YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Tovuz rayonundan əməkdar müəllim Fazil Məhərrəmovun çıxışı

-Möhtərəm cənab Prezident, hörmətli sədr! 
Hörmətli qurultay iştirakçıları! 
Partiyamızın ali toplantısında çıxış etmək şərəfi mənə nəsib olduğuna görə özümü çox xoşbəxt hesab edirəm. Kənddə yaşayan bir ziyalı, müəllim kimi deyə bilərəm ki, Heydər Əliyev yolunun möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən uğurla davam və inkişaf etdirilməsi ölkəmizi yeni-yeni zəfərlərə çatdırmışdır. Möhtərəm cənab prezident, bir az əvvəl qurultayımızda etdiyiniz dərin məzmunlu çıxış, ötən dövr ərzində respublikamızın əldə etdiyi uğurların ətraflı şərhi, bütün xalqımızı, bizim hər birimizi mükəmməl silahlandıraraq, məsuliyyətimizi və mütəşəkilliyimizi daha da artırdı. 
Azərbaycanın son 5 ildə qazandığı nailiyyətlər, eyni zamanda, Prezident İlham Əliyevin cəmiyyətdə alternativsiz lider kimi qəbul olunması nəticə etibarilə həm də doğma Yeni Azərbaycan Partiyasının uğuru sayılır. 
Möhtərəm cənab Prezidentimizin söylədiyi "Azərbaycanın gələcək inkişafı məhz təhsillə bağlıdır" və "Hər bir ölkənin intellektual potensialı təhsil ocaqlarında yaradılır" fikirləri həyata keçirilən tədbirlərdə özünü aydın şəkildə göstərməkdədir. Bu tədbirlər sırasında mən təhsilin məzmununun yeniləşməsi, yeni proqram, dərslik və dərs vəsaitlərinin hazırlanması, təhsilin idarə olunmasının təkmilləşdirilməsi, tədrisdə müasir informasiya-kommunikasiya texnologiyalarından istifadə olunması, beynəlxalq əlaqələrin genişləndirilməsi yolu ilə təhsilin keyfıyyətinin yüksəldilməsi və bu kimi prioritet məsələlərə üstünlük verilməsini qeyd etmək istəyirəm. Bütün bunlar təhsil sisteminin uğurlu gələcəyinə, məktəblərimizin əsl bilik-savad mərkəzinə çevrilməsinə cəmiyyətimizdə böyük inam yaratmışdır. 
Belə bir faktın özü çox şey deyir ki, son beş ildə tikilən məktəblərin sayı, bütövlükdə, keçmiş sovetlər dönəmində tikilənlərin sayından çoxdur. Biz çox yaxşı bilirik ki, görülən işlər möhtərəm Prezidentimizin "Uşaqlar yaxşı məktəblərdə oxumalı, müəllimlər də yaxşı məktəblərdə işləməlidirlər" tələbinin real nəticəsidir. Məmnunluq hissi ilə deyə bilərik ki, bütün bunlar ulu öndərimiz Heydər Əliyevin təhsil siyasətinin yeni şəraitdə, yeni keyfiyyətdə davamıdır. 
Möhtərəm Prezidentimizin "Ən yaxşı ümumtəhsil məktəbi və ən yaxşı müəllim mükafatlarının təsis edilməsi haqqında" Sərəncamını ölkəmizin müəllimləri təhsilin inkişafına təsir göstərəcək əhəmiyyətli və tarixi bir sənəd kimi böyük razılıq hissi ilə qəbul ediblər. Biz bu sənədi müəllimlərin şərəfli əməyinə verilən ən böyük qiymət hesab edir və cənab Prezident, Sizə bir daha minnətdarlığımızı bildiririk. Sizin təhsil sahəsində həyata keçirdiyiniz siyasət "qara qızılın insan kapitalına çevrilməsi" barədə elan etdiyiniz xəttin bariz və məntiqi davamıdır. 
Möhtərəm, cənab Prezident! 
Sizin tərəfinizdən təsdiq edilmiş regionların inkişafına dair Dövlət proqramı uğurla icra olunmaqdadır. Regionlarda iqtisadi inkişafla yanaşı, infrastruktur da köklü şəkildə müasirləşmiş, ictimai-siyasi həyatda böyük tərəqqiyə nail olunmuşdur. Müəllim kimi mən məktəbdə müşahidə edib görürəm ki, əhalimizin bütün təbəqələrinin rifahı yaxşılaşmışdır, valideynlər daimi iş yerlərində çalışaraq yaxşı qazanır və şagirdlərin də üzü gülür, təhsilin də nəticələri ilbəil yaxşılaşır. Bizim Tovuz rayonunda son beş ildə 4 yeni müasir məktəb binası tikilmişdir. 6 məktəb binasının tikintisi davam etdirilir və inşallah, bu il istifadəyə veriləcəkdir. Bütün ölkədə olduğu kimi, rayonumuzda da böyük tikinti-quruculuq və abadlıq işləri aparılır, işsizlik, yoxsulluq kimi ağır sosial bəlanın aradan qaldırılması istiqamətində ciddi nailiyyətlər əldə olunmuşdur. 
Qurultay tribunasından formalaşmış belə bir ictimai fikri cəsarətlə səsləndirmək istəyirəm: Azərbaycanın bugünkü nailiyyətləri ölkə rəhbərliyinin xalqla olan birliyinin, hakimiyyətin xalqın arzu və istəklərinə xidmət etməsinin nəticəsidir. Müstəqil Azərbaycan dövləti sürətli, dinamik və hərtərəfli inkişaf dövrünü yaşayır. Qısa zaman ərzində Azərbaycan Respublikası öz siyasi çəkisinə və iqtisadi inkişaf sürətinə görə dünyanın ən önəmli ölkələri sırasına daxil olmuşdur. Bu həqiqəti dünyanın aparıcı dövlətləri, politoloji mərkəzləri, nüfuzlu beynəlxalq təşkilatları birmənalı şəkildə qəbul edirlər. Bütün bunların arxasında hazırda cənab Prezident İlham Əliyev tərəfindən ustalıqla həyata keçirilən uğurlu siyasət dayanır. 
Dörd il ərzində 1200 məktəb binasının tikilib istifadəyə verilməsi, səhiyyə sisteminin əsaslı şəkildə müasirləşdirilməsi, mədəniyyətin, elmin, təhsilin hərtərəfli inkişafına qayğı, olimpiya-idman hərəkatının genişləndirilməsi, gəncliyə qayğı, bütövlükdə qeyri-neft sektorunun inkişafı doğma Azərbaycanımızı milli intibah dövrünə gətirib çıxarmış, ölkənin hərtərəfli inkişafını təmin etmişdir. Xalqın arzularını tam şəkildə ifadə edən iqtidarımızın şəksiz uğurlarında, humanizm və mərhəmət yönümlü sosial problemlərin həll edilməsində misilsiz xidmətləri olan Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, partiyamızın Siyasi Şurasının üzvü, Mehriban xanım Əliyevanın çox böyük fəaliyyəti də ictimaiyyət tərəfindən rəğbətlə qarşılanır. 
Hörmətli qurultay nümayəndələri! 
Qarşıdan əlamətdar və mühüm siyasi kampaniya - Azərbaycan Respublikası Prezidentinin seçkiləri gəlir. Partiyamızın, əslində, xalqın namizədi cənab İlham Əliyevin cəmiyyətdə alternativsiz lider kimi qəbul edilməsi bu seçkilərin nəticələrini əvvəlcədən söyləməyə böyük əsaslar verir. 
Azərbaycan cəmiyyətindəki seçkiqabağı vəziyyət, hər bir vətəndaşımızın öz dövlətinə, iqtidarına, Prezidentinə olan sonsuz inamının, etimadının dinamik şəkildə artması onu göstərir ki, cənab İlham Əliyevin qarşıdakı prezident seçkilərində qələbəsi şəksizdir. Xalqın yüksək siyasi nüfuza malik olan sevimli Prezidentinə inamı, etimadı o qədərdir ki, seçki kampaniyasında ona rəqib ola biləcək hər hansı lider və ya siyasi qüvvə mövcud deyildir. 
Azərbaycan vətəndaşları cənab Prezident İlham Əliyevə böyük etimad bəsləməklə, onun siyasi xəttini birmənalı şəkildə dəstəkləyirlər. Prezidentimizin nüfuzu ölkəmizin hüdudlarını aşmış və o, beynəlxalq birliyin qəbul etdiyi görkəmli siyasi və dövlət xadimi kimi dünyada böyük şöhrət qazanmışdır. 
Ona görə də xalqın nümayəndələri kimi biz hesab edirik ki, Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyev yalnız iqtidar partiyamızın yox, bütün xalqın namizədidir. Biz ölkəmizdə keçiriləcək azad, demokratik, ədalətli və şəffaf seçkilərdə fəallıq göstərməklə, partiyamızın sədri İlham Əliyevi yenidən Azərbaycan Respublikasının Prezidenti seçəcəyik! Bu məqsədlə də mən çoxminli Azərbaycan müəllimlərinin arzusunu ifadə edərək, 2008-ci il oktyabrın 15-də keçiriləcək prezident seçkilərində partiyamızın sədri İlham Əliyevin namizədliyinin irəli sürülməsi ilə bağlı təklifi tam şəkildə müdafiə edir və hamımızı "İlhamla irəli!" şüarı altında qələbəmizin əldə olunması yolunda səfərbər olmağa çağırıram. 
Diqqətinizə görə təşəkkür edirəm!