YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Qafqaz Müsəlmanları İdarəsinin sədri İsveçə səfər edib

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə noyabrın 17-də İsveç Krallığına səfərə yola düşüb.

QMİ-nin mətbuat xidmətindən bildiriblər ki, səfərin məqsədi Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin, Azərbaycanın İsveçdəki səfirliyinin və bu ölkənin Təhlükəsizlik və İnkişaf Siyasəti İnstitutunun (İSDP) təşkilatçılığı ilə noyabrın 18-19-da Stokholmda keçiriləcək “Multikulturalizm və dinlərarası tolerantlıq: Azərbaycanın təcrübəsi və onun Avropa üçün əhəmiyyəti” mövzusunda elmi konfransda iştirak etməkdir.

Şeyxülislam A.Paşazadənin rəhbərlik etdiyi nümayəndə heyətinin tərkibində Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının arxiyepiskopu Aleksandr İşein, Roma Katolik Kilsəsinin Azərbaycandakı apostol prefekturasının ordinarisi Vladimir Fekete, Azərbaycan dağ yəhudiləri dini icmasının rəhbəri Milix Yevdayev, Avropa Yəhudilərinin Bakı Dini icmasının sədri Gennadi Zelmanoviç də Stokholma yola düşüblər.

Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri Kamal Abdullayevin də iştirak etdiyi konfransda “Dinlərarası tolerantlığın Azərbaycan modeli”, “Multikulturalizmin Azərbaycan və İsveç modelləri: müqayisəli təhlil” mövzularında panel iclasları keçiriləcək.

QMİ-nin sədri A.Paşazadə konfransda məruzə ilə çıxış edəcək.

Səfər çərçivəsində İsveç Krallığının rəsmiləri və din xadimləri ilə görüşlər nəzərdə tutulur.