Yeni Azərbaycan Partiyasının Sədr müavini - icra katibi, Milli Məclisin deputatı Əli Əhmədovun çıxışı
- Möhtərəm cənab Prezident!
Hörmətli qurultay iştirakçıları!
Yeni Azərbaycan Partiyasının IV qurultayı və güman edirəm ki, bizimlə birlikdə bütün Azərbaycan cəmiyyəti tarixi anlarını yaşayır. Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri möhtərəm cənab İlham Əliyevin geniş və dərin məzmunlu proqram nitqi ölkəmizin həm bu günü, həm də gələcəyinin aydın və fərəhləndirici mənzərəsini yaratdı. İndi isə nümayəndələrin yeganə təklifi əsasında qurultayımızın baş qərarı qəbul edilməli - Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri, möhtərəm cənab İlham Əliyevin 2008-ci il 15 oktyabr seçkilərində namizədliyi irəli sürülməlidir.
Etiraf etmək qürur doğurur ki, 2008-ci il 15 oktyabr prezident seçkilərində hörmətli İlham Əliyevin namizədliyinin Yeni Azərbaycan Partiyası tərəfindən irəli sürülməsi, əslində, cəmiyyətin və xalqın çoxdan gəldiyi qənaətin partiya forumunda etiraf edilməsi və təsdiq olunmasıdır. Azərbaycanda bəzi ölkələrdə olduğu kimi, prezidentliyə namizədi müəyyən etmək üçün ilkin seçim keçirilməsi ənənəsi yoxdur. Lakin xalqımıza qabaqcadan, özü də heç bir səhvə yol vermədən seçimini etmək müdrikliyi xasdır. Məhz bu müdriklik sayəsində Azərbaycanda dəfələrlə ən düzgün qərarlar qəbul olunub və qurultayımızda səslənən fikirlər bir daha sübut edir ki, xalqımız artıq yenə də özünün müdrik seçimini etmişdir. Bu seçim hər bir ailənin, hər bir vətəndaşın daxili inamından qaynaqlanır və məhz buna görə də onun ictimai dəyəri "praymeriz" deyilən heç bir ilkin seçimlə müqayisəyə gəlməyən dərəcədə güclü və şəffafdır.
Prezident İlham Əliyevin növbəti dəfə namizədliyinin irəli sürülməsi məhz belə bir seçim olması ilə tariximizə düşür və Yeni Azərbaycan Partiyasının IV qurultayının nümayəndələri xalqın rəyini rəsmiləşdirmək kimi şərəfli bir missiyanı yerinə yetirməyin onlara nəsib olmasından kifayət qədər məmnundurlar.
Vətəndaşların ölkəyə layiqli rəhbər seçmək haqqı xalqın öz taleyinə sahib olmaq hüququnun təməl prinsipidir. Bu gün Azərbaycan xalqı yalnız və yalnız daxili inamına söykənərək, prezident seçkilərində cənab İlham Əliyevin namizədliyini irəli sürməklə öz siyasi taleyinə sahib olmaq haqqını qətiyyətlə ifadə etmiş olur. Eyni zamanda, bu seçim cəmiyyətimiz tərəfindən belə bir həqiqətin dərk edilməsidir ki, Azərbaycanın müstəqilliyinin ən bariz ifadəsi İlham Əliyev və onun həyata keçirdiyi müstəqil siyasətdir.
- Hörmətli cənab Prezident!
Hörmətli qurultay nümayəndələri!
Azərbaycan cəmiyyətinə xas olan nikbin ictimai ovqat və yüksək seçki əhval-ruhiyyəsi xalqın Prezidentə - İlham Əliyevə dərin və sarsılmaz inamına əsaslanır. Bu inam sınaqlardan keçib, Prezidentin son 5 ildəki gərgin əməyinə və bunun möhtəşəm nəticələrinə söykənir. Bu inam hər addımda müşahidə etdiyimiz amildən - prezidentlə xalqın sarsılmaz mənəvi bağlılığından qaynaqlanır. Bu inam Prezident İlham Əliyevin Azərbaycanda hakimiyyət fəlsəfəsinə yeni məna çalarları gətirmiş "mən hər kəsin prezidenti olacağam" çağırışından qaynaqlanır. Nəhayət, bu inam mayasında Heydər Əliyev sevgisi dayanan ümumxalq rəğbətindən qüdrət alır.
2003-cü ilin prezident seçkiləri ərəfəsində ümummilli lider Heydər Əliyev xalqa müraciətində deyirdi: "Mən İlham Əliyevə özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm". İndi bütün xalq İlham Əliyevə inanır və onun rəhbərliyi altında Azərbaycanın xoşbəxt gələcəyinə böyük ümidlər bəsləyir.
Qurultay xüsusi iftixar hissi ilə vurğulayır ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında qısa müddət ərzində:
- ölkənin iqtisadiyyatının 2 dəfə, dövlət büdcəsinin həcminin 10 dəfədən çox artması;
- Azərbaycanın 4 il dalbadal dünyada ən yüksək iqtisadi inkişaf göstəricilərini nümayiş etdirməsi;
- ölkəmizin birmənalı şəkildə bölgənin lider dövləti kimi etiraf olunması;
- 650 mindən çox yeni iş yerlərinin açılması ilə ölkədə məşğulluğun mənzərəsinin kökündən dəyişdirilməsi;
- dövlət büdcəsi hesabına və Heydər Əliyev Fondunun və onun prezidenti hörmətli Mehriban xanım Əliyevanın bilavasitə dəstəyi ilə 1200-dən çox yeni məktəbin tikilməsi və ya əsaslı təmir edilməsi, respublikanın bütün regionlarında onlarca ən müasir səhiyyə ocaqlarının əhalinin istifadəsinə verilməsi;
- vüsətli quruculuq-abadlıq işlərinin və müasir infrastruktur layihələrinın Azərbaycanın simasını büsbütün yeniləşdirməsi və müasirləşdirməsi;
- Azərbaycanın bütün regionlarının sürətli inkişafına təkan verən yeni konsepsiya əsasında ölkənin tarazlı inkişafının təmin edilməsi;
- uzun illər Azərbaycanın yaşadığı humanitar fəlakətin acı mənzərəsi olan çadır şəhərciklərinin bütünlüklə ləğv edilərək, əvəzində yeni salınan və hər cür şəraiti olan 56 müasir qəsəbələrin məcburi köçkünlərin həyatına tamamilə yeni məna verməsi;
- ölkənin artan iqtisadi gücünün hərbi - siyasi və diplomatik gücə çevrilməsi sayəsində Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizama salınmasında Azərbaycanın mövqelərinin həlledici dərəcədə güclənməsi;
- ardıcıl olaraq həyata keçirilən tarazlaşdırılmış xarici siyasət nəticəsində Azərbaycanın regionda və beynəlxalq aləmdə nüfuzunun və əhəmiyyətinin artması;
- bunların məntiqi nəticəsi olaraq, Azərbaycan Respublikası Prezidentinin şəxsi nüfuzunun yüksəlməsi, regional və beynəlxalq proseslərə fəal təsir göstərən lider kimi birmənalı şəkildə etiraf olunması İlham Əliyevə olan dərin inamı və böyük ümidləri daha da möhkəmləndirir.
Bütün bunlar Prezident İlham Əliyevin tarixi missiyasının və xidmətlərinin yalnız qısa siyahısıdır. Qeyd etmək yerinə düşər ki, xalqın və partiyamızın növbəti prezident seçkilərində cənab İlham Əliyevin namizədliyini irəli sürmək qərarı təkcə artıq tariximizə qovuşmuş nailiyyətlərlə bağlı deyildir. Bu seçim habelə növbəti illərdə cənab İlham Əliyevin Azərbaycanın gələcəyinə daha çox töhfələr verə biləcəyinə dərin inamdan qaynaqlanır. Azərbaycan Respublikasının Prezidenti möhtərəm cənab İlham Əliyevin qurultaydakı dərin məzmunlu proqram çıxışı hər birimizdə bu inamı daha da möhkəmləndirmişdir.
İnanırıq ki, ötən beş ilin uğurları növbəti beş ildə daha geniş vüsət alacaq, ölkəmiz 1969-cu ildən seçdiyi Heydər Əliyev yolu ilə daha da irəliyə gedəcək, Həmişə vətənimizə uğurlar gətirən Heydər Əliyev siyasətinin kökündə dayanan tükənməz enerji onu daim yüksəldəcəkdir. Təsadüfi deyil ki, bir dəfə etdiyi seçiminə sadiq qalan xalqımızın 2008-ci ilin 15 oktyabr prezident seçkilərində seçdiyi şüar da məhz bizi irəliyə səsləyir: "İlhamla irəliyə!"
Tariximizin və taleyimizin növbəti şərəfli səhifəsini yazan Yeni Azərbaycan Partiyasının IV qurultayı:
- Azərbaycan xalqının və 450 minlik Yeni Azərbaycan Partiyasının üzvlərinin iradəsini ifadə edərək,
- Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev siyasətinə sədaqətini bir daha nümayiş etdirərək və bu siyasətin alternativinin olmadığını qəbul edərək,
- Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın iqtisadi, siyasi, sosial və beynəlxalq sahələrdə möhtəşəm inkişafını və nailiyyətlərini yüksək qiymətləndirərək,
- Heydər Əliyev siyasətinin layiqli davamçısı Prezident İlham Əliyevin səyləri ilə Azərbaycanın növbəti 5 ildə daha sürətli sosial-iqtisadi inkişafının, gücünün və qüdrətinin daha da artacağına dərindən inanımını ifadə edərək qərara alır:
Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyev Yeni Azərbaycan Partiyası tərəfindən Azərbaycan Respublikası Prezidentliyinə namizəd irəli sürülsün
Prezident İlham ƏLİYEV qurultay nümayəndələrinə təşəkkür edərək dedi:
Əziz qurultay iştirakçıları!
Əziz Yeni Azərbaycan Partiyasının üzvləri!
İlk növbədə, mənim haqqımda deyilən bütün sözlərə görə və qurultay tərəfindən verilən dəstəyə görə sizə dərin minnətdarlığımı bildirmək istəyirəm. Bütün partiya üzvlərinə yeni-yeni qələbələr, yeni-yeni uğurlar arzu etmək istəyirəm.
Sizi və bütün Azərbaycan xalqını əmin etmək istəyirəm ki, əgər Azərbaycan xalqı yenidən mənə etimad göstərsə, mən ölkəmizin hərtərəfli inkişafı üçün, Azərbaycanın dövlət müstəqilliyinin möhkəmləndirilməsi üçün, Azərbaycan xalqının milli maraqlarının yüksək səviyyədə qorunması üçün öz səylərimi əsirgəməyəcəyəm, Azərbaycan xalqına, doğma vətənə ləyaqətlə xidmət edəcəyəm.
Əli ƏHMƏDOV: Hörmətli cənab Prezident!
İzn verin, qurultay nümayəndələrinin Sizin namizədliyinizi dəstəkləməklə əlaqədar sürəkli və hərarətli alqışlarını qurultayın qərarını birmənalı şəkildə dəstəkləmələri hesab edək.
Cənab Prezident!
Sizi təbrik edirik. Bütün qurultay nümayəndələrini təbrik edirik, bütün xalqımızı təbrik edirik. Əmin ola bilərsiniz ki, Yeni Azərbaycan Partiyasının 450 min üzvü və təbiidir ki, cəmiyyətimizin böyük əksəriyyəti "İlhamla irəli!" deyərək, qarşıdan gələn prezident seçkilərinin Sizin adınıza və göstərdiyiniz işlərin səviyyəsinə layiq şəkildə keçirilməsi üçün hər cür fədakarlığa hazırdırlar. Siz buna əmin ola bilərsiniz və inşallah, seçkilər bunu bir daha nümayiş etdirəcəkdir. Xeyirli, uğurlu olsun!