Yeni Azərbaycan Partiyasının I Qurultayının Qətnaməsi
Yeni Azərbaycan Partiyasının I qurultayı partiya sədri cənab Heydər Əliyevin dərin məzmunlu, proqram xarakterli çıxışını, hesabat məruzəsini və məruzə ətrafındakı müzakirələri dinləyib ümumiləşdirərək qeyd edir ki, 1992-ci ildə tarixi zərurətdən yaranan YAP ötən yeddi il ərzində özünün Nizamnamə və Proqram müddəalarına, bəyan etdiyi prinsip və amallara tam sadiqlik nümayiş etdirərək Azərbaycan dövləti və xalqı qarşısında şərəflə xidmət etmiş, uğurlu fəaliyyət göstərmiş, dövrün, zamanın çətinliklərindən təşkilati və ideoloji cəhətcə mətinləşmiş şəkildə çıxmışdır.
Qurultay qeyd edir ki, Partiyanın yaranması üçün təsis konfransınadək çox ciddi hazırlıq işləri aparılmış, respublikanın gələcəyi üçün narahatlıq keçirən vətənpərvər insanların, ziyalıların təşəbbüsü və iştirakı ilə Azərbaycanı düçar olduğu təhlükə və dağıntı girdabından qurtarmaq sahəsində məqsədyönlü fəaliyyət həyata keçirilmişdir.
1992-ci ildə partiyanın yaranması, Azərbaycanın ümummilli lideri, cənab Heydər Əliyevin ona sədr seçilməsi respublikanın o zamankı gərgin, təhlükəli ictimai-siyasi vəziyyətindən və getdikcə bu vəziyyətin daha da ağırlaşmasından irəli gələn zəruri tarixi hadisə olmuş, o zamankı hakimiyyət dairələrinin onun yaranmasına göstərdikləri maneçiliklər, əsassız təzyiqlər bu yola qədəm qoyan insanların əzmini və iradəsini qıra bilməmişdir.
Azərbaycan xalqının iztirablarını, Azərbaycanın iflasa və məhvə sürüklənməsi təhlükəsini, Azərbaycan ziyalılarının ürək ağrısı və nigarançılığını və bununla bağlı bir qrup görkəmli ziyalının müraciətini nəzərə alan Heydər Əliyev 24 oktyabr 1992-ci il tarixli cavab məktubunda YAP-ın yaradılmasına və ona rəhbərlik etməyə öz razılığını vermişdir.
Qurultay ziyalıların oktyabr 1992-ci il tarixli müraciətində göstərilmiş Azərbaycanda mövcud olan ictimai-siyasi və sosial-iqtisadi durumun son dərəcə ağır, ölkənin qarşısında duran vəzifələrin - müstəqil dövlətin qurulması, milli-demokratik dövlət atributlarının formalaşdırılması, bu dövlətin suverenliyinin, təhlükəsizliyinin və ərazi bütövlüyünün qorunması, vətəndaşların dinc, firavan həyat şəraitinin təmin edilməsi və sairənin o dövr üçün taleyüklü məsələlər olduğunu və bütün bunların həm ölkə rəhbərliyindən, həm də hər bir vətəndaşdan ciddi səy tələb etdiyini təsdiqləyərək, YAP-ın yaranmasının zəruriliyini bir daha qeyd edir.
Qurultay eyni zamanda cənab Heydər Əliyevin o zamankı vəziyyəti dərindən təhlil edərək, ondan konkret çıxış yollarını göstərməsini, yeni yaranacaq partiyanın fəaliyyətində iştirak etməyə razılıq verməklə Azərbaycanın siyasi həyatına yeni məzmun gətirməsini, xalqın müstəqillik və dövlətçilik arzusunun reallaşmasına, onun tam bədbinlik əhval - ruhiyyəsindən çıxarılmasına təkan verməsini yüksək qiymətləndirir və bunu əsl vətəndaşlıq mövqeyi hesab edir.
Qurultay təsdiq edir ki, Partiyanın yarandığı dövrdə onun Proqramında və respublika əhalisinə ünvanlanmış müraciətdə göstərildiyi kimi Azərbaycan çox ağır siyasi, iqtisadi, sosial və mənəvi böhran keçirmiş, dövlətçiliyimiz təhlükə qarşısında olmuşdur. Ölkədə milli və vətəndaş qarşıdurması, silahlı dəstələrin özbaşınalığı, ölkənin var-dövlətinin talan edilməsi dözülməz həddə çatmışdı. Vəziyyətin ağırlığı, çıxılmazlığı, həyatın qeyri-sabitliyi gələcəyə ümidsizlik yaradırdı. Mühüm dövlət vəzifələrinə cinayətkar dəstələrə havadarlıq edən şəxslərin irəli çəkilməsi nəticəsində ölkədə hökm sürən özbaşınalıq, mənəmlik, xalqın istək və arzularına etinasızlıq, ifrat millətçi və yarıtmaz milli siyasət nəticəsində, ölkədə baş alıb gedən separatçı hərəkatlar ölkəmizi 1993-cü ilin iyun fəlakəti ilə qarşılaşdırmış və AXC-Müsavat hakimiyyətinin aqibətini həll etmişdir.
Qurultay həm daxili, həm də xarici irticaçı qüvvələrin üst-üstə düşən mənafelərinin məngənəsində parçalanmaq və yox olmaq təhlükəsinin Azərbaycan üçün mövcud olduğu çətin məqamda xalqın istəyi və tələbi ilə Partiyanın lideri Heydər Əliyevin cəsarətlə böyük qurtuluş missiyasını 1993-cü ilin iyununda öz üzərinə götürməsini, qısa müddət ərzində görülən mühüm işlər nəticəsində Azərbaycanda dövlətçilik və qanunçuluğu möhkəmləndirməsini, siyasi böhranı, milli və vətəndaş qarşıdurmasını aradan qaldırmasını, xaos, anarxiya və hakimiyyətsizliyə son qoymasını yüksək qiymətləndirir və bütün bunları Azərbaycanın xilası hesab edir.
Qurultay 1993-cü ilin ikinci yarısını dövlətçiliyin xilası, milli və vətəndaş qarşıdurmasının dayandırılması, Azərbaycan dövlətinin müstəqilliyinin və ərazi bütövlüyünün qorunması dövrü kimi qiymətləndirir. Xalqımızın böyük mütəşəkkillik və yekdillik nümayiş etdirərək həmin ilin oktyabr ayının 3-də Heydər Əlirza oğlunu Azərbaycanın Prezidenti seçməsini bunun məntiqi nəticəsi hesab edir. Bütün bu proseslərdə YAP-ın iştirakını və öz sədrinə yaxından kömək göstərməsini müsbət qiymətləndirir.
Qurultay hesab edir ki, Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışı 1988-1993-cü illərdə yaranmış xaos və anarxiyaya son qoymaqla ölkəmizin və eləcə də Yeni Azərbaycan Partiyasının inkişaf tarixində yeni bir mərhələnin başlanğıcını qoymuşdur. Partiya və onun yüz minlərlə üzvü dövlət əhəmiyyətli məsələlərin həllinə səfərbər olaraq ölkədə gedən ictimai-siyasi proseslərə daha fəal surətdə qoşulmuşdur.
Qurultay 1993-1999-ci illərin nə qədər ziddiyyətli, ictimai-siyasi cəhətdən nə qədər gərgin bir dövr olmasını qeyd etməklə, məzmun etibarilə bu dövrü siyasi müdrikliyin, illərlə toplanmış böyük dövlətçilik təcrübəsinin, iradə yenilməzliyinin təntənəsi, Vətənin xilası, xalqın müstəqilliyə və dövlətçiliyə inamının bərpası, Azərbaycanın gələcək tərəqqisinin əsası olan möhkəm sabitliyin, əmin-amanlığın yaranması və geniş milli dövlət quruculuğu dövrü kimi qiymətləndirir.
Bu illərdə Azərbaycan Prezidenti Yeni Azərbaycan Partiyasının əsas sənədlərində öz əksini tapmış dövlətçilik ideologiyasını- Azərbaycan dövlətçiliyinin təməl prinsiplərini özündə birləşdirən yeni azərbaycançılıq ideologiyasını cəmiyyətə təqdim etmiş və onun həyata keçirilməsi ilə bağlı böyük işlər görmüşdür.
Heydər Əliyevin Azərbaycanda yenidən hakimiyyətə qayıdışından sonra Partiyanın da yaxından iştirakı ilə həyata keçirilən bütün tədbirlər, görülən bütün işlər Azərbaycanın milli maraqlarına tam cavab verən, onun dövlət müstəqilliyini, milli təhlükəsizliyini təmin edən, əhalinin sabit, dinc və firavan həyatına, ölkənin tərəqqisinə xidmət edən işlər olmuşdur. Qurultay həm bütün görülən işləri, həm də hakimiyyət orqanlarının, partiyanın bu işlərin həyata keçirilməsindəki rolunu yüksək qiymətləndirir.
Bu sahədə görülmüş işlərin müsbət nəticəsi kimi qurultay Azərbaycanın müstəqilliyinin və dövlətçiliyinin dönməz xarakter almasını, möhkəm sabitliyin təmin edilməsini, milli ordunun yaradılmasını, respublikamızın ərazi bütövlüyünün qorunmasını, Dağlıq Qarabağ probleminin dinc yolla həll edilməsi sahəsində atılan mühüm addımları, atəşkəs rejiminə nail olunmasını və bunun əsasında da milli dövlət quruculuğu üçün real şərait yaradılmasını xüsusi qeyd edir.
Qurultay hesab edir ki, Azərbaycanın xarici siyasət sahəsindəki fəaliyyəti keçən illərdə bütünlükdə ölkəmizin müstəqilliyinin və təhlükəsizliyinin qorunmasına, qlobal beynəlxalq siyasi proseslərdə iştirakına, dünya birliyinə inteqrasiyasına xidmət etmiş, bütün dünya dövlətləri ilə bərabərhüquqlu, qarşılıqlı faydalı münasibətlər yaradılmışdır.
Qurultay öz dərin inamını bildirərək qeyd edir ki, müasir beynəlxalq həyatda cərəyan edən proseslər, müəyyən olunmuş siyasi xətt qısa vaxtda öz bəhrələrini verəcək, Dağlıq Qarabağ problemi ədalətli prinsiplər əsasında nizama salınacaqdır.
Partiyanın proqramında göstərilmişdi ki, respublikamız tükənməz təbii sərvətlərə, zəngin sənaye, kənd təsərrüfatı və intellektual potensiala, əsaslı istehsal fondlarına, istənilən qədər ixtisaslaşmış işçi qüvvəsinə malikdir. Bütün bunlardan Azərbaycanın müstəqilliyini möhkəmlətmək və əhalinin həyat səviyyəsini yaxşılaşdırmaq üçün səmərəli istifadə olunmalıdır.
Qurultay Prezident Heydər Əliyevin altı illik iqtidarı dövründə əldə edilən ən mühüm və strateji nailiyyətlər sırasına Azərbaycanın təbii ehtiyatlarından və əlverişli coğrafi-strateji mövqeyinin üstünlüklərindən ölkənin milli mənafelərinə yönəldilmiş siyasətin işlənib hazırlanmasını və uğurla həyata keçirilməsini təsdiq edir.
Qurultay hesab edir ki, ölkədə bazar iqtisadiyyatının bərqərar olması məqsədi ilə həyata keçirilən cəsarətli, düşünülmüş və ardıcıl islahatlar, dünya dövlətləri ilə iqtisadi əməkdaşlıq və Azərbaycanın qabaqcıl dünya iqtisadiyyatına inteqrasiya edilməsi 1993-1999-cu illərdə Azərbaycan Prezidentinin həyata keçirdiyi yeni iqtisadi strategiyanın əsasını təşkil etmişdir və bu sahədə böyük nailiyyətlər qazanılmışdır.
Qurultay dünyanın aparıcı neft şirkətləri ilə 1994-cü ilin sentyabr ayında bağlanan "Əsrin müqaviləsi" və sonrakı sazişləri Azərbaycanda yeni neft siyasətinin və strategiyasının əsası kimi, Azərbaycan neftinin Bakı-Ceyhan boru kəməri ilə dünya bazarına çıxarılması ilə bağlı Azərbaycan, Gürcüstan və Türkiyə arasında imzalanan sazişi və ABŞ-ın bunu xüsusi dəstəkləməsini bir daha Azərbaycanın beynəlxalq aləmdə rolunun və nüfuzunun artmasının, onun müstəqilliyinin dönməz xarakter almasının göstəricisi kimi qiymətləndirir.
Qurultay ölkədə aparılan iqtisadi islahatlar və onların nəticələrini qənaətbəxş hesab edərək bu nəticələrin xalqın güzəranının yaxşılaşdırılması, sosial müdafiəsi məsələlərinə yönəldilməsinin vacibliyini qeyd edir və bu işlərin davam etdirilməsini zəruri sayır.
Qurultay razılıq hissi ilə qeyd edir ki, partiyamızın fəaliyyət proqramında aparıcı vəzifələrdən biri kimi göstərilmiş hər bir Azərbaycan vətəndaşına dinc, firavan və layiqli həyat bəxş etmək məqsədinin həyata keçirilməsi istiqamətində keçən illərdə bir sıra mühüm tədbirlər həyata keçirilmiş, onlarla mühüm qərar, sərəncam və fərman imzalanmışdır. Qaçqın və köçkün vəziyyətinə düşmüş bir milyondan artıq soydaşımızın ağır vəziyyəti daim diqqət mərkəzində saxlanılmış, xarici ölkələrin, beynəlxalq təşkilatların diqqəti problemin həllinə cəlb edilmişdir.
Aparılan bu siyasəti müdafiə edərək qurultay qaçqınlarla işi daim diqqət mərkəzində saxlamağı, onların sosial problemlərinin həllində yaxından iştirak etməyi bir vəzifə kimi rayon (şəhər) və ilk partiya təşkilatları qarşısında qoyur.
Qurultay əhalinin həyat səviyyəsinin yaxşılaşdırılması sahəsində mühüm dövlət tədbirlərinin həyata keçirilməsini, o cümlədən aztəminatlı ailələrin, əlillərin, şəhid ailələri və ailə başçısını itirənlərin pensiya və müavinətlərinin artırılmasını, təhsil, səhiyyə, kütləvi informasiya vasitələri, bədən tərbiyəsi və sosial təminat sistemində çalışan işçilərin, eləcə də mədəniyyət, incəsənət və elm işçilərinin vəzifə maaşlarının artırılmasını böyük razılıq hissi ilə qeyd edir və bu istiqamətdə dövlətin və hökumətin, partiyanın sədri, respublika Prezidenti Heydər Əliyev cənablarının məqsədyönlü və səmərəli siyasətini dəstəkləyir.
Qurultay partiyamızın sədrinin ötən illər ərzində həyata keçirdiyi siyasətin xarakterik keyfiyyətlərindən biri olan idarəçilikdə demokratik metodlara, aşkarlığa, kadrların təşəbbüskarlığına geniş meydan verməsini dəstəkləyir.
Qurultay bununla belə qazanılmış uğurlarla kifayətlənməyərək bu işin davam etdirilməsinə ciddi diqqət yetirilməsini dövlət quruculuğu siyasətində aparıcı xətlərdən biri hesab edir.
Qurultay razılıq hissi ilə qeyd edir ki, ötən dövr ərzində Respublikada qəbul edilmiş müstəqil Azərbaycanın ilk Konstitusiyası Azərbaycanın demokratik, dünyəvi, humanist dövlət kimi inkişafının təməlini qoymuş, siyasi idarəçilikdə və cəmiyyət həyatının bütün digər sahələrində demokratiyanın bərqərar olması üçün zəmin yaratmışdır. Bu zəmin üzərində ölkədə ali qanunverici, icraedici və məhkəmə orqanları formalaşmış, yerli bələdiyyə seçkiləri keçirilmişdir.
Qurultay Milli Məclisdə partiya deputat qrupunun və bütövlükdə bu qurumun fəaliyyətini müsbət qiymətləndirir, qazanılmış təcrübənin ümumiləşdirilməsini və gələcək fəaliyyətdə istifadə olunmasını vacib sayır.
2000-ci ilin payızında Milli Məclisə keçiriləcək seçkilərə hazırlığı qurultay bütün partiya qarşısında ciddi və məsul bir vəzifə kimi qoyur.
Qurultay insan hüquqları və azadlıqları sahəsində Azərbaycanda mühüm tədbirlərin həyata keçirilməsini və bunun YAP-ın əsas ideyalarından biri olan insana qayğı, insan ləyaqətinə hörmət prinsiplərinə söykəndiyini qeyd edir.
Qurultay belə hesab edir ki, ölkədə ciddi hazırlıqdan sonra bələdiyyə seçkilərinin keçirilməsi, mütəmadi olaraq amnistiya və əfvetmə haqda fərmanların verilməsi, ölüm cəzasının ləğv edilməsi, vətəndaşların Konstitusiya hüquq və azadlıqlarının təmin edilməsi üçün praktik addımların atılması, cəmiyyətdə azad siyasi fəaliyyət üçün şəraitin yaradılması bu sahədə aparılan çoxşaxəli işin təzahürləridir.
Qurultay hesabat dövründə dövlətçiliyin möhkəmləndirilməsi yolunda 1994-cü il oktyabr, 1995-ci il mart dövlət çevrilişlərinin qarşısının alınmasını, dövlət başçısına qarşı sonrakı sui-qəsd cəhdlərinin, cinayətkarlığın, anarxiya və xaosun qarşısının alınmasını yüksək qiymətləndirir.
Qurultay həyata keçirilən tədbirlər sırasında ideya-tərbiyə işinin, milli şüurun, milli təfəkkürün yüksəldilməsi istiqamətində aparılan işləri yüksək qiymətləndirərək Prezident Heydər Əliyevin irəli sürdüyü azərbaycançılıq ideyasının fundamental prinsiplərinin ardıcıl surətdə həyatda keçirilməsinin vacibliyini qeyd edir.
Qurultay bu ideyaların açıqlanmasında və öyrənilməsində partiya üzvlərinin potensialından geniş istifadə edilməsini və bu sahədə gənclərlə işi partiyanın məsul vəzifələrindən biri hesab edir.
Qurultay qeyd edir ki, YAP-ın yaradılmasından keçən dövr ərzində partiyanın formalaşması, onun təşkilat strukturunun təkmilləşməsi istiqamətində görülən işlər qənaətbəxş hesab edilə bilər. Bununla əlaqədar Siyasi Şuranın, ГЊdarə Heyətinin və Partiya aparatının fəaliyyətini müsbət qiymətləndirmək olar.
Qurultay hesabat dövründə partiyanın ilk təşkilatlarının sayının 4300, partiya təşkilatlarının sayının 81, üzvlərinin sayının 159.556 nəfər olmasını təsdiq edir və bu sahədə fəaliyyəti qənaətbəxş hesab edir.
Qurultay ötən vaxt ərzində partiyanın təşkilat strukturunun təkmilləşdirilməsi istiqamətində həyata keçirilən işləri yüksək qiymətləndirərək, partiyanın yeni seçilmiş mərkəzi orqanlarından bu işi daim diqqət mərkəzində saxlamağı tələb edir. Həmçinin qeyd edir ki, rayon (şəhər) təşkilatları ilə sıx əlaqələrin səviyyəsi yüksəldilməli, qarşıya çıxan hər bir problem operativ həll edilməlidir.
Qurultay hesab edir ki, partiya sıralarına qəbul ön plana çəkilməli, bu zaman təsadüfi adamların partiyaya düşməsinə yol verilməməlidir;
- ilk təşkilatların fəaliyyəti daim araşdırılmalı, mərkəzi orqanlar qarşısında onların hesabatları dinlənilməli, əldə edilmiş müsbət təcrübə ümumiləşdirilərək bütün təşkilatlarda yayılmalıdır;
- yerli təşkilatların müvafiq rayon icra hakimiyyəti orqanları və onların rəhbərləri ilə münasibətləri dövlətçilik maraqlarına və birgə əməkdaşlığa əsaslanmalıdır. Bu zaman partiyanın Nizamnamə və Proqramının müddəalarına ciddi əməl olunmalı, müəyyən vəzifələrə təyin edilmiş partiya üzvlərinin məsuliyyəti artırılmalıdır;
- yerli partiya təşkilatı aparatlarının formalaşdırılması, onların mənzil-qərargahla təmin edilməsi, üzvlük haqlarının toplanması, partiya uçotu işinin qaydaya salınmasına nəzarətin artırılması vacib məsələlərdən hesab edilməlidir;
- rayon (şəhər) ilk təşkilatları fəallarının mütəmadi olaraq ümumrespublika kurslarında partiya işinə yiyələnməsinin təşkil edilməsi partiyanın mərkəzi rəhbər orqanları qarşısında bir vəzifə olaraq qoyulmalıdır;
- rəhbər partiya orqanlarının qərarlarının və fəaliyyət proqramının ərazi təşkilatlarına çatdırılması və onların icrasına nəzarət gücləndirilməlidir.
Qurultay partiyada gənclərin və qadınların fəaliyyətinin genişləndirilməsi, onların potensialından tam gücü ilə istifadə edilməsi üçün YAP Gənclər Birliyi və Qadınlar Şurasının təsis olunmasını partiya strukturunun təkmilləşdirilməsi istiqamətində əhəmiyyətli bir vasitə olduğunu qiymətləndirir və bu işi təsdiq edir.
Qurultay Heydər Əliyevin siyasi irsinin öyrənilməsini YAP Gənclər Birliyi qarşısında bir vəzifə olaraq qoyur, respublika gənclər hərəkatında onun aparıcı mövqeyinin təmin edilməsini, qabaqcıl, istedadlı gənclərin YAP sıralarına cəlb edilməsini, onlarını potensialının açılması istiqamətində məqsədyönlü işin aparılmasını bu birliyin əsas fəaliyyət istiqaməti hesab edir.
Qurultay YAP-ın mərkəzi rəhbər orqanlarından partiyanın Qadınlar Şurasının işinə diqqətin artırılmasını, onun müasir tələblərə cavab verən səviyyədə fəaliyyət göstərməsi üçün müvafiq tədbirlər görülməsini, YAP üzvü olan qadınların potensialının partiyanın proqramında nəzərdə tutulan məqsədlərə daha fəal yönəldilməsini tələb edir.
Qurultay yüksək razılıq hissi ilə qeyd edir ki, ötən 7 il ərzində YAP təşkilatlanmış, güclənmiş, eyni zamanda respublikanın ictimai-siyasi həyatında fəal iştirak etmişdir.
Qurultay hesabat dövründə qazanılan uğur və nailiyyətlərlə yanaşı bu dövrdə partiya həyatında mövcud olan demokratik ab-havadan, fikir azadlığından, tənqid və özünütənqid üçün yaradılmış geniş şəraitdən sui-istifadə edilməsini partiyanın nüfuzuna xələl gətirən bir hal kimi qiymətləndirir.
Bütün bunları qeyd edərək Qurultay Mərkəzi Nəzarət- Təftiş qrupundan partiya işinin Nizamnaməyə uyğun olaraq qurulması sahəsindəki fəaliyyətini gücləndirməyi tələb edir. Vəzifəsindən asılı olmayaraq hər bir partiya üzvünün Nizamnamə tələblərinə ciddi əməl etməsinə nəzarətin gücləndirilməsini ön plana çəkir.
Partiyanın yeni seçilmiş Siyasi Şurasından tələb edilir ki, ümumi partiya kursuna qarşı çıxan və ya üzərinə düşən vəzifələri yerinə yetirə bilməyən mərkəzi orqanların, rayon (şəhər) təşkilatlarının fəaliyyətinə operativ qiymət versin, partiya nüfuzuna xələl gətirə biləcək halların aradan qaldırılması istiqamətində təsirli tədbirlər görsün.
Qurultay partiyanın digər ictimai-siyasi təşkilatlarla, əlaqələrinin gücləndirilməsinin vacibliyini qeyd edir.
Müttəfiq siyasi partiyalarla əməkdaşlığın gücləndirilməsi, dövlətçiliyin möhkəmləndirilməsi və müstəqilliyin qorunması istiqamətində cəmiyyətin bütün sağlam qüvvələri ilə əməkdaşlığa ciddi fikir verilməsi, mətbuat orqanları ilə iş aparılması bundan sonra da diqqət mərkəzində saxlanılmalıdır.
Qurultay hesab edir ki, partiyanın beynəlxalq əlaqələri genişləndirilməli, dünyada, regionda və qonşu ölkələrdə strateji maraqları, siyasi məqsəd və istiqamətləri YAP-la üst-üstə düşən siyasi partiyalarla əməkdaşlıq əlaqələrinin qurulmasına və möhkəmlənməsinə xüsusi diqqət artırılmalıdır.