YAP Siyasi Şuranın üzvü, Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru Gülçöhrə Məmmədovanın çıxışı
-Möhtərəm cənab Prezident, Yeni Azərbaycan Partiyasının sədri!
Hörmətli qurultay nümayəndələri!
İlk növbədə, bu təntənəli gündə, Yeni Azərbaycan Partiyasının qurultayında çıxış etməkdən qürur duyduğumu bildirir, möhtərəm cənab Prezident, Sizi, hörmətli qurultay nümayəndələrinin hamısını, ürəkdən salamlayır və ən xoş arzularımı bildirirəm.
Ölkəmiz çox mühüm və məsuliyyətli bir ictimai-siyasi hadisə - prezident seçkiləri ərəfəsindədir. Bu hadisənin böyük əhəmiyyəti ötən 5 ildə keçdiyimiz yola yekun vuraraq, ölkə Prezidenti tərəfindən həyata keçirilmiş siyasi xəttin nəticələrini cəmiyyətə daha qabarıq şəkildə çatdırmaqdan və gələcək üçün siyasi xəttin düzgün seçimindən ibarətdir.
Başa vurduğumuz 5 illik dövr Azərbaycan xalqı üçün çox ağır və kədərli hadisə ilə - ümummilli liderimizin itkisi ilə başlandı. Lakin dərin hüzn keçirən xalqımız ümidsizliyə qapılmadı. 1993-cü ildə öz gəlişi ilə xalqını ümidsizlikdən qurtaran Heydər Əliyev həyatının son günlərini də onun gələcək sabit inkişafının təmin edilməsinə, ölkə rəhbərliyinin ən layiqli, etibarlı əllərə keçməsinə həsr etdi. Xalqımız düzgün seçim edərək, Heydər Əliyevin siyasi xəttini - müstəqillik, dövlətçilik, demokratiya və inkişaf xəttini dəstəklədi və bu siyasətin varisi İlham Əliyevi Prezident seçdi. Möhtərəm Prezidentimiz, Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyev beşillik fəaliyyəti zamanı bu siyasi strategiyaya sadiqliyini göstərdi, onu davam və inkişaf etdirdi.
Azərbaycan bu illər ərzində uğurlu inkişaf yolu keçdi, siyasi və iqtisadi mövqelərini möhkəmləndirdi, bölgədə liderliyi öz əlinə aldı. İqtisadiyyatın yüksək sürətlə inkişafı, yüz minlərlə yeni iş yerlərinin yaradılması, ölkənin hərbi gücünün artması, xalqın rifahının ildən-ilə yaxşılaşması, sosial problemlərin ardıcıllıqla həll edilməsi ötən illərin ən mühüm nəticələridir. Bu illər ərzində irimiqyaslı iqtisadi layihələr həyata keçirilmiş, demokratiya inkişaf etmiş, ölkənin beynəlxalq aləmdə nüfuzu artmışdır.
Bütün Azərbaycan xalqının prezidenti olmaq vədinə əməl edərək, Prezident İlham Əliyev təkcə iqtisadi islahatlara üstünlük verməmiş, eyni zamanda, siyasi islahatları da uğurla həyata keçirmiş və demokratiyanın inkişafına nail olmuşdur. Prezident ötən beş il ərzində siyasi hakimiyyətin xalqa xidmət etməsini nümayiş etdirdi. Onun müxtəlif regionlarda insanlarla görüşləri, cəmiyyətə müntəzəm olaraq nailiyyətlər barədə hesabatlar verilməsi, problemlərin açıq müzakirəsi Prezidentin iş üslubunun ən dəyərli cəhətlərindəndir. Prezidentimiz bütün mötəbər beynəlxalq qurumlarda Azərbaycanın mənafeyini qoruyaraq, ölkəmizi ləyaqətlə təmsil etdi, öz şəxsiyyəti ilə müasir, demokratik, zəngin intellektual potensiala və mədəniyyətə malik azərbaycanlı imicini yaratdı.
Ölkə iqtisadiyyatının bu illərdə sürətli inkişafını bir çox sahələrdəki nəticələrlə nümayiş etdirmək olar. Bu canlanma və yüksək sürət inşaat işlərinin də geniş vüsət almasına səbəb olmuşdur. Ötən beş il ərzində Azərbaycanın şəhərlərinin və rayon mərkəzlərinin siması dəyişmişdir. Hər yerdə abadlıq və quruculuq işləri gedir, müasir standartlara uyğun sosial obyektlərin tikilib istifadəyə verilməsi artıq adi bir işə çevrilmişdir. Bu, Azərbaycan Prezidentinin regionların hərtərəfli inkişafına yönəlmiş genişmiqyaslı siyasətinin nəticəsidir.
Bu illər ərzində paytaxtımız Bakı xüsusilə inkişaf etmişdir. Çoxsaylı yaşayış, inzibati və sənaye binalarının tikilməsi şəhərimizin simasını dəyişmiş, müasirləşdirmişdir. Minlərlə ailələr öz mənzil şəraitini yaxşılaşdırmışdır. Son zamanlar bir-birinin ardınca tikilib istifadəyə verilən körpülər və salınan yeni yollar yaranan nəqliyyat problemlərinin aradan qaldırılmasına, şəhərimizin müasirləşməsinə, gözəlləşməsinə və sakinlərin rahatlığına xidmət edir.
Çox böyük sürətlə gedən tikinti işləri müəyyən müddət problemlər də yaratdı. Bunlar tikintinin konstruktiv və memarlıq, şəhərsalma baxımından keyfiyyəti ilə bağlı problemlər idi. İndi bu narahatlıq, demək olar ki, yoxdur. Tikintinin sürəti optimallaşdırılmış, dövlətin tikintiyə nəzarəti gücləndirilmiş, memarlıq və şəhərsalma məsələləri ön plana çəkilmişdir. Bakıda aparılan genişmiqyaslı abadlıq və yenidənqurma işləri hamımızı sevindirir. Parkların, xiyabanların yeniləşməsi, binaların rekonstruksiyası, gecələr memarlıq abidələrinin işıqlandırılması, tarixi hissənin, xüsusilə də İçərişəhərin qorunması və abadlaşdırılması üçün görülən işlər şəhərimizin gözəlliyini daha da artırmışdır. Böyük zövqlə aparılan bu işlər Prezidentin şəxsi təşəbbüsünün nəticəsi, Azərbaycana, Bakıya olan məhəbbətinin rəmzidir.
Prezident İlham Əliyevin fəaliyyətində təhsil sahəsi ən mühüm yerlərdən birini tutmuşdur. Neft sərvətlərinin insan sərvətinə çevrilməsi ideyasını irəli sürən Prezident bu illər ərzində təhsil sahəsinin inkişafı üçün 14 dövlət proqramı imzalamış və onlar uğurla həyata keçirilir.
Dövlət büdcəsindən təhsilə yönəlmiş xərclər ilbəil artır. 2008-ci ildə bu xərclər 2003-cü ilə nisbətən 4 dəfə artmış, 974 milyon manata çatmışdır.
Heydər Əliyev Fondunun və onun prezidenti, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın təşəbbüsü ilə yüzlərlə məktəbin tikilməsi və yenidən qurulması, "Yeniləşən Azərbaycana yeni məktəb" proqramının həyata keçirilməsi müsbət dəyişikliklərin ən mühüm göstəricilərindəndir.
2007-ci ildən təhsilin inkişaf strategiyasında ali təhsilin ön plana çəkilməsi nəzərə çarpır. Prezident İlham Əliyevin üç ali məktəbə getməsi, yeni tikilən binaların açılışında iştirakı və çıxışları ali təhsilin modernləşməsi və daha yüksək sürətlə inkişaf etməsinə dövlət qayğısının təzahürü oldu. "2007-2012-ci illərdə Azərbaycan gənclərinin xaricdə təhsili üzrə Dövlət Proqramı"nın istedadlı gənclərin inkişafı üçün şərait yaradılması və ölkəmizin gələcəkdə yüksək müasir standartlara uyğun mütəxəssislərlə təmin edilməsi üçün çox böyük əhəmiyyəti var. Bu proqram təhsil sahəsində də möhtərəm Prezidentimizin ümummilli lider Heydər Əliyev siyasətini davam və inkişaf etdirdiyinə gözəl bir nümunədir.
"2008-2012-ci illərdə Azərbaycan Respublikasının ali təhsil sistemində islahatlar" üzrə Dövlət proqramının hazırlanması barədə Prezident Sərəncamı ali təhsilin yeniləşməsinə, keyfiyyətcə dəyişməsinə və Avropa təhsil məkanına daxil olunmasına yönəlmiş çox mühüm sənəd oldu.
Son 5 ildə Azərbaycanın universitetləri çox dəyişmişdir, hər yerdə yeniləşmə və inkişaf prosesləri, quruculuq işləri gedir. Lakin qarşıda daha böyük məsələlər dayanır. Universitetlərimizdə idarəetmə, tədrisin təşkili və məzmunu, maddi-texniki bazanın modernləşməsi və Avropa təhsil sisteminə inteqrasiya istiqamətində başlanan işlər daha böyük sürətlə davam etməlidir. Dövlət proqramının bu məsələlərin həllində böyük dəstək olacağına inanırıq.
Hörmətli qurultay iştirakçıları!
Bir çıxışda 5 il ərzində Prezidentin həyata keçirdiyi uğurlu siyasətin nəticələrini tam əhatə etmək, əlbəttə, mümkün deyildir. Hamımıza, bütün Azərbaycan xalqına məlum olan bu nəticələr onu deməyə imkan verir ki, Prezident İlham Əliyev xalqına, seçicilərinə verdiyi bütün vədlərə əməl etmis, bunun üçün ardıcıl, məqsədyönlü fəaliyyət aparmışdır. Onun həyata keçirdiyi siyasi xətt xalqın mənafeyinə, ölkənin inkişafına və tərəqqisinə yönəlmişdir.
Azərbaycanda birinci xanım anlayışını yaradan, bu adı yüksək intellekt, mədəniyyət, xeyriyyəçilik, xeyirxahlıq rəmzinə çevirən Mehriban xanım Əliyeva ötən 5 il ərzində rəhbərlik etdiyi çoxsaylı layihələrlə təhsilimizə, mədəniyyətimizə, ölkəmizin beynəlxalq aləmdə tanınmasına böyük xidmətlər göstərmişdir. Azərbaycan 5 il ərzində uğurlu, sürətli inkişaf yolu keçmiş, dövlətimiz güclənmiş, xalqımızın rifahı yüksəlmişdir. Bu, xalqımızın ümummilli lideri, müstəqil Azərbaycanın qurucusu Heydər Əliyevin ideyalarının möhtərəm Prezidentimiz, Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyev tərəfindən böyük müvəffəqiyyətlə həyata keçirilməsinin və inkişaf etdirilməsinin nəticəsidir.
Dövlətimizin, xalqımızın mənafeyi bu siyasətin davam etməsini tələb edir. Məndən əvvəl çıxış edənlərə qoşularaq və inanıram, əminəm ki, bütün xalqımızın arzusunu səsləndirərək, prezident seçkilərində Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyevin namizədliyinin irəli sürülməsini dəstəkləyirəm və bütün xalqımızı buna çağırıram. Əminəm ki, möhtərəm Prezidentimizin və sədrimizin parlaq qələbəsi Azərbaycanın yeni bir yüksəliş mərhələsinin başlanğıcı olacaqdır.