YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

 

Yeni Azərbaycan Partiyasının III Qurultayının Qətnaməsi

 

Yeni Azərbaycan Partiyasının III qurultayı partiyanın Sədri cənab İlham Əliyevin proqram səciyyəli, dərin məzmunlu nitqindən irəli gələn müddəaları, hesabat məruzəsindəki və müzakirələr zamanı söylənilən fikir və təklifləri ümumiləşdirərək qeyd edir ki, Ümummilli Liderimiz Heydər Əliyevin yaradıcısı olduğu Yeni Azərbaycan Partiyası özünün II qurultayından ötən müddət ərzində partiyanın Nizamnamə və Proqram sənədlərindən irəli gələn vəzifələrin həyata keçirilməsi istiqamətində səmərəli və məqsədyönlü fəaliyyət göstərmişdir.
Qurultaylararası dövrdə Yeni Azərbaycan Partiyası Azərbaycanın ictimai - siyasi həyatında yaxından və fəal iştirak etmiş, ölkədə 2002-ci ilin avqust ayında keçirilən referendum (ümumxalq səsverməsi), 2003-cü il prezident və 2004-cü il bələdiyyə seçkilərində əhəmiyyətli uğur qazanmışdır. 2003-cü il prezident seçkilərində Yeni Azərbaycan Partiyasının namizədi cənab İlham Əliyevin uğurlu qələbəsi Heydər Əliyev ideyalarına xalqın böyük inam və etimadını, Heydər Əliyev yolunun alternativsiz olduğunu bir daha təsdiq etdi. 
III qurultay müstəqil Azərbaycan dövlətinin qurucusu, Yeni Azərbaycan Partiyasının yaradıcısı, Ümummilli Liderimiz Heydər Əliyevin Azərbaycanın müstəqilliyinin dönməzliyinin təmin edilməsi, ölkənin tərəqqisi, iqtisadiyyatın yüksəlişi, xalqın rifahının yaxşılaşması, uğurlu neft strategiyasının həyata keçirilməsi, milli - mənəvi dəyərlərimizin qorunması, ölkənin təhlükəsizliyini təmin etmək iqtidarında olan ordunun yaradılması, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə aradan qaldırılması yolunda diplomatik nailiyyətlərin əldə edilməsi, Azərbaycanın beynəlxalq aləmdə nüfuzunun yüksəlməsi naminə həyata keçirdiyi nəhəng işləri yüksək dəyərləndirir, onun millət və Vətən yolunda göstərdiyi əvəzsiz xidmətləri dərin minnətdarlıq hissi ilə qeyd edir.
Partiyanın III qurultayı müstəqil Azərbaycan dövlətinin inkişaf yolunun Heydər Əliyev siyasətinə əsaslandığını, yeni tarixi mərhələyə qədəm qoyan ölkəmizin Prezident İlham Əliyevin irəli sürdüyü «müasir, qüdrətli və zəngin Azərbaycan naminə» çağırışı ilə daha inamla irəliləcəyini yekdilliklə ifadə edir. Bu isə özünün əsas mənasını Azərbaycanın milli maraqlarının qorunmasında, siyasi, hərbi və iqtisadi təhlükəsizliyinin təmin edilməsində, sosial iqtisadi islahatların daha da dərinləşməsində, demokratiyanın inkişafında, iqtisadi tərəqqiyə nail olunmasında, vətəndaşların hüquq və azadlıqlarının ardıcıl və davamlı şəkildə qorunmasında tapır. Məhz həmin siyasətin uğurlu və məntiqi nəticəsi olaraq bu gün Azərbaycan Prezidenti xalq tərəfindən birmənalı şəkildə dəstəklənir, iqtidarla xalqın sarsılmaz vəhdəti təmin edilir. 
Qurultay Ümummilli Liderimiz Heydər Əliyevin müəyyən etdiyi xarici siyasət kursunun Prezident İlham Əliyev tərəfindən uğurla, ardıcıl və məqsədyönlü şəkildə davam etdirdiyini, Ermənistan - Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll edilməsi istiqamətində həyata keçirilən strategiyanın Azərbaycanın milli maraqlarına tam cavab verdiyini bir daha vurğulayır, ölkəmizin üzləşdiyi bu problemin tezliklə özünün ədalətli həllini tapacağına əminliyini ifadə edir. 
III qurultay hesabat dövründə partiyanın siyasi - təbliğat, təşviqat və təşkilatlanma istiqamətində fəallığını qeyd edir və partiyanın üzvlərinin sayının 130 min nəfər artaraq, hazırda 360 min nəfərə çatması faktını müsbət qiymətləndirir. 
III qurultay hesabat dövründə ölkəmizdə keçirilmiş mühüm siyasi kampaniyalarda - referendum, prezident və bələdiyyə seçkilərində partiyanın qazandığı nailiyyətləri, bu yöndə fəaliyyətini xüsusi qeyd edir və qurultaydakı çıxışlarda ifadə olunduğu kimi, bu ilin payızında Milli Məclisə keçiriləcək seçkilərdə ciddi uğur əldə edəcəyinə əminliyini bildirir. 
Yeni Azərbaycan Partiyasının III qurultayı partiyanın Siyasi Şurasının, İdarə Heyətinin və İcra Katibliyinin hesabat dövründəki fəaliyyətini hərtərəfli şəkildə təhlil edərək, növbəti dövr üçün qarşıda duran başlıca vəzifələri müəyyənləşdirərək qərara alır:

- Partiyanın Siyasi Şurasının və İdarə Heyətinin hesabat dövründəki fəaliyyəti qənaətbəxş hesab edilsin;

- Ümummilli Liderimiz, Yeni Azərbaycan Partiyasının yaradıcısı, Müstəqil Azərbaycan dövlətinin banisi və qurucusu Heydər Əliyevin müəyyən etdiyi yolla Azərbaycanı müasir, qüdrətli və zəngin dövlətlər sırasına çıxarmaq istiqamətində Prezident İlham Əliyevin həyata keçirdiyi məqsədyönlü siyasət bəyənilsin, partiyanın hər bir üzvü bu siyasətin yerinə yetirilməsinə öz töhfəsini versin;

- Partiyanın qarşıdan gələn dövrdəki fəaliyyətində 2005-ci ildə Milli Məclisə keçiriləcək seçkilərə hazırlıq başlıca vəzifə kimi müəyyənləşdirilsin, partiyanın namizədlərinin seçkidə yüksək səviyyədə iştirakını və qələbəsini təmin edən təşkilati və təşviqat xarakterli bütün tədbirlər həyata keçirilsin;

- Ümummilli Lider Heydər Əliyevin zəngin siyasi -dövlətçilik və mənəvi irsinin daha geniş şəkildə öyrənilməsi və təbliğ olunması məqsədilə partiya strukturlarının fəaliyyəti gücləndirilsin;

- Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin həyata keçirdiyi daxili və xarici siyasətin, sosial - iqtisadi islahatların, regionların inkişafı istiqamətində, digər sahələrdə əldə edilmiş uğurlu nəticələrin xalqın geniş təbəqələrinə əsaslı və ətraflı şəkildə çatdırılması məqsədlə partiyanın təbliğat və təşviqat fəaliyyəti daha da artırılsın;

- Ermənistan - Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə aradan qaldırılması üçün reallaşdırılan siyasətin mahiyyəti geniş şəkildə təbliğ edilsin;

- Yeni Azərbaycan Partiyasının seçkili hakimiyyət və özünüidarə orqanlardakı təmsilçiləri - Azərbaycan Respublikası Milli Məclisinin deputatları və bələdiyyə üzvləri ilə əlaqələri gücləndirilsin, deputatların və bələdiyyə üzvlərinin Prezidentin siyasətinə uyğun fəaliyyətinin təmin edilməsində partiya təbliğatının səmərəsinin artırılması təmin edilsin;

- Dövrü mətbuatda və elektron kütləvi informasiya vasitələrində, eyni zamanda xarici mətbuat səhifələrində partiyanın fəaliyyətinin daha geniş fomada işıqlandırılmasına və iqtidarın həyata keçirdiyi siyasətin təbliğinə diqqət gücləndirilsin;

- Yeni Azərbaycan Partiyasının və iqtidarın ümümdövlət maraqlarını özündə əks etdirən siyasətinə kölgə salmağa cəhd göstərən, müstəqil dövlətimizin beynəlxalq aləmdə mövcud olan müsbət imicinə zərbə vurmağa çalışan, möhkəm əsaslara söykənən ictimai - siyasi sabitliyi pozmağa can atan, şaiyə, böhtan və yalan məlumatlar yaymağa səy göstərən, milli birliyə mane olan destruktiv və radikal yönümlü müxalifətin niyyətləri və xalqa zidd əməllərininin mahiyyəti ardıcıl olaraq ifşa edilsin;

- Partiyanın milli-mənəvi dəyərlərimizin və cəmiyyətin sağlamlığının qorunmasında, mənəvi tərbiyə işinin gücləndirilməsində, insanları narahat edən hallara qarşı mübarizənin təşkilində fəal və ardıcıl iştirakına nail olunsun;

- Gənclərlə işin bütün istiqamətlərdə gücləndirilməsinə diqqət artırılsın, partiyanın gənclər təşkilatının fəaliyyəti müasir tələblərə uyğun formada təkmilləşdirilsin və daha da genişləndirilsin;

- Şəhər və rayon təşkilatlarının nəzdində Qadınlar Şuralarının fəallığının artırılmasına diqqət gücləndirilsin;

- Partiya intizamı möhkəmləndirilsin, seçkili orqanların və daimi fəaliyyət göstərən strukturların fəaliyyəti daha da təkmilləşdirilsin;

- Partiyanın ilk təşkilatlarının fəaliyyəti gücləndirilsin, onların seçki məntəqələri üzrə formalaşması təmin edilsin, partiya fəalları təsisatından daha səmərəli istifadə olunmasına nail olunsun;

- Mərkəzi Nəzarət - Təftiş Komissiyası partiya üzvlərinin Nizamnamə tələblərinə ciddi əməl etməsinə nəzarəti daha da artırsın, seçkili orqanların qərarlarının icra mexanizmi təkmilləşdirilsin;

- Rayon (şəhər) təşkilatlarının maddi və texniki təchizatının daha da yaxşılaşdırılması yönündə işlər bundan sonra da davam etdirilsin;

- Partiyanın savadlı, layiqli, fəal və işgüzar üzvlərinin, o cümlədən gənclər və qadınların dövlət idarəetmə orqanlarında irəli çəkilməsinə dəstək verilsin;

- Ümummilli maraqlar naminə ölkədəki siyasi partiyalar və qeyri - hökumət təşkilatları ilə dialoq və səmərəli əməkdaşlıq ardıcıl olaraq həyata keçirilsin;

- Partiyanın beynəlxalq əlaqələri və xarici ölkələrdə məskunlaşmış soydaşlarımızla əlaqələri daha da genişləndirilsin, Azərbaycan həqiqətlərinin dünya ictimai rəyinə çatdırılması istiqamətində görülən işlər bundan sonra da davam etdirilsin;

- III qurultayın materiallarının öyrənilməsi, daha geniş miqyasla ictimaiyyətə çatdırılması və təbliğ olunması üçün Siyasi Şura, İdarə Heyəti və İcra Katibliyi müvafiq tədbirlər planı hazırlayıb həyata keçirsin.