Azərbaycan Milli Elmlər Akademiyasının Prezidenti Mahmud Kərimovun çıxışı
-Möhtərəm cənab Prezident!
Hörmətli qurultay nümayəndələri!
Azərbaycan Milli Elmlər Akademiyasının çoxsaylı əməkdaşları, alimlər, ziyalılar adından və şəxsən öz adımdan qurultay iştirakçılarını salamlayır və müstəqil respublikamızın bugünkü inkişafında mühüm xidmətləri olan Yeni Azərbaycan Partiyasına gələcək fəaliyyətində də uğurlar arzulayıram!
Təməli respublikamızın ağır günlərində ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş, məramı xalqımıza və dövlətçiliyimizə xidmət etmək olan Yeni Azərbaycan Partiyası az bir müddət ərzində xalqımızın müxtəlif təbəqələrindən olan çoxsaylı nümayəndələri öz sıralarında sıx birləşdirərək, Azərbaycanın ən yeni tarixində heç bir sosial-siyasi təsisatla müqayisə olunmayacaq müstəsna xidmətlər göstərmişdir.
Yeni Azərbaycan Partiyası cəmiyyətimızın bütün mütərəqqi qüvvələrini özündə birləşdirməklə yanaşı, həm də ziyalıların, intellektual elitanın partiyasıdır. Respublika elmi ictimaiyyətini müxtəlif elm sahələrində təmsil edən alimlərin - elmlər doktorlarının, professorların, akademiklərin böyük əksəriyyəti Yeni Azərbaycan Partiyasının sıralarında təmsıl olunaraq, ictimai fikrin düzgün formalaşmasında, milli, demokratik dövlət quruculuğunda öz səy və bacarıqlarını əsirgəmirlər.
Azərbaycan Milli Elmlər Akademiyasının, habelə digər elm və təhsil müəssisələrinin strukturlarında fəaliyyət göstərən Yeni Azərbaycan Partiyasının təşkilatlarında təmsil olunan əməkdaşlar partiyanın I və II qurultaylarında ulu öndər Heydər Əliyevin proqram xarakterli çıxışlarının, həmçinin III qurultayda Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyevin çıxışının müddəalarını rəhbər tutaraq, öz işlərini günün tələbləri səviyyəsində qurmuş, müstəqil respublikamızın inkişafı naminə səylə çalışmışlar.
Yeni Azərbaycan Partiyasının yeritdiyi düzgün siyasi xəttin nəticəsində 2003-cü ilin oktyabrında xalqın mütləq əksəriyyətinin etimadını qazanaraq, Azərbaycan Respublikasının Prezidenti seçilmiş cənab İlham Əliyev beşillik prezidentlik dövrünün ilk günlərindən etibarən ölkəmizin siyasi, iqtisadi, mədəni, elmi və digər sahələrdə inkişafını daha da sürətləndirmək, beynəlxalq aləmdə nüfuzunu və mövqelərini gücləndirmək, habelə xalqın maddi rifah halını yaxşılaşdırmaq naminə yorulmadan, səylə, qətiyyətlə çalışmış, xalqın, o cümlədən ölkə ziyalılarının etimadını bütünlüklə doğrultmuşdur. Son illərdə ölkə həyatının ən müxtəlif sahələrində müşahidə edilən yüksək inkişaf sürəti isə bu fəaliyyətin ciddi elmi əsaslara söykəndiyini və konkret nəticələr verdiyini əminliklə söyləməyə əsas verir.
Azərbaycan Prezidenti cənab İlham Əliyev ümummilli liderimiz Heydər Əliyevin rəhbərliyi altında sosial, iqtisadi, siyasi, hüquqi, elmi və digər sahələrdə başlanmış fundamental islahatları bu dövrdə uğurla davam etdirmişdir.
Cənab İlham Əliyev prezidentlik müddətində ümummilli liderimiz Heydər Əliyevin elm, təhsil və mədəniyyət sahəsinə göstərdiyi qayğını ardıcıl davam etdirmiş, qısa müddət ərzində xalqımızın müxtəlif təbəqələrini təmsil edən vətəndaşların sosial vəziyyətinin yaxşılaşdırılması, ayrı-ayrı alimlərin təltif olunması, elmi tədqiqat müəssisələrinin işinin stimullaşdırılması ilə bağlı bir sıra sərəncamlar imzalamışdır. Qeyd edim ki, bu sərəncamlar Azərbaycan elminin inkişafında xüsusi xidməti olan alimlərin zəhmətinə dövlət başçısı tərəfindən verilmiş yüksək qiymətin, respublikamız üçün prioritet hesab olunan elm sahələrinin inkişafının stimullaşdırılmasının, gənc alimlərə və tələbələrə böyük qayğının təzahürüdür.
Hörmətli qurultay iştirakçıları!
Məlumdur ki, elm, texnologiya və təhsili əhatə edən sistemli siyasət gələcək iqtisadi inkişafın başlıca təminatçısıdır.
Respublikamızda da əldə edilmiş sosial-iqtisadi tərəqqinin əsasında başlıca olaraq, ölkənin təbii resursları ilə intellektual potensialını vəhdətdə istifadəyə səfərbər edən rasional dövlət siyasəti dayanmışdır. Bunun nəticəsidir ki, bütün digər sahələrlə yanaşı, elmin, mədəniyyətin, təhsilin inkişafında da irəliləyiş və inkişaf fasiləsiz xarakter almışdır. İndi ölkədə elmin inkişafı dövlətin əsas strateji məqsədlərindən biridir.
Hörmətli qurultay iştirakçıları!
Yuxarıda qeyd etdiyim və böyük əksəriyyətinin həyata keçirildiyi bütün bu tədbirlər ölkə başçısının Azərbaycan vətəndaşlarının maarifləndirilməsi işinə qayğısının təzahürüdür. Cənab İlham Əliyev beşillik fəaliyyəti ilə Azərbaycanın hər bir vətəndaşının Prezidenti olduğunu bir daha təsdiqlədi. Ölkə vətəndaşları bu gün möhtərəm Prezidentimizin rəhbərliyi altında ulu öndərimizin bütün ideyalarının, böyük arzularının zaman-zaman reallaşdığının, Azərbaycanın güclü və qüdrətli dövlətə çevrildiyinin şahidi olurlar.
Artıq Azərbaycanda demokratik proseslər intensiv inkişaf etməkdə, vətəndaş cəmiyyətinin strukturları və təsisatları formalaşmaqdadır. Əslində, bu, ümummilli liderimizin ideya-siyasi və fəlsəfi konsepsiyasını uğurla davam etdirən İlham Əliyevin üzərinə götürdüyü şərəfli tarixi bir missiyadır. Azərbaycanımızın işıqlı gələcəyinə istiqamətlənmiş bu siyasi xəttin ətrafında daha sıx birləşməli və üzərimizə düşən vəzifələri əzmlə və məsuliyyətlə yerinə yetirməliyik.
Azərbaycanın elmi ictimaiyyəti öz fəaliyyətini məhz bu istiqamətə yönəltmişdir. Son beş il ərzində qazandığımız uğurlar Azərbaycan xalqının 2003-cü ilin prezident seçkilərində ümummilli lider Heydər Əliyevin layiqli varisi cənab İlham Əliyevə səs verməkdə qətiyyən yanılmadığını göstərdi. İlham Əliyev ölkəyə rəhbərlik etdiyi müddətdə milli dövlətçilik ənənələri qorunub saxlanılmış, ictimai-siyasi, sosial-iqtisadi, elmi-mədəni həyatda böyük irəliləyişlər olmuş, Azərbaycanın beynəlxalq aləmdə nüfuzu əhəmiyyətli dərəcədə artmışdır. Bununla da cənab İlham Əliyev xalqın etimadını tam doğrultmuş və yaxın gələcəkdə ona alternativin olmayacağını sübut etmişdir.
Hörmətli qurultay nümayəndələri!
Möhtərəm Prezidentimiz İlham Əliyevin bir az əvvəl qurultayda söylədiyi dərin məzmunlu, proqram xarakterli nitqində ötən seçkilərdən bu günə qədər ölkəmizdə sosial-iqtisadi sahədə əldə edilmiş uğurlar bizim diqqətimizə çatdırıldı.
Azərbaycanın sürətli inkişafı, qazanılmış nailiyyətlər, ulu öndər Heydər Əliyevin müəyyən etdiyi strateji yol davam etdirilməilidir. Bu, Azərbaycan cəmiyyətinin, xalqımızın istəyi, arzusu və daha konkret desək, əslində, tələbidir. Ölkəmizi yeni zirvələrə doğru aparan liderimiz, partiyamızın sədri, hörmətli Prezidentimiz cənab İlham Əliyevin yenidən Azərbaycan dövlətinə rəhbərlik etməsi tarixi və məntiqi zərurətdir.
Mən bu yüksək tribunadan xalqımızın mütləq əksəriyyətinin, sayı 450 min nəfəri keçən Yeni Azərbaycan Partiyası üzvlərinin istəyini ifadə edərək, 2008-ci il oktyabr ayının 15-də keçiriləcək prezident seçkilərində Yeni Azərbaycan Partiyasının sədri, Azərbaycan Respubilkasının Prezidenti cənab İlham Əliyevin namizədliyinin partiyamızın adından irəli sürülməsi təklifini dəstəkləyir və xalqımızı İlham Əliyevə səs verməyə çağırıram.
Diqqətinizə görə sağ olun.