YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Naxçıvan Dövlət Universitetinin prorektoru, Naxçıvan MR Ali Məclisinin deputatı Hüseyn Həşimlinin çıxışı

-Möhtərəm cənab Prezident! 
Hörmətli qurultay iştirakçıları! 
Yeni Azərbaycan Partiyasının IV qurultayı çox əlamətdar bir vaxtda keçirilir. Taleyüklü bir dövrdə, növbəti prezident seçkiləri qarşısında keçirilən qurultay təkcə partiyamızın deyil, bütövlükdə ölkənin siyasi həyatında mühüm əhəmiyyətə malikdir. 
Əsası ulu öndər, bütün zamanların ən böyük azərbaycanlısı Heydər Əliyev tərəfindən qoyulan Yeni Azərbaycan Partiyası qısa müddət ərzində ən mötəbər, nüfuzlu, mütəşəkkil və kütləvi siyasi təşkilata çevirilmiş, xalqımıza, Vətənimizə, müstəqil dövlətimizə misilsiz xidmət nümunəsi göstərmişdir. Azərbaycanın dövlət müstəqilliyinin qorunub möhkəmlənməsində, onun beynəlxalq nüfuzunun artmasında, ölkədə demokratik, hüquqi dövlət quruculuğu prosesinin uğurla həyata keçirilməsində, vətəndaş həmrəyliyinə, daxili sabitliyə, hərtərəfli və sürətli sosial-iqtisadi, mədəni inkişafa nail olunmasında ulu öndər Heydər Əliyev təlimindən güc alan Yeni Azərbaycan Partiyasının rolu son dərəcə böyükdür. Müstəqil Azərbaycanda keçirilən bütün seçkilərdə xalqımızın Yeni Azərbaycan Partiyasına, onun namizədlərinə birmənalı şəkildə dəstək verməsi, böyük etimad göstərməsi dahi rəhbərimiz Heydər Əliyevə, onun siyasi xəttinə sarsılmaz, əbədi inamın ifadəsidir. 
Cənab Prezident! 
Ölkəmizdə ulu öndər Heydər Əliyevin siyasi xəttinin uğurla davam etdirilməsi xalqımızın ürəyindən xəbər verir. Ölkə əhalisinin möhkəm inamı bundan ibarətdir ki, Heydər Əliyev yoluna alternativ yoxdur, bu yol, siyasi xətt davam etdirilməlidir. 2003-cü ilin 15 oktyabrında xalqın böyük dəstəyi ilə Sizin Prezident vəzifəsinə, 2005-ci ilin 26 martında isə Yeni Azərbaycan Partiyasının III qurultayında partiya sədri vəzifəsinə seçilməyiniz ümummilli liderimizin əsl varisi, onun siyasi xəttinin layiqli davamçısı kimi Sizə bəslənilən sonsuz inam və məhəbbətin parlaq təzahürüdür. Ötən beş ildə Sizin rəhbərliyiniz altında xalqımız, müstəqil respublikamız sosial-iqtisadi, siyasi və mədəni həyatın bütün sahələrində böyük zəfərlər qazanmış, ölkəmiz inkişafın yeni mərhələsinə çıxmış, regionda lider dövlətə çevrilmişdir. Bu gün Azərbaycan əsas inkişaf göstəricilərinə, hərtərəfli yüksəliş tempinə görə dünyada öncül mövqedədir. 
Vətəni, xalqı sevən hər bir şəxs, Yeni Azərbaycan Partiyasının hər bir üzvü kimi, Naxçıvan Muxtar Respublikasının əhalisi də Sizin yeritdiyiniz uğurlu daxili və xarici siyasəti ürəkdən bəyənir, müdafiə edir və bu siyasətin xalqımıza, Vətənimizə böyük nailiyyətlər gətirdiyini ifadə edirlər. 
Cənab Prezident! 
Təsdiq etdiyiniz "Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı" çərçivəsində Naxçıvan Muxtar Respublikası ötən dövr ərzində çox böyük və hərtərəfli inkişaf yolu keçmiş, 2003-2007-ci illərdə muxtar respublikada ümumi daxili məhsul 3,2 dəfə, sənaye məhsulunun ümumi həcmi 7 dəfə, əsas kapitala yönəldilən investisiyalar 3,5 dəfə, kənd təsərrüfatının ümumi məhsulu 170,4 faiz, dövlət büdcəsinin gəlirləri 4,1 dəfə, adambaşına düşən gəlirlər 2,8 dəfə, əhalinin şəxsi vəsaiti hesabına tikilmiş yaşayış evlərinin ümumi sahəsi 5,2 dəfə artmışdır. 2003-cü il oktyabrın 1-dən 2008-ci il iyul ayının 1-dək muxtar respublikada 33 min 574 yeni iş yeri açılmışdır ki, bu da əhalinin məşğulluq probleminin həllinə mühüm töhfədir. 2003-cü ilin oktyabrından bu ilin iyul ayının 1-dək Naxçıvan Muxtar Respublikasında 134 təhsil ocağı, 76 səhiyyə obyekti, o cümlədən ən müasir standartlar səviyyəsində Müalicə-Diaqnostika Mərkəzi, 60 mədəniyyət müəssisəsi, 240 inzibati bina, 40 körpü, 1202 istehsal, xidmət və sair infrastruktur obyektləri tikilmiş, yaxud əsaslı təmir olunaraq istifadəyə verilmişdir. Naxçıvan beynəlxalq hava limanı, Heydər Əliyev su anbarı, modul tipli elektrik stansiyası, Üzgüçülük mərkəzi kimi mühüm obyektlər bu dövrün yadigarlarıdır. Çoxillik fasilədən sonra muxtar respublika mavi yanacaqla və fasiləsiz elektrik enerjisi ilə təmin olunmuşdur. Naxçıvanın etibarlı müdafiə kompleksi yaradılmışdır. Sizin qayğınızla gerçəkləşən quruculuq tədbirləri Naxçıvan Muxtar Respublikasının hərtərəfli və sürətli inkişafına səbəb olmuş, Azərbaycanın bu qədim torpağını əsl intibaha qovuşdurmuşdur. Blokada şəraitinin yaratdığı çətinliklərə baxmayaraq, Naxçıvan yaşayır, inkişaf edir. Bütün bunlar ümummilli liderimiz Heydər Əliyevin əbədiyaşar təliminin təntənəsi, Sizin möhtəşəm fəaliyyətinizin bəhrəsidir. Naxçıvan Muxtar Respublikasının hərtərəfli inkişafına göstərdiyiniz ardıcıl diqqət və qayğıya görə bütün muxtar respublika əhalisi adından Sizə dərin minnətdarlığımızı, səmimi ehtiramımızı bildiririk. 
Hörmətli qurultay iştirakçıları! 
Ümummilli liderimizin "Yeni Azərbaycan Partiyasına xidmət etmək Vətənə, millətə, müstəqil Azərbaycan dövlətinə xidmət etmək deməkdir" sözləri partiyamızın bütün üzvləri kimi, Naxçıvan Muxtar Respublika təşkilatı ətrafında birləşən siyasi həmfikirlər üçün də dönməz əqidə və fəaliyyət devizidir. Biz bu amala xidmət edənlər sırasında olmağımızla fəxr edirik. Çox hörmətli Prezidentimiz cənab İlham Əliyevin 2003-cü ildə dediyi sözləri xatırlatmaq istərdim: "Mən hər bir Azərbaycan vətəndaşı üçün Prezident olacağam. Milliyyətindən, dinindən, siyasi əqidəsindən asılı olmayaraq, hər bir Azərbaycan vətəndaşının Prezidenti olacağam və Azərbaycan xalqının etimadını doğruldacağam!" 
Ötən beş il bütün dünyaya aşkar şəkildə göstərdi ki, cənab İlham Əliyev xalqın etimadını son dərəcə yüksək səviyyədə doğruldaraq, Azərbaycanın inkişaf tarixinə qızıl səhifələr yazdı, xalqımızı, Vətənimizi yeni inkişaf mərhələsinə qovuşdurdu. Haqlı olaraq bu gün Azərbaycan xalqı növbəti beş il üçün də öz taleyini böyük nüfuzlu dövlət xadimi, görkəmli siyasətçi İlham Əliyevə məmnuniyyətlə etibar etmək əzmindədir. Naxçıvan Muxtar Respublikasının 400 minlik əhalisi, o cümlədən burada yaşayıb fəaliyyət göstərən 43 min nəfər Yeni Azərbaycan Partiyası üzvü adından bildirirəm ki, 2008-ci ilin 15 oktyabrında keçiriləcək prezident seçkilərində partiyamızın sədri cənab İlham Heydər oğlu Əliyevin Azərbaycan Respublikasının prezidentliyinə namizədliyini müdafiə edəcək və cənab Prezident, seçkilərdə ulu öndər, ümummilli liderimiz Heydər Əliyevin siyasi xəttinin layiqli davamçısı kimi, Sizə səs verəcəyik! 
Diqqətinizə görə sağ olun!