YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Heydər Əliyevin I Qurultayda GİRİŞ NİTQİ

Hörmətli qurultay nümayəndələri!

Hörmətli qonaqlar!

Əziz dostlar!

Sizi yeni Azərbaycan Partiyasının qurultayı münasibətilə ürəkdən təbrik edirəm.

Yeni Azərbaycan Partiyasına, onun bütün üzvlərinə və təəssübkeşlərinə cansağlığı, səadət və yeni-yeni uğurlar arzulayıram. Yeni Azərbaycan Partiyasının I qurultayı məni 7 il bundan öncəki günlərə yönəldir. Burada çox çıxışlarda o günlər xatırlandı. Mən sizin hamınızı dinləyərək düşündüm ki, Azərbaycanın tarixi, xalqımızın tarixi çox zəngindir. XX əsrdə də Azərbaycan xalqının tarixi Azərbaycan xalqının zəngin töhfələri ilə həmişə dolu olubdur. Ancaq 1992-ci ildə Naxçıvanda Yeni Azərbaycan Partiyasının yaranması, bu münasibətlə keçirilmiş ilk konfrans və yeni Azərbaycan Partiyasının bu gün sona çatan I qurultayı Azərbaycan xalqının və müstəqil Azər- baycanın tarixinə qızıl hərflərlə yazılacaqdır.

Qurultayda həm məruzələrdə, həm də qurultay nümayəndələrinin çıxışlarında yeni Azərbaycan Partiyasının 7 il ərzində gördüyü işlər, əldə etdiyi nailiyyətlər və uğurlar ətraflı, obyektiv, ədalətli təhlil olundu. Eyni zamanda, həm məruzələrdə, həm çıxışlarda Azərbaycan dövlətinin, hökumətinin, yəni bugünkü iqtidarın son 6 il yarım ərzində gördüyü işlər, əldə etdiyi nailiyyətlər və Azərbaycan xalqının bu illərdə keçdiyi ağır, çətin, eyni zamanda çox şərəfli yol öz əksini tapdı.

Bu təbiidir ki, Yeni Azərbaycan Partiyası yaranandan az bir müddət sonra Yeni Azərbaycan Partiyasının sədrinin üzərinə partiya işindən əlavə yeni böyük bir məsuliyyət - Azərbaycanın ağır dövründə, 1993-cü ildə Azərbaycan Respublikasına, ölkəmizə, xalqımıza rəhbərlik etmək məsuliyyəti düşdü. Buna görə də o zamandan indiyə qədər dövlətin, hökumətin gördüyü işlər və Yeni Azərbaycan Partiyasının fəaliyyəti bir-biri ilə vəhdət təşkil edir, üzvi surətdə bağlıdır.

I qurultay məndə çox böyük təəssürat yaratdı. Biz partiya yaranandan sonra qurultay keçirə bilməmişik.

Qurultayı keçirmək bəlkə də mümkün idi, lakin bunu etməmişik. Bunun müəyyən səbəbləri olubdur. Ancaq mən dünən də, bu gün də qurultayın işini müşahidə edərək belə fikrə gəldim - yəqin biz düzgün etmişik ki, qurultayı bundan əvvəl keçirməmişik. Çünki böyük bir zaman keçibdir, biz Azərbaycan xalqının tarixinin böyük bir hissəsini yaşamışıq. Bu zaman ərzində Yeni Azərbaycan Partiyası addım-addım irəliləyib, inkişaf edib, genişlənib və böyük bir partiyaya çevrilibdir.

Ona görə də bugünkü qurultay partiyanın nə qədər güclü, nə qədər əzəmətli və nə qədər dərin fikirlərə malik olduğunu sübut edir və Azərbaycanın bütün vətəndaşlarına, dünya ictimaiyyətinə nümayiş etdirir.

Qurultayın işi məni çox sevindirir. Təbiidir ki, mən bu partiya ilə daim əlaqədəyəm və partiyanın ildönümləri mərasimlərinin çox hissəsində iştirak etmişəm. Bunların heç birisi qurultayın əvəzini verməyibdir və verə də bilməz.

Qurultay yüksək əhval-ruhiyyə nümayiş etdirir. Qurultay Yeni Azərbaycan Partiyası üzvlərinin yüksək əqidəyə malik, partiyaya sədaqətli olduqlarını nümayiş etdirir. Qurultay Yeni Azərbaycan Partiyası üzvlərinin yüksək intellektual səviyyəsini əks etdirir. Düşünürəm ki, ötən illərdə partiyanın inkişafı bir çox sahələri əhatə etmişdisə də, ən böyük sahə partiya üzvlərinin yetkinləşməsi, mətinləşməsi, cəsurlaşması və intellectual səviyyəsinin yüksəlməsi olmuşdur.

Həm məruzələr, həm də nümayədələrin çıxışları çox məzmunludur, konkretdir, əksəriyyəti də çox emosionaldır, yəni ürəkdən gələn sözlərdir, formal sözlər deyildir. Mən çıxışların hamısındakı səmimiliyi xüsusi qiymətləndirirəm.

Qurultay artıq göstərir ki, Yeni Azərbaycan Partiyası yarandığı dövrdən indiyə qədər Azərbaycanın ictimai-siyasi həyatında özünün dəyərli yerini tutubdur və bu yeri heç kəsə verməyəcəkdir və get-gedə öz yerini möhkəmlədəcəkdir.

Partiyamızın yaranması və inkişaf tarixi haqqında burada çox doğru-düzgün məlumatlar verildi və çox xoş sözlər deyildi. Biz Naxçıvanda Yeni Azərbaycan Partiyasını yaradarkən inanırdıq ki, bu partiya Azərbaycanın həyatında öz yerini tutacaqdır. Ancaq biz yekəxanalıq etmək istəmirdik, yəni özümüzdən razılıq hissi ilə yaşamırdıq. Çünki o zaman Azərbaycanda olan gərgin ictimai-siyasi vəziyyəti bilirdik və qanunsuzluğu, hərc-mərcliyi, demokratiyanın, insan hüquqlarının pozulmasını görürdük.

Çıxışlarda tamamilə düzgün qeyd edildi ki, bu partiyanı bir adam yox, o illərdə Azərbaycanın ağır vəziyyətini görən, buna dözə bilməyən və bu ağır vəziyyətdən çıxış yolunu axtaran insanlar və xüsusən ziyalıların hamısı birlikdə yaradıblar.

Bu gün bir daha qeyd etmək istəyirəm ki, mənim o vaxt partiya yaratmaq fikrim yox idi. Mənim həyatım sizə məlumdur. Bunun məni həmişə sevindirmiş parlaq illəri də, ancaq həyatım üçün çox ağır, çətin, təhlükəli illəri də olubdur. Mən keçmiş zamanlarda xalqıma həmişə sədaqətlə xidmət etmişəm. Amma Moskvada yüksək vəzifələrdən kənarlaşdırılandan, istefaya gedəndən sonra ətrafımda cərəyan edən ədalətsizliyi və on illər boyu sədaqətlə xidmət etdiyim hökumətin, partiyanın mənə qarşı təzyiqlərini, təqiblərini görərkən yenidən siyasətə qayıtmaq fikrində olmadım. Hesab etdim ki, mən həyatda öz missiyamı yerinə yetirmişəm, onun qiymətini isə gələcək, tarix verəcəkdir.

Məni siyasi həyata qayıtmağa məcbur edən 1990-cı ildəki yanvar hadisələri oldu. Mən ondan əvvəl də Azərbaycandakı vəziyyəti imkan dairəsində izləyirdim, baxmayaraq ki, Moskvadakı yaşayışım çox məhdud şəraitdə keçirdi. Təbiidir, mən orada yaşayarkən ürəyim Azərbaycanda, öz xalqımla, öz torpağımla idi. Əgər imkanım olsaydı dərhal qayıdıb, Azərbaycana gəlib öz torpağımda yaşayardım. Ancaq bunlar o zaman mümkün deyildi. Buna baxmayaraq mən 1988-ci ildən Azərbaycan xalqının başına gələn bəlaları oradan müşahidə edirdim, görürdüm, inciyirdim, ağrıyırdım. Çalışırdım ki, öz fikirlərimi o vaxtkı sovet hökumətinin, Kommunist Partiyasının başçılarına çatdırım. Ancaq təəssüf ki, o vaxt onlar da məni nəinki eşitmək istəmirdilər, hətta mənə düşmən gözü ilə baxırdılar.

Mənim Azərbaycanda vaxtilə işlədiyim dövrdə yetişmiş, inkişaf etmiş kadrlar da hesab edirdilər ki, Azərbaycanın işlərini onlar özləri görürlər, Heydər Əliyevə ehtiyacları yoxdur. Əksinə, onlar Azərbaycanın düşmənlərinin səsinə qoşularaq Heydər Əliyevin əleyhinə təbliğatlar aparırdılar, böhtanlar, yalanlar yayırdılar, mətbuat səhifələrinə çıxarırdılar.

Bunların hamısını görən, həyatını öz xalqına, millətinə, torpağına sərf etmiş insan, təbiidir ki, başqa cür fikirləşə bilməzdi. Bunlara görə də mən yenidən siyasətə qayıtmaq istəmirdim. Yanvar hadisələri məni coşdurdu. Yanvar hadisələri XX əsrdə Azərbaycanın başına gətirilmiş ən ağır bəlalardan biridir və Azərbaycana qarşı edilən hərbi təcavüz, terrordur.

Nəzər salın - tarixçilər bunu daha dəqiq deyə bilərlər - sovet hakimiyyəti dövründə heç bir müttəfiq respublikaya, heç bir xalqa bu cür hərbi təcavüz, terror edilməmişdi. Bu, Azərbaycan xalqına, o vaxt SSRİ-nin tərkibində olan Azərbaycan Respublikasına qarşı edilmişdir.

Biz Yanvar faciəsinin 10-cu ildönümü ərəfəsindəyik. Mən bu barədə fərman imzalamışam, lazımi işlər görülməlidir. Biz bu faciənin 10-cu ildönümünü qeyd edəcəyik. Çünki bunu heç vaxt unutmaq olmaz. Tarixdə həm nailiyyətləri, həm də faciələri unutmaq olmaz. Xüsusilə faciələr gələcək nəsillər üçün ibrət dərsi olmalıdır.

Mən ondan sonrakı dövrdə Naxçıvanda yaşamağa məcbur oldum. Ancaq Azərbaycana gələrkən bəziləri belə başa düşdü ki, mən vətənə yenə də hakimiyyəti ələ almaq üçün gəldim. Dəfələrlə bəyan etdim ki, bu məqsədlə gəlməmişəm, mən azərbaycanlıyam, Azərbaycan mənim ana torpağım, vətənimdir. Mənim burada yaşamağa haqqım vardır. Gəlişimin əsas məqsədi budur. Eyni zamanda, Azərbaycanın ictimai-siyasi həyatında gedən proseslərə öz köməyimi, yardımımı göstərmək məqsədidir. Mən bunları təklif etdim. Siz bilirsiniz ki, mən Azərbaycanın Ali Sovetinin sessiyasında bunları təklif etdim. Ancaq o vaxt bunları qəbul etmədilər.

Beləliklə, mən çalışırdım ki, insan üçün nə lazımdır edim. Ancaq heç bir iddiam yox idi.

Naxçıvan Muxtar Respubliksının əhalisi ağır bir dövrdə məni muxtar respublikaya rəhbərlik etməyə dəvət etdi. Mən bir neçə gün müqavimət göstərdim, bundan imtina etdim. Ona görə yox ki, mən istəmirdim Naxçıvan əhalisinə, muxtar respublikaya xidmət edim. Ona görə ki, mən sadəcə, özümü yenidən dövlət işinə bağlamaq istəmirdim.

Ancaq o vaxt Naxçıvandakı ağır şərait məni məcbur etdi. Bəlkə də bu, Naxçıvanın şansı imiş. Bəlkə də Allah naxçıvanlılara və Azərbaycanın qədim müqəddəs torpağı olan Naxçıvana rəhm etmişdi ki, məni Naxçıvana getməyə məcbur etdi.

Ona görə də mən Naxçıvanda yaşayırdım və muxtar respublikanın problemləri ilə məşğul idim. Lakin görürdüm ki, respublika dağılır, Azərbaycan gündən-günə ağır vəziyyətə düşür. Ancaq nə etməli? Bu zamanlar Naxçıvana mənim yanıma çoxları, Azərbaycanın hər yerindən adamlar gəlirdilər. Mən onları qəbul edirdim, onlarla danışırdım, məsləhətlərimi verirdim, bu adamların dərdlərinə şərik çıxırdım, nə mümkündür edirdim. Ancaq heç bir iddiam yox idi.

1992-ci ilin fevralında Azərbaycanda hakimiyyət dəyişikliyi baş verən zaman adi vətəndaşlardan başqa, Azərbaycanın bir çox görkəmli insanları, ziyalıları, dövlət adamları, hətta mətbuat səhifələrində əleyhimə məqalə yazmış, fəaliyyətimi tənqid etmiş, Azərbaycanın Ali Sovetinin sessiyalarında mənim çıxışlarıma mane olmaq istəmiş adamlar Naxçıvana müraciət edirdilər, mənim yanıma gəlirdilər, məni Azərbaycana - mən orada da Azərbaycanda idim, - Bakıya dəvət edirdilər. Amma mən bunların heç birisini qəbul etmədim. Qəbul etmədim və onlara başa saldım ki, siz nəhayət, anlamısınız - Heydər Əliyev Azərbaycana lazımdır. Amma mən isə indi hesab edirəm ki, sizinlə bir yolda gedə bilmərəm.

Xatirimdədir, o vaxt Azərbaycan prezidenti istefa verəndən sonra respublikanın yeni prezidenti seçilənə qədər müvəqqəti, 3 ay hakimiyyətdə olanlar da - o zaman Ali Sovetin sədri işləyən Yaqub Məmmədov mənə bir neçə telefon edərək xahiş etdi ki, Naxçıvana gəlsin və mənimlə görüşsün. Mən ona dedim ki, məqsəd nədir? Dedi ki, siz təcrübəli adamsınız, məsləhətləşmək istəyirik. Dedim ki, yox, mən sizinlə görüşmək istəmirəm. Naxçıvana gələ bilərsiniz, heç bir qadağa yoxdur, ancaq mən Naxçıvanda sizi qəbul edə bilmərəm.

O, mənə bir neçə dəfə müraciət etdi, xahiş etdi, telefon etdi. Çünki niyə? Başqaları kimi, o da mənim vaxtilə yüksək vəzifələrə çəkdiyim adamlardan biri idi. Ancaq təəssüf ki, sonra başqa yola düşmüşdü. Yəqin, Azərbaycan ağır vəziyyətdə olarkən onun və onun kimilərinin başları daşa dəydi, fikirləşdilər ki, Heydər Əliyevə müraciət etmək lazımdır.

Bir o deyildi, başqaları da var idi. O vaxt Baş nazir vəzifəsini icra edən Feyruz Mustafayev keçmişdə mənim yanımda çox yüksək vəzifələrdə işləmiş adam idi. Başqaları da var idi. Mən onların hamısından imtina etdim və Azərbaycanın qarışıq vaxtında Bakıya gəlməyi özümə rəva bilmədim. Baxmayaraq ki, ürəyim Vətənim, ölkəm, xalqım üçün yanırdı.

Sonra - 1992-ci ilin may hadisələri zamanı Azərbaycanda Ali Sovetin sədri seçilirdi. Xatirinizdədir, bir neçə deputat - Arif Rəhimzadə, Eldar İbrahimov və bir çox başqaları təklif etmişdilər ki, Heydər Əliyev Ali Sovetə sədr seçilsin. Hətta o vaxt sessiyanın işini saxlamışdılar və müraciət etmişdilər ki, mən Bakıya gəlim.

Doğrudur, o vaxt hakimiyyətə can atan Xalq Cəbhəsi bunun əleyhinə idi. Ancaq onların əleyhinə olub-olmaması mənim üçün əhəmiyyətli deyildi. Mən sadəcə, yenə də elə bir şəraitdə Azərbaycana, yəni Bakıya gəlməyi özümə rəva bilmədim. Amma onlar təhlükə altında idilər. Bir tərəfdən məni dəvət edən adamlar, ikinci tərəfdən hakimiyyəti ələ keçirmək istəyən Xalq Cəbhəsi və Müsavat - onlar çox qorxu altında idilər ki, Heydər Əliyev birdən Bakıda zühur edə bilər.

Bir fakt da mənim yadımdadır. May ayının 14-də Mütəllibovu yenidən hakimiyyətə gətirdilər və ayın 15-də onu hakimiyyətdən qovdular, qaçdı. O zaman mənə çoxlu zənglər oldu. Bir də gördüm, Etibar Məmmədov Rəsul Quliyevlə birlikdə Türkiyədən mənə telefon edirlər ki, bəs, Bakıda olan hadisələrdən məlumatınız varmı? Dedim ki, var. Soruşdular ki, buna necə baxırsınız? Dedim ki, bilmirəm, mən burada, Naxçıvandayam. Dedilər ki, sizin Bakıya getmək fikriniz yoxdur? Dedim ki, yox. Bildirdilər ki, burada təyyarə tapa bilmirik, amma təcili Bakıya getməliyik. Siz bizə kömək edə bilərsinizmi gələk, - o vaxt Araz çayı üzərində tikilən körpü hələ tamam istifadəyə verilməmişdi, - oradan keçib Bakıya gedək? Dedim ki, gələ bilərsiniz. Onlar gəldilər. Mən nümayəndəmi göndərdim, gedib onları sərhəddə qarşıladı. Onlar gəldilər, mənimlə bir-iki saat danışıq apardılar. Gördüm, bunların da məqsədi ondan ibarətdir ki, indi, Azərbaycanda hakimiyyət məsələsi müzakirə edilən zaman mən Bakıya getmək fikrindəyəm, yoxsa yox? Doğrudur, bir-iki dəfə dedilər ki, gəlin bizimlə gedək. Dedim ki, yox, mən sizinlə getmirəm və ümumiyyətlə də getmirəm.

Sonra Rəsul Quliyev mənə belə söyləmişdi ki, - mən burada onunla bərabər işləyəndə - o vaxt biz Naxçıvandan uçub Bakıya gələndən sonra Pənah Hüseynov mənə dedi ki, biz bilirdik siz gedib orada Heydər Əliyevlə görüşmüsünüz və çox narahat idik ki, Heydər Əliyevlə bir yerdə Bakıya gələcəksiniz. Çox diqqətlə nəzarət edirdik, əgər Heydər Əliyev təyyarədə olsaydı, biz o təyyarənin Bakıya enməsinə icazə verməyəcəkdik, həmin təyyarə ya Naxçıvana qayıtmalı, ya Gəncədə enməli idi və s.

Mən bu faktları heç vaxt deməmişəm. Amma bu gün bu barədə öz xatirələrimi sizə ona görə çatdırıram ki, mən heç bir iddiada deyildim. Mən sadəcə, Naxçıvan Muxtar Respublikasının həyatını təmin etməyə çalışırdım və ondan artıq heç bir iddiam yox idi.

Belə bir şəraitdə, 1992-ci ildə ziyalılar mənə müraciət edən zaman mən çox tərəddüd edirdim. Xatirimdədir, burada əyləşənlərin çoxu bir neçə dəfə mənim yanıma gəlmişdilər, danışmışdılar. Ancaq nəhayət, 1992-ci ilin oktyabrında mətbuatda mənə müraciət olunandan sonra düşündüm və bu təklifə - yəni onlarla birləşməyə və partiya yaratmağa müsbət cavab verdim.

Burada çıxışlarda deyildi. O vaxt, oktyabrın 16-da mənə müraciət ediləndə, yəni bu müraciət mətbuatda dərc olunan kimi, oktyabrın 23-də Xalq Cəbhəsi hakimiyyəti Naxçıvanda dövlət çevrilişinə cəhd göstərdi və orada mənim hakimiyyətimi devirmək, hakimiyyəti tamamilə ələ almaq istədi.

Baxmayaraq ki, mən onlara qarşı həmişə loyal münasibətdə olmuşdum, amma onlar bunu anlaya bilmirdilər. Mən vaxtilə onlara kömək etmişdim, dəstək vermişdim. Bunların da hamısı həqiqətdir. Soruşarsınız ki, niyə? Uzun illər xidmət etdiyim Kommunist Partiyasının və sovet hökumətinin Azərbaycan xalqına qarşı ədalətsizliyini görəndən sonra mən artıq hesab edirdim ki, bəlkə həqiqətən yeni insanlar Azərbaycana daha sədaqətli xidmət edə bilərlər. Doğrudur, mən onların içərisində bu iş üçün o qədər də yararlı adam görmürdüm, amma eyni zamanda, mən onlara dəstək vermişdim, kömək etmişdim.

Yəqin onlar unutmayıblar ki, 1992-ci il mayın 14-də Mütəllibov yenidən hakimiyyətə qayıdanda onu Ali Sovetə gətirdilər, əl çaldılar və o da orada böyük bir nitq söylədi. O, həmin nitqində - baxmayaraq ki, ondan əvvəl o, Naxçıvanda məni əzib, necə deyərlər, puç etmək istəyirdi - məcbur oldu ki, Naxçıvana, mənə müraciət etsin. Mən bu nitqi Naxçıvanda televiziya vasitəsilə eşitdim. O deyirdi, - bəli, mən Naxçıvana müraciət edirəm, Heydər Əliyevə müraciət edirəm, gəlin birləşək, bir yerdə olaq. Baxmayaraq ki, bundan əvvəl o, mənim Bakıda yaşamağımı qadağan etmişdi.

Bundan sonra Bakıdan, Xalq Cəbhəsinin qərargahından dərhal mənə müraciət etdilər. Mən onlara cavab verdim. Onlar bu cavabımı səsyazan cihaza yazdılar və keçmiş 26 Bakı komissarı adına bağda toplaşmış adamlara mənim bəyanatımı dəfələrlə çatdırdılar.

Mən onda nə dedim? Mən dedim ki, Mütəllibovun yenidən hakimiyyətə gəlməsi qanunsuzdur. Mən bunu qəbul etmirəm, buna etiraz edirəm. Mən xalqın ona qarşı etdiyi etirazı dəstəkləyirəm.

Hesab edirəm ki, bu da onlara insanları səfərbər etmək üçün müəyyən qədər kömək etmişdi. Bu mövzuya sonra yenidən qayıtmamaq üçün onu da demək istəyirəm ki, o vaxt da, biz Yeni Azərbaycan Partiyasını yaradandan sonra da - baxmayaraq ki, onlar oktyabr ayında Naxçıvanda dövlət çevrilişinə cəhd göstərmək istədilər, partiyamızın yaranmasına maneçilik törətdilər, burada məruzədə deyildi, onlar tərəfindən bizim partiyaya qarşı bir neçə cinayət halları oldu - bütün bunlara baxmayaraq, 1993-cü ilin fevral ayında Azər- baycanda dövlət böhranı yarandı. Bəlkə də bunu indi bəziləri unudublar. O vaxt Surət Hüseynov və Rəhim Qazıyev Xalq Cəbhəsindən ayrılaraq Xalq Cəbhəsinə qarşı Gəncədə hərəkata başlamışdılar. Bu, həmin hərəkatın birinci mərhələsi idi. Bakıda Xalq Cəbhəsinin hakimiyyəti çox ağır vəziyyətdə idi, danışıq aparmaq üçün Gəncəyə bir neçə nümayəndə göndərmişdilər. Amma onlar təslim olmamışdılar, öz iddialarından çəkinməmişdilər.

O vaxt Xalq Cəhbəsinin qərargahından yenə mənə müraciət etdilər. Mən bəyanat verdim - onu dərc ediblər. Bəyanat verdim ki, ölkənin bu ağır dövründə hansısa bir dövlət çevrilişinə cəhdə yol vermək olmaz, mən xalqı Azərbaycan prezidenti Əbülfəz Elçibəyin ətrafında toplaşmağa, xalqı birliyə dəvət edirəm.

Bu da həqiqətdir. Ancaq bunların müqabilində bizim yaratdığımız partiyaya qarşı təqiblər, təzyiqlər göstərirdilər, indi gecə-gündüz demokratiyadan, insan hüquqlarından dəm vuranlar o vaxt - Azərbaycan müstəqilliyini təzəcə əldə etdiyi, körpə bir demokratiya yarandığı bir zaman öz şəxsi iddialarına görə demokratiya prinsiplərini pozurdular. Bu, təkcə Yeni Azərbaycan Partiyasına qarşı deyildi, bir çox başqa qüv- vələrə də qarşı idi. Mən bunları bu gün sizə ona görə çatdırıram ki, bizim partiyanın yaranma tarixini, o dövrü biləsiniz və bunlar da heç vaxt unudulmasın.

Beləliklə, biz 1992-ci ilin noyabr ayında Naxçıvanda partiyamızı - onun proqramı və nizamnaməsi haqqında burada deyildi - ağır, çətin bir şəraitdə yaratdıq. Nizamnamədə də var, bu partiya hakimiyyət uğrunda mübarizə aparan bir partiya kimi yaranmadı. Biz partiyanın nizamnaməsində yazdıq ki, partiya Azərbaycanın bu ağır dövründə ölkəmizin ictimai-siyasi həyatında iştirak etmək və Azərbaycanı bu ağır vəziyyətdən çıxarmaq üçün yaranır, bu partiya parlament tipli bir partiyadır. Yəni biz tamamilə demokratiya yolu ilə gedirdik.

Partiyanı yaradarkən heç kəs qarşıya məqsəd qoymurdu ki, biz hakimiyyəti devirəcəyik, - necə ki, indi ayrı-ayrı müxalifət qüvvələri hakimiyyəti devirmək haqqında, yaxud da hakimiyyət uğrunda mübarizə aparacaqları barədə ayda bir dəfə bəyanatlar verirlər. Bizim partiya sağlam düşüncə, sağlam fikir - xalqı birləşdirmək və Azərbaycanın o mürəkkəb həyatında ölkənin problemlərinin həll olunmasında iştirak etmək, öz xidmətlərini göstərmək məqsədi ilə yarandı.

Ancaq hadisələr bizim nəzərə aldığımızdan da başqa cür inkişaf etdi. Partiya yaranandan cəmi 7 ay sonra, 1993-cü ilin iyun ayında Azərbaycanda böyük dövlət böhranı yarandı. Azərbaycan dağılmağa başladı, o vaxtkı iqtidar ölkəni idarə edə bilmədi. Gəncədə toqquşma baş verdi, qan töküldü. Gəncədən başlayan hərəkat Azərbaycanın ərazisinin demək olar ki, yarısından çoxunda hakimiyyəti öz əlinə aldı.

Vaxtilə məni təqib edən, Naxçıvanda məni devirmək, məni Azərbaycandan sıxışdırıb çıxarmaq istəyən o vaxtkı iqtidar belə bir zamanda əlacsız qaldı və mənə müraciət etdi. Ancaq ondan əvvəl mənə müraciət edənlər bizim partiyanın üzvləri, Azərbaycanın müxtəlif təbəqələrinin nümayəndələri, ziyalıları oldu. Onlar məni yenidən Bakıya dəvət etdilər. Bu dəfə isə mən artıq Azərbaycanın dağıldığını gördüm.

Naxçıvanda mənimlə dörd gün aparılan söhbətdən sonra mən Bakıya gəlib vəziyyəti öyrənmək istədim. Gəldim. Vəziyyətin nə qədər gərgin olduğunu xatırlayın - o vaxt bunların hamısı televiziya ilə verilirdi. Azərbaycan parçalanırdı, dağılırdı. Bunlar haqqında dünən də, bu gün də burada deyildi. Belə bir ağır, çətin zamanda böyük təhlükə altında Gəncəyə getdim. Nəhayət, Azərbaycanın ağır vəziyyətdən çıxmasında iştirak etməyə söz verdim. Ancaq o vaxtkı iqtidar o qədər vahiməyə düşmüşdü, o qədər qorxmuşdu, xalqın inamını o qədər itirmişdi ki, onlar qaçdılar, dağıldılar, gizləndilər və meydanda təkcə Heydər Əliyev qaldı.

Ondan sonrakı bütün dövr məlumdur. Mən sizə təşəkkür edirəm ki, çıxışlarınızda həmin dövrü təhlil etdiniz, gördüyümüz işləri, əldə etdiyimiz nailiyyətləri göstərdiniz. Mən bunları sizə söyləyərək, partiyanın yaranma prosesi və o dövrdə konstruktiv mövqe tutan bir partiya kimi yaranması fikrini sizə çatdırmaq istəyirəm.

Bununla da bizim partiya indi müxalifətdə olan və bu gün Azərbaycan iqtidarına düşmən gözü ilə baxan bütün partiyalardan fərqlənir.

Azərbaycanda partiya çoxdur. Azərbaycan iqtidarı və Yeni Azərbaycan Partiyası ilə əməkdaşlıq edən bir çox partiyalar vardır. Onlar sağlam fikirli partiyalardır. Güman edirəm ki, həmin partiyaların nümayəndələri qurultayımızda iştirak edirlər. Bu partiyalar həqiqətən sağlam yolla gedən partiyalardır.

Ancaq hərəsinin öz platforması var. Birinin o birisindən bəlkə də müəyyən qədər fərqi var. Ancaq bunların ümumi amalı birdir - Azərbaycanda demokratiyanı inkişaf etdirmək, Azərbaycanın müstəqilliyini inkişaf etdirmək və Azərbaycanda sabitliyi qorumaq, saxlamaq. Ona görə biz bu partiyalarla bu gün də əməkdaşlıq edirik.

Ancaq Azərbaycanı dağıdan və Heydər Əliyevi gətirib Azərbaycanda parlament sədri seçən insanların bir qismi, yəni o vaxt iqtidarda olanlar sonra qaçdılar, dağıldılar və bir aydan, iki aydan sonra müxalifətə keçdilər. Bu, vicdansızlıqdır və vicdansızlıq heç vaxt xalq içərisində hörmət qazanmayacaqdır.

Burada dünən də, bu gün də deyildi ki, partiyanın inkişaf dövrü, məsələn, 1993-cü, 1994-cü, 1995-ci illərdə bir az zəif getdi. Bu da həqiqətdir. Ona görə yox ki, xalq bizim partiyaya daxil olmaq istəmir. Ona görə ki, o vaxt mənim üçün, Yeni Azərbaycan Partiyasının sədri üçün birinci növbədə Azərbaycanın prezidenti kimi Azərbaycanın problemlərini həll etmək vacib idi. Partiyamızın da məqsədi bu idi, partiyamız da bu arzu ilə yaranmışdı. Ona görə də mən bütün səylərimi, bütün imkanlarımı, bütün vaxtımı, bütün biliyimi, iradəmi buna yönəltdim, buna səfərbər etdim. Görürsünüz ki, nəhayət, 1993-cü, 1994-cü illərdə Azərbaycanı o ağır dövrdən çıxarmağa nail oldum.

Ancaq bu, təkcə mənim işim deyildi. Bizim partiyanın üzvləri daim mənim yanımda idilər. Ancaq bu da az idi. Bu gün hamı bu həqiqəti dərk edibdir ki, əgər xalqın, Azərbaycan vətəndaşlarının, millətimizin Heydər Əliyevə böyük inamı, etibarı və böyük ümidi olmasaydı onlar o ağır dövrdə Heydər Əliyevin ətrafında birləşə bilməzdilər. Bu isə olmasaydı, Heydər Əliyev bu məsuliyyətin altından çıxa bilməzdi.

Ona görə də Azərbaycan prezidenti və Yeni Azərbaycan Partiyasının sədri kimi mənim əsas gücüm, əsas mənbəyim xalqdır. 1987-ci ildə mən bütün işlərdən kənar olandan sonra vaxtilə mənimlə vəzifələrdə işləmiş insanlar uzağa çəkildilər. Bəzisi xəyanət etdi. Bəzisi sadəcə, özünü qorumaqla məşğul oldu, - mən onları anlayıram, bağışlayıram. Amma xəyanət edənləri bağışlamıram, yəni bağışlamışam, amma bunu yadımdan çıxarmıram. Ancaq insanların qəlbindən Heydər Əliyevi heç kəs çıxara bilmədi. Nə Qorbaçov hakimiyyəti, nə Vəzirov hakimiyyəti, nə Mütəllibov hakimiyyəti, nə Əbülfəz Elçibəy hakimiyyəti - heç birisi Heydər Əliyevi Azərbaycan xalqının qəlbindən çıxara bilmədi.

O vaxt Moskvada yaşayanda mənə bəzi məlumatlar verirdilər. Məlumat verirdilər ki, Azərbaycanda sürücülər, yəni şoferlər, həm yük maşınlarının şoferləri, həm taksi şoferləri portretimi, şəklimi, - bəziləri general formasında, bəziləri də adi, mülki geyimdə, - öz avtomobillərinin şüşəsinin qabağına qoyub nümayiş etdirirlər. Yəqin ki, bunu siz də xatırlayırsınız. Bunu heç kim təşkil etmirdi. Amma bu, sadə adamların, heç bir hakimiyyətdən qorxmayan, heç bir konyunktura ilə yaşamayan adamların - xalqın əksəriyyəti bunlardan ibarət- dir - qəlbindən gələn duyğular idi, ona görə bunu edirdilər. Mən bu gün onu unutmamışam və həmin o Azərbaycan oğullarına, sürücülərə, şoferlərə xüsusi təşəkkür edirəm. Ona görə yox ki, onlar məni təbliğ edir, mənim haqqımda təbliğat aparırdılar. Ona görə ki, onlar məni öz qəlblərində saxlamışdılar. Mən onların qəlbində o qədər yaşamışdım ki, öz hissiyyatlarını bu yolla büruzə verirdilər.

Amma təkcə bu deyildir. Azərbaycan xalqının əksəriyyəti məni unutmadı, xidmətlərimi qiymətləndirdi. Məhz buna görə də mən 1993-cü ildə yenidən Azərbaycanın böyük, ağır yükünü çiynimə götürəndə bu vəzifəni uğurla həyata keçirə bildim. Məhz buna görə - xalqın mənimlə birliyinə görə, xalqın dəstəyinə görə 1994-cü ilin oktyabr ayında Azərbaycanda dövlət çevrilişi cəhdinin - o gecə artıq baş verməkdə idi, - qarşısını xalqın qüdrəti, birliyi, iradəsi ilə ala bildik. O vaxt həmin çevrilişə cəhd edənlər silahlı idilər, özü də onlarda bütün silahlar var idi. Amma məndə heç bir tapança da yox idi. Ancaq mənə hər bir silahdan güclü olan xalq məhəbbəti var idi.

Bütün bu dediklərimin hamısı eyni zamanda və xüsusən Yeni Azərbaycan Partiyasına aiddir, Yeni Azərbaycan Partiyasının üzvlərinə aiddir. Bəli, o ağır dövrdə, Heydər Əliyev təqib olunduğu halda və blokada şəraitində Naxçıvanda yaşadığı yalda Yeni Azərbaycan Partiyasının təşkilat konfransına toplaşanlar qəhrəmanlıq ediblər. O illərdə Yeni Azərbaycan Partiyasına yazılanlar və bu partiyanın təşkilatlarına üzv olanlar qəhrəmanlıq ediblər. Bunlara görə mən Azərbaycanda artıq məlum olan 91-lərə, yəni 1992-ci il oktyabr ayının 16-da "Səs" qəzetində dərc olunmuş mənə müraciətə imza atan 91-lərin hamısına bir daha, bir daha təşəkkür edirəm. Naxçıvana toplaşıb Yeni Azərbaycan Partiyasını yaradanlara, bu işin fəal iştirakçılarına və birinci konfransda seçilmiş idarə heyətinə, siyasi şuraya xüsusi təşəkkür edirəm. Çünki onlar bu təşkilat işinin başında durmuşdular və sonrakı dövrdə - mən dövlət işi ilə məşğul olduğuma görə - partiyanın inkişaf etməsində böyük xidmətlər göstərmişlər. Təşəkkür edirəm.

Öz aqibətini Yeni Azərbaycan Partiyası ilə bağlayanlar səhv etməmişlər. Tarix, keçən illər bunu göstərdi. Yeni Azərbaycan Partiyası sədrinin, Azərbaycan prezidentinin həyata keçirdiyi daxili və xarici siyasət ilbəil uğurlar gətirir, Azərbaycan yüksəlir, inkişaf edir. Bu barədə dünən də, bu gün də dediyiniz sözlərə görə, verdiyiniz qiymətə görə təşəkkür edirəm.

Həqiqətən dərin bir quyuda olan Azərbaycanı oradan çıxarmaq mümkün deyildi. Mümkün deyildi! Bir tərəfdən iqtisadi böhran, ikinci tərəfdən daxildə qanunsuz silahlı dəstələr, cinayətkarlar və sair, sabitliyin olmaması, bununla yanaşı Ermənistan silahlı birləşmələrinin Azərbaycan torpaqlarını ardıcıl surətdə işğal etməsi və belə şəraitdə hər bir cinayətkar dəstənin, hər bir cinayətkarın öz şəxsi məqsədləri üçün yeni cinayətlər törətməsi - bunlar hamısı 1993-94-cü illərin gerçəklikləri idi. Biz bunların qarşısını aldıq.

Ancaq indi, zaman keçəndən sonra, insanlar bu gün rahat yaşadığı halda bəzən tez unudublar ki, 1993-cü ildə, 1994-cü ildə vəziyyət necə idi, indi necədir. Mən təşəkkür edirəm ki, siz unutmursunuz və qurultayda bu barədə çox dəyərli sözlər dediniz.

Biz Azərbaycanı böhrandan çıxardıq. 1990-cı ildən 1994-cü ilə qədər Azərbaycanın iqtisadiyyatı dağılma dövrü keçiribdir. Əgər Azərbaycanın son dövr tarixinə nəzər salsaq, bunu təxminən belə qiymətləndirmək olar: 1988-ci ildən Azərbaycanda qeyri-sabitlik hökm sürübdür. Dağlıq Qarabağ münaqişəsi, Ermənistan- Azərbaycan münaqişəsi Azərbaycanın həyatını gərginləşdirmiş və o vaxtdan daxili vəziyyət sabitliyini itirmişdi.

1992-1993-cü illərdə isə bu vəziyyət daha gərgin və ağır idi. Həm torpaqların böyük bir qismi işğal olunmuş, həm də Azərbaycanın daxilində parçalama qüvvələri peyda olmuş və Azərbaycan artıq parçalanmışdı.

Demək, sonrakı dövrdə biz bir tərəfdən iqtisadiyyatı normal vəziyyətə gətirməli idik, ikinci tərəfdən isə ictimai-siyasi sabitliyi təmin etməli idik. Eyni zamanda beynəlxalq aləmdə Azərbaycanın mövqelərini yaratmalı idik. Bunlar hamısı çox böyük enerji və zəka tələb edirdi. Biz bunların hamısına nail olduq.

İctimai-siyasi sabitlik təmin edildi. Ancaq ictimai-siyasi sabitliyi saxlamaq üçün təkcə hüquq-mühafizə orqanlarının, yaxud başqa orqanların fəaliyyəti yetərli deyildi. İctimai-siyasi sabitliyi saxlamaq üçün eyni zamanda ölkənin iqtisadiyyatında ciddi dəyişikliklər etmək lazım idi, insanların həyatında ciddi dəyişikliklər etmək lazım idi. Biz bunlara da nail olduq.

1990-cı ildən başlayaraq 1994-cü ilə qədər Azərbaycanın iqtisadiyyatı ildə 20-25 faiz tənəzzül edib, aşağı düşübdür. 1993-cü ildəki, 1994-cü ildəki vəziyyəti xatırlayın. Çörək almaq mümkün deyildi. İnsanlar çörək almaq üçün nə qədər növbəyə dururdular. Biz taxıl tapa bilmirdik ki, insanları çörəklə təmin edək. O dövrdə bəzi cinayətkar qruplar bu vəziyyətdən istifadə edərək Azərbaycanın malını-dövlətini talan edirdilər. Yaşayış çox ağır idi, insanlar əziyyət çəkirdi. Malların qiyməti bahalaşır, manatın da dəyəri günü-gündən sürətlə aşağı düşürdü.

1995-ci ildə biz iqtisadiyyatdakı tənəzzülün qarşısını aldıq. Ondan sonrakı illər - 1996-cı, 1997-ci, 1998-ci, 1999-cu illər Azərbaycanda iqtisadiyyatın inkişaf dövrüdür.

Yəni bu işlər paralel getməli idi. Biz bir tərəfdən qanun-qayda yaratmalı, daxili vəziyyəti sabitləşdirməli idik.  Müstəqil, demokratik dövlət kimi Azərbaycanın təsisatlarını yaratmalı idik. Eyni zamanda Azərbaycanda iqtisadiyyatın bu ağır dövründə müsbət dəyişikliklər edilməsinə nail olmalı və bir çox başqa işlər görməli idik. Biz bunların hamısını görə bildik. 1995-ci ildə ilk Konstitusiyamızın qəbul edilməsi, ilk dəfə demokratik şəraitdə ali qanunvericilik orqanının seçilməsi Azərbaycanın gələcək həyatı üçün ən böyük əsaslardan oldu.

Ondan sonrakı dövr Azərbaycanda qanunçuluğun, demokratiyanın, iqtisadiyyatın inkişaf etdirilməsi və bunların hamısının nəticəsində Azərbaycanda ictimai-siyasi vəziyyətin ilbəil sabitləşməsi dövrüdür. Bunlar bugünkü günün reallıqlarıdır.

Məruzədə və çıxışlarda bizim iqtisadi nailiyyətlərimiz haqqında bir çox məlumat verdilər. 1990-1994-cü ilə qədər olan ağır vəziyyətdən Azərbaycanın iqtisadiyyatını çıxarmaq və bundan sonra onun ardıcıl inkişafını təmin etmək - bu, postsovet məkanında nadir bir haldır. Bizim iqtisadi göstəricilərimiz göz qabağındadır. Bunlar statistikanın məlumatlarıdır və artıq beynəlxalq maliyyə məkəzləri tərəfindən - Beynəlxalq Valyuta Fondu, Dünya Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı, Avropa Birliyinin İqtisadi Komissiyası tərəfindən daim nəzarət altındadır. Ona görə bizim göstəricilərimiz hamısı göz qabağındadır.

Bu da ondan ibarətdir ki, ümumi daxili məhsul ilbəil artır, sənaye istehsalı, kənd təsərrüfatı istehsalı artır, kapital qoyuluşu artır. Bunların nəticəsində də insanların rifah halı yaxşılaşır. Bunun əsası nədədir? Əsası bizim həyata keçirdiyimiz düzgün, doğru daxili siyasətdədir. Demokratik, hüquqi dövlət quruculuğu və bu prosesin ardıcıl surətdə həyata keçirilməsi, iqtisadiyyatda müxtəlif islahatların aparılması, insanlara sərbəstlik verilməsi, Azərbaycan iqtisadiyyatının dünya iqtisadiyyatı ilə inteqrasiyası, Azərbaycana sərmayənin cəlb olunması - bunlar hamısı böyük, kompleks iqtisadi proseslərdir. Bunları bu qısa müddətdə həyata keçirmək, inanın, asan iş deyildir. Həm də bizim göstəricilərimiz Müstəqil Dövlətlər Birliyi ölkələrinin göstəriciləri içərisində yüksək yerləri tutur.

Ona görə də biz son illərdə əhalinin rifah halının yaxşılaşdırılmasına nail ola bilmişik. Ona görə də maaşları, - burada deyildi, - dəfələrlə artıra bilmişik, pensiyaları artıra bilmişik. Bunlar hamısı həqiqətdir. Həm siyasi sahədə, həm dövlət quruculuğu sahəsində, həm də iqtisadi sahədə bizim islahatlarımız çox ahəngdar gedir. Bunlar hamısı kompleks şəkildə Azərbaycanın demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu prosesini təşkil edir. Əgər biz iqtisadi islahatları ağıllı, düşüncəli və uzaqgörənliklə aparmasaydıq bu nailiyyətləri əldə edə bilməzdik.

Məsələn, təsəvvür edin, indi, - mən bu ili götürürəm, - Azərbaycanda əldə olunan ümumi daxili məhsulun 60 faizi özəl sektorun hesabınadır. Bu, islahatlann nəticəsidir. Sənayedə 30 faiz özəl sektorun hesabınadır. Kənd təsərrüfatında 98 faiz, ticarətdə 98 faiz, tikintidə təxminən 60-70 faiz, yük daşımalannda təxminin 45-50 faiz özəl sektorun hesabınadır. Demək, bizim iqtisadi islahatlarımız öz konkret nəticələrini verir.

Təbiidir ki, iqtisadiyyatın bir qismi, xüsusən böyük istehsal müəssisələri, o cümlədən ağır sənayenin müəssisələri dövlət inhisarındadır. Ancaq o müəssisələr ki, dörd-beş il bundan öncə ağır vəziyyətdə idi, biz onların da daha güclü işləməsinə nail ola bilmişik.

Beləliklə, həm dövlət sektorunda olan sahələrin inkişaf etdirilməsi, yaxşı işləməsi üçün şərait yaradılması, həm də özəl sektorun güclənməsi, sahibkarlığa geniş imkanlar verilməsi, sahibkarlar təbəqəsinin yaranması, özəl sektora böyük imkanlar verilməsi, xarici ticarətin liberallaşdırılması - bütün bunlar hamısı həmin bu nəticələri verir.

Azərbaycana xarici sərmayənin cəlb olunması çox gözəl nəticələr veribdir. Bizi gözü götürməyənlər, yaxud da bizə düşmən gözü ilə baxanlar belə deyirlər ki, bəli, Azərbaycana xarici investisiya gəlir, ancaq bu, təkcə neft sektorunadır. Amma həqiqət bundan ibarət deyildir. Son dörd ildə Azərbaycana 5 milyard Amerika dollar həcmində vəsait, sərmayə qoyulubdur. Bunun yarısı neft sektoruna, yarısı isə başqa sektorlara qoyulubdur. Bu il isə qoyulan təxminən 1 milyard 600 milyon dollar investisiyanın 60 faizi qeyri-neft sektoruna, 40 faizi neft sektorunadır.

Bunlar real göstəricilərdir, statistikadır. Kiçik bir ölkəyə dörd il içərisində 5 milyard dollar həcmində investisiyanın gəlməsi, iqtisadiyyatın inkişaf etməsi bu gün üçün, gələcək üçün nə qədər böyük imkanlar yaradır. Bu, nə qədər yeni iş yerləri açır, nə qədər insanların işləməsi və yüksək əmək haqqı alması üçün şərait yaradır. Budur bizim iqtisadi göstəricilərimiz, budur bizim islahatlarımızın nəticəsi!

Bu minvalla biz bundan da yaxşı irəliyə gedirik və gedəcəyik. Əmin ola bilərsiniz ki, bizim iqtisadi siyasətimiz bundan sonra daha çox uğurlar gətirəcək, Azərbaycan xalqının rifah halı günü-gündən yaxşılaşacaqdır. Bizim imkanımız olacaqdır ki, hər il maaşlar artsın, insanların gəlirləri artsın və Azərbaycan xalqı firavan yaşasın.

Azərbaycanın çox düşünülmüş və tarazlı xarici siyasəti var. Məhz bu siyasətin nəticəsində Azərbaycan qısa bir zamanda, demək olar, beş il içərisində dünya miqyasında, Dünya Birliyində özünə layiq yer tutdu və böyük hörmət qazandı. Azərbaycan artıq dünya miqyasında tanınmış və inkişaf etmiş bir ölkə kimi görünür. Azərbaycana maraq artır, Azərbaycanla daha da çox hesablaşırlar. Azərbaycanın coğrafi-strateji vəziyyəti, Azərbaycanda görülən işlərin nəticəsi, ölkəmizin təbii sərvətləri, həyata keçirdiyimiz böyük layihələr - həm neft layihələri, həm də boru kəmərləri layihələri- bunlar hamısı Azərbaycana diqqəti və münasibəti tamamilə dəyişdiribdir.

Belə bir şəraitdə, təbiidir ki, bizim qarşımızda duran ən əsas vəzifə Ermənistan-Azərbaycan münaqişəsini, Dağlıq Qarabağ problemini həll etməkdir. Çox təşəkkür edirəm ki, siz Azərbaycan prezidentinin, Azərbaycan dövlətinin apardığı həm daxili siyasəti, həm xarici siyasəti dəstəkləyir və bunu yüksək qiymətləndirirsiniz. Məhz sizin dəstəyinizə, xalqın dəstəyinə və etibarına arxalanaraq, Azərbaycan prezidenti kimi mən belə cəsarətli addımlar atıram və cəsarətli siyasət həyata keçirirəm.

Mən sizə təşəkkür edirəm ki, 1994-cü ildə atəşkəs əldə olunması barədə bizim qərarımızı dəstəkləyirsiniz. Amma təkcə siz - Yeni Azərbaycan Partiyasının üzvləri yox, Azərbaycan Respublikasının, ölkəmizin əhalisinin əksəriyyəti, bəlkə də hamısı bunu dəstəkləyir. Bu, bizim böyük nailiyyətimizdir. Ancaq eyni zamanda bu müddətdə məsələni tam həll etmək mümkün olmadığına görə, təbiidir ki, biz öz üzərimizdə olan məsuliyyəti hələ tamamilə yerinə yetirə bilməmişik.

Amma bilin və bütün xalqımız, bütün ölkəmiz bilsin - bu, heç də asan məsələ deyildir. Bunun səbəbləri məlumdur. Ancaq bunlara baxmayaraq biz bunu həll edəcəyik. Bilirsiniz ki, mən təkcə Ermənistan-Azərbaycan münaqişəsinin həll olunması üçün yox, bütün Qafqazda sülhün, əmin-amanlığın yaranması sahəsində də təşəbbüslərdə bulunmuşam. Xüsusən Cənubi Qafqazda təhlükəsizliyin və əməkdaşlığın təmin olunması üçün ATƏT-in İstanbul sammitində təklif irəli sürmüşəm. O təkliflə mən həm ATƏT-in üzvlərini dəvət etmişəm, həm Avropa Birliyini dəvət etmişəm, həm dünyanın böyük dövlətlərini, ATƏT-in Minsk qrupunun həmsədrləri olan Amerika Birləşmiş Ştatları, Rusiya və Fransanı dəvət etmişəm, bu işdə marağı olan başqa ölkələri dəvət etmişəm ki, hamımız birlikdə birləşib Cənubi Qafqazda təhlükəsizliyin təmin olunması və əməkdaşlığın inkişafı üçün pakt təsis edək. Bu, mümkündür. Amma bunu həyata keçirmək üçün Ermənistan-Azərbaycan münaqişəsi həll olunmalı, Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş torpaqları azad olunmalı, qaçqınlar öz yerlərinə qayıtmalı və Ermənistanla Azərbaycan arasında sülh yaranmalıdır.

Təbiidir ki, bunlar hamısı bir ildə ola bilməz. Amma əgər bunlar haqqında qərar qəbul olunsa, bu barədə lazımi müqavilələr imzalansa, şübhəsiz ki, onda mənim müraciət etdiyim çox dövlətlər təhlükəsizlik və əməkdaşlıq paktının yaranmasında iştirak etməyə çalışacaqlar.

Bizim bölgədə qonşu dövlətlərlə bu barədə əlaqələrimiz həmişə sıx olmalıdır və biz bu siyasəti aparırıq. Bu dövlətlər Rusiyadır, Türkiyədir, Gürcüstandır, İrandır. İran böyük dövlətdir. Qafqazdakı problemlərin həll olunmasında İran kənarda qala bilməz. Ona görə də mən bu gün bəyan edirəm ki, təhlükəsizliyin və əməkdaşlığın təmin olunmasında, təbiidir ki, İran da öz töhfəsini verməlidir, öz təşəbbüsünü irəli sürməlidir. Yalnız beləliklə Qafqaz ölkələri və Qafqazı əhatə edən ölkələr, Qafqaza maraq göstərən Avropa ölkələri, ATƏT üzvləri, Amerika Birləşmiş Ştatları - hamısı birlikdə Qafqazda bunu edə bilərlər.

Bu, mütləq lazımdır. Çünki görürsünüz ki, Qafqaz indi dünyanın ən gərgin bir regionuna çevrilibdir. Təsəvvür edin, əgər ümumdünya miqyasında götürsəniz, Qafqazda olan münaqişələr heç bir yerdə yoxdur: birinci münaqişə olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, Gürcüstanda Abxaziya, Osetiya münaqişələri, Şimali Qafqazda Çeçenistan münaqişəsi, İnquşetiyada, Şimali Osetiyada və başqa yerlərdə müəyyən problemlər, ümumiyyətlə Şimali Qafqazda sabitliyin yaranması problemi. Görün, dünyanın kiçik bir bölgəsində nə qədər ağır münaqişələr baş veribdir. Buna görə də Qafqaz həm dünyanın diqqət mərkəzindədir, dünyanın böyük ölkələrinin diqqətini cəlb edir, həm də Qafqazda əmin-amanlıq, sülh yaratmaq üçün böyük dövlətlərin və Qafqazı əhatə edən dövlətlərin hamısı öz səylərini göstərməlidir.

Mən sizə bəyan edirəm ki, Azərbaycan dövləti bu sahədə bundan sonra da öz təşəbbüslərini irəli sürəcək, nəinki Cənubi Qafqazda, bütün Qafqaz regionunda sülhün, əmin-amanlığın əldə olunmasına öz töhfələrimizi verəcəyik.

Bilirsiniz ki, Ermənistan-Azərbaycan münaqişəsini həll etmək üçün mən bu il də bir çox tədbirlər görmüşəm, bir çox görüşlər keçirmişəm. Bunların içərisində Ermənistan prezidenti ilə mənim təkbətək, birbaşa görüşlərim olubdur. Onu deyə bilərəm ki, bu görüşlər nəticəsində biz sülhə yaxınlaşa, sülhə gedə bilərik. Ancaq biz reallığı dərk etməliyik və reallığı dərk edərək hər iki tərəf müəyyən kompromislərə getməlidir. Əgər bu mümkün olmasa, məsələni həll etmək çox çətin, ağır olacaqdır.

Ancaq təəssüflər olsun ki, bu problemləri dərindən bilməyən, bəlkə heç problemlərin həll olunmasını istəməyən adamlar, barışmaz müxalifətdə duran ayrı-ayrı siyasi qüvvələr, partiyalar məsələnin həll olunmasına yox, indi məsələnin həlli prosesində atılan addımlardan öz məqsədləri üçün istifadə etməyə çalışırlar: "Dağlıq Qarabağa yürüş", "Dağlıq Qarabağ hərəkatı". Bunun üçün bütün müxalifət partiyaları yığışdılar, toplaşdılar, Motodromda bir mitinq keçirdilər, onunla da özlərinin sosial dayaqlarının nəyə qadir olduğunu göstərdilər.

Atəşkəs rejimi yaranandan indiyə qədər heç bir müxalifət partiyası, heç bir müxalifət hərəkatı, qüvvəsi bu problemin həll olunması üçün ağıllı, konkret, real bir təklif verməyibdir. Əgər həmin o Motodromda keçirilən mitinqdə çox bəsit şəkildə yazılmış qətnamədə göstərilirsə ki, Dağlıq Qarabağa ancaq mədəni muxtariyyət verilə bilər - bu, gülüşdən savayı başqa bir şey doğura bilməz. İnsanları bununla aldatmaq mümkün deyildir. Əgər 1988-ci ildə Dağlıq Qarabağda yaşayan ermənilər və onların havadarları olan Ermənistan millətçiləri, dünyanın başqa yerlərində olan millətçilər Moskvanın dəstəyi ilə, öz əllərində olan vilayət muxtariyyəti ilə qane olmurdularsa, ona görə Azərbaycan hakimiyyətindən imtina etdilərsə və qısa bir zamanda Azərbaycanın tərkibindən faktiki olaraq çıxdılarsa, 1989-cu ilin yanvar ayında Dağlıq Qarabağın idarə edilməsi haqqında Moskvanın yaratdığı xüsusi idarənin təşkili ilə əlaqədar Dağlıq Qarabağ Azərbaycanın tərkibindən faktiki olaraq çıxdısa, indi hansı mədəni muxtariyyətdən danışmaq olar?

Xatırlayıram, 1991-ci ilin əvvəlində - fevral ayında mən ilk dəfə gəlib Ali Sovetin sessiyasında çıxış edərkən ürəyim yanırdı. Ancaq təəssüf ki, o vaxt mənim çıxışımı anlamaq əvəzinə, mənə qarşı cürbəcür təzyiqlər, böhtanlar, təhqirlər gördüm. Mən o vaxt nə dedim? Mən dedim ki, Dağlıq Qarabağ tamamilə əldən gedib, Dağlıq Qarabağ artıq Azərbaycanın deyil və Dağlıq Qarabağ haqqında Azərbaycan dövlətinin konsepsiyası, siyasəti yoxdur. Bütün işlər pərakəndə görülür. Kim haradasa bir tüfəng ata bilirsə, atır, kim haradasa nə edə bilirsə, edir. Siyasət yoxdur.

Belə də oldu. 1988-ci ildən başlayaraq konkret, real bir konsepsiya olmadığına görə, konkret siyasət olmadığına görə, hamı birləşib bu məsələni həll etmək yollarını birlikdə axtarıb tapa bilmədiklərinə görə Azərbaycan belə ağır vəziyyətə düşdü. Nəinki Dağlıq Qarabağ əldən getdi, Azərbaycanın Dağlıq Qarabağ ətrafında olan yeddi rayonu, sırf azərbaycanlılar yaşayan rayonları da işğal edildi. Bax, nəticə bundan ibarətdir. Bunda günahkar çoxdur. Həm o hakimiyyət - 1988-ci ildə Azərbaycanda olan hakimiyyət, həm ondan sonrakı hakimiyyət - 1990-cı ilin yanvar faciəsində tökülən qanlar üzərində Azərbaycanda hakimiyyətə gəlmiş qüvvələr, həm də ondan sonra hakimiyyəti əlinə keçirmiş Xalq cəbhəsi, müsavat - hamısı günahkardır. Hamısı günahkardır!

Bütün bu günahlar nəticəsində əldən verilmiş mövqeləri bir gündə, bir ayda, bir ildə bərpa etmək mümkün deyildir. Bəziləri deyirlər: 1993-cü ildə Heydər Əliyev gəldi, bəs niyə bir şey etmədi? Heydər Əliyev sehrli çubuq deyil, Heydər Əliyev insandır. Bəli, böyük siyasətçidir, onun böyük siyasəti var. Ancaq bu cür ağır vəziyyətə düşmüş məsələni bir gündə həll etmək mümkün idimi? Mümkün deyildir.

Biz bu məsələni həll etməyə doğru gedirik. Bunun üçün müəyyən kompromislər olmalıdır. Nə olacaq, nə olmayacaq - mən bunu indidən deyə bilmərəm. Çünki bu, hər iki tərəfdən asılıdır - həm Azərbaycan tərəfindən, həm də Ermənistan tərəfindən. Ancaq mən inanıram ki, biz bu məsələni sülh yolu ilə həll edəcəyik. İnanıram ki, işğal edilmiş torpaqlar azad olunacaq, çadırlarda ağır şəraitdə yaşayan soydaşlarımız öz yerinə-yurduna, obasına, evinə qayıdacaqlar.

Siz həm məruzədə, həm də çıxışlarda dövlətin, hökumətin, iqtidarın işləri haqqında çox danışdığınıza görə mən də çıxışımın çox hissəsini buna həsr etdim. Təbiidir ki, Yeni Azərbaycan Partiyasının əməli işi, siyasəti - mən bunu əvvəl dedim, bir də deyirəm - bugünkü Azərbaycan iqtidarının işi ilə birbaşa bağlıdır, vəhdət təşkil edir. Ona görə də təbiidir ki, biz bu barədə çox danışırıq.

Ancaq partiyanın konkret işlərinə gəldikdə, hesab edirəm ki, Yeni Azərbaycan Partiyası ötən yeddi ildə böyüyüb, inkişaf edib, genişlənibdir. Dünən, bu gün burada səslənən fikirlərin hamısına şərik çıxaraq deyirəm ki, Yeni Azərbaycan Partiyası Azərbaycanın həyatında ən güclü, ən böyük intellektual səviyyəyə malik, ən böyük hörmətə malik olan siyasi partiyadır. Yeni Azərbaycan Partiyası Azərbaycanın bu gününün partiyasıdır, Azərbaycanın sabahının partiyasıdır, XXI əsrin partiyasıdır, üçüncü minilliyin partiyasıdır. Yeni Azərbaycan Partiyası qurultayının bu qədər məzmunlu, mənalı, mütəşəkkil və nikbin əhval-ruhiyyədə keçməsi partiyanın cəmiyyətimizdə hörmətini daha da yüksəklərə qaldırır və qaldıracaqdır, Yeni Azərbaycan Partiyasının ətrafında Azərbaycanın daha da çox vətəndaşları toplaşacaqdır.

Bu gün nailiyyətlərdən çox danışıldı, ancaq işimizdə olan qüsurlardan, nöqsanlardan çox az danışıldı. Mən dünən də, bu gün də bunu müşahidə edərkən ziddiyyətli fikirdə idim. Bəlkə də belə olmamalı idi. Ancaq eyni zamanda sonra hamısını ölçüb-biçib bu fikrə gəldim ki, partiyanın birinci qurultayıdır. Yeddi il ötüb, partiya böyük bir həyat yolu keçibdir və ağır dövr yaşayıbdır. Ona görə də partiyanın qurultayının məhz bu əhval- ruhiyyədə, bu məzmunda, mənada keçməsi məqsədəuyğundur. Hesab edirəm ki, eyni zamanda partiya öz işində olan nöqsanları, çatışmazlıqları, qüsurları da yaxşı dərk edir. O barədə məruzədə və çıxışlarda deyildi.

Ən təhlükəlisi odur ki, Yeni Azərbaycan Partiyasına əqidəsi olmayan adamlar qatılmasın. Ötən dövr bu barədə bir çox nümunələr verdi. Ancaq bunu da dramatikləşdirmək lazım deyildir. Bu, təbii prosesdir. Cəmiyyətdə konyunktur məqsədlər güdən insanlar həmişə olubdur. Hər bir partiyada, hər bir yerdə olubdur - bundan xilas olmaq mümkün deyildir. Ona görə də kim Yeni Azərbaycan Partiyasına hansısa şəxsi məqsəd, təmənna, hansısa konyunktur məqsədlər üçün gəlmişdisə, onlar partiyadan kənarlaşdılar. Əgər bu gün belələri varsa, mən güman edirəm, dərk etməlidirlər ki, onların yolu partiyanın yolu ilə düz gəlmir. Partiyada əqidə adamları olmalıdır. Partiyaya xidmət etmək Vətənə xidmət etmək, millətə xidmət etmək, müstəqil Azərbaycan dövlətinə xidmət etmək deməkdir. Ona görə də partiyamız məhz bu cür əqidəli insanlarla böyüməli, inkişaf etməli və genişlənməlidir.

Partiyamız indi iqtidar partiyası olduğuna görə, təbiidir ki, partiya üzvlərinin imtiyazları da olmalıdır. Bu imtiyazlar nədən ibarət olmalıdır? Dövlətimizi, hökumətimizi, iqtisadiyyatımızı, həyatımızın bütün sahələrini istədiyimiz kimi inkişaf etdirmək üçün bizə müasir tələblərə cavab verən kadrlar lazımdır. Bu kadrlar Yeni Azərbaycan Partiyasının içərisində var, çoxdur. Amma eyni zamanda, Yeni Azərbaycan Partiyasından kənarda da çoxdur. Ona görə siz gərək məni düzgün başa düşəsiniz. Mən Yeni Azərbaycan Partiyasının sədri olaraq Azərbaycanın prezidentiyəm. Azərbaycanın həyatının, iqtisadiyyatının, siyasi qurumların və başqa sahələrinin- yəni mən icra orqanlarını deyirəm - işini daha da yaxşı təşkil etmək üçün mən yalnız Yeni Azərbaycan Partiyasından kadrları götürə bilmərəm. Mən Azərbaycan xalqının prezidentiyəm, Azərbaycan vətəndaşlarının prezidentiyəm. Ona görə də mənim üçün hər bir Azərbaycan vətəndaşı eyni qiymət kəsb edir. Mən Azərbaycanın hər bir vətəndaşının təminatçısıyam və Azərbaycan xalqına, hər bir vətəndaşa xidmət edən pre- zidentəm.

Bunu deyərək bildirmək istəyirəm ki, Yeni Azərbaycan Partiyasının üzvləri içərisindən dəyərli kadrlar yetişdirilməlidir, inkişaf etdirilməlidir, hakimiyyətin müxtəlif sahələrində, iqtisadiyyatda və başqa orqanlarda özlərinə yer tapmalıdır və fəaliyyət göstərməlidir. Ancaq onlar keyfiyyətcə buna cavab verən adamlar olmalıdırlar, peşəkar adamlar olmalıdırlar, yaxud da bu işi tezliklə qavraya bilən adamlar olmalıdırlar. Amma bunlarla bərabər, Azərbaycan vətəndaşlarının bütün təbəqələri Azərbaycanın həyatının bütün sahələrində iştirak edirlər və iştirak edəcəklər və mən Azərbaycan prezidenti kimi Azərbaycan vətəndaşlarının hər birinə eyni gözlə baxıram və bundan sonra da eyni gözlə baxacağam.

Yeni Azərbaycan Partiyasının üzvlərindən kadrların yetişməsi və məsul vəzifələrə irəli çəkilməsi həm Yeni Azərbaycan Partiyasının təşkilatlarının üzərinə düşən vəzifədir, həm idarə heyəti üzərinə düşən vəzifədir, həm də mənim üzərimə düşən vəzifədir. Gəlin danışaq ki, biz hamımız bundan sonra bu vəzifəmizi yerinə yetirməyə daha da diqqətli olacağıq.

Burada çıxışlarda, məruzələrdə qeyd edildi ki, Yeni Azərbaycan Partiyasında gənclərə daha da çox imkan vermək lazımdır. Bu fikri mən keçən görüşlərimizdə də demişəm, bu gün də deyirəm. Bu, təbii prosesdir. Mən artıq bəyan etdim ki, Yeni Azərbaycan Partiyası XXI əsrin və üçüncü minilliyin partiyasıdır. Buna görə də bizim gərək gənc kadrlarımız üzə çıxsın, özlərini müxtəlif sahələrdə sınaqdan keçirsin, təcrübə toplasın və XXI əsrdə onlar bizim bu gördüyümüz işlərin, yaratdığımız bu bünövrənin, təməlin üzərində qalxan, ucalan və böyük bir dövlətə çevrilən Azərbaycanı irəliyə aparsınlar.

Partiya üzvlərinin 29 faizi gənclərdir. Hesab edirəm, bu azdır. Bu rəqəm belədir ona görə yox ki, gənclər Yeni Azərbaycan Partiyasına az maraq göstərirlər. Gənclərin içərisində Yeni Azərbaycan Partiyasına sədaqətli insanlar çoxdur. Bu rəqəmin 29 faiz olması yəqin ki, yerli partiya təşkilatlarının işlərində olan nöqsanların, qüsurların, o cümlədən idarə heyətinin işində olan nöqsanların, qüsurların nəticəsidir. Ona görə də bizim bu qurultayımızın gələcək üçün proqramında əsas məsələlərdən biri Yeni Azərbaycan Partiyasında gənclərin sayını artırmaq, Yeni Azərbaycan Partiyasında gənclərə daha da çox imkanlar vermək, onlara özlərini göstərmək, öz istedadlarını nümayiş etdirmək üçün şərait yaratmaq və Yeni Azərbaycan Partiyasının tərkibini gəncləşdirməkdən ibarətdir.

Bu, heç də Yeni Azərbaycan Partiyasının veteranlarına, necə deyərlər, biganəlik, yaxud da ki, ayrı-seçkilik deyildir. Yeni Azərbaycan Partiyasının veteranları, bizim alimlərimiz, çox yüksək səviyyəli ziyalılarımız Yeni Azərbaycan Partiyasının qızıl fondudur. Amma onlar öz biliklərini, öz təcrübələrini, partiyaya olan sədaqətlərini gənclərə daha da tezliklə çatdırmalıdırlar. Gəncləri öz arxaları ilə daha da sürətlə aparmalıdırlar, gənclərə öz istedadlarını göstərmək üçün imkanlar verməlidirlər. Beləliklə, biz həm partiyanın yaşlı nəslinə, veteranlarına daha da çox imkanlar yaradacağıq, eyni zamanda partiyanın gəncləşməsini təmin edəcəyik. Mən bunu partiyanın qarşısında əsas vəzifə kimi qoyuram.

Partiyanın proqramı və nizamnaməsi dərc edilibdir, siz tanış olmusunuz. İndi yəqin müzakirə olunacaqdır.  Mən məmnunam ki, 1992-ci ildə çox ağır şəraitdə Naxçıvanda bizim yazdığımız və qəbul etdiyimiz proqram bu gün də öz aktuallığını saxlayıbdır. Demək, biz o vaxt nə qədər uzaqgörənlik etmişik, ölkəmizdə olan vəziyyəti nə qədər düzgün qiymətləndirmişik və partiyamızın gələcək yolunu, istiqamətini nə qədər düzgün müəyyən etmişik.

Təbiidir ki, yeddi ildən sonra bu proqram təkmilləşməlidir, genişlənməlidir. Ancaq onun əsasını, özəyini təşkil edən bizim 1992-ci ildə qəbul etdiyimiz proqramdır. Mən bununla fəxr edirəm və o proqramın qəbul olunmasında iştirak etmiş insanların hamısı fəxr etməyə qadirdirlər, layiqdirlər.

Əziz dostlar!

Bizim qurultayımız çox vaxt aldı. Ancaq mən düşünürəm ki, yeddi ildən bir qurultay keçirərkən, təbiidir ki, biz gərək vaxta qənaət etməyək. Bu zalda, bu salonda şübhəsiz, çox adamlar var ki, ürəklərində olan səmimi sözlərini, hissiyyatlarını qurultayda bildirmək istəyirdilər. Təbiidir ki, bu, mümkün deyildir. Amma mən salonda olan əhval-ruhiyyəni, qurultayın gedişini və sizin nitqlərinizi, sizin hərənizin öz yerində qurultaya olan münasibətini müşahidə edərək görürəm ki, həqiqətən, bizim Yeni Azərbaycan Partiyası çox yüksək səviyyəli partiyadır və həqiqətən, bizim belə möhtəşəm qurultay keçirməyə əsasımız vardır.

Biz 1992-ci ilin şaxtalı bir günündə, elektrik enerjisinin olmadığı bir halda, Naxçıvan Dövlət Teatrının binasında paltoda və çoxları papaqda oturaraq ilk konfransımızı keçirdik. Doğrudur, mən papaqda deyildim.  Təbiətim belədir ki, mən hər bir soyuq havada papaqdan istifadə etmirəm. Amma burada oturanların əksəriyyəti papaqda idilər. Üşüyürdük, əlimizi-əlimizə sürtürdük. Amma iradəmiz yüksək idi, iradəmiz güclü idi və gələcəyə çox nikbinliklə baxırdıq. Budur, yeddi ildən sonra Yeni Azərbaycan Partiyası Azərbaycanın ən möhtəşəm sarayında öz qurultayını keçirir.

Siz bilirsiniz ki, 1970-1972-ci illərdə, cəmisi iki il müddətində Azərbaycanın bu Respublika sarayı mənim təşəbbüsüm, şəxsi himayəm və bilavasitə iştirakım nəticəsində tikilibdir. O vaxt mən hər gün bu tikintiyə gəlirdim və bunun məhz 1972-ci ildə qurtarmasına çalışırdım. Məmnunam ki, Azərbaycanda gördüyüm çox işlərlə bərabər, ucaltdığım böyük binalar, zavodlar, fabriklərlə bərabər Azərbaycanın bu günü üçün və gələcəyi üçün belə bir möhtəşəm saray da yarada bildim. Bu sarayda çox qurultaylar keçib, konfranslar keçib, mərasimlər keçib, yubileylər, şənliklər keçibdir. Mən bunların bir çoxunun iştirakçısı olmuşam. Doğrudur, mən Azərbaycandan təcrid olanda bu sarayın yanından keçməyə də mənə imkan vermirdilər. Ancaq ədalət öz yerini gəldi tutdu.

Məni sevindirən budur ki, dediyim o ağır şəraitdə Naxçıvanda bizim keçirdiyimiz konfrans partiyanın bu qədər böyük inkişaf yolunu təmin etdi və partiya bu gün belə gözəl, möhtəşəm sarayda iki gündür öz qurultayını keçirir.

Mən sizinlə bərabər fəxr edirəm ki, Yeni Azərbaycan Partiyasının üzvüyəm və Yeni Azərbaycan Partiyasının sədriyəm. Sirus Təbrizli bu gün dedi ki, Heydər Əliyev vaxtilə sovet dövlətinin başında duran adamlardan biri idi və bir zaman Sovet İttifaqının başçısı vəfat edəndən sonra Heydər Əliyev Sovet İttifaqının başçısı ola bilərdi. Bəli, Sirus Təbrizlinin bu sözləri həqiqətdir. O, bunu havadan götürməyibdir. O vaxt bir dəfə yox, iki dəfə - çünki o vaxt dalbadal hər il Sovet İttifaqının başçıları vəfat etdilər: 1982-ci ildə Brejnev, 1983-cü ildə Andropov, 1984-cü ildə Çernenko. Həmin o zamanlar həqiqətən mənim - Heydər Əliyevin də belə bir vəzifə tutmaq ehtimalı var idi və bunu istəyənlər də çox idi. Ancaq hörmətli Sirus Təbrizli, heç heyfsilənmə ki, bu olmayıbdır. Mən heç vaxt heyfsilənməmişəm. Amma onunla fəxr edirəm ki, tarixdə mən Azərbaycanın adını bir təbəqə yüksəklərə qaldırmışam.

Rusiya imperiyası böyük tarixə malik olan bir imperiyadır. O devriləndən sonra sovet hökuməti - onu biz sovet imperiyası da adlandıra bilərik - yarandı. Bu, dünyanın XX əsrdə super dövlətlərindən biri idi. Tarixdə heç vaxt azərbaycanlı, müsəlman nə rus imperiyasında, nə də sovet imperiyasında yüksək vəzifə tutmağa layiq görülməmişdi. Çünki azərbaycanlılara, müsəlmanlara o ölkədə dördüncü, beşinci təbəqəli kimi baxırdılar.

Xatirimdədir, vaxtilə Azərbaycana 22 il rəhbərlik etmiş Mircəfər Bağırovun Stalinlə də çox yaxın əlaqələri var idi və vaxtilə Siyasi Büronun bir çox üzvləri ilə sıx əməkdaşlıq etmişdi. Müharibə vaxtı da Azərbaycan nefti şübhəsiz ki, İkinci dünya müharibəsində Sovet İttifaqının qələbəsində həlledici rol oynamışdı. O illərdə də bu adam, sonra cinayətkar kimi günahlandırılsa da, Azərbaycanın başında olmuşdu. 1952-ci ildə 19-cu partiya qurultayında - mənim xatirimdədir, hamısı gözümün qabağındadır - Azərbaycan çox gözləyirdi ki, o heç olmasa Siyasi Büronun üzvlüyünə namizəd seçiləcəkdir. Ancaq qurultay qurtardı, bu olmadı və Azərbaycanda da böyük narahatlıq oldu ki, niyə bizim xalqımıza qiymət vermirlər.

Partiyanın ideologiyasından asılı olmayaraq, dövlətin quruluşundan, ideologiyasından asılı olmayaraq sovet hökuməti dünyada yaranmış hakimiyyətlərdən, super dövlətlərdən biri kimi tarixdə qalacaqdır. Mən azərbaycanlı olaraq, müsəlman olaraq o hökumətin başında olmağa layiq görüldüyümə görə və Azərbaycan xalqını Kremldə təmsil etdiyimə görə həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm.

Ancaq yenə də Sirus Təbrizliyə müraciət edirəm. Mən o vaxt bunu, yəni o hökumətin başında olmağımı arzu etmirdim. Arzu edənlər çox idi. Mənim arzum ancaq və ancaq öz xalqıma xidmət etməkdən ibarət olmuşdur və qəlbim həmişə bununla yaşamışdır. Ona görə də əgər indi Sirus Təbrizli hirslənirsə ki, bu olsaydı yaxşı olardı, ya bu yaxşıdır, - mən deyirəm ki, mən müstəqil Azərbaycana rəhbərlik etməyi, prezident olmağı dünyada heç bir şeylə dəyişə bilmərəm.

Siz bilirsiniz ki, mən 1970-80-ci illərdə də Azərbaycana rəhbərlik etmişəm, xalqa sədaqətlə xidmət etmişəm. O vaxt ağır problemlər yox idi. O vaxt insanlar rahat yaşayırdı. O vaxt indiki problemlər yox idi. Ancaq mən bu gün Azərbaycan xalqının etimadını qazanaraq prezident seçilməyimi və müstəqil Azərbaycana bu ağır dövrdə prezidentlik etməyimi bütün o dövrlərin hamısından şərəfli, hamısından qiymətli hesab edirəm. Ona görə ki, mənim xalqım - Azərbaycan xalqı indi azaddır. İndi müstəqil Azərbaycan var, heç kəsdən asılı olmayan, müstəqil yaşayan dövlət vardır. İndi biz xalqımızın tarixi ənənələrini, tarixi köklərini heç kəsdən qorxmayaraq, heç kəsdən çəkinməyərək qaldırırıq, göstəririk və xalqımızın böyük sərvəti kimi dünyaya nümayiş etdiririk.

Xalqımız bu müstəqillik yolunda daha da böyük nailiyyətlər əldə edəcəkdir. Çünki azad xalq həmişə öz imkanlarının hamısından səmərəli istifadə edə bilir. Xalqımız azaddır. Bütün bu çətinliklərin hamısı keçib gedəcəkdir. Azərbaycan bir müstəqil dövlət kimi möhkəmlənəcəkdir. Azərbaycanın böyük iqtisadi gələcəyi artıq göz qabağındadır. Azərbaycanda demokratiya qələbə çalacaqdır. Azərbaycan demokratik, hüquqi dövlət kimi Dünya Birliyində həmişə yaşayacaqdır. Belə bir zamanda, belə bir dövrdə Azərbaycanın gələcəyi üçün imkanlar yaratmaqdan ötrü Azərbaycanın dövlətinə başçılıq etmək, Azərbaycanın prezidenti olmaq mənim üçün ən böyük şərəfdir. Əmin ola bilərsiniz ki, mən bunu yüksək qiymətləndirirəm. Təkcə sizə yox, bütün Azərbaycan xalqına bəyan edirəm ki, mən bundan sonra da bütün enerjimi, bütün gücümü, biliyimi, zəkamı Azərbaycan xalqına sədaqətlə xidmət etmək üçün istifadə edəcəyəm və əlimdən gələni edəcəyəm ki, Azərbaycan daim müstəqil olsun, Azərbaycan xalqı azad olsun, Azərbaycan xalqı inkişaf etsin.

Yaşasın müstəqil Azərbaycan!

Yaşasın Yeni Azərbaycan Partiyası!

 

Heydər Əliyevin I Qurultayda YEKUN NİTQİ

 

Hörmətli qurultay nümayəndələri!

Xanımlar və cənablar!

Hörmətli qonaqlar!

Bizim qurultayın işi sona çatır və son mərhələdə qurultay öz təşkilati məsələlərini həll edibdir.

Ən əvvəl, istəyirəm qurultayın yenidən etimad göstərərək məni Yeni Azərbaycan Partiyasının sədri seçməsi münasibətilə sizə təşəkkürümü və minnətdarlığımı bildirim.

Əgər biz Yeni Azərbaycan Partiyasını ağır vəziyyətdə yaratdığımız zaman mən bu vəzifəni üzərimə götürmüşəmsə, indi, yeddi il ötəndən, partiyamız böyüyəndən, güclənəndən sonra, təbiidir ki, mən bu vəzifəni bundan sonra da daşımalıyam.

Əmin ola bilərsiniz ki, mən Azərbaycan xalqına, müstəqil Azərbaycana, ölkəmizə indiyə qədər sədaqətlə xidmət etdiyim kimi, Yeni Azərbaycan Partiyasının yarandığı gündən indiyə qədər Yeni Azərbaycan Partiyasını qəlbimdə saxladığım kimi, Yeni Azərbaycan Partiyasına bundan sonra da sədaqətlə rəhbərlik edəcəyəm.

Qurultay nümayəndələri siyasi şuranın üzvlərini seçdilər. Onlar sizə məlumdur, siz seçdiniz. Sonra isə Siyasi Şura üzvlərinin iclası keçirildi. Həmin iclası mən aparırdım. Biz orada idarə heyətini, partiyanın sədr müavinlərini və başqa vəzifələrə adamlar seçdik. Ona görə də sizi birinci növbədə, idarə heyətinin seçilmiş tərkibi ilə tanış etmək, yəni sizə təqdim etmək istəyirəm.

Bu, Siyasi Şuranın seçdiyi idarə heyətidir. Mən hesab edirəm ki, bu tərkibdə idarə heyəti üzərinə düşən vəzifələri bundan sonra uğurla həyata keçirə biləcəkdir.

Partiyanın sədr müavinlərini Siyasi Şuraya təqdim etdik və seçdik, ona görə mən elan etmək istəyirəm. Partiyanın sədr müavinləri Murtuz Ələsgərov, Əli Nağıyev, Rəfael Allahverdiyev, Sirus Təbrizli, İlham Əliyev seçildilər.

Mən partiyada varislik prinsipinin saxlanmasının tərəfdarıyam. Görürsünüz, ona görə idarə heyətində 1992-ci ildə seçilmiş adamların tam əksəriyyəti var və 1992-ci ildə seçilmiş sədr və sədrin müavinlərinin hamısı bu gün mənim təklifimlə seçiliblər, gənclərin rəhbərlikdə təmsil olunması üçün İlham Əliyev də seçilibdir.

Qurultaydan sonra partiyanın işinin yeni mərhələsi başlayır. Düz iki gün keçən qurultayda hamımız aydınca gördük ki, Yeni Azərbaycan Partiyası böyüyüb, inkişaf edib, genişlənib, sayca artıb, tərkibcə, keyfiyyətcə yüksəlib. Yeni Azərbaycan Partiyasının üzərinə artıq daha da çox vəzifələr düşübdür. Ona görə də Yeni Azərbaycan Partiyasının işini, təbiidir ki, Siyasi Şura, idarə heyəti təşkil etməlidir, aparmalıdır. Həm Siyasi Şura, həm də idarə heyəti qəbul etdiyimiz nizamnamə əsasında fəaliyyət göstərməlidir. Çalışmaq lazımdır ki, nizamnaməyə riayət edilsin və nizamnamə heç vaxt pozulmasın.

Ancaq eyni zamanda yeni mərhələdə partiya həm böyüdüyünə, həm də genişləndiyinə, sayının artdığına, yerli təşkilatlar gücləndiyinə görə partiyanın əməli işini daha da gücləndirmək lazımdır. Ona görə də mənim təklifim nizamnamədə öz əksini tapıbdır, qəbul edilibdir ki, partiyada icraçı katib və icraçı katibin müavinləri olsun.

Nizamnamədə icraçı katibin həm rolu, həm də səlahiyyətləri müəyyən edilibdir. Mən bu barədə danışmaq istəmirəm. Məqsəd ondan ibarətdir ki, icraçı katib həm partiyanın aparatına rəhbərlik etsin, həm yerli təşkilatlarla daim əlaqə saxlasın, onların problemlərinə, məsələlərinə baxsın, partiyanın rəhbərliyi ilə yerli təşkilatlar arasında müntəzəm əlaqələri təmin etsin, idarə heyətinin işini təşkil etsin və idarə heyətində müzakirə olunan məsələləri vaxtlı-vaxtında hazırlasın, idarə heyətinin müzakirəsinə versin, idarə heyətinin işinə rəhbərlik etsin. Təbiidir ki, sədr, sədrin müavinləri idarə heyətinin işinə rəhbərlik edirlər.

Ancaq belədir ki, sədr prezident vəzifələri ilə çox məşğuldur, müavinlər də indi yüksək vəzifələrdədirlər.  Murtuz Ələsgərov Milli Məclisin sədridir, Əli Nağıyev nazirdir, Rəfael Allahverdiyev Bakı Şəhər İcra hakimiyyətinin başçısıdır, Sirus Təbrizli nazirdir, yeni seçilən İlham Əliyevin də vəzifəsi var - həm Milli Məclisin deputatıdır, həm də Dövlət Neft Şirkətinin birinci vitse-prezidentidir. Təbiidir ki, onlar bu vəzifələri daşıyaraq, eyni zamanda öz müavinlik vəzifələrini daşımalıdırlar. Ancaq onların işini yüngülləşdirmək lazımdır. Mənim üçün, düzü, o da lazımdır, bu da lazımdır. Prezident kimi mən həm nazirdən, həm də Bakı Şəhər İcra Hakimiyyətinin başçısından iş tələb edirəm. Doğrudur, Milli Məclisin sədrindən mənim iş tələb etməyə Konstitusiyaya görə haqqım yoxdur, amma istəyirəm ki, Milli Məclisin işini daha da yaxşı aparmaq üçün ona imkan yaradaq.

Demək lazımdır ki, bu şəxslər bu vəzifələri tutandan sonra bu vəzifələr onların vaxtını çox aldığına görə partiyada doğrudan da istənilən səviyyədə - bəzisi bir az çox, bəzisi bir qədər az - iş görə bilməyiblər. Ona görə də icraçı katibin, onun müavinlərinin olması lazımdır. Lazımdır ki, bizim belə böyük partiyamızın ştatlı, yəni hər bir başqa vəzifədən azad yaxşı aparatı, aparatın şöbələri, işçiləri olsun. Yerli təşkilatlarda yenə də bütün başqa vəzifələrdən azad aparatlar olsun, onlar partiyanın vəsaiti ilə saxlanılsın. Partiyanın mülkiyyəti olsun. Partiyanın həm mərkəzdə, həm yerlərdə yaxşı iş şəraiti yaratmağa imkan verən yaxşı binaları olsun. Bu binalar da özəlləşdirilib partiyanın əmlakına çevrilsin. Bunlar hamısı böyük əməli iş tələb edir. Bunların hamısını etmək üçün icraçı katibin olması lazımdır.

Biz Siyasi Şuranın iclasında Əli Əhmədovu icraçı katib seçdik. O, indi Xətai Rayon İcra Hakimiyyətinin başçısıdır, bundan öncə prezidentin icra aparatında işləmişdir. Əvvəllər əsas iş yeri Bakı Dövlət Universiteti olubdur. Özü də 1992-ci ildə Heydər Əliyevə göndərilən müraciətin müəlliflərinin - 91-lərin siyahısındadır, yəni həmin müraciəti o da imzalayıbdır. Gəncdir, ona görə də mən hesab edirəm ki, bu şəxs bu vəzifəni lazımi səviyyədə apara bilər.

Biz icraçı katibin müavinlərini də seçdik. İcraçı katibin müavinləri Mübariz Qurbanlı, Bahar Muradova və Siyavuş Novruzovdur. Görürsünüz, bunlar hamısı gəncdirlər.

Beləliklə, sizin də, mənim də arzum həyata keçir.   Biz əməli işləri daha da çox gənclərə tapşırırıq, gəncləri irəliyə çəkirik. Beləliklə, partiyanın bütün rəhbər orqanları təşkil olunubdur. Sədr, idarə heyəti, sədrin müavinləri, icraçı katib, onun müavinləri seçilibdir.

İndi isə idarə heyəti icraçı katiblə birlikdə, təbiidir ki, bu işləri əməli surətdə təşkil etməlidir. Güman edirəm ki, sabah da olmasa, bu yaxın günlərdə mən idarə heyəti ilə ayrıca görüşəcəyəm. İdarə heyətinin birinci iclasını özüm aparacağam və əməli tədbirlərin həyata keçirilməsi haqqında orada lazımi qərarlar qəbul edəcəyik.

Əziz dostlar, beləliklə, Yeni Azərbaycan Partiyasının I qurultayı öz işini sona çatdırır. Böyük məmnuniyyət hissi ilə demək olar ki, qurultay Yeni Azərbaycan Partiyası üzvlərinin arzularını, ümidlərini müvəffəqiyyətlə yerinə yetirdi. Qurultay yüksək səviyyədə, mütəşəkkillik şəraitində keçdi və Azərbaycanda siyasi partiyanın hansı səviyyədə olmasını bariz surətdə nümayiş etdirdi.

Partiyanın fəaliyyətinin yeni mərhələsində qarşımızda çox böyük vəzifələr durur. Bu vəzifələr bütün partiyanın, ancaq birinci növbədə, qurultay nümayəndələrinin və qurultayın seçdiyi partiyanın rəhbər orqanlarının üzərinə düşür.

Hesab edirəm ki, hər bir nümayəndə partiyanın qəbul etdiyi qərarları, qurultayın işini, onun məzmununu, qurultayda irəli sürülmüş fikirləri və qurultayın əhval-ruhiyyəsini öz ərazisində partiyanın bütün üzvlərinə çatdıracaqdır və partiyanın həm təşkilati işi, əməli fəaliyyəti, həm də təbliğati işi bundan sonra daha güclü olacaqdır.

İqtidarda olduğuna görə Yeni Azərbaycan Partiyasında bir balaca arxayınçılıq var. Arxayınçılıq da ondan ibarətdir ki, partiyanın sədri prezidentdir, partiya üzvlərinin əksəriyyəti həm ali qanunverilicik orqanında, həm icra orqanlarında - həm mərkəzdə, həm yerlərdə - yüksək vəzifələrdədirlər. Ona görə də mən partiyada belə əhval-ruhiyyəni hiss edirəm ki, hər şey bizim əlimizdədir, nə lazımdır? Bu, düzgün deyildir.

Biz demokratiya, siyasi plüralizm şəraitində yaşayırıq, biz insanların tam azadlığı, sərbəstliyi - mətbuat azadlığı, fikir azadlığı şəraitində yaşayırıq. Belə bir vətəndaş cəmiyyəti, belə bir hüquqi, demokratik dövlət, təbiidir ki, vətəndaşların hamısını heç vaxt istənilən qədər təmin edə bilməz. Bu səbəbdən də Azərbaycanda çoxlu partiya yaranıbdır.

Doğrudur, əgər biz özümüzü böyük ölkələrlə müqayisə etsək, Azərbaycanda demək olar ki, onların hamısından çox partiya vardır. Məsələn, Rusiyaya baxırıq. Dekabrın 19-da Rusiya Dumasına seçkilər keçirildi. Orada Kommunist Partiyasından və bir də hansısa başqa bir partiyadan savayı, iştirak edənlərin qalanları seçki ərəfəsində yaranmış hərəkatlardır. Bu, Rusiyanın təcrübəsidir.

Böyük demokratiya yolu keçmiş ölkələrin bu barədə təcrübəsi müxtəlifdir. Məsələn, həm iqtisadi, həm siyasi, cəhətdən, həm də demokratiya sahəsində inkişaf etmiş ölkələrin - İngiltərədir, Amerika Birləşmiş Ştatlarıdır - hərəsində cəmi iki-üç partiya vardır. İngiltərədə əsasən Mühafizəkarlar və Leyboristlər partiyalarıdır. Amerika Birləşmiş Ştatlarında Demokratlar və Respublikaçılar partiyalarıdır. Düzdür, bizə qonşu, dost Türkiyədə partiyalar bu ölkələrdəkindən çoxdur, amma onlar da Azərbaycanda olan qədər deyildir.  Azərbaycan bu barədə rekord vurubdur. Nə Fransada, nə İtaliyada, nə də Avropanın digər ölkələrində bu qədər partiya vardır. Amma buna heç kəs etiraz edə bilməz.

Mən bunu demişəm, bu gün yenə də demək istəyirəm - bu, bizim keçid dövrünün xarakterik cəhətləridir. Bəli, keçid dövrünün belə xəstəlikləri də olur və olmalıdır. Keçid dövrü onsuz yaşaya bilməz.

Məsələn, Azərbaycanda həddindən artıq müxtəlif qəzetlər var. Yenə qardaş Türkiyəni götürək. Orada Azərbaycanda çıxan qədər qəzet varmı? Yox. Orada çox böyük, sanballı, azad fikirli qəzetlər var. Onların adları nəinki bizdə, bütün dünyada məşhurdur. Ancaq bizdə bir də görürsən haradansa bir adam çıxır, onun pulu, imkanı var, gedib bir qəzet yaradır, müəyyən qədər jurnalistləri ətrafına toplayır, - onların da pula ehtiyacı var, - qəzet çap edir. Eləcə də partiyalar belədir. İndi elə partiyalar var ki, başçılarından savayı, deyəsən - buraya yüz adam düz görək, onlar kimlərdən ibarətdir, - həmin yüz adamı düzə bilməzlər. Ancaq adını partiya qoyubdur, özünü cəmiyyətdə partiya kimi aparır, fəaliyyət göstərir. Onların əksəriyyəti də müxalifət mövqeyindədirlər. Bunların heç birinə etiraz etmək mümkün deyildir. Bu, demokratiyanın təbii təzahürüdür. Biz bunu tam təbii qəbul etməliyik.

Ona görə də cəmiyyətimizdə fikir mübarizəsi bu gün də, sabah da var, gələcəkdə də olacaqdır. Fikir mübarizəsi ona görə var ki, iqtidar var, iqtidara müxalifətdə olan qüvvələr, partiyalar var. Əgər müxalifət olmasaydı, Azərbaycanda demokratiya olmazdı. Müxalifət olmalıdır və vardır. Ancaq mən dəfələrlə demişəm, gərək müxalifət konstruktiv olsun, ümummilli, ümumxalq məsələləri ilə əlaqədar problemlərdə öz yetkinliyini göstərsin və iqtidarın apardığı siyasət Azərbaycanın milli mənafelərinə zidd deyilsə, onu anlaya, dərk edə bilsin, qəbul etsin, əməkdaşlıq etsin.

Ancaq təəssüf ki, müxalifətdə olan xırda partiyalar hələ ki yetişməyiblər və yetişmə prosesi uzanır. Ona görə də fikir mübarizəsi gedir və gedəcəkdir.

Mən bu fürsətdən istifadə edib Azərbaycan cəmiyyətinə, bütün vətəndaşlarımıza və siyasi partiyalara, ictimai təşkilatlara müraciət edirəm. Müraciət edirəm ki, demokratiyanın tələblərini düzgün və olduğu kimi qəbul etsinlər, ölkəmizin demokratik yolla getməsi üçün öz fəaliyyətlərini həqiqətən demokratik üsullarla həyata keçirsinlər. Müraciət edərək - baxmayaraq ki, müxalifət partiyalarının bir çoxunun, bəlkə də əksəriyyətinin iqtidara demək olar ki, tamamilə əsassız düşmən münasibəti vardır - mən onların hamısını ümummilli birliyə, ümumi vətəndaşlıq birliyinə, qlobal, ümummilli, ümumxalq, ümumdövlət məsələlərinin həll olunması üçün əməkdaşlığa dəvət edirəm. Kim əməkdaşlıq edər, - biz onunla əməkdaşlığın yollarını müəyyən edə bilərik. Kim mənim bu müraciətimə də məhəl qoymayacaqsa, onun öz işidir.

Ancaq bunlara baxmayaraq, təbiidir ki, bizim lap konstruktiv əməkdaşlığımız olsa da, yenə də fikir mübarizəsi daimi bir prosesdir. Ona görə də Yeni Azərbaycan Partiyası üzvlərinin əsas vəzifəsi ondan ibarətdir ki, Azərbaycan iqtidarının, hakimiyyətinin həm daxili, xarici siyasətini, həm gördüyü işləri, həm də onların əməli nəticələrini, fəaliyyətini daim kütlələrə, vətəndaşlara çatdıra, anlada bilsinlər və onu təbliğ edə bilsinlər.

Bu lazımdır, ona görə yox ki, Azərbaycan vətəndaşları iqtidarın, prezidentin, bütün hakimiyyət orqanlarının fəaliyyətini bilmir, yaxud da bunu dəstəkləmir, qəbul etmirlər. Mən vəziyyəti yaxşı bilirəm, ümumi rəy də məlumdur. Bəzən qəzetlər reytinqlər dərc edirlər. Bu xəstəlik təkcə bizdə deyil, Rusiyada da var. Bu gün kimsə hansı televiziyadasa reytinqin siyahısını verir, sabah o birisi deyir ki, bunlar hamısı yalançıdır, mən dediklərim düzdür. Digəri də deyir ki, bu yalandır, mən dediyim düzdür. İndi eybi yoxdur, ruslar demişkən "qoy dəcəllik etsinlər". Əgər bu, onlann xoşuna gəlirsə, qoy dəcəllik etsinlər.

Amma yenə də deyirəm, ümumi rəy məlumdur. Əgər bunu bilməsəm mən prezidentlik fəaliyyətimi həyata keçirə bilmərəm. Azərbaycan vətəndaşlarının, cəmiyyətinin əksəriyyəti Azərbaycan hakimiyyətinin, prezidentin, iqtidarın, hakimiyyətin bütün budaqlarının fəaliyyətini bəyənir, dəstəkləyir və bizimlə birlikdədir. Əgər bu olmasaydı, altı il yarım ərzində biz uğurla irəliyə gedə bilməzdik.

Ancaq bununla qətiyyən arxayınlaşmaq olmaz. Bizim Yeni Azərbaycan Partiyasında belə arxayınçılıq əhval-ruhiyyəsi var. Mən xahiş edirəm və arzu edirəm ki, Yeni Azərbaycan Partiyasının hər bir üzvü bu partiyaya üzv olmaq naminə gəlməsin, partiyanın fədakar əsgəri olmaq fikri ilə gəlsin. Partiyanın hər bir üzvü partiyanın həqiqətən fədakar əsgəri olsa və partiyanın ideyalarını öz qəlbində daim qəbul edərək başqa təbəqələrə çatdıra bilsə, onu təbliğ edə bilsə, təbiidir ki, bizim partiya daha da yüksələcək və partiya Azərbaycan iqtidarına daha da çox kömək edəcəkdir.

Çıxış edənlərdən kimsə dedi ki, 8 milyonluq əhalinin indi, ola bilər, 7 milyon yarımı heç bir partiyaya daxil deyil. Bəlkə də bu rəqəm düzgün deyildir. Çünki ölkəmizdəki bütün partiyaların sayını götürsək, onları bir yerə yığsaq, bu, 200-250 mindən artıq ola bilməz. Demək, qalanların heç birisi partiyada deyil. Heç lazım da deyildir ki, hamı partiyada olsun. Onda bu, partiya olmayacaq, cəmiyyət ilə partiya bir-birinə qarışacaqdır.

Mən qurultayımızdakı nitqimdə dedim və indi də demək istəyirəm. Partiyaya əqidəli, partiyaya xidmət edən adamlar gəlməlidir. Partiyanın üzvləri gərək partiya ilə daim bir yerdə olsunlar, partiyanın fəaliyyətini həyata keçirsinlər və partiyanın - Azərbaycan iqtidarının fəaliyyətini geniş təbliğ etsinlər. Bax, bu, indiki fikir mübadiləsində və xüsusən, mətbuat vasitəsilə aparılan mübarizədə çox vacibdir, lazımdır.

Təbiidir ki, partiyamız, yaxud da bizə aid mətbuat orqanları bəzi müxalifət qüvvələrinə mənsub olan qəzetlərin səviyyəsinə heç vaxt enməzlər. Çünki, mən baxıram, - müxalifət qəzetlərindəki yazıların tam əksəriyyəti ya yalandır, ya uydurmadır, ya fitnəkarlıq xarakteri daşıyır, ya da böhtandır. Bilirsiniz, beləliklə çox yaşamaq olmaz. İnsanlar buna bir il, iki il, üç il dözər. İnsanlar bu yalana, böhtana daim dözə bilməz. Düzdür, cəmiyyətin bir təbəqəsi var ki, belə şeylərə aludədir. Onlar elə istəyirlər görsünlər ki, harada bir münaqişə, pis fikir, mənfi bir şey var. Cəmiyyətdə belə təbəqəyə mənsub olan insanlar da var. Bu da təbiidir. Cəmiyyət heç vaxt bir rəngdə ola bilməz. Əgər keçmişdə kimsə bunu bir rəngdə etmək istədisə, onlar hamısı məğlub oldu. Cəmiyyət müxtəlifdir, insanların, vətəndaşların fikir müxtəlifliyi var, bu da təbiidir. Bunların hamısı Yeni Azərbaycan Partiyasından mübariz olmağı tələb edir. Mən sizin qarşınızda bunu əsas vəzifə kimi qoyuram.

Əziz dostlar, beləliklə, bizim qurultayımız bitdi, biz öz işlərimizi gördük. Sizin hamınıza, Yeni Azərbaycan Partiyasının bütün üzvlərinə cansağlığı, səadət, yeni-yeni uğurlar arzulayıram.