YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

 

Yeni Azərbaycan Partiyası III Qurultayının Müraciəti

 

 

Əziz həmvətənlər! 
Azərbaycanın ictimai-siyasi həyatında mühüm və aparıcı yer tutan Yeni Azərbaycan Partiyasının III Qurultayı öz işini başa çatdırmışdır. Qurultaydakı müzakirələrin gedişində xalqımızın və partiya həyatının müxtəlif sahələrini əhatə edən bir sıra vacib məqamlar öz əksini tapmış, partiyanın gələcək inkişaf perspektivlərini müəyyənləşdirən mühüm qərarlar qəbul edilmişdir. Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyası Sədrinin I müavini, Ümummilli Liderimiz Heydər Əliyevin layiqli davamçısı İlham Əliyev Partiyanın Sədri seçilmişdir. Qurultayda Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri möhtərəm İlham Əliyevin dərin məzmunlu və əhatəli nitqində, digər çıxışlarda Azərbaycanın müstəqilliyinin möhkəmlənməsində və bügünki inkişafında müstəsna xidmətləri olan Yeni Azərbaycan Partiyasının cəmiyyətin avanqardı və siyasi güc mərkəzi kimi rolunun daha da möhkəmlənməsinin əks olunmuşdur. 
Partiyamızın ali forumunun nümayəndələri dərin inamla bildirirlər ki, İlham Əliyevin Yeni Azərbaycan Partiyasının Sədri seçilməsi Azərbaycanı uzun illər tərəqqi və yüksəlişə aparan, onun dünənki və bugünki uğurlarını, habelə gələcək qələbələrini şərtləndirən Heydər Əliyev siyasətinin varisliyinə və yaşarlığına növbəti təminatdır. 
Bu seçim Yeni Azərbaycan Partiyasının çoxminli üzvlərinin Heydər Əliyev ideyalarına dərin sədaqətindən, onun davamçısı İlham Əliyevə böyük inam, hörmət və etimadından irəli gəlir. İnanırıq ki, partiyamızın seçimi cəmiyyətimizdə alqışlanacaq, milyonlarla Heydər Əliyev tərəfdarlarının ürəyindən xəbər verən qərar kimi qarşılanacaqdır. 
Bütün mənalı ömrünü xalqına, dövlətinə, Vətəninə xidmətə sərf etmiş Ümummilli Liderimiz Heydər Əliyevin yaratdığı Yeni Azərbaycan Partiyasının amalı onun ideyalarını yaşatmaq və həyata keçirmək, Azərbaycanın inkişafı, güclənməsi, müasirləşməsi, xalqımızın rifahının yüksəlməsi uğrunda mübarizə aparmaqdır. Hazırda bu müqəddəs vəzifələrin yerinə yetirilməsinə Ümummilli Liderimiz Heydər Əliyevin davamçısı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev rəhbərlik edir. Ölkəmiz sürətlə tərəqqi edir, iqtisadiyyatı güclənir, islahatların miqyasları durmadan genişlənir. İlham Əliyevin bilavasitə təşəbbüsü ilə qəbul edilən regionların sosial - iqtisadi tərəqqisi, işsizliyin aradan qaldırılması, yoxsulluğun azaldılması proqramları uğurla həyata keçirilir. Əsası Heydər Əliyev tərəfindən qoyulan neft strategiyası, Azərbaycanı regionun liderinə çevirmək siyasəti danılmaz reallığa çevrilir. Azərbaycanın regionun lideri olmasına artıq heç kəs şübhə etmir. Ölkəmiz və Azərbaycanın neft strategiyasında iştirak edən ölkələr Xəzərin böyük neftinin Heydər Əliyev adına Bakı - Tbilisi - Ceyhan neft kəməri ilə ixracının başlanması bayramını qeyd etməyə hazırlaşır. Dövlətimizin iqtisadiyyatını, xalqımızın rifahını və Azərbaycanın dünyadakı rolunu kökündən dəyişdirəcək gün uzaqda deyil. 
Doğma Vətənimiz üçün gecsağalan yaraya çevrilmiş Qarabağ probleminin həlli, Azərbaycan - Ermənistan Dağlıq Qarabağ münaqişəsinin acı nəticələrinə son qoyulacağı gün də uzaqda deyil. Xalqımız son illərdə məsələyə dünyanın münasibətinin necə dəyişdiyini, Azərbaycan torpaqlarını işğal altında saxlamağın ermənilər üçün nə qədər çətin olduğunu aydın görməkdədir. Heç vaxt haqqında ağır söz deyilməyən Ermənistanı indi bir çox dövlətlər və mötəbər beynəlxalq təşkilatlar təcavüzkar adlandıraraq suçlayır. Bu, Azərbaycan diplomatiyasının, Heydər Əliyev siyasətinin böyük uğurudur. 
Bu gün Azərbaycanda demokratik dəyərlər tam şəkildə bərqərar olmuş, söz və mətbuat azadlığı təmin edilmişdir. İnsan haqları, vətəndaşların təhlükəsizliyi hökumət tərəfindən qorunur. Ölkədəki ictimai - siyasi sabitlik insan haqlarının qorunmasına ən etibarlı təminatdır. 
Lakin təssüflər olsun ki, ölkədə mövcud olan söz və mətbuat azadlığından, insan hüquqlarına geniş dövlət təminatından sui-istifadə edən bəzi dairələr, xüsusi ilə də radikal müxalifət ölkədə aparılan çoxşaxəli islahatlar prosesinə qara yaxmağa, iqtidarın fəaliyyətini gözdən salmağa çalışır, bu məqsədlə qəbuledilməz üsul və vasitələrdən istifadə edir, hətta ayrı-ayrı faciələrdən, kriminal faktlardan yararlanmağa səy göstərir, çox vaxt isə sadəcə olaraq böhtan atmaq, həqiqəti kobud şəkildə təhrif etmək yolunu seçirlər. Əslində isə bütün bunların hamısı azərbaycan xalqına qara yaxmaq, dövlətimizin beynəlxalq nüfuzuna zərbə vurmaq cəhdlərindən başqa bir şey deyildir. Xalqımız siyasi mübarizəni kütləvi iğtişaşlarla əvəzləmək istəyən qüvvələrə 2003-cü ilin oktyabrın 15-də keçirilmiş prezident seçkilərində və oktyabrın 16-da baş verən hadisələr zamanı bir daha qətiyyətlə «yox» demişdir. İnanırıq ki, respublikada yaranmış ictimai- siyasi sabitliyi, mənəvi-psixoloji durumu gərginləşdirməyə can atanlar, milli birliyimizi pozmağa səy göstərənlər heç şübhəsiz xalq tərəfindən bundan sonra da birmənalı şəkildə rədd ediləcək və xalqımız onlara yenə də «yox» deyəcəkdir. 
Əziz soydaşlarımız!
Qarşıdan Azərbaycan Respublikasının Milli Mcəlisinə seçkilər gəlir. Hər bir demokratik ölkənin həyatında seçkilər başlıca siyasi hadisə olmaqla cəmiyyətdə fəallığı yüksəldir. Lakin bu fəallıq gərginliyin artırılması, qarşıdurmanın yaradılmasına deyil, yalnız və yalnız sərbəst, azad, ədalətli, şəffaf və təmiz siyasi bəhsləşməyə xidmət etməlidir. Yeni Azərbaycan Partiyası həmişə siyasi mübarizədə ağıla, zəkaya, məntiqə, ədalətə üstünlük verib və bunun bəhrəsini görüb. 
Seçkilər ili olan 2005-ci ildə də biz ölkədəki bütün siyasi qüvvələri təmiz və vicdanlı siyasi bəhsləşməyə dəvət edir, onları heç bir tərəfin, ilk növbədə isə xalqın mənafeyinə uyğun olmayan qarşıdurmadan, gərginliyi artırmağa xidmət edən əməllərdən çəkinməyə səsləyirik. Xalqın iradəsini əks etdirmək məqsədi güdən hər bir seçkinin hakimi də xalq olmalıdr. Heç kim xalqın bu haqqını alıb, başqasına verə bilməz. Xalqdan kənarda demokratiya olmur. 
Əziz həmvətənlər! 
Ötən illər ərzində Ümummilli Liderimiz Heydər Əliyevin banisi olduğu və tarixi zərurətdən yaranmış Yeni Azərbaycan Partiyası zamanın bütün sınaqlarından uğurla çıxmış, mövcud olduğu bütün dövrlərdə xalqın və Vətənimizin mənafelərinə uyğun fəaliyyət göstərmiş və böyük qələbələr qazanmışdır. Yeni Azərbaycan Partiyasının III Qurultayı bir daha keçən dövrə nəzər salaraq, əldə edilmiş uğurlarını təhlil edərək, gələcək fəaliyyət istiqamətlərini konseptual və sistemli şəkildə müəyyənləşdirərək bəyan edir ki, özünün bütün potensialını bundan sonra da müasir, zəngin və qüdrətli Azərbaycan uğrunda mübarizəyə səfərbər edir. Keçdiyimiz yol sübut edir ki, Azərbaycanda Heydər Əliyev yolunun alternativi yoxdur. Müasir, qüdrətli və zəngin Azərbaycan dövlətinin inkişafı yalnız Heydər Əliyev ideyalarının işığında mümkündür. 
Biz, Azərbaycan dövlətçiliyinə sədaqətini dəfələrlə sübut etmiş Yeni Azərbaycan Partiyasının üzvləri növbəti dəfə bəyan edirik ki, bundan sonra da Azərbaycan Respublikasına sədaqətlə xidmət edəcək, onu azad, dünyəvi, demokratik və hüquqi bir dövlət kimi daha da inkişaf etdirəcək, möhkəmləndirəcək, ölkəmizi dünyanın zəngin və qüdrətli dövlətləri sırasına çıxaracağıq. Bu müqəddəs və şərəfli yolda cəmiyyətimizin bütün sağlam və mütərəqqi qüvvələrini birləşməyə, xalqımıza, müstəqil Azərbaycan dövlətinə sədaqətlə xidmət etməyə çağırırıq. 
Çağırışımızın səmimiyyətlə qəbul ediləcəyinizə əminliyimizi bildiririk.

26.03.2005