Azərbaycan Respublikasının Prezidenti,Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin Yeni Azərbaycan Partiyasının III qurultayında Nitqi
Hörmətli xanımlar və cənablar!
Hörmətli qurultay iştirakçıları!
Mən sizin hamınızı ürəkdən salamlayıram. Hər birinizə cansağlığı, uğurlar arzulayıram. Bu gün mənim ünvanıma deyilən bütün xoş sözlərə görə sizə minnətdaram.
Yeni Azərbaycan Partiyasının III qurultayı Azərbaycanın ictimai-siyasi həyatında çox mühüm hadisədir. Mən hesab edirəm ki, qurultayın nəticələri ölkəmizin gələcək inkişafı üçün, demokratik inkişafı üçün mühüm rol oynayacaqdır.
Yeni Azərbaycan Partiyası 1992-ci ildə çətin şəraitdə yaranmışdır. Xalqımızın ümummilli lideri Heydər Əliyevin təşəbbüsü ilə yaranan Yeni Azərbaycan Partiyası müxalifət partiyası kimi yaranmışdır. Ancaq indiki bəzi müxalifət nümayəndələrindən fərqli olaraq, Yeni Azərbaycan Partiyası müxalifətdə olan dövrdə heç vaxt Azərbaycan dövlətçiliyinə, Azərbaycanın milli maraqlarına müxalifətdə olmamışdır. O vaxtkı iqtidara müxalifətdə olmuşdur və təkcə biz yox, bütün Azərbaycan xalqı o vaxtkı iqtidara müxalifətdə idi. Çünki onların yarıtmaz fəaliyyəti nəticəsində ölkədə anarxiya, hərc-mərclik, total böhran hökm sürürdü. Demək olar ki, ölkəni uçurum kənarına gətirib çıxarmışdılar. Ölkədə gedən proseslər Azərbaycanın gələcəyini sual altında qoymuşdu və ölkə parçalanma ərəfəsində idi. Azərbaycan xalqının müdrikliyi və xalqımızın ümummilli lideri Heydər Əliyevin siyasi təcrübəsi, biliyi, cəsarəti nəticəsində ölkəmiz o çətin şəraitdən şərəflə çıxdı, Azərbaycan özünü bütün təhlükələrdən qoruya bildi. Ölkəmiz çox inamla inkişaf etməyə başladı və qısa müddət ərzində Azərbaycan öz siyasi və iqtisadi potensialını gücləndirərək, bölgədə lider dövlətə çevrilmişdir. Bu, böyük tarixi hadisədir.
Əgər xalqımızın ümummilli lideri Heydər Əliyev o çətin anda ölkəyə rəhbərliyə gəlməsəydi, Azərbaycanın hansı bəlalarla üzləşə biləcəyini təsəvvür etmək çətindir. Azərbaycanın gələcəyi, müqəddəratı çox böyük təhlükələrlə üzləşə bilərdi.
Ümummilli liderimiz Heydər Əliyevin hakimiyyətə gəlməsindən sonra ölkəmizdə inkişaf dövrü başladı. Bu dövrün ilk illəri də ölkəmiz üçün çox çətin şəraitdə keçirdi. Ölkədə sabitlik tam bərqərar olunmamışdı. Vətəndaş müharibəsinin fəsadları aradan götürülməmişdi. Ölkədə hökm sürən böhran iqtisadi tənəzzülə gətirib çıxarmışdı. İnsanlarımızın həyat səviyyəsi ildən-ilə pisləşirdi və ölkə iqtisadiyyatı demək olar ki, iflic vəziyyətində idi.
Yenə də məhz Heydər Əliyevin fəaliyyəti nəticəsində, onun uzaqgörən siyasəti nəticəsində qısa müddət ərzində iqtisadiyyatda, siyasi həyatda müşahidə olunan mənfi meyillərin qarşısı alındı və ölkə inkişaf yoluna qədəm qoydu. Heydər Əliyev ictimai-siyasi quruluşundan asılı olmayaraq, sözün əsil mənasında, bütün dövrlərdə Azərbaycan xalqının lideri idi. 1970-1982-ci illərdə ölkəyə rəhbərlik etdiyi dövr ərzində onun tərəfindən görülmüş işlər Azərbaycan xalqının maraqlarına xidmət edirdi. Məhz onun fəaliyyəti nəticəsində Azərbaycana mərkəzi fondlardan böyük həcmdə vəsait gətirilirdi. Yeni zavodlar, fabriklər tikilirdi. İndi bu zavodlar və fabriklər Azərbaycanın iqtisadi və sənaye potensialına böyük dəstəkdir. Əgər o illərdə Azərbaycanda iri sənaye infrastrukturu yaranmasaydı, xüsusilə neft sahəsində, neft emalı sahəsində nəhəng qurğular tikilməsəydi, bu gün Azərbaycanın iqtisadi potensialı o qədər də güclü ola bilməzdi. Yəni demək istəyirəm ki, ictimai-siyasi quruluşundan asılı olmayaraq, bütün zamanlarda Heydər Əliyevin liderlik keyfiyyətləri, xalqa, millətə bağlılığı ölkəmiz üçün, böyük işlər görmək üçün gözəl şərait yaratmışdır. Amma təbii ki, Azərbaycanın ən ağır dövrü olan müstəqilliyimizin ilk illərində Heydər Əliyevin fəaliyyəti həlledici idi.
Görülən bütün bu işlərin nəticəsində indi Azərbaycan öz siyasi və iqtisadi gücünü daha da artırır. 1993-cü ildən 2003-cü ilə qədər görülən bütün işlər Azərbaycanı tam mənada müstəqil dövlətə çeviribdir. Müstəqillik təkcə dövlət atributları deyildir. Bu gün bir neçə ölkə var ki, onların bütün dövlət atributları mövcuddur, rəsmən müstəqil dövlət kimi dünya birliyinə daxil olublar. Fəqət, onların siyasəti heç də müstəqil deyildir. Xalqımızın ən böyük sərvətlərindən biri də odur ki, bu gün Azərbaycan və Azərbaycan rəhbərliyi tam mənada müstəqil siyasət aparır. Bu siyasət yalnız və yalnız Azərbaycan xalqının milli maraqlarına xidmət edir. Bundan sonra da bizim görəcəyimiz bütün işlər Azərbaycan xalqının milli maraqlarına qulluq edəcək, Azərbaycanın daha da inkişafına xidmət edəcəkdir.
Heydər Əliyevin neft strategiyasının icrası nəticəsində ölkəmizə milyardlarla dollar xarici sərmayə gətirilibdir. Yenə də deyirəm, əgər 1994-cü ildə, o çətin şəraitdə "Əsrin müqaviləsi" imzalanmasaydı, ondan sonrakı dövr ərzində bütün infrastruktur layihələri həyata keçirilməsəydi, Bakı-Tbilisi-Ceyhan neft kəmərinin tikintisinə başlanmasaydı bu gün Azərbaycanda iqtisadi inkişafdan, ümumiyyətlə, söhbət gedə bilməzdi. Azərbaycanın bir çox sahəsi məhz "Əsrin müqaviləsi"ndən sonra inkişaf etməyə başladı. Bu müqavilə bir növ bütün iqtisadi inkişaf üçün möhkəm təkan verdi. Azərbaycanın qarşısında duran sosial məsələlər daha da uğurla həll olunmağa başladı. Təbii ki, bunu da etmək üçün maliyyə imkanları lazımdır.
Bu gün Azərbaycanın valyuta ehtiyatları 2 milyard dollara bərabərdir. Bu, böyük sərvətdir və biz də ondan Azərbaycan xalqının milli maraqlarının qorunması üçün, dövlətimizin möhkəmlənməsi üçün istifadə edirik. Mən hesab edirəm ki, iqtisadi inkişafda müsbət meyillər sürətlə gedir və Azərbaycan öz iqtisadi potensialını günü-gündən gücləndirir.
Ordu quruculuğunda böyük işlər görülmüşdür. Bu gün Azərbaycan ordusu qarşıda duran bütün vəzifələri həll etməyə qadirdir. Biz ordumuzun güclənməsi üçün lazımi tədbirlər görürük və bundan sonra da görəcəyik.
Azərbaycan informasiya blokadasını yara bildi. Ölkəmiz beynəlxalq ailəyə qovuşdu və beynəlxalq aləmdə özünə layiq yerini tuta bildi. İndi Azərbaycan bölgədə güclü mövqelərə sahib olan ölkədir, bölgədə gedən proseslərə təsir etmək iqtidarındadır. Hesab edirəm ki, biz bu imkanlardan səmərəli istifadə edirik və günü-gündən Azərbaycanın beynəlxalq nüfuzu artır.
Mən hesab edirəm ki, bizim milli maraqlarımızın daha da səmərəli şəkildə qorunmasında beynəlxalq fəaliyyət, xarici siyasətimiz mühüm rol oynayır. Çox müsbət haldır ki, bu istiqamətdə də böyük işlər görülübdür.
2003-cü il Azərbaycan üçün, Azərbaycanın müasir tarixi üçün deyə bilərəm ki, həlledici il olmuşdur. Xalqımızın ümummilli lideri Heydər Əliyevin səhhətində yaranmış problemlər ona növbəti dəfə prezident seçkilərində iştirak etmək imkanı yaratmadı. Azərbaycan xalqının dəstəyi ilə, Yeni Azərbaycan Partiyasının dəstəyi ilə mənim namizədliyim irəli sürüldü. Mənim də seçkiqabağı çıxışlarımda səslənən fikirlər hamınıza bəllidir. Mən demişdim, bu gün də deyirəm ki, Azərbaycan Heydər Əliyevin müəyyən etdiyi yolla getməlidir, yalnız bu yol bizə uğur gətirə bilər. Biz ancaq bu yolla getsək, ölkəmizi zəngin, qüdrətli dövlətə çevirə biləcəyik.
Heydər Əliyevin siyasəti yaşamalıdır. Bu, zəmanənin tələbidir. Bu, yeganə siyasətdir ki, Azərbaycanı daha da gücləndirəcək, Azərbaycan xalqının həyat səviyyəsinin yaxşılaşmasına xidmət edəcəkdir. Mən çox şadam ki, Azərbaycan xalqı 2003-cü ildə öz seçimini düzgün etdi. Heydər Əliyevin siyasətinə öz səsini verdi və beləliklə, bu gün də biz hamımız, Azərbaycan xalqı, Yeni Azərbaycan Partiyası Heydər Əliyevin siyasətinə sadiq qalaraq, onu davam etdiririk və çox uğurla davam etdiririk.
2003-cü ildə Azərbaycan xalqına böyük itki üz vermişdir. Biz öz liderimizi itirdik. Bu, bizim hamımız üçün böyük sarsıntı idi, hamımız üçün böyük faciə idi. Ancaq Azərbaycan xalqı o çətin anda sıx birləşdi, öz iradəsini ifadə etdi. Azərbaycan xalqı ölkəmiz üçün həlledici məqamda bir yumruq kimi birləşdi və Heydər Əliyevin ideyalarına, onun siyasətinə, onun dünya baxışlarına, onun fəlsəfəsinə sadiqliyini bir daha göstərdi. Bu, çox vacib məsələdir. Heydər Əliyev bu gün bizimlə deyil, amma onun siyasəti yaşayır, onun fəlsəfəsi yaşayır, onun yaratdığı müasir, müstəqil Azərbaycan yaşayır və bundan sonra da yaşayacaqdır.
Mən də öz fəaliyyətimdə xalqın dəstəyinə arxalanıram. Mən bu dəstəyi hiss edirəm və bu dəstək mənə güc verir. Hər bir rəhbər üçün əsas şərt xalqın ona olan inamıdır, dəstəyidir, görülən işlərə verilən qiymətdir.
Mən seçkilərdən əvvəl verdiyim bütün vədlərə sadiqəm. Həm daxili siyasətdə, həm xarici siyasətdə, həm iqtisadi siyasətimizdə, bütün sahələrdə. Azərbaycan son müddət ərzində bütün istiqamətlərdə uğurla inkişaf edibdir. Bizim xarici siyasətimiz düşünülmüş, məqsədyönlü konsepsiya çərçivəsində həyata keçirilir. Bu konsepsiyanın bir neçə istiqaməti var. Qonşularımızla səmimi münasibətlərin yaranması konsepsiyamızın bir istiqamətidir. Bu yolda nəticələr əldə edilibdir. Azərbaycan öz qonşuları ilə çox mehriban münasibətlər yaradıbdır. Bu münasibətlər əvvəldən də var idi, biz bu gün bunu inkişaf etdiririk. Bizim qonşularımız Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyirlər və Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə yalnız və yalnız beynəlxalq hüquq normaları prizmasından yanaşırlar.
Azərbaycan regional əməkdaşlıq baxımından öz fəaliyyətini davam etdirir və bu sahədə görülən işlər bunun əyani sübutudur. Ən böyük regional layihə olan Bakı-Tbilisi-Ceyhan neft kəməri Azərbaycanın təşəbbüsü və fəal iştirakı ilə həyata keçirilir. Bizim Avropa və Avratlantik strukturlarına inteqrasiya siyasətimiz uğurla davam etdirilir. Bu müddət ərzində Azərbaycan Avropa İttifaqının "Yeni qonşuluq siyasətinə" daxil edilibdir. Azərbaycan NATO ilə yeni fərdi əməkdaşlıq planı üzrə birgə işləyir. Beynəlxalq təşkilatlarla bizim əlaqələrimiz daha da güclənibdir. Birləşmiş Millətlər Təşkilatında, Avropa Şurasında, İslam Konfransı Təşkilatında və digər beynəlxalq təşkilatlarda Azərbaycanın mövqeləri güclənibdir. Görülən işlər, qəbul edilmiş qətnamələr, xüsusilə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə dair olan siyasi qərarlar onu göstərir ki, bizim fəaliyyətimiz bu istiqamətdə çox uğurlu olubdur.
Daxildə bizim gördüyümüz bütün işlər ölkəmizdə hökm sürən sabitliyin qorunmasına xidmət edir. Azərbaycan üçün, ümumiyyətlə, hər bir ölkə üçün, hər bir ölkənin inkişafı üçün sabitlik başlıca şərtdir. O yerdə ki, sabitlik yoxdur, orada inkişafdan söhbət gedə bilməz. O yerdə ki, sabitlik yoxdur, xarici sərmayənin gəlməsi mümkün deyildir. O yerdə ki, sabitlik yoxdur, insanlarda inamsızlıq yaranır. Ona görə xalqımızın ümummilli lideri bunu dəfələrlə bəyan etmişdir və biz də bu siyasətə sadiqik ki, Azərbaycanın uğurlu, hərtərəfli inkişafı üçün ictimai-siyasi sabitlik qorunmalı, möhkəmlənməlidir. Kim bu sabitliyi pozmaq istəsə, öz layiqli cavabını alacaqdır.
Belə cəhdlər olub. 2003-cü ildə keçirilmiş prezident seçkilərindən sonra belə cəhdlər olub, amma bütün o cəhdlərin qarşısı alınıbdır. Ümid edirəm ki, o cəhdləri edən qüvvələr üçün bu, yaxşı dərs idi. Əgər onlar bir daha buna başlasalar, yenə eyni qaydada cavablarını alacaqlar. Biz siyasi mübarizəni daş-kəsəklə deyil, sözlə, siyasətlə aparırıq. Yeni Azərbaycan Partiyası yaranan gündən bəyan etmişdir və bu gün də bu siyasətə sadiqik ki, biz siyasi mübarizənin yalnız və yalnız sivilizasiyalı formalarına üstünlük veririk. Hər bir normal dövlətdə bu cür münasibətlər olmalıdır.
Mən çox təəssüf edirəm ki, dialoq haqqında bizim bir neçə dəfə səsləndirdiyimiz təkliflər müxalifət tərəfindən qəbul edilmir. Bu təkliflər bir neçə dəfə - prezident seçkiləri ərəfəsində də verilmişdir, seçkilərdən sonra da verilmişdir. Ancaq biz nəyi görürük? Onu görürük ki, müxalifət düşərgəsində bu dialoqa meyilli olan insanlar o partiyalardan xaric edilirlər. Yəni bu, açıq şəkildə göstərir ki, həmin qüvvələr dialoqun tərəfdarı deyillər. Belə olan halda, biz başqa variantlara da baxmalıyıq. Hər halda, hesab edirəm ki, Azərbaycanın normal inkişafı üçün, ölkəmizin demokratik inkişafı üçün siyasi münasibətlər sivilizasiyalı formada olmalıdır.
Azərbaycanın iqtisadi inkişafı uğurla davam edir. Seçkilərdən əvvəl verilmiş bütün vədlər həyatda öz əksini tapır. Biz demişdik ki, iqtisadi islahatları davam etdirəcəyik, bunu da edirik. Həm struktur islahatları aparılır, həm də ölkəmizin iqtisadi inkişafı üçün çox mühüm əhəmiyyət kəsb edən sosial-iqtisadi, regional inkişaf proqramları qəbul edilib və uğurla icra edilir. Biz demişdik ki, 600 min iş yeri yaranacaqdır. Cəmi bir il ərzində yaranan iş yerlərinin sayı 170 mindən çoxdur. Biz demişdik ki, sahibkarlara kömək göstərəcəyik. Dövlət büdcəsindən 2005-ci ildə sahibkarlara kömək etmək üçün nəzərdə tutulan vəsait iki dəfə qaldırılıbdır. Biz demişdik ki, büdcəmiz artacaqdır. İlk növbədə, maliyyə nizam-intizamının güclənməsi nəticəsində 2005-ci ilin büdcəsi təxminən 25-30 faiz artırılıbdır. Mən hesab edirəm ki, bütün istiqamətlərdə nəzərdə tutulmuş proqramlar öz həllini tapıb və Azərbaycan hərtərəfli inkişaf edir.
Azərbaycanın qeyri-neft sektoru sürətlə inkişaf etməyə başladı. Qeyri-neft sektorunun inkişafı gələcək işlərimizin görülməsi üçün çox mühüm bir amildir. Mən çox şadam ki, Azərbaycanda möhkəmlənən sahibkarlar sinfi bu fürsətlərdən çox uğurla istifadə edir.
Gənclərlə bizim əlaqələrimiz həmişə yüksək səviyyədə olubdur, mən özüm şəxsən daim gənclərlə ünsiyyətdə olmuşam, indi də əlaqə saxlayıram. Çox şadam ki, ikinci qurultaydan sonra partiyamıza müşahidə olunan güclü axının böyük əksəriyyəti gənclərin hesabına baş veribdir. Bu da təbiidir. Çünki Azərbaycan gəncləri ölkəmizdə gedən prosesləri çox gözəl bilirlər və ümumiyyətlə, dünyada gedən prosesləri çox gözəl bilirlər.
Dünyada gedən proseslərin hansı istiqamətdə inkişaf etməsi haqqında onların çox yaxşı təsəvvürü vardır. Görürlər ki, bugünkü iqtidar, Azərbaycanın rəhbərliyi öz siyasətini dünyada gedən proseslərlə paralel şəkildə aparır. Çünki bu, bizim milli maraqlarımıza uyğundur. Bizim milli maraqlarımıza uyğundur ki, Azərbaycanda demokratik, sivilizasiyalı, müasir dövlət yaransın.
Biz təbii ehtiyatlarla zəngin olan ölkəyik. Bizim çox gözəl intellektual potensialımız, resurslarımız var. Amma onu da bilirik ki, yalnız və yalnız demokratik cəmiyyətdə hər bir vətəndaş öz istəyini, öz bacarığını sərbəst ifadə edə bilər. Ancaq demokratik inkişaf ölkələri tərəqqi yoluna gətirib çıxara bilər. Ona görə bütün addımlarımız məhz bu istiqamətdə atılır. Həm iqtisadi potensialımızın güclənməsi, ordu quruculuğunda görülən çox ciddi tədbirlər, Azərbaycanda daxili sabitliyin qorunması, möhkəmlənməsi, həm də ölkəmizin gələcək demokratikləşməsi bizim siyasətimizin əsas istiqamətləridir.
Ölkəmiz üçün gözəl perspektivlər açılır. Mən gələcəkdə Azərbaycanın qarşısında böyük problemlər görmürəm. Bütün problemlər öz həllini tapacaqdır. Sosial məsələlər öz həllini tapacaqdır. Biz minimum əmək haqqını iki dəfədən çox qaldırmışıq, bundan sonra da qaldıracağıq. Pensiyaları qaldıracağıq. Əmək haqqı ildən-ilə artır, əhalinin pul gəlirləri artır. Ölkədə gedən islahatlar yeni imkanlar yaradır. Kənd təsərrüfatında görüləcək işlər imkan verəcək ki, bu sahə daha da inkişaf etsin, yeni texnika alınacaqdır.
Bakı-Tbilisi-Ceyhan neft kəmərinin işə düşməsindən sonra ölkəmizə böyük həcmdə vəsait daxil olacaqdır ki, bu da iqtisadiyyatımızın bütün sahələrini inkişaf etdirmək üçün gözəl şərait yaradacaqdır. Sosial müdafiə imkanları yüksələcəkdir. Ən çətin vəziyyətdə yaşayan qaçqınlarımız, köçkünlərimizdir, onların da həyat səviyyəsi yaxşılaşdırılacaqdır. Bilirsiniz ki, onlar üçün yeni infrastruktur yaradılır, yeni şəhərciklər salınır, məktəblər, xəstəxanalar tikilir.
Bir sözlə, mən yaxın və uzaq gələcəkdə Azərbaycanın qarşısında heç bir problem görmürəm. Çünki yenə də deyirəm, bütün görülən və görüləcək işlər, hökumətin proqramları bizi bütün arzularımıza gətirib çıxaracaqdır.
Yeganə problem, ən ağırlı problem Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsidir. Biz də çalışırıq ki, bunu həll edək. Amma o da təbiidir ki, bu, bir tərəfin istəyindən asılı olan məsələ deyildir. Burada da bütün gücümüzü səfərbər etmişik.
Bir tərəfdən, xarici siyasətdə apardığımız məqsədyönlü fəaliyyət, əgər belə demək mümkündürsə, çox ciddi hücumlar, beynəlxalq təşkilatların bu məsələyə daha da diqqətli olmaları, diplomatik səylər, digər tərəfdən, ordu quruculuğu, - sirr deyil ki, 2005-ci ilin büdcəsində orduya ayrılan xərclər təxminən 30 faiz, ondan da çox artıbdır, bundan sonra da artacaqdır, - eyni zamanda, Azərbaycanın bölgədəki nüfuzu, regional layihələrin həyata keçməsi, Bakı-Tbilisi-Ceyhan neft kəmərinin tikintisi, yəni bütün bu amillər bizə çox gözəl üstünlük yaradır. İndi danışıqlar prosesində müşahidə olunan meyillər bizim xeyrimizədir. Bu da həqiqətdir. Sadəcə olaraq, Ermənistan tərəfinin qeyri-konstruktiv mövqeyi imkan vermir ki, məsələ öz həllini tapsın.
Beynəlxalq hüquq normaları bizim tərəfimizdədir. İqtisadi potensial bizim tərəfimizdədir. Ordu potensialı bizim tərəfimizdədir. Haqq-ədalət bizim tərəfimizdədir. Azərbaycan xalqı heç vaxt öz doğma torpaqlarının itirilməsi ilə barışmayacaqdır. Nəyin bahasına olursa-olsun, öz doğma torpaqlarını azad edəcəkdir.
Biz istəyirik ki, bu, sülh yolu ilə həll olunsun. Biz müharibə istəmirik, gözəl planlarımız, perspektivlərimiz var. Biz quruculuq işləri ilə məşğul olmaq, ölkəmizi daha da inkişaf etdirmək istəyirik. Ona görə məsələnin sülh yolu ilə həllinin tərəfdarıyıq. Amma o da hamıya aydındır ki, belə qeyri-müəyyən vəziyyət çox çəkə bilməz. İndiki danışıqlar Praqa prosesi çərçivəsində aparılır. Ümumiyyətlə, Praqa prosesi son müddət ərzində gedən danışıqlarda yeni bir vəziyyət yaratdı. Əslində, Praqa prosesi mərhələli həll deməkdir. Ona görə biz ümidliyik ki, Praqa prosesi nəticəsində ədalətli, bütün beynəlxalq hüquq normalarına uyğun variant müzakirə oluna bilər və tərəflər razılaşa bilərlər. Amma əgər bu dəfə də danışıqlar heç bir nəticə verməsə, onda gələcək danışıqların ümumiyyətlə, heç bir əhəmiyyəti qalmır. Çünki bilirsiniz ki, danışıqlar on ildən artıqdır ki, aparılır. Bütün mümkün olan variantlar artıq müzakirə olunubdur. Əgər bu mərhələ də heç bir nəticə verməsə, bu məsələdə yeni vəziyyət yaranacaqdır. Yəni danışıqların aparılmasına heç bir ehtiyac qalmayacaq və Azərbaycan o zaman öz strateji xəttində və bizim bu məsələyə dair bütün siyasi yanaşmalarımızda ciddi dəyişiklik etməli olacaqdır.
Əziz dostlar!
2005-ci il ölkəmiz üçün çox vacib il olacaqdır. Ümumiyyətlə, 2005-ci il çox yaxşı başladı. Bizim nəzərdə tutduğumuz bütün məsələlər - iqtisadi inkişaf məsələləri öz həllini tapır. Azərbaycan 2005-ci ildə beynəlxalq aləmdə yeni təşəbbüslərlə çıxış edir. Müxtəlif ölkələrlə ikitərəfli münasibətlər möhkəmlənir. Regional əməkdaşlıq məsələləri güclənir. 2005-ci ildə ölkəmizin gələcəyini böyük dərəcədə müəyyən edəcək Bakı-Tbilisi-Ceyhan neft kəməri istismara veriləcək və bu, vəziyyəti tamamilə dəyişdirəcəkdir. Həm bölgədə gedən proseslərə çox güclü təsir göstərəcəkdir, həm də Bakı-Tbilisi-Ceyhan neft kəmərinin işə düşməsindən sonra digər ölkələrin nefti bu kəmər vasitəsilə dünya bazarlarına çıxarıla bilər. Azərbaycanın bölgədəki mövqeləri və önəmi daha da möhkəmlənəcəkdir. Əlbəttə, Bakı-Tbilisi-Ceyhan neft kəmərinin işə düşməsi bizə imkan verəcək ki, cəmi üç il ərzində biz öz ixrac potensialımızı təxminən üç, dörd, beş dəfə artıraq. Təbii ki, bu, ölkəmizə böyük həcmdə vəsait gətirəcəkdir. Bu vəsait də Azərbaycan xalqının həyat səviyyəsinin yaxşılaşmasına xidmət edəcəkdir.
Azərbaycan Dövlət Neft Fondunda bu günə qədər yığılmış bütün vəsaitlər şəffaf şəkildə idarə olunur. Xalq bu barədə məlumat alır, məlumatlar dərc edilir və bütün xərclər yalnız və yalnız mərkəzləşmiş büdcə vasitəsilə həyata keçirilir. Bunlar parlamentdə müzakirə olunur və müzakirənin nəticəsində büdcə formalaşanda Neft Fondunun vəsaiti də orada öz əksini tapır. Yəni onu demək istəyirəm ki, Azərbaycan xalqı parlamentdə öz nümayəndələri vasitəsilə Neft Fondunun gəlirlərinin bölünməsində bilavasitə iştirak edir. Bu, çox vacibdir. Çünki bu, hamımızın sərvətidir. Azərbaycan xalqının sərvətidir və hər bir vətəndaş bu sərvətdən faydalanmalıdır. Eyni zamanda, hər bir vətəndaş bilməlidir ki, orada yığılan vəsait haraya xərclənir, hansı məqsədlərə istifadə olunu.
2005-ci ildə parlament seçkiləri keçiriləcəkdir. Biz bu seçkilərə böyük əhəmiyyət veririk. Hesab edirik ki, Azərbaycanın gələcək, demokratik inkişafında bu seçkilər mühüm rol oynayacaqdır. Mən şübhə etmirəm ki, seçkilər tam ədalətli, şəffaf keçiriləcək və Azərbaycan xalqının iradəsi və arzuları bu seçkilərin nəticəsində öz əksini tapacaqdır.
Yeni Azərbaycan Partiyası da bu seçkilərə hazırlaşmalıdır və biz bunu edəcəyik. Baxmayaraq ki, partiyamız üçün Azərbaycanın indiki siyasi səhnəsində heç bir rəqib görmürük, amma etiraf etməliyik ki, müxalifətin vəziyyəti, - bəlkə də indi bu barədə danışmaq bizim üçün o qədər də yaxşı çıxmaz, - çox acınacaqlıdır. Prezident seçkilərindən sonra onların vəhşi hərəkətləri cəmiyyətdə ümumən olmayan dayaqlarının qalıqlarını da məhv edibdir. Bu gün Azərbaycanın siyasi səhnəsində müxalifətin mövcudluğu ümumiyyətlə hiss olunmur. Onlar yalnız hansısa beynəlxalq təşkilatların dəvəti ilə gəzintilərə çıxırlar. Orada da onuncu dərəcəli məmurlarla görüşdən sonra bir az ruhlanırlar, böyük planlarla, ideyalarla Azərbaycana qayıdırlar. Amma bir müddət sonra hamımız görürük ki, bunların arxasında heç nə yoxdur.
Bir sözlə, bu gün bizim, Yeni Azərbaycan Partiyasının qarşısında rəqib yoxdur. Mən buna təəssüf edirəm. Hesab edirəm ki, bu, cəmiyyətimiz üçün qeyri-normal bir vəziyyətdir, qeyri-normal bir şəraitdir. Yeni Azərbaycan Partiyası olaraq biz öz tərəfimizdən ölkədə hökm sürən siyasi proseslərə kifayət qədər təsir etmək iqtidarındayıq. Əgər lazım olarsa, biz öz yardımımızı, köməyimizi də göstərə bilərik ki, mövcud olan siyasi qüvvələr bir az özlərinə gəlsinlər, fəal olsunlar, necə deyərlər, bir az öz gələcəyi haqqında düşünsünlər.
Amma buna baxmayaraq, Yeni Azərbaycan Partiyası, əlbəttə, seçkilərə ciddi hazırlaşacaqdır. Mən heç şübhə etmirəm ki, Yeni Azərbaycan Partiyası tərəfindən dəstəklənəcək istənilən namizəd parlament seçkilərində açıq, ədalətli və şəffaf mübarizədə qalib gələcəkdir. Azərbaycan xalqı bizim siyasətimizi dəstəkləyir, bəyənir. Bizim siyasətimiz əməli işlərdir, praktiki addımlardır, real məsələlərdir. Biz populizmdən uzağıq, gündə on dəfə müsahibə vermirik, işlə məşğul oluruq. Həm Yeni Azərbaycan Partiyası, onun fəalları, həm də hökumətdəki nümayəndələrimiz, əlbəttə, Yeni Azərbaycan Partiyasının rəhbəri, ölkə Prezidenti də bu işlərlə məşğuldur.
Mənim də həyatım və fəaliyyətim göz qabağındadır. Seçkilərdən əvvəl demişəm ki, əgər seçilsəm, doğma xalqıma ləyaqətlə xidmət edəcəyəm. Mən bunu etməyə çalışıram və bundan sonra da əlimdən gələni edəcəyəm ki, Azərbaycan xalqı günü-gündən yaxşı yaşasın, ölkəmiz güclənsin, zənginləşsin və qüdrətli dövlətə çevrilsin.
Əziz dostlar!
Mən əminəm ki, biz bundan sonra da Heydər Əliyevin siyasi xəttinə sadiq qalaraq doğma Vətənimizə, xalqımıza ləyaqətlə, sədaqətlə xidmət edəcəyik.
Yaşasın Yeni Azərbaycan Partiyası!
Yaşasın Heydər Əliyevin əsəri olan müasir, müstəqil Azərbaycan Respublikası!