YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

YAP Gənclər Birliyi Nəsimi rayon təşkilatı İdarə Heyətinin üzvü, Azərbaycan Dillər Universitetinin III kurs tələbəsi Aygün Allahverdiyevanın çıxışı

-Möhtərəm cənab Prezident, hörmətli sədrimiz! 
Əziz qurultay iştirakçıları! 
Yeni Azərbaycan Partiyasının IV qurultayında Azərbaycan gəncləri adından hamınızı səmimi qəlbdən salamlayır və qurultayın işinə uğurlar arzulayıram. 
Belə bir ali məclisdə, xüsusilə də cənab Prezident, Sizin qarşınızda çıxış etmək hər bir Azərbaycan gənci kimi, mənim üçün də sözlə ifadə edilməyəcək qədər böyük bir şərəfdir. Bu gün Sizin parlaq nitqiniz partiyamızın hər bir üzvünə, ümumilikdə gənclər ordusuna və şəxsən mənə çox böyük ruh yüksəkliyi verdi. Əslində, Sizin verdiyiniz hər bir təklif bizim üçün yeni-yeni öhdəliklər deməkdir. Odur ki, biz də Sizi əmin edirik ki, verdiyiniz hər bir təklifi şərəf və məsuliyyətlə yerinə yetirəcəyik. 
Hörmətli qurultay iştirakçıları! 
Məndən öncə çıxış edən natiqlər ölkəmizin inkişafından, xüsusilə respublikamızda son illərdə iqtisadi, siyasi, sosial sahələrdəki tərəqqidən danışdılar. Odur ki, hər hansı bir məsələni təkrar etmək fikrində deyiləm. Sadəcə, aşağıdakı rəqəmləri bir azərbaycanlı kimi böyük qürur hissi ilə təkrarlamaq istəyirəm. Dünyada ikinci bir ölkə yoxdur ki, dörd il ərzində iqtisadiyyatı 96 faiz artsın, yoxsulluğun səviyyəsi 49 faizdən 16 faizə düşsün. Regionlarımızın inkişafı isə hamımızın gözü önündə baş verir. Mən valideynlərimin doğulub boya-başa çatdığı Quba rayonuna tez-tez gedirəm. Hər il yalnız Qubada deyil, bütün rayonlarımızda gedən sürətli inkişaf bir azərbaycanlı gənci kimi məni də çox sevindirir. 
Cənab Prezident! 
Bunlar hamısı Sizin həyata keçirdiyiniz uğurlu siyasətin nəticəsidir. Təbii ki, bu günə kimi qazandığımız ən böyük uğurumuz isə dövlət müstəqilliyimizdir. Bu müstəqilliyi əbədi edən həm də əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş və Sizin tərəfinizdən uğurla başa çatdırılan Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum beynəlxalq əhəmiyyətli layihələri və onların davamı olan Bakı-Tbilisi-Qars layihəsidir. Həm ən gözəl nemət olan müstəqilliyimizə, həm də bu müstəqilliyi əbədi etmək üçün görülən bütün işlərə görə biz daim xalqına, vətəninə xidmət edən, "mən ömrümün qalan hissəsini xalqıma bağışlayıram" deməyi özünə şərəf bilən ümummilli liderimiz Heydər Əliyevə minnətdarıq. Tarix öz səhifələrinə düşə biləcək şəxsiyyətləri seçmir, yaradır. Nə yaxşı ki, belə şəxsiyyətlərdən biri məhz Azərbaycan xalqının qismətinə düşdü. 
Mən də çox böyük bir qürur hissi duyuram ki, həyatı nəsillərə nümunə olacaq bir şəxsiyyətlə eyni dövrdə yaşamışam, onun müasiri olmuşam. Heydər Əliyev kimi insanlar ölmürlər, onlar doğulurlar, sonra isə əbədi yaşayırlar. Onların adları əziz olur, yeni nəsillərə nəcib hisslər aşılayır, tərbiyə məktəbimiz olur. Heydər Əliyev məktəbi hələ uzun illər açılmamış xəzinə olaraq qalacaqdır. Çünki biz ulu öndərimizin keçdiyi həyat yolunun yalnız marşrutunu bilirik. Bu yolun hər döngəsində, hər dayanacağında hansı maneələri necə qətiyyətlə dəf edərək, zəmanəsinin qalibinə çevrildiyinə ən yaxından bələd olan isə, cənab Prezident, Sizsiniz. 
Ulu öndərimiz deyirdi: "Azərbaycanın dövlət müstəqilliyi əbədi olacaqdır, sarsılmaz olacaqdır, dönməz olacaqdır və Azərbaycanın bugünkü gənc nəsli gələcək Azərbaycanı daha da yüksəklərə qaldıracaqdır". Cənab Prezident, bu bir reallıqdır ki, həm Siz, həm də Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva öz əməli fəaliyyətinizlə bir daha təsdiq edirsiniz ki, gələcək gəncliyindir. Gənclik hər bir millətin təkanverici qüvvəsidir. Bu qüvvədən mütərəqqi baxımdan istifadə edən dövlətlər həmişə böyük uğurlar qazanır. 
Cənab Prezident! 
Fürsətdən istifadə edib, 2007-ci ili "Gənclər ili" elan etdiyiniz üçün Sizə bütün Azərbaycan gəncləri adından təşəkkür edirəm. Bu gün dövlət gənclərimizin həm fiziki baxımdan sağlam olmalarına, həm də təhsillərinə çox böyük qayğı ilə yanaşır. Respublikamızda olimpiya hərəkatının inkişafı, Azərbaycanın müxtəlif bölgələrində olimpiya komplekslərinin yaradılması gənclərimizin sağlam gələcəyindən xəbər verir. Təhsilə qayğı isə xüsusi diqqət mərkəzindədir. Ölkəmizdə, həm də ondan kənarda gənclərin yüksək səviyyədə təhsil alması üçün hər cür şərait yaradılır. Mən xüsusilə də diqqəti xaricdə təhsilə yönəltmək istərdim. Çünki hər hansı bir gəncin xaricdə təhsil alması heç də asan məsələ deyildir. Bu, dövlətin çox böyük maddi və mənəvi dəstəyi hesabına həyata keçirilir. Cənab Prezident, son illər Sizin gənclərin fiziki sağlamlığına və təhsilinə olan diqqətiniz qara qızılın insan kapitalına çevrilməsi siyasətinizin məntiqi nəticəsidir. İndi, müstəqilliyinin hələ 18 yaşı tamam olmamış, ölkəmizin 18 yaşlı gənclərinin səsi-sorağı dünyanın çox yüksək səviyyəli tədbirlərindən gəlir. Onlar Azərbaycan həqiqətlərini dünyanın müxtəlif dillərində asanlıqla ifadə edə bilirlər. 
Bu gün Azərbaycanın inkişafını dünyanın iqtisadi və siyasi araşdırmalarla məşğul olan tədqiqat mərkəzləri, beynəlxalq maliyyə qurumları etiraf etdikləri halda, təəssüflər olsun ki, ölkəmizdə fəaliyyət göstərən və inkişafdan yararlanan bəzi qüvvələr bunu etiraf etməkdən çəkinirlər. Görünür, onlar Azərbaycanın inkişafından qorxurlar. Bəli, qorxurlar, çünki Azərbaycan inkişaf etdikcə, əslində, onlar öz siyasi fəaliyyətlərinin gərəksiz olduğunu anlayırlar. Bu yüksək kürsüdən hamınıza bildirmək istəyirəm ki, biz - Azərbaycan gəncliyi bu cür müxalifətə "Yox!" deyirik. 
Azərbaycan gəncliyinin əldə etdiyi bütün uğurlar ulu öndərimiz Heydər Əliyev ideyalarının təntənəsi və hazırda bu ideyaları uğurla həyata keçirən cənab Prezidentimizin fəaliyyətinin nəticəsidir. 
Əziz Prezidentimiz! 
Sizi əmin edirik ki, etimadınızı doğruldacaq, XXI əsrdə ay-ulduzlu üçrəngli bayrağımızın şərəfini uca tutacaq, düşmən tapdağı altında olan torpaqlarımızın azad olunmasında seçdiyiniz hər hansı bir yolu qanımızla, canımızla dəstəkləyəcəyik. 
Ali baş komandanın bircə sözü, bircə çağırışı kifayətdir ki, Azərbaycan gəncləri müsəlləh ordu kimi səfərbər olsun. 
Hörmətli qurultay iştirakçıları! 
XXI əsr liderlər əsridir və dünyanın siyasi hakimiyyətində liderlərin rolu danılmazdır. Bu mənada dünya liderlərini bir-biri ilə müqayisə edərək, çox vaxt oxşar və ya fərqli cəhət tapmağa çalışırlar. 
Əziz Prezident! 
Bir az təvazökarlıqdan uzaq olsa da, biz Sizi dünyanın heç bir siyasi lideri ilə müqayisə etmirik. Çünki Sizin siyasətdə öz dəst- xəttiniz, öz yolunuz var. Siz bütün keyfiyyətləriniz ilə Azərbaycan gəncləri üçün ən yüksək nümunəsiniz. Odur ki, qarşıdan gələn 5 il ərzində Sizi yenidən prezident kürsüsündə görmək Azərbaycan gənclərinin də ən böyük istəyi və əslində, tələbidir. Bu istək və tələbin reallaşması üçün hər zaman olduğu kimi, bu gün də biz, Azərbaycan gəncləri Sizi dəstəkləyəcəyik və bunu öz əməli işimizlə də təsdiq edəcəyik. 
Əziz Prezident! 
Biz inanırıq ki, növbəti prezident seçkilərində Siz yenidən qələbə qazanacaqsınız və bu qələbə Azərbaycan xalqının, Azərbaycan gəncliyinin qələbəsi olacaqdır. Sizin əldə etdiyiniz hər bir uğur doğma Azərbaycanımızı yeni-yeni zirvələrə doğru aparacaqdır. Çətin və şərəfli işinizdə Sizə uğurlar arzulayırıq. Yaşasın Azərbaycan xalqı! 
Yaşasın müstəqil Azərbaycan! 
Yaşasın Azərbaycan gəncliyi! 
Yaşasın dövlətini, millətini yeni-yeni zəfərlərə aparan Prezidentimiz İlham Əliyev!