YAP Siyasi Şuranın üzvü, Tibb Universitetinin kafedra müdiri Sudeif İmamverdiyevin çıxışı
-Zati ailələri möhtərəm Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri!
Çox hörmətli qurultay nümayəndələri!
Ulu öndərimiz Heydər Əliyevin yadigarı olan bu möhtəşəm kompleksdə onun yaratdığı partiyanın növbəti qurultayının keçirilməsi böyük simvolik məna daşıyaraq, vətənimiz Azərbaycanın tarixinə qızıl hərflərlə yazılacaq mühüm hadisədir.
Bu kompleks vətənimizin paytaxtında ulu öndərimizin iştirakı ilə keçirilən bir çox şanlı tədbirlərin şahidi olmuşdur. Bu gün isə ulu öndərimizin qoyduğu yolun davamçıları olaraq, biz 1992-ci ilin o çovğunlu, soyuq noyabr günlərində, ictimai-siyasi və sosial çətinliklər, blokada məngənəsində olan Naxçıvanda yaradılmış partiyamızın uğurlarından bu gün müstəqilliyi möhkəmlənmiş, bütün sahələrdə böyük inkişaf yolu keçmiş və bu yolu davam edən Azərbaycanda, onun paytaxtında danışmaq imkanındayıq.
Yeni Azərbaycan Partiyasının veteranı kimi mən hədsiz qürur və iftixar hissi ilə partiyamızın müstəqil Azərbaycan uğrunda başladığı siyasətin bu gün müasir, güclü və zəngin Azərbaycan yaradılmasına gətirib çıxardığı şərəfli yola nəzər salaraq düşünürəm ki, keçdiyimiz bu yolu davam etmək üçün geniş imkanlar əldə olunmuşdur.
Bir az öncə möhtərəm Prezidentimiz cənab İlham Əliyevin proqram xarakterli çıxışını dinlədik. Əldə olunan nailiyyətlər, xüsusən son beş ildəki müvəffəqiyyətlər gözlərimizin önündən keçdi. Bu uğurlar həyatımızın bütün sahələrini əhatə edir və onları saymaq üçün xeyli vaxt lazımdır. Yeni Azərbaycan Partiyası üzvlərinin fəaliyyətinin bütün sahələrə aidiyyətinin olması danılmaz faktdır. Partiyamızın 450 mindən çox üzvü Azərbaycan dövlətçiliyinə sədaqətlə xidmət edərək, müxtəlif sahələrdə bir çox hallarda aparıcı mövqedədirlər. Yeni Azərbaycan Partiyası bu gün dünya siyasət meydanında özünəməxsus yeri və hörməti olan partiyadır.
Partiyamızın sədri, Azərbaycan Respublikasının Prezidenti möhtərəm İlham Əliyev çox yüksək dövlət idarəçiliyi səviyyəsi ilə, yeri gələndə heyranedici qətiyyəti, çevik təfəkkürü ilə bir şəxsiyyət kimi beynəlxalq siyasət mühitində qəbul olunub və dövlət rəhbəri kimi onun hörməti ilbəil artmaqdadır. Möhtərəm Prezidentimiz həm vətənimizdə xalqımız qarşısında, həm də beynəlxalq tədbirlərdə çıxışları ilə dövlətimizin hörmətini həmişə yüksəltmişdir, xalqımıza başucalığı gətirmişdir.
Bu gün Azərbaycanda aparılan dövlət siyasətinin yalnız sosial yönümlü sahələrdən biri olan səhiyyəyə diqqət etsək, nə qədər böyük uğurlara nail olduğumuzu görmək çətin deyildir. İnfeksion xəstəliklərin qarşısının alınması, irsi xəstəliklərin müalicəsinin həm təşkilati, həm dərman təchizatı baxımından ölkə rəhbərliyinin nəzarətində olması xüsusi əhəmiyyət kəsb edir və böyük uğurlara gətirib çıxarmışdır. Son beş ildə vətənimizdə xüsusi avadanlıq tələb edən ürək-damar cərrahiyyəsi sahəsində, süni böyrək aparatları vasitəsilə çox ağır xroniki böyrək çatışmazlığı olan xəstələrin müalicəsi sahəsində əldə olunmuş uğurlar sevindirici reallıqlardır. Əgər əvvəllər yalnız Bakıda 1-2 xəstəxanada hemodializ - yəni qanın süni böyrəklə təmizlənməsi əməliyyatı aparılırdısa, hazırda təkcə Bakıda 6-dan çox dövlət xəstəxanasında, Gəncədə, Naxçıvanda, Lənkəranda, Siyəzəndə, Şirvanda bu əməliyyat müvəffəqiyyətlə aparılır. Böyük vəsait tələb edən bu müalicə üsulları Azərbaycan vətəndaşları üçün dövlət hesabına aparılır. Lazım olan bütün sahələrdə mütəxəssislərin hazırlanmasına xüsusi dövlət qayğısı göstərilir. Mütəxəssis hazırlığı qabaqcıl xarici dövlətlərin yüksək səviyyəli müalicə mərkəzlərində dövlət hesabına həyata keçirilir.
Hörmətli qurultay nümayəndələri!
Hörmətli Prezidentimiz İlham Əliyevin Sərəncamı ilə bu ilin əvvəlindən bütün dövlət xəstəxanalarında, poliklinikalarında müayinə və müalicənin dövlət hesabına aparılması həyata keçirilir. Vətəndaşlarımız bu dövlət qayğısını çox yüksək qiymətləndirirlər. Onu da əlavə edək ki, Azərbaycanda tibbi yardımın səviyyəsi daim yüksəlməkdədir, vətənimizin regionlarında onlarca müasir müalicə-diaqnostika mərkəzlərinin açılması, onların ən yeni texnologiyalarla hazırlanmış xarici avadanlıqlarla təchiz olunması xalqımız tərəfindən rəğbətlə qarşılanır.
Azərbaycanda ali tibb təhsili yaranandan bəri həm pedaqoqların, həm təhsil alanların böyük arzusu tibb institutunun nəzdində xüsusi xəstəxanaların, yəni tədris-klinik bazalarının yaradılması idi. Hazırda bu məsələ də həll olunmaq üzrədir. Hörmətli Prezidentimizin Sərəncamı ilə Tibb Universitetinin həm cərrahiyyə, həm də terapevtik tədris korpuslarının tikilməsi sürətlə həyata keçirilir. Əlbəttə ki, bu, yüksək səviyyəli həkim və yeni pedaqoq nəslinin hazırlanmasına öz müsbət təsirini göstərəcəkdir. Tibb təhsilinə belə dövlət qayğısı, professor-müəllim heyəti, tələbələr tərəfindən böyük sevinclə, minnətdarlıqla qarşılanmışdır.
Çox böyük işlər aparılır, saymaqla qurtarmır. Burada çıxış edənlər də bildirdilər ki, bunların hamısını əhatə etmək əlbəttə, mümkün deyildir. Biz, Yeni Azərbaycan Partiyasının üzvləri partiyamızın sədri, Azərbaycan Respublikasının Prezidenti möhtərəm İlham Əliyevin apardığı bu siyasətlə fəxr edirik, ona "Çox sağ olun!" deyirik və onu bundan sonra da dəstəkləməyə hazır olduğumuzu bildiririk.
Hörmətli qurultay nümayəndələri!
Məndən öncə çıxışlarda 2008-ci il 15 oktyabr seçkilərində möhtərəm Prezidentimiz İlham Əliyevin prezidentliyə namizədliyi irəli sürüldü. Mən bu təklifi dəstəkləyirəm və düşünürəm ki, biz bunu edərək, milyonlarla Azərbaycan vətəndaşının iradəsini rəsmiləşdirmiş oluruq. Düşünürəm ki, həm partiyanın veteranları, həm də gənclərimiz Heydər Əliyevin dövlətçilik prinsiplərinə sadiq qalaraq, ölkəmizin inkişafı naminə əməyimizi əsirgəməyəcəyik və xalqımızın ləyaqətli oğlu möhtərəm İlham Əliyevin yenidən respublikamızın prezidenti seçilməsi üçün əlimizdən gələni edəcəyik.
Təşəkkür edirəm!