YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Yeni Azərbaycan Partiyası Sədrinin müavini, Milli Məclisin deputatı Murtuz Ələsgərovun çıxışı

Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri, Zati-aliləri möhtərəm cənab İlham Əliyev! 
Hörmətli qurultay nümayəndələri! 
Yeni Azərbaycan Partiyasının bu möhtəşəm kompleksdə keçirilən növbəti, IV qurultayı ölkəmizin ictimai-siyasi həyatında mühüm hadisədir. Bizim partiyamız Heydər Əliyev yolu ilə irəliləyərək, çox böyük və şərəfli yol keçibdir. Qəti inamla deyə bilərik ki, cəmiyyətin avanqard siyasi qüvvəsi kimi Yeni Azərbaycan Partiyası xalqımızın qarşısında duran vəzifələrin yerinə yetirilməsinə özünün layiqli töhfəsini vermişdir və bu yolu əzmkarlıqla davam etdirən möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərliyi altında ləyaqətlə xalqa xidmət göstərir. 
Partiyamız yarandığı vaxtdan xalqımıza xidmət onun başlıca amalı olmuşdur. Ümummilli liderimiz Heydər Əliyevin müəyyən etdiyi dövlətçilik prinsipinə söykənən Yeni Azərbaycan Partiyası ölkəmizin ən qabaqcıl nümayəndələrini öz sıralarında birləşdirərək, müstəqil Azərbaycan dövlətinin qurulması yolunda geniş, çoxşaxəli fəaliyyət göstərmişdir. 
Yeni Azərbaycan Partiyası tarixi zərurətdən yaranmışdır. Partiyamızın 1992-ci ilin noyabr ayında Naxçıvanda keçirilən təsis konfransı və orada qəbul edilən qərarlar ölkəmizin sonrakı inkişafında həlledici rol oynadı. Biz, partiya veteranları o günləri xatırlayarkən qürur və iftixar hissi keçiririk. Buna bizim əsasımız vardır. Partiyamız dövlət müstəqilliyini itirmək təhlükəsi ilə üz-üzə qalan Azərbaycanı ulu öndər Heydər Əliyevin rəhbərliyi altında qısa zaman kəsiyində güclü bir dövlətə çevirə bildi. Heydər Əliyevin sayəsində ölkəmizin müstəqilliyinin dönməzliyi təmin edildi, Azərbaycanın sosial-iqtisadi inkişafının möhkəm bazası yaradıldı, hərbi münaqişədə atəşkəsə nail olundu. Uğurlu neft strategiyası Azərbaycanın sürətli inkişafının, xalqın rifahının yaxşılaşdırılmasının zəmini oldu. 
Hörmətli qurultay nümayəndələri! 
Bu gün ölkəmiz Heydər Əliyev siyasətini uğurla irəli aparan möhtərəm Prezidentimiz cənab İlham Əliyevin praqmatik, qətiyyətli və çevik siyasəti sayəsində bütün sahələrdə möhtəşəm uğurlara nail olmuşdur. İndi Azərbaycanın inkişafından təkcə ölkə vətəndaşları deyil, ən mötəbər beynəlxalq iqtisadi və maliyyə qurumları da həvəslə danışırlar. Deyərdim ki, ölkəmiz böyük iqtisadi sıçrayışı ilə bütün dünyanı yaxşı mənada heyrətə salmışdır. 
Yəqin ki, hər birimiz hörmətli Prezidentimizin həyata keçirdiyi uğurlu siyasətin nəticələrini faktlarla qeyd edə bilərik. Bugünkü qurultayda iştirak edən partiyamızın nümayəndələri ölkəmizin kənd, qəsəbə və şəhərlərində həyata keçirilən böyük quruculuq və abadlıq işlərinin birbaşa şahidləri və iştirakçılarıdır. Azərbaycanın, demək olar ki, son 20 illik tarixinin ən canlı şahidi kimi bildirmək istəyirəm ki, bu gün əhalinin əhval-ruhiyyəsini ötən əsrin 90-cı illərinin əvvəlləri ilə heç cür müqayisə etmək olmaz. Mən deyərdim ki, bu illər ərzində əldə etdiyimiz ən böyük uğurlardan biri xalqımızın sabaha olan inamının artmasıdır. Xalqımız ümummilli lider Heydər Əliyevin müəyyən etdiyi xətlə sürətli inkişaf yoluna qədəm qoyan Azərbaycanın öz gücünə, müstəqil dövlətimizin artan nüfuzuna çox böyük inam bəsləyir. Xalqın öz gücünə inamı isə böyük amildir. Harada yaşamasından asılı olmayaraq, hər bir azərbaycanlı müstəqil Azərbaycan dövlətinin himayəsini və nüfuzunu öz üzərində hiss edir. Məmnunluq hissi ilə qeyd etmək istərdim ki, bu inamın yeni şəraitdə, dünyada baş verən böyük dəyişikliklər fonunda əldə olunmasında möhtərəm Prezidentimiz cənab İlham Əliyevin müstəsna xidməti vardır. Prezidentimiz xalqa, onun inamına arxalanaraq, tam müstəqil siyasət yeridir, beynəlxalq aləmdə Azərbaycanın maraqlarını böyük cəsarət və qətiyyətlə qoruyur. 
Sevindirici haldır ki, bütün göstəricilərə görə bu gün ölkəmiz dünyanın inkişaf edən dövlətləri sırasına daxil olmuşdur. Bütün bunlar inamla söyləməyə əsas verir ki, üzləşdiyimiz ən çətin problemimiz olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ problemi, məhz Prezidentimiz cənab İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasət sayəsində özünün həllini tapacaqdır. Azərbaycan özünün ərazisinin bir qarışını da olsun düşmənə güzəştə getməyəcəkdir. Prezidentimizin bu qətiyyətli mövqeyini bütün Azərbaycan xalqı müdafiə edir və alqışlayır. 
Əziz dostlar! 
Yeni Azərbaycan Partiyasının IV qurultayının gündəliyində dayanan əsas məsələlərdən biri də oktyabr ayında keçiriləcək prezident seçkilərinə öz namizədimizi irəli sürməkdir. Şəksiz, bizim namizədimiz Heydər Əliyev siyasi xəttinin layiqli davamçısı, ölkə başçısı cənab İlham Əliyevdir. 
Əslində, bu seçim Azərbaycan xalqı tərəfindən çoxdan, dahi öndərimiz Heydər Əliyevin "Mən ona özüm qədər inanıram" fikrini dediyi vaxtdan başlanmışdır. Xalqımız öz seçimini edib və böyük inamla, etibarla sabaha - İlhamlı sabaha, gələcəyə uğurla addımlayır. 
İlham Əliyevlə birlikdə bizi daha böyük qələbələr, xalqımızı firavanlıq və əmin-amanlıq günləri gözləyir. Partiyamızın bütün üzvlərinin, Heydər Əliyev ideyalarını yaşadanların, Azərbaycanın parlaq gələcəyinə inananların, ümumilikdə, Azərbaycan xalqının qarşıdan gələn prezident seçkilərində ölkə başçısı, Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyevə bir daha səs verəcəklərinə inanıram. Möhtərəm cənab sədr, elə bu səbəbdəndir ki, bu gün burada Sizi və bütün qurultay nümayəndələrini, hörmətli qonaqları qarşıdakı prezident seçkilərində qazanacağınız şanlı qələbə münasibətilə öncədən təbrik etmək istəyirəm. 
Sağ olun, təşəkkür edirəm.