın uğurlarının əsas səbəbi ondadır ki, bizim bütün təşəbbüslərimiz, aparılan siyasət, - istər xarici, istər daxili, - xalq tərəfindən şüurlu şəkildə dəstəklənir və biz bu dəstəyi hiss edirik. Biz gördüyümüz bütün işlərdə xalqa arxalanırıq. Ona görə bir daha demək istəyirəm ki, Azərbaycan demokratik ölkədir, Azərbaycanda insan haqları lazımi səviyyədə qorunur və siyasi islahatların davam etdirilməsi, demokratiyanın inkişaf etdirilməsi üçün bundan sonra da lazımi tədbirlər görüləcəkdir.
Biz bütün siyasi qüvvələrlə sivilizasiyalı münasibətlərin tərəfdarıyıq. Mübarizənin sivilizasiyalı formasının tərəfdarıyıq və dəfələrlə bunu nümayiş etdirmişik. Siyasi mədəniyyət, müasir siyasi davranış qaydalarını nümayiş etdirmişik. Ona görə yox ki, biz kimdənsə çəkinirik, yaxud da başqa qüvvələrdən daha da çox əməkdaşlığa meyilliyik. Yox, bu, sadəcə olaraq, ölkəmizin hərtərəfli inkişafı üçün lazımdır.
Ancaq əfsuslar olsun ki, qarşı tərəfdən biz sivilizasiyalı mübarizə qaydalarını görmürük. Əksinə, onların seçdiyi yol pozuculuq yoludur və bu yol nə onlara xeyir gətirə bilər, nə də cəmiyyətə. Əlbəttə, biz bundan sonra da çalışacağıq ki, sivilizasiyalı qaydada mübarizə aparaq. Ancaq bununla bərabər demək istəyirəm ki, biz mübarizənin istənilən formasına da hazırıq və Azərbaycanın keçmiş tarixi bunu göstərmişdir. 2003-cü ildə prezident seçkiləri ərəfəsində vəziyyəti zorla dəyişmək istəyən qüvvələrin fəaliyyətinin nə ilə nəticələndiyini biz yaxşı xatırlayırıq. 2005-ci ildə burada "narıncı inqilab" etmək istəyənlərin də aqibətini yaxşı xatırlayırıq. Başına narıncı rəngdə bant bağlamaqla insanlar inqilabçı olmur. İnqilabçı olmaq üçün, birincisi, insanlar gərək cəsarətli olsunlar, ikincisi də, vəziyyət gərək bu şəraiti şərtləndirsin. Azərbaycanda nə o var idi, nə də bu.
Bir sözlə, biz ümid edirik ki, gələcəkdə və xüsusilə prezident seçkiləri ərəfəsində bütün siyasi qüvvələr qanun çərçivəsində fəaliyyət göstərəcəklər. Əgər belə olarsa, onda seçkilər çox rahat, çox sakit şəraitdə, yəni ideya mübarizəsi zəminində keçiriləcəkdir. Yox, əgər kimsə başqa yolu seçərsə, bir daha demək istəyirəm ki, biz hər cür mübarizəyə hazırıq və lazım gələrsə, yenidən bizə qarşı olan bütün qüvvələrin dərsini verməyə hazırıq.
Onu da, qeyd etmək istəyirəm ki, biz ölkəmizi demokratik yolla inkişaf etdirərkən, bunu kiminsə xoşuna gəlmək üçün etmirik. Biz bunu ona görə edirik bu, zəmanənin tələbidir. Azərbaycanın çox gözəl iqtisadi imkanları var və bu imkanlar artıq Azərbaycan xalqının rifah halının yaxşılaşmasında özünü göstərir və belə olan halda, siyasi və iqtisadi islahatlar bir-birini tamamlamalıdır. İqtisadi cəhətdən güclü olmayan ölkələrdə, adətən, demokratik proseslər də ləng gedir və əksinə, demokratiya olmayan yerdə istənilən təbii resurslar tərəqqiyə gətirmir. Ona görə mən tam əminəm ki, - bu barədə bundan əvvəl də bir neçə dəfə öz fikirlərimi söyləmişdim, - biz bu iki istiqamətdə islahatları paralel şəkildə davam etdirməliyik. Belə olan halda, Azərbaycanın davamlı və dayanıqlı inkişafı təmin olunacaqdır.
Bu gün iqtisadi inkişaf baxımından Azərbaycanın göstəriciləri bütün dünyanı heyran edir. Həm xarici mətbuatdan, həm də Azərbaycanda səfərdə olan başqa ölkələrin nümayəndələrinin çıxışlarından biz bunu bilirik. Doğrudan da, son dörd il ərzində iqtisadiyyatımız 2 dəfə artıbdır. Büdcə xərclərimiz 10 dəfədən çox artıbdır. Ölkədə geniş quruculuq-abadlıq işləri aparılır. Demək olar ki, bütün infrastruktur yeniləşir, yeni sənaye müəssisələri açılır, yollar salınır, Azərbaycanda enerji təhlükəsizliyi məsələləri tam şəkildə öz həllini tapıbdır. Biz sosial məsələlərin həlli üçün də çalışırıq və bundan sonra da çalışacağıq. Həm sosial infrastukturun yeniləşməsi, yaradılması sahəsində görülən işlər, həm də insanların sosial müdafiəsinin güclənməsi sahəsində işlər davam edəcəkdir. Yaxın zamanlarda minimum əmək haqqının və minimum pensiyanın məbləği yenidən artırılacaqdır. Bir sözlə, bizim sosial siyasətimiz çox güclüdür.
Yeni Azərbaycan Partiyası xalq partiyası kimi yaranmışdır və xalq partiyası kimi fəaliyyətini davam etdirir. Belə olan halda, bizim üçün birinci dərəcəli vəzifə Azərbaycan vətəndaşlarının yaxşı yaşamasıdır. Azərbaycan xalqının təhlükəsiz, gözəl şəraitdə və maddi cəhətdən yaxşı təmin olunmuş şəkildə yaşaması bizim üçün çox vacibdir. Əhalinin aztəminatlı təbəqələrinin vəziyyətinin yaxşılaşdırılması üçün lazımi tədbirlər görülür.
Ancaq biz onu da bilirik ki, bütün bu sosial proqramları həll etmək üçün güclü iqtisadiyyat lazımdır və iqtisadi islahatlara çox böyük diqqət göstərilibdir. Mən o rəqəmləri təkrarlamaq istəmirəm, bir daha demək istəyirəm, ancaq bizim gözəlləşən şəhərlərimiz, abadlaşan kəndlərimiz və gördüyümüz bu dəyişikliklər o rəqəmlərdən daha yaxşı məlumat verə bilər.
Bizim düşünülmüş proqramımız var, bütün sahələr üzrə düşünülmüş iş cədvəli var və iqtisadi inkişafın genişlənməsi, o cümlədən qeyri-neft sektorunun, özəl sektorun inkişafı üçün bundan sonra da lazımi tədbirlər görüləcəkdir. Mənə verilən son məlumata əsasən, bir rəqəmi demək istəyirəm ki, altı ayın yekunlarına görə, Azərbaycan iqtisadiyyatında özəl sektorun çəkisi artıb və indi 84 faiz təşkil edir. Bu onu göstərir ki, Azərbaycan iqtisadiyyatının mütləq əksəriyyəti bazar iqtisadiyyatı prinsipləri əsasında qurulubdur. Qalan 16 faiz ki, dövlət qurumları tərəfindən formalaşdırılır, orada da bazar iqtisadiyyatı prinsipləri mövcuddur. Sadəcə olaraq, bu işlər dövlət şirkətləri tərəfindən görülür. Yəni bu onu göstərir ki, Azərbaycanda iqtisadi liberallaşma tam təmin olunubdur. İqtisadi liberallaşma isə siyasi liberallaşma aparılmadan mümkün deyildir. Bunu müxtəlif ölkələrin timsalında görə bilərik. Qeyri-demokratik ölkələrdə əsas gəlir mənbəyi dövlət qurumlarıdır. İqtisadiyyatın əsas hissələri dövlət nəzarətindədir. Ancaq demokratik ölkələrdə özəl sektorun çəkisi, ümumi daxili məhsuldakı çəkisi yüksək olur. Yəni bu, ən gözəl göstəricidir və onu göstərir ki, bütün aparılan islahatlar, görülmüş işlər düzgün istiqamətdədir.
Bizim gələcək planlarımız da çox açıqdır, aydındır. Biz növbəti 5 il ərzində regional inkişaf proqramını davam etdirəcəyik. İnfrasturktur layihələrinin əsas hissəsi başa çatmalıdır. Azərbaycanda çox gözəl sosial infrastuktur yaradılmalıdır. Bir sözlə, ölkəmizin hərtərəfli inkişafı üçün nə lazımdır ediləcək və bunun üçün artıq bizim maliyyə imkanlarımız var.
Bir daha demək istəyirəm ki, bütün bu işlərin təməlində 1990-cı illərin ortalarında Heydər Əliyev tərəfindən görülmüş tədbirlər dayanır. Məsələn, bizim uğurlu neft siyasətimiz. Bu gün sirr deyil ki, iqtisadiyyatımızın böyük hissəsi enerji sektoruna bağlıdır və bu, yəqin ki, gələcək illərdə də davam edəcəkdir. Bütün bu işlərin təməli 1990-cı illərin ortalarında qoyulmuşdur. Bu gün Azərbaycan özünün enerji təhlükəsizliyini tam şəkildə təmin edibdir. Deyə bilərəm ki, dünya birliyində əksər ölkələrdə bu problem çox ciddiləşib və gələcəkdə daha da ciddiləşəcəkdir. Çünki təbii enerji resursları mövcud olmayan ölkələrdə, əlbəttə ki, çətinliklər gözlənilə bilər. Biz bunu tam şəkildə təmin etmişik və indi Azərbaycan nəinki özünü, qonşu ölkələri və gələcəkdə daha da geniş coğrafiyanı əhatə edən ölkələri enerji resursları ilə təmin edəcəkdir. Bu, bizim iqtisadi imkanlarımızı gücləndirir və sirr deyil ki, bizim siyasi mövqelərimiz böyük dərəcədə möhkəmlənmişdir. Biz bütün ölkələrlə bərabərhüquqlu münasibətlərin qurulmasının tərəfdarıyıq və siyasətimiz bu istiqamətdə aparılır.
Bu gün biz artıq nəqliyyat təhlükəsizliyi məsələlərini həll edirik və Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisinin başlanması böyük tarixi bir hadisədir. Enerji təhlükəsizliyi, nəqliyyat təhlükəsizliyi məsələləri ilə yanaşı, indi vəzifə qoyulubdur ki, ərzaq təhlükəsizliyi tam şəkildə, maksimum dərəcədə təmin olunsun, Azərbaycan özünü tam sığortalanmış hiss etsin. Çünki bu gün dünyada gedən proseslər bəzi hallarda ona gətirib çıxarır ki, hətta bazar iqtisadiyyatı prinsipləri tətbiq olunduğu halda da, bəzi məhsulların idxal edilməsində problemlər yarana bilər. Biz artıq bunun ilkin əlamətlərini görmüşük və bəri başdan bütün tədbirləri görməliyik ki, Azərbaycanın bütün tələbatları maksimum dərəcədə yerli istehsal sahəsində formalaşsın və Azərbaycanın güclü ixrac potensialı yaradılsın.
Bütün bu görülən işlər ölkəmizi gücləndirir. Bu gün Azərbaycanın çox gözəl beynəlxalq mövqeləri var. Müxtəlif ölkələrlə çox səmərəli, ikitərəfli münasibətlərimiz var. Biz bölgədə gedən bütün proseslərin fəal iştirakçısıyıq və öz siyasətimizi əməkdaşlıq əsasında qururuq. Biz istəyirik ki, bütün ölkələr arasında münasibətlər bərabərhüquqlu olsun, ölkələr bir-birinin işlərinə qarışmasınlar, bir-biri ilə əməkdaşlıq etsinlər və dostluq əlaqələri genişəndirilsin. Budur, bizim siyasətimizin əsas prinsipləri. Mən tam əminəm ki, əgər bütün ölkələr bu prinsiplərə sadiq olsalar, əgər bütün ölkələr ancaq öz daxili işləri ilə məşğul olsalar, bəlkə də, dünyada heç bir müharibə də olmazdı.
Hər halda, artıq mən tam qətiyyətlə deyə bilərəm ki, istər iqtisadi islahatlar sahəsində, istərsə də siyasi proseslərin inkişafında bizim nümunəmiz öyrənilir. Azərbaycanda millətlərarası münasibətlər öyrənilir, Azərbaycanda tolerantlıq, dözümlülük prinsipləri öyrənilir. Mən tam əminliklə deyə bilərəm ki, bütün bu istiqamətlərdə Azərbaycan başqa ölkələr üçün də nümunə ola bilər. Çünki biz bilirik nə istəyirik, biz bilirik hansı məqsədlərə doğru gedirik. Bizim siyasətimiz açıqdır, aydındır, atılan addımlarımız düzgün istiqamətdədir və məqsədimiz ölkəmizi daha da gücləndirmək, dünyada Azərbaycanın mövqelərini möhkəmləndirməkdir.
Bizim siyasətimiz Heydər Əliyev siyasətidir, Heydər Əliyevin qoyduğu yoldur. Bizim dayağımız Azərbaycan xalqıdır və iqtidarın mənbəyi xalqdır. Biz bütün təşəbbüslərdə Azərbaycan xalqının dəstəyinə arxalanırıq. Bizim ideologiyamız azərbaycançılıq, dövlətçilik, müstəqillik ideologiyasıdır. Bu da bütün cəmiyyəti birləşdirir və biz bu yolla uğurla addımlayırıq. Bu yol yeganə düzgün yoldur və bu yolda Yeni Azərbaycan Partiyasının bütün üzvlərinə və bütün Azərbaycan xalqına yeni qələbələr, yeni uğurlar arzulayıram. Sağ olun.